Həddadi Adilin dedikləri “ İranın “ yazdıqlarından

təhlükəlidir

 

 

Fars şovinistləri indiyə qədər üstü örtülü işləyirdilər. Üstəlik yeri gəldi-gəlmədi, lazım oldu-olmadı Azərbaycanı tərifləyir və İranın başı adlandırırdılar.  Amma, büdcəni İranın “başına ” deyil “ayağına” yedirirdilər. Bu dəfə “ İran ” qəzeti  Fars şovinistlərinin ürək sözünü dedi. Ordibeshet ayının 22-si (mayın 13-ü ) “ İran “ qəzeti 3469-cu sayında azərbaycanlıları həşərat  adlandıraraq   təhqiredici ifadələrə yol vermişdir.

Azərbaycan millətinin “ İrana “ etirazı Fars zümrəsindən olan çeşidli qrupları təəccübləndirdi. Onlar “ bu bizim üçün adi bir işdir “ deyərək , xarici televiziya kanallarında bağırırlar.
1925-ci ildən farsların hakimiyyəti qəsb etməsi ilə başlanmış Türk millətinin milli, mədəni və siyasi haqlarının danılması prosesi bu günə qədər davam edir. Fars rəsmiləri Azərbaycan millətinə qarşı yürütdükləri məqsədyönlü siyasətlə yanaşı, təhqiredici ifadələrdən psixoloji amil kimi faydalanmışlar. Dövlət televiziya və mətbuat orqanlarının yaydığı təhqiredici ifadələr bir başa Azərbaycan millətinin milli kimliyini hədəfə alırdı, lap elə bu dəfdəki kimi.   Dəfələrlə bir çox soydaşımızın, məqsədyönlü yaradılmış bu psixoloji baryeri keçə bilmədiyi üçün, kimliyini dandığının şahidi olmuşam. Rəsmi və qeyri rəsmi şəkildə həyata keçirilmiş şovinist siyasət və təhqiredici ifadələr qarşısında tab gətirmədən kimliyini danan soydaşlarımızı qınamıram.

1945-ci ildə  Azərbaycan Milli Dövləti yenildikdən sonra əsir düşmüş millət  çox ağır həyat tərzi yaşamışdır.

Pəhləvilər Azərbaycan millətinin dilini yasaq etdi və milli kimliyini tanımadı. Onların hökuməti dövrü Azərbaycan elan edilməmiş iqtisadi mühasirədə qaldı. Riza şah Təbrizi görəndən sonra. Təbrizin çapxana, mətbəə, karxana və fabriklərini, ali təhsil ocaqlarını Tehrana köçürtdü. Maddi və mənəvi baxımdan talan edilmiş vətənimizə qarşı təhqirlər də yağdırdılar.

 İrandan Təbriz kazarmasının atlarına göndərilmiş arpa çürük olduğu üçün atlar arpanı yemirmiş. Kazarmanın komandiri bu haqda Tehrana xəbər verir. Xəbəri eşidən Əşrəf  Pəhləvi komandirə, Pəhləvilərin adına layiq cavab verir. O,  Azərbaycan millətini təhqir etdiyi üçün onun dediyini təkrar etmək istəmirəm. Sadəcə onu deyim ki, o mədəniyyətə sahib tayfadan şah olmazdı, sülalə yaranmazdı , necə ki olmadı. Tarix millətə xor baxan yabançı elementləri yaşatmaz. Pəhləvilərin hökuməti də tariximizdə yabançı element idi.

“ İran ” qəzeti İran İslam Respublikasının rəsmi orqanı və təmsilçisidir. “ İranın “ Azərbaycan millətinə olan münasibəti, Əşrəf  Pəhləvinin münasibətinin davamı və təkrarıdır. Pəhləvilər zamanı da Əşrəf kimi naşı adamlar Pəhləvilərin və Fars şovinistlərinin əsl mövqeyini ifadə edəndən sonra “ peşəkar “ siyasətçilər Azərbaycanı İranın başı adlandırır və İranın tarixində Azərbaycanın rolundan danışaraq yenə, Səttarxanla  Baqirxanı xatırlayırdılar.  Əməldə isə, İranı bəzəyib Azərbaycanı lüt saxlayırdılar. Türk dilində kitabları yandırıb, tarixi abidələri dağıdıb, yer - yurd adlarını farscaya çevirirdilər. İranın başı saydıqları Azərbaycan dilində nə mədrəsə nə də qəzetdən söhbət belə gedə bilməzdi. Bir sözlə, İranın dilsiz bir başı var idi.

 

Tarix təkrar olunur

 

