Güclü olanda
da geri çəkilməyi
bacarmalıyıq
Azərbaycan Milli
Hərəkatının ilk mərhələsi yekunlaşmalı
və milli mənəvi qüvvələr qorunmalıdır. Bu
hərəkatın ilk etiraz dalğası gözlənilməz
dərəcədə möhtəşəm oldu. Hərəkatın
yaranma səbəbini sözün əsl mənasında, böcək
karikaturasında deyil, bəlkə karikaturanı müşayiət
edən planlı yazıda axtarmaq lazımdır. İran
qəzetinin yazdığı planlar dinməz söyləməz 80
ildir İrana hakim Fars hökumətləri tərəfindən
icra olunur. Yazıçı adına
layiq terminlərdən istifadə etdiyi üçün, ola bilsin onların
mənası soydaşlarımızın diqqətindən yayınsın.
Bu yazının ideoloji bazası var. Qacarlardan sonra
Azərbaycanın dilinin yasaq olması və iqtisadi, siyasi mühasirəyə
alınması, üstünə qoşun yeridilməsi və
qəzetin özünə məxsus tərzdə ifadəsi ilə
desək bunları dərmanlayın qoy qırılsınlar.
Bu tədbirlər əməldə
Fars hökumətləri tələfindən 80 ildir icra olunur.
Bütün bunlara bir etiraz hərəkatı ilə son qoymaq mümkün deyil. Bu mərhələdə hərəkatın sadəcə başlanması, millətin öz kimliyi uğrunda mübarizəyə girişməsi millətimizin ən böyük nailiyyəti idi. Biz bir soydaşımızın burnunun qanamasına razı olmasaq da millətin bütövlükdə milli cəngavərlər ordusu kimi haqsız hücumlara sinə gərərək dil və milli azadlıq uğrunda şəhid verməyə belə hazır olması milli azadlığımızın çox da uzaqda olmadığından xəbər verir. Azərbaycan milləti bu fədakarlıqların nəticəsini görəcək. Nəticə milli amal və milli idealın gerçəkləşməsidir.
Milli
mübarizə və azadlıq uğrunda döyüş üzün bir siyasi
mübarizə prosesidir. Bu yol uzun olduğu üçün onu bir başa
getmək olmaz. Bir nəfəsə və son nəfəsə
qədər getmək hamını nəfəsdən salar. Biz
o qədər getməliyik ki, getdiyimiz yolu qayıtmağa
enerjimiz olsun. Düzdür, son nəfəsə qədər gedib
məğlub olmaq da olar. Bu
da bir təcrübədir. Amma indi biz siyasi və təşkilati
baxımdan elə bir durumda deyilik ki, bu məğlubiyyətin
öhdəsindən gələk. Bizdən asılı olmayan
səbəblərə görə
siyasi və təşkilati imkanlarımız məhduddur.
Bunun üçün əldə olanları itirməmək və daha yaxşı təşkilatlanmaq üçün öz mövqelərimizə, millətin içinə çəkilməliyik. Milli hərəkat millətin hərəkatıdır. Millət onun kənarında deyil, içində olmalıdır. Bu geri çəkilmə əqidəmizdən və istəklərimizdən imtina etmək deyildir.
Millət bu siyasi prosesdə əldə etdiyi siyasi və təşkilatı təcrübələr hesabına yeniləşməli və növbəti siyasi hərəkatımız yeni keyfiyyət qazanmalıdır. Növbəti hərəkatımız yeni siyasi keyfiyyətlər qazanmazsa biz indidən yenilmişik. Növbəti siyasi hərəkatımız yeni keyfiyyət əldə etsin deyə, biz güclü vaxtımızda da geri çəkilməyi bacarmalıyıq.
Azərbaycan millətinin mübarizəsi
milli mübarizədir. Milli mübarizə eyni zamanda ümumbəşəri
anlam daşıyan azadlıq və ictimai ədalət kimi
məfhumları özündə cəmləşdirir. Bu baxımdan
bizim mübarizəmiz İranda yaşayan bütün millətlərin
arzusunu ifadə edir. İranda yaşayan başqa
millətlər bu mübarizəyə hazır olmadıqları
üçün, dövlətə onların imkanlarından bizə qarşı
faydalanmağa imkan yaradır.
Bütün bunları nəzərə alaraq, hərəkatın
qətnamələri yazılmalı və bu mərhələ
yekunlaşmalıdır.
Bizi qarşıda daha möhtəşəm hərəkat gözləyir.
Fəfsəncanilər və irqçi siyasət yürüdən hökumət
onsuz da bizdən intiqam almağa çalışacaq. Bu yolda bizim
ən güclü silahımız siyasi tədbirlərimiz və
təşkilati uğurumuzdur. Qələbəyə min
pillə var. Hazır olmasaq min pilləni birdən çıxmaq
olmaz.
Hərəkatımızın təşkilatlanması və siyasi mübarizəmizin yeni keyfiyyət əldə etməsi son dərəcə əhəmiyyətli və vacib işdir.
Hər halda milliyyət məsələsi ortaya çıxıb.
Necə deyərlər onun toxumu əkilib. Tutaq ki, bu dəfə
də Tehran müvəffəqiyyət əldə edib, bu mövzunu
ortadan götürdü, yenə onun kökü kəsilməyəcək.
Əkilən bu toxum bitəcək, yenə göyərəcək
və daha qüvvətlə Tehranın qarşısında duracaq
və ucalacaqdır .
(Ayətullah Mirzə Əbdüllah Şəbüstəri, Böhrane
Azərbaycan 1324-ci il
bəhmən ayının11 ).
Səməd Niknam
2006-05-28