İranın gizli polisi ilə Milli Hərəkatımız üz - üzə

Babək Azəri   hüquqçu

Yazımın başlanğıcında qeyd etməliyəm ki, dünyanın azad ölkələrində milli təhlükəsizliklə bağlı hökumət dairələri və gizli polisin arasında fərq qoyulur. Qərb ölkələrində milli təhlükəsizlik orqanları əgər xarici ölkələrə qarşı sui - qəsd planları həyata keçirtsələr də, amma ölkə daxilində qanun çərçivəsində əməl edib, ölkənin milli mənfətlərindən müdafiə edirlər. İran kimi ölkədə sözdə milli təhlükəsizlik üçün ETTELAAT adlı hökumət orqanları yaranıb. Amma əməldə onların işi başqa totalitar rejimlərdə olan gizli polislər kimi, milli təhlükəsizliyi qoruyub saxlama yerinə, qeyri - qanuni vasitələrdən faydalanıb və nəyin bahasına olursa olsun hökuməti qoruyub, saxlayır. Tamam təcrübələr nişan verir, bu növ davranış milli təhlükəsizliyi qoruyub saxlama yerinə, onu ciddi təhlükəyə salır. Bu səbəbə görə, İranın ETTELAAT məmurlarını gizli polis adlandırmaq düzgün ifadədir.

İndiki hökumətdə gizli polisin yaranma tarixi

 

Alimlərin nəzərinə görə, o zamndan ki, yer üzünün müxtəlif yerlərində ayrı - ayrı hökumətlər yaranıb, bu hökumətlər öz təhlükəsizliklərin qorumaq üçün bir növ gizli polis yaradıblar. Qədim Sparta şəhərində bir növ gizli polis var idi ki, onun əsas vəzifəsi qullara nəzarət edib və onların ixtişaşının qarşısını almaq idi. Onlar şübhələndikləri qulu ağır işgəncələrə məruz qoyub və hətta onu öldürməkdə də əlləri açıq idi. Qədim Romada bir müəyyən hökumət dairəsi var idi ki, bu dairədə çalışanlar "informasiya verənlər" adlanırdılar. Onların da əsas vəzifəsi hökuməti qoruyub saxlamaq idi. Bunlar şübhələndikləri adamı həbsə, ağır işgəncəyə məruz qoyub və hətta onun malın öz aralarında bölürdülər. Gizli polis keçmişdə və hal - hazırda o yerlərdə ki totalitar rejim hakimdir, orda çox dəhşətli bir hökumət dairəsi sayılır və öz məqsədinə çatmaq üçün hər bir vasitədən faydalanır. Elə buna görə də demək olar, gizli polisin kütlə içərisində bir mənfi imici var. Hətta bu mənfi imic özün elmi fantastik yazılarda da göstərir. Misal üçün, 1949 - cu ildə İngiltərəli yazıçı Corc Orvell bir hekayə yazıb və bu hekayə " On doqquz -- səksən dörd " adlanır. Bu hekayədə gələcəkdə, yəni min doqquz yuz səksən dördüncü ildə bir totalitar rejimlə bağlı məlumat verilir ki, özünü qoruyub saxlamaq üçün "Həqiqət nazirliyi" yaradıb və bu nazirlikdə çalışanlar "Fikir polisi" adlanırlar. Fikir polislərinin ictimaiyyətin hər bir sahəsinə nəzarətləri var və müxaliflərini susdurmaq üçün çox dəhşətli psixi və fiziki işgəncələrdən faydalanırlar. Misal üçün, həqiqət nazirliyində bir otaq var ki, o 101 - ci adlanır. Bu otaqdan baş çıxarmaq hər bir məhbusun ən dəhşətli kabusudur. Misal üçün, bu otaqda olan məhbusun qarnına şüşə boru dirəyib ora ac siçovulları buraxırmışlar. Həmin heyvanlar məhbusun qarnını deşib, içini bayıra tökürmüşlər və həmin məhbus uzun müddət bu hadisəyə tamaşa etməli olurmuş. Ya da belə bir borunu məhbusların sifətinə dirəyirmişlər və siçovullar onun sifətini yeyib dağıdırmışlar.

