Güntay
Cavanşir
Güney Azərbaycan
Gerçəklər, hədəflər
1.
Giriş
2.
Güney Azərbaycan Milli Hərəkətinin siyasi amacı
3.
Nədən milli dövlət və ya dövlətləşmə?
4. Sekularizm
nədir və nədən sekularizasion?
5. Nəticə
1.
Giriş
Təkamül,
insanlığın yazqısıdır. Təkamül, tarixin
anlamı, mahiyyəti və hədəfidir. Millətlər öz
fitrətlərində təkamül duyğusu daşımaqdadır.
Təkamül olmasaydı, bir xəta üzündən tarix sona çatar,
həyat anlamsızlaşardı. Təkamül prosesində
təcrübələrin böyük rolu vardır. Millətlərin
həyatında baş verən hadisələr, təcrübələr
yığını şəklində fərqli və daha
mutluluq gətirici gələcəyə doğru yön bəlli
edər. Bu yönləniş müəyyən edilməzsə,
millətin içində zaman-zaman birikən enerji ya millətin özünə
zərər verər ya da bu enerjini hədəfi bəlli olan başqa
bir millət və ya millətlər öz hədəflərinə
çatmaq üçün istifadə edərlər. Hər iki halda millət
fəlakətlə üz-üzə qalar. Ümumiyətlə, türk
tarixi və xüsusiyətlə Azərbaycan tarixi bu acı
təcrübələrə çox şahid olmuşdur. Ərəb-fars
milliyətçiliyi mərkəzli islam anlayışı min il içində
türk millətini içindən çökərtməyə çalışmışdır.
Türk milləti ortalıqda ümmətçilik adı altında
ona-buna yem olmuşdur. Osmanlı başda olmaq üzrə bütün türk-islam
tarixindəki milli dildə mövcud olan mənəvi
dəyərlər bir Göytürklərdən miras qalan və daşlara
yazılan dəyərlərə bərabər deyildir. Bütün Göytürk
xaqanları öz millətinə Ey türk milləti! ... xitab
edərkən, türk-islam dövlət başçıları Ey
islam ümməti! deyə xitab etmişdir. Bu xitabət içində
isə əslində türk millətinin dili,
mədəniyyəti qulaq ardı edilmişdir. Təbriz
mərkəzli Məşrutə hərəkətinin türk
mehvərli hədəfi olmadığı üçün sonunda fars faşizmi
faydalı çıxmış və bu dəfə dövlət düzənini
ələ keçirən fars faşizmi türk kimliyini tarixdən
tamamən silmək üçün hərtərəfli hücuma keçmişdir.
Psikoloji təhqirlərdən tutmuş, türk dilinin yasaq edilişi,
Azərbaycan torpaqlarının sömürülüb fars yurdlarına daşınması
kimi geniş miqyaslı savaş planı ilə kimliyimizə,
varlığımıza hücüm edilmişdir. Müxtəlif
mərhələlərdə Güney Azərbaycan öz qurtuluşu
yolunda ayağa qalxsa da, hər dəfə məğlubiyətə
uğramış, uğratılmışdır. Bu məğlubiyətlərin
bir çox səbəbləri olsa da, ən başda gələn
səbəb milli mübarizənin hədəflərinin düzgün
təyin edilməməsi olmuşdur. Milli kimliyin yüksəlişi
dövründə milli hədəfin dəqiq təsbit edilib və bu
hədəfə görə millətin aydınlanması və
hazırlanması, məğlubiyətin qarşısını
alan yeganə amildir. Millət nəyə görə ayağa
qalxmalı, hansı hədəf uğruna canını fəda
etməlidir? Bu sual ətrafında geniş şəkildə
və bolluca siyasi fikirlər ortaya qoyulmalıdır. Gerçəkdən
də, bu yüksəliş və Güney Azərbaycan evladlarının
canlarını fəda etməsi fars kimliyinin, fars dilinin üstün
və hakim olacağı demokratik bir İran yaratmaq və eyni
tarixi səhvləri yenidən Azərbaycan evladlarının
qanı hesabına təkrarlamaqdan mı ibarətdir? Güney
Azərbaycan türklüyünün milli inqilabını İran türklərinin
Milli Oyanışı! olaraq
dəyərləndirənlər bu dəfə də fürsəti
əlimizdən çıxarmağa çalışmaqdadırlar. İran
türkləri adı altında İranı üst və
Azərbaycanı alt kimlik olaraq görənlər zahirən fars faşizminin
yanında yer almış kimi görünməkdədirlər. Düşüncələrini
gələcəyə yox, keçmişə qapayan bu
cərəyan, keçmişdə bu torpaqları türklərin
idarə etdiyini savunmaqdadılar. Ancaq tarix hər zaman
gəldiyi kimi irəliyə getməz, tarixin istiqamət
dəyişdirdiyi zamanlar da olmuşdur. Necə ki, türklərin
idarə etdiyi İran adlandırılmış bu torpaqları
90 ildir farslar idarə etməkdədir. Necə ki, Osmanlı,
Sovetlər Birliyi, Yuqoslaviya adlanmış
dövlətlər və ölkələr
artıq tarixdə yoxdur. Etnik tarixdən yola çıxaraq, Güney
Azərbaycanın siyasi tarixini və siyasi taleini mücərrəd
utopiyalara qurban vermək tam bir xəyanətdir. Bu
xəyanət ya cəhalət üzündən ya da
bilərəkdən edilə bilər. İran türkləri
termininin tərəfdarları tarix dediklərində də aydın
bir çağın ya da çağların sərgüzəştini
nəzərdə tutmurlar. Din mitolojisi əsasında şəkillənmiş,
insan ağlı yasaq edilmiş qaranlıq orta çağı
nəzərdə tuturlar. Yəni türk-islam tarixində din
mitolojisinin ortaya qoyduğu ümmətçilikdən başqa önəmli
rasional (əqlani) dəyər hakim olmamışdır.
Bədəni böyük, ruhu və düşüncəsi zəif
olan uzun bir tarix... Güney Azərbaycan Milli
Hərəkəti islam mərkəzli qaranlıq çağ
zehniyyətinə qarşı olduğu üçün, modern və
sekular bir hərəkətdir. Sekular zehniyyət, ümumiyyətlə,
tarix heyranı ola bilməz. 1789-cu il Böyük Fransa İnqilabından
sonra iki milliyətçi cərəyan meydana çıxmışdır.
Birinci cərəyan, milləti tarixdə, dini
dəyərlərdə, keçmişdə və sünnətdə
tanımladığı üçün, mühafizəkar milliyətçi
adlanırdı.Bunlar yeniliklərə qapalı idilər.
Məlum olan keçmişi və bu günü gələcəyə
tərcih etdikləri üçün təkamülə inanmır, bilgini çox
da faydalı saymırdılar. Gələcəyin nə
gətirəcəyini bilməzkən keçmişin və indinin
nə olduğunu bilməkdəyik, deyə, düşünürdülər.
Tarixdəki təcrübələr onlar üçün yetərli görünürdü.
İran məkanında həm Pəhləvi, həm də
İslam diktatorluğu zamanında tarix heyranlığı dövlətin
rəsmi ideolojisi olmuşdur. Pəhləvi zamanında əski
pars tarixi, islam diktatorluğu zamanında da sədri islamdaki
şiənin qəbul etdiyi dönəm qutsallaşdırılmışdır.
Hər iki ideoloji tarix heyranlığını çağrışdırdığı
və olayları tarixiyyət zəminində və
səyyaliyyətində (dialektikasında)
təhlil etmədiyi üçün irticaidir, qeyri-insani və
qeyri-əxlaqidir. İkinci cərəyan milli dövlətə,
milli orduya, milli iqtisadiyyata, milli dilə, milli inanca və hüquq
elminə, vətəndaş haqqlarına və demokrasiyə
inandıqları üçün rasional-mütərəqqi milliyyətçi
cərəyan olaraq tarixə keçdi və bu axım Avropadaki bugünkü
rifahi, milli dövlətləri, demokrasini yarada bildi. Sekular
zehniyyət, tarix heyranı ola bilməz.
Türk-islam
tarixi dönəmində türk milləti hissən və fikrən hüzursuz
olmuşdur, Türk dili öz sayqın yerində oturmamışdır.
