Milli hərəkatın konsepsiyası hərəkatın içindədir.
Son döyüşə çağıranların fikrini əməllərində axtarsaq içindən bütün hərəkətlərin patoloji xəstəliyi olan anarxizm çıxar. Anarxistlər hər şey tez olsun, zor olsun deyərlər. Sosioloqlar bu xüsusiyyəti əsasən xırda burjuaziya sinfilinin xarakteri sayır. Məncə insanların fəlsəfi dünya görüşündə sinfi amilin rolu olsa da, siyasi və ictimai bilik, təcrübə yaşadıqları sistemin rolu daha çoxdur. İllər boyu hər kəs özündən asılı olmayaraq öz içində bir təfəkkür tərzi formalaşdırır. O, fürsət düşən kimi onu həyata keçirməyə çalışacaq. Elmi analiz və təcrübə ilə hesablaşmayanları bundan çəkindirmək çətindir. Amma, təhlil və təcrübə qabiliyyətinə malik olanların inadkarlığı məsuliyyətsizlikdir.
Hər kəs və hər siyasi sistem öz əkdiyini biçəcək. Totalitar rejimlər alternativ qüvvələrin formalaşmasına imkan verməz. İran rejimi totalitar, üstə gəl teokratdır. Bu rejim dini ideologiya üzərində qurulduğundan onun yaratdığı siyasi sistem daha mürəkkəb xüsusiyyətlərə malikdir. Qeyd olunan siyasi sistemlərdə, azad siyasi fəaliyyət yasaq olduğu üçün, inkişafın qarantı və təminatçısı olan demokratik təşkilatların yaranması ciddi çətinliklərlə üzləşir və bəzən mümkün olmur. Bu rejimlər yaratdıqları qapalı sistemdə özlərinə qəbir qazırlar. Onların devrilməsi tarixi zərurətdir. Onların mütləq devriləcəyini bilsək də, konkret vaxt söyləmək olmaz. Tarixdə başverməsi mütləq olan hadisələrin nə vaxt baş verəcəyini ölçəcək elmi ölçü vahidi yoxdur. Konkret vaxt söyləyənlər sadəcə falçılıq edir.
Qapalı rejimlər insanları dünyadan təcrid edir və onları öz ideologiyasına inandırmağa çalışır. Lakin, elmin və texnikanın son nailiyyətləri nəticəsində bu artıq mümkün deyil.
İran İslam Respublikası
qeyd etdiyim qapalı rejimlərdən biridir. Bu rejim ya yeniləşərək
insanların söz azadlığına sayğı göstərməli,
topumun normal inkişafına şərait yaratmalı, ya da özü
yaratdığı bataqlıqda batmalıdır. İran
rejiminin özünə qazdığı quyu və yaratdığı
bataqlıq rejimin qurduğu
siyasi sistemdir. Bu rejim müzakirə əhli deyil, çünki özünə
qarşı alternativ tanımır. Rejimin bu işi
alternativlər üçün geniş imkanlar yaradır. Biz bu fürsətdən
yaxşı faydalanmalıyıq. Bu İran rejiminin ən
zəif yeridir. Biz bunlarla əlbəyaxa döyüşə çıxa
bilmərik. Buna ehtiyacımız da yoxdur. İnsan haqlarını
total şəkildə pozan İran rejimi ilə mübarizədə
elmin, texnikanın, beynəlxalq qanunların imkanları bizə
ən böyük dəstəkdir.
Mübarizədə
məqsədimiz milli konsepsiyamızı həyata keçirməkdir.
Milli hərəkat çox incə xüsusiyyətlərə malik olduğu
üçün hamı ona ehtiyatla yanaşmağa çalışır. Ona
görə də milli
hərəkatların beynəlxalq dəstək qazanması
üçün çox iş görülməlidir. Nəzərə almaq lazımdır
ki, milli hərəkat başqa millətlər
tərəfindən qısqanclıqla qarşılanar. Bu dünyanın
hər yerində belədir, məhz buna görə bir daha vurğulamaq
istərdim ki, Milli Hərəkatın konsepsiyası
hərəkatın içindədir. Onu başqa yerdə axtarmağa
ehtiyac yoxdur. Bu özəllik məsələyə özəl yanaşmağı
tələb edir.
