|
İranda azərbaycanlıları karikatura
vasitəsilə taxtabiti adlandırmış "İran"
qəzeti ilə bağlı bu ölkədəki soydaşlarımızın
etiraz aksiyaları səngimək bilmir. Təbriz, Tehran
və Urmiyə şəhərlərindəki
universitetlərin tələbələrinin genişmiqyaslı
çıxışlarına dünən Zəncan, Xoy, Miyana,
Maku, Marağa, Ərdəbil və Urmu şəhərlərindəki
gənclər də qoşulub.
Tam əksəriyyəti universitet tələbələri
olan gənclər oxuduqları ali təhsil müəssisələrinin
qarşısında aksiyalar keçirməklə
kifayətlənməyərək şəhər küçələrinə
çıxaraq mitinqlər düzənləyiblər.
Onlar "İran" qəzetində təhqiredici
karikaturanın müəllifi olan şəxsin cəzalandırılmasını,
qəzetin bütün azərbaycanlılardan "yetərli
səviyyədə və qaydasında" üzr
istəməsini tələb ediblər.
"İran" qəzeti üzrxahlıq yazısı
dərc etsə də, gənclər bunu "bəs
edəcək iş" saymırlar.
Bu arada Təbrizdə "Güney Azərbaycan
Fədailəri" adlı təşkilatın təmsilçisi
Sabir Sultani həbs olunaraq ağır işgəncələrə
məruz qalıb. GAF-dan qəzetimizə verilən
məlumata görə, təşkilatın koordinatoru
Təbrizin Ertəş xiyabanında yerləşən
İran Ordu Hərbi Əks-Kəşfiyyatı İdarəsinin
əməkdaşları tərəfindən tutulub, sonra
da "Səhənd Fotoqrafçılıq" adlı şirkətin
ofisinə aparılaraq orada saxlanılıb.
Gözübağlı S.Sultaniyə saatlarla işgəncə
verildiyi deyilir. "Musəvi adlı şəxs dindirmə
zamanı Sabir Sultaninin ayaqlarına qaynar su tökərək
ondan "Güney Azərbaycan Fədailəri" təşkilatı
barədə bildiyi bütün məlumatları verməsini
tələb edib", - GAF-ın bilgisində vurğulanır.
S.Sultani indiyədək dəfələrlə saxlanılıb
və dindirilib.
Azərbaycan Demokratik Firqəsindən verilən
məlumatda isə vurğulanır ki, "İran"
qəzetində karikatura ilə bağlı şəxslər
layiqli cəzalarını almayınca etiraz aksiyaları
davam edəcək.
Xatırladaq ki, qəzetin dərc etdiyi karikaturada bir yekə
taxtabiti masanın arxasında, kətildə oturub. Onunla üzbəüz
dayanmış uşaq taxtabitidən soruşur: "Axı
niyə belə çirkin şəraitdə yaşayırsınız?"
Taxtabiti cavabında deyir: "Nəmənə?"
Uşaq da taxtabitiyə söyləyir: "Axı sizə necə
başa salım? Siz heç öz dilinizi bilmirsiniz. Sonra da söyləyirsiniz
ki, bəs niyə biz başqa dillərin təsiri altındayıq.
Onsuz da sizin həyatınız ayaqyolunda keçir. Yediyiniz
isə nəcisdir. Taxtabiti yaşayışı bundan artıq
ola bilməz".
Azərbayanlıları da hiddətləndirib çilədən
çıxaran xalqımızın nəcis yeyən taxtabitiyə
bənzədilməsidir.
Təbrizdəki Şərif Cəma adına Politexnik
Universitetində başlayıb sonradan Səhənd
Universitetində davam edən aksiyalar Əllamə
Təbatai, Rəcai, Əl-Zəhra, Behişti, İmam
Sadiq, İslam İnqilabı, Əmir Kəbir, Elm və
Texnologiya, Pedaqoжi və Tibb Universitetlərində
də təkrarlanıb.
Gənclər 19 mayda qutlanan "Azərbaycan Tələbə
Günü" və "İran" qəzetindəki
iyrənc karikatura ilə bağlı bir sıra
qərarlar qəbul ediblər.
Dünən Səhənd, Təbriz, Azad Təbriz, Azad Merga
universitetlərində keçirilən mitinqlərdə altına
minlərlə imza atılan qərarlarda bildirilir ki, "İran"
qəzeti üzvr istəməli, suçlular cəzalanmalı, bütün
azərbaycanlı siyasi məhbuslar azad edilməlidir.
"İranda söz azadlığına sərt senzura
tətbiq edildiyindən durumumuzu İnternet saytları
və başqa vasitələrlə dünyaya çatdırmaq
zorundayıq. Eyni zamanda İrandan kənarda, ələlxüsus
da Azərbaycanda yaşayan tələbələrdən
və ümümiyyətlə, bütün gənclərdən qardaş
təvəqqemiz budur ki, mübarizəmizə qatılsınlar,
millətimizi təhqir edənlərə qarşı
etiraz aksiyaları keçirsinlər. İrandakı bütün milli
azlıqlar, qaşqay, türkmən və xorasan türklərinə
uz tutaraq bizimlə birləşməyə çağırırıq",
- qərarlardan biri olan "Gənclərə və
xalqlara müraciət"də deyilir.
Dünya Azərbaycanlılarının Haqlarının Müdafiə
Komitəsinin "Beynəlxalq Amnistiya" təşkilatına
yolladığı məktubda isə bildirilir ki, Maku şəhərindəki
etiraz aksiyaları zamanı Bəhmən Nəsirzadə, Möhsün
Dönməz, Əli Hüseyninecad (Savalan) və Ərdəbildən
olan Sabir adlı gənc həbs olunub.
Dünən günorta saatlarında Təbriz Universitetinin 6 min,
Urmu Universitetinsə 2 min tələbəsi etiraz aksiyaları
keçiriblər. Bu zaman "Fars şovinizminə ölüm",
"Qızıl ols ada qəfəsim, var azadlığa
həvəsim!", "Ya Qarabağ, ya ölüm!", "Bizləri
təhqir edənlər payını almalı!! şüarları
səslənib.
Qüzey Azərbaycandakı soydaşlarımız arasında
böyük nüfuza malik heykəltaraş Rəhmi Tuna da
gəncləri qətiyyətlə dəstəklədiyini
söyləyib.
İrandakı 35 milyon soydaşımız arasında çox
böyük nüfuza sahib cənab Tuna indi Türkiyədə yaşayır.
Pir Sultan Abdaldan tutmuş Mustafa Kamal Atatürk və Nazim
Hikmətədək müxtəlif şəxslərin yüzlərlə
heykəlini hazırlamış Tunanın dediklərinə
görə, "İran" qəzetindəki çirkin
provokasiyanın cavabı verilməzsə,
nəticələr daha ağır ola bilər.
Hüseyn BAKUVİ
|