Ç.a. , May. 23, 2006

 

 

 

"İRAN" SİZİ DƏ TƏHQİR EDİB"

 

 


Tələbələrin yaydığı bəyanatda hakimiyyətdəki Azərbaycan türklərinə müraciət edilir

 

 


S.SOLTAN

 

 



"Ayna"nın son saylarından birində Tehranda çıxan "İran" qəzetinin uşaqlar üçün həftəliyində Azərbaycan türklərini təhqir edən yazı və bununla bağlı etiraz aksiyaları haqda məlumat vermişik.
"İran" çap etdiyi yazıya görə Azərbaycan türklərindən iki dəfə üzr istəsə də, etirazçılar bu qəzeti qeydiyyata almış uyğun rəsmi qurumların, o cümlədən Mədəniyyət və İslami İrşad Nazirliyi, eləcə də prezident aparatının da eyni addımı atmasını tələb edirlər.
Bu arada son hadisələrlə bağlı başqa millətlərin İrandakı rejimə müxalif təşkilatları da etiraz bəyanatları veriblər.
Azərbaycan Demokrat Firqəsi İnformasiya və Mətbuat Mərkəzinin yaydığı xəbərə görə, iranlı ərəblərin Ərəb Xalqının Demokratik Cəbhəsinin sözçüsü Rafiq Əbu Şərif məsələyə münasibət bildirərək deyib: "Biz son hadisələri pisləyərək ərəb millətinin Cənubi Azərbaycan türklərini (ifadə onlara məxsusdur - S.) müdafiə etdiyini bəyan edirik".
Həmin bəyanatda vurğulanır ki, ərəb xalqı və onların siyasi nümayəndələri milli hüquqların əldə olunması və milli müqəddəratın təyin edilməsinə nail olmaq üçün İranda milli zülmə məruz qalmış xalqlar, özəlliklə Cənubi Azərbaycan türkləri ilə birgə mübarizəyə hazırdır.
Ərəblərin cəbhəsi onu da bəyan edib ki, baş vermiş son hadisə insan haqlarına və beynəlxalq hüquq normalarına ziddir.
Yeri gəlmişkən qeyd edək ki, Ərəb Xalqının Demokratik Cəbhəsinin mərkəzi qərargahı Londonda yerləşir. Onun ərəb dövlətlərində də nümayəndəlikləri fəaliyyət göstərir. Hətta tanınmış "əl-Cəzirə" televiziya kanalında da bu qurumun məlumatları yayımlanır, təmsilçiləri çıxış edirlər.
İran parlamentində təmsil olunan bəzi azərbaycanlı deputatlar da aksiya iştirakçılarının addımlarının doğru olduğunu bildiriblər. Şərqi Azərbaycan əyalətindən olan deputatlar Rza Rəhmani, Əkbər Ələmi və İşrət Şaiq ölkə parlamentində çıxış edərək qəzetdə çap olunmuş yazıya etiraz etdiklərini söyləyiblər. Onlar prezident aparatı və Mədəniyyət və İslami İrşad Nazirliyinin məsuliyyət daşıdığını deyərək vurğulayıblar ki, həmin qurumlar bu məsələnin haradan qaynaqlandığını araşdırmalıdır. "Belə bir yazı və şəkilin çap olunması məqsədyönlüdür. Qəzet bunu özbaşına edə bilməz", - deyə Rza Rəhmani söyləyib.
Bu üç millət vəkili məsələnin tezliklə araşdırılmasının vacib olduğunu belə bildiriblər: "Əks halda mövcud vəziyyət nəzarətdən çıxacaq". Həmin çıxışları ilə onlar hakimiyyəti xəbərdar ediblər.
Tələbə və gənclər məsələ ilə bağlı etiraz aksiyalarını davam etdirməklə yanaşı, baş vermiş olayla əlaqədar bəyanat da yayıblar. Buna dair Güney Azərbaycan ərazisindəki azərbaycanlı tələbələr, "Azbiltop" tələbə qurumu və ümumiran universitetlərinin türk tələbələri ayrı-ayrılıqda bəyanat veriblər. Həmin etiraz bildirişlərinin məzmunu oxşardır.
