Ş. , May. 27, 2006

 

 http://www.ayna.az/rubric.php?id=2417

 

İRAN PARLAMENTİNDƏ MİLLİ QARŞIDURMA

 

 


İran hakimiyyəti bu ölkədəki azərbaycanlıların etiraz aksiyalarının boğulması və gözdən salınması üçün seriya təxribatlar hazırlayır

 

 


Müşfiq HƏQQ

 

 


"İran" qəzetində türklərin təhqirinə etiraz olaraq Güney Azərbaycan şəhərlərində aksiyalar davam edir. Əhər şəhərinin mərkəzi meydanı "Qarabağ"da mitinq davam etdiyini, rəsmi Tehranın hücumlarına baxmayaraq, Parsabad şəhərində universitet tələbələrinin aksiyasının dayanmadığını bildirən mənbələr onların türk dilinin dövlət dili elan olunmasını tələb etdiyini də vurğulayırlar.
Parsabaddakı aksiyalar zamanı xalqa atəş açan xüsusi təyinatlı qüvvələrin 4 nəfəri öldürdüyü və onlarca insanı yaraladığı bildirilir ("Turan"). Meşkində polislərlə mitinqçilər arasında toqquşma olsa da, aksiya dayanmayıb. Təbrizdə, Xoyda, Ərdəbildə hərəkat fəallarının həbsləri davam edir.
Dünən Sulduz şəhərində keçirilən mitinqdə 5 nəfər şəhid olub, 8 nəfər yaralanıb, Urmiyədə mitinqlər davam edir, hakimiyyət "mitinqə qarşı mitinq" taktikasına əl atsa da, bu, hələ ki effekt vermir. Zəncanda da aksiyaların davam etdiyi, əhaliyə atəş açılıb-açılmaması, zərərçəkənlərin olması ilə bağlı hələlik hər hansı informasiyanın olmadığı qeyd edilir.

SƏFİRİN YALANI

Son 10 gün ərzində Güney Azərbaycanın şəhərlərində baş vermiş etirazlar zamanı aksiyaçılarla hökumət qüvvələri arasında qarşıdurma zamanı qətlə yetirilən, yaralanan və həbs olunan azərbaycanlıların siyahısı məlum olub. Dünya Azərbaycanlıları Konqresindən APA-ya daxil olan siyahını diqqətə çatdırırıq (şəhər və adlarla bağlı hələ dəqiqləşdirmələr aparılır):
Şəhid olanlar: Vəhid Bavəmiya (Təbriz), Cəmşid Zəncani (Təbriz), Xəlil Üfiqi (Təbriz), Vəhid Azəripun (Sulduz), Hüseyn Fəthipur (Sulduz), Himmət İsmizadə (Sulduz), Əlil Əbbasi (Sulduz), Əsgər Qasimi, İbrahim Azərpur, Fərzad Əsədpur (Urmiya), Əlirza Qulipur (Sulduz), Əsgər Şikari (Sulduz), Nuri, Piryad, Tağızadə, Mizani, Sepidah, Mollazi, Hüseynpur, Derəfşi, Rüstəmi, Əliyadi.
Yaralananlar: İlyas Hodaxanlı (Təbriz), Məhəmməd Fərəczadə (Təbriz), Rəhim Əmiri (Təbriz), Tohid Cəngcu (Təbriz), Qafar Rüstəmli (Təbriz), Əli Nazir Şədaqi (Təbriz), Səməd Mədədi (Təbriz), Rza Bimnak (Təbriz), Mehmet Yədullahi (Təbriz), Abbas Dilcavid (Təbriz), Bəhmən Şəhaməti (Təbriz), Əmirəli Şəhrək (Təbriz), Rəsul İbrahimi (Təbriz), Ramin Pençahi (Təbriz), Hüseyn Mühəmmədi (Təbriz), Qulaməli Teymuri (Təbriz), Rəhim Rəzzaqi (Təbriz), Salman Hacipur (Təbriz), Əsgər Həllaciyan (Təbriz), Səyyad Nədimi (Təbriz), Mehmet Hüseyn Cohəri (Təbriz), Mehdi Sultani (Təbriz), Həmid Fərahani (Təbriz), Ramin Muradpur (Təbriz), Rəşid Purməmməd (Təbriz), Cəlal Penhani (Təbriz), Hüseyn Sənəti (Sulduz), Mehdi Əzizi (Sulduz), Hüseyn Mərami (Sulduz), Behrəng Dağıstani (Sulduz), Hüseyn Piralagöz (Sulduz), Fərhad Gülməhəmmədi (Sulduz), Zeynal Rimaz (Sulduz), Əli Şordəri (Sulduz), Əyyub Mahmudi (Sulduz), Hüseyn Muradi (Sulduz), Behrəng Əfşari (Sulduz), Əli İbrahimi (Sulduz), Məhəmməd Məhəmmədi (Sulduz), Şəhram Noruzi (Sulduz), Həbib Rəzəvi (Sulduz), Yəhya Novruzi (Sulduz).
Həbs olunanlar: Rza Məhdəvi (Təbriz), Behbud Qulizadə (Qoşaçay), Şahani, Həsəni, Abbas Lisani (Ərdəbil), Cəlal Kürdlilu (Qoşaçay), Abbas Xəyaliniya (Qoşaçay), Dehqan Məhəmmədiye Salaman (Qoşaçay), Mir Əli Rzayi (Sulduz), Cavad Abbasi (Təbriz), Oruc Əmiri (Mərənd), Çingiz Bəxtavər (Təbriz), Siyamək Bəxtavər (Təbriz), Ətabək Bəxtavər (Təbriz), Pərviz Mühəmmədi (Sulduz), Əli Cəlali (Sulduz), Mehdi Ələvi (Sulduz), Mir Əli Pirayi (Sulduz), Quli Bəravənd (Sulduz).
Beləliklə, hələlik tam olmayan məlumata görə, 22 soydaşımız qətlə yetirilib, 42 nəfər yaralanıb, 19 nəfər həbs olunub.
Qeyd edək ki, İranın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani iki gün əvvəl keçirdiyi mətbuat konfransında Təbrizdə azərbaycanlıların etiraz aksiyasının dağıdılması zamanı ölənlərin olması xəbərini təkzib etmişdi.