Milli mübarizənin bütün çalarlarını
dünyaya car çəkmək olmaz. Buna ehtiyacımız da yoxdur.
Millətimizin özünə xas olan və milli anlam daşıyan
istəkləri öz içimizdə müzakirə olunmalı, konsepsiyası
hazırlanmalı və ona uyğun təlimlər
verilməlidir. İstəklərimizin yalnız ümumbəşəri
xarakter daşıyan yönləri beynəlxalq qurumların
diqqətinə çatdırılmalıdır.
Misal üçün, biz qoçaq, şərəfli,
qeyrətli, namuslu millətik, Babəkin nəvələri, Koroğlunun
dəliləriyik deyərək dünya siyasətində yer ala
bilmərik. Və yaxud , 80 ildir bizi assimilyasiya edirlər, haqqımızı
tapdalayırlar kimi ümumi ifadələr yetərsizdir. Biz
istəklərimizi detallaşdırmalı və konkret formada
beynəlxalq hüquq normaları çərçivəsində gündəmə
gətirməliyik. Çağdaş hərəkatımıza
bəzi beynəlxalq qurumların ilıq münasibətinin kökü
buradadır.
Bu işdə öz səhvlərimizi qabartmaq istəmirəm.
Azərbaycan Milli Dövlətinin qurulmasından 60 il keçir. Bu az
vaxt deyil. Milli Dövləti quranların təcrübəsindən
kifayət qədər faydalana bilmədik. O vaxt Peşəvəri
Avropa dövlətlərinin nümayəndələri
ilə görüşdə deyirdi : Mənim vaxtım olan
kim gəlib avropalılara nə istədiyimizi
deyəcəyəm . O, bununla düşmənlərimizin
qərəzli təbliğatını neytrallaşdırmaq
istəyirdi.
Beynəlxalq qurumlarla münasibətdə, onlara ünvanladığımız, qətnamə və məktublarda ancaq özümüzə aid olan milli xüsusiyyətləri qabartmağa ehtiyac yoxdur. Biz bunu bilərəkdən etməliyik. Bu bizə əskiklik gətirməz. Biz dünya ilə ayaqlaşmalıyıq. Diplomatik yanaşmada gecikməyə yol vermək olmaz. Buraxılan səhvləri düzəltmək millətə baha başa gələr.
Mitinqlər, etiraz çıxışları idarə və şüarlar kontrol olmalıdır. Əks halda əsəbləri dara çəkilmiş soydaşlarımızın bəzi ifadələri və ara-sıra səslənən şüarlar özümüzə qarşı işlədilir. Milli xüsusiyyətlərimizi əks etdirən və özümüzə aid olan bir çox sözləri təkrar etməyə ehtiyac yoxdur. Onları sadəcə icra etmək və həyata keçirmək lazımdır.
Səməd Niknam
2006-06-03
Prinsiplərin
pozulması həmişə faciə ilə
nəticələnir.
Azərbaycan Milli Hərəkatının təhlilində son sözü demək hələ tezdir. Bu işin zamana ehtiyacı var. Vaxt keçdikcə, zaman çalxalandıqca yağı-yağ, ayranı-ayran edəcək. Baş verənlərin, çatışan və çatışmayan yönlərini araşdırıb nəticələr çıxaracağıq. Yazıqlar olsun ki, bəziləri tələsir. Heç bir araşdırma yapmadan, təhlil etmədən, qüvvələr nisbətinin fərqinə varmadan bir sözlə dəlilsiz ,sübutsuz milləti son döyüşə çağırır.
