Dr.Doç.
Mübariz SÜLEYMANLI
Azərbaycan Dövlət Mədəniyyət və İincəsənət
Universitetinin
İSLAHATÇI ZİYALILARIN QADIN VƏ AİLƏ MÖVZUSUNDAKI
MÖVQELƏRİNƏ DAİR
(Əhməd
bəy Ağaoğlunun dünyabaxışı kontekstində)
Rusiyadakı
türk ziyalılarının XIX əsrin ikinci yarısından
etibarən mədəniyyət və cəmiyyət həyatı
ilə bağlı mütərəqqi ideyalar verməyə başladıqlarını,
habelə ailə və qadın problemlərilə yaxından
maraqlandıqlarını, bu problemləri islahatçı bir mövqedən
araşdırdıqlarını söyləyə bilərik. Bu
sahədə ilk cəhdlər Həsən bəy Zərdabinin
Əkinçi və İsmayıl bəy Qaspıralının
Tərcüman qəzetləri vasitəsilə göstərildi.
XIX əsrdə suffragett adı altında Qərbdə ortaya çıxan
və qadınlara ümumi səs və çalışma haqlarını
tələb edən feminizm hərəkatı aradan çox zaman keçmədən
Şərq ölkələrində Şeyx Cəmaləddin Əfqani
kimi bir sıra islahatçı ziyalıların da maraq dairəsinə
girməyə başladı. Mövzu ilə bağlı oxşar
müzakirə və mübahisələr başqa bir tərzdə
Osmanlı və Azərbaycan ziyalıları arasında da gündəmə
gəldi. Qərbdəki yeni inkişafları yaxından
izləyən bu ziyalılar, bunları öz
cəmiyyətləri baxımından
dəyərləndirməyə səy göstərdilər. Əksər
hallarda bu meyl özünü, ziyalıların Şərq
cəmiyyətlərinin ümumi bir böhran içində olduğu düşüncəsində
və yeni şərtlərə ancaq bir sıra islahat
səylərilə uyğunlaşa bilmək mümkünlüyü fikrində
göstərirdi. Beləcə, keçmişdə zəngin bir tarixi
təcrübəyə sahib olan islam ölkələrində XX əsrin
əvvəllərindən etibarən qərbliləşmə
yeniləşmə meyllərinin miqyasının getdikcə
genişləndiyinin şahidi oluruq. Əlbəttə bu meylin hüdudlarının
genişləndiyi hər yerdə, ənənəvi
təzyiqlər də hiss olunurdu. Qafqazda bu vəziyyətin qarşılığı
özünü cədidçi hərəkatın qarşısına mühafizəkarların
çıxmasında göstərirdi. Tərəflərin
cəmiyyət problemlərinın həllindəki əks mövqelərilə
bərabər, anlama tərzi baxımından bəzi ortaqlıqları
da var idi. Bir tərəfdən yeniləşmənin hüdudları
məsələsi ciddi şəkildə mübahisə edilirdi,
digər tərəfdən Şərq cəmiyyətlərinin
müasirləşmə problemi ilə bağlı bir axtarış
dövrü yaşadığı mövzusunda fikir birliyi vardı.
Əslində bu ortaqlıqdan, fikir birliyindən çıxış
edən bir qrup ziyalı Qərb dəyərlərini ön plana çıxarırkən,
digər qrup isə ancaq ənənəvi dəyərlərin
mühafizəsilə cəmiyyətun özünü tənəzzüldən
qoruya biləcəyini düşünməkdə idi. Beləcə,
yeniləşməyə qarşı çıxanlar, bunun
cəmiyyət böhranını sürətləndirəcəyi
həqiqətinə sığınırdılar. Birinci görüş
tərəfdarları, cəmiyyəti siyasətlə bütünləşdirmə,
onu siyasətin bir ünsürü halına gətirmə səyində
ikən, ikincilər mövcud cəmiyyət dəyərlərinin
siyasətə alət edilməməsi zərurətini ifadə
etməkdə idilər. Hər iki görüşün haqq qazandırılası
tərəflərilə yanaşı tənqid ediləcək
cəhətləri də var idi ki, bütün bunlar fikir birliyi üçün
müəyyən çətinliklər yaradırdı. Belə bir
situasiyada cəmiyyətdə geniş miqyaslı dəyişmələr
gerçəkləşmədiyi və dəyişiklik
tələbi də gəlmədiyi halda, bir qrup ziyalı
tərəfindən müəyyən (cəmiyyət strukturunun süni
olaraq dəyişməsini təmin edəcək)
təkliflər irəli sürülür. Dəyişiklik cəhdi
və təşəbbüsü cəmiyyətdən
gəlmədiyi üçün, mütərəqqi ziyalılar bu missiyanı
cəmiyyətin yeniləşmə yükünü öz üzərlərinə
götürürlər. Onlar islam cəmiyyətlərinin böhran və
məhv olma astanasında olması və bu səbəblə
yeniləşmənin qaçılmaz zərurət halına
gəlməsi qənaətindən çıxış
edərək, bu məsələdə öz baxışlarına
haqq qazandırma yolunu tuturlar. Təzyiq göstərən
digərləri isə, yeniləşmənin təxribat doğuracağı
fikrindən başqa bir şey düşünməməkdə
və alternativ bir həll yolundan da uzaq durmaqda idilər.
Şərqdə
qadın haqlarının təmsilçiləri olan şəxslərin,
əsasən qərblə yaxın əlaqələri olan,
Avropa təhsili almış və yaşayış
tərzlərini qərb qaydalarına uyğunlaşdıran
elita arasından çıxmış olmaları təsadüfi deyildi.
Rus yeniləşmə hərəkatınin liderlərilə
eyni düşüncə atmosferində yetişmiş, Paris
mədəni mühiti ilə yaxın təmas qurmuş, Sorbonna üniversitetində
Şərq mədəniyyəti və tarixinə dair təhsil
almış Əhməd bəy Ağaoğlu da məhz bu seçkinlər
sırasında idi.
Ağaoğlunun
türkçəyə İslamiyyətdə qadın adı
ilə Hasan Ali Ediz tərəfindən çevrilən (1959) əsəri
1901-ci ildə Tiflisdə (rusca) nəşr edilmişdir. Bu
əsərində Ağaoğlu, islamın tarixi proseslər içərisindəki
gedişatına bağlı olarak qadın mövzusunu işləmiş,
islamaqədərki və sonrakı dövrlərədək qadının
ictimai vəziyyətinin keçdiyi dəyişiklikləri
təhlil etmişdir. Kitab, Qafqazda müsəlman qadınının
vəziyyətinin yaxşılaşdırılması üçün mütərəqqi
islahatların zərurətini diqqətə alan ilk əsərlərdən
biri olması baxımından əhəmiyyətlidir. Ağaoğlu
bu kitabında XIX əsrin sonu və XX əsrin əvvəllərində
Qərbdə qadın haqlarının inkişaf təmayüllərindən
bəhs edərək, islamiyyətdən əvvəl ərəblərdə
və İranda, islam həyatında və islam qaynaqlarına görə
qadın mövzusuna açıqlıq gətirməyə çalışmışdır.
İslama
görə və islamiyyətdə qadını qələmə
aldığı dövrdə hələ türkçülük
nəzəriyyəsinin liderləri içərisində mövqeyini möhkəmlətməmiş
Ağaoğlu, islam mədəniyyətinə islahatçı bir
anlayışla yanaşmaqdadır və eynilə Ziya Gökalp
kimi islamlaşmaq idealını Qərb
dəyərlərindən qopmaq və ya uzaqlaşmaq olaraq deyil,
yeni bir kimlik çərçivəsində (islamın müasirləşməsi
zərurəti şəklində) idrak etməkdədir. Ağaoğluna
görə qadının Muhəmməd əleyhissəlam dövründəki
vəziyyəti, əski İran və islamaqədərki ərəb
mədəniyyətindəki durumuna görə olduqca yüksəkdir.
Ancaq sonralar İran və şiə təsirləri
səbəbilə və idarəedici sinif və üləmadan
bəzi insanların öz şəxsi mənafelərini hər
şeydən yüksəkdə tutmaları nəticəsində
qadının vəziyyəti tənəzzülə uğramışdır.
Ağaoğlu, islamaqədərki türklərdə qadının
vəziyyətinin yüksək olduğunu bildirir. Ancaq türk qadınının
bu statusu son dövrlərdə fars və süryani
mədəniyyətinin müqaviməti qarşısında dayana
bilməmişdir. O, sonralar türk islamının da qadına
lazım olan dəyəri verməkdən uzaqlaşdığını
irəli sürməkdədir. Sözügedən əsərin yazıldığı
dövrdə isə Azərbaycanda qadın, Ağaoğlunun
ifadəsilə, dini təəssübün qatı təzyiqi altında
qalmaqda idi.