Bir neçə il bundan əvvəl bu hekayənin əsasında bir çox baxılan film yaranmışdı. O film də öz yerində bais olmuşdu işgəncə və gizli polis məsələləri dünya ictimaiyyətində mübahisə mövzularına çevrilsin. 1979 - cu ildə İranın İslam İnqilabı bais oldu müəyyən təfəkkürdə olan fars mollaları hakimiyyətə gələlər. Siyasi müxaliflərə qarşı inqilab prokrolluq və sepahi pasdarane inqilab ( islam inqilabını qoruyan ordu ) tərəfindən iki ETTELAAT dairəsi yaranmışdı. Əməldə və bir neçə ilin ərzində bu iki hökumət dairəsi siyasi müxalifləri aradan aparmada nailiyyət qazanmamışdırlar. Hətta onların arasında ciddi ixtilaflar çıxmışdı. Elə bu səbəbə görə, 1983 - cü ildə İranın dövlət başqanı Mirhüseyin Musəvi ETTELAAT nazirliyi, yəni İranın Milli Təhlükəsizlik Nazirliyinin yaranması ilə bağlı bir layihə təklif etmişdir. Haşimi Rəfsancanının tərəfindən verilmiş təklif əsasında bu layihəyə bir maddə artırılmışdı. Bu maddənin əsasında İranın Milli Təhlükəsizlik Nazirliyinə başqan ancaq din xadimi olmalıdır. Çox təəssüf ki, İranın Milli Təhlükəsizlik Nazirliyi yaranandan sonra ona başqan Hüccətülislam Mühəmməd Mühəmmədi Reyşəhri təyin olunmuşdur. Adı çəkilən fərd Güney Azərbaycana aid olan Xalqi Müsəlman Partiyasının 11 üzvünü edamla cəzalandırmasında, həmçinin bu partiyanın yüzlərlə üzvünü həbs, işgəncə, işdən kənara qoymada və hətta malların müsadirə etmədə aktiv rolu olmuşdu. Hətta o öz xatirat kitabında milliyyəti türk olan Ayətullah Şəriətmədarini ittihamlayır ki, İranda türk -- fars problemi yaradırmış. O, etiraf edir ki, Ayətullah Şəriətmədarinin istintaqında iştirak edib və onu televiziyada İran rejiminin xeyrinə çıxış etməyə məcbur etmişdir. Verilən məlumatlara görə, o, A. Şəriətmədariyə qarşı işgəncəni onun üzünə sillə vurmaqla başlamışdı. Bu irqçi fars mollası İranın Milli Təhlükəsizlik Nazirliyinə təyin olunandan sonra, yaxşı fürsət yaranmışdı ki, irqçi və antitürk fərdlər adı çəkilən nazirlikdə yüksək vəzifələri əldə edələr. Elə bu səbəbə görə, təəccüb yeri yoxdur ki, İranın ETTELAAT məmurları təqribən 25 il ərzində ən dəhşətli cinayətləri Güney Azərbaycanın milli fəallarına qarşı həyata keçiriblər. O cümlədən, Məhəmmədrza Nəsiryan, Səttar Səlimi, Məhəmmədrza Səbuhi, Qadir Sədiqi, Fərhad Möhsini, Məcid Xudayi, Əfşin İrfan Xosrovşahi və onlarla belə Güney Azərbaycan gəncləri müəmmalı şəkildə İran ETTELAAT - ı tərəfindən çox qəddarcasına öldürülmüşdürlər. Əlbəttə, bu saydıqlarımız ETTELATT - ın böyük fəaliyyətinin qarşısında çox balaca bir misaldır. Yeri gəlmişkən deyim ki, ETTELAAT məmurlarının Güney Azərbaycanlılara qarşı etdikləri cinayətlər özü bir kitabın mövzusudur. On yeddi il bundan əvvəl Quzey Azərbaycan müsətəqil ölkə kimi bütün dünya tərəfindən tanınmışdır. Elə o gündən İran hökumətinin sifarişi ilə İran ETTELAAT - ının əsas vəzifəsi Quzey Azərbaycanda vətəndaş müharibəsi salıb və onun istiqlalını aradan aparmaq olmuşdur. Misal üçün, bir neçə nəfər satqını aldadıb " şimalın mehdi ordusu " adlı terror qrupu yaratmışdı. Əlbəttə, bu qrupun 15 üzvü tutulub və ölkəyə qarşı xəyanət və cəsusluq ittihamı ilə mühakimə olunmuşdurlar. Hətta ETTELAAT Güney Azərbaycanda "Şimali İran", "Misag" və s. adda qəzetlər nəşr edib, Şimali Azərbaycanın istiqlalına qarşı təxribat aparmışdır.

 İran gizli polisinin ideoloji dayağı

Əgər İranın gizli polisini başqa totalitar rejimilərin gizli polisi ilə müqayisə etsək, bir - birindən bir cəhətcə ciddi fərqlənirlər. O da bundan ibarətdir ki, İran rejimi Milli Təhlükəsizlik Nazirliyi yaranan gündən çalışır ona ilahi bir məna verə. Hökumətin ideoloqları və onların nəzarət altında olan mediya vasitələri ETTELAAT məmurların İmami Zamanın adsız əsgərləri kimi təqdim edirlər. Onların əsas vəzifəsi İslam hakimiyyətini qoruyub, saxlamaq sayılır. İran hökuməti çalışır İranın ETTELAAT orqanlarının gizli həbsxanalarında qeyri - qanuni həbs, işgəncə və cinsi təcavüzə bəraət qazandırmaq üçün dini terminlərdən sui - istifadə edə və bundan ustacasına da istifadə edir. Hakimiyyətin təbliğat aparatlarında ETTELAAT məmurlarını əsl müsəlman və siyasi müxalifləri münafiq ( yəni, müsəlmanlar arasında ixtilaf salan ) mürtəd, kafir və Allahla müharibə aparan kimi təqdim edilirlər. Bu vasitə ilə ETTELAAT məmuru bir əsl müsəlman sayılır və onun din düşməninə qarşı təzyiqi qeyri - insani əməl kimi yox, əslində Allah yolunda mübarizə və savablı iş sayılır. Hətta, İranın hökumət adamları informasiya vasitələrində ailələrdən istəyirdilər ki, əgər bir ailə üzvi İran rejiminə qarşı olsa, bu haqda rejimin məmurlarına məlumat verib və axirət üçün savab qazanalar. Bu barədə yaxşı nümunə olaraq Ayətullah Gilanidən misal gətirilirdi ki, özü iki oğlun tutdurub, edam hökmün verib. Qeyd edim ki, Ayətullah Gilani o zaman İnqilab Məhkəməsinin hakimi idi. Ya da digər bir misalda, rejimin mətbuatında Urmu şəhərinin İmam Cüməsi, yəni Molla Həsəni yaxşı bir nümunə kimi təqdim olunurdu. Çünki, o, böyük oğlu Rəşidin tutulmasına və edam olunmasına bais olmuşdu. O zamanlar İranda yaşayan əhalinin çox hissəsi müsəlman olduğu üçün rejimin təbliğatından təsir alıb və bəziləri hətta öz ailə üzvlərinin bairəsində İranın hökumət orqanlarına məlumat verirdilər. Amma bir neçə ildən sonra rejimin üzündən niqab düşdü və bununla da onun qəddar siması kütləyə açıq - aydın göründü. Elə bu səbəbə görə, onlar ki öz əqrəbələrin və ya ailə üzvlərinin tutulmasına bais olmuşdurlar, elədikləri işdən peşiman oldular. Bu peşiman olan adamlardan biri Tehranda mənim yaşadığım məhəllədə bir ana idi ki, özü - öz əli ilə öz oğlunun tutulmasına bais olmuşdu. Onun oğlunu anaya demədən edam edib və bir müəyyən qəbiristanlıqda basdırmışdırlar ki, hökumət oranı "Lənətabad", amma millət onu "Xavəran cənnəti" adlandırırdılar. Hətta, bu ana oğlunun bu qəbiristanlığın harasında quyulandığını bilmirdi. Çünki bu qəbiristanlıqda ölülərinin harada quyulanması məlum deyildi və izin - icazə verilmirdi ki, ölülərin baş daşı olsun. Nəhayət ki, bu ana dəli olur və küçədə gələn - gedənin qarşısını kəsib deyirdi: "Mən bir anayam öz əlimlə öz oğlumu öldürüb, məzarın itkin salmışam."Elə nəqil edirdilər ki, bu ana bir gün küçədə başını asfalta döyüb və bu vasitə ilə intihar etmişdir. Əlbəttə, Molla Həsəni də öz xatirat kitabında öz oğlunun edamı ilə bağlı öz vicdan əzabını gizlədə bilmir. O xatırladır ki, onun oğlu gərək edam olmayaydı. Çünki o islam hökumətinə qarşı silahlı mübarizə aparmamışdı. Ən pis halda gərək ona ömrüboyu həbs veriləydi. O, oğlunun edamı ilə bağlı edam hökmunun səbəbin və istinad olan sənədləri İnqilab məhkəməsindən istəyir. Amma ona bu sənədlər verilmir.