Bu hüzursuzluğu XIV əsrdə Aşıq Paşazadə türk-islam
tarixindəki hüzursuzluğu bu şəkildə ifadə
edər:
Türk dilinə kimsənə baxmaz idi
Türklərə
hərgiz könül axmaz idi.
Çünkü
mənəvi hüzur, yalnız milli dilin dövlət sistemində öz
uyğun yerini tapması ilə mümkün olur. Milli dövlət,
milləti təşkil edən modern fərdlərin ortaq
malı kimi təzahür edər, ancaq din mitolojisi (əfsanəsi)
mərkəzli dövlət, ümmət irticasını təşkil
edən gəlişməmiş fərdlərin inancı hesabına
yaranar. Ümmət irticası mərkəzli qaranlıq dönəm
qapanmışdır. Tarix isbat etmişdir ki, ümmətçilik duyğusu
və din qardaşlığı bütün zamanlarda yalandan,
fitnədən başqa bir şey doğurmamışdır.
Din qardaşlığı təbliğatı adı ilə
bir millət başqa millətləri tarixdən silməyə
çalışmışdır. Digər tərəfdən, ümmətçilik
və din qardaşlığı, zehniyət olaraq tarixə gömülmüşdür.
Yalnız ümmətçilik bu tarixə gömülüş prosesində türk
millətinə bütün zamanlarda zərər verdi. Artıq türk
milləti fars faşizmini qucağında bəsləyən ümmətçilik
duyğusundan fikrən və hissən xilas olmalıdır.
Milli hədəfi olan, çağdaş və sekular bir
hərəkətlilik ümmətçilik irticası ilə iç-içə
olan tarixlə barışa bilməz. Tarix öyrənilir, lakin
gələcək məsuliyət sahəsidir.
Gələcəklə bağlı olaraq məsuliyət duyğusu
yoxdursa, heç şübhəsiz ki, düşüncələrdə,
xəyallarda olan, uğruna canlar fəda edilən
gələcək, gələ bilməz. Gələcək
gətirilməlidir.
2-Güney Azərbaycan Milli Hərəkətinin siyasi amacı
Farslar
öz etibarlarını türk milləti yanında itirmişlər.
Azərbaycan türk milləti farslarla bir yerdə yaşama duyğusunu
bir çox təcrübələrdə sınamış və onların
güvənilir olmadıqlarını anlamışdır. Farslar
bir yerdə yaşamamız üçün heç bir fədakarlıq
etmədilər, ancaq xəyanət etdilər və edirlər.
Belə isə nədən Azərbaycan milləti farslarla bir
yerdə yaşamaq fədakarlığına qatlanmalıdır?
Bizim mübarizəmizin hədəfi milli varlığımızı
qətiyyən qəbul etməyən farslara varlığımızı
qəbul etdirməkdən mi ibarətdir? Öncə fars şovinizmi
saxta teorilərə özü inanmış, sonra da farsları inandırmış
ki, türk sənin düşmənindir. İndi bizim mübarizəmizin
hədəfi, farsların bu nifrət duyğusunu özlərinə
anlatmaqdanmı ibarətdir, yoxsa düşünən bir millət
olaraq öz milli hədəflərimiz uğruna zülm altında yaşayan
və milli varlığı tarixdən silinməyə
məhkum edilmiş millətimizi azadlıq uğruna
səfərbər etməkdən mi ibarətdir? Güney
Azərbaycan Milli Qurtuluş Hərəkətinin öncülləri,
düşünürləri və aydınları öncə teorik planda doğru
suallar ortaya qoymalı və sonra da zaman-məkan şərtlərinə
görə bu suallara cavab verməlidir. Bu suallar və cavablar bizim
milli həyatımızın düşüncə planındakı
dinamiklərindən ibarət olacaqdır. Öncə düşüncədə,
təfəkkürdə qalib gəlmək
məcburiyətindəyik. Öncə oxu atıb, sonra
hədəfə tuşlamamalıyıq. Öncə hədəfə
tuşlayıb, sonra oxu atmalıyıq! Millətin gücünü İrana
demokrası adı altında fənaya uğratmaq, boşluğa
sövq etmək milli əxlaqdan məhrum olan islamçılara və
kommunistlərə məxsus olan bir şeydir. Ancaq modern bir insan
imkan və gerçəklik məntiqindən yola çıxaraq milli
davaya qatılmaq mükəlləfiyətindədir. Biz, Güney
Azərbayacn Milli Hərəkətinin hədəfini ümumi türk
kimliyi və mədəniyyəti zəminində milli dövlət
olaraq görürük.
3-Nədən
milli dövlət və ya dövlətləşmə?
Tarixi təcrübələrin
göstərdiyi kimi, dövlət, bəşəri ehtiyacın
məhsulu olaraq şəkillənmişdir. Böyük
mədəniyətlər, yalnız dövlət nizamı altında
gerçəkləşmişdir. Dövlət tarixidir, çünkü
sadəcə bir nəslin ehtiyacları əsasında ortaya çıxmaz,
dövlət, ölmüşlərin
də yaşam təcrübələrini yaşayan nəslə
və gələcəyə intiqal edər, o həm də bir
intiqal sistemidir. Zaman axışı içərisində bütün
millətlər öz coğrafiyaları içərisində uzun
illər boyunca təbəlvür tapan mədəni-siyasi təcrübələrini
həm canlı tutmaq, həm gələcəyə intiqal
etmək ehtiyacını hiss etmişlər. Milli dövlət
anlayyışı bu ehtiyaca, bu zərurətə cavab
istiqamətində tarixə girmiş bir qavram və gerçəklikdir.
Xüsusən 1789-cu il Böyük Fransa İnqilabının
nəfəsi çatan yerlərdə milli kimliyin sisyasi inşasının
milli dövlət olaraq idrak edilməsi meydana çıxmışdır.
XVI əsr Renesansdan başlayan rasionalizm (dindən qoparaq ağıla
müraciət) prosesi millətlərin bətnində gizlin olan,
ancaq din və ümmətçilik basqısı üzündən ortaya çıxa
bilməyən bu ehtiyacı ifşa etmişdir. Ümmətçilik
cəhalətinə, ümmətçilik dövlət anlayışına
qarşı Milli Ərazidə Dövlət (National Territorial
State) zehniyəti ortaya çıxmışdır. Bu cür siyasi
fəlsəfə Güney Azərbaycan Milli Qurtuluş
Hərəkətinin da ana fikrini təşkil etməkdədir,
etməlidir. Yəni bizim vətənimiz bütövlüyünü itirmiş,
yalnız bütövləşməsi və bir dövlət nizamı
altında birləşməsi gərəkən Azərbaycandır.
Azərbaycan bizim vətənimizdir. Ancaq bu o demək deyildir ki,
Azərbaycanın tarixi coğrafiyası xaricində türk yaşamamaqdadır.
Azərbaycan türk yurdudur və burada türk dövləti hakim olmalıdır.
Bu gün Azərbaycan ikiyə bölünmüş durumdadır. Bakı
mərkəzli Quzey Azərbaycan müstəqil milli dövlətdir
və mürəffəh bir millət olması üçün Qərb yönümlü
inkişaf prosesini davam etməkdədir. Digər
tərəfdən, Quzey Azərbaycanın inkişafı
təbii olaraq Güney Azərbaycanın aqibətinə bir başa
müsbət təsir göstərdiyi üçün İran-Rusiya ittifaqı
bu inkişafi əngəlləmək amacı ilə
Ermənistana birbaşa hərbi-iqtisadi yardim edirlər. Bu
vəsilə ilə yurdumuzun bir bölümü Ermənistanın işğalına
məruz qalmışdır. Güney Azərbaycan türk milliyətçisi
bu problemə öz vicdanında və ağlında cavab vermək
məcburiyətindədir. Daha doğrusu, Güney Azərbaycan
Milli Hərəkəti bu şəkildə geniş baxışlı
siyasi, mədəni davranışa möhtacdır. Güney və
Quzey Azərbaycanda baş verən hadisələr
istər-istəməz bir-birini bütünləşdirən və
bir hədəf uğruna gerçəkləşən olaylar külliyatıdır.
Lakin Quzey Azərbaycan artıq gündən-günə demokratikləşərək
irəliləməkdədir. Bizim əsas hədəfimiz Güney
Azərbaycandaki ictimai-siyasi enerjimizi Güney Azərbaycanın
qurtuluşu istiqamətində səfərbər etməkdir.
Belə bir sual ortaya çıxır: bizim qurtuluşumuzun siyasi
fəlsəfəsi nədir? Yenə də İranın siyasi bütünlüyü
uğruna milli enerjimizi qapdırıb, oğurladıb tamaşaçı
kimi baxmalıyıq, yoxsa daha fərqli şəkildə və
modern dünya təcrübələrindən faydalanaraq, Güney
Azərbaycan Mərkəzli siyasi projə, siyasi fəlsəfə
ortaya qoymalıyıq. Siyasi fəlsəfə gerçəklərə
diqqət edər, yəni gerçəkləri araşdırmaçılıq
yolu ilə anlamaq, analiz etmək istər. Siyasi fəlsəfə,
mövcud siyasi gerçəyi və imkanları dünya
səviyəsindəki ümumi siyasi durumla müqayisə
edərək anlamağa çalışar. Toplumun içindəki içgüdüsəl
(qərizi-instinktiv) hərəkət dinamiklərini kəşf
edib və yönləndirmək bugünkü Güney Azərbaycan Milli
Hərəkətinin misyonudur. İçgüdüsəl
hərəkət, millətin ruhi həyatındakı
dinamiklərdən ibarətdir, yəni təkamülün əsas
hərəkətverici, irəliyə doğru sövq edici amili. Çağdaş
bilgilərin imkanlarından yararlanaraq doğru bir sezgi ilə bu
hərəkətverici qüvvənin istiqamətini kəşf
etmək Güney Azərbaycan Milli Hərəkətinin əsas
vəzifəsidir. Belə bir sual soralım: Güney Azərbaycanda
yaranmış vəziyyət türk
millətini İrani kimlik, İran türklüyü adı altında
başqa millətlərlə, özəlliklə farslarla
inteqrasiona sürükləməkdədir, yoxsa bölünməyə?
Əgər İrani kimlik adı altında inteqrasiona və bir
siyasi çatı altında yaşamağa doğru yönlənmə
ortada isə, o zaman milli hərəkətin bir anlamı olmaz.
Milli hərəkət, millətin torpaq, dil,
mədəniyyət sınırlarını müəyyən
etmək üçün meydana çıxmış bir fenomendir. Günümüzdə
İran türklüyündən yana olanlar, siyasi islamçılarla
və milli əxlaqdan məhrum olan kommunistlərlə əmələn
bir cəbhədə Güney Azərbaycan Milli Hərəkətinə
qarşı səf bağlamış görünməkdədirlər.
Özəlliklə Güney Azərbaycanın bütün şəhərlərində
baş qaldıran son dirəniş, adı çəkilən
zehniyətlərin bir-birlərinə daha yaxınlaşmasına
səbəb olmuşdur. Səltənət tələblər,
islamçı irtica, İran türklüyü irticası və
kommunistlər Güney Azərbaycanın milli haqları uğrundaki
mübarizəsinə qarşı eyni bucaqdan baxaraq münasibət
bildirirlər. Hamısının fəlsəfəsində İranın
bütövlüyü adına Güney Azərbaycan ortalıqda qurbanlıq
qoyun kimi kəsilə bilər məntiqi müdafiə
edilməkdədir. Digər tərəfdən, bizim milli
kimliyimizin uzantısı olan türk yurdu olan Türkiyə Cümhuriyətində
də sözdə imperialist düşməni kimi özlərini tanıyıb,
tanıdan bəzi aydınlar və siyasi təşkilatlar
tərəfindən də buna bənzər görüşlərə
şahid olmaqdayıq. Bu günə qədər hətta İran
türklüyü adı ilə olsa belə, heç bir projəsi olmayan,
Meysaki-milli (Osmanlı sonrası ilk günlərdə Atatürkün
çizdiyi Türkiyənin hüdudları) sınırları içərisində
olan Kərkük türklərinin aqibətinə uzaqdan baxan bəzi
sözdə aydın və təşkilatlar, Təbrizdəki bu
qəhrəmanlıq nəticəsində sanki yuxudan ayıldılar
və yarımyuxulu şəkildə İran parçalanmamalıdır
deyə, təhlillər etdilər. Bəzi sözdə aydınlar
isə Amerika düyməyə basmış deyə, gerçəklə
uyuşmayan açıqlamalarda bulundular. Biz, Güney Azərbaycan türk
milliyətçiləri olaraq Türkiyənin türk dövləti olmasına
görə istiqbalını istəməmiz türklük borcumuzdur,
lakin İran gerçəklərini, fars şovinizminin qəddarlığını
anlamayan heç kimsəyə aqibətimizi tapşıra
bilmərik, hətta öz soyumuzdan olsa belə.
Bu gerçəyi anlamaq lazımdır
ki, daxili və xarici şərtlərin oluşdurduğu mövcud
vəziyyətə mütənasibən, Güney Azərbaycan
fəlsəfə, siyasi hədəf uğrunda bütün gücünü
mərkəzləşdirməlidir. Bizim bir neçə fikir
cəbhəsində millətimizi dolaşıq salmağa haqqımız
yoxdur. Öz soyundan, öz içindən qaynaqlanan bu enerjiyə bir
hədəf bəlli etmək lazımdır, o da Güney
Azərbaycanda milli dövlətin qurulmasıdır. Güney
Azərbaycanlı bir fərd milli dövlətinin olmaması
səbəbi ilə güvənsizlik, psikoloji gərginlik içindədir.
O, fars tərəfindən, fars zehniyyəti
tərəfindən idarə olunmaqdadır, torpağı, dili,
mədəniyyəti və tarixi talanmaqdadır. Güney
Azərbaycanlı türk bu güvənsizliyi milli iradəsi əsasında
milli dövlətini qurmaqla ortadan qaldıra bilər. Bunu bir çox başqa
millətlərin örnəyində görmüşük. Burada
məsələ farsların pis ya da yaxşı, düşmən
ya da dost millət olub-olmaması deyil, məsələ Güney
Azərbaycanın öz gələcəyinə sahib olmasıdır.
Əsarətə təslim olan milləti başqa
millətlər istismar edirlər. İstismarçı istər fars
olsun, istər, məsələn, Uyğur türklərini istismar
edən Çin olsun, heç fərq etməz. Əsas olan milli azadlıq
məfhumunun millətin ruhunda oyanması, millətin öz qurtuluşuna
inanmasıdır. Milli dövlət bir millət üçün
hədəf olmaqdan daha ziyada yolun başlanğıcıdır.
Yalnız milli dövlətin düzəni içində fərdlər öz
istedadlarını realizə edə bilirlər, başqa cür mümkün
deyil. Hətta Şəhriyar da gileylənir ki, Qoymadılar
nənəmdən eşitdiyim nağıllar əsasında böyük
əsərlər yaradam. Mədəni bir toplumun genişləməsi
və öz milli kimliyi üzərində dərinləşməsi
milli dövlət yolu ilə mümkündür. Farslar iqtidarı bizimlə
bərabər şəkildə paylaşmaq
istəməzlər. Onlar ümumiyətlə bizim varlığımızı
qəbul etmirlər, bizi farsdandönmə saydıqları üçün
tarixin bu yanlışlığını düzəltmək
istəyirlər. Yəni bizi özümüzə döndərib,
yenidən farslaşdırmaq istəyirlər. Bu üzdən
də milli varlığımızın tamamən silinməsi
üçün hər fürsətdən faydalanmaqdadırlar. Milli dövlət
timsalında əxlaqi yaşayışın cövhəri öz
sonsuz imkanlarını göstərmiş olur. Yalnız milli dövlətdə
fərd özünü mədəni toplumun üzvü kimi hiss edə bilir. Bu
hissiyatdan Güney Azərbaycan insanı məhrumdur. Çünkü milli dövlət
ortaq milli iradənin yoğrulmuş cövhəridir. Daha doğrusu,
milli dövlət millətin, milli ruhun təzahürü və
həndəsi formasıdır. Həndəsi forması olmayan
bir maddə təsəvvür edilmədiyi kimi, dövləti olmayan
bir milləti də günümüzün məntiqi ilə millət olaraq
təsəvvür etmək mümkün deyildir. Modern insan milli kimliyinin
və milli dövlətinin şüurunda olaraq, əsil
fərdiyətdən və əxlaqi yaşayışdan
bərxurdar ola bilir. Fərdi azadlıq, yalnız və yalnız
milli dövlətdən itaət edərək, milli dövlətə
vergi ödəyərək müyəssər olur. Çünkü insan,
qanunlar bütününə tabe olan bir varlıqdır. Milli dövlətə
tabeiyyət və vergi vermə, fərdin özəl həyatını
ictimai həyata bağlayır, özəl həyata ictimai ideallar
gətirir. Fərd, milli dövlət düzəni altında
ictimailəşdikcə ideal insana çevrilmə fürsətini
əldə edir. Ortada milli haqları qorumayan, milli
dəyərlərin inkişafını əngəlləyən
qanunlar varsa, bu qanunlara tabelik və itaət tam köləlikdir.
