|
Martın
16-da 5 illik fasilədən sonra Bakıda Dünya
Azərbaycanlılarının II Qurultayı
keçirildi. Qurultayda Azərbaycandan 650, dünyanın
44 ölkəsindən isə 600 diaspor nümayəndəsi
iştirak edirdi. Bundan başqa toplatıya dünyanın
bir sıra ölkələrini təmsil
edən 220-dən artıq siyasətçi, hökumət
nümayəndəsi, parlament üzvü, alimlər,
ictimai xadimlər qatılmışdı.
Bəri
başdan onu deyək ki, qurultayın bütün
xərclərini Azərbaycan dövləti çəkib.
Qurultay iştirakçıları düz bir
həftə Azərbaycanın sözün əsl
mənsında qonaqlarıdır. Onların
aviabiletlərinin alınmasından tutmuş
Bakıdakı bütün xərclərini dövlət
ödəyəcək. Bakıda qonaqlara
xidmət və bələdçilyi isə YAP-ın
gənclər qrumlarının təmsilçiləri
həyata keçirir. Qonaqların hava limanından
qarşılanmasından tutmuş Bakıdakı
səfər qrafikinin yerinə
yetirilməsində onlara bələdçilik
etmələri üçün gənc yapçılara gündəlik
yemək, Azərsellin xidmətindən
pulsuz istifadə hüququ və 50 dollar
xidmət haqqı verilib.
Qurultay
Respublika Sarayında keçirildi. Başlanğıcda
Azərbaycanın hökumət təmsilçiləri
çıxış etdilər. Onlar dünyanın
hansı ölkəsində yaşamasından
asılı olmayaraq bütün azərbaycanlıların
birləşməsinin vacibliyindən, bu
birliyin Azərbaycanın həlli vacib bir sıra
problemlərinin, o sıradan Qarabağ düyününün
açılmasına müsbət təsir göstərmə
ehtimallarından uzun uzadı danışdılar.
Qurultayda
dövlət başçısı İlham Əliyev
də çıxış etdi. O, son bir neçə
ildir Azərbaycan Respublikasının sürətli
iqtisadi inkişaf yolu keçməsindən, dövlətin
getdikcə qüdrətlənməsindən danışdı.
Onun sözlərinə görə, dünyanın
hansı nöqtəsində yaşamasından
asılı olmayaraq bütün azərbaycanlarının
haqlarının qorunması Azərbaycan dövlətinin
prioritetlərindəndir. (Deyən
gərək, sən bir öz ölkəndə
insanların elmentar haqlarını qoru, qalsın
dünyada nə isə etməyin - A.M.)
İlham
Əliyev Qarabağ problemi ilə bağlı
sülh danışıqlarının
hələlik bir nəticə
verməməsinə də toxundu:
Hələilk sülh danışıqlarının
heç bir nəticəsi yoxdur və
Azərbaycan torpaqları hələ də işğal
altındadır. Biz son ümid nöqtəsinə
qədər sülh danışıqlarını
davam etdirməyə hazırıq. Ancaq bir
bununla eyni zamanda dövlətin müdafiə
qabiliyyətini, ordusunu gücləndirməkdəyik.
Əgər biz sülh danışıqlarının
artıq heç bir nəticə
verməyəcəyinə əmin olsaq,
torpaqlarımızı hərbi yola azad
edəcəyik. Əliyev çıxışının
sonunda bütün azərbaycanlıları
Heydər Əliyevin azərbaycançılıq
ideyası ətrafında birləşəmyə
çağırdı.
Azərbaycan
təmsilçilərinin çıxışlarından
sonra söz qurultay iştirakçılarına
verildi. Bir neçə saatlıq toplantı boyu
Azərbaycan diasporunun təmsilçiləri çıxış
edərək Heydər Əliyevlə İlham
Əliyevin ünvanına geninə-boluna
tərif yağdırdılar. Onlar Heydər
Əliyevi gah Atatürklə, gah günəşlə
müqayisə etdilər, İlham Əliyevin bu
ilahi varlığın yolunu necə
şərəflə davam
etdirməsindən ağızdolusu danışdılar.