Ailə
həyatı və qadın mövzusunda liberal bir yanaşmaya sahib
olan Ağaoğluna görə ailə fərdlərini bir-birinə
bağlayan əlaqələr zülm və təzyiqdən uzaq olmalıdır;
ailə qurumu könüllü birgəyaşayışa və bağlılığa,
qarşılıqlı sevgiyə, haqlarda bərabərliyə
və səmimiyyətə dayanmalıdır. Evlilik və ailə qurumu, ənənəvi
qızgördü üsuluna deyil, sərbəst razılaşdırılan
qarşılıqlı fərdi anlaşmalar təməlində
qurulmalıdır (2, s.96). Onun bu görüşləri,
islamiyyətin ilk dövrlərdə başladığı
islahatlarla cəmiyyətə yeni bir dinamizm və kimlik qazandırması,
ancaq zaman keçdikcə bu yüksək dəyərlərin xarici
təsirlərə məruz qalması mülahizəsinə söykənməkdədir.
Bu mülahizəsinə görə (üzərindəki yabancı yük
atılaraq, şiə-fars mədəniyyətinin mənfi çöküntülərindən
təmizlənərək, başqa sözlə, mirasın əhəmiyyətli
bir hissəsi rədd edilərək) Ağaoğlu, islamda
islahatlar aparılmasının zəruri olması
qənaətinə gəlir. Lakin bu əməliyyatdan sonra geriyə
nəyin qalacağı şübhəlidir. Görünür ki, bu ideyalarında,
XX əsrin şərtlərindən bir xeyli uzaq olan asr-ı
saadet dönemine Muhəmməd əleyhissəlamın yaşadığı
dövrə və islam peyğəmbərinin güclü islahatçı
şəxsiyyətinə söykənən Ağaoğlunun
əsl məqsədi qərbçı islahatlara zəmin hazırlamaqdan
ibarət olmuşdur.
Köçəri
türklərdə qadının rolundan bəhs edən Ağaoğlu,
tayfa-qəbilə hayatı yaşayan əski türk boylarında
qadın və ailənin yetərincə inkişaf etməmiş
olduğunu, kişinin döyüşkən təməl xüsusiyyətilə
ön plana keçdiyini, bu səbəblə ailə yaşamının
camaat yaşamına fəda edildiyini, qadının ikinci
dərəcəli ictimai statusa sahib olduğunu irəli sürür.
Bununla yanaşı türklər zaman-zaman daha geniş və
mərkəzi ictimai təşkilatlanmalara başlamışlar,
beləcə tayfa-qəbilə bağlarından uzaqlaşaraq
bir millət və dövlət halında bütünləşmişlər
(2, s.92). Türklərin daxili birliklərini quraraq mərkəzi
bir hökumət ətrafında toplanmalarıyla
qəbilə-tayfa qaydalarından qurtulmağa başladıqlarının
şahidi oluruq. Bu mərhələdə türk ictimai quruluşu
mədəni-oturaq cəmiyyətlərin sosial quruluşu
ilə bərabər bir səviyyəyə yüksəlmişdir.
Ağaoğlunun Durkheimçı yanaşmasını (8) xatırladan
bu təsbitlərində mütərəqqi bir sosioloji baxış
tərzi özünü göstərməkdədir. Ağaoğlu, türklərin
savaşçıtayfa nizamından çıxaraq oturaq-dövlət
quruluşuna keçmələrini ideal bir inkişaf tipi olaraq
dəyərləndirməkdədir. Beləliklə də o, türklərin
köçərilik və savaşçılıq xüsusiyyətlərini
itirmələrini, yüksək bir ailə həyatına qovuşmalarının
başlıca səbəbi kimi
dəyərləndirməkdədir. Başqa sözlə, köçəri
türklərdə qadının cəmiyyət içindəki
vəziyyəti haqqında çox da müsbət təsbitlərdə
olmamaqdadır. Ağaoğlunun bu fikrinə qarşılıq
olaraq isə türkçülüyün önəmli simalarından olan Gökalpda
bu mövzuya müsbət bir baxış hiss edilməkdədir. Gökalp
köçəri türklərdə qadınlara böyük bir sayğı
duyulduğunu bildirməkdədir. Türk Ahlakı adlı
əsərində köçəri türklərin bütün boylarında
ana soyu ilə baba soyunun birlikdə olduğunu, heç bir türk
boyunda ana soyu və ya baba soyunun ailənin tək hakimi olmadığını,
türk ailəsinin heç bir zaman patriarxal bir mənzərə daşımadığını
bildirməkdədir (9, s.162). Buna bağlı olaraq ictimai yaşam,
siyasət, hətta savaş belə qadınların
sərbəstcə fəaliyyət gösrətdikləri
sahələrdir. Ancaq Gökalp da, Ağaoğluna bənzər bir
şəkildə, bu özəlliklərin ərəb-islam
mədəniyyətinin təsirilə itirilərək pozulduğunu
irəli sürməkdədir.