Milli dövlət təbii və təbiyətin yaratdığı
pozisondan mədəni və insan zəkasının təşkil
etdiyi əqli pozisiona keçiş
sürəcinin ən mütərrəqqi şəklidir. Güneydəki
hərəkətin də belə bir amacı olsa gərək.
Çünkü yalnız milli dövlət idarəsi altında fərdin
faydalı ictimai təşəbbüslərdə bulunma imkanları
artır. Hüquqi planda milli dövlətə, həqiqi anlamda tarix
boyu var olan millətə mənsubiyət duyğusu fərdin
istedadini, qabiliyətini artirir və onda güvənlik duyğusunu
gücləndirir. Güney Azərbaycan Milli Qurtuluş
Hərəkətinin hədəfi öz fərdlərində bu
məsuliyət və güvənlik duyğusunu yaratmaqdan
ibarətdir. Ona görə də bu hərəkət və onun
amacları insanidir. Toplumun içində mövcud olan bütün
təzadlar, yalnız milli dövlət bünyəsində,
bədənəsində barışıq hala gəlir,
vəhdətdə bulunur. Bu gün isə Güney Azərbaycandaki mövcud
olan təzadlar öz millətimizi içindən dağıdır.
Biri kommunist, biri islamçı, digəri başqa cərəyanların
qulluqçusu olur. Əgər bizim milli dövlətimiz olursa, bu
təzadlar millətə və onun tarixinə, dilinə
zərər verməz. Necə ki, bütün bu cərəyanlar bir
başa fars kimliyinə, fars hədəflərinə xidmət
etməkdədir, çünkü fars mərkəzli bir dövlət nizamında
birləşməkdədirlər, çünkü onların düşüncə
dilləri farscadır. İstər müsəlman, istər
kommunist, istərsə demokrat olsun, hamısı fars dilinə,
fars siyasi hədəflərinə xidmət
etməkdədirlər. Bu gün həm islam, həm kommunizm,
həm də demokratik görüşlər açıqca türk düşmənliyi
etmək üçün vəsilədirlər. Ancaq milli dövlət düzənində
tarlada, fabrikada çalışan zəhmətkeşlərin əməyi
onların öz vətənlərinin inkişafına həsr
olunur. Farsların daha da silahlanmasını, bölgə və
insanlıq üçün təhdid amilinə dönüşməsini əngəlləyən
amillərdən birisi də Güney Azərbaycanda milli dövlətin
qurulmasıdır. Bu səbəbdən də milli dövlət uğruna
mubarizə aparmaq ortaq insani dəyərlərə xidmət
etməkdədir. Millətin içində mövcud olan dialektik proses,
dialektik təkamül milli ruhu, hakim milli dövlət külliyətində
təcəssüm etmək istər. Yalnız milli dövlətdən
itaət edən iradə azaddır, çünkü bu iradə ortaq milli
və kollektiv iradənin nəticəsi olan bütündən, külldən
itaət edir. Milli dövlətə tabeiyyət duyğusunun
fərqində olan iradə, əslində öz-özünə,
kollektiv iradədə bütünləşən öz iradəsinə
tabedir. Bir çox ölkələrin tarixində göründüyü kimi, milli
iradənin həmahəng və külli şəkildə milli dövlətdə
təmsil olması tərəqqinin qarşısında mövcud
olan bütün əngəlləri ortadan qaldırır. Milli dövlətin
varlığına səbəbiyət qazandıran
millətolma duyğusunun əqlən və hissən
fərdlər tərəfindən dərk edilməsidir.
Fərdi həvəslər, istəklər, meyllər, bir sözlə,
fərddə mövcud olan mənfi və müsbət enerji nə
varsa, dövlətləşmə və milli dövlətolma sürəcində
həm ictimai bir məna daşıyır, həm də
millətin inkişafı üçün güc qaynağına dönüşür.
Güney Azərbaycanda hər kəs tərəfindən anlaşılması
gərəkən bu zehniyyət Azərbaycanın qurtuluşunu
birdəfəlik ortaya qoyar. Milli dövlət vasitəsi ilə
millətin sadəcə vətəni olaraq deyil, həm də
mənfəət coğrafiyası kimi təşxis edilən,
üzərində yaşadığı yurd onun zənginlik
və zənginləşmə məkanı olur. Yoxsulluğun
ortadan qalxması, türk insanının zəngin olması, ancaq
öz milli dövlətini quraraq müyəssər ola bilər və bu
da uzun bir sürəcdir. Milli dövlət qurulmadan demokratikləşmə
və sekularizasion mümkün deyildir. Təkamül insanın yazqısı
olduğu kimi, milli dövlət qurma da bu təkamülün bir parçasıdır
və bizim aqibətimizdir. Güney Azərbaycanda yüksələn
milli kimlik heç bir dar dini və ideoloji çərçivələrə
sığmayan, modern və sekular hərəkətdir. İlk
dəfə olaraq Güney Azərbaycanda bu qədər geniş
miqyaslı sekularlaşma prosesi başlamışdır. Bu
hərəkətliliyin daxili və xarici bir çox
səbəbləri vardir. Daxili ən böyük səbəb
millətin islam və kommunizmi təcrübə edib və hər
ikisinin zülmündən bezməsi olmuşdur. Həm din, həm
də kommunizm diktatorluqdan yana olan, demokrasini qəbul
etməyən ideolojilər kimi özünü göstərmişdir. Güney
Azərbaycan milləti bu tarixi təcrübəni yaşadığı
üçün bir daha təkrarlamaq istəmir. Bu üzdən də
sekularizmə sövq edilmişdir. Xarici səbəb isə
Qərbdəki sekular həyatın ortaya qoyduğu insan haqları,
qadın haqları və rifah məsələsidir. Bugünkü
islam ölkələrindəki zülmün, diktatorluğun, yoxsulluğun
tərsinə olaraq sekular ölkələrdə demokrasi, rifah
və insan haqları hakimdir. Qərbin qaranlıq orta çağındaki
durumu İslam ölkələrində davam etməkdədir. İslamın
orta çağı heç bir reforma girmədən öz diktatorluğunu,
insan, qadın və millət haqlarına sayqısızlığını,
demokrasiyə qapalılığını sürdürməkdədir.
4-Sekularizm nədir və nədən sekularizasion?
Sekularizmin
fəlsəfi, hüquqi, siyasi və sənət anlamları var.
Sekularizmin lüğət mənası olaylar üzərinə elmi
yanaşmadır. Sekularizm, öncə daha çox duyğu planında
ortaya çıxdığı üçün özünü sənətdə, özəlliklə
rəssamlıq sənətində göstərmişdir. Dini inanışların
yasaqladığı görüntüləri rəsm etmək, insana bu dünyanın
zövqlərini göstərmək, yaşatmaq və anlatmaq sekular
rəssamların, ədəbiyatçıların çalışma
sahəsi içində olmuşdur. O dünyaya inanış, din
mitolojisi əsasında şəkillənən sıxıntılı
həyat planlarının dəyişməsi və bu dünyanın
gerçəklərinə əsasən şəkillənən
həyat planları sekular zehniyətin qayəsi olmuşdur.
Milli
və insani həyatdaki böhranların əngəllənməsi
üçün zehniyyət dəyişilməsinə gedilməsi
gərəkməkdədir. Din mərkəzli dünyanı
dərk etmə zehniyyəti yüz illər boyunca böhran üstünə
böhran yaratmışdır. Bu böhranı və zülmlü həyatı
durdurmaq üçün dində reform və dindən asılı olmayan
müstəqil insan ağlının inkişaf etməsi bir ehtiyac
olaraq ortaya çıxmışdır. Sekularizm, insan düşüncəsini
canlandıran, insanı həyata bağlayan bir mekanizmdir.
