
(
Millətimin fədakar oğlu Əhməd Obalıya anasının
vəfatına görə başsağlığı verib və
bu hekayəni Güney
Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin
analarına ittihaf edirəm. )

Dəfələrlə
həbis olunub, işgəncəyə
məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa
sakit, əl - ayaqdan uzaq bir yerdə məskən seçmək
fikrim yox idi. Lakin son işgəncə əvvəliklərdən
betər oldu. Məni İranın
xüsusi təhlükəsizlik orqanının nümayəndələri
tərəfindən həddələyib bildirdilər ki, ölkəni
tərk etməsən, ölümünü gözünün qabağına al!
Nə qədər düşünsəm də, hər halda seçim
qapıları üzümə bağlı idi. Ağır iqtisadi,
siyasi duruma görə, Güney Azərbaycanı tərk
etməkdən başqa əlacım qalmırdı. Mənlə
çiyin - çiyinə mübarizə aparan onlarla milli fəal artıq
ölkəni tərk edib xaricə mühacirət etmişdilər.
Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə,
rejimin küçə - bazarlarda, ictimai yerlərdə dar ağacı
qurub, ölkə gənclərini ana
- bacılarının, doğmalarının gözünün qabağında
vəhşi kimi asıb,
sadiscəsinə ləzzət aldığı,
insanın bədənini və ruhunu hər tərəfli
təhqir etdiyi səhnəni yaşamadan, bir az da olsa, zirək
tərpənib kəndiri
boyunlarından çıxarıb qaçmışdılar. Günügündən
işgəncənin sayını və növünü artıran hökumət
dairəsi istəyirdi ki, əhali onların idarəçilik üsuluna
tabe olub, səslərini çıxarmasınlar.
Adlarını desəm, o, gedənlər
içərsindən yəqin indi siz də çoxsunu tanıyarsız.
Bizlə bir məhəllədə böyümüş Əli,
xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Onluq
olsaydı, yüz il qalsa da, getməzdi. Amma böyük qardaşı
Məsud, universitetdə dərs otağında oturduğu yerdə
tutulub, sorğu - sualsız, məhkəməsiz - filansız
zindanda dörd divar arasında asılandan
sonra, atası Həmid kişi dərddən yorğan - döşəyə
düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində
bu bir tək oğlunun da qardaşına görə vaxtsız -
vədəsiz xüsusi idarəyə aparılıb -
gətirilməsi ailəyə növbəti xəbərdarlıq
olduğu üçün onu xaricə ötürməyi məsləhət
bildilər. Rəsulsa bacısının toyundan iki gün qabaq
getməli oldu. Başqa neynəyə bilərdi?
Əlirza isə üç dəfə zindana düşüb, ordan çıxandan
sonra ağlının kəsdiyi
bu oldu ki, ağ - qara, gecə - gündüz, həyəcan -
sakitlik, həyat - ölüm arasından özünə yol seçib, işıq
gələn tərəfi tutub getməlidir.
Tay - tuşlarım seçimlərində yanılmadılar.
Vətəni tərk etsələr də, onun
məhəbbətini dərdi ilə birgə sevə - sevə
özləri ilə qürbətə apardılar! Amma mən anamı
buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız
bir övladı vardı...
Məhəllədəki dost - tanışlarımdan
hər dəfə kimsə evlərini tərk edib, çıxıb
gedəndə anam deyərdi:
--
Sən gözümdən
getsən, ayrılıq dərdinə mən dözə
bilmərəm.
Nəhayət, bir gün özümü məcbur edib anamla açıq
danışım. Söhbətə belə başladım:
--
Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə
dəfələrlə tutulub işgəncəyə məruz
qalmışam.
--
Bilirəm! Hamısını bilirəm, --
dedi. Sakitcə üzümə baxıb, başını bir neçə
dəfə silkələdi.
Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi
tamamlayım. Onun üçün də davam etdim:
--
Amma indi ölümlə hədələnmişəm. Əgər
xaricə getməsəm, gözlənilməz hadisə baş verə
bilər...
Son
sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim
qısıldı. Anamın üzünün səyriməsi, rənginin
avazıması imkan vermədi ki, fikirimi daha artıq açmaq
üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma
araya çökən sakitliyi bu dəfə o pozdu:
--
Hər şeyi bilirəm, deməsən də bilirəm.
--
Nəyi?
O
isə :
--
Ağzıma daş, -- deyib, -- iraq - iraq, bizdən uzaq. Kiş
- kişdər olsun... -- Deməklə, bu dəfə qəm -
kədəri insan ömründən qovan el deyimlərini bir - bir sayıb
qurtarandan sonra, son ayda şəhərdə olan edam olunanların,
tutulub uzun müddət zindan alanların adını dilə
gətirdi. Sonda isə:
--
Nə qal deyə bilirəm, nə də get! Ay oğul,
yel vurub sındırıb sünbülümüzü!
Sözünü
qurtaran anam, bir an dinməz - söyləməz
mənə baxdı. Hiss etdim ki, ürəyi doludu, amma
bəlkə də ürəyindəkilərini dilləndirməklə
məni incidəcəyindən qorxdu. Bilmədim, susması
nədən oldu, o boyda dolu ürəklə!
Sonra
ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma
gəlib, qarşımda durdu. Sağ əlini qabağa, mənə
uzadıb ağlaya - ağlaya dedi:
--
Bunları götür, canını qurtar. Çıx get!
Qulağımla
eşitdiklərinə inana bilmirdim. Doğrudanmı,
bunu anam deyirdi? Mat - mat
üzünə baxdım. Yəqin elə çaş - baş qalıb,
onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə
etdi:
--
Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün
qabağında olasan. Səni daim şad və sağlam görüm.
Amma
mən sənin məzarının göz qabağında olmağını
istəmirəm...
"Sənin
məzarın" kəlməsi anamı kövrəltdi, bu söz
onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman
etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı
üçün kövrəldi anam. Ona sarıldım, onu
möhkəm
- möhkəm qucaqlayıb ana - bala hər ikimiz qara taleyimizə göz
yaşı tökdük.
Yadıma gəlir, o gecə məni yuxu aparmırdı.
Birdən gördüm anam otağın qapısını
yavaşca açıb, başını içəri uzatdı.
Hərəkətsiz olub, ona heç bir reaksiya vermədiyimi görüb,
yatdığımı güman etdi. Asta addımlarla irəli
yeriyib yatdığım çarpayın yanına gəldi. Qurşağa
qədər üstümə atdığım yorğanı kürəyimə
çəkəndə qəfildən onun əlindən yapışdım.
--
Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən.
-- Kəlməsini yavaş
səslə, bir az da qınayıcı tərizdə dedim ki,
mənlə bağlı narahatçılığını azaldım.
Anamsa
üzünü mənə tutub dedi:
--
Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ
də o yaşdasan ki, beşikdə bələnmiş körpə
tək. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb
lay - lay oxunan çağlarındı...
Sübh tezdən Ərdəbildəki ata - baba evimizdən çıxdım.
Hava hələ işıqlanmamışdı. O qədər
erkən idi ki, səhərin ala - qaranlığında obaşdan
oyanıb, öz nəğməsi ilə aləmə səs salan
torağaylar belə bahar nəğmələrini
gecədən boğazlarında dincə qoymuşdular.
Gecənin bitməməsi onların da köklənib avazla oxumamasına
səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa
çox tələsmişəm ? Görəsən, bir də onları
eşitmək mənə nəsib olacaqmı ?..
Anamdan
ayrıldım! Burasını