“İranın nüvə proqramı hərbi məqsədlidir”
Sadiq İsabƏyli: “Tehran Güney Azərbaycan ərazisini nüvə tullantıları ilə çirkləndirir”

İran ətrafında gərginlik artmaqdadır. BMT Təhlükəsizlik Şurasının nüvə proqramının dayandırılmasına dair verdiyi vaxt bitsə də, terrorçu rejim atom silahı əldə etmək niyyətindən çəkinmir. Qurumun üzv dövlətləri olan Rusiya və Çin isə İrana qarşı sərt sanksiyalara imza atmırlar.

Bu iki avtoritar dövlət İranı sonadək müdafiə edə biləcəkmi? ABŞ və digər supergüclər İranı necə, durduracaqmı? Bölgə ağır və fəlakətli müharibəyə sürüklənmirmi? Suallarımızı “Oyanış” Azərbaycan Strateji Araşdırma Mərkəzinin eksperti, güneyli politoloq Sadiq İsabəyli cavablandırır.

Sadiq bəy, İran ətrafında mövcud gərginliklər nə ilə nəticələnə bilər?
- ABŞ-ın molla rejiminə qarşı siyasəti açıq və şəffafdır. ABŞ kütləvi qırğın silahının, o cümlədən nüvə silahlarının yayılmasının qarşısının alınması üçün ciddi səy göstərir. Xüsusilə terrorçuluğu himayə edən rejimlərin bu silahlara yiyələnməsini yolverilməz hesab edir. Elə İranın atom-nüvə proqramları ilə bağlı bu prinsipə əsasən öz siyasətini aparır. Nəzərə alsaq ki, Amerika dövləti dünyanın supergücü və demokratik dəyərlərin başlıca himayəçisidir, nəticədə bu ölkənin İrandakı molla hakimiyyəti ilə normal münasibətdə olacağı heç bir məntiqi əsasa söykənmir və Amerikanın əsas prinsiplərinə ziddir. İran rejimi xomeyniçilik ideologiyası ilə çıxış edərək, özünün daxili və xarici siyasətini yalnız bu prinsiplər əsasında qurub. Daxildə insan haqlarının kobudcasına pozulması, rejimin terroru himayə etməsi, bölgədə və dünyada gedən demokratikləşmə prosesinə əngəlolma siyasəti və kütləvi qırğın silahlarını əldə etmək cəhdi - İranın bu kimi təhlükəli davranışı müasir dünyanın təməli olan insan haqlarının qorunması və demokratiyanın inkişafının əleyhinə yönəlib. İran Yaxın və Orta Şərqdə terrorçu qrupları himayə etmək və nüvə texnologiyasından istifadəni hərbi sahəyə yönəltməklə beynəlxalq sülh və təhlükəsizliyə zidd bir istiqamətdə hərəkət edir. Hesab edirəm ki, bu amillər təkcə Amerika-İran münasibətləri fonunda görünməməli, həm də bütün dünyanı təhlükə qarşısında qoyan problem kimi qəbul olunmalıdır. İranın Atom Nüvə Proqramına dair məsələlərdə diplomatik səylərin nəticəsiz qalacağı daha çox ehtimal ediləndir. Ona görə ki, rejim bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla şəffaf əməkdaşlıqdan yayınmağa cəhd göstərir və onun öz nüvə ambisiyalarını qarşı tərəfə zorla qəbul etdirmək siyasəti aparılan danışıqların nəticəsiz olacağından xəbər verir. Elə bu səbəbdən də bu problem təkcə Amerikanı deyil, insan haqlarının və sülhün carçısı olan dünya dövlətlərini, həmçinin regionda, Yaxın və Orta Şərqdə yerləşən ölkələri ciddi narahat etməlidir.
