Dr.Doç.
Mübariz SÜLEYMANLI
Azərbaycan Dövlət Mədəniyyət və İincəsənət
Universitetinin
AZƏRBAYCANDA
GENDER PROBLEMİNƏ DAİR İLK KULTUROLOJİ TƏDQİQAT
Bu
gün gender problemləri ilə bağlı Azərbaycanda kütləvi
informasiya vasitələrindən tutmuş elmi toplantı və
nəşrlərə qədər müxtəlif qurumlar
tərəfindən qızğın tədbirlər həyata
keçirilməkdədir. Mövzu ilə əlaqədar tanınmış
alimlərin bir sıra elmi tədqiqat əsərləri də
çap olunmuşdur. Amma nədənsə
cəmiyyətimizdəki müasirlləşmə prosesləri
fonunda qadın problemlərindən söz düşərkən
Azərbaycan milli mətbuatında hələ ötən əsrin
ilk illərindən müzakirə obyektinə çevrilmiş yazılardan
bəhs edilmir. Qadın problemi Azərbaycan elmi-nəzəri
fikri üçün tamamilə yeni bir hadisə kimi təqdim edilir.
Nədənsə XIX əsrin sonları və XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Qafqaz Şüyxülislamı Axund
Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası),
müfti Mirzə Hüseyn Əfəndi Qayıbov, görkəmli
Azərbaycan maarifçisi Mirzə Əbdürrəhim Talıbzadə,
Mir Məhəmməd Kərim Mircəfərzadə, Mirzə
Əbu Turab Axundzadə kimi onlarla ilahiyyat xadimləri və din
alimlərimizin bu yöndəki fəaliyyətlərindən,
nəşr edilmiş əsərlərindən bəhs edilmir.
Habelə Əhməd bəy Ağaoğlunun 1901-ci ildə
Tiflisdə rus dilində çap edilmiş “İslama görə
və islamiyyətdə qadın” adlı fundamental monoqrafiyasından,
Axund Yusif Talıbzadənin bu sahədəki yaradıcılığından
(1903-cü ildə islam aləmində qadın
tərbiyəsindən bəhs edən
“Hədiyyəyi-nisvan” kitabı və onlarla
məqalələrindən) və eləcə də digər
Azərbaycan ziyalılarının çoxsaylı elmi-publisistik yazılarından
söhbət belə getmir. Bir sözlə, son yüzildə mütəfəkkirlərimizin
qadın problemlərinə dair yazdıqları,
milli-mənəvi və dini baxımdan təqdirəlayiq olan
əsərlərin yenidən nəşri və təbliği
əvəzinə, sifarişlə yazılmış kitabların
nəfis şəkildə çapı, təntənəli
təqdimatı və pulsuz yayımı vasitəsilə,
nəinki qadın-kişi münasibətlərinə yaxşı
bir şey gətirilir, əksinə qadınlarımızın
mənəviyyatına mənfi keyfiyyətlər aşılanır
və minilliklərdən bəri varlığını mühafizə
etmiş ailələrimizin strukturuna təhlükələr yaradılır.
Əslində bu problem adı altında cəmiyyətimizə
atılmış mənəviyyatsızlıq toxumlarının
cücərməsinə şərait yaradılır ki, aşınmaya
məruz qoyulan, nəticə etibarilə dağıdılmasına
çalışılan isə ailə təşkilatımızdır.
Mənəviyyat işğalçılarının
cəmiyyətdə pozuqluq yaratmaq məqsədilə
hədəfə aldıqları əsas nişangahları da
məhz milli ailə formasıdır.
Odur
ki, gender sahəsində maarifçilik təbliğatının ailə
strukturlarımızın möhkəmləndirilməsi xeyrinə
aparılması üçün digər tədbirlərlə yanaşı
bu sahədəki tarixi təcrübənin
mənimsənilməsi məsələsinə, o cümlədən
Əhməd bəy Ağaoğlunun çoxsaylı kulturoloji
əsərlərinə də ciddi diqqət yetirilməlidir.