Bu günkü dunyada müxtəlif ölkələrdə çalışırlar milli təhlükəsizliklə bağlı ən yüksək səviyyədə elm və texnikadan faydalanalar. Elə bu səbəbə görə, bu işə adam götürəndə elmi savad çox böyük rol oynayır. Amma İran İnqilabından sonra, Ayətullah Xumeyni fitva verdi ki, dinə inam təxəsüsdən üstündür. Buna görə İranda Milli Təhlükəsizlik Nazirliyi yarananda onun əsası elm və bilgi yerinə, insanların gözüyumlu rejimə itaət etmələri şərt qoyuldu. Savadsız, savadı az, hətta sadist -- başqasına işgəncə verməkdən ləzzət alan adamlar, İranın ETTELAAT orqanlarına işə götürüldülər. Ekspertlərin nəzərinə görə, bütün bunlar bais olublar İranın gizli polisi geri qalmışlıq, ləyaqətsizlik və qəddarlıqda dünya üzündə birinci yer tuta. Misal üçün, dəfələrlə İran ETTELAAT - ının gizli iclaslarının səsi yazılıb və İranın daxilində və xaricində yayılmışdı. Hətta belə bəzi məhbusların istintaqının filmi çəkilib və dünya ictimaiyyətində dağılmışdı. Misal üçün, Səid İmami və onun həyat yoldaşı zəncirvari qətillərlə ittihamlanmışdılar. Onların ETTELAAT orqanlarında istintaqının filmi çəkilib və xarici ölkələrə göndərilib, internet sitələrində yerləşdirilmişdir. Xüsusən son illərdə ETTELAAT - ın bəzi məmurları xarici ölkələrə qaçıb və o ölkələrdən sığınacaq almaq üçün öz informasiyaların hökumət dairələrinə vermişdilər.

 İranın gizli polisi Güney Azərbaycanın Milli Hərəkatına qarşı hansı metodlardan faydalanır?

Ümumi halda hökumətin gizli polisi Milli Hərəkatımıza qarşı iki istiqamətdə fəaliyyət göstərir:

1.İranın gizli polisi əgər keyfiyyət baxımından çox aşağı səviyyədə olsa da, amma qəddarlıq nöqteyi - nəzərindən dünyada birinci yer alır. Bu gün hökumət adamlarından başqa heç kəsə məlum deyil ki, İranın gizli polisində neçə min nəfər çalışır. Onun büdcəsi nə qədərdir? Onun ixtiyarında olan gizli zindanlar nə qədərdir və harada yerləşir? İran rejimi siyasi fikirin çoxluğunu qəbul edə bilmir. O öz diriliyin müxaliflərinə qələbə gəlməkdə görür. Bu səbəbə görə, müxalif qüvvələrlə mübarizə ona ölüm - dirim savaşı sayılır. Təcrübələr nişan verir bu rejimə geniş formada kütləvi etirazları ancaq Güney Azərbaycanlılar nişan veriblər. Güney Azərbaycana aid olan Xəlq Müsəlman Partiyası ilə İran rejimi arasında təzadlar kəskinləşəndə, Güney Azərbaycanın şəhərlərində yüz minlərlə Azərbaycan türkləri İran rejiminə qarşı etiraz aksiyaları keçirmişdirlər. Bundan da əlavə, hamımız şahid olduq ki, 2006 - cı ildə Güney Azərbaycanda İran rejiminə qarşı yüz minlərlə insan xiyabana çıxıb etiraz səsini qaldırmışdı.

Tarixi faktlara əsasən Güney Azərbaycan inqilablar məskəni sayılır və onun İranda hökumətlərin yaranmasında və aradan getməsində çox böyük önəmli rol oynayıb. Elə bu səbəbə görə, İranın gizli polisi Milli Hərəkatımızı zorakılıqla sındırıb və təslim etməyə çalışıb. Xüsusən Əhmədinijad prezident olandan sonra bu siyasətin şiddəti qat - qat artmışdır. Təəccüb yeri yoxdur ki, gündən - günə Güney Azərbaycanda siyasi məhbusların, işgəncə olunanların, itkinlərin, malları müsadirə olub, işdən azad olunanların və siyasi səbəblərə görə mühacirlərin sayı artmadadır. Bir məşhur zərb - məsəl var, deyərlər: "Aqil adama işarə yetər." Mən fikir edirəm bu barədə bir - iki misal vursam yetərli olar.

