Milli birliyə doğru!

Güney Azərbaycan Milli Hərəkətinin Simbolu

(Müraciət)

                

 

Giriş:

 

Güney Azərbaycan milli hərəkəti genişləndikcə uluslararası təşkilatlarda diqqətə layiq yer açmışdır. Bununla belə Güney Azərbaycan və Güney Azərbaycan milli hərəkətini ifadə edən bir simbolun zəruriliyi ortaya çıxmışdır. Ötən illərdə bəzi qrup və təşkilatlar bu zərurəti düşünərək neçə – neçə bayraq terhi önərmişlər. Təəssüflə zaman içərisində önərilən bayraqlar milli bayraq mahiyyəti qazana bilməmiş və sadəcə təşkilat səviyyəsində dəstək qazana bilmişdir. Bu məsələ get – gedə millət, milli fəallar, qrup və təşkilatlar arasında ixtilafların yaranmasına zəmin yaratmışdır. Şübhəsiz ki, deyilən mövzü zaman gedişində ixtilafların daha dərinləşməsinə nədən ola bilər. Azərbaycan milli hərəkətinin bu önəmli probleminin həlli doğrultusunda ötən aylar içində Güney Azərbaycan milli hərəkətinin bir qrup müstəqil fəalları tərəfindən uzun və sürəkli mübahisələr aparılmışdır. Mübahisələr əsasında yararlı və müəyyən nəticələrə vardıqdan sonra problemın həlli yolunda demokrasi usullarını göz önünə alaraq bir çox milli – siyasi fəal, qrup və təşkilatlarla geniş müzakirələr gərçəhkləşmişdi. Deyilən mübahisə və müzakirələrin nəticəsi olaraq ulu Azərbaycan milləti və dəyərli Güney Azərbaycan milli hərəkəti fəallarına müraciət olunur:

 

 

 

 

Ön söz:

 

Tarix boyu millətlər öz varlıqlarını başqa millətlərdən ayırmaq və özəlliklərini ortaya qoymaq üçün simbollar yaratmışlar. Simbollar millətlərin yaşamından alınan və onları ifadə edib və tanıtdıran eyni bir varlıqdırlar və millətlərin tarix, kültür və yaşam fəlsəfələrini əks etdirməkdədirlər. Simbollar həm də millətlərin birləşməsində çox önəmli rol oynamaqdadırlar.

Güney Azərbaycan milli hərəkətinin amacı Güney Azərbaycan millətini Fars şövnizminin əsarətindən qurtarmaqdır. Qəddar Fars şövnizmi hakimiyyətinin son məqsədi bütün qeyri insani siyasətləri qullanaraq Türk Azərbaycan kimliyini əridib arad an aparmaq olsa da, Güney Azərbaycan milli hərəkəti yüksək şüur, böyük inam və sarsılmaz iradə ilə bunun qarşısında dayanmışdır. Son illərdə Güney Azərbaycan milli hərəkəti dərinləşərək Fars şövnizminin bütün anti demokratik və qeyri insani istəklərini boşa çıxartmış və Güney Azərbaycanın milli varlıq və kimliyinin iqtidarla isbatı doğrultusunda möhkəm addımlar atmışdır. Beləliklə günü – gündən uluslararası təşkilat və mediyalarda ciddiyə alınan və danılmaz bir gərçəyə çevrilən Güney Azərbaycan milli hərəkətini eyniyyətdə ifadə edib və təmsil edən bir simbolun gərəkliliyi ortaya gəlmişdir. Vurğulanan zərurəti düşünərək və məsələnın həlli əsasında ötən illərdə bəzi qrup və təşkilatlar çeşidli bayraq tərhləri önərsələr də, təəssüflərlə müxtəlif səbəblərə görə uğursuz qalmış və ortaq – milli simbola çevrilməmişlər.

Biz müstəqil milli fəallar olaraq açıqlanan önəmli problemin həllini demokrasi usullarına əsasən yalnız milli fəallar, qrup və təşkilatlrın iş birliyi və təfahümü nəticəsində mümkün bilirik. Güney Azərbaycan milli hərəkəti zaman sürəcində qarşısına çıxan hər hansı çətinlik və problemi aradan qaldıra bilmişdir və bugün də deyilən problemin həlli öhdəsindən gələ biləcəkdir, inancındayıq. Bu görüşə əsasən Güney Azərbaycan milli hərəktinin içində yerləşən və millətimizin özgürlüyü uğrunda qutsal milli mücadilə verən milli fəallar, qrup və təşkilatların çoxunluğunun ortaq və vahid simbol üzərində razılaşmaları milli hərəkətimizin gücünü ölkə içində və Güney Azərbaycandan dışarıda qat – qat artırar.