Çünki çoxyönlü elmi-mədəni fəaliyyəti ilə
Azərbaycan mədəniyyəti tarixinə zəngin irs
bəxş etmiş Əhməd bəy Ağaoğlu, həm
də islam dininin müxtəlif yönlərdən şərhinə
həsr edilmiş və dövrü üçün əhəmiyyətli olduğu
kimi günümüzdə də aktuallıq kəsb edən bir sıra
əsərlər müəllifidir. Onun Fransa, Azərbaycan və Türkiyə
mətbuatında çap olunmuş və islamın elm, maarif,
mədəniyyət dini olmasını açıqlayan yüzlərlə
məqalələrindən başqa, islamda qadın hüquq və
azadlıqlarını, elmi-mədəni tərəqqiyə
təkan verən amilləri şərh və təbliğ
edən monoqrafik əsərləri də vardır.
Ötən
əsrin ilk illərində Azərbaycan cəmiyyətini, daha
geniş anlamda isə Türk-İslam Dünyasını
tərəqqiyə və müasir dünyanın ən mütərəqqi
nailiyyətlərini əxz etməyə səsləyən yazılar
müəllifi Əhməd bəy Ağaoğlunun ilk çap olunan
kitabı “İslama görə və islamiyyətdə qadın”
əsəridir. İlk dəfə rusca nəşr olunmasına
baxmayaraq, din, millət, müasirlik, qadın və s. kimi
problemlərlə bağlı bir əsrdən artıq bir müddətdə
qızğın müzakirə və mübahisələrə
rəvac vermiş bu əsər müasir Azərbaycan kulturoloji
fikiri üçün də öz əhəmiyyətini saxlamaqdadır. Xüsusilə
də, gender problemlərinin yenidən gündəmdə olduğu
bir vaxtda bu əsər tarixi baxımdan daha çox dəyər
qazanmış olur. Tədqiqatçılar “İslama görə
və islamiyyətdə qadın” əsərini
mədəniyyət tariximizdə qadın problemi ilə bağlı
ilk fundamental elmi tədqiqat kimi dəyərləndirirlər.
Əsər nəşr olunduğu gündən mətbuatın,
elm və din xadimlərinin diqqətini cəlb etmiş və Ağaoğlunun
ilə bağlı tədqiqatların əksəriyyətində
bu əsərin mahiyyətinə toxunulmuşdur.
Əsərin
Tiflisdə və həm də rus dilində nəşr olunması,
təbii ki, bu haqda elmi və ictimai fikrin daha geniş
məlumatlandırılmasını əngəlləyirdi. Xüsusilə
də, o dövrdə Azərbaycanda türkcə mətbuatın yoxluğu,
əsərdə qaldırılan problemlərin müzakirəsi
imkanlarını məhdudlaşdırırdı. Bununla
belə, konkret olaraq həmin nəşrə istinad edilməsə
də, Ağaoğlunun orada qaldırdığı
problemlərə dair digər yazıları dövrü mətbuatın
nəzər-diqqət mərkəzində olmuşdur. Çünki
həmin məsələlər (bəzən fərqli
aspektlərdən dəyərləndirilmiş olsa belə) Ağaoğlunun
Fransa dövrü yaradıcılığından başlamış,
Tiflis və Bakı mətbuatındakı yazılarının
əsas mövzularını təşkil etməkdə idi. 1904-cü
ildən etibarən isə mətbuatımızın
“Həyat” və “İrşad” qəzetləri ilə başlanan
yeni intibah mərhələsində Ağaoğlu, eyni mövzuları
daha müntəzəm, müasir Avropa demokratik dəyərləri baxımından
daha modern meyarlarla qaldırdı və türkcə olması
səbəbindən xalqla daha yaxın ünsiyyət və müzakirələr
imkanı əldə etdi. Həllini gözləyən həmin mövzular
haqqında Ağaoğlunun az qala hər gün yazılar yazdığı
bir vaxtda, rusca nəşrin müzakirəsi və ya türkcə
yenidən basılmasının aktuallıq kəsb
etməməsi təbii sayılmalıdır. Xüsusilə
də, Ağaoğlunun, nəzəri şəkildə qaldırdığı
məsələlərin ictimai həyata tətbiqi ilə
də aktiv surətdə məşğul olması, bir az sonra
– 1908-ci ildən etibarən Türkiyəyə mühacirət
məcburiyyəti və bolşevik istilasından sonra isə
arzuolunmaz şəxs kimi onunla bağlı yazıların
tamamilə yasaqlanması və s. kimi səbəblər üzündən,
sözügedən əsərlə bağlı, mətbuatda
elmi-tənqidi müzakirələr səngimiş və
tədricən milli, dini və demokratik dəyərlər
zəminində olan hər bir fikri və əməli təbliğat
qadağan olunmuşdur. Odur ki, “İslama görə və
islamiyyətdə qadın” əsərinin elmi-tənqidi
təhlillərinə dair məlumatlar əsasən Türkiyədə
nəşr olunmuş araşdırmalarda öz əksini tapmışdır.
