| C.a. , May. 18, 2006 |
| "İRAN" AZƏRBAYCANLILARI AYAĞA QALDIRDI | ||
Tehran hakimiyyətinin Xarici İşlər Nazirliyi isə ölkəmizə ərazi iddiası irəli sürür |
||
S.SƏDRƏDDİN |
||
Tehranda çıxan "İran" adlı qəzet Azərbaycan türkünün milli varlığını təhqir edib. Azərbaycan Demokrat Firqəsi İnformasiya və Mətbuat Mərkəzinin verdiyi xəbərdə bildirilir ki, bu mətbu orqanın uşaqlar üçün həftəliyi dərc edilir. Sonuncu həftəlikdə bir oğlan uşağının və onunla yanaşı tarakanın şəkli verilib. Başqa bir şəkil isə tarakanın yaşadığı şəraiti əks etdirir. Şəkilaltı yazıda oğlan uşağı fars dilində tarakandan soruşur: "Niyə bu vəziyyətdə yaşayırsınız?" Tarakan isə bunun cavabını türk dilində belə verir: "Nə mənə?" Qeyd edək ki, bu ifadə yerli ləhcələrimizdə "nə deyirsən?" mənasını verir. Sonra həmin şəkildəki uşaq tarakana fars dilində belə deyir: "Siz öz dilinizdə danışmağı bacarmırsınız. Sonra da deyirsiniz ki, niyə biz başqa dillərin təsiri altındayıq. Onsuz da sizin həyatınız (ifadəyə görə oxuculardan üzr istəyirik - S.) tualetdə keçir. Onsuz da sizin yediyiniz ...dur. Tarakanın yaşayışı isə bundan artıq ola bilməz". Hər kəs başqası haqqında fikir yürüdərkən ilk növbədə özünün kimliyini, tərbiyəsini, mədəniyyətini, tarixini və milli mənsubiyyətini göstərir. Hesab edirik ki, "İran" da Azərbaycan türklərinə bu eybəcər üsulla sataşmaq istəyərkən əslində qulluq etdiyi rejimin mahiyyətini ortaya qoyub. Üstəlik "İran" qəzeti Tehran rejiminin dini və vətəndaş birliyindən bol-bol danışmasına baxmayaraq, əslində azərbaycanlılara hansı prizmadan yanaşdığını əyani şəkildə göstərib. Təbii ki, bu yanaşma soydaşlarımızı ayağa qaldırmaya bilməzdi. Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Urmiya, Təbriz, Ərdəbil, Həmədan və Zəncan şəhərlərindəki universitet tələbələri aksiya keçiriblər. Eləcə də Tehranın Şərif adına politexnik, Əllamə Təbatəbai, Behişti, Rəcai, Əlzəhra, İmam Sadiq, elm və texnologiya, Əmir Kəbir texniki, İnqilabi-islami, tibb və pedoqoji universitetlərinin azərbaycanlı tələbələri də hakimiyyətə məxsus qəzetin bu sayaq yazılarına etiraz ediblər. Bundan başqa, Urmiya, Makı, Təbriz, Xoy şəhərlərinin adi sakinləri də bu aksiyaya qoşulublar. "Güney Azərbaycan" jurnalının baş redaktoru Cavidan Elbarsın bildirdiyinə görə, Makı və Xoy şəhərlərində keçirilən etiraz aksiyalarında iştirak edən tanınmış şəxslərin evlərində ETTELAAT məmurları tərəfindən qanunsuz olaraq axtarış aparılıb. Hətta Urmiyanın inqilab keşikçiləri qvardiyasından ibarət əlavə qüvvə Makıya gətirilib. Mənbənin bildirdiyinə görə, həbs olunanlar da var. O, Makıda Sabir Beytullahinin atası ilə birlikdə tutulduğunu deyərək əlavə etdi ki, bu yaşlı adamı polis camaatın gözü qarşısında döyüb. Bundan başqa, Makıda müəllim işləyən Əli Helmi, Əhməd Nəsirzadə, Əli Hüseyninijat və Möhsün Dəmirçinin də həbs edilənlər arasında olduqları bildirilir. Xəbərə görə, Tehran və Təbrizdəki tələbələr bu məsələyə etiraz edənlər arasında bir neçə saat ərzində altı minə yaxın imza toplayıblar. Hazırda mərkəzi əyalətdə