l İran-Amerika münasibətlərində Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycan Güney Qafqazda yerləşən ölkələr içində bölgə və dünya ölkələri ilə (Ermənistan istisna olmaqla) sağlam, bərabərhüquqlu münasibətlər qura bilən yeganə ölkədir. Bu, həm Azərbaycanın geostrateji və geosiyasi mövqeyinin əlverişli olması, həm də hakimiyyətin düzgün siyasi xəttindən irəli gəlir. Azərbaycan İranla da öz siyasi və iqtisadi münasibətlərini bu müstəvidə inkişaf etdirməyə çalışır. Azərbaycan prezidentinin ABŞ-a rəsmi səfərində də bu mövqe bir daha özünü göstərdi ki, Azərbaycan bütün ölkələrlə normal münasibət qurmaq arzusundadır. Bir çox ekspertlər belə güman edirdilər ki, Azərbaycan antiİran koalisiyasına qoşulacaq və İrana qarşı ehtimal olunan hücum planında ərazisindən istifadə edilməsi öhdəliyini üzərinə götürəcək. Ancaq Azərbaycan prezidentinin ölkə ərazisindən hər hansı bir ölkəyə ehtimal olunan hücum planında iştirakçı olmayacağı və bölgədə cərəyan edən proseslərin siyasi və diplomatik yollarla həllinə tərəfdar olması fikri bir daha Azərbaycan dövlətinin bütün ölkələrlə normal və qarşılıqlı hörmət əsasında münasibətlər qurmaq prinsipinə sadiq qaldığını sübut etdi. Lakin bu, heç də o demək deyil ki, Azərbaycan İranın şübhəli nüvə proqramlarını genişləndirmək istiqamətində apardığı fəaliyyətdən narahat deyil. İranın Amerika ilə münasibətləri hərbi münaqişəyə istiqamətlənərsə, bu, qonşu dövlət kimi Azərbaycana da təsirini göstərəcək. Regional təhlükəsizlik baxımından olduqca önəmli olan digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan ərazisinin 20 faizi erməni terrorçularının işğalı altındadır və terrorçu qrupların yerləşdiyi işğal olunmuş ərazilərimizlə Güney Azərbaycan arasında 130 kilometrlik nəzarətsiz sərhəd mövcuddur. Amerikanın İrana ehtimal olunan hücum planının gerçəkləşdiyi təqdirdə həmin nəzarətsiz zonada terrorçu qüvvələrin Güney Azərbaycan ərazilərinə daxilolma ehtimalı böyük olduğundan erməni terrorçularının Güney Azərbaycan ərazisinə təcavüzünün qarşısını almaq üçün Azərbaycanın bu əraziləri öz nəzarətinə götürmək hüququ var.
l İranın nüvə proqramı ilə bağlı Rusiya və Çinin mövqeyi nədən ibarətdir? Sizcə, bu ölkələr İranı sonadək müdafiə edəcəklərmi?
- Rusiya və Çinin İranla yaxın münasibətləri təkcə iqtisadi və hərbi əməkdaşlığa söykənmir. Bu münasibətlərin əsasını təşkil edən məsələ ondan ibarətdir ki, Qərb demokratiyasının bölgəyə nüfuz etməsi və Şərqə doğru yönəldilməsi birbaşa hər iki dövlətin siyasi maraqlarına cavab vermir. Ona görə ki, demokratikləşmə prosesi hər iki ölkənin daxilində demokratiya və insan haqları ilə bağlı mövcud olan böhranı daha da kəskinləşdirə bilər. Bu səbəbdən də Rusiya və Çin İranı Qərb demokratiyasına qarşı ön cəbhə hesab edir və onun hazırkı istəyini dəstəkləyərək rejimin nüvə fəaliyyətlərini genişləndirməsinə şərait yaradırlar. Beləliklə də BMT-nin TŞ-də malik olduqları daimi üzvlük statusundan yararlanaraq hər iki dövlət Qərbin İrana qarşı təzyiqini neytrallaşdırmağa çalışır. Rusiya və Çin beynəlxalq nüfuzlarına xələl gətirməmək üçün İranla bağlı siyasətlərinə yenidən baxmalıdırlar.
l Tehran nüvə fəaliyyəti ilə bağlı əldə etdiyi nailiyyətləri yerli mütəxəssislərin apardıqları elmi tədqiqatların uğurlu nəticəsi kimi təbliğ edir. İranda müasir texnologiya sahəsində elmi inkişaf mövcuddurmu?