Bu vəsilə ilə insan ağlı öz imkanlarını
daha da dərinləşdirir, genişlədir. Sekularizm, bütün
bilgiləri ilahiyata bağlayan dini yanaşmaları inkar edib
və kainatın mərkəzində allahın yerinə insanı
qoymuşdur. Allaha edilən bütün sayqı və hörmətlər
insana edilməlidir. Bu səbəbdən də humanizm (insan
mehvərlik) sekular təfəkkürün gətirdiyi din qarşıtı
bir tutumdur. Məzhəbi ruh qətiyyən təkamül
diyalektiyini insanlığın yazqısı kimi qəbul
etməmişdir. Dini ruh, sekularizmdə mövcud olan
səyyaliyyəti, devingənliyi (hərəkətliliyi),
həyəcanı qəbul etməz, edə bilməz. Dini ruh
durğundur. Yalnız savaşlarda və adam öldürmələrdə
hərəkətlənir. Tarixin də göstərdiyi kimi, dini
ruhun əqli dinamizmi olmamışdır. Türk tarixində
nə zaman dinin xaricinə çıxılmışsa, böyük müvəffəqiyyətlər
əldə edilmişdir. Karaman oğullarından Mehmet Karamanın
(1261-1283) dini yönü zəif olduğu
üçün türk dilini dövlət dili etdi. Böyük Mustafa Kəmal Atatürk,
Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri
din mərkəzli düşünməmələri üçün türk milli
kimliyini yüksəldərək, insanlıq mədəniyətinə
böyük xidmətdə bulundular. Sekular zehniyyətdə Allaha
təvəkkül inanışının yerinə İnsan
ağlına güvən yerləşməkdədir. XVI əsr
Renesansdan etibarən fəlsəfədə, inanışda,
siyasətdə başlayan sekularizm sürəci ilk dəfə
olaraq həqiqət qavramından qeyri-dini anlam çıxarmışdır.
Sekular zehniyət ortaya çıxmadan öncə həqiqət
məfhumunu dinin xaricində təfsir etmək mümkün deyildi,
təfsir edənlərin bu günkü islam ölkələrində
olduğu kimi başları bədənlərindən ayrılırdı.
Qərbdəki sekularizm öncəsi qaranlıq çağı anlamaq
üçün bu günkü islam ölkələrinə diqqətlə baxmaq
lazımdır. Tarix boyunca din, öz rəqiblərinə həyat
haqqı tanımamış, rəqiblərini məhv etmişdir,
insan haqları Allah haqlarına fəda edilmişdir. Allah
haqlarının qoruyucuları isə ən qəddar qan içən
insanlar olaraq, Allah adına öz mənafelərini qorumuş
və saysız insanları bismillah deyərək, qətl
etmişlər. Yalniz bu dünya ehtiyacları əsasında formalaşan
həyat planları və sekular zehniyyət demokrasiyə açıq
olmuş, insan haqlarına sayqı göstərmiş, rəqib
fikirlərə həyat haqqı tanımışdır.
Sekularizmin hüquqi mənası insan haqlarının
dərkindən ibarətdir. Sekularizm, hüququn idrak edilməsidir.
Dinlər tarix içində bütünlüyünü itirib, məzhəblərə
bölündükcə, daha da insan haqlarına və hüquqa hörmətsiz
davranmışdır. Din xadimləri feodallara, siyasətçilərə
çevrilərək zülmün, ədalətsizliyin, zorakılığın
amilləri olmuşlar. Sekular zehniyət bu cəbhəyə qarşı
həm sənət, həm fəlsəfə, həm siyasət,
həm də hüquq planında mübarizəyə başlamışdır.
Azərbaycandaki sekular zehniyət
fəlsəfi planda böyük mütəfəkkir M.F.Axundov
tərəfindən ortaya qoyulmuşdur. Musiqidə sekular
hissiyatı, sekular həyat idealını böyük musiqiçi Üzeyir
Hacıbəyli miniatürləşdirmişdir. Din duyğularını
çağrışdıran musiqi növləri depressiona uğramış,
insan psikolojisini yansıtmaqdadır. İnsanı
həyəcansızlaşdıran, susduran, həyat duyğularından
boşaldıb onu Allaha bağlamağa çalışan,
mərsiyə və dini musiqi janrına qarşı Üzeyir Hacıbəyli
dünyaya əqlən və
həyata hissən sarılan, dünyanı dərk etməyə
çalışan sekular musiqi növünü gəlişdirmişdir. Bu
səbəbdən də bu gün Azərbaycan istiqlalının
və istiqbalının birinci qoruyucusu onun musiqisidir. Digər
tərəfdən, Azərbaycan-türk ozan sənəti təbiəti
etibarı ilə sekular özəlliyə sahibdir. Koroğlu
dinçi deyildir, onun sazı, sözü və qılıncı ədalətli
həyatı və özünə güvənən insan növünü
təmsil etməkdədir. Koroğlunun heç bir səfərində
din xadiminə güvəndiyinə rastlanmırıq. Koroğlu heç
bir zaman yanında bir din adamı saxlamadı, Koroğlunun özü
ozan olmaqdan əlavə, yanında gəzdirdiyi Cinun kimi ozanlar
olmuşdur. Koroğlunun azadlıq idealını türk dünyasının
dörd bir yanında təbliğ edən ozanlar olmuşdur.
Yəni Koroğlu bu dünyanın imkanlarından faydalanaraq ədaləti
bərqərar etmək istəyirdi, o dünya uğruna heç bir
zaman saz çalmadı, qılınc oynatmadı. Din mərkəzli
fiqh hüququ və ya vilayəti fəqih, hər cür dini pluralizmə
qarşıdır. Hər kəs fəqihlərin düçüncəsinə
görə düşünməlidir. Müqəlləd və müqəllid
var. Təqlid edilən və təqlid edən. Təqlid
edən sürülərin öz iradəsi olmaz, Şeyxin iradəsinə
tabe olmalıdırlar. Bu da
dinin və dolayısı ilə təfəkkür və inanc
həyatının bir ovuc feodallaşmış,
sərmayədar olmuş din xadimlərinin əlində inhisara
keçməsidir. Burada təkamül ola bilməz. Sekular həyat bu
cəbhənin bütün varlığına qarşı savaş açmışdır.
Ədəbiyyatda M.Füzuli kimi böyük fikir adamları, şairlər
şəriətin sıxıntısından və zülmündən
bezərək, dünyəvi həyatı üstün görmüşlər.
Füzulinin
Qeyd islam, Füzuli, sənə bir afətdir
Bir hisar edə gör ondan özünə, zünnarı.
Və ya
Könül ta var əlində cami mey təsbihə əl vurma
Namaz əhlinə uyma, onlar ilə durma, oturma
kimi
şeirləri Füzulinin din mərkəzli durğun və
bezikdirici həyata qarşı çıxdığını göstərir.
Ancaq Azərbaycan ədəbiyyatında sekular düşüncənin
ən böyük propaqandaçısı S.Ə. Şirvani olmuşdur.
Məscidləri, camiləri düşüncə həyatının
mərkəzinə deyil, cəhalət yuvasına çevirən
fəqihlərə qarşı S.Ə. Şirvani cəsurca mübarizə
aparmışdır.
Sizi Tanrı yetirin piri-xərabata məni
Artırır qəm axı məsciddə
nəyim var mənim
kimi şeirlərində şəriəti təmsil edən
cəbhəyə qarşı mübarizə aparmışdır.
Azərbaycan ədəbiyatında ən böyük sekular şair M.Ə.
Sabir olmuşdur. M.Ə. Sabirin bir şeirini olduğu kimi söyləyək
ki, oradaki çağdaş düşüncənin genişliyinə
şahid olaq:
Ayaqyalın
mən düşürəm çöllərə,
Xari
müğulan görürəm qorxmuram
Gah
enirəm sayə tək ormanlara,
Yırtıcı
heyvan görürəm qorxmuram.
Məqbərəlikdə
edirəm gah məkan,
Qəbirdə
xortdan görürəm qorxmuram.
Mənzil
olur gah mənə viranələr,
Cin
görürəm, can görürəmqorxmuram.
Xarici
mülkündə də hətta gəzib,
Çox
tüfah insan görürəm, qorxmuram;
Leyk,
bu qorxmazlıq ilə doğrusu,
Ay
dadaş
vallahı, billahı, tallahı,
Harda
müsəlman görürəm, qorxuram.
Siyasi sekularizm 1918-ci ildə M. Ə.