Ağaoğlunun
II Məşrutədən sonarakı illərdə türkçü çalışma
arkadaşlarından biri olacak olan Ayaz İshaki isə köçəri
türk qadınını bu sözlərlə mədh
etməkdədir: Öz əfsanə, hekayə və nağıllarımız
türk qadınının tədbirli, vətənsevər,
ailəsi uğrunda hər bir çətinliyə hazır olduğuna,
analıq vəzifəsini yerinə yetirdiyi zaman göstərdiyi
cəsarəti, lazım olduğunda əsgərlik meydanında
da göstərə bildiyinə işarə etmişdir. Orta əsrlər
səyyahlarının təsvir ettiyi türk qadını bir kişi
qədər, kişiyə hər haqda bərabər, dövlət
işlərində böyük vəzifələr almış, uşaq
təhsilində, ailə idarəsində olduqca mahir və önəmli
bir ünsürdür. Bəzi islam tarixçilərimizin gözlərinə
İran xəyalçılığı və Bizans ikiüzlülüyü
pərdəsi çəkilmiş olduğundan, qadınlara qarşı
türkün bəslədiyi ehtiram və iltifat onlarca qeyd oluna
bilməmişdirsə də ümumilikdə, türklük aləminin böyük
simalı qadınlarını inkar da edə bilmirlər. Türk
qadınları arasından yetişmiş böyük alimlər,
şairlər, dövlət idarə edən minlərcə qadın,
kimsə tərəfindən qeyd və işarə
edilmədən keçib gedən böyük türk anaları tariximizin
hər bir səhifəsini yüzlərcə isimlərilə
bəzəyəcək qədər çoxdur (11, s.335-336).
Məşhur
ərəb səyyahı İbn Fazlanın
səyahətnaməsində, X əsrdə türk
qəbilələrində qadınların vəziyyəti
belə təsvir edilməkdədir: Oğuz qadınları
yerli və yabançı erkəklərdən qaçmazlar. Eyni şəkildə,
qadın, vücudunun heç bir yerini insanlardan gizləməz (12,
s.31). Bir islam səyyahını olduqca təəccübləndirən
bu örnək, türklərin islamiyyəti qəbul
etmələrindən sonra da yaşam alışqanlıqlarını
müəyyən bir formaya qədər qoruduqlarını göstərməkdədir.
Türklərdə örtünmə mövzusundakı sərbəstlik uzun
bir dövr ərzində davam etmişdir. Bəzi türkoloqların
qaynaqlarında, ərəb səyyahlarının köçəri türkləri
uzun müddət islamiyyətə tamamən yabançı və
assimilyasiya olma qabiliyyətləri zəif bir topluluq olarak gördükləri
mövzusunda bilgilərə rastlanmaqdadır (7, s.52).
Ağaoğlunun
tarixən İranda və ərəblərdə qadınların
vəziyyətinə dair mövqeyi də fərqlidir. Onun fikrincə,
Muhəmməd əleyhissəlamdan əvvəl Ərəbistanda
və Ərəbistanı çevrələyən ölkələrdə
qadın çox mənfi şərtlərdə yaşamaqdaydı.
Xüsusilə, İranda yüz illik fars ənənələrinin
basqısı altında qadın tam mənası ilə köləlik
yaşamına məruz qalmaqda, ictimai həyata fəal bir şəkildə
qatıla bilməməkdə idi. Bundan başqa, qanunlar da qadının
alınıb-satılmasına izin verməkdə idi. Qadın,
ərinin gözündə bir ev əşyasından fərqsizdi.
Ərəb ailəsində qız uşağının dünyaya
gəlişi o ailə üçün pis bir əlamət, Tanrının
bu ailəyə olan qəzəbinin ən açıq bir
ifadəsiydi. Ərəb, qızını diri-diri quma basdırar,
bir kölə kimi satar, istərsə hər hansı bir ev heyvanı
ilə dəyiş-düyüş edə bilərdi (1, s. 23-24).
Muhəmməd
əleyhissəlam ortaya çıxışı ərəfədə
də vəziyyət çox fərqlı deyildi. Bu
mərhələdə Ərəbistanda poliqamiya ən yüksək
dərəcəsinə varmışdı. Varlı ərəblər
o dönəmdə çox sayda qadınla bərabər yaşaya
bilərdilər. Bu qadınlar hüquqi səviyyədə heç bir
haqqa sahib deyildilər. Miras haqlarından və s. yararlana
bilməzdilər (1, s.25). Ancaq peyğəmbərimizin inqilabçı
və mütərəqqi məslək və davranışları
bu adətləri sarsıtmağa başladı. Ağaoğlu,
Quranın da qadını ucaltdığını düşünməkdədir.
