|
Bakıda keçirilən Dünya Azərbaycanlılarının
ikinci qurultayına nümayəndələrin dəvət
edilməsi məsələsinə münasibət birmənalı
deyil. Xaricdə və ölkə daxilində fəaliyyət
göstərən bir sıra təşkilatlar və ya ayrıayrı
şəxslərin bir qismi bu işin obyektiv aparıldığını
bildirdiyi halda, digər qisim başqa fikirdədir. Xüsusilə
qurultaya dəvət almayanlar deyirlər ki, nümayəndələrin
seçilməsi subyektiv amillərə söykənir
Dünya Azərbaycanlıları Konqresinin katibi Teymur
Eminbəyli hesab edir ki, qurultaya yalnız Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin rəhbərliyinə yaxın adamlar və ya
təşkilatlar dəvət olunur. Onun sözlərinə görə,
qurultaya bu komitədən narazı olan bir neçə şəxsin
dəvət edilməsi isə demokratik görüntü yaratmaq, gözdən
pərdə asmaq məqsədi daşıyır.
Teymur Eminbəyli əlavə edir ki, Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin rəhbərliyinin fəaliyyətini
tənqid edənlər indi də Azərbaycana düşmən
hesab olunur və bu qurum onları boykot edir. Cənab
Eminbəylinin fikrincə, həmin komitə dünyadakı
Azərbaycan təşkilatlarını özünə tabe
etdirmək siyasəti yürüdür.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi barədə belə fikirlər
birinci dəfə deyil səslənir. Bəziləri bu
qurumu xaricdə fəaliyyət göstərən
birlikləri parçalamaqda ittiham edir.
Rusiya Azərbaycanlıları Konqresinin vitse prezidenti,
qurultayda iştirakdan imtina edən Sakit Allahverdiyev də bu
fikrdədir. O, deyir ki, əslində, tədbirə
dəvət məsələsində də dəqiq bir
prinsip yoxdur. Dəvətlilər komitə sədrinə
yaxın adamlardır. Onların bir hissəsi isə hökumətdə
kimlərləsə kommersiya əlaqələri olan şəxslərdir.
İştirakçıların bir hissəsi Bakıda
sadəcə qohum-əqraba ilə görüşmək üçün
qurultaya gəliblər.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri
Elşad Miraləm isə bu deyilənlərin
həqiqətəuyğun olmadığını bildirir.
Onun sözlərinə görə, komitə qurultaya nümayəndələrin
müəyyənləşməsi üçün xaricdəki
Azərbaycan icmalarına müraciət göndərir.
Kimlərin iştirakı məsələsini isə onlar
özləri müəyyənləşdirir.
Dünya Azərbaycanlıları Konqresinin katibi Teymur
Eminbəylinin fikrincə, tədbiri diaspora təşkilatlarının
bir araya gəlməsi kimi dəyərləndirmək mümkün
deyil. Çünki ora toplaşanlar klassik diaspora nümayəndələri
deyillər. Tədbirin keçirilməsində də
məqsəd klassik diaspora nümayəndələrinin bir
araya gətirilməsi deyil.
Cənab Eminbəyli hesab edir ki, diaspora hökumətin və
ya hansısa nazirliyin, komitənin maraqlarına xidmət
etməməlidir.
Sakit Allahverdiyev isə, deyir ki, komitəyə sərf
etməyən problemlərin qurultayda qaldırılmasına
imkan verilmədiyi üçün bu tədbiri diasporanın bir araya
gəlməsi adlandırmaq olmaz. O, özünün də Gürcüstan
azərbaycanlılarının problemlərini qaldırmaq
istədiyi üçün qurultaya qatılmasının arzu olunmadığını
deyir.
Cənab Allahverdiyev əslən Gürcüstandandır. Ona çıxış
üçün söz verilməyəcəyini bildikdən sonra qurultaya
qatılmaqdan imtina etdiyini bildirir.
Elşad Miraləm isə deyir ki, qurultay Azərbaycan
prezidentinin sərəncamı ilə təşkil olunur
və həyata keçirilir. Heç kim, hətta Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin sədri də bu tədbirdən kiminsə
kənarlaşdırılması və ya çıxışına
mane olmasına qərar verə bilməz.
Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sakit
Allahverdiyev deyir ki, diaspora məsələsilə dövlət
qurumunun məşğul olması həm nəzəri,
həm də praktik baxımdan məqsədəuyğun
deyil. Bu işlə müstəqil qurum məşğul olmalıdır
ki, ən azı başqa dövlətlərdə apardığı
işlər də bir sıra hallarda Azərbaycan dövlətinin
hansısa ölkənin daxili işinə müdaxiləsi kimi
qiymətləndirilə bilməsin. Teymur Eminbəyli
isə bildirir ki, dövlət qurumunun əli ilə klassik
diasporaların gördüyü işi həyata keçirmək mümkün
deyil.
Elşad Miraləm isə, deyir ki, diaspora
məsələsilə Azərbaycanda dövlət qurumunun
məşğul olması daha effektlidir. Bunu ikinci qurultayda
iştirak edən xarici qonaqlar da vurğulayıblar.
|