- Əgər həqiqətən də, İranın təbliğ etdiyi kimi, müasir texnologiya elmlərinin inkişafına bu qədər önəm verirsə, onda belə bir sual meydana çıxır ki, nə üçün 28 il ərzində müasir texnologiya sahəsinə aid olan biotexnologiya, biofizika, lazer, optik fizika, nanotexnologiya və digər elmi sahələrdə heç bir nailiyyət nəzərə çarpmır? Buradan belə bir nəticəyə gəlmək olur ki, rejim nüvə texnologiyası ilə bağlı digər ölkələr vasitəsilə gizli əldə etdiyini özünün elmi nailiyyəti kimi qələmə verir. Bu illər ərzində minlərlə beyinin ölkədən didərgin düşməsi bir daha onu göstərir ki, İranın təbliğ etdiyi elmi tərəqqi heç bir intellektual bazaya söykənmir. Rejimin bu kimi təzadlı təbliğatı onun nüvə texnologiyasından istifadə edərək bölgədə güc mərkəzinə çevrilmək niyyətindən irəli gəlir. Ən qorxulu məqam ondan ibarətdir ki, hazırda rejim nüvə tullantılarını müxtəlif ərazilərdə, o cümlədən Güney Azərbaycan ərazisində basdırmaqla həmin ərazilərin ekologiyasını böyük təhlükə ilə üz-üzə qoymaqdadır. Yeraltı su hövzəsinə radioaktiv maddələrin sızması ilə şüalanmaya məruz qalmış bu ərazilərdə ekoloji tarazlıq ciddi pozulub və bu, orada yaşayan əhalinin səhhətinə mənfi təsirini göstərir. Belə ki, son illərdə həmin ərazilərdə əhali arasında yaranmış müxtəlif ağır xəstəliklər və hətta doğulan uşaqların əksəriyyətində anadangəlmə qüsurlar müşahidə olunur. Bütün bu təklifləri soyuqqanlılıqla qarşılayan və üzərinə heç bir məsuliyyət götürməyən rejim guya dinc məqsədlərlə ekoloji cəhətdən ziyansız texnologiyadan istifadə etməklə həyata keçirdiyi nüvə proqramının reallaşmasında israrlıdır. Nüvə texnologiyasına malik müasir dövlətlər radioaktiv şüalanma nəticəsində ekoloji tarazlığın pozulmasının qarşısını almaq üçün hər il külli miqdarda vəsait sərf edirlər. İran isə nüvə iddiaları ilə insanların gələcəyini ciddi təhlükəyə məruz qoyaraq orada yaşayan millətlərə, xüsusilə də azərbaycanlılara qarşı bu vasitə ilə də soyqırım siyasətini davam etdirməkdədir. Bununla bağlı bilgi verməyən və məsuliyyəti üzərinə götürməyən rejim bu haqda araşdırma aparan ayrı-ayrı şəxsləri həbs edir, həmin şəxslər işgəncələrə məruz qalırlar. Bölgədə və ölkə daxilində insanların həyatına təhlükə mənbəyi olan AES qurmaq üçün molla hakimiyyətinin qoyduğu 40 milyard dollar sərmayə digər alternativ enerji mənbələrinə sərf edilsəydi, yüz illər boyu bu sərmayə ilə o, öz enerji tələbatını ödəyə və hətta xarici dövlətlərə də enerji ixrac edə bilərdi. Bütün bunlar onu göstərir ki, rejimin nüvə sahəsindəki fəaliyyəti hərbi məqsəd daşıyır. Rejimin iddia etdiyi kimi, bu, heç də orada yaşayan insanların və ya onların dili ilə desək, “millətin” milli istəyi deyil. Əgər bir rejim insan haqlarına, fərdi, ictimai insan hüquq və azadlıqlarına hörmət etmirsə və bu hüquqları tanımırsa, deməli, rejim bu istiqamətdə apardığı fəaliyyəti daxilində demokratik və insan hüquqlarının təmin olunmasını tələb edən vətəndaşların etiraz səsini boğmaq və xarici dövlətlərə təzyiq siyasəti üçün həyata keçirir. Belə bir şovinist rejimin nüvə hegemonluğu orada yaşayan millətlərin mövqelərini gələcəkdə nəinki gücləndirəcək, əksinə onların hüquqlarının daha kobud formada pozulacağına işarədir.
l Devrilmiş şahın oğlu Rza Pəhləvi yaxın aylarda molla hakimiyyətini devirərək orada yeni dövlət quracağını bəyan edib. Şah üsul-idarəsinin bərpası nə dərəcədə realdır?