O, kişi və qadının eyni xəmirdən yoğrulduğunu
bildirən ayətin, onların bərabər sosial statusa sahib
olmaları və Allaha qarşı bərabər ölçüdə
məsuliyyətləri şəklində şərh edilə
biləcəyini irəli sürərək, Qurana modern bir baxış
gətirməkdədir (1, s.29). Quran, qız uşaqlarının
diri-diri basdırılması ənənəsinə də son
verirdi. İslamiyyətin mənimsənilməsindən sonra
belə bu adətin bəzi islam ölkələrində müəyyən
şəkildə davam etməsi, ancaq köklü ənənələrin
müqavimətilə əlaqəli ola bilərdi.
Cəmiyyətlərarası
fərqliləşmələrin bir təzahürü və xarici dünyaya
qarşı yeni bir düşüncənin ifadəsi olaraq, islam dini
ərəblərə tarixlərində görünməmiş ölçüdə
bir fəaliyyət qabiliyyəti və inkişaf imkanı qazandırmışdır.
Yeni kimliyin yayılması, güclü bir təbliğat
fəaliyyətini zəruri etdiyindən qadınlara da önəmli
bir vasitəçilik vəzifəsi düşməli idi. Bu şərtlər
altında mədəni bir canlanma ilə yanaşı, ictimai
təşkilatlanmada da ciddi dəyişmələr meydana
gəlmişdir. Qadının ictimai vəziyyətinin dəyişməsi
məhz bu şərtlərin bir nəticəsi olmuşdur.
Həqiqətən də təşəkkül tapdığı
ilk dövrlərdə islamiyyət, qadının mənəvi
dəyərini yüksəldərək onlara elə geniş
haqlar vermişdir ki, Ağaoğluna görə, Fransa kimi qabaqcıl
Qərb ölkələri belə bu haqları tanıma
cəsarətini min ildən artıq bir müddətdə göstərə
bilməmişlər (1, s.32). Quranın qoyduğu əsaslara görə
artıq, qadınlar miras haqqından yararlana
biləcəklər, əşya kimi alınıb-satıla
bilməyəcəklərdi (1, s.29). İslam, yayılma dövrlərində
cox əhəmiyyətli qadın şəxsiyyətlər
də yetişdirmişdir. İslam, əvvəllər ərəb
cəmiyyətində kök salmış poliqamiya ənənəsini
yıxma çətinlikləri qarşısında qalmışdı.
Buna baxmayaraq poliqamiyanı imkansız səviyyəyə endirmiş
(ən azından məhdudlaşdırılmış formaya
salmış) və cəmiyyətə monoqamiyanı təşviq
edən qayda-qanunlar gətirmişdir (1, s.32).
Çarşab
ərəblərin islamlığa keçmələrindən
əvvəl yox idi. Muhəmməd əleyhissəlam dövründə
də örtünmə təşviq edilməmişdir. Ərəblər
peyğəmbərin ölümündən çox sonra, başqa
millətlərlə ünsiyyətə keçdikdən və
fatehlərin doğurduğu zənginləşmə
nəticəsində, xarakterləri pozulduqdan sonra çarşabı
qəbul etdilər. Quran, beləliklə, Asiyada qadının
dəyərini yüksəldirdi və ona, o zamana qədər
Şərqdə görünməmiş bir-sıra haqqlar tanıyırdı.
Lakin bu müsbət vəziyyət, başqa
cəmiyyətlərin təsirilə zaman keçdikcə pozulmaga
başlamışdır. Buna görə də Ağaoğlu,
islam dünyasının bu durğunluq və çöküş dövründən
çıxış yolu olaraq, islamın orijinal və gerçək
qaynaqlarına dönmə yolu ilə yaradıcı yeniliklərə
girişmək zərurətini vurgulamaqdadır. Amma sonradan görüşlərini
dəyişdirərək, ictimai həyatın bütün
sahələrində tam qərbliləşmə yolunu
təklif etmişdir. Bu zaman o, yazırdı ki, düşüncəmiz,
yaşama tarzimiz, zehniyyətimiz bütün yönlərilə qərbə
uyğunlaşdırılmalıdır (3, s.98-100).
Ağaoğlu,
qadının islamiyyətin tənəzzülü dövründəki
vəziyyətinə dair də maraqlı fikirlər söyləmişdir.