Qurultayı seyr etdikcə açıq-aşkar görünürdü
ki, hakimiyyət qurultayı uzun
illərdən bəri daha çox
pərakəndəliyi haqda
məsələlərlə gündəmə
gələn Azərbaycan diasporunun işinin
stimullaşdırılması üçün dövlətin
görə bircəyi işləri dəqiq müəyyən
etmək, ortalıqda olan problemləri aradan
qaldırmaq, diasporun lobbiçilik
fəaliyyətini gücləndirmək üçün
yox, yalnız öz hakimiyyətlərinə
tərif dedizdirmək üçün çağırıb.
Elə qurultaya qədər xaricdə yaşayan
bir sıra azərbaycanlıların 16 mart
qurultayını Əliyevlərin növbəti
şousu adlandırmaları, qurultaya qatılmayacaqlarını
bəyan etmələri də buna sübutdur.
Bəllidir
ki, bu gün azərbaycanlıların ən
kompakt yaşayış yerlərindən
biri də Gürcüstan Respublikasıdır.
Fərqli məqamlardan biri də Gürcüstandakı
soydaşlarımızın doğma
dədə-baba torpaqlarında yaşamasıdır.
O da faktdır ki, bir neçə ildir bu ərazidə
yaşayan azərbaycanlılar ciddi
diskriminasiya ilə üzləşir. İndiyə
qədər bir neçə dəfə bu haqda
məsələ qaldırılsa da hələ
də Gürcüstanda yaşayan soydaşlarımızın
yaşadıqları torpaqlarda mülkiyyət hüquqları
tanınmır. Gürcüstanda bununla bağlı
ən fəal mübarizə aparan qurum
Qeyrət təşkilatıdır.
Qurum indiyə qədər
məsələnin bir neçə dəfə Gürcüstan
hökumətində və parlamentində müzakirəyə
çıxarılmasına nail olub. Bundan başqa,
rəsmi strukturların yerli azərbaycanlılara
qarşı hər hansı qanunsuz
hərəkətinə də ilk reaksiya
və məsələlərin ictimailəşdirilmək
yolu ilə həllinə çalışılması
da Qeyrətdən gəlir. Ancaq
nədənsə bu qurumun üzvləri 16 mart
qurultayına dəvət almayıb. Gürcüstanda
yaşayan soydaşlarımızı Dünya
Azərbaycanlılarının II Qurultayında
indiyə qədər səsini eşidib, üzünü
görmədiyimiz əsasən Tiflifdə yaşayan
soydaşlarımız təmsil edirdi. Bax
elə bu, İlham Əliyevin dünyanın
hansı ölkəsində yaşamasından
asılı olmayaraq bütün azərbaycanlıların
haqlarının qorunmasının
Azərbaycan dövlətinin
prioritetlərindən olması haqda
dediklərinin boş söz olduğunu sübut
edirdi.
Bəllidir
ki, Avropa və ABŞ-da yaşayan
azərbaycanlıların çoxu əslən Güney
Azərbaycandandır. Onların yalnız çox
az bir hissəsi Azərbaycan Xalq cümhuriyyəti
devrildikdən sonra Avropaya mühacirət
edənlərin sələfləri və son
bir neçə ildə daha çox iqtisadi
səbəblərdən Azərbaycanı
tərk edənlərdir. Əslən Quzey
Azərbaycandan olanlar daha çox Rusiyada və Türkiyədə
məskunlaşıb. Sirr deyil ki, Güney
və Quzey Azərbaycanlıların xaricdə
yaratdığı birliklər arasında
koordinasiya istənilən səviyyədə
deyil. Hətta onların bir sıra
məsələlərə baxışlarında
da ciddi fərqlər var. 2001-ci ildə keçirilən
qurultayın işinin müəyyən
dərəcədə pozulması, diaspora
daxil olan bir sıra qurumların qurultayın
Azərbaycan Respublikasının bayrağı
altında keçirilməsinə etiraz
etmələri, hətta bayraqdakı göy
və yaşıl rənglərin yerinin
dəyişdirilməsi ilə İslam
faktorunu önə çəkmək cəhdləri
deyilənlərə sübutdur. Bir sıra
qurumlar ümumiyyətlə Əliyev rejiminin dünya
azərbaycanlıları adına qurultay keçirməyə
heç bir haqqı çatmadığını düşünür.