Rəsulzadə və 1945-ci ildə Pişəvəri
tərəfindən həyata keçmiş və yalnız bu
səbəblə də qadınlara siyasi, mədəni haqq tanınmışdır.
Eyni zamanda Qacar şahzadəsi Abbas Mirzanın da sekularizmə
olan meylini burda xatırlatmaq istərdim. Qacar Məmaliki
Məhrusəsi (Qacarların qoruduğu
məmləkətlər) məmləkətlərdən
ibarətdi. Bu məmləkətlər Azərbaycan, Xorasan
və digərlərindən oluşmaqda idi. Hər
məmləkətin adına bir ordu var idi. 1805-ci ildə təşkil
olunan Azərbaycan Ordusunun başında Abbas Mirza durmaqda idi.
Abbas Mirza 1820-30-ci illər arasında Qərb ölkələrinin
səfirləri ilə sıx irtibatda idi. Özəlliklə
Napoleonun elçisi general Qardanla sıx irtibatı olmuş və Böyük
Fransa İnqilabının və cümhuriyətçiliyin anlamı
haqqında suallar soruşmuş bilgi sahibi olmuşdur.
Azərbaycan Mərkəzli modern hərəkət başlatmış
və Azərbaycan Ordusunun əsgərlərinə saqqallarını
qırxmağı əmr etmişdir. İslamda yasaq olan saqqal
qirxmaq üzündən bütün din xadimləri Abbas Mirzanın
dindən çıxdığı haqqında ortaq qərara
gəlmiş, xristian olduğunu söyləmişdilər. Abbas
Mirza, Şərqdə modernizmə meyllənən ilk türk
şəxsiyyəti olmuşdur.
Sekularizm, tərki-dünyalığın, insanı
o dünyaya bağlayan bütün dini inanışların tərki kimi
ortaya çıxmışdır. Dini həyatın bu dünyanı aşağılaması,
peyqəmbərlər adından bu dünya möminlərin zindanıdır
söylənən anlayışların hamısına qarşı
mübarizə bayrağı qaldırmışdır. Dini görüşlərin
tərsinə olaraq sekular düşüncə bu dünyadan kam almaq
üçün bütün qapalı yolları açırdı. XIV-XV əsrlərdə
sekularizmin altyapısını təşkil edən humanizm
məfhumu ortaya çıxdı. Humanizmin dəqiq mənası
bundan ibarət idi ki, insan dünyanın mərkəzində özünü
görməlidir, bütün olayların mehvərində dayanan insandır.
Orta çağda başlayan humanizm sürəci daha sonra Darvin, Marks
kimi şəxsiyyətlərin adamlarının əsas
fəlsəfəsinə çevrildi. İnsan bu dünyaya dərd çəkməyə
gəlməmişdir, bu dünya o dünyanın kölgəsi deyildir.
Bu dünya bir həqiqətdir. Bu dünyada insan hər tür
səadətdən, xoşbəxtlikdən bərxurdar ola
bilər, olmalıdır. Bu səbəbdən də sekular
zehniyətin əsasını təşkil edən humanizm
əski Yunan və Roma ədəbiyatına önəm verməkdə
idi. Çünkü bu ədəbiyatların mahiyətində dünyadan zövq
alma görüşü durmaqda idi. Özəlliklə Erasmus adında
reformist bir şəxsiyət humanizmin, yəni insan
mərkəzliliyin şəkillənməsində böyük
təsir göstərdi. Martin Luter o dünya anlayışını
ləğv, ibtal edib, o dünya inanışını ortadan qaldırdı
isə, Erasmus da dində reform və insana önəm vermə yolu
ilə humanist mədəniyyətin yayğınlaşmasına
yardımçı oldu. Sekularizm, dünya ləzzətindən
yararlanma imkanını ədəbi dillə bəyan etdiyi
üçün, öncə ədəbi bir cərəyan şəklində
də anlaşılmışdır. Sekularistlər
deyirdilər ki, biz bu dünyaya məhbus olmağa deyil, yaşamağa
gəlmişik. Səmavi dinlərin dediyinə görə, insanın
bu dünyaya gəlişi bir xəta üzündən olmuşdur.
Yəni ilk insan olaraq bilinən Adəm, yasaqlanmış bir
meyvəni şeytanın yanıltması səbəbi ilə
yediyi üçün həbsxana adlanan bu dünyaya atılmış. Sekular
zehniyət bu əfsanəni qətiyyən qəbul etməz.
Yenə də səmavi dinlərin qadını
insan hesab etməməsinə qarşı, qadın haqlarını
savunan sekularistlər əfsanələrə qarşı mübarizə
apararlar. Bu günkü qadınların özgürlükləri dinlərin bağışladığı
nemət deyildir, bu azadlığı qadınlara sekular
zehniyyət vermişdir. İslam ölkələrində sekularizm
olmadığı üçün hələ də qadın, dinin əsarətində
ət yığınından ibarət olan ləzzət, seks
və şəhvət mənbəyi kimi istismar
edilməkdədir. Səmavi dinlərin uydurduğu əfsanəyə
görə, Allahın yaratdığı ilk insanın, yəni
Adəmin, yatdığı yerdə mələklər bir qabırğasını
çıxarmış və o qabırğadan qadın yaradılmışdır.
Bu üzdən də xilqətin başından bəri kişi qadından
üstün yaradılmışdır. Həm də Adəm elə ağır
yatmış ki, onun qabırğasını söküb çıxarmışlar,
ancaq o, yuxudan oyanmamış, qabırğasının da
yaraları yuxudan oyanan qədər sağalmış və qabırğasının
çıxarıldığının fərqində də olmamışdır.
Sekularizm səmavi dinlərin insan haqlarına qarşı
uyduruqlarını qətiyyən qəbul etməz və qadın-kişi
bərabərliyinə inanar. Şərqdə yayğın olan
təsəvvüf və sufiliyi də sekular zehniyət qəbul
etməz. Siyasiləşmiş dini tənqid edən bir sistem
olaraq ortaya çıxan təsəvvüf də bu dünyada insan
nə qədər çox imtinalı, dözümlü, təhəmmüllü,
bədbəxt olursa, o dünyada bir o qədər böyük və
sonsuz nemətlərdən bərxurdar olacaqmış
fəlsəfəsini savunar. Sekular zehniyyət bu görüşə
də qətiiyətlə qarşı çıxar. Çünkü insan öz
ağlı ilə bu dünyada həm özünə, həm başqalarına
fayda verə biləcək bir təbiətə sahibdir.
Təsəvvüf, islam Şərqində hakim zalimlərin islam
anlayışına alternativ olaraq ortaya çıxsa da, heç bir iş
görə bilmədi, heç bir qurtuluş metodu və siyasi
fəlsəfə ortaya qoya bilmədi. Ya da siyasi fəlsəfə
ortaya qoya biləcək təssəvvüf əhlinin dövlət
islamı tərəfindən dərisi soyuldu, başları
kəsildi və bu fürsət onlara verilmədi. (İslam öz
tarixində 4 cəbhəyə ayrılmışdır: 1.
Siyasətin xidmətində olan dövlət islamı. 2. Fiqh
elmini gəlişdirən mədrəsə islamı. 3.
Siyasətdən və mədrəsə zahidlərindən
bezmiş təssəvvüf islamı. 4. Öz milli
kimliklərindən yola çıxaraq islama yanaşan xalq islamı.
Xalq islamı anlayışında islamda yasaq olan bir çox əmməllərə
diqqət edilməz.) Yenə də siyasi və hüquqi
məsələlərdə islama və fiqh hüququna dayandılar.
Bu üzdən də mürşidlər sadəcə bir yığın
sədaqətli kölə müridlər yetişdirdilər, toplumun
aydınlanmasına qatqıda bulunmadılar. Toplumdan təcrid
edilmiş şəkildə, tərki-dünya və
tərki-cəmiyyət fəlsəfəsində zehinlərini
həbs etdilər. Təsəvvüf tarixinə baxıldığında,
insanlığın qurtuluşu və bu dünyada tətbiq
edilməsi gərəkən bir sistemin ortada olmadığına
şahidik. Sekularizm, demokrasi ilə uyğunlaşmayan
sədaqətli kölə müridlər yetişdirmə sistemini
qəbul etməz. Çünkü sekularizm köləliliyə qarşıdır.