Hərəkatımız demokratik məzmun daşıdığı üçün onları da dinləməli və fikirlərinə sayğı ilə yanaşmalıyıq. Lakin bəzi hallarda deyilən sözlər və fikirlər sadəcə şüar xarakteri alır. 80 illik milli zülmü əsas tutaraq bu zülmə birdəfəlik son qoymağa çağıranlarımızda var. Onlar ya azad, ya da məhv olmalıyıq şüarını təkrar edirlər. Vurğulamaq istərdim ki, biz məhv olmaq deyil, azad olmaq istəyirik. Hərəkatın bu mərhələsində ən təhlükəlisi hadisələrə aqressiv münasibət göstərməkdir. Populist şüarlarla haqlı olduğumuzu sübut etmək olmaz. Ciddi siyasi mübarizəyə girişmək üçün hər şeydən əvvəl hərəkatın hüquqi bazası işlənməli və dünya toplumu qarşısında məsuliyyət daşdığımızı işdə və əməldə sübut etməliyik.
Təbliğat üçün deyilən sözlər başa düşülür, amma əgər deyilən sözlər reallıqdan uzaqdırsa, bu artıq təbliğat deyil. Hər sözdə və şüarda hədəf aydın olmalıdır. Problemlərin çoxluğu bizə istənilən addımı atmağa haqq qazandırmır. Millət nəyi istəmədiyini bilir, amma nə istədiyi, hələ onu son döyüşə səsləmir. Misal üçün , 1357-ci ildə millət şah rejimini istəmirdi, amma nə istədiyi də aydın deyildi. Heç kim Molla Rejimi kimi rejim qurmağı ağlına belə gətirmirdi. Amma quruldu, çünki hədəf aydın deyildi. Hədəf aydın olmasa millət hər şeyi təcrübə etməyə hazırdır. Millətin istədiyindən aydın anlayışı olmalıdır.
May hərəkatı
21-ci əsr də hərəkatımızın ilk
qabarması olsa da sonuncusu deyil. Bu son illərin yekunu və
gələcəyin başlanğıcıdır. Biz bunu gözləyirdik.
2001-ci ildə Babək qalası hərəkatı
məqaləsində yazmışdım, Bu
hərəkat Azərbaycanda baş verəcək növbəti
siyasi təlatümlərin həzin dalğasıdır. Bu
hərəkatın ardınca məşrutə hərəkatı
kimi böyük və möhtəşəm xalq hərəkatı gözlənilir
.
Azərbaycan milləti bugünkü istəkləri üçün bütün qüvvəsini səfərbər etməyə ehtiyacı yoxdur. Qüvvələr siyasi və təşkilatı işdə səfərbər olmaq üçün qorunmalıdır.
Ölçülüb biçilməmiş populist şüarlarla döyüşə getmək olmaz. Kütləvi hərəkat dəniz dalğası kimi gələr keçər, əgər siyasi və təşkilati iş aparılmasa ondan bizə yalnız buraxdığı izlər və xatirələr qalar. Bu gün görülən işlərin bəhrəsini on illərdən sonra görəcəyik. Elə olmasın ki, gələcəkdə mənfi nəticələr alınsın. Onda bu gün özbaşınalıq edərək milli mübarizəni səhv yönəldənləri axtarsaq da tapa bilməyəcəyik. Tapsaq da artıq gec olacaq.
1911-ci
il Məşrutə Hərəkatında yol verdiyimiz
səhvlərin nəticəsini 1925-ci ildə Qacarların
devrilməsində gördük.
Bu gün müvəqqəti də olsa Qarabağı itirmişik.
Qarabağ itkisi Azərbaycan Respublikasına 20 min şəhid,
bir milyon qaçqın və saya-hesaba gəlməz maddi və
mənəvi ziyanla nəticələnib. Qarabağ 1993-cü ildə
deyil, 1988-ci il meydan hərəkatında, milyonların
mitinqlərində itirildi. 93-cü ildə Azərbaycan 88-ci
illərdə əkdiyini biçirdi.
Torpaqları Heydər Əliyev verdi deyə bağıranlar yalan danışır. Torpaqları, mitinqlərdə millətin milli maraqları ilə hesablaşmadan şüar verənlər verdi. Bu gün yol verdiyimiz kiçik bir səhv sabah millətə çox baha başa gələcək.