Hər kəs öz adına layiq işlər görür. “ İran “ qəzetinin yazısı da daşıdığı ada layiqdir. Mən qəzetin yazdıqlarını təkrar etmək istəməzdim. İndiyə qədər bu olay haqda xəbər yayan və təhlil edən xarici mətbuat da “ İranın “ yazdıqlarını təkrar etməmişlər. “İranın “ jurnalistlərindən başqa hamı bilir ki, “ Qələmin vəzifəsi millətə xidmət etməkdi “.
İsveçdə çıxan “ Dagensnyheter “ qəzeti də elə bu səbəbdən yazının bəzi yerlərini dərc etməmişdir. Adı çəkilən yazı bütün Fars millətini təmsil etməsə də, Pəhləvilərlə İslam Respublikası dövründə hakim olan Fars mədəniyyətinin səciyyəsidir.
Pəhləvilərlə İslam Respublikasının fərqli cəhəti onların  formasındadır, mahiyyətcə isə eynidirlər. Pəhləvilər guya  2500 illik şahlıq tarixinə dayanırdı və o adla hökumət edirdi, İslam Respublikası isə 1500 illik islam tarixinə dayandığını iddia edir. 2500 illik şahlıq tarixinin Pəhləvilərə dəxli olmadığı kimi, 1500 illik İslam tarixinin də mollalara dəxli yoxdur. Bu rejimlərin ortaq məxrəci orta əsrlərin qaranlıq çağında yaşayan fars dili və mədəniyyətidir. Bu mədəniyyətin başqa sahələrdə əldə etdiyi “nailiyyətlər ” bir yana qalsın, insanlara və millətlərə olan münasibəti Əşrəf Pəhləvi və “İran “ qəzetinin yazılarındakı kimidir.
Bu mədəniyyətə və fikrə sahib tayfa ilə dünyada baş verən inkişaf prosesi ilə ayaqlaşmaq olarmı?

 

“ İran “ qəzetinin yazdıqlarına Azərbaycan Millətinin etiraz hərəkatı başlanandan sonra yenə Pəhləvilər dövründə olduğu kimi peşəkar “ siyasətçilər “ dilə gəlib Azərbaycanı İranın başı adlandırırlar. O sıradan , Azərbaycana düşmənçilikdə Qəvamussəltənə ilə ayaqlaşan Rəfsəncani Tehranda keçirdiyi mətbuat konfransında  “azərbaycanlılar hər zaman İran xalqının fəxri olublar ” demişdir. İran parlamentinin sədri Azərbaycanı İranın başı adlandırıb. Məsələ bundadır ki, bu başın dili yoxdur. Dilsiz baş bunların nəyinə lazımdır ?.
 Dilsiz baş olmaz. Bir millətin ya başını kəs, ya da dilini əlində al, eyni şeydir.

 

Haqqımızda uydurulan İranın başı ifadəsi pambıqla baş kəsməkdir. Qəvamın, Rəfsəncaninin və Həddad Adilin təkrar etdiyi bu ifadələrin içi boşdur və aldadıcı görkəmi var. Bu aldadıcı ifadələrin kölgəsində mürgüləyənlərimiz bilməlidirlər ki, Qəvamlar və Rəfsəncanilər bu sözlərlə bizim başımızın altına yastıq qoyub, Fars bölgəsinə  Azərbaycandan 320 dəfə çox büdcə ayırırlar və bu xəbəri yazan “ Şəms Təbriz “ qəzetini dərhal bağladılar. Bu ifadələr Farsların hiyləgər və fəndgir siyasətçilərinin uydurmasından başqa bir şey deyilr. Biz tariximizi Azərbaycana borcluyuq deyən Rəfsəncaninin Prezidentlik dövründə Azərbaycanla sərhəd olan Gilan ostanından Azərbaycana ( Ərdəbilə) bir kisə düyü keçirmək mümkün deyildi. Amma,  Ərdəbilin, Muğanın taxılını daşımaq üçün Gilan maşınları növbəyə düzülürdü. Belə çıxır ki, İranın bu qondarma başı ancaq sözdə və xammal istehsalında, fəhlə ixrac etməkdə baş olmalıdır. Danışmağa isə haqqı yoxdur. Bunu onlar elan etmir bir başa icra edir.

 Bizim fikrimizcə bütün insanların sərbəst toplaşmaq və etiraz etmək haqqı var. Bu millət bu ölkədə bütün vətəndaşlıq hüququndan məhrumdur. Dili yasaqdır, mədəniyyəti dağıdılır, sərvəti talan olur, kimliyi təhqir olunur, milli iradəsini təmsil edən heç bir siyasi, ictimai təşkilatı qeydə alınmır, istehsal etdiyi məhsullar dəyər - dəyməzinə Fars bölgələrinə daşınır, küçələrinə Azərbaycanın düşmənlərinin adı verilir, lazım olan qədər büdcə ayrılmır, karxana, fabrik tikilmir, iş yeri açılmır, ölkə əhalisi iş dalınca baş alıb Fars bölgələrinə gedir. Dillənəndə də, İranın Bakıdakı səfiri Əfşar Süleymani kimi  hamısı bir ağızdan deyir ki, bunlar xaricə bağlıdır. Bu millətə daxildə nə gün sağlamısınız ki, daxilə bağlı olsun. Birdə belə çıxır ki, xaricdə oturub siyasi iş görmək yalnız Xomeyniyə yaraşırmış, başqalarına yaraşmır.
Azərbaycan millətinin milli hərəkatı mədəni hərəkatdır. Dağıdıcı deyil. İran dövləti mədəni dövlət olmadığına görə hərəkatın mahiyyətini başa düşməkdə çətinlik çəkəcək. Mədəni etiraz bizim haqqımızdır. Azərbaycan millətinin hərəkatı bütün millətə aiddir, ona görə də milli hərəkatdır. Bu hərəkat demokratik hərəkat olduğu üçün hamının söz və səs haqqı var. Azərbaycanın milli hərəkatı sağlam və mədəni inkişaf prosesində səs və söz haqqının hüquqi bazasını yaradacaqdır.

 

Səməd Niknam

26 May 06