Köləliyin ortadan qaldırılması yönündə islamda heç
bir əmr yoxdur. 1979-cu il İran İslam İnqilabının
ideoloq memarlarından biri olan Mürtəza Mütəhhəri
Nədən İslam köləliyə qarşı deyildir?
sualı ətrafında bəzi mülahizələrini ifadə
etsə də, bu suala cavab verə bilməmişdir. İslamda
köləliyin ortadan qaldırılması yerinə Kölələrinizlə
yaxşı və insafla davranın məsajı verilmişdir.
Bu üzdən də hətta savaşlarda aldıqları
qənimətlər nəticəsində zənginləşən
əshabələrin özlərinin bir çox kölə xidmətçiləri
olmuşdur. Özət olaraq fəlsəfi sekularizmi bu şəkildə
anlamaq olar: dünyanın dərki istiqamətində dini təcrübələrin
və dini verilərin yeri yoxdur. Əgər bir din mütləq
həqiqəti öz kitabında və öz inhisarında hesab edirsə,
sekularizm o zehniyətə qarşı mübarizə aparır. Mütləq
həqiqət heç bir dinin və inanışın inhisarında
ola bilməz. Elm bunu qəbul etmir. Sekularistlərə görə
ictimai, təbii və insanı fenomenlərin şərhində
dinin hər növ mudaxiləsini durdurmaq lazımdır. İnsan
azadlığına əsaslanan sekularizm İnsan Allahın
quludur tezini də qəbul etməz. Allah, söylənildiyi kimi,
adil bir varlıq isə, nədən quldar olmalıdır?!
Allah quldar isə, ən sonunda qullarına əsəbləşib,
onları cəzalandırma haqqını da öz kitabında
məhfuz saxlayır. Özünü yer özündə Allahın
xəlifəsi sayan din xadimləri etdikləri zülmləri
və cinayətləri Allahın əsəbi və intiqamçı
olduğuna əsaslandırmaqdadırlar. Sekularizmin verdiyi ən
önəmli mesaj bundan ibarətdir ki, insan Allahın və ənənələrin
kontrolundan çıxmalıdır. İnsan həyatına casus lazım
deyildir. İnsanın davranışını anbaan təqib
edən casus Allah anlayışı sekularistlər
tərəfindən qəbul edilməz. Din xadimləri də bu
böyük casusun cəza mekanizmini bu dünyada həyata keçirərək,
insan həyatını qorxuyla dolduraraq, yaşayışı
cəhənnəmə dönüşdürməkdədirlər.
Sekular zehniyyətin insan həyatında təsirli olmasının
önəmli faktorlarından birisi Çarlz Darvinin teorisi olmuşdur.
Çünkü Darvin öz elmi və təkamül nəzəriyəsi, xüsusən
iktisabi, ictimai təkamül nəzəriyyəsi ilə din
cəbhəsini silahsızlandırmışdır. Dindarların
nəzəriyəsi bundan ibarət idi ki, bütün canlılar insan
üçün yaradılmışdır, heyvanlar, bitkilər, hər
şey insan üçün imiş. Darvin bu fəlsəfənin kökündən
yanlış olduğunu isbat etdi. Eynən Newton və digər
bilim adamları kimi Darvin də həyat qanunlarından qeyri-dini
təhlillər vermişdir. Darvin, bioloji sahədə Allah
nəzəriyyəsinə ehtiyac olmayan bilim metodu ilə canlıların
varlığını təhlil etmişdir. Azərbaycanda türkçülük
Darvin nəzəriyəsi əsasında ortaya çıxmışdır.
1870-ci illərin ilk yarısında Həsənbəy
Zərdabi birinci dəfə olaraq ana dilində Əkinçi
qəzetini yayınladı. Əkinçi qəzeti müxtəlif
fikirlərin ana dildə ortaya çıxmasına təkan verdi.
Azərbaycanda millətolma dalğasını
Həsənbəy Zərdabi başlatmışdır. Türkiyə-Rusiya
savaşında Həsənbəy Zərdabi açıq şəkildə
Türkiyəni, türk ordusunu dəstəklədiyi üçün Əkinçi
qəzeti qapatıldı. Həsənbəy Zərdabi tam bir
Darvinist türkçü idi. Həsəsnbəy Zərdabı dolaylı
və dolaysız olaraq Əkinçi qəzetində yazırdı
ki, dünyada güclü olmaq uğruna millətlər arasında
hərbi, psikolojik, ekonomik, torpaq genişlətmə və
digər sahələrdə savaş gedir, Azərbaycan məhv
olmaq istəmirsə, güclü millət və bütöv dövlət
olmalıdır. Bu gün də Həsənbəy Zərdabinin
Azərbaycan tarixinə verdiyi bu məsaj canlılığını
qorumaqdadır. Darvin öz ünlü Türlərin
kökəni kitabında təkamül nəzəriyəsini 7 üsuldan
ibarət olaraq göstərmişdir:
1. Səbəbiyət
qanunucanlılar dünyasında heç bir hadisə səbəbsiz
deyildir.
2. Hərəkət qanunucanlılar dünyası
daimi hərəkət və transformasion halındadır.
3. Kəmiyyətin dəyişmələrin
keyfiyyət dəyişməsinə çevrilməsicanlılar
dünyasında nüfusun artışı keyfiyyət dəyişməsinə
səbəb olur.
4. Maddə və enerjinin bəqa qanunucanlı
maddə dünyadaki maddi mövcudluğun bir parçasıdır, onun bütünü
deyildir. Həyat, bir çox ünsürlərin canlı və cansizların
irtibatına müdaxiləsi nəticəsində sağlanır.
Canlı və cansızlar arasında daima enerji alış-verişi
mövcuddur. Bu alış-verişdə heç bir şey ortadan yox
olmur.
5. Tərkib qanunucanlılar dünyasının
təzadları daimi bir çəkişmə içindədir. Bu çəkişmələr
sonunda təzadlar bir-birləri ilə tərkib tapırlar. Bu
prosesdə yeni bir tərkib ortaya çıxır ki, onun özünün
də ziddi var.
6. İnkarı inkar qanunuhər bir sistem (fərdi,
sinfi, növ və cins) zaman axışı içində
ziddiyətlərin çəkişməsi nəticəsində
inkar olunan gerçəklikdir. Bu inkar olunan gerçəklik öz yerini başqa
bir gerçəkliyə buraxır. İnkarı inkar qanunu təkamül
prosesinin nəticəsidir. Ancaq bu təkamül sürəci mütləq
kəmala çatmaq anlamında deyildir, çünkü mütləq kəmal
zehnin uydurduğu yanlış bir tanım (tərif)dır.
7. Canlılar dünyası ona kimlik qazandıran
bir varlığa sahibdirlər. Təzad, hərəkətin
səbəbi və yeni təzadlar icad edən dinamizmdir.
Sekular
zehniyyətin siyasi həyata mudaxiləsi 1789-cu il Böyük Fransa
inqilabından sonra geniş miqyasla başlar. Bu inqilabdan sonra
siyasi iqtidar dinin və dindarların əlindən alınmışdır.
1789-cu il inqilabından sonra özünə yer edən inqilabi dövlət,
milli dövlət adı ilə milli hakimiyyətin təcəsümü
şəklində ortaya çıxdı və dini
mərkəzlərin bütün əmlakına və mal varlığına
əl qoydu. Buna bənzər bir hadisəni Mustafa Kəmal Atatürk
Türkiyə Cümhuriyətində gerçəkləşdirdi, dinin
sosial və siyasi həyata mudaxiləsini durdurdu, camilərdə
verilən əzanları türkləşdirdi. Qərbdəki
sekularizasion müvəffəq oldu, ancaq Atatürkün ölümündən
sonra irtica bu dəfə Türk-İslam Ülküsü adı ilə
dirildi. Sekularizmin siyasi mənasını mütəxəssislər
bu şəkildə izah etməkdədirlər: dinin və din
xadimlərinin siyasi işlərə müdaxiləsinin əngəllənməsi,
din adamlarının dindarlıqlarını siyasətdən
uzaq tutmaları. Bu da dinin inkarı anlamına
gəlməməkdədir. Sadəcə dinin siyasətdən
uzaqlaşdırılmasıdır. Dinin və dövlətin
bir-birindən ayrı olması hüquqi bir sürəcdir, yəni
dindar insanlar hakimiyyətə gələ bilər, lakin öz
inanclarını siyasətə daşıma haqları yoxdur. Dövlət
imkanlarından faydalanıb dini inanclarını təbliğ
etmə haqqı layik, sekular dövlətdə kimsəyə
verilməz. Bu böyük siyasi neməti Qərb tarixi insanlığa
təqdim etmişdir.Yalnız bu vəsilə ilə uzun tarixi
və irticai təcrübəyə sahib olan din mərkəzli fiqh
hüquq sistemini ortadan qaldırmaq olar. Tarixdəki dinlərin zülmünə
antitez olaraq ortaya çıxan sekularizm iki istiqamətdə fəal
olmuşdur: 1. Eyni (obyektiv) sekularizm. 2. Zehni (subyektiv) sekularizm.