 

Simbolun tərhi:

 

Güney Azərbaycan milli hərəkətinin bütün şərtləri və yaşadığı durumu nəzərdə tutaraq, milli simbol üçün Bütöv Azərbaycan Birliyi (BAB) təşkilatının 1999-da yayımladığı “Müxtəsər Azərbaycan Tarixi” kitabında gələn tərhi Güney Azərbaycan milli hərəkətinin simbolu olaraq yenidən önərilir və yayımlanır. Deyilən tərh Quzey Azərbaycan cümhüriyyəti bayrağı ilə eynidir, ancaq Güney Azərbaycan hələlik Fars şövnizmi əsarətində olduğu üçün terhin ortasında olan Ay və səkkiz bucaqlı ulduz qara rəngdədir.

Yeni tərhin önərilmesi, böyük ehtimal üzərə milli fəallar və təşkilatlar arasında münaqişə qaynağına çevrilərdi! Bizcə önərilən tərh Güney Azərbaycan milli hərəkətini doğruluğu ilə ifadə edə bilər. Burada önəmli bir mövzü var. Milli bayraq mövzüsü millətlərin ən ciddi və stratejik mövzülarından sayıldığı üçün – günümüzdəki şərtlər və durumumuzu nəzərdə tutaraq – zaman sürəcində və çeşidli fəallar, qrup və təşkilatların təfahümü və razılığı ilə təyinləşməlidir. Bu nöqtəyə əsasən önərilən simbol Güney Azərbaycan milli hərəkətinin müxtəlif çevrə və təşkilatlarının dəstəyini qazandığı halda təbii olaraq milli bayraq mahiyyətini də qazanmış olacaqdır.

 

Tərhdə gələn ünsürlərin anlamı:

 

Hər bir millətin simbolunda gələn ünsürlər (rənglər, şəkillər, və s.) o millətin amal və amacları, siyasi, dini və fəlsəfi görüşlərini ifadə etməkdədir. Bu nöqtəyə görə hər ölkənin adı ilə yanaşı milli simbolu da onu tanıtdırmaqdadır.

Zaman gedişində siyasi – ictimaii hadisələrdən dolayı gün şərayiti və istəklərinə əsasən millətlərin simbol və bayraqlarındakı rənglər və şəkillərində həm də bunların təbir və təfsirlərində dəyişikliklər ola bilər. Biz 1918-də milli öndərimiz Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan cümhüriyyətinə təyinləşən bayrağın ünsürlərinin anlamında özəl dəyişikliklər aparmağa özümüzü səlahiyyətli görmədik. Bu önəmli işi yəni ünsürlərin təfsirində hər hansı özəl və geniş dəyişiklik aparmağı Güney Azərbaycan istiqlalından sonra milli məclis ya parlament səsinə ötürürük. Bu təsmimə əsasən, Güney Azərbaycan milli hərəkəti simbolunun yuxarısında yerləşən göy rəng Türkləşmək, ortasında gələn qırmızı rəng çağdaşlaşmaq və aşağıda gələn yaşıl rəng isə millətimizin çoxunluğunun müsəlman olduğunu ifadə etməkdədir.

Tərhin qırmızı bölümündə yerləşən ay və önündəki səkkiz bucaqlı ulduz qara rəngdədirlər. Bu, Güney Azərbaycanın azad olmaması, müstəqil dövlət və hakimiyyət sahibi olmadığını və  hələlik Fars şövnizminin əsarətində olmasını göstərməkdədir. Sözsüz ki, Güney Azərbaycan milli hərəkətinin amacı Türk Azərbaycan kimliyinin isbati və Güney Azərbaycanı Fars şövnizminin əsarətindən qurtarmaqdır. Ona görə də Güney Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra tərhdəkı səkkiz bucaqlı ulduzun rəngi dövlət və hakimiyyət anlayışımıza əsasən ağarabilər. Əslində Güney Azərbaycan milli hərəkətinin başlıca və əsasi amacı bağımsız Azərbaycan uğrunda qara rəngi milli simbolumuz üzərindən məhv etmək və Güney Azərbaycan millətini aydınlığa çatdırmaqdır. Bu mövzü uyğun şəkildə verilən tərhdə özünü əks etdirməkdədir.