Bu barədə biz ilk geniş bilgini Yusuf Akçuranın “Türkçülüyün
tarixi” (5) əsərindən alırıq. Akçuranın bu
əsərindən aldığımız məlumatlar, onun
orijinal variantdan istifadə etməsi faktını tam açıqlığı
ilə ortaya qoyur (10).
Akçura,
əsərin məzmununu ifadə edən əsas məqamlara
toxunaraq vurğulayır ki, “Əhməd bəy bu
risaləsində islamın irəliləməsi və
geriləməsinə ölçü olaraq “qadın”ı almışdır.
Əhməd bəyin incələməsinə görə
Həzrəti Peyğəmbər, qadını, əski İran
mədəniyyətinə və islamdan öncəki ərəb
adətlərinə nisbətdə çox yüksəltmişdir.
Quranın ruhuna görə, birdən artıq arvad caiz deyildir.
İslam aləmində Quranın əmirlərinə, peyğəmbərin
sözlərinə, İrani və Süryani mədəniyyətlərin
qələbəsindən etibarəndir ki, qadın, kültürəl
və sosial mövqeyindən düşməyə başlamışdır.
“Türk-Tatar” qövmlərinin islamı qəbuluyla islam aləminə
hakim olmasından sonra, qadının mövqeyi təkrar yüksəlmişsə
də, bu qüvvətli ünsürün adət və qanunları belə
Şərqin ən əski mədəniyyətlərindən
olan İran və Süryan mədəniyyətlərinə qalib
gəlməyərək, qadın yenə kültürəl və
sosial baxımlardan düşmüş və nəhayət bugünkü aşağı
səviyyəyə enmişdir” (5, s.158).
Ağaoğlunun,
islam qövmlərinin qurtuluş və tərəqqisinə nail
olmaq üçün əhəmiyyətli və həllini zəruri hesab
etdiyi məsələlər, xüsusilə də, qadın və
əlifba problemləri barəsindəki fikirlərini daha çox
diqqətəlayiq gördüyündən, Akçura əsərin son
səhifələrinin tərcüməsini eynilə verməyi
məqsədəuyğun saymışdır. Ağaoğlunun
həmin səhifələrdəki fikirlərini ümumiləşdirilmiş
halda belə ifadə etmək olar ki, müsəlmanların qurtuluşu,
onların mənəvi, maddi, hətta siyasi tərəqqisi yalnız
iki məsələnin həllinə bağlıdır: qadın
və əlifba məsələsi. Müsəlman qadını
sərbəst və savadlı bir ana və həyat yoldaşı
olduğu təqdirdə öz sosial funksiyasını yerinə
yetirə biləcəkdir. Yalnız bu şərtlər daxilində
uşaqlarının xarakter və iradəsini tərbiyə
edə bilər, onlara yüksək fikir, duyğu və hisslər
aşılaya bilər. Bugünkü şərtlər daxilində
isə müsəlman qadının uşaqları bir sıra
mənasız mövcudiyyətlərdən ibarətdir.
Boğucu
hərəm havası içində keçirilən tənbəl
və sırf heyvani bir həyat, qadının fiziki inkişafına
izin vermədiyindən, irqin fiziki tənəzzülünə də
yol açmaqdadır. Əlifbanın çətinliyi isə oxuyub yazmağı
çox zorlaşdırdığından müsəlmanların ağıl
və qəlblərinin aydınladılması yolunu qapamaqdadır.
Qadın və əlifba: budur islam aləminin iki ən
həqiqi düşməni, onun müalicə olunmayan iki
xəstəliyi ki, onların təsiri altında bu aləm yavaş-yavaş
məhv olmaqdadır” (5, s.158-160). Akçura yazır ki, əsərin
ideyası da o dövrdə müsəlman ziyalılarının düşüncə
tərzinə uyğundur və islahat yoluyla müsəlmanları
çöküşdən qurtarmaq, inkişafa sövq etmək
mahiyyətindədir. Ağaoğlu, əsərdə bütün müsəlmanlarla
məşğuldur. Onun türkçülük duyğusunu, ancaq türklərin
qadına verdikləri dəyəri ifadə edən
sətirlərdən çıxara bilərik. Çünki Ağaoğlu
burada “Türk-tatar” qadınını idealizə
etməkdədir (5, s.160).
Ağaoğlunun
qadın problemi ətrafında düşüncələrinin lap
gənc yaşlarından formalaşmasına dair tədqiqatçıların
fikirlərini o, özü də təsdiqləyir. Səməd Ağaoğlunun
“Babamdan xatirələr” əsərindən öyrənirik ki,
Ağaoğlu hələ Tiflisdə tələbəykən,
bir erməni qızına dərs verdiyi anlardan qadınlarımızın
acınacaqlı vəziyyəti barəsində düşünmüşdür.
O, sonralar həmin hadisəni xatırlayaraq yazırdı ki,
“mən bu erməni qızına dərs verirkən, daima bacılarımı,
əmiqızlarımı xatırlayaraq heyrətlərə dalırdım.
Evimizdə on ikiyə qədər böyük-kiçik qızlardan bir
qisminin (bəzi Quran surələrini əzbərdən
bildiklərindən başqa) heç bir şey öyrənmədiklərini,
bilmədiklərini və bir çox nəsillər belə
gəlib keçdiyini və bir çoxlarının da belə davam
edəcəyini düşünür, yenə heyrət edirdim! Mən
hələ ki, hökm edəcək hal və vəziyyətdə
deyildim. Hətta aldığım tərbiyədən irəli
gələrək, qızların belə açıq-saçıq, oğlanlarla
görüşmələrini, onlardan dərs almalarını qınayacaq
bir zehniyyət içindəydim. Elə zənn edirəm ki, əyər
iki il əvvəl, mənə o erməni qızına dərs
vermək təklif edilmiş olsaydı şiddətlə
rədd edərdim. Çünki haramın iki tərəfi olduğuna
dərindən imanım vardı!” (2, s.81-82).
Yeniləşmə
hərəkatının vüsət aldığı tarixi
proseslərdə qadın problemi də diqqət mərkəzi
idi. Qafqazda cədidçilərlə mühafizəkarların bu
problem ətrafındakı çarpışmaları uzun illər
davam etmişdir. Problemi hər kəs qəbul edirdi, hamı
qurtuluş yollarını arayırdı: bir cəbhə
Avropada, digərləri ənənələrə
sədaqətdə görürdü. Mühafizəkarlar müasirləşmənin
cəmiyyətin tənəzzülünü sürətləndirdiyinə
inanırdılar. Bir qism cəmiyyətin siyasiləşməsi,
digər qism isə ictimai dəyərlərin siyasətə
alət edilməməsi tərəfdarı idi. Şərqdə
qadın haqlarını qaldıranların əsasən Avropada
təhsil almış və həyat tərzlərini Qərbin
həyat tərzinə uyğunlaşmış insanlar arasından
çıxması da təsadüfi deyildi və Ağaoğlu da zümrəyə
məxsus idi. Ağaoğlu islamda aparılacaq islahatlar
nəticəsində, onun ilkin vaxtlarda olduğu (qızıl dövrü
adlandırdığı) vəziyyətini alacağına
əminlik aşılayır. O, buna mane ola biləcək
amillərdən birinin qədim İran mədəniyyətinin
qurum və dəyərləri olduğu və türk qadınının
mövqeyini zəiflədən, türk kültürünün inkişafının
qarşısını alan əsas səbəblərdən
birinin də məhz bu olması düşüncəsindədir.
Təbii ki, iranlı kimi çıxış etdiyi Fransa mətbuatındakı
yazıları ilə müqayisədə bu mövqe təəccüblü
görünür.
Çikaqo
Universiteti Yaxın Şərq dilləri və
mədəniyyətləri bölümünün əməkdaşı,
tədqiqatçı A. Holly Shisslerin “İki İmparatorluk Arasında.
Ahmet Ağaoğlu ve Yeni Türkiye” adlı əsəri (4, s.216)
Ağaoğlu irsi, xüsusilə onun Fransa dövrü yaradıcılığı
haqqında yeni təhlillər ortaya qoymaqdadır. O, qadın
probleminə də toxunaraq yazır ki, “İslama görə
və islamiyyətdə qadın” əsəri, İran
cəmiyyəti ilə bağlı Fransada silsilə halında
yayımlanan yazılarından daha uzun deyildi, amma tək bir mövzu
ətrafında toplanmış olması səbəbiylə
ondan fərqliydi və onunla müqayisədə daha tamdı. Bu
əsərində Ağaoğlunun bir ziyalı kimi təmayül
və inkişafı haqqında çox bilgi vardır. Müntəzəm
olaraq və təfsilatlı bir şəkildə qadınlar
haqqında yazmasına baxmayaraq, müəyyən mənada qadın
mövzusuna müraciət etməsi, kitabının ən az maraq doğuran
tərəfidir. Qadınlar mövzusundakı görüşləri
səmimi olmaqla birlikdə, uzun müddətdə Ağaoğlunun
dünyagörüşünə daha çox yaxın olan başqa mövzuların
müzakirəsi üçün bir vasitə funksiyası görür. Dövrün bir
çox islam islahatçısı və ya islam dinini
bəyəndirməyə çalışanların əksinə
olaraq Ağaoğlu, bəzi hallarda qadınların da boşanma
davası aça biləcəklərindən heç söz açmır.
Bəlli ki, güclü ictimai və dini təzyiqi, qadınları
basqı altında tutan ünsürlər olaraq deyil, evliliyi gücləndirən,
onları qoruyan bir ünsür olaraq düşünürdü. Bu nöqtədə
o, qadınların acınacaqlı vəziyyətə düşməsini
tarixi şərtlərə bağlayır (4, s.218-219).
Ağaoğlu
əsərdə islam dininin çoxarvadlılığa münasibətinin
təfsirini verməyə çalışaraq poliqamiya haqqında belə yazır
ki, Məhəmmədin dövründə Ərəbistanda
və qonşu ölkələrdə hədsiz poliqamiya hökm sürürdü.
Əsrlərlə mövcud və yəqin ki, Şərq üçün
səciyyəvi olan bu sosial institutu birdən-birə yox
etmək mümkün deyildi; bu, həm də əhalinin temperamenti
və Şərq ölkələrinin iqlimi ilə bağlı
idi. Buna baxmayaraq, islam bütün Şərq üçün bu istiqamətdə
müsbət nailiyyətlər əldə etmişdi. Qanuna görə,
kəbinlərin sayı dörd kəbinlə məhdudlaşdırılmışdı.
Eyni zamanda, irəli sürülən şərtlər o
dərəcədə mürəkkəb idi ki, bu, faktik olaraq,
monoqamiya ilə nəticələnməli idi. Əsas şərt
isə bundan ibarət idi: ər, bütün qadınlarına qarşı
eyni dərəcədə ədalətli olmalıdır. Kamus,
İmam Fəxr Razi və Molla Fətullah “ədalət”
anlayışını belə izah edirlər: “ədalət,
ərlərin qadınlarına qarşı zahiri münasibətlərini
deyil, həm də onların hissi münasibətlərini
əhatə etməlidir; ər, nəinki bütün qadınları
ilə eyni tərzdə rəftar etməli, hətta onları
eyni dərəcədə sevməlidir”. Lakin, bu mümkündürmü?
Quran bu suala da cavab verir: “Siz heç vaxt qadınlarınızla
tam mənada ədalətli münasibətləri qura biməzsiniz”.
Təbii ki, bu, mümkün deyil. Bəs nə etməli? Bu suala da
Quran cavab verir: “Əgər sizin bütün qadınlarınıza
ədaləti gözləyə biləcəyinizə az da olsa
şübhəniz varsa, bir qadınla evlənin; bu, ədalətsizliyə
yol verməməyin, günah işlətməməyin ən yaxşı
vasitəsidir”. Gətirdiyimiz sitatlar islamın monoqamiya
tərəfdarı olduğunu təsdiq edir; bu, həm də
onu göstərir ki, gələcəkdə müsəlmanlar öz
dinini, onun mahiyyəti və yönümünü dərk edəndən
sonra, monoqamiya qələbə çalacaq. Ona görə də Quranı
və Məhəmmədi qadına qarşı düşmənçilik
münasibətlərində günahlandıran bəzi Avropa yazarları
haqsızdırlar; onlar həm də ayrı-ayrı müsəlmanların
qüsur və eyblərini islam dini ilə bağlayanda da haqsızlığa
yol verirlər; əksinə – bütün bu qüsurlar islama ziddir.
Quran, Asiya qadınını yüksəltmək istiqamətində
təşəbbüs göstərdi. Ona o dövrə qədər
Şərqdə görünməyən hüquqları bəxş etdi,
onu əsl qadın, əsl ana səviyyəsinə ucaltdı” (10, s.23-24; 1; 3).
Holly
Shissler Ağaoğlu ilə Qasim Əmin arasında
paralellər apararaq qeyd edir ki, bu islahatçı mütəfəkkir
Ağaoğludan fərqli olaraq bu barədə belə yazır: “Bu iki ayət
ələ alındığında (Qurani Kərim IV: 3 və
IV: 129) çoxarvadlılığın yasaqlandığı düşünülə
bilər və bu mülahizə məqsədə olduqca yaxındır.
Lakin peyğəmbərin örf və adətləri çoxarvadlılığın
yasallaşdırılmasını gərəkli etmişdir. Bu
ayətlər çoxarvadlılığa izin verir, amma Allah bunu
hər insanın öz təqdirinə bağlamışdır”
(4, s.223-224).
Müqayisələri
öz qənaəti ilə yekunlaşdıran Holly Shissler yazır
ki, yuxrıdakı istinadlardan anlaşıldığı kimi,
iki yazarın da çoxarvadlılıq haqqındakı görüşləri
və mövzunu işləmə tərzləri eynidir. Hər
ikisi də, doğru anlaşıldığı təqdirdə
islamın birarvadlılığı üstün tutduğunu gösrərmək
üçün Qurandan eyni ayətləri verirlər. Lakin Əmin, Quranın
çoxarvadlılığı təsdiq etmədiyini, amma izin
verdiyini söyləməklə kifayətlənirkən, Ağaoğlu,
Quranın təsdiq etmədiyi bir şeyə izin verməsinin
nədən gərəkli olduğunu tarixi təməldə açıqlamağa
girişir. Əslində hər iki yazarın yazıları
məqsəd və mahiyyət baxımından çox
bənzər olduğu halda anlayış baxımından aralarında
dərin bir ayrılıq görünməkdədir. Ağaoğlu,
Allahdan gələn vəhyin ictimai gerçəklərlə
şərtlənməsi fikrini önə sürərək Allahın
niyyətini tam və birbaşa olaraq gerçəkləşdirmənin
imkansızlığını göstərmişdir; insan oğlu
həqiqətdən ayrılmamışdır, həqiqətə
təsir edib dəyişdirmişdir (4, s.224).
Fahri
Sakal da müəyyən qədər Holly Shisslerlə eyni mövqedən
çıxış edir. Onun fikrincə, Ağaoğlunun islam dinilə
bağlı yazıları ümumi olaraq dövrün siyasi və
mədəni hadisələrini şərh edərkən verdiyi
örnəklərdir. Yoxsa islamla bağlı doğrudan yazı
yazmamışdır. Qadınların, əlifbanın,
mədrəsələrin vəziyyəti, islam aləminin
geriləməsi, xilafətin səltənətə dönüb
istibdadın islamı əzməsi və s. kimi mövzulara
həsr edilən yazıları əslində bütünlüklə dövrün
hadisələrini daha yaxşı şərh etmək üçündür
(8, s.132-133).
İslam
dünyasının çöküş səbəblərindən birisi
olaraq gördüyü qadın və ailə məsələsinin
həlli ilə müsəlmanların təkrar yüksələcəyini
də bildirən Ağaoğlu, müsəlman aləmini yüksəldəcək
qabiliyyətli gənclərin sağlam ailələrdə yetişəcəyini,
lakin mövcud ailə quruluşumuzdan gözlənilən xilaskar
fərdlərin çıxmasının imkansızlığını
irəli sürmüşdür (8, s.137). Ümimiyyətlə, ailə
və qadın mövzusu təkcə Ağaoğlunu deyil, müasiri
olduğu digər islahatçı mütəfəkkirləri də düşündürən
əsas problemlərdən olmuşdur. Heç təsadüfi deyildir ki,
İsmayıl bəy Qaspıralı da yeniləşmə
ilə bağlı fəaliyyətində dillə yanaşı
qadın probleminə də mühüm yer ayırmışdır.
Onun prinsiplərindən biri də məhz türk qadınına
azadlıq və kişilərlə bərabər hüquqlar qazandırılması
uğrunda mübarizə olmuşdur. İsmayıl bəyin “Qadınlar
ölkəsi” adlı əsərindən bəhs edən Yusuf Akçura
yazır ki, o, “Bu prinsipini də israrla və davamla gerçəkləşdirmək
istər. Onun gözündə millətin anaları, millətin
birinci tərbiyəçiləri qadınlardır; qadınlar
həyatı anlamayacaq olurlarsa, uşaqlarını həyata
qabiliyyətli olaraq yetişdirəməzlər. Millətin yarısı,
qadınlardır; onlar həyat və fəaliyyətdən uzaq
qalarlarsa, millətin həyat və fəaliyyəti də yarımçıq
qalar...” (5, s.72).
Ə.Ağaoğlu
irsinin tədqiqatçılarından olan Ufuk Özcan isə bu
fikirdədir ki, (7, s.75-76) müsəlman qadınının Avropa
yaşam standartlarına uyğunlaşdırılacağı
təqdirdə cəmiyyət problemlərinin də həll
olunacağı düşüncəsinin həqiqətə uyğun
olmadığı ortadadır. Çünki Qərbdə qadın
hərəkatı, ucuz işçi qüvvəsini təmin edən
kapitalist mexanizmlər içində qadının işgüzar
həyata fəal olaraq qatılmasının bir nəticəsi
olaraq ortaya çıxmış və getdikcə qadın haqları
sahəsində inkişafa nail olunmuşdur. Bunun əksinə
isə, belə bir sənaye və ictimai təşkilatlanmadan
məhrum olan Şərq cəmiyyətində qadının
statusunda bənzər dəyişikliklər olmadan qadın
və ailənin islahatlara cəlb edilməsi zərurəti
irəli sürülmüşdür. Elə Şərqdə qadın
haqlarının ictimai bir təşəbbüsün nəticəsi
olaraq inkişaf etməməsinin, yuxarıdan diqtə edilən
islahatların cəmiyyətə asanlıqla tətbiq oluna
bilməməsinin başlıca qüsurları da məhz bu
səbəblərdə axtarılmalıdır.
Azərbaycanda
gender problemlərinə dair ilk tədqiqatlardan olan “İslama
görə və islamiyyətdə qadın” əsərini,
eləcə də sırf islama aid digər kitab və çoxsaylı
məqalələrini çap etdirməklə, Ə.Ağaoğlu,
islam dinini təhriflərdən və qərəzli münasibətlərdən
qorumağa çalışmışdır. Bu əsərlərin,
Avropa elmi-nəzəri fikrinin yanlış şərhlərinə
təsir göstərmək cəhdləri ilə yanaşı,
xalqımızın mövhumat və xürafatdan qurtulub islamın
əsil mahiyyətini əks etdirən inanclara
yiyələnməsində də praktik əhəmiyyəti
olmuşdur.
Ədəbiyyat
1.
Ağaoğlu
Ahmet. İslamlıkda kadın (Türkceye çeviren: Hasan Ali Ediz).
İstanbul, Nebioğlu Yayınevi, 1959.
2.
Ağaoğlu
Samet. Babamdan hatıralar. Ankara, Zerbamat matbaası, 1940.
3.
Ağayev
Əhməd. İslama görə və islamiyyətdə qadın
(rus dilindən tərcümə edəni: Rüfət Şərifov).
“Mədəniyyət dünyası”, XII buraxılış, Bakı:
ADMİU, 2006, s.31-50.
4.
Shissler
A.Holly. İki İmparatorluk Arasında. Ahmet Ağaoğlu ve
Yeni Türkiye (Çeviren: Taciser Ulaş Belge), 1. Baskı. İstanbul
Bilgi Universitesi Yayınları, 2005.
5.
Akçura
Yusif. Türkçülüğün tarihi. İstanbul, Kaynak yayınları,
2001.
6.
Özcan
Ufuk. Ahmet Ağaoğlu ve rol değişikliği (Yüzyıl dönümünde
batıcı bir aydın). İstanbul, Donkişot yayinlari, 2002.
7.
Özcan
Ufuk. Ahmet Ağaoğlunun eserlerinde kadın ve aile teması.
“Mədəniyyət dünyası”, XII buraxılış, Bakı,
2006, s.67-76.
8.
Sakal
Fahri. Ağaoğlu Ahmed Bey. Ankara:,Türk Tarih Kurumu Basımevi,
1999.
9.
Süleymanlı
Mübariz. Kulturoloji tədqiqatlarda Əhməd Ağaoğlunun
“İslama görə və islamiyyətdə qadın”
əsərinə elmi-tənqidi münasibətlər haqqında.
“Mədəniyyət dünyası”, XII buraxılış, Bakı:
ADMİU, 2006, s.7-30.
10.
Агаев
Ахмед.
Женщина по
исламу и в
исламе.
Тифлис (Скоропеч.
М.
Мартиросянца,
Михайловский
пр. № 81), 1901.
М.А.Сулейманлы
Первый
в
Азербайджане
культурологический
трактат по
проблеме
гендера
Ведущей
силой
начавшегося
с первых лет
ХХ века
национально-культурного
возрождения
в
общественной
жизни
Азербайджана
были
представители
азербайджанской
интеллигенции,
в основном,
получившие
образование
в
европейских
университетах.
Одним из
важных
элементов их
борьбы за
общественный
прогресс и
приобщение к
достижениям
мировой
культуры
была
проблема
женщины и
семьи. В
статье
говорится о
заслугах
азербайджанской
интеллигенции
в решении
этой
проблемы.
Особенно
подчеркивается
культурологическая
сущность и
значение
книги Ахмед-бека
Агаоглы «Женщина
по исламу и в
исламе».
Анализируются
и обобщаются
данные
исследований
на эту тему.
Раскрывается
значение
книги с
позиции
исторической
преемственности
и решении
проблемы
гендера в
современную
эроху.
M.A.Suleymanli
Initial cultural research on gender problem in Azerbaycan
Since
early XX.th century, the pioneers of national move aiming rise of civilization
in Azerbaycan society were mainly the intellectuals who were educated in Russia
and Western world. One aspect of their struggle to develop the society and
adopting world’s scientific and cultural values was related with women and
family issues. Contribution of our intellectuals on this aspect are emphasized
in the article. Cultural value of Ahmed Ağaoğlu’s work named
“Status of women in Islamic belief and Islamic society”, first excellent
investigation on this topic is dealt with. The opinions of reseachers about this
work are analysed and depicted. Importance of the work in solution of gender
problems in ancient times and contemporary world are explained.
Tel:
431 05 65 (ev); 050 624 54 82 (mobil)