səfərdə olan İran prezidenti Mahmud Əhmədinijatın bu həftə ərzində Güney Azərbaycanın Makı şəhərinə gələcəyi gözlənilir. Xatırladaq ki, bir müddət öncə bu şəhərdə yaşayan kürdlər terrorçu PKK-nın başçısı Abdulla Öcalanın azadlığa buraxılması ilə bağlı mitinq keçirmişdilər. O zaman yerli türklərlə PKK-çılar arasında toqquşma baş vermişdi. Ona görə də ehtimal edilir ki, Əhmədinijat bu şəhərdə milli zəmində baş vermiş toqquşmaya dair müşavirə keçirmək niyyətindədir. Yeri gəlmişkən onu da xatırlatmaq istərdik ki, Tehran hakimiyyəti Azərbaycan türkləri ilə İrandakı kürdləri üz-üzə qoymaq üçün neçə ildir səy göstərir. Cavidan Elbarsın verdiyi başqa bir xəbərə görə, İran Xarici İşlər Nazirliyi Araşdırma Mərkəzi bu günlərdə "İran və Şimali İran (Azərbaycan Respublikası)" adlı kitab buraxıb. Bu "kitab"ın müəllifi Bəhram Əmirəhmədiandır. Həmin mərkəz üstəlik öz bülletenində Seyidrza Mirməhəmmədinin "Sionizmin Şimali İrana (Azərbaycan Respublikası) nüfuzu" adlı məqaləsini çap edib. Bundan başqa, ötən gün İran Məclisində də oxşar çıxışlar edilib. Çıxış edən deputatlar "Şimali İran"ın (yəni ölkəmizin - S.) torpaqları İrana aiddir" söyləyib, ayətulla rejimini bu məsələni yenidən qaldırmağa çağırıblar. Bu üç məlumatdan göründüyü kimi, atom-nüvə proqramını israrla həyata keçirmək istədiyinə, İraqın daxili işlərinə müdaxilə etdiyinə, Yaxın və Orta Şərqdə terrorçuluğu dəstəklədiyinə, ölkədə milli haqları və insan hüquqlarını tapdadığına görə beynəlxalq təzyiqlə üzləşən fars şovinizmi hikkəsini və kinini Azərbaycan türklərinin üzərinə tökməyə çalışır. Elə bu səbəbdən də ölkəmizə ərazi iddiası ilə çıxış edərək beynəlxalq hüquq normalarını kobudcasına pozur. Atom-nüvə proqramını "dinc məqsədli" adlandıraraq, beynəlxalq hüquq normalarını örnək göstərən ayətulla rejimi suveren bir dövlətə qarşı ərazi iddiası ilə çıxış edir... P.S. "Azərbaycanlıların təhqir olunması ilə bağlı məsələyə "İran" qəzeti özü aydınlıq gətirib". Bu sözlər İran qəzetində azərbaycanlıların həşərata bənzədilməsi ilə bağlı karikaturanın dərci ilə əlaqədar APA-nın suallarının cavabında İranın Azərbaycandakı səfirliyindən verilən məlumatdandır. Səfirlik belə hesab edir ki, məsələ ilə bağlı qəzet özü açıqlama yaydığından əlavə münasibət bildirməyə ehtiyac yoxdur. Qəzetin açıqlamasında isə bildirilir ki, mətbu orqan fəaliyyətinə tam həssaslıqla yanaşmasına rəğmən, bəzi hallarda təsadüfən səhv və qüsurlar meydana çıxır: "Buna misal olaraq, qəzetdə dərc olunan kiçik rəsm və kəlmə əziz Azəri vətəndaşlarının bəziləri arasında anlaşılmazlığın yaranmasına səbəb olub. Biz bu səhvi qəbul edərək, qəti şəkildə bildiririk ki, qüsur rəssam tərəfindən bilərəkdən yox, yalnız səhlənkarlıq ucbatından meydana çıxıb. Bununla belə, "İran" qəzeti həmin rəssamı ciddi cəzalandırıb. Bir daha qeyrətli Azəri vətəndaşlarımızdan üzr istəyərək, əmin edirik ki, bütün saf niyyətimizlə və peşəkar əməkdaşlarımızın tam potensialından bəhrələnməklə anlaşılmazlıqların yaranmasına səbəb olan belə qüsurların baş verməsinin qarşısını alacağıq". |