Əmaniyə, qürbətdə yaşayan bir ananın laylası

Eluca Atalı, Şəlalə Əbil

 

( esse )

Hər bir insanın həyatında pis gün də, yaxşı gün də olur. Bu ilin oktyabrın 24 - dü həyatımdakı pis günlərin ən pis günü oldu. Qürbətdə yaşadığım şəhərdə sübh yuxudan durub səmaya baxdım. Göy üzünü bulud bürümüşdü. Nə yağış yağırdı, nə də bulud sürünüb göy üzünü azad edirdi. Bilmirəm, nədən ürəyimə dammışdı ki, kədərli bir xəbər eşidəcəm. Bəlkə də, təbiətdəki kədərli səhnə içimdəki işığı üstələdi. Bəlkə də, elə bu səbəbdəndir ki, təbiəti sevdiyim üçün onun halı halıma sirayət etdi. Səbəbini aydınlaşdırmadan həmişəki kimi bilgisayarı yandırıb, xəbərləri izləməyə başladım. Qulamrza Əmaninin öldürülməsi xəbərini oxuyanda, dünyam qaraldı. Dərdin böyüklüyündən mat qalıb, bir anlıq heç nə dərk edə bilmədim. Sonra özümə gəlib, bilgisayarın arxasından durub başqa bir otağa keçib, qapını arxamca bağladım. İstəmirdim, kimsə mənim göz yaşımı görsün.

Tut ağacı boyunca,

Tut yemədim doyunca.

Azadlıq gözəl şeydir,

Dadammadəm doyunca.

Mənim balam kimə neynər?

Körpə balam kimə neynər?

Əzizinəm mərdanə,

Sözüm dedim mərdanə.

Qorxağa oğul deməz,

İgid ata, mərd ana.

Özümdən soruşuram: Nə üçün qəddar düşmən Qulamrza Əmanini öldürdü? Nə üçün? Nə üçün? Nə üçün?

Cavab aydındı: Düşmən istəyir ürəyimizdəki qurtuluş ümidini qorxu ilə, zorla, işgəncə ilə öldürsün!

Amma bunu bilmir ki, Əmanilərin ölümü bu ümidin kökün qanla suvarır. O bilmir ki, suvarılmış ümidlər bir gün elin üsyanına çevriləcək! Elə həmin o gün Əmani milyonlarla Azərbaycanlının ağzı ilə azadlığı hayqıracaq.

Mən bir anayam, qürbətdə yaşayıram! Əgər bir gün döyüş məqamı gələrsə, onda mən də meydanda hazır olub, düşməndən yara almış əsgərin yarasına məlhəm qoyaram.

Mən Tomrizin sülaləsindənəm! Əgər lazım gəlsə, öz ulum tək düşmənə hücum edərəm.

Lakin indi qürbətdəyəm. Əlim çatmır o yatan torpağa sığal çəkəm, lay - lay deyəm. Uzağdan - uzağa oxşayıram xatirəsin bir balaca laylamla.

Deyirdin, baharda gələcəyəm mən.

Bahar gəldi, keçdi, sən gəlməz oldun.

Daşlaramı dəydi, sındı əhdimiz?

Aylar, illər keçdi, sən gəlməz oldun...

Yox!!!..

Sən getmədin! Sən qalmısan bu günümüzdə.

Sən getmədin! Varlığınla iz atmısan nəsillərin sabahına!

Sən dedin ki:" Əbədi yaşayır, Vətən yolunda ölənlər!"

Vətənimin taleyinə ad yazmısan qanınla.

Stokholm, 01.11.08

Əmaniyə, qürbətdə yaşayan bir ananın laylası

şəkli yükləyin