- İranda 50 il hakimiyyətdə olub mahiyyətcə diktatura sistemi ilə ölkəni idarə edən fars şovinist şah rejimi 1978-79-cu illərdə İran adlanan ölkədə yaşayan millətlərin onların əleyhinə qaldırdıqları üsyan nəticəsində devrildi. Özünü Pəhləvilər sülaləsinin varisi sayan indiki Rza Pəhləvi hazırda İranla Qərb arasında yaranmış gərginlikdən istifadə edərək bəzi bəyanatlar yaymaqla özünü molla hakimiyyətinə alternativ güc kimi tanıtdırmağa çalışır. Xatırladaq ki, Rza Pəhləvi şah dövründə cinayətkarlıqla müşayiət olunan idarəçiliyə, digər millətlərə qarşı yürüdülən assimilyasiya siyasətinə, cəmiyyətdə şah rejiminə qarşı yaranmış nifrəti doğuran səbəblərə düzgun və real qiymət verə bilməməsi ilə yanaşı bu sülalənin etdiyi cinayətləri nəinki etiraf etmir, əksinə onlara haqq qazandırır. Qeyri-fars millətləri şah rejiminin cinayətlərini unutmayıb. O, öz çıxışlarında və yazdığı bir neçə kitabında o dövrü “böyük mədəniyyətə dönüş və müasirləşmə dövrü” kimi xarakterizə edir. Oradakı millətlərin bir millət olaraq varlığını inkar edən, yalnız farsçılıq və irançılıq adı altında şovinist təfəkkürü təbliğ etmək fikrinə düşən Rza Pəhləvi İran adlanın ölkədə yaşayan millətlərin milli istəklərinin və demokratiyanın körpüsü ola bilməz! Çağdaş XXI əsrdə hələ də ata-babasının şovinist təfəkkürünə sadiq olduğunu nümayiş etdirən və bu sülalənin “yanmış kart”ı sayılan bir şəxsin demokratik dəyərlərdən danışmağa mənəvi haqqı çatmır. O bilməlidir ki, hazırda İran adlanın ölkədə qeyri-fars millətlər, xüsusilə də 35 milyon Güney Azərbaycan türkü milli azadlıq, bağımsızlıq və demokratik dəyərlər əsasında öz müqəddəratını təyinetmə prinsipinə söykənən milli strategiyaya uyğun fəaliyyət göstərir. Güney Azərbaycan türkləri öz tarixi ərazilərində azad və demokratik şəraitdə yaşamaq məqsədilə hazırda bütün potensial imkanlara malikdirlər.
l Kürd terrorçularının Qərbi Azərbaycanda fəaliyyəti də narahatlıq doğurub. Onların istəyi nədir və arxalarında kim dayanır?
- İran adlanan ölkədə fəaliyyət göstərən kürd təşkilatları sözdə kürdlərin hüquqlarını təmin etmək prinsipi ilə rejimlə mübarizə aparmağı təbliğ etsələr də, digər qeyri-fars millətlərin ictimai-siyasi təşkilatlarından fərqli olaraq, öz fəaliyyət istiqamətlərini mafiyalaşmış terror şəbəkələrində genişləndirir və bununla gündəmə gəlirlər. Kürdlərin maliyyə qaynaqları silah və narkotik qaçaqmalçılığı, insan alveri, reketlik, İran və digər qonşu ölkələrin ərazilərində yanacaq qaçaqmalçılığından əldə olunan gəlirlərdən ibarətdir. Onlar bu çirkli pullarla dinc əhaliyə və hətta uşaqlara qarşı törətdikləri amansız terrorçuluq fəaliyyətlərini, guya kürd xalqının maraqlarını təmin etmək məqsədilə müxtəlif təbliğat vasitələrini, o cümlədən radio, televiziya, qəzetləri maliyyələşdirirlər. Son aylarda Güney Azərbaycanın ayrılmaz hissəsi olan Urmiyənin müxtəlif şəhər və kəndlərində terror fəaliyyətlərini gücləndirərək əhali arasında çaşqınlıq yaratmağa cəhd edir və Urmiyəni kürd əraziləri kimi təbliğ etməyə çalışırlar.
Oradakı qeyri-fars millətlərin durumuna və fəaliyyət istiqamətinə baxdıqda görünür ki, kürd terrorçuları bəzi dövlətlərin maraqlarının oyuncağına çevriliblər və bunu özlərinə dəstək hesab edərək, Güney Azərbaycanda ərazi iddiaları ilə çıxış edirlər. Ancaq bir şeyi unutmaq lazım deyil ki, orada yaşayan Azərbaycan türkləri heç bir halda o bölgədə ikinci Qarabağın yaranmasına imkan verməyəcəklər.

uElman Cəfərli