1999 - cu ildə Doktor Zöhtabi müəmmalı şəkildə ölmüşdür. Milli fəalların nəzərinə görə, o İranın gizli polisi tərəfindən həyata keçirilən zəncirvari qətillərin qurbanı olmuşdur. 2004 - cü ildə milli fəal və musiqiçi Mirkazım Musəvi də müəmmalı formada maşın qəzasına təsadüf edərək ölmüşdür. 2005 - ci ildə milli fəal və gənc şair Səhənd Əfşari, o da həmçinin maşın qəzasına təsadüf etmişdir. Çox diqqəti çəkən mövzu bundan ibarətdir ki, o olan maşınındakı adamların heç biri cüzü də olsa bədən xəsarəti görməmişdirlər. Amma onun müəmmalı formada boğazı iti əşya ilə kəsilmişdir. Hətta Abbas Lisani Ərdəbilin zindanında olanda ETTELAAT tərəfindən onun üçün hazırlanmış maşın qəzası təsadüfü əvvəlcədən ifşa olunduğu üçün həyata keçməmişdir. Bunlardan da əlavə, 20 - 30 - un arasında olan gənc fəallarımız, yəni Səttar Səlimi, Məhəmmədrza Səbuhi, Qadir Sədiqi, Fərhad Möhsini, Məcid Xudayi, Əfşin İrfan Xosrovşahi ETTELAAT - ın tərəfindən dəhşətli işgəncəyə məruz qalıb, öldürülmüşdürlər. Onların bəziləri, o cümlədən, Fərhad Möhsuni və Məhəmmədrza Səbuhi öldürüləndən sonra cəsədləri Elgölünə atılmışdır. Əlbəttə, 2006 - cı ildə baş verən Milli Qiyamdan sonra, xarici ölkələrdə yaşayan milli fəallar da gizli polisin terror planında yer almışdırlar. Misal üçün, Milli Qiyamdan sonra Doktor Çöhrəqanlı Türkiyəyə səfər etmişdi və orada İranın gizli polisinin ona qarşı terror planı ifşa olunmuşdur. Hətta bəzi milli fəallar xarici ölkələrdə telefon və ya elektron poçt vasitələri ilə ölümlə hədələnmişdirlər.

2. ETTELAAT məmurları millətçi niqabı altında Güney Azərbaycanın təşkilatlarına və informasiya vasitələrinə daxil olub və milli hərəkarımızı öz içindən böhrana salırlar. Bu iş ilə bir neçə hədəfə yetişməyə çalışırlar. Bildiyimiz kimi hər bir siyasi hərəkatda ideoloqlar, təşkilatçılar, tanınmış şəxslər, o cümlədən, hərəkatı maliyyələşdirənlər həmin siyasi hərəkatın motoru sayılırlar. Düşmən agentləri çalışırlar bu fərdləri tanıyıb, onların fəaliyyətin çeşidli yollarla dayandıralar. Həmçinin süni böhran yaratmaqla milli hərəkatı öz yolundan çaşdırırlar. Misal üçün, bəzi fərdlər və sitələr, buna baxmayaraq ki, özlərin millətçi kimi təqdim edirlər, amma çalışırlar İsrail -- Fələstin məsələsin Güney Azərbaycanın gündəlik probleminə çevirələr. Bununla da İran və Ermənistan hökumətin onun kölgəsində saxlayalar. İndiki vəziyyətdə ki, dəstə - dəstə Güney Azərbaycan gəncləri həbs olunur, işgəncəyə məruz qalır, hətta öldürülür, belə bir vəziyyətdə, bu cür ağır bir durumda cəhd edirlər kütləni simgə və ya milli bayraq məsələsi ilə məşğul edələr. Çox gülünc hal budur ki, bu işin səbəbin milli birliyə xatir vurğulayırlar, amma əməldə çox ciddi ixtilaflara səbəb olurlar. Müxtəlif bəhanələrlə tanınmış şəxslərə böhdan vurub, onların siyasi etibarın aradan aparırlar. Bu növ fərdlərin sifətində millətçi niqabı olsa da, arxalarında İranın gizli polisi dayanır.

Mən bu məqaləmdə İranın gizli polisinin yalnız yaranma tarixini və onun Güney Azərbaycanın Milli Hərəkatına qarşı mübarizə metodundan az da olsa söhbət açdım. Əslində bu mövzu bir yox, bir neçə və ya silsilə yazılar yazılası mövzudur. Ümidvaram ki, bu yazımı oxuyan soydaşlarımız öz fikir və mülahizələrin bizə göndərəcəklər və bunula da gələcəkdə bu mövzunun geniş açılmasına rəvac verəcəklər.

2008-08-22

ايرانين گيزلي پوليسي ايله ميللي حرکاتيميز اوز – اوزه، بابک آذري

      يازيمين باشلانغيجيندا قئيد ائتمه لييم کي، دونيانين آزاد اؤلکه لرينده ميللي تهلوکه سيزليکله باغلي حؤکومت دايره لري و گيزلي پوليسين آراسيندا فرق قويولور. غرب اؤلکه لرينده ميللي تهلوکه سيزليک اورقانلاري اگر خاريجي اؤلکه لره قارشي سوءقصد پلانلاري حياتا کئچيرتسه لر ده، آما اؤلکه داخيلينده قانون چرچيوه سينده عمل ائديب، اؤلکه نين ميللي منفعتلريندن مودافيعه  ائديرلر. ايران کيمي اؤلکه ده سؤزده ميللي تهلوکه سيزليک اوچون اطلاعات آدلي حوکومت اورقانلاري يارانيب. آما عملده اونلارين ايشي باشقا توتاليتار رئژيملرده اولان گيزلي پوليسلر کيمي، ميللي تهلوکه سيزليگي قورويوب ساخلاما يئرينه، غئيري - قانوني واسيطه لردن فايدالانيب و نه يين باهاسينا اولورسا اولسون حوکومتي قورويوب، ساخلايير. تامام تجروبه لر نيشان وئرير، بو نؤوع داورانيش ميللي تهلوکه سيزليگي قورويوب ساخلاما يئرينه، اونو جيدي تهلوکه يه سالير. بو سببه گؤره، ايرانين اطلاعات مأمورلاريني گيزلي پوليس آدلانديرماق دوزگون ايفاده دير. 

   

  اينديکي حوکومتده گيزلي پوليسين يارانما تاريخي 

   

  عاليملرين نظرينه گؤره، او زامندان کي، يئر اوزونون موختليف يئرلرينده آيري - آيري حوکومتلر يارانيب، بو حوکومتلر اؤز تهلوکه سيزليکلرين قوروماق اوچون بير نؤوع گيزلي پوليس ياراديبلار. قديم سپارتا شهرينده بير نؤوع گيزلي پوليس وار ايدي کي، اونون اساس وظيفه سي قوللارا نظارت ائديب و اونلارين ايختيشاشي نين قارشيسيني آلماق ايدي. اونلار شوبهه لنديکلري قولو آغير ايشگنجه لره معروض قويوب و حتّی اونو اؤلدورمکده ده اللري آچيق ايدي. قديم رومادا بير موعين حوکومت دايره سي وار ايدي کي، بو دايره ده چاليشانلار  "اينفورماسييا وئرنلر" آدلانيرديلار. اونلارين دا اساس وظيفه سي حوکومتي قورويوب ساخلاماق ايدي. بونلار شوبهه لنديکلري آدامي حبسه، آغير ايشگنجه يه معروض قويوب و حتّی اونون مالين اؤز آرالاريندا بؤلوردولر. گيزلي پوليس کئچميشده و حال - حاضيردا او يئرلرده کي توتاليتار رئژيم حاکيمدير، اوردا چوخ دهشتلي بير حوکومت دايره سي ساييلير و اؤز مقصدينه چاتماق اوچون هر بير واسيطه دن فايدالانير. ائله بونا گؤره ده دئمک اولار، گيزلي پوليسين کوتله ايچريسينده بير منفي ايميجي وار. حتّی بو منفي ايميج اؤزون علمي فانتاستيک يازيلاردا دا گؤسترير. ميثال اوچون، 1949 - جو ايلده اينگيلتره لي يازيچي جورج اوروئلل بير حکايه يازيب و بو حکايه  "اون دوققوز-- سکسن دؤرد" آدلانير. بو حکايه ده گله جکده، يعني مين دوققوز يوز سکسن دؤردونجو ايلده بير توتاليتار رئژيمله باغلي معلومات وئريلير کي، اؤزونو قورويوب ساخلاماق اوچون  "حاقيقت ناظيرليگي" ياراديب و بو ناظيرليکده چاليشانلار "فيکير پوليسي" آدلانيرلار. فيکير پوليسلري نين ايجتيماعيتين هر بير ساحه سينه نظارتلري وار و موخاليفلريني سوسدورماق اوچون چوخ دهشتلي پسيخي و فيزيکي ايشگنجه لردن فايدالانيرلار. ميثال اوچون، حاقيقت ناظيرليگينده بير اوتاق وار کي، او 101 - جي آدلانير. بو اوتاقدان باش چيخارماق هر بير محبوسون ان دهشتلي کابوسودور. ميثال اوچون، بو اوتاقدا اولان محبوسون قارنينا شوشه بورو ديره ييب اورا آج سيچوووللاري بوراخيرميشلار. همين حيوانلار محبوسون قارنيني دئشيب، ايچيني باييرا تؤکورموشلر و همين محبوس اوزون مودت بو حاديثه يه تاماشا ائتمه لي اولورموش. يا دا بئله بير بورونو محبوسلارين صيفتينه ديره ييرميشلر و سيچوووللار اونون صيفتيني يئييب داغيديرميشلار. 

  بير نئچه ايل بوندان اول بو حکايه نين اساسيندا بير چوخ باخيلان فيلم يارانميشدي. او فيلم ده اؤز يئرينده باعث اولموشدو ايشگنجه و گيزلي پوليس مسئله لري دونيا ايجتيماعيتينده موباحيثه مؤوزوع لارينا چئوريلسين. 1979 - جو ايلده ايرانين ايسلام اينقيلابي باعث اولدو موعين تفککورده اولان فارس موللالاري حاکيميته گله لر. سياسي موخاليفلره قارشي اينقيلاب پروکروللوق و سپاه پاسداران اينقيلاب (ايسلام اينقيلابيني قورويان اوردو ) طرفيندن ايکي اطلاعات دايره سي يارانميشدي. عملده و بير نئچه ايلين عرضينده بو ايکي حوکومت دايره سي سياسي موخاليفلري آرادان آپارمادا نائليت قازانماميشديرلار. حتّی اونلارين آراسيندا جيدي ايختيلافلار چيخميشدي. ائله بو سببه گؤره، 1983 - جو ايلده ايرانين دؤولت باشقاني ميرحسين موسوي اطلاعات ناظيرليگي، يعني ايرانين ميللي تهلوکه سيزليک ناظيرليگي نين يارانماسي ايله باغلي بير لاييحه تکليف ائتميشدير. هاشمي رفسنجاني نين طرفيندن وئريلميش تکليف اساسيندا بو لاييحه يه بير مادده آرتيريلميشدي. بو مادده نين اساسيندا ايرانين ميللي تهلوکه سيزليک ناظيرليگينه باشقان آنجاق دين خاديمي اولماليدير. چوخ تأسوف کي، ايرانين ميللي تهلوکه سيزليک ناظيرليگي ياراناندان سونرا اونا باشقان حجت السلام محمد محمدی ری شهری تعيين اولونموشدور. آدي چکيلن فرد گونئي آذربايجانا عيد اولان خالقي موسلمان پارتيياسي نين 11 عوضوونو اعداملا جزالانديرماسيندا، همچنين بو پارتييانين يوزلرله عوضوونو حبس، ايشگنجه، ايشدن کنارا قويمادا و حتّی ماللارين موصاديره ائتمه ده آکتيو رولو اولموشدو. حتّی او اؤز خاطيرات کيتابيندا ميلليتي تورک اولان آيت آلله شريعتمداري ني ايتتيهاملايير کي، ايراندا تورک- فارس پروبلئمي ياراديرميش. او، اعتيراف ائدير کي، آيت آلله شريعتمداري نين ايستينطاقيندا ايشتيراک ائديب و اونو تئلئويزييادا ايران رئژيمي نين خئيرينه چيخيش ائتمه يه مجبور ائتميشدير. وئريلن معلوماتلارا گؤره، او، آيت آلله شريعتمداري يه قارشي ايشگنجه ني اونون اوزونه سيلله وورماقلا باشلاميشدي. بو عيرقچي فارس موللاسي ايرانين ميللي تهلوکه سيزليک ناظيرليگينه تعيين اولوناندان سونرا، ياخشي فورصت يارانميشدي کي، عيرقچي و آنتي تورک فردلر آدي چکيلن ناظيرليکده يوکسک وظيفه لري الده ائده لر. ائله بو سببه گؤره، تعجوب يئري يوخدور کي، ايرانين اطلاعات مأمورلاري تقريبن 25 ايل عرضينده ان دهشتلي جينايتلري گونئي آذربايجانين ميللي فعاللارينا قارشي حياتا کئچيريبلر. او جومله دن، محمد رضا نصیریان، ستار سليمي، محمدرضا صبوحی، قادر صديقي، فرهاد محسنی، مجيد خدايي، افشين عرفان خسروشاهي و اونلارلا بئله گونئي آذربايجان گنجلري معمالي شکيلده ايران اطلاعات - اي طرفيندن چوخ غدارجاسينا اؤلدورولموشدورلر. البته، بو سايديقلاريميز اطلاعات- اين بؤيوک فعاليتي نين قارشيسيندا چوخ بالاجا بير ميثالدير. يئري گلميشکن دئييم کي، اطلاعات مأمورلاري نين گونئي آذربايجانليلارا قارشي ائتديکلري جينايتلر اؤزو بير کيتابين مؤوضوعوسودور. اون يئددي ايل بوندان اول قوزئي آذربايجان موستقيل اؤلکه کيمي بوتون دونيا طرفيندن تانينميشدير. ائله او گوندن ايران حوکومتي نين سيفاريشي ايله ايران اطلاعات - ي نين اساس وظيفه سي قوزئي آذربايجاندا وطنداش موحاريبه سي ساليب و اونون ايستيقلاليني آرادان آپارماق اولموشدور. ميثال اوچون، بير نئچه نفر ساتقيني آلداديب "شيمالين مهدي اوردوسو"  آدلي تئررور قروپو ياراتميشدي. البتته، بو قروپون 15 عوضوو توتولوب و اؤلکه يه قارشي خيانت و جسوسلوق ايتتيهامي ايله موحاکيمه اولونموشدورلار. حتّی اطلاعات گونئي آذربايجاندا "شيمالي ايران"، "ميثاق" و س. آددا قزئتلر نشر ائديب، شيمالي آذربايجانين ايستيقلالينا قارشي تخريبات آپارميشدير. 

   

ايران گيزلي پوليسي نين ايدئولوژي داياغي 

اگر ايرانين گيزلي پوليسيني باشقا توتاليتار رئژيميلرين گيزلي پوليسي ايله موقاييسه ائتسک، بير- بيريندن بير جهتجه جيدي فرقله نيرلر. او دا بوندان عيبارتدير کي، ايران رئژيمي ميللي تهلوکه سيزليک ناظيرليگي يارانان گوندن چاليشير اونا ايلاهي بير معنا وئره. حوکومتين ايدئولوقلاري و اونلارين نظارت آلتيندا اولان مئدييا واسيطه لري اطلاعات مأمورلارين ايمامي زامانين آدسيز عسگرلري کيمي تقديم ائديرلر. اونلارين اساس وظيفه سي ايسلام حاکيميتيني قورويوب، ساخلاماق ساييلير. ايران حوکومتي چاليشير ايرانين اطلاعات اورقانلاري نين گيزلي حبسخانالاريندا غئيري- قانوني حبس، ايشگنجه و جينسي تجاووزه براعت قازانديرماق اوچون ديني تئرمينلردن سوء- ايستيفاده ائده و بوندان اوستاجاسينا دا ايستيفاده ائدير. حاکيميتين تبليغات آپاراتلاريندا اطلاعات مأمورلاريني اصل موسلمان و سياسي موخاليفلري مونافيق ( يعني، موسلمانلار آراسيندا ايختيلاف سالان ) مرتد، کافير و آللاه لا موحاريبه آپاران کيمي تقديم ائديليرلر. بو واسيطه ايله اطلاعات مأمورو بير اصل موسلمان ساييلير و اونون دين دوشمنينه قارشي تضيعقي غئيري-اينساني عمل کيمي يوخ، اصلینده آللاه يولوندا موباريزه و صوابلي ايش ساييلير. حتّی، ايرانين حوکومت آداملاري اينفورماسييا واسيطه لرينده عاييله لردن ايسته ييرديلر کي، اگر بير عاييله عوضوي ايران رئژيمينه قارشي اولسا، بو حاقدا رئژيمين مأمورلارينا معلومات وئريب و آخيرت اوچون صواب قازانالار. بو باره ده ياخشي نومونه اولاراق آيت آلله گيلاني دن ميثال گتيريليردي کي، اؤزو ايکي اوغلون توتدوروب، اعدام حؤکمون وئريب. قئيد ائديم کي، آيت آلله گيلاني او زامان اينقيلاب محکمه سي نين حاکيمي ايدي. يا دا ديگر بير ميثالدا، رئژيمين مطبوعاتيندا اورمو شهري نين ايمام جومعه سي، يعني موللا حسني ياخشي بير نومونه کيمي تقديم اولونوردو. چونکي، او، بؤيوک اوغلو رشيدين توتولماسينا و اعدام اولونماسينا باعث اولموشدو. او زامانلار ايراندا ياشايان اهالي نين چوخ حيصه سي موسلمان اولدوغو اوچون رئژيمين تبليغاتيندان تاثير آليب و بعضيلري حتّی اؤز عاييله عوضولري نين باره سينده ايرانين حوکومت اورقانلارينا معلومات وئريرديلر. آما بير نئچه ايلدن سونرا رئژيمين اوزوندن نيقاب دوشدو و بونونلا دا اونون غدار سيماسي کوتله يه آچيق- آيدين گؤروندو. ائله بو سببه گؤره، اونلار کي اؤز اقربه لرين و يا عاييله عوضولري نين توتولماسينا باعث اولموشدورلار، ائله ديکلري ايشدن پئشيمان اولدولار. بو پئشيمان اولان آداملاردان بيري تئهراندا منيم ياشاديغيم محلله ده بير آنا ايدي کي، اؤزو- اؤز الي ايله اؤز اوغلونون توتولماسينا باعث اولموشدو. اونون اوغلونو آنايا دئمه دن اعدام ائديب و بير موعين قبيريستانليقدا باسديرميشديرلار کي، حوکومت اوراني "لعنت آباد"، آما ميلت اونو  "خاوران جنّتي" آدلانديريرديلار. حتّی، بو آنا اوغلونون بو قبيريستانليغين هاراسيندا قويولانديغيني بيلميردي. چونکي بو قبيريستانليقدا اؤلولري نين هارادا قويولانماسي معلوم دئييلدي و ايذين- ايجازه وئريلميردي کي، اؤلولرين باش داشي اولسون. نهايت کي، بو آنا دلي اولور و کوچه ده گلن - گئده نين قارشيسيني کسيب دئييردي: "من بير آنايام اؤز اليم له اؤز اوغلومو اؤلدوروب، مزارين ايتکين سالميشام." ائله نقيل ائديرديلر کي، بو آنا بير گون کوچه ده باشيني آسفالتا دؤيوب و بو واسيطه ايله اينتيحار ائتميشدير. البته، موللا حسني ده اؤز خاطيرات کيتابيندا اؤز اوغلونون اعدامي ايله باغلي اؤز ويجدان عذابيني گيزله ده بيلمير. او خاطيرلادير کي، اونون اوغلو گرک اعدام اولمايايدي. چونکي او ايسلام حوکومتينه قارشي سيلاح لي موباريزه آپارماميشدي. ان پيس حالدا گرک اونا عؤمروبويو حبس وئريليدي. او، اوغلونون اعدامي ايله باغلي اعدام حؤکمونون سببين و ايستيناد اولان سندلري اينقيلاب محکمه سيندن ايسته يير. آما اونا بو سندلر وئريلمير.  