Verilən simbolun gələcəkdə milli bayrağa çevrilməsi ehtimalını nəzərə alaraq ayrı mövzüya da toxunmaq istərdik. Güney Azərbaycan milli hərəkətinin içində yerləşən bir çox milli fəal və təşkilatların ən önəmli amaclarından vətənimizin Quzey hissəsi ilə birləşməsi olmuşdur. Beləliklə milli simbolda bu tarixi və stratejik mövzüya da toxunmamız gərəkli görülməkdədir. Buna əsaslanaraq Güney Azərbaycan istiqlalindan sonra simboldaki ulduz ağarıb, ay, Quzey Azərbaycanla birləşənədək ayrılıq nişani olaraq qara rəngdə qalar və tarixi vətənimiz birləşdiyi zaman Güney Azərbaycan bayrağındakı ayın ağarmasıyla bütöv Azərbaycanın ortaq və vahid bayrağı gərçəkləşər. Bundan başqa Güney Azərbaycan öz müstəqil milli hakimiyyətini qurduqdan sonra refrandom keçirmə, milli məclis ya parlament səsi və s. vasitələrlə milli bayraq üzərində hər hansı qərarın alınması çətin olmayacaqdır.

Bu vasitə ilə Güney Azərbaycan milləti, milli fəalları, fəal qrup və təşkilatlarından milli mənafeyimiz, milli birliyimiz və millətimizin xoş səadəti  adına önərilən simbolun qəbulluğu və hər tərəfli himayə olunmasını rica edirik.

 

Ulu millətimizə xeyirli və uğurlu olsun!

Ulu millətimizin azadlığı və zəfəri diləyi ilə!

 

 

Bir qrup müstəqil milli fəallar tərəfindən

Güney Azərbaycan

3/July/2008

  

Milli birliyə doğru!

Güney Azərbaycan Milli Hərəkətinin Simbolu

(Əlavə Bölüm; İzahlar və Açıqlamalar)

 


 

 

 

Güney Azərbaycan milli hərəkətinin simbolu haqda müraciətin əlavəsi olaraq izahlar və açıqlamalar bölümündə məsələ ilə bağlı bəzi nöqtələrin vurğulanması gərəkli görülməkdədir.

 

1- Bugün Güney Azərbaycan milli hərəkətinin birləşdirici rol oynaya biləcək bir simbola əhtiyacı vardır.

 

Ötən illərdə bəzi milli şəxs, qrup və təşkilatlarımız Güney Azərbaycan milli hərəkəti üçün çeşidli bayraq tərhləri önərmişlər. Hər hansı səbəb üzündən təəssüflə bunların heç birisi milli mahiyyət qazana bilməmiş və sadəcə müəyyən bir təşkilatı təmsil etmişlər. Bu məsələ bəzən kütləni çaş – baş salmış milli fəallar və təşkilatların arasında ixtilaf mənşəyinə (qaynağına) çevrilmişdir. Əslində birləşdirici rolu olan bayraq özü dağıdıcı olmuşdur! Güney Azərbaycan milli hərəkətinin içində yerləşən və milli məsuliyyət hissi daşıyan hər bir şəxs ya təşkilat olduqca önəmli və həyati olan bu problemə göz yuma bilməz. Bu problem zaman gedişində böyük faciələr də doğura bilər. Ona görə də problemin həlli hər bir kəsi düşündürməlidir. Bu görüşdən yola çıxaraq Güney Azərbaycan milli hərəkətini vahid bir cəbhə kimi göstərə biləcək bir simbolun vacibiyi vurğulanmaqdadır. İxtilaflar içində boğulmuş və didərgin görülən hər hansı milli hərəkət ciddiyə alınmaz və çabalarının böyük qismi əsərsiz qalar.

 

Yuxarıda gələn nöqtəyə başqa açıdan nəzər salmaq istərdik. Bəlkə də Güney Azərbaycan milli hərəkəti fəallarının çoxunluğu 10 il bundan öncə milli simbol zərurətini bugünkü qədər hiss etmirdilər. Son illərdə Güney Azərbaycan milli hərəkəti gənişləndiyi üçün bir çox uluslararası təşkilat və mediyalarda özünə layiqincə yer açmışdır. Burada özəl olaraq 2006-cı ilinin May ayında Güney Azərbaycanın başda qəhrəman Təbrizin Fars şövinizminə qarşı göstərdiyi əhəmiyyətli və tarixi etirazlı qalxınmalarının ciddi təsirindən söz açmamaq olmaz. Ulu Təbrizin qalxmasıyla az zaman içərisində onlarla Güney Azərbaycan şəhərinin bir başa Fars şövinizmi istilasına üsyan etməsi Güney Azərbaycan milli məsələsini ciddi şəkildə dünya çapında əks etdirmişdi. Tbii ki, böylə bir durumda Güney Azərbaycan milli hərəkətinin ortaq bir simbol ilə ifadə olunmamasi məsələsinə öncəkilər kimi laqeydliklə yanaşmaq doğru ola bilməz. Bütün bunlara görə artıq bugün Güney Azərbaycan milli hərəkətini ixtilaflardan uzaq və vahid bir cəbhə kimi göstərən bir milli simbolun zəruriliyi düşünülməkdədir.  

 

2- Güney Azərbaycan milli hərəkətində ilk dəfə olaraq milli simbol önərilməkdədir.

 

Milli bayraq mövzüsü hər millətin ən önəmli, tarixi və stratejik mövzülarından sayılmaqdadır. Bəlkə də ind iyədək çeşidli bayraq tərhləri önərilməsəydi, bayraq ya simbol mövzüsü bu qədər həssasiyyətlə tərh olunmazdi. Mövzünün həssaslığı və dolaşıqlığını göz önünə alaraq Güney Azərbaycan milli hərəkətini ifadə edən ortaq bir simbolun təyinləşməsi vacibliyi ortaya gəlməkdədir. Güney Azərbaycan milli hərəkətini təmsil edən milli simbol düzənli bir biçimdə ilk olaraq önərilməkdədir. Bu simbolun hamını birləşdirəcəyinə inanırıq.

 

3- Güney Azərbaycanın milli bayrağı zaman gedişində milli fəallar, qruplar və təşkilatların çoxunluğunun qəbul etməsi ilə təyinləşə bilər.

 

Milli bayraq dövlətlərdən daha artıq millətləri təmsil etməkdədir. Milli mücadilə aparan və dövlət sahibi olmayan millətlərin milli bayrağı ola bilər. Güney Azərbaycan milli hərəkəti içində çeşidli bayraq tərhləri verildiyi üçün bunların hər hankısını milli fəalların çoxunluğunun razılıq və təfahümü olmadan milli bayraq adlandırması mövzüsü milli ixtilafların yaranmasına səbəb olacaqdır. Ona görə də Güney Azərbaycan milli bayrağı hər hansı inhisarçı iddia və hay - küydən uzaq Güney Azərbaycan milli hərəkəti içində yerləşən fəallar, qruplar və tşkilatların hər hansı tərhi qəbulluğu və təvafüqü ilə təyinləşməlidir. Güney Azərbycan vaxtı ilə rəsmi dövlət və parlament sahibi olan zaman refrandom ya parlament səsinə əsasən çoxunluğun qəbul etdiyi bayraq rəsmiləşib və qanuniləşər. Çox önəmli olan milli bayraq təyinləşməsi mövzüsunu yalnız Güney Azərbaycan istiqlalından sonraya saxlamaq doğru deyildir və təkcə zaman gedişində ixtilafların çoxalıb və dərinləşməsinə zəmin yaratmaqdır!     

 

4- Uluslararası şərtlərə görə Azərbaycan cümhüriyyətinin bayrağı Güney Azərbaycanı təmsil edənməz.

 

Azərbaycanımızın quzeyində tam müstəqil və rəsmi dövlət mövcüddür.  Azərbaycan cümhüriyyətinin bayrağı özəl siyasi – hüqüqi mövqe daşımaqdadır. Bununla belə Güney Azərbaycan toplumunun Quzey Azərbaycan bayrağını qaldırması uluslararası münasibətlərdə siyasi və hüqüqi cəhətdən qarmaşıqlıq gətirər. Günümüzədək Güney Azərbaycan üçün bayraq tərhi önərisi verənlərin hamısı əslində Quzey Azərbaycan cümhüriyyəti bayrağı tərhindən fərqli bir tərhin olması zərurətini düşünərək əməl etmişlər.

 

5- Güney Azərbaycan milli hərəkətinin simbolu demokratik ortamda və hər hansı inhisarçi iddiadan uzaq sunulmaqdadır.

 

Bugün Güney Azərbaycan milli simbolu heç bir təşkilat tərəfindən tərh olunmur. Bu haqda bütün çalışmaları Güney Azərbaycan milli mənafeyi uğrunda heç bir şəxsi və təşkilati çıxarları arada olmadan bir qrup müstəqil milli fəal yapmaqdadırlar. Burada heç bir mənfi rəqabətə zəmin olmadığı halda bu çalışmaları hər bir təşkilata bağlamaq da doğru deyildir. Hər kəs tərəfindən irəli sürülən hər hansı iddianın içi boş olduğunu vurğulayır və yalnız bu çalışmanın təxribi doğrultusunda dəyərləndiririk! Bu simbol neçə ayın müddətində bir çox milli fəalların xəbərdarlığı və onlarla gərçəkləşən müzakirələrin nəticəində sunulmaqdadır. Məsələ ilə bağlı bütün mənfi rəqabətlərdən uzaq hər hnası mənəm – mənəmliyə yer yoxdur. Bu isə demokrasi usullarına inancımızdan və ona əsasən davranmamızdan doğmuşdur.

 

6- Burada heç bir yeni tərh önərilmir.

 

Bizcə Güney Azərbaycan milli hərəkətinin bugünkü siyasi durumunu göz önünə alaraq simbol üçün yeni bir tərhin önərilməsi öz – özlüyündə yeni ixtilaflar və ayrılıqlara səbəb ola bilərdi. Məhz ona görə də yeni tərh üzərində düşünülməmişdir. İndiyədək Güney Azərbaycan üçün onlarca tərh önərilmişdir. Simbol tərhinin bu tərhlərin birisinə oxşarlığı mövzüsü mənfi rəqabətlərə yol açıb və ixtilaflara nədən ola bilərdi. deyilənlərdən əlavə biz özümüzü bu məsələdə haqlı və səlahiyyətli də görmədik! 1999-da Bütöv Azərbaycan Birliyi(BAB) təşkilatı tərəfindən yayımlanan “Müxtəsər Azərbaycan Tarixi” kitabında dərc olunmuş tərhi Güney Azərbaycan milli hərəkətinə uyğun bir simbol olacağına inanırıq. Deyilən tərh Quzey Azərbaycan bayrağı ilə eynidir, ancaq Güney Azərbaycanın hələlik Fars şövinizminin əsarətində olduğu üçün tərhin köksündəki ay və səkkiz bucaqlı ulduz yas və kədər əlaməti olaraq qara rəngdədır. Güney Azərbaycan milli hərəkətinin amacı Güney Azərbaycanı əsarət və istibdaddan qurtarmaq özgürlük və bağımsızlığa qovuşdurmaqdır. Yalnız o gün milli simbolumuzun üzərindən qara rəng götürülə bilər. Bu təfsirə dayanaraq təqdim olunan simbol doğruluğu ilə Güney Azərbaycan milli hərəkətini əks etdirməkdədir.  

 

7- Bugün Güney Azərbaycan əsir deyil mi? Güney Azərbaycan milləti əsarətdə olduğu üçün kədərdə deyil mi?

 

Bəziləri simbolun köksündəki qara ay və ulduza toxunaraq qara rəngin mənfi anlam daşıdığını deyirlər. Bizcə Güney Azərbaycan hələlik Fars şövinizmi əsarətində olduğu üçün simboldakı qara rəng tam uyğun görülməkdədir. Bugün Güney Azərbaycan milləti əsir deyil mi? milyonlarca Türk öz anadilini oxuyub və yazmasına qadir deyil, uzun illərdir ki, yeraltı və yerüstü sərvətlərimiz talan edilir, Türk Azərbaycan kimliyimiz təhqir və təhrif olunur, milli – mədəni irsimiz dağıdılır, milli şüur və inanca dolub, milli zülmə dözənməyən milli özgürlük savaşına qatılan insanlarımız Fars şövinizminin saysız müsibətlərinə tuş gəlir, millətimizə saysız - hesabsız sitəm tətbiq olunur; bu durumu yaşayan millətin taleyi qara deyil mi?! bu acı və acınacaqlı durumu yaşayan millət kədər içində deyil mi?! Əlbəttə ki, Güney Azərbaycan milli hərəkəti tarixi zərurətdən doğaraq Fars şövinizminin bütün anti demokratik siyasətlərinə son qoymaq üçün hər gün gəlişməkdədir və millətimizin yenilməz iradəsi yaxın gələcəkdə qələbə çalacaqdır.

Qeydə aldığımız mövzüya ayrı açıdan da baxmaq istərdik. Qara rəng bir neçə ölkənin milli bayrağında mövcüddür. Örnək üçün Misir və Əfqanistan ölkələrinin bayraqlarında qara rəng Misir və Əfqan millətlərinin sömürgəçilik dövründə çəkdikləri zülmün nişanəsi olaraq qəbul olunub və qalmışdır. Bunlardan əlavə vurğuladığımız kimi Güney Azərbaycan milli hərəkəti simbolunun köksündəki ay və ulduzun qara rəngdə olması ötəridir ve həmişəlik deyildir.

 

8- Milli simbol hər kəsindir.

 

Milli simbol Güney Azərbaycanlıların hamısınındır. Bu simbol Güney Azərbaycan milli hərəkətinin içində yerləşən istibdad və Fars şövinizminə qarşı müqəddəs milli mübarizə aparan bütöv Azərbaycan amalını düşünən, Güney Azərbaycan istiqlalını savunan, Güney Azərbaycanın fedral sistemində idarə olunmasını istəyən və s. qrupların birləşdirici faktoru ola bilər, düşüncəsindəyik.

 

9- Tarixi fürsəti itirməyək!

 

Müstəqil milli fəallar olaraq Güney Azərbaycan milli hərəkətinin bugünkü durumunda millətimizə ihanətli hesab olunan neçə bayraqlılıq probleminə son vermək üçün bir çox təhlükə və təhdidləri boynumuza götürərək əməl meydanına vardıq. Bir çox müstəqil milli fəal, qrup və təşkilatlarla müzakirələr olundu. İmkanlarımızın azlığı və şərayıtın çətinliyinə görə ola bilsin ki, bəzi fəal qruplarla müzakirə gərçəkləşə bilmədi. Burada onlardan üzür diləməyi özümüzə borc bilirik. Mövzüya müsbət yanaşanların çoxunluğunu nəzərdə tutaraq bu müraciətin hazırlanmasına qərar verilmişdir. İndiysə, bu tarixi, zərüri, önəmli və stratejik məsələdə hamını milli məsuliyyət və təəhüd daşımağa çağırır və bu tarixi fürsəti itirməməyə səslənirik. Neçə bayraqlılıq problemi həll olunmazsa, sabah tarixin hökmü qarşısında sözümüz nə olacaqdır?!  

 

10- Güney Azərbaycan milli fəalları, qrup və təşkilatlarından Milli birlik və bərabərlik adına bu simbolun qəbul olunmasını rica edirik.

 

Güney Azərbaycan milli hərəkəti içərisində yerləşən və Güney Azərbaycanın səadəti uğrunda milli düşmənlərimizə qarşı şərəfli mücadilə verən bütün milli fəallar, qruplar və təşkilatlarımıza məsələ ilə bağlı tam məsuliyyət hissi ilə yanaşmalarını istəyirik. Milli simbol bütün fəallar və təşkilarlarımızı bir – birinə yaxınlaşdıracğına içdən inanır və bu üzdən Güney Azərbaycan milli hərəkətinin gələcəyini düşünənlərdən mövzünün hər tərəfli himayə olunmasını rica edirik.

 

Ulu millətimizə xeyirli və uğurlu olsun!

Ulu millətimizin azadlığı və zəfəri diləyi ilə!

 

 

Bir qrup müstəqil milli fəallar tərəfindən

Güney Azərbaycan

3/July/2008