Bir
məzlumiyyətin öyküsü
...əslində çox qədim bir öykü
bu...
bəlkə belə deməliyəm
" ört-bas edilmiş cinayətin nağılı" !!
***
O, hələ doğulmadan yazdılar
qədərini!
baxtına düşdü
uğursuz
bir hörümcək kölgəsi
açar-açmaz dünyaya gözünü
və sonra...
Şanslısı diri-diri gömüldü qara
torpağa!
baxtsızı məhkum oldu ömürlük dostaq həyata!
torantanlı əllər
hördülər tozlu inanclar
pərdəsini
gözlərinin üstünə
gecənin qaranlığından
da qara!
O, daha görmədi
görəbilmədi ki
günəşin
necə sarı olduğunu!
Çaldılar ovuclarında boylanan o tazə,
o ılıq səhəri
söndürdülər alnındakı
parıldayan dan ulduzunu
əzdilər könlündə
bitən körpə tomurcukları!
Duyğu şəlaləsini qurutdular
yasaqlar daşı kəsdi yolunu
heç axmadı ki, axabilmədi ki!
Acı çəkdi, dovuldu, vuruldu
içi
qan ağlarkən, qorxudan üzü güldü!
ağlamaq
istədi, ağlaya bilmədi ki!
Yerdən göyərmiş yasaların
paslı zəncirini
bağladılar
əllərinə
açarını
şəriət namına dərin quyuya atdılar!!
Dondurdular beynini
susdurdular ötən o şirin dilini
qırdılar
qol-qanadını, uçmasın deyə!
və sonra...
Asdılar ürəyindən
səhərin alacaqaranlığında
günahsızlıq
ipindən!
Hər insan bir dəfə doğulur,
bir dəfə ölür
insanlığını qəbul etdilərsə onun
nədən
hər gün öldürdülər?!
və sonra...
Ruhsuz bir can!
səssiz-səmirsiz
kilidləndi dörd duvar arasında!
hə...indi oldu..."Qadın belə
olmalı" dedilər!!
"Qadın ağılsızdır,
ağlı ərməz hər işə"
tablo
oldu
vicdansız
beyinlərin duvarına!
"Qadın danışmaz, gülməz,
baş əyər hər sözə"
sırğa oldu
hər
gənc qızın qulağına!
***
Amma o, hələ də, hər gecə
röyalarında özgür görür əsir olmuş
ruhunu, könlünü
Bulud olub yağdığını...
sevincində, kədərində
Durnalartək uçduğunu
sınırsız, sərbəstcəsinə...
Heç qorxmadan harayladığını
sevgisini, mənliyini, tüm diləklərini...
***
Dün səhərə yaxın röyasında
çatdı arzusuna!
Çıxdı cəsarətin ən yüksək
dağına
Söküb yırtdı qara kəfənini
Gizlətdiyi ağ-appağ qanadını
Sərdi gözlər önünə
Haray çəkdi
eheeyy... Yer-Göy...
eheeyy...Canlılar...
Mən
bir ulu varlığam
Mən bir insanam
Yaşayıram
Mən
bir Qadınam
***
" Zamanı gəlmış artıq
bu röyanı xeyirə yozun
gərçəkləşməsi
lazım "
Sarı
Gəlin ( Pəri ) 6 May 2006