Eyni sekularizm, sadəcə siyasətdən dini uzaqlaşdırmaq
istər və sosyal həyatda da dinin təsirini azaldıb,
insanları daha çox rasionalizmə (əqlaniyyətə) sövq
edər, sadəcə irticanın iqtidara dirmanışını
əngəllər. Lakin zehni sekularizm dinə və din tarixinə
aid nə qədər irticai amillər varsa, hamısını
insanın zehnindən və iç dünyasından söküb atmaq
istər. Tarix boyunca din öz rəqiblərinin həyatını
məhv etmiş, onlara həyat haqqı tanımamışdır.
İnsanlıq ya dini təəssübkeşlik cəhalətində
qalıb bir-birinə əbədi düşmənliyini sürdürməlidir,
ya da bu inanışların yerini xoş görü, tolerans və
fəlsəfə almalıdır. Sekular zehniyətə görə
din və məzhəb atıq arxeikdir.
Tarixdə ilk sekularsayağı imperatorluğu
Böyük Çingiz Xan qurmuşdur. Həm qloballaşmanın, həm
də nisbi siyasi sekularizmin qurucusu Çingiz Xan olmuşdur. Türk-Moğul
imperatorluğu dini qanunlarla deyil, insan ağlının
nəticəsi olan Çingiz yasaları ilə idarə
olunurdu. Böyük Çingiz Xan bütün mədəniyətləri
bir-birinə qarışdırdı.
Mədəniyətlərin dialoqu və cahanşümul ticarət
anlayışı, Çingiz Xanın zamanında gerçəkləşmişdir.
Çingiz Xanın dönəmində ticarət yollarındaki tam güvənlik
səbəbi ilə globallaşmanın amili olan ticarət
və dünya çapında sərmayə qazanma mümkün oldu. Ancaq daha
sonra Çingiz Xanın nəvələri müsəlmanlaşdıqca
Çingiz yasaları və əqli məhkəmə sistemi
yerinə dini irticanın qanunları yerləşdi.
***
5. Nəticə
Sekularizm insan ağlına üstünlük verdiyi
üçün gerçək və əqli olan hər şeyi qəbul
edər. Millətin mədəniyyəti, tarixi,
ənənəsi, dili və kimlik ünsürləri gerçəkdir.
Gerçək olduğu üçün də əqlidir və əqli, hissi
fəaliyyətlərin nəticəsidir. Bu gerçəkliyi siyasi
və hüquqi səviyəyə yüksəltmək milli dövlət
anlayışını doğurmuşdur. Toplum, dialektik ağlın,
səyyal zəkanın beşiyidir. Yaşadığımız
zamanda Güney Azərbaycanda bu dialektik proses, bu səyyaliyyət
millətin içində daha da sistemli biçimdə, tarix yaradacaq
enerjiyə sahib olan şəkildə təzahür etmişdir. Bu
millətin geriyə dönüş və əsarətə
təslimolma yolu qapanmışdır, tarix bu yolu bağlamışdır.
İndi ancaq irəliyə doğru yol qalmışdır.
Qazandığımız bu mərhələ heç bir şəraitdə
əldən çıxmayacaqdır. Yeni nəsillər daha da
həyacanlı bir şəkildə Azərbaycanın istiqbalına
sarılacaqdır. Güc üstünə güc gələcəkdir, daha
da güclənəcəyik. Fars faşizmi keçən əsrdə
və davam edən sürəcdə bir çox şəhərlərimizdən
Azərbaycan sözünü silmişdir. Həmədan, Zəngan, Ərdəbil
kimi şəhərlərin üzərindən Azərbaycan sözü
silinmişdir, lakin bütün bu şəhərlərdəki nimayişlərdə
millət bir səslə Yaşasın Azərbaycan!
deyərək bağırdı. Bəlli oldu ki, bu millətin
ruhunda İran deyə əxlaqi, mənəvi, ruhi bir anlam
yoxmuş, yoxdur və olmamalıdır. Bu tarix yaradan
qəhrəmanlar bütün ruhi enerjiləri ilə sarıldıqları
bir vətən məfhumuna bağlı qaldıqlarını
isbatladılar, o da türk millətinin əzəli və
əbədi yurdu olan Azərbaycandır. Güney Azərbaycan türklüyü
öz qurtuluşu yolunda şəxsiyyət yetişdirmə və
təşkilatlanma prosesində artıq böyük təcrübələrə
sahibdir. Təşxis mərhələsi bitmişdir, indi
tətbiq mərhələsindəyik. Yəni
hərəkətin mahiyyətinin nə və necə olacağını
təşxis etmək sona ərmişdir, hədəf bəlli
edilmişdir. Hədəf Azərbaycan qurtuluşudur. Bu qurtuluşa
görə təşkilatlanma, davranma metodları üzərinə düşünmək
lazımdır.
Güney Azerbaycan Milli Hərəkətini,
Həsənbəy Zərdabinin təfsir etdiyi darvinist bir baxışla
təhlil edərsək, bu milli həmrəyliyin daxili və
xarici maraqlarını, tarixini və təkamül şəklini
bir bütün olaraq göz önündə bulundurmalıyıq. Güney
Azərbaycan Milli Hərəkətinin daxili maraqları özünüqoruma,
həyatını sürdürmə prinsipinə dayanaraq, varlığını
ən yüksək siyasi orqanizasion şəklində gerçəkləşdirməyi
hədəfləməkdədir. Xarici maraqlarında isə
xaric dünya ilə öz mənafeyi istiqamətində enerji, kültür
alış-verişində bulunmağı amac etmişdir.
Hərəkət özünün təkamül tarixi prosesində fars faşizmini
inkar şəklində mücadilə metodunu özümsəməkdədir.
Milli hərəkət bu hədəflərinə görə
taktik və strateji, təhdid və fürsət teoriləri ortaya
qoymaqdadır.
Güney Azərbaycan Milli Hərəkəti
Babək Xürrəmdini təsadüfi olaraq özünə
qəhrəmanlıq simvolu seçməmişdir. Babək Xürrəmdinə
güvənmə, millətin təfəkküründə ortaya çıxmış
fərqliliyi sərgiləməkdədir. Babək Xürrəmdin
Azərbaycan Mərkəzli olmayan heç bir inanışı,
hətta islamı da qəbul etməmişdir. Ərəb
imperatorluğunun islam bayrağı altında türkləri mevali,
yəni vəlisi olan, yəni ikinci dərəcəli insan
olaraq adlandırmasını Babək Xürrəmdin
qəbul etməz. Məndə Şirvin var! deyən
Babək bu zehniyyətə təslim ola bilməzdi. Bu yolda da,
yəni Azərbaycanın istiqlalı yolunda canını verdi.
Ruhunu tarixə, türk tarixinə buraxdı və Azərbaycan
istiqlalı yolunda necə davranacağımız haqda bizə
dərs verdi. Qadın haqlarına sayqı göstərdiyi üçün,
qadını insan olaraq qəbul etməyən müsəlmanlar
tərəfindən əxlaqsız, əyyaş adlandırıldı.
Lakin Azərbaycan milləti min ildən sonra öz çağdaş
və sekular kimliyinə qovuşarkən Babək Xürrəmdini
kəşf edib, bağrına basıb, gündəmə
gətirdi. Babək Xürrəmdinin qəhrəmanlığına
sahib çıxmaq bugünkü islam arxasına sığınan fars faşizminin
dininə qarşı mübarizə aparmaqdır.
Güney Azərbaycan dünyda öz sayqın, etibarlı
yerini almaq üçün yeni bir tarixi mərhələyə girmişdir.
Bu etibar uğruna bütün sahələrdə öz heysiyyətli mübarizəsinə
davam edəcəkdir.
07.06.2006