   

  بو گونکو دونيادا موختليف اؤلکه لرده چاليشيرلار ميللي تهلوکه سيزليکله باغلي ان يوکسک سوييه ده علم و تئخنيکادان فايدالانالار. ائله بو سببه گؤره، بو ايشه آدام گؤتورنده علمي ساواد چوخ بؤيوک رول اوينايير. آما ايران اينقيلابيندان سونرا، آیت الله خميني فيتوا وئردي کي، دينه  اينام تخصوصدن اوستوندور. بونا گؤره ايراندا ميللي تهلوکه سيزليک ناظيرليگي ياراناندا اونون اساسي علم و بيلگي يئرينه، اينسانلارين گؤزويومولو رئژيمه ايطاعت ائتمه لري شرط قويولدو. ساوادسيز، ساوادي آز، حتّی ساديست -- باشقاسينا ايشگنجه وئرمکدن لذت آلان آداملار، ايرانين اطلاعات اورقانلارينا ايشه گؤتورولدولر. ائکسپئرتلرين نظرينه گؤره، بوتون بونلار باعث اولوبلار ايرانين گيزلي پوليسي گئري قالميشليق، لياقتسيزليک و غدارليقدا دونيا اوزونده بيرينجي يئر توتا. ميثال اوچون، دفعه لرله ايران اطلاعات- ي نين گيزلي ايجلاسلاري نين سسي يازيليب و ايرانين داخيلينده و خاريجينده ياييلميشدي. حتّی بئله بعضي محبوسلارين ايستينطاقي نين فيلمي چکيليب و دونيا ايجتيماعيتينده داغيلميشدي. ميثال اوچون، سعيد امامي و اونون حيات يولداشي زنجيرواري قتيل لرله ايتتيهاملانميشديلار. اونلارين اطلاعات اورقانلاريندا ايستينطاقي نين فيلمي چکيليب و خاريجي اؤلکه لره گؤندريليب، اينتئرنئت سيته لرينده يئرلشديريلميشدير. خوصوصن سون ايللرده اطلاعات-اين بعضي مأمورلاري خاريجي اؤلکه لره قاچيب و او اؤلکه لردن سيغيناجاق آلماق اوچون اؤز اينفورماسييالارين حوکومت دايره لرينه وئرميشديلر. 

   

ايرانين گيزلي پوليسي گونئي آذربايجانين ميللي حرکاتينا قارشي هانسي مئتودلاردان فايدالانير؟ 

عومومي حالدا حوکومتين گيزلي پوليسي ميللي حرکاتيميزا قارشي ايکي ايستيقامتده فعاليت گؤسترير:

   

1- ايرانين گيزلي پوليسي اگر کئيفيت باخيميندان چوخ آشاغي سوييه ده اولسا دا، آما غدارليق نؤقطه يي - نظريندن دونيادا بيرينجي يئر آلير. بو گون حوکومت آداملاريندان باشقا هئچ کسه معلوم دئييل کي، ايرانين گيزلي پوليسينده نئچه مين نفر چاليشير. اونون بودجه سي نه قدردير؟ اونون ايختيياريندا اولان گيزلي زيندانلار نه قدردير و هارادا يئرلشير؟ ايران رئژيمي سياسي فيکيرين چوخلوغونو قبول ائده بيلمير. او اؤز ديريليگين موخاليفلرينه غلبه گلمکده گؤرور. بو سببه گؤره، موخاليف قوووه لرله موباريزه اونا اؤلوم-ديريم ساواشي ساييلير.  تجروبه لر نيشان وئرير بو رئژيمه گئنيش فورمادا کوتلوي اعتيراضلاري آنجاق گونئي آذربايجانليلار نيشان وئريبلر. گونئي آذربايجانا عايد اولان خلق موسلمان پارتيياسي ايله ايران رئژيمي آراسيندا تضادلار کسکينلشنده، گونئي آذربايجانين شهرلرينده يوز مينلرله آذربايجان تورکلري ايران رئژيمينه قارشي اعتيراض آکسييالاري کئچيرميشديرلر. بوندان دا علاوه، هاميميز شاهيد اولدوق کي، 2006 - جي ايلده گونئي آذربايجاندا ايران رئژيمينه قارشي يوز مينلرله اينسان خيابانا چيخيب اعتيراض سسيني قالديرميشدي. 

   

تاريخي فاکتلارا اساسن گونئي آذربايجان اينقيلابلار مسکني ساييلير و اونون ايراندا حوکومتلرين يارانماسيندا و آرادان گئتمه سينده چوخ بؤيوک اؤنملي رول اويناييب. ائله بو سببه گؤره، ايرانين گيزلي پوليسي ميللي حرکاتيميزي زوراکيليقلا سينديريب و تسليم ائتمه يه چاليشيب. خوصوصن احمدي نژاد پرئزيدئنت اولاندان سونرا بو سيياستين شيددتي قات-قات آرتميشدير. تعجب يئري يوخدور کي، گوندن - گونه گونئي آذربايجاندا سياسي محبوسلارين، ايشگنجه اولونانلارين، ايتکينلرين، ماللاري موصاديره اولوب، ايشدن آزاد اولونانلارين و سياسي سببلره گؤره موهاجيرلرين سايي آرتمادادير. بير مشهور ضرب - مثل وار، دئيرلر:  "عاقيل آداما ايشاره يئتر." من فيکير ائديرم بو باره ده بير - ايکي ميثال وورسام يئترلي اولار. 

   

  1999جو ايلده دوکتور زهتابي معمالي شکيلده اؤلموشدور. ميللي فعاللارين نظرينه گؤره، او ايرانين گيزلي پوليسي طرفيندن حياتا کئچيريلن زنجيرواري قتيل لرين قورباني اولموشدور. 2004 - جو ايلده ميللي فعال و موسيقيچي ميرکاظيم موسوي ده معمالي فورمادا ماشين قضاسينا تصادوف ائده رک اؤلموشدور. 2005 - جي ايلده ميللي فعال و گنج شاعير سهند افشاري، او دا همچنين ماشين قضاسينا تصادوف ائتميشدير. چوخ ديقتي چکن مؤوضوع بوندان عيبارتدير کي، او اولان ماشينينداکي آداملارين هئچ بيري جزو ده اولسا بدن خسارتي گؤرمه ميشديرلر. آما اونون معمالي فورمادا بوغازي ايتي اشيا ايله کسيلميشدير. حتّی عباس ليساني اردبيلين زيندانيندا اولاندا اطلاعات طرفيندن اونون اوچون حاضيرلانميش ماشين قضاسي تصادوفو اولجه دن ايفشا اولوندوغو اوچون حياتا کئچمه ميشدير. بونلاردان دا علاوه، 20 - 30 - اون آراسيندا اولان گنج فعاللاريميز، يعني ستار سليمي، محمدرضا صبوحي، قادر صديقي، فرهاد محسني، مجيد خدايي، افشين عيرفان خسروشاهي اطلاعات - اين طرفيندن دهشتلي ايشگنجه يه معروض قاليب، اؤلدورولموشدورلر. اونلارين بعضيلري، او جومله دن، فرهاد محسني و محمدرضا صبوحي اؤلدورولندن سونرا جسدلري ائل گؤلونه آتيلميشدير. البته، 2006 - جي ايلده باش وئرن ميللي قييامدان سونرا، خاريجي اؤلکه لرده ياشايان ميللي فعاللار دا گيزلي پوليسين تئررور پلانيندا يئر آلميشديرلار. ميثال اوچون، ميللي قييامدان سونرا دوکتور چؤهرقانلي تورکييه يه سفر ائتميشدي و اورادا ايرانين گيزلي پوليسي نين اونا قارشي تئررور پلاني ايفشا اولونموشدور. حتّی بعضي ميللي فعاللار خاريجي اؤلکه لرده تئلئفون و يا ائلئکترون پوچت واسيطه لري ايله اؤلومله حدلنميشديرلر. 

   

 2- اطلاعات مأمورلاري ميلتچي نيقابي آلتيندا گونئي آذربايجانين تشکيلاتلارينا و اينفورماسييا واسيطه لرينه داخيل اولوب و ميللي حرکاتيميزي اؤز ايچيندن بؤحرانا ساليرلار. بو ايش ايله بير نئچه هدفه يئتيشمه يه چاليشيرلار. بيلديگيميز کيمي هر بير سياسي حرکاتدا ايدئولوقلار، تشکيلاتچيلار، تانينميش شخصلر، او جومله دن، حرکاتي مالييه لشديرنلر همين سياسي حرکاتين موتورو ساييليرلار. دوشمن آگئنتلري چاليشيرلار بو فردلري تانيييب، اونلارين فعاليتين چئشيدلي يوللارلا دايانديرالار. همچنين صونعي بؤحران ياراتماقلا ميللي حرکاتي اؤز يولوندان چاشديريرلار. ميثال اوچون، بعضي فردلر و سيته لر، بونا باخماياراق کي، اؤزلرين ميلتچي کيمي تقديم ائديرلر، آما چاليشيرلار ايسرايل--فلسطين مسئله سين گونئي آذربايجانين گونده ليک پروبلئمينه چئويره لر. بونونلا دا ايران و ائرمنيستان حوکومتين اونون کؤلگه سينده ساخلايالار. اينديکي وضعيتده کي، دسته-دسته گونئي آذربايجان گنجلري حبس اولونور، ايشگنجه يه معروض قالير، حتّی اؤلدورولور، بئله بير وضعيتده، بو جور آغير بير دورومدا جهد ائديرلر کوتله ني سيمگه و يا ميللي بايراق مسئله سي ايله مشغول ائده لر. چوخ گولونج حال بودور کي، بو ايشين سببين ميللي بيرلييه خاطير وورغولاييرلار، آما عملده چوخ جيدي ايختيلافلارا سبب اولورلار. موختليف بهانه لرله تانينميش شخصلره بهتان ووروب، اونلارين سياسي اعتيبارين آرادان آپاريرلار. بو نؤوع فردلرين صيفتينده ميلتچي نيقابي اولسا دا، آرخالاريندا ايرانين گيزلي پوليسي دايانير. 

   

  من بو مقالمده ايرانين گيزلي پوليسي نين يالنيز يارانما تاريخيني و اونون گونئي آذربايجانين ميللي حرکاتينا قارشي موباريزه مئتودوندان آز دا اولسا صؤحبت آچديم. اصلینده بو مؤوضوع بير يوخ، بير نئچه و يا سيلسيله يازيلار يازيلاسي مؤوضوع دور. اوميدوارام کي، بو يازيمي اوخويان سويداشلاريميز اؤز فيکير و مولاحيظه لرين بيزه گؤندره جکلر و بونولا دا گله جکده بو مؤوضوع نون گئنيش آچيلماسينا رواج وئره جکلر.