Abdulla Əmir Haşimi (Cavanşir)

abdulla_55@yahoo.com

 

Cənab prezident! Hörmətli nümayəndələr və qonaqlar!

Əziz həmvətənlər, icazə verin Sizləri salamlayım və burada qurultayın təşkilatçılarına, xüsusilə Prezidentin İcra Apparatı, Dövlət Komitəsi, Nazirlər Kabineti, başda hörmətli prezidentimiz sayın İlham Əliyev cənablarına öz təşəkkürümü bildirirəm. Ona görə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını müzakirə etmək üçün bir daha şərait yaradıldı.

Hamımızın bildiyi kimi, 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması, Azərbaycanı ikiyə parçaladı və Şimal və Cənub Azərbaycan anlayışları yarandı. Deməli, istər güneyli istərsə quzeyli, uzun illərdən bəri vətəndən uzaqlarda məskunlaşmağa məcbur olan mühacir azərbaycanlılar, bir qrup tələbə kimi Azərbaycandan çıxıb təhsili bitdikdən sonra geri qayıtmaqdan imtina ediblər. Digər qrup isə siyasi baxışlarına görə təqibdən yaxa qurtarmaq üçün ölkədən çıxanlar olublar. Nəhayət üçüncü qrup, müharibələrdə iştirak etmək və ya iqtisadi çətinliklərlə əlaqədar və yaxud ailə qurmaq niyyəti ilə ölkəmizi tərk edənlərdən ibarət olublar.

Baş verən hadisələr fonunda azərbaycanlıların mühacirəti milli-ictimai hadisə səviyyəsinə çevrilərək, müxtəlif səpkli dərnəklər, cəmiyyətlər, birliklər yarandı, mətbuat təsis olundu. Vətənimizin hər iki tərəfində gedən prosesləri izləməklə müəyyən mənada bu proseslərə təsir göstərməyə çalışıldı. Eyni zamanda bir çox ölkələrdə məskən salmış azərbaycanlılar öz yerlərini tutaraq elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, kommersiya strukturlarında çalışdılar. Vətənimizin şimalında mərhum Elçibəyin başçılığı ilə xalq hərəkatının inkişafı və Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsi prosesində, diaspora fəaliyyətində ciddi canlanma hiss olundu. Mərhum Heydər Əliyev cənablarının vasitəsi ilə hər il dekabrın otuz biri Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi, son 15 ildə xaricdəki azərbaycanlıların daha artıq formalaşmasında, daha güclü təşkilatlanmasında və lobbiçiliyə tərəf addımlanmasında müsbət təsir buraxmışdır.

Bugün, Azərbaycana aid 200-dən artıq dərnək və cəmiyyətlər, yüzlərlə web-səhifələri, onlarca elektronik qruplar, bir neçə radyo, televiziya və jurnallar mövcuddur ki, soydaşlarımızı biri-biri ilə əlaqələndirir. Təbii ki bu əlaqələr dilimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına kömək göstərir. Lakin göründüyü kimi hələ də çatışmamazlıqlar çoxdur.

Hər bir xalqın öz vətəni var. Bizim Vətənimiz parçalansa da, Azərbaycandır! Güneyi də Bizimdir, Quzeyi də! Bizcə, diasporamızın əsas məqsədi, bütün dünyada azərbaycanəsilli vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdir. Eləcə də Azərbaycanın hüdudlarından kənarda Vətənimizin mənafelərini qorumaqdır. Bugün Qarabağımızı işqal altında saxlamaqda təcavüzkar Ermənistan israrlıdır. Görünür ki, indiyədək gördüyümüz işlər, bədnam qonşunu geriyə oturda bilməyib. Deməli, daha artıq güc səfərbər etməliyik, iş görməliyik və yeni metodlar tətbiq etməklə düşməni Qarabağdan təmizləməliyik. Burada Güney Azərbaycandakı xalqımızın gücündən lazımınca istifadə edə bilməmişik. Güney Azərbaycanda xalqımız, əridilmə siyasətinə məruz qalıbdır. Bugün, 35 milyon güneyli xalqımızın ana dilində bir məktəbi yoxdur. Diasporamızın borcudur ki, Güneydəki xalqımızın milli hüquqlarının tapdalanmasına etirazını daha artıq bildirsin. Əlbəttə ki, diasporamızı, həmin vəzifələri daşımaq üçün daha gücləndirməliyik. Təbii ki, diaspora quruculuğu konkret bir dövrlə məhdudlaşmır. Strateji əhəmiyyətə malik olan diaspora, daimi fəallıq və uzunmüddətli zəhmət tələb edir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri və qarşıda duran vəzifələri vaxtaşırı müzakirə etməyə ehtiyac yaranır. Azərbaycanlıların daha sıx birləşməsi üçün strategiya, konsepsiya və ya ideologiyanı müəyyənləşdirməliyik. Xocalı soyqırımını məhkum etmək, Qarabağı azad etmək yolunda, Azərbaycan dövlətini müdafiə ətrafında, Güney Azərbaycanda milli və insani haqqların bərpası yolunda, konsepsiyamızı qura bilərik. Bir sözlə desək azərbaycançılıq və türkçülük ideyası ilə diaspora fəaliyyətlərimizi istiqamətləndirib, gücləndirə bilərik.