Əsasən Avropada məskunlaşan və
daha çox siyasi səbəblərdən
Azərbaycanı tərk etmiş soydaşlarımızın
yaratdıqları qurumlar hesab edir ki, Nazim
İbrahimovun başçılıq etdiyi Xaricdə
Yaşayan Soydaşlarımızla İş
üzrə Dövlət Komitəsinin əsas
fəaliyyəti Azərbaycan icmalarının
gücləndirilməsinə yox, artıq neçə
illərdir fəaliyyət göstərən
qurumların dağıdılaraq yeniləri
ilə əvəzlənməsinə, bu
qurumlara indiyə qədər lobbiçilik
fəaliyyətində seçilməyən, üstəlik
milli mənsubiyyətləri yetərincə
şübhə doğuran şəxslərin
gətirilməsinə yönəldilib. Bu
siyasət artıq bir sıra Avropa dövlətlərindəki
icma qurumları arasında ciddi problem yaradıb.
16
mart qurultayına dəvətlilərin siyahısına
baxanda deyilənlərin doğruluğuna
inanmamağa səbəb qalmır. Düzdü,
qonaqlar arasında nüfuzlu xadimlər də
vardı. Ancaq nədənsə indiyə
qədər Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırılmasında fəal mövqeyi
ilə seçilən şəxslər gözə
dəymirdi. Bir sıra qaynaqların verdiyi
xəbərə görə, qurultay nümayəndələrinin
çoxu, Azərbaycan hökuməti təmsilçilərinin,
o sıradan diplomatik korpus nümayəndələrinin
xarici dövlətlərdəki iş ortaqlarıdır.
Onları Azərbaycana çəkib
gətirən səbəblər isə milli
problemlərin çözümü deyil, daha çox öz biznes
maraqlarını inkişaf etdirmələri
üçün rəsmi şəxslərlə daha
yaxından ünsiyyyət qurmaq
istəkləridir.
Qurultaya
fərqli münasibət Azərbaycanda da var.
Hakimiyyət havasına oynayanların düşüncəsinə
görə, bu, tarixi bir hadisədir və onun
nəticələrinin Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında
müstəsna önəmi olacaq. Ancaq çoxları
bu qurultaydan heç nə gözləmir. Hətta
onu sovet dövrünün partiya-təsərrüfat
fəallarının qurultayı ilə müqayisə
edənlər də var. Bir qədər ciddi
təhlil tərəfdarları olanlar isə
bildirir ki, əgər dünya azərbaycanlılarının
toplantısı adlandırılan tədbirdə
Güney Azərbaycanda yaşayan 32 milyon
Azərbaycan türkünün problemi gündəmə
gətirilmirsə, Qarabağ
məsələsi ilə bağlı
Birləşmiş Millətlər Təşkilatına
sülh danışıqları konkret müddətə
nəticə verməzsə Azərbaycan dövlətinin
BMT-nin konfliktlə bağlı 4
qətnaməsinin həyata keçirilməsi
üçün müharibəyə başlamaq hüququnu özündə
saxlaması elan edilmirsə, o toplantının
hər hansı nəticə
verəcəyindən danışmaq ümumiyyətlə
yersizdir. İ.Əliyevin azərbaycançılıq
ideyası haqda dediklərini isə çoxları
cəfəngiyyat sayır. Dəyərli
oxucu, bəlkə siz, nə zamansa, fransaçılıq,
ingiltərəçilik, ya da elə özbəkistançılıq
ideyası haqda nə isə eşitmisiniz?
Əgər eşitmisinizsə bu haqda mütləq
Nizami Xudiyevə xəbər verin.
Mən
bilən yer üzündə azərbaycanlıları
türk dünyasını parçalamağı
əsas məqsəd sayan sovet rejiminin başında
dayananlardan biri Stalin ötən əsrin 30-cu
illərində yaradıb. Ancaq bu gün özümüzdən
başqa heç kim bizə azərbaycanlı
demir. Erməni üçün də, gürcü üçün
də, yəhudi üçün də biz
sadəcə türkük.
Beləliklə,
Dünya Azərbaycanlılarının II
Qurultayı da başa çatdı. Görəsən
bu, azərbaycanlıların milliyyəti
nəydi?
|