Belə ki, bu zaman bir sıra hallarda, islam ölkələrində
qadının dözülməz şərtlərdə yaşamasının
təməl səbəbi kimi islam dini göstərilirdi və
sosial-iqtisadi sahədə islam dünyasının tərəqqi
etməsinin bir şərtinin də islamdan uzaqlaşma olduğunu
müdafiə edənlər vardı. Ağaoğlu isə, bu mübahisəli
görüşün həqiqəti əks etdirmədiyini təkidlə
vurğulayırdı. O, bildirirdi ki, islamdan vazkeçildiyində bütün
sosial və iqtisadi problemlərin həll ediləcəyi inancı,
Bizansın Şərqdəki rolunu davam etdirən Çarlığın
Orta Asiya müsəlmanları üzərində tətbiq edtmək
istədiyi slavyanlaşdırma siyasətinin bir təzahürüdür.
Müasirləri kimi rus gimnaziyasında qərbli bir təhsil görməsinə
baxmayaraq Ağaoğlu, qadın problemini bilavasitə islam
dininin mənfi təsirlərinə bağlamır və bağlanmasını
da xoş qarşılamır. Bununla yanaşı son dövrlərdə,
islam dünyasında həqiqi bir böhran və tənəzzülün yaşandığına
diqqət yetirir. Qadının sosial mövqeyinin və rolunun
geriləməsi bu ümumi tənəzzülün yalnız bir
cəhətini nümayiş etdirir. Tənəzzül, islam dininin
daxili quruluşundan qaynaqlanmamaqdadır. Ağaoğlu, islamı
alçaldan başqa amillərdən söz açır. Bu amillər, öz
şəxsi mənafeləri üçün islamı degenerasiya edən
müəyyən təbəqələrin davranışlarında
ortaya çıxmaqdadır. Bunlar, başda idarəçilər olmaqla,
dövlətə bağlı ədəbiyyatçılar, katiblər,
mülki bürokratlar və üləma-din adamlarıdır. Bu üç sinif,
zaman keçdikcə öz vəzifələrini məsuliyyətlə
yerinə yetirməməyə başlamış, idarəçiliyin
kefə bağlı və despotik bir şəkil almasına
və dolayısı ilə islamın geriləməsinə
və tənəzzülünə təkan vermişdir (4, s.54-58).
İctimai həyatın təməl ünsürlərindən biri
olan ailə və qadın da bu geriləmədən payını
almışdır.
Ağaoğluna
görə müsəlman cəmiyyətində özünü büruzə
verən başlıca xəstəlik qadına və əlifbaya
(təhsilə) dəyər verilməməsindən
qaynaqlanmaqdadır. Cəmiyyətin təməl problemlərinın
həlli də bu sahələrdəki yeniləşməyə
bağlıdır. Ağaoğlunun təklif etdiyi proqram, mövcud
islami həyat tərzinin islahatlara tabe etdirilməsini
nəzərdə tutur. O, Ömər Xəyyamın bu sözlərinə
istinad edir: Əslində islamlığın heç bir qüsuru
yoxdur. Bütün qüsur bizim müsəlmanlığımızdadır.
Artıq müsəlmanlıq anlayışımızı, qadına,
təhsilə və sairəyə baxışımızı
dəyişdirmək məcburiyyətindəyik. Ağaoğlu,
islami yaşam tərzində bir sıra islahat və
tənzimləmələr aparıldığında, islam
mədəniyyətinin çöküşünün qarşısının
alınacağına, islamın əski qızıl dövrünə
geri dönüləcəyinə inanmaqdadır. Ağaoğlu ictimai
qüsurların səbəbini dinin özündən çox, dinlə
birlikdə ictimai həyatı ləngidən sosial amillərdə
axtarmaqdadır. Beləliklə, o, mövzuya bir din alimindən çox,
bir sosioloq kimi yanaşmaqdadır. İslam dünyasının gücsüzlüyünü
islam dininin öz dəyərlərinə və mənfi
təsirlərinə bağlamaq istəməyən Ağaoğlunun
bu mövqeyi, əlbəttə haqlı və köklü
səbəblərə söykənməkdədir. İslam
cəmiyyətinin geriliklərinin səbəbini dinə bağlayan
baxışın əksinə olaraq, dinin strukturuna söykənən
bir açıqlamanın mümkün olmadığını xatırladan
Ağaoğlu, Qərb Orta çağında hökmran olan inkvizisiya,
sürgün və kütləvi halda öldürmə hadisələrini
də yenə dinin, xristianlığın təsirinə bağlamanın
doğru olmadığını irəli sürür (1, s.22). Orta
əsrlərdə Qərbdə dini təəssüb və
vəhşət hadisələrinə nə qədər çox
rastlanırdısa, günümüzdə islamlıq da öz Orta Çağını
yaşamaqdadır. İslamlıqda bu gün gözə çarpan qüsurlar,
Orta çağda Avropada xristianlığa aid edilən qüsurlardan
fərqsizdir (1, s.23).