"Azbiltop" bəyanatında "İran"ın hərəkətlərini pisləyərək bunları bildirib: "Karikatura 80 il yaşı olan farsçılığın davamıdır. Həmin ideologiya indi İslam Respublikası hakimiyyətində də özünü göstərməkdədir. Bu sayaq yazıları çap edənlər və düşünənlər İrana Ana Yasanın Azərbaycan türkləri tərəfindən gətirildiyini yaddan çıxarmamalıdır... İran - İraq savaşında ölkənin ərazi bütövlüyü uğrunda ən çox həlak olanların da azərbaycanlılar olduğunu unutmaq ən azı dar düşüncəlilikdir.
Mərkəzdə oturanlar unutmasınlar ki, biz Şah İsmayıl Xətai, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Bakiri (İran - İraq müharibəsinin əfsanəvi qəhrəmanı - S.) və başqa bu kimi Azərbaycan türklərinin davamçılarıyıq. Biz icazə vermərik ki, tarix boyu saxlayıb qoruduğumuz dövlət yenə də Azərbaycana qarşı mübarizə aparsın.
Daxildəki və xaricdəki paniranistlər, panfarsistlər unutmasınlar ki, şahı qovduğumuz kimi, bizə qarşı olan başqa qüvvələrə də cavab verə bilərik".
Heç kimə sirr deyil ki, İran əhalisinin çoxunu Azərbaycan türkləri təşkil edir.
Amma təəssüf ki, hakimiyyətdə təmsil olunan azərbaycanlılar millətimizin çətin anlarında ona arxa dura bilmir. Bəyanatda tələbələr bu məsələni belə vurğulayıblar: "İran hakimiyyətindəki məsul şəxslər, o cümlədən güc strukturlarındakılar, habelə islam inqilab keşikçiləri qvardiyasındakıların yarısından çoxu Azərbaycan türküdür. Biz üzümüzü onlara tutaraq deyirik: "Ey hakimiyyətdəkilər, bu, sizlərin də açıq-aşkar təhqir olunması deməkdir. Buna nə vaxtadək dözəcəksiniz?".
İranın futbol üzrə yığma komandasının əsas heyətində də Azərbaycan türkləri çoxluq təşkil edir. Tələbələr bu komandada İran bayrağını yüksəltmək uğrunda mübarizə aparan azərbaycanlılara müraciətlərində bunları deyiblər: "Sizi "tarakan" adlandırırlar. Ancaq şərəfini qoruduğunuz futbol komandasının geyiminin yaxasında "Fars ulduzları" ifadəsi yazılmış ideoloji şüarı daşıyırsınız. Əgər "İran" qəzetində şəkil və yazı ilə bağlı dövlət rəsmiləri üzrxahlıq etməzlərsə, o zaman siz də komandanı tərk edin...".
İyul ayında Babək qalasına ənənəvi yürüşün keçiriləcəyi gözlənilir. Hakimiyyətin Azərbaycanda baş vermiş etiraz aksiyalarından istifadə edərək bu tədbiri də əngəlləyə biləcəyi ehtimalı var. Tələbələr həmin təhlükəni dəf etmək üçün aksiya iştirakçılarını daha ayıq-sayıq olmağa və Azərbaycan milli hərəkatına ziyan vura biləcək addımlar atmaqdan çəkinməyə çağırıblar.
Xatırladaq ki, "İran" qəzeti hakimiyyətin "İRNA" adlı xəbər agentliyinin orqanıdır. Dünyanın bir çox ölkələrində olduğu kimi, onun Bakıda da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.
Yeri gəlmişkən, vurğulamaq istərdik ki, "İran"ın təhqiri təkcə Cənubdakı soydaşlarımıza şamil edilməməlidir. Bu təhqir bizə də aid edilə bilər. Ona görə də "İRNA"-nın törəməsinə rəsmi şəkildə layiqli bir cavab verilməlidir. "İran"ı qeydiyyata alanlar rəsmi üzrxahlıq məktubunu rəsmi Bakıya da ünvanlamalıdırlar...