ETİRAZLAR BÜTÜN DÜNYAYA YAYILIR

Baş verənlər fonunda dünən Amerika - Azərbaycan Cəmiyyətinin Güney Azərbaycanda İran hökumət qüvvələrinin törətdiyi qətl hadisələri və həbslərlə bağlı BMT-yə müraciət etməsi diqqəti çəkir (APA). Müraciətdə BMT-dən İrana təzyiq göstərilməsi tələb edilib və İranın xüsusi xidmət orqanlarının dinc nümayişçilərə atəş açaraq çox sayda adamı qətlə yetirdiyi qeyd olunub: "İranda dinc aksiyalar keçirən azərbaycanlılar polisin hücumuna məruz qalırlar. Özünü müdafiə etməyə çalışan aksiya iştirakçılarına divan tutulur".
Müraciətdə azərbaycanlıların insan haqlarından və azadlıqlarından məhrum edildiyi və ana dilində təhsil almaq, mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırıldığı bildirilib: "Azərbaycanlıların haqlarını qorumağa çalışan hüquq müdafiəçiləri pantürkizmdə və dövlətə qarşı fəaliyyətdə ittiham olunaraq həbs edilirlər. İndiki İran hökuməti hər an öz vətəndaşlarının qətliamına qərar vermək iqtidarında olan şeytan rejimidir. BMT Təhlükəsizlik Şurası bu hadisələri müzakirə etməli və İranın şeytan rejimi barədə ciddi qərar çıxarmalıdır".
Almaniyanın Hannover şəhərində də soydaşlarımızın etiraz aksiyası keçirilib. Aksiyada İran hökumətinin azərbaycanlılarla bağlı siyasəti pislənib, Təbriz, Urmiya, Zəncan, Xoy, Marağa, Ərdəbil, Sulduz, Tehran və digər şəhərlərdə keçirilən aksiyalara dəstək verilib. Qərara alınıb ki, növbəti etiraz aksiyası mayın 27-də Berlində İranın Almaniyadakı səfirliyi qarşısında keçirilsin.

İSTİQLAL GÜNÜNƏ CƏNUBDAN HƏMRƏYLİK

Həbslərə və repressiyalara baxmayaraq, mayın 28-də Təbrizdə keçiriləcək yeni mitinqlərlə bağlı hazırlıq işləri gedir. Həmin gün "Bazar qabağı" adlı meydandan başlayaraq bütün şəhər boyu çoxminli yürüş-mitinqlər keçiriləcək. Qoşaçayda isə artıq 4 gündür fasiləsiz mitinqlər davam edir. Burada 100-dən artıq mitinqçi həbs olunub. Qoşaçayda hökumət qüvvələri ilə aksiya iştirakçıları arasında baş verən qarşıdurmada bir neçə soydaşımız yaralanıb. Mayın 28-də Tehranda da çoxminlik etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Parlamentin binası önündə keçiriləcək etiraz mitinqində iştirak etmək üçün soydaşlarımızın ölkənin bütün bölgələrindən Tehrana gələcəyi bildirilir. Mitinqin əsas tələbləri türk dilinin dövlət dili elan olunması, həbs olunanların dərhal azadlığa buraxılması, molla rejiminin təqiblər və qadağalar siyasətinin dayandırılmasıdır.