Ağaoğlunun
qərbyönlü təbliğatı mühafizəkarların qatı
bir islamçı reaksiyası ilə üzləşmişdir. Türkçülərin
cəmiyyətin düşüncə hayatında olduqca təsirli
olduqları bir dövrdə, islamçı polemik yazıları
ilə məşhur Səbilür-Rəşad dərgisində
çıxış edən Həsən Hikmət, çağdaş
islam qadınını qərb modelinə uyğun olaraq formalaşdırmaq
istəyən ziyalılara qarşı silsilə
məqalələr çap etdirmişdir. O, Hürriyət-i Nisvân
(Qadın özgürlüyü) adlı maqaləsində, Qərb
mədəniyyətinin bütün tərəflərilə
mənimsənilməsi tərəfdarı olan Ağaoğluna
cavab olaraq diqqəti, islami təməl və ənənələrdən
uzaqlaşdığı halda ailə həyatının
pozulacağına və qadının gerçək ictimai
dəyərini itirəcəyinə yönəldir. Həyatın
hər sahəsində qərbliləşməyı müdafiə
edən Ağaoğlunu isə, bir başqa məqaləsində
ictimai pozğunçuluqda ittiham edir (10, s.61). Sosial
elmlərin nəticələrinə istinad edən Həsən
Hikmət, cəmiyyətlərdə pozulma və
geriləmənin ilk növbədə ailə və qadından başladığını,
qadının ailədəki rolu zəiflədikcə
cəmiyyəti birləşdirən bağların da qırıldığını
bildirməkdədir. Onun fikrincə, Qərb
mədəmiyyəti ilə başladığı mübarizədən
məğlub çıxan islam dünyası qarşısındakı
yeganə alternativ bu mədəniyyətə
bənzəmək deyildir. Qərblə əlaqə məhdud
bir səviyyədə tutulmalıdır.
İslahatçı
ziyalıların qadın və ailə mövzusundakı mövqelərinə
Ağaoğlunun dünyabaxışı kontekstində yanaşıldığında
aşağıdakı nəticələrə gəlmək mümkündür:
Ağaoğlunun, Cümhuriyyət dövrü əsərlərində
ailə və qadın mövzusuna yeni və fərqli bir baxış
tərzilə yanaşdığını görürük. Türk tarixinə irq
nəzəriyyələri baxımından baxan hakim anlayışa
görə türklər, hindular və avropalılar kimi ağ Aryan
irqinə mənsubdurlar. Buna görə türklərin Qərb
mədəniyyəti ilə ayrılmaz və tarixi əlaqəsinə
sözdə nəzəri bir təməl qazandırılmaq
istənməkdədir. Ağaoğlu, Birinci Türk Tarix Konqresinə
təqdim etdiyi bir məruzəsində əski türk ailə hüququ
ilə Hind-Avropa ailə hüququnu bu yanaşmaya uyğun olaraq qarşılaşdırmaqda
və aralarında böyük bənzərliklər tapmaqdadır.
Romalılar, yunanıstanlılar və germanlar gimi Aryan irqinə
üzv olan türk və hind cəmiyyətlərində ata
hakimiyyətinin hökm sürdüyü və ailə münasibətlərini
tənzimləyən prinsip və əlaqələrin ortaqlığı
irəli sürülməkdədir. Bununla da, türklərin
adətən Qərb mədəniyyətinə təbii
mənsubiyyəti olduğu müddəasına elmi bir don geyindirilir
və nəzəri baxımdan bu ideyanın rəsmiləşdirilməsinə
çalışılır.
Göründüyü
kimi, Ağaoğlunun qadın problemi ilə bağlı görüşləri
zaman-zaman dəyişikliyə uğramışdır. İlk
əsərlərini yazdığı dövrlə türkçülüyü
mənimsədiyi dövr arasında qadın və ailə mövzusundakı
baxışlarında bəzi prinsipial fərqliliklərin əlamətləri
nəzərə çarpmaqdadır. Ağaoğlu ilk yazılarında
islam mədəniyyətinin peygəmbər zamanına aid
pozulmamış dəyərlərinə söykənərək,
islam qadınının modernləşməsi
zərurətini vurğulamaqdadır.
Ədəbiyyat
1.
Ağaoğlu
Ahmet, İslamiyette Kadın (Çev. H. A. Ediz). Ankara, Birey ve toplum
yayınları, 1985.
2.
Ağaoğlu
Ahmet. Üç Medeniyet, İstanbul, Milli Egitim Basımevi, 1972.
3.
Ağaoğlu Ahmet. İran ve İnkılabı.