Azərbaycanın tarixində faciə ilə nəticələnən belə hallar olub. 1990 cı il 20 Yanvar hadisəsində 134 nəfər həlak oldu, 700 nəfər yaralandı. Respublika əhalisi ciddi sarsıntılar yaşadı, ölkə yenə rəqəmlərə sığmayan ziyanlar gördü. Bu günə qədər milləti küçəyə kim və nə üçün çıxartdı sualına cavab verən yoxdur. Cavab verən olmasa da haqlı ittiham olunanlar var. Amma ona görə cavab verən yoxdur ki, milləti küçəyə çıxaranlar özbaşınalıq edib və nəticə fəlakətli olub.
Quzey Azərbaycanda faciələr və torpaq itkisi ilə nəticələnən hadisələr Güneydə təkrar olmamalıdır. Öncə vurğuladım ki, Quzey Azərbaycanda hərəkatın yenilməsi və torpaqların müvəqqəti də olsa itirilməsinə aparan yol 1988-ci il mitinqlərindən başlandı. Bu haqda yalnız bir faktı xatırladım.
!988-ci il noyabr , dekabr mitinqlərinin qızğın vaxtı idi. Mitinqi Nemət Pənahov idarə etsə də, Azərbaycanın ziyalı adamları meydana gələndə Əbülfəz Elçibəyi axtarırdılar.
Elmlər Akademiyasının Cənubi Azərbaycan şöbəsinin işçiləri Azadlıq Meydanına gəldi. Onlar çox idi. Yadımda qalan iki nəfər Şövkət xanım Tağıyeva və Səriyyə xanım Gəncəliyeva da orda idi. Mən onları Elçibəyin yanına apardım. Şövkət xanım Tağıyeva Elçibəydən soruşdu: Bəy, bu gün Azərbaycanda başlanmış bu hərəkatı necə qiymətləndirirsiniz ?
Elçibəyin cavabı belə oldu: Bu hərəkat haqda Nemətdən soruşun, bu hərəkatı ondan yaxşı təhlil edən yoxdur.
Bu o demək idi ki, bizim sizə ehtiyacımız yoxdur. Alimlər, tarixçilər, siyasətçilər bu cavabdan şaşırdı və o gedən getdilər. Onlar meydandan gedənlərin nə birincisi idi, nə də sonuncusu oldu. Alimlərin dalınca vətənin bir parçası da getdi.
Bu gün bəziləri tərəfindən güneyli bilginlərin və alimlərin ünvanına deyilən xoşa gəlməz sözlər yol verilməzdir. Hamı fikrini deyə bilər amma, ağır ifadə işlətməyə heç kimin haqqı yoxdur. Ağır ifadə işlədənlərin, təhqirə yol verənlərin səsi kəsilməli, özləri ifşa olmalıdır.
Quzeydə cərgə vurub müzakirə etməyi bacarmadılar. Özlərinə demokrat deyənlər müxaliflərini təhqir etdilər və zorla sıradan çıxartdılar.
Güney Azərbaycanda az da olsa
bu hadisələrin təkrarlanma təhlükəsi var. Bu haqda
faktlar olsa da hamıya prinsipləri gözləmə şansı
verilməlidir. Hamının söz haqqı olduğu kimi, çoxluğa
tabe olmaq borcu da var. Şəxsi mövqelər deyilsə də ,
alınan qərarlar icra olmalıdır. Yalnız belə olan
halda hərəkat demokratik məzmun daşıya bilər.
Təşkilat daxili və təşkilatlar arası münasibətlər,
hərəkatın demokratik simasını göstərir. Təşkilati
prinsipləri gözləməyənlər ciddi səhvə yol
verirlər. Prinsiplərin tapdalanması həmişə
faciə ilə nəticələnir.
Ümid edirik ki, hərəkatın növbəti
mərhələsinin gündəliyində duran, təşkilatların
yaranması, məramnamə və proqramların və başqa
normativ sənədlərin hazırlanması işi uğurla görüləcək.
Sənədlərin hazırlanmasında ən vacib amil demokratik prinsiplərin gözlənilməsidir. Əks halda onlar demokratik məzmun daşıya bilməz.
Səməd Niknam
2006-06-03