FARS ŞOVİNİZMİNƏ ŞƏHRİYAR SİLLƏSİ

DAK-ın İdarə Heyətinin üzvü Teymur Eminbəylinin "Ayna"ya göndərdiyi informasiya artıq İran parlamentində də kəskin qarşıdurmanın yarandığını göstərir. Dünən İran parlamentində Təbrizdən seçilmiş millət vəkili Əkbər Ələminin çıxışı ciddi əks-səda doğurub. Millət vəkili Təbriz əhalisinin dinc mitinqlər keçirdiyini və yalnız hakimiyyət qüvvələrinin xalqa divan tutması, talanlar və yanğınlar törətməsindən sonra hadisələrin başqa istiqamətə yönəldilməsinə cəhd edildiyini bildirib. Əkbər Ələmi hakimiyyəti hadisələrin kökünü xaricdə deyil, ölkə daxilindəki problemlərdə axtarmağa çağıraraq məşhur Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranda qadağan olunmuş "Tehranlı, eşşək sənsən, yoxsa mən?" şeirini sonadək oxuyub. Bundan sonra fars deputatlarla türk deputatlar arasında qarşıdurma yaranıb. Münaqişə yalnız polisin müdaxiləsi ilə yatırılıb.

ABŞ-dan TƏKZİB

İran hakimiyyətinin ölkədə baş verən iğtişaşlara ABŞ və İranın başqa düşmənlərinin təşəbbüs göstərməsi barədə fikirləri ilə bağlı şərh vermək üçün "Turan" agentliyi ABŞ-ın Bakıdakı səfirliyinə müraciət edib. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik deyib ki, ABŞ hər il İranda insan haqlarının pisləşdiyini, hakimiyyətin etnik və dini qruplara dözümsüzlüyünü qeyd edir. "Yürüşçülərə qarşı repressiyalarla bağlı biz İran hakimiyyətini vətəndaşların sərbəst toplaşmaq və fikir ifadə etmək hüququna hörmətlə yanaşılmasını tələb etmişik. İran rejimi insan haqlarının acınacaqlı durumu və ictimai narazılığa kəskin reaksiyası ilə məlumdur. Odur ki İranda baş verənlərlə bağlı ABŞ-ın ünvanına səslənən ittihamlar düzgün deyil", - deyə Henik bildirib. Onun sözlərinə görə, İran rəhbərliyinin öz xalqına tətbiq etdiyi taktikanın kobud və sərt olduğunu xatırlatmağa ehtiyac yoxdur. İran xalqı demokratik, azad və daha açıq cəmiyyətdə yaşamaq istəyini çoxdan bəyan edib. Bu istəklər İranın daxilində, kənardan heç bir göstəriş və dəstək olmadan irəli sürülüb.

RƏSMİ TEHRANIN TƏXRİBAT CƏHDİ

Bakıda da etirazlar davam edir. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının fəalları dünən İranın Bakıdakı səfirliyinin qarşısında piket keçiriblər. Piketçilər Təbrizdə və İranın başqa şəhərlərində keçirilən etiraz aksiyalarında iştirak edən azərbaycanlıları dəstəkləyən şüarlar səsləndiriblər. Fəallar İranın azərbaycanlı əhalisinə qarşı repressiyalara son qoyulmasını, yürüş zamanı həbs olunanların azadlığa buraxılmasını və Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Bu dəfə polis aksiyasının keçirilməsinə müdaxilə etməyib.
Digər tərəfdən Dünya Azərbaycanlıları Konqresinin məlumatına görə, İran hakimiyyəti bu ölkədəki azərbaycanlıların etiraz aksiyalarının boğulması və gözdən salınması üçün seriya təxribatlar hazırlayır. İslam inqilab qvardiyasının yüksəkrütbəli zabitlərinin keçirdiyi xüsusi toplantıda belə təxribatların planı müzakirə olunub. Təbrizdə və başqa şəhərlərdə partlayışlar və çarpışmalar yaradılması, dövlət və şəxsi əmlaka zərər yetirilməsi, hərəkatdan xarici qüvvələrin rolu olması barədə təbliğat aparılması qərara alınıb. Şəhərlərin əksəriyyəti ilə telefon əlaqəsi saxlamaq çətinləşib. Eyni zamanda, İranın dini rəhbəri ayətulla Xamneyinin yürüşçülərə müraciət edəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır.