Bir müddət bundan əvvəl görkəmli şair və millət vəkili Sabir Rüstəmxanlı İranın dini rəhbəri Ayətullah Xameyneiyə açıq məktub yazıb, Güney Azərbaycanlıların insan haqlarını müdafiə etmişdir. Bu məktub İranın hökumət dairələrini çox qəzəbləndirmişdir. İran hökumətinə aid olan informasiya vasitələrində bizim dəyərli şairimizə çox çirkin ittihamlar vurulmuşdu. Ən gülünc hal budur, müəmmalı adamlar bu cür yazıları bizə göndərib, bizdən cavab istəyirdilər. Biz ancaq bir dəfə cavab olaraq yazdıq ki, İranda bir zərbi məsəl var, deyərlər axmaq adama cavab sükutdur. Əgər qərəzdən uzaq və məntiqə əsaslanan yazınız varsa, əgər tənqidi mahiyyət daşıyırsa da, fərqi yoxdur, bizi və ya Sabir bəyi, bunu azadtribunda dərc edib cavab verməyə çalışarıq. Amma buna baxmayaraq, Güney Azərbaycanın dəyərli yazıçısı və tədqiqatçısı İşıq bəy Sönməz öz yazısında Sabir Rüstəmxanlını müdafiə edib və ona qarşı şantaj aparanlara ağıza yumruq vuran yazı ilə cavab vermişdi.

Hər halda Sabir Rüstəmxanlı cənabları özü də bu ittihamlara qarşı bir yazı yazmışdı, biz onu aşağıda dərc edib və yurddaşlarımızdan xahiş edirik bunu fars dilinə çevirsinlər. Biz isə bunu fars şovenizminin qulluqçularına çatdıraq.

Hörmətlə azadtribun.

 

 

Biz düşmənçilik niyyətilə yazmırıq

2008-07-28 10:46:00

“İranda adlanan yeddə yaşayan və əhalinin az qala yarısını təşkil edən türklərin insan haqqları barədə danışmaq bu ölkənin daxili işlərinə qarışmaq demək deyil. Əvvəla, oradakı 35 milyon insan bizim doğma bacı-qardaşlarımızdır və biz onların taleyinə biganə qala bilmərik. İkincisi, insan haqları beynəlxalq hüququn təməl prinsiplərindəndir və heç bir ölkənin daxili işi sayıla bilməz”


(Cavabların cavabı)


İran İslam Cumhuriyyətinin dini rəhbərinə ünvanladığım diqqəti millətimizin taleyinə yönəltmək istəyimdən doğan xoş niyyətli məktubumun qonşu ölkədə düzgün anlaşılmayaçagını bilirdim. Bilirdim ki, sübuta ehtiyacı olmayan mülahizələrimin qarşısında söz tapa bilməyənlər xeyirxah niyyətimi bir kənara qoyub, hər cür şər-böhtana əl atacaqlar. Bununla belə, cavabların daha ağrılı olacağını, heç olmasa zərrə qədər reallığa yaxın mövqedən yazılacağını gözləyirdim. Amma əlimə çatan cavablar elə kor təəssübkeşlik, yalan, antiislam düşüncə nümunələridir ki, ciddi təhlilə və ya cavablandırmağa belə dəyməz. Ən çox heyrət doğuran budur ki, bu cızma-qaralar İranın rəsmi saytlarında, özü də aydın, ziyalı, universitet müəllimləri adından yazılmışdır. Aydındır ki, bu adlar şərtidir, yazanlar ayrı adamlardır. Ancaq özünü "Böyük İranın ziyalısı" sayan müəlliflərin bu qədər məhdudluğunu, məntiqsiz və ağ yalan danışdığını, özünü bu qədər uşaq yerinə qoyduğunu görəndə "Heyvanına şükür, İlahi!" deməkdən başqa söz tapmırsan. Görünür bu adamların anladığı bir dil vardır, o da təhqir, böhtan və yalan dilidir. Mən bu dildə danışmağı bacarmıram və istəmirəm. Mən onlara öz dilimdə, yəni adam dilində cavab verəcəm. Bu yazımın vətəndaşlıq qüruru, türk heysiyyəti olmayan adamların psixologiyasını dəyişməyəcəyini bilirəm. Ancaq belə dialoqlar zəruridir. Davam etməlidir ki, bəlkə bir gün Allah rəhm eləyə, onların bəsirət gözləri açıla, bütün dünyanın açıq-aşkar gördüyü həqiqətləri onlar da görə, vicdanları oyana və ağa ağ, qaraya qara deməyə cəsarətləri çata. Şükür, türk dili çox zəngindir və o qədər gözəl atalar sözlərimiz var ki, bir-ikisini yan-yana qoysam bütün cəhalət bayquşlarına cavab olar. Xalq özünü anlamazlığa vurub hamının bildiyi həqiqətləri də inkar edənlər haqqında gözəl deyib: "Necəsən, qanmayım, atan yansın!" Təəssüf ki, cavab verən "müəllimlər" bu yolu tuturlar. Gələk mətləbə: Mənə etirazları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar: Guya mən İranın daxili işlərinə qarışıram; DAK şübhəli bir təşkilatdır; İran türklərinin ana dili məsələsindən danışmaq olmaz, çünki onlar könüllü şəkildə "İranlıların milli dili" olan Fars dilində oxuyurlar; mənim İran haqqında məlumatlarım azdır; bütün Quzey Azərbaycan xalqı çoxdan İranın cənnət qucağına can atır; dövlətçiliyin İran modelindən başqa bütün modellər yalandır və nəhayət, İrana qarşı söz deyənlərin hamısı, istər səmimi olsun, istər qeyri-səmimi, sionizmə bağlıdırlar... Bu iradların bəzisinə münasibət bildirməyi özümə borc sayıram.

1. İranda yaşayan və əhalinin az qala yarısını təşkil edən türklərin insan haqqları barədə danışmaq bu ölkənin daxili işlərinə qarışmaq demək deyil. Əvvəla, oradakı 35 milyon insan bizim doğma bacı-qardaşlarımızdır və biz onların taleyinə biganə qala bilmərik. İkincisi, insan haqları beynəlxalq hüququn təməl prinsiplərindəndir və heç bir ölkənin daxili işi sayıla bilməz.

2. Hörmətli opponentlərim "Dünya Azərbaycanlıları Konqresi" ifadəsinə çox narahatlıqla və istehza ilə yanaşırlar. Başa düşmürlər ki, bu yolla on ildən artıq fəaliyyət göstərən böyük bir beynəlxalq təşkilatı gözdən sala bilməzlər. Azərbaycan türklərinin milli idealları uğrunda mübarizə eşqi durduqca DAK yaşayacaq və mən belə bir təşkilatın həmsədri olmaqla qürur duyuram. Dünyanın az qala bütün xalqlarının buna bənzər diaspora təşkilatları var. DAK taleyin hökmü ilə dünya ölkələrinə səpələnmiş bacı-qardaşlarımızın bir sıra problemlərinin həllinə kömək etmək istəyir və onu yalnız İrana yönəli bir təşkilat sayanlar yanılırlar. Digər İran xalqlarının da belə təşkilatları var. Maraqlıdır, onların fəaliyyəti də İranda DAK-ın doğurduğu qədər narahatçılıq doğururmu?

3. Məktubumu təhqir sayanlar nəzərə alsınlar ki, onu millətimin İran mətbuatında dəfələrlə müsəlmana və insana yaraşmayan bir şəkildə təhqir edilməsinə cavab olaraq yazmışam. Niyə belə düşünürlər ki, İran mətbuatı türkü necə istəsə təhqir edə bilər, bizsə bunu canımıza sinirməli, həqiqəti ortaya qoymamalıyıq. Türk tarix boyu öz düzlüyü, mərdliyi, dosta dost, düşmənə düşmən olmağıyla seçilib. Heç bir rejim millətimizin bu böyük mənəvi keyfiyyətlərini əlindən ala bilməz.

4 .Cavablar yalandan azərilər və təbrizlilər adından, "Ərdəbilin səsi" və "Təbrizin səsi" kimi verilir. Şübhəsiz belə deyil. Mən Təbriz tarixini kifayət qədər öyrənmiş və bu barədə yazmışam. Bura Azərbaycanın tarixi paytaxtı, böyük təbrizlilərin vətəni, inqilablar beşliyi, Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin, Pişəvərinin, dünya tarixi ilə yaşıd olan böyük bir türklük ənənəsinin mərkəzidir. Türklüyə qarşı çıxan, türk olmağa aşağılanmaq kimi baxan cahil və satqınlar təbrizli və azəri ola bilməz. Olsa da Ettelat-ın qulbeçəsi olar. Sovetlər dövründə adı azəri, özü rusdan artıq rus olan KQB ajanlarını çox görmüşük. Moskvanın xoşuna gəlmək üçün dədəsini də satmağa hazır olanlar o vaxtlar da var idi, amma tarix rüzgarı onları yer üzündən silib atdı.

5. Cavablardakı müraciət də maraqlıdır: "Cənab Sabir Rüstəmxanlı və ortaqları" yazırlar. (Nəzərinizə çatdırım ki, fars dilindən tərcümə qeyri-peşəkarlar tərəfindən edilməyib, amma yenə də, səhv ola bilər). Mənim ortağım Azərbaycanın azadlıq və bütövlüyünü istəyən bütün 50 milyonluq millətimdir. Sevinirəm ki, öz əməlim və həyatımla bu millətin az-az adamlara nəsib olan böyük sevgisini qazanmışam və ən böyük sərvətim də budur.

6. "Böyük İran" Güneyli qardaşımı bu qədər xoşbəxt edibsə, niyə məqaləsini öz ana dilində yaza bilmir? Əgər cavablar mənədirsə, mənim dilim türk dilidir. Yox, əgər bunu öz dövlətlərinə sədaqətlərini nümayiş elətdirmək üçün yazırlarsa, onda onu mənə yox, İran hökumətinə ünvanlamalıydılar.

7. Məni tarixi məlumata malik olmamaqda və elmi əsaslara söykənməməkdə ittiham edənlərə bildirməliyəm ki, düzdür, mən diplomlu tarix professoru deyiləm. Şairəm. Tarixi romanlar müəllifiyəm. Amma özümü bu məktub müəlliflərinə bənzər tarixçilərdən 100 dəfə artıq bilim adamı sayıram. Çünki bütün Şərqin onlarla xalqının tarixini talayıb, oğurlayıb İranın adına çıxan saxta cızmaqaraçıların dizlərini yerə gətirəcək dərəcədə məlumatlıyam. İranda xalqların "dil, kültür, ədəbiyyat, siyasi sistem, sosial həyat hüquqları baxımından eyni olduğunu" iddia edən alimlərin bütün tarix və həyat bilgisi tək bü cümləyə görə sıfıra bərabərdir və bu cümləni yazanların "elminin" bir quruşluq qiyməti qalmır. Elmin məzlum quzusunu siyasət canavarına yedizdirən bu cür tarix çobanlarının olmasından olmaması yaxşıdır. Cavabların birində yazılır: "İran azəriləri sair iranlı etniklər kimi pars dilini özlərinin birlik gətirən milli və elmi dili hesab edirlər və öz ana dilləri kimi müqəddəs sayırlar, danışırlar, yazırlar, qoşurlar və bu dili özlərinin milli kimlik və birlik dili sayırlar." Ola bilər İranda belələri tapılsın. Amma iki il öncə Cənubi Azərbaycan şəhərlərinin küçələrinə tökülmüş 100 minlərlə insan "haray-haray, biz türküz" deyirdi və öz ana dillərində məktəb tələb edirdilər. "Haray-haray, biz farsız" demirdilər.

8. Tarixdən xəbərsizlər Azərbaycanı "İrani bozorgun" tərkib hissəsi sayır, Arazın quzeyindəki torpaqları Azərbaycan yox, Alban-Aran bölgəsi hesab edirlər. İstəyir alban de, istəyir aran, bu torpaqlar neçə min ildir türk torpaqlarıdır. İranda da türklərin hansı coğrafiyada yaşadıqları hər kəsə bəllidir. Ad oyunbazlığı nəyi dəyişəcək ki? Nəzərinizə çatdırıram ki, Azərbaycan deyəndə həm də Turan düşünülür. Firdovsi min il öncə İran və Turandan danışırdı. Biz o Turanın, Alp Ər Tonqanın nəsilləriyik. Az ərlər şərq tarixinin elə qədim qatlarından gəlirlər ki, onda hələ bu bölgədə fars-təzik tanıyan yox idi. Az sözünün yayılma arealına baxsanız yetərlidir. Mən öz kitablarımı və araşdırmalarımı bir kənara qoyub özünü İslam alimi sayanlara İslam enkiklopediyasının dili ilə cavab vermək istəyirəm. 1979-cu ildə İstanbulda nəşr edilmiş İslam ensiklopediyasının Azərbaycan bölümündə yazılır ki, Azərbaycan ismi böyük İsgəndər zamanından gəlir. Cənub hüdudu Sisər bölgəsi daxil olmaqla Qızılüzən çayı, Şimal hüdudu isə Dərbənddir. Bu sürətlə bütün Aran Azərbaycana daxil olub, Bərdə şəhəri "Yuxarı Azərbaycan" adlandırılmışdır. ...Məsələn, Nuşirəvan zamanında Dərbənd qalalarını bina edən Barzius pəhləvi kitabəsində "Azərbaycan maliyyə müdiri" ünvanı ilə anılmışdır. Ərəblər də Azərbaycan ilə Ərməniyyə, Şirvan və Aran idarəçiliyini birləşdirib bu ölkənin heyyəti-ümmuyəsinə Ermənistan, yaxud Azərbaycan adını vermişdilər. Bu zamanlarda Azərbaycan cənubda Həmədan məntəqəsindən başlayıb şimalda Dərbəndə qədər uzanan böyük bir ölkə olmuşdur. İstəhri isə Erməniyyə ilə Aran və Azərbaycanın toplu bir xəritəsini vicuda gətirərək buna "Azərbaycan xəritəsi" demişdir. Bu zat Xəzər dənizi xəritəsini çəkərkən də Dərbəndə qədər uzanan bütün sahəni Azərbaycan olaraq göstərmişdi. İlhanlılardan sonra Azərbaycanın tamamilə türkləşməsi və hər yerdə eyni ləhcədə danışması səbəbindən Aran və Şirvan tərəfdəki türklərə Azərbaycan türkləri, yaxud Azəri türkləri deyilməyə başlamışdır. Evliyyə Çələbi Qarabağa "kiçik Azərbaycan" dediyi kimi, Qafqaz tarixçisi P.Butkov Şəki, Gəncə, Şuşa, Şamaxı, Bakı, Quba xanlıqlarını Azərbaycan xanlıqları adlandırmışdı. ...
Turklər görünür miladdan öncə yeddinci əsrdə sakların səfəri əsnasında buraya gəlib hakim zümrəni təşkil etmişdilər. ...Müaviyyənin "Azərbaycan harasıdır?" sualına Übeyt b. Sariya ismində biri "Bu əskidən türklərə aid bir məmləkət idi" cavabını vermişdir... Bunlar İslam ensiklopediyasının fikridir. Bəziləri sonralar daha da dəqiqləşdirilmiş, həqiqətə yaxın olan fikirləridir. Buna bənzər yüzlərlə misal çəkmək olar. İndi neyləməliyik? Qədim mənbələrə və İslam ensiklopediyasına inanaq, yoxsa XXI əsrdə Azərbaycan adını unutdurmağa çalışan fars nökərlərinə, kəsrəvilərin, mahmudilərin, İnayətulla Rzaların davamçılarına? 9. Müəlliflər bilmirlər ki, Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan xanlıqlarının təxminən yarısı quzeydə, rusların işğalı altına düşəndə İran dedikləri ərazidə hakimiyyət Qacarların əlində idi. Ölkədə daxili çəkişmələr (bu işdə fars separatçıları ciddi rol oynayırdılar) nəticəsində mərkəzi hakimiyyət zəifləmişdi. Buna görə də Azərbaycan türkləri iyirmi müstəqil xanlığa parçalanmışdı. Onların hər biri özünü ayrıca dövlət sayırdı. Rusiya ilə müstəqil danışıqlar aparır, müqavilələr bağlayırdılar və Rusiya tərkibinə də Azərbaycan xanlıqları adı altında qatılmışdılar. Cavablarda Azərbaycan xanlıqlarının bu iki yüz illik parçalanmadan sonra birləşmək arzusunu Arazdan şimaldakı türklərin "böyük İran vətənlərinə" məhəbbəti kimi yozurlar. Bəli, Azərbaycan türklərinin qonşu kimi İrana da məhəbbətləri var. Amma iki yüz il sonra fikirləşirsən ki, nə yaxşı Azərbaycanın quzeyi Rusiya tərkibinə keçdi. Çar Rusiyasının ağır şərtləri altında olsa da ana dilli məktəblər aça bildilər. Milli ziyalılarını yetişdirdilər və məhz onların fəaliyyəti nəticəsində bugünkü müstəqil dövlətimizin, yəni Şərqdə ilk demokratik cümhuriyyətin təməli qoyuldu. Quzey Azərbaycan da İranın tərkibində qalsa, yəqin ki, indi "Böyük İran"dakı müsəlman-şiə qardaşlarımızın mərhəməti sayəsində, biz də bəziləri kimi fars dilini "milli dilimiz" sayaraq, kimliyimizi unuda-unuda "Böyük Farsistan" nəğmələri oxuyacaqdıq. Bəli, Arazın güneyində və quzeyində qardaş həsrəti "köz altında alov" kimi yatmaqdadır, sönməyib, lakin bu, bütöv İran istəyinin alovları deyil. Bütöv və böyük Azərbaycan eşqinin və həsrətinin alovlarıdır. 10. Müəlliflər mənim Ali Dini rəhbərə hörmətlə etdiyim müraciətin müqabilində Azərbaycan Respublikası iqtidarı haqqında həqiqətə uyğun olmayan və tənqidi ifadələr işlətmişlər. Quzey Azərbaycan cəmi 17 ildir müstəqilliyini bərpa etmişdir, müharibə şəraitində yaşayır. Lakin biz İslam dünyasına üzağlığı gətiririk, müsəlmanların çağdaş demokratik tələblərə uyğun idarəçilik sistemi qura bildiklərini nümayiş etdiririk. Bunu bütün dünya etiraf edir. Quzey Azərbaycan türkləri öz talelərinin sahibləri olmaqla ana dilində misilsiz sənət abidələri yaratmış, mədəniyyətin bir çox sahələrində bölgə dövlətləri üçün əsl örnək olmuşdular. Yetişdirdiyi böyük sənətkarların dünyaca şöhrəti var və bu iş ildən-ilə sürətlənir. İqtidar-müxalifət münasibətləri bizim daxili işimizdir, demokratiyanın inkişafına kömək edir və bizi bir dövlət olaraq ildən-ilə möhkəmləndirir. Buna görə də qardaşlarımız bizim qısa müddətdə keçdiyimiz yolla fəxr etməlidirlər. Çünki biz dünyada yaşayan Azərbaycan türklərinin tək bir dövlətiyik! Azərbaycan Respubliukası dünyəvi dövlətdir, hər bir Azərbaycan türkü vicdan azadlığına malikdir, bizdə din azadlığı və başqa dinlərə dözümlülük vardır, hər il onlarla, yüzlərlə məscid, ibadətxana tikilir. Lap bu günlərdə Bakıda vaxtilə Stalin rejiminin dağıtdığı Bibi Heybət məscidi ən yüksək səviyyədə yenidən tikilib xalqın istifadəsinə verildi. Təzə Pir məscidi və Qafqaz Müsəlmanları İdarəsinin yenidən qurulmasına dövlət külli miqdarda vəsait ayırdı. Buna görə Azərbaycanı "dinə qarşı olan" bir dövlət saymaq ən azı vicdansızlıqdır və bu sözlərlə İslamın İrandakı acı durumunu, yəni fars şovinizminin alətinə çevrilməsini, antiislam prosesini pərdələmək mümkün deyil. Biz Dinin siyasiləşməsinə qarşıyıq, İrana dost kimi yanaşırıq, təəssüf ki, İran din pərdəsi altında Azərbaycan Respublikasında çox vaxt öz gizli siyasi təbliğatlarını aparmağa çalışır. Atalarımızın başqa bir gözəl sözü də var: "Özünə omac ova bilmir, başqasına əriştə kəsir". Opponentlərimin iddiasına görə, Azərbaycan Respublikasının tək bir yolu var ki, o da öz təhsil, mədəniyyət, təhlükəsizlik və iqtisadiyyat sistemlərini İran İslam Respublikası sisteminə uyğunlaşdırmaqdır. Sanki 35 milyonumuz bu yolla xoşbəxt günə çıxıb, biz qalmışıq! Bir müəllif isə belə bir başından böyük iddiada bulunur ki, guya keçmişdə heç Azərbaycan adında ölkə olmayıb və Azərbaycan adından danışmaq yalançılıq və boşboğazlılıqdır, biz məktəblərimizdə öz tariximizi öyrətməklə şionizmə, küfrə xidmət edirik. Ona məsləhət görərdim ki, Təbriz məscidlərindən birinə gedib özünə bir ağıl duası yazdırsın, bəlkə köməyi oldu. Biz belə nağılları rus işğalı altında olanda çox eşitmişik. Güneydə fars, Quzeydə rus hegamonluğu bizi məhv etmək, milli kimliyimizi unutdurmaq üçün məhz bu primitiv üsuldan istifadə edirdi. Vətən tarixi deyəndə SSRİ-də rus, İranda fars tarixini öyrətməklə bizi əridəcəklərini düşünürdülər. Şükürlər olsun, müstəqillik bizə o imkanı verib ki, tarix güzgüsünü belə yalanlardan təmizləyək, özümüzü olduğumuz kimi görək və tariximizlə qürur duyaq! Biz başqalarından oğurlayıb özümüzə qondarma tarixlər yazmırıq. Nəyimiz var, özümüzə yetər! Farsın heç nəyini Azərbaycan adına çıxarmırıq, amma hörmətli opponentim diqqətlə baxsa görər ki, ümumiran adına dünyaya sunulan böyük mədəniyyət incilərinin çoxu məhz Azərbaycan türklərinə məxsusdur. Bunu yalnız səfeh adamlar görməz! İranda ana dilimizdə məktəbin olmaması, dilimizin sıxışdırılması barədə dediklərim mənim tərəf müqabillərimə dardüşüncəlik və etnik xəstəliyə yoluxmağım kimi görünür. Yəni, quru oturub yaşın gününə ağlayır! Özü ana dilində iki cümləni yan-yana yaza bilməyən hansı geniş düşüncədən danışır görəsən? Niyə sənin fars dilini "milli dil" sayıb müdafiə etməyin normal bir işdir, ancaq mənim ana dilimi müdafiə etməyim dardüşüncəlik sayılır? Bəlkə Allah bu hegemonluğu farsın alnına yazıb? Allah ona hansı xüsusi istedad verib ki, bizdən üstün olsun? Əgər belələri türk olmağı qəbahət hesab edirlərsə, deməli dədələrindən xəbərləri yoxdur, gedib ilk növbədə kimin belindən gəldiklərini aydınlaşdırsınlar. Bizim farslarla heç bir düşmənçiliyimiz yoxdur. Yaxın qonşularımızdır. Bir çox məqamlarda tale və tarix ortağı olmuşuq. Mədəniyyətimizdə, yaşayış tərzimizdə də ümumi cəhətlər kifayət qədərdir. Firdovsinin qələmə aldığı İran-Turan qarşıdurması, orta əsrlərin İran-Osmanlı müharibələri, bu gün İranda türkləri öz haqlarından məhrum etməklə ölkə daxilində ikitirəlik salmaq, əslində hər iki xalqı zəiflədib, bölgəyə hakimlik etmək istəyənlərin yüz illərlə apardıqları gizli oyunların nəticəsidir. Bu işləri törədənlər düşmən məfkurələrinə xidmət etmişlər. Mənə cavab verənlər də Türkün aşağılanmasına göz yummaqla bu işi davam etdirirlər. Sadə fars əməkçisi də elə türk kimi bir tikə çörəyin peşindədir, zülüm çəkir. Onunla bizim aramızda heç bir ayrı-seçkilik yoxdur. Bunu başa düşürük və fars qardaşlarımızı köksümüzə sıxmağa hazırıq. Ancaq bu qardaşlıq şüarları altında aşağılanmağımıza, ikinci sinif millətə çevrilməyimizə, dilimizin qəsdən fars kəlmələri ilə doldurulmasına, tariximizin və böyük mədəniyyətimizin danılmasına yol verə bilmərik. Qardaşlıq səmimi olmalıdır. Sayqı görməliyik ki, sayqı da göstərək. Məktublarda təkidlə Nizami Gəncəvi, Xaqani Şirvani, Şəhriyar kimi dahi şairlərimizin türk olduqlarını dilə gətirməmələri vurğulanır. Nəzərə almırlar ki, həmin dövrlərdə millət anlayışı bugünkü mənada gəlişməmişdi. Müxtəlif xalqların nümayəndələri özlərini İslam ümməti sayır və kimin hansı xalqdan olduğunu nəzərə almadan ümumi İslam mədəniyyətinə xidmət edirdilər. Bölücülük məhz İran tərəfdən başlanıb və onlar fars dilində yazanların hamısını özlərininki hesab etməklə başqa xalqların mənəvi sərvətlərinə əl qoymağa çalışıblar. Eyni zamanda nəzərə almalıdırlar ki, İslam ədəbiyyatı, Avropa ədəbiyyatı, sovet ədəbiyyatı kimi İran ədəbiyyatı da şərti bir anlayışdır. Sovet ədəbiyyatı anlayışı altında rus, Ukrayna, Litva, qırğız, azəri və s. ədəbiyyatlar mövcud olduğu kimi, İran ədəbiyyatı deyiləndə də İranda yaşayan ayrı-ayrı xalqların ədəbiyyatlarının məcmuu başa düşülür. Nizami və ya Şəhriyarın türk olduğunu göstərmək üçün vaxt sərf etməyə heyfim gəlir. Sadəcə Nizamini yenidən oxumalısınız. Nəzərə almalısınız ki, 12-ci əsr Gəncəsində fars yaşamırdı. Şəhriyarın "Türk divanı"ndan isə danışmıram. Çünki onu oxusanız da, anlamazsınız. Opponentlərim dönə-dönə İranda etnik problemin olmadığına, farsla türkün hüquq bərabərliyinə inandırmağa çalışırlar. Təbii ki, belə düşünənlər var. Qədimdə, quldarlıq dövründə azadlıq verilən qulların bu azadlıqdan imtina etmələri haqqında çoxlu misallar var. Çünki onlar azadlığı dadmamışdılar və onun nə olduğunu bilmirdilər. Elə bilirdilər qarınları doyursa, yatmağa yerləri varsa - xoşbəxtdirlər. Bunun yaşamaq yox, gün keçirmək olduğunu dərk etmirdilər. Hər kəs öz azadlığını bir şeydə görə bilər. Ancaq türk milləti qul olmayıb və ola bilməz. Mənim xalqımın bu qeyri insani münasibətlə barışacağını düşünənlər Allahın ən cahil bəndələridir və gec-tez öz səhvlərini anlayacaqlar. İddia edirlər ki, İran Azarbaycanla Ermənistanın hər ikisinə dostdur. Onlara bir gözlə baxır. Görəsən İslam xeyirlə-şərə, işğalçıyla zülm altında olana bir gözlə baxmağı qəbul edirmi? Nəhayət, məktubuma cavab verənlər məsləhət görürlər ki, mən İranın cari məsələlərini və sivilizasiyasını bilmək üçün İran universitetlərinin müəllimlərindən elm öyrənməliyəm. Yəqin özlərini nəzərdə tuturlar. Mən bütün ömrüm boyu öyrənmişəm, bundan sonra da öyrənməyə hazıram, ağıllı insan hətta cahildən də nə isə öyrənməyi bacarandır. Bu məsləhəti verənlərdən də nəyi isə öyrənməyi özümə əskiklik saymıram. Və doğurdan da bu yazışmalardan mükəmməl bir dərs aldım. Biz - gəncliyini Sovet Hakimiyyəti illərində keçirənlər tariximizə, dilimizə, milli kimliyimizə məhəbbəti bizi assimilyasiyaya uğratmağa çalışanların tənqidi əsərlərindən öyrənirdik. Allahsızlıq çağırışları bizi daha çox öz dinimizə bağlayırdı. Azərbaycan xalqının qürur duyduğu tarixi hadisələr və şəxsiyyətlər tənqid olunduqda biz əsl həqiqətin harda olduğunu duyur və daha çox özümüzə sahib çıxmağa çalışırdıq. İndiki yazışmalardan aldığım dərslərdən biri də bu oldu ki, İranda türklər sıxışdırıldıqca böyüyəcəklər! Bir də aydın oldu ki, artıq mənim hər bəsit yazıya cavab verməyimə ehtiyac yoxdur. Sağ olsunlar cavanlarımız. Yetişirlər və belə cızma-qaraların layiqli cavablarını verirlər. Məktubların birində məni aşağılamaq üçün bir şer parçası da verilib. Mən həmin "dostuma" uzun illər bundan öncə yazdığım "Vətənsiz" poemamdan kiçik bir parça ilə cavab vermək istəyirəm: Bəs sənin heysiyyətin? Bəs özunə hörmətin? Bəs halal ana südü? Damarından axan qan? Səni ayaq altına atan bir qaniçənin Nə iştahla yenə də öpürsən ayağından? Niyə öz çırağını öz əlinlə söndürüb, Millətinin ruhuna doldurursan zülməti? Biz ki, öz dilimizdə kəlmə kəsə bilmirik, Bəs onda başqasından necə umaq hörməti? Özün öz külümüzü sovurub verdin yelə, Satdın öz mənliyini! Burda talan neyləsin? Gəl daha siyasəti gətirməyək araya! Daha burda istibdad, qanun, filan neyləsin? Kim nə deyə biləcək İran cəlladlarına Günahkarı axtarma! Yana baxmasın gözün. Özün öz tərbiyənlə övladını yad edib Damarını kəsirsən - ən böyük cəllad özün!



Sabir RÜSTƏMXANLI

Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
Millət vəkili, Xalq şairi.