4.
Agayef Ahmed. İslam
Aleminde Görülen İnhitatın Sebepleri. İslam Mecmuası, cilt:
1, sayı: 2, İstanbul, 1330.
5.
Ağayev
Əhməd. Şiə dinində məzdəki inancları (Fransızcadan
çevirəni Hamlet Qoca). Mədəniyyət dünyası, X
buraxılış, 2005, s.57-62.
6.
Ağayev
Əhməd. İslama görə və islamiyyətdə qadın
(rus dilindən tərcümə edəni: Rüfət Şərifov).
Mədəniyyət dünyası, XII buraxılış, Bakı:
2006, s. 31-50.
7.
Barthold
W. Orta Asya Türk Tarihi Hakkında Dersler. İstanbul, 1927.
8.
Durkheim
Emile. Din Hayatının İptidai Şekilleri (Çev.
Hüseyin Cahit), cilt: I-II, İstanbul, 1923-1924.
9.
Gökalp Ziya. Türk Ahlâkı, İstanbul,
1989.
10.
Hikmet Hasan. İçtimaiyatta Garbcılık ve
Bozgunculuk. Sebilür-Reşad, cilt: 21, sayı: 528-529.
11.
İshaki Ayaz. Türk Kadını. Türk
Yurdu, cilt: 3, sayı: 15, 1925.
12.
Onuncu Asırda Bir İslam Seyyahı:
İbn Fazlan Seyahatnamesi (Yay. Haz. R. Şeşen). İstanbul,
1975.
13.
Süleymanlı
M.A. Kulturoloji tədqiqatlarda Əhməd Ağaoğlunun İslama
görə və islamiyyətdə qadın əsərinə
elmi-tənqidi münasibətlər haqqında.
Mədəniyyət dünyası, XII buraxılış, Bakı:
ADMİU, 2006, s. 7-30.
14.
Özcan Ufuk. Ahmet Ağaoğlu ve rol değişikliği
(Yüzyıl dönümünde batıcı bir aydın). İstanbul,
Donkişot yayinlari, 2002.
15.
Özcan Ufuk. Ahmet Ağaoğlunun eserlerinde
kadın ve aile teması. Mədəniyyət dünyası,
XII buraxılış, Bakı, 2006, s. 67-76.
16.
Ağaoğlunun ail həyatı da bu düşüncələrinə
uyğun və tutarlı bir şəkildə formalaşmışdır.
Avropalı bir tərzdə yetişdirdiyi qızları Cümhuriyyət
dövründə qabaqcıl türk qadınları arasında yer tutmuşlar:
Tezər Taşkıran 1943-cü ildə Karsdan CHP millət
vəkili seçilmişdir. İstanbul Hüquq Fakültəsinin ilk qadın
tələbələrindən olan Sürəyya Ağaoğlu ise
Türkiyənin ilk qadın vəkilidir.
М.А.Сулейманлы
Об
отношении
представителей
интеллигенции-реформаторов
к
проблеме
женщины и
семьи
(В
контексте
взглядов
Ахмед-бека
Агаоглы)
В
статье
говорится о
реформаторских
инициативах
представителей
интеллигенции
конца ХIХ
начала ХХ
века.
Раскрываются
социально-политические
причины
актуальной в
тот период
проблемы
обновления
общественной
жизни.
Показаны
общность и
различия
взглядов
интеллигенции
к вопросу
семьи и
положения
женщины.
Проблема
анализируется
в контексте
мировоззрения
Ахмед-бека
Агаоглы. В
работе нашли
свое
отражение
взгляды
Агаоглы на
роль женщины
в семьях
турок-кочевников
и на
сформировавшееся
в Иране и у
арабов в годы
реакции
положение
женщины.
Приводятся
выводы
Агаоглы,
связанные с
решением
этой
проблемы.
M.A.Suleymanli
Remarks of reformist intellectuals on women issues
and their status within the family
(within
the context of Ahmed bey Ağaoğlus viewpoint )
Reformist
activities of the intellectuals during late XIX. century and early XX.th century
are mentioned in the article. Internal, political, scientific and cultural
reasons of the reformism issue which caused serious debates in Muslim societies
are explained. Common and divergent remarks made by reformist intellectuals on
women and family issues are depicted. The topic is analysed within the context
of Ahmed Bey Ağaoğlus viewpoint. The ideas of Ağaoğlu on
role of women within the family in migrant Turks, status of women in Iran and
Arap societies and during the fall of Islamic civilization are clarified. The
opinion of Ağaoğlu on solution of the problems are analysed.
Tel:
431 05 65 (ev); 050 624 54 82 (mobil)