Cənab Prezident, göründüyü kimi diaspora təşkilatların bu günkü fəaliyyətləri çox qiymətli olsa da qənaətbəxş deyil. Azərbaycanlıların əsasən hansı ölkələrdə yaşamaları, onların təşkilatları, medya orqanları və fəallıqları barədə təhlillər aparmalıyıq və bununla dünya azərbaycanlılarının güclü informasiya şəbəkəsini yaratmalıyıq. Şübhəsiz ki, hər bir diaspor üçün ən vacib məsələ ana dilinin qorunmasıdır və bu işdə metodiki tövsiyələr və dərsliklərin çatışmamazlığı səbəbindən ciddi problemlər meydana çıxır. Ümid edirik ki, belə bir mühüm məsələ qurultayda həll olunacaq.

Ümid edirik ki, qurultayımızda Azərbaycan diasporu, Azərbaycan Respublikası ilə əlaqələr, dünya azərbaycanlıları və onların həmrəyliyi, həmvətənlərimizin qüvvəsi və diqqətinin Azərbaycana yönəldilməsi barədə həm nəzəri və həm əməli tərəflərinin həlli yolunda təkliflər veriləcək.

Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!

عبدالله امير هاشمي (جوانشير)

جناب پرزيدنت !حرمتلي نماينده لر و قوناقلار، عزيز هموطن لر، اجازه وئرين سيزلري سالاملاييم و بورادا قورولتايين تشكيلاتچي لارينا خصوصي ايله پريزيدنتين اجرا آپاراتي، دولت كميته سي،  ناظرلر كابينه تي، باشدا حرمتلي پرزيدنتيميز سائين الهام علي يف جنابلارينا ئوز تشكرومو بيلديريم اونا گوره كي خارجي ئولكه لرده ياشايان آذربايجانليلارين پروبلم و قايقي لاريني مذاكره ائتمك اوچون بير داها شرايط ياراديلدي.

 هاميميزين بيلديگي كيمي ، 1828 – نجي ايلده توركمنچاي مقاوله سينين امضالانماسي، آذربايجاني ايكيه پارچالادي و شمال و جنوب آذربايجان آنلايشيلاري ياراندي. دئمه لي ،ايستر گونئيلي ايستر سه قوزئيلي،   اوزون ايللردن بري وطن دن اوزاقلاردا مسكونلاشماغا مجبور اولان مهاجر آذربايجان ليلار، بير گروپ طلبه كيمي، آذربايجاندان چيخيب تحصيلي بيتديكدن سونرا  گئري قائيتماقدان امتناع ائديب لر. ديگر گروپ ايسه سياسي باخيشلارينا گوره تعقيب دن ياخا قورتارماق اوچون ئولكه دن چيخان لار اولوبلار. نهايت اوچونجو گروپ محاربه لر ده اشتراك ائتمك و يا اقتصادي چتين ليك لرله علاقه دار ويا خود عائله قورماق نيتي ايله  ئولكه ميزي ترك ائدن لردن عبارت اولوبلار.

باش وئره ن حادثه لر فونوندا، آذربايجانليلارين مهاجرتي ملي اجتماعي حادثه سويه سينه چئوريله رك مختلف سبكي لي درنك لر، جمعيت لر، بيرليك لر ياراندي. مطبوعات تاسيس اولوندو. وطنيميزين هر ايكي طرفينده گئدن پروسس لري ايزله مك له معين معني دا بو پروسس لره تاثير گوسترمه يه چاليشيلدي . عين زاماندا بير چوخ ئولكه لرده مسكن سالميش آذربايجان ليلار ئوز يئر لريني توتاراق، علمده، تحصيلده، صحييه ده، مدنيتده، كومرسيا استروكتورلاريندا چاليشيرديلار. وطني ميزين شماليندا مرحوم ائلچي بيگين باشچيليق ايله خالق حركاتي نين انكشافي  و آذربايجان رسپوبليكاسي نين يني دن مستقل ليگيني الده ائتمه سي پروسسين ده  دياسپورا فعاليتينده جدي جانلانما حس اولوندو. مرحوم حيدر علي يف جنابلارينين واسطه سيله هر ايل دكابرين اوتوز بيري  دونيا آذربايجان ليلارين هم راي ليك گونو كيمي كئچيريلمه سي، سون 15 ايلده خارجده كي آذربايجان ليلارين داها آرتيق  فورمالاشماسيندا داها گوجلو تشكيلاتلانماسيندا و لوببي چيليگه طرف آدديم لاماسيندا مثبت تاثير بوراخميشدير.

 بوگون آذربايجانا عايد ايكي يوزدن آرتيق درنك و جمعيت لر، يوزلرله وب صحيفه لري، اونلارجا الكترونيك گروپلار، بير نئچه راديو و تلويزيا و ژورنال لار موجود دوركي، سويدا شلاريميزي بيري بيريله علاقه لنديرير. طبيعي كي بوعلاقه لر ديليميزين، عادت عنعنه لريميزين قورونوب ساخلانيلماسينا كمك گوسترير. لاكن گوروندوگو كيمي هله ده چاتيشمامازليقلار چوخدور.

 هر بير خالقين ئوز وطني وار. بيزيم وطنيميز پارچالانسا دا آذربايجان دير. گونئي ده بيزيم دير،  قوزئيي ده بيزيم دير. بيزجه دياسپوراميزين ايسه اساس مقصدي بوتون دونيادا آذربايجان اصيللي وطنداشلاريميزين حقوقلاريني مدافعه ائتمك دير . ائله جه ده آذربايجانين حدودلاريندان كناردا وطنيميزين منافع لريني قوروماق دير. بوگون قاراباغيميزي اشكال آلتيندا ساخلاماقدا تجاوزكار ارمنستان اصرارلي دير. گورونور كي ايندي يه دك گوردويوموز ايشلر، بدنام قونشونو گئري يه اوتوردا  بيلمه ييب. دئمه لي داها آرتيق گوج سفر بر ائتمه لي ييك، ايش گورمه لي ييك و يني متد لار تطبيق ائتمك له دوشمني قاراباغدان تميزلمه لي ييك. بورادا گونئي آذربايجاندا كي خالقي ميزين گوجوندن لازمي قدر استفاده ائده بيلمه ميشيك.  گونئي آذربايجان دا خالقيميز اريديلمه سياستينه معروض قاليبدير. بوگون 35 ميليون گونئيلي خالقي ميزين آنا ديلينده بير مكتبي يوخدور. دياسپورا ميزين بورجودور كي گونئي ده كي خالقي ميزين ميللي حقوق لارينين تاپدالانماسينا اعتراضيني  داها آرتيق  بيلديرسين. البته دياسپوراميزي همين وظيفه لري داشيماق اوچون داها گوجلنديرمه لي ييك . طبيعي كي دياسپورا قوروجولوغو كنكرت بير دورله محدود لاشمير. استراتژي اهميته مالك اولان دياسپورا دائمي فعالليق و اوزون مدتلي زحمت طلب ائدير. ائله بونا گوره ده بو ساحه ده قازانيلميش نائليتلري و قارشي دا دوران وظيفه لري واخت آشيري مذاكره ائتمگه احتياج يارانير. آذربايجانليلارين داها سيخ بيرلشمه سي اوچون، استراتگيا، كانسپسييا و يا  ايده ئولوگياني معين لشديرمه لي ييك. خوجالي سوي قيريميني محكوم ائتمك، قاراباغي آزاد ائتمك يولوندا، آذربايجان دولتيني مدافعه اطرافيندا،  گونئي آذربايجاندا ملي و انساني حاقلارين  برپاسي يولوندا كانسئپسيا ميزي قورا بيله ريك. بير سوزله دئسك آذربايجانچبليق  و توركچولوك  ايده ياسيله دياسپورا فعاليت لريميزي استقامتلنديريب ، گوجلنديره بيله ريك.

 جناب پرزيدنت ! گوروندويو كيمي دياسپور تشكيلاتلارين بوگون كي فعاليتلري چوخ قيمتلي اولسادا قناعت بخش دئييل. آذربايجانليلارين اساسا هانسي ئولكه لرده ياشامالاري اونلارين تشكيلاتلاري، مئديا ارگانلاري و فعالليق لاري باره ده تحليل لر آپارمالي ييق و بونونلا دونيا آذربايجانليلاري نين گوجلو اينفورماسيا شبكه سيني ياراتمالييق. شبهه سيز كي هر بير دياسپور اوچون ان واجب مسئله آنا ديلي نين قورونماسي دير و بو ايشده متوديكي توصيه لر و درسليك لرين چاتيشمامازليغي سببيندن جدي پروبلم لر مئيدانا چيخير. اميد ائديريك كي بئله بير مهم مسئله قورولتايدا حل اولوناجاق.

 اميد ائديريك كي،  قورولتايي ميزدا آذربايجان دياسپورو، آذربايجان رسپوبليكاسي ايله علاقه لر، دونيا آذربايجانليلاري و اونلارين هم راي ليگي، هم وطنلريميزين قوه سي و ديقتي ني آذربايجانا يونلديلمه سي باره ده هم نظري و هم عملي طرفلرينين حلي يولوندا تكليفلر وئريله جك. گوستر ديگي نيز ديقته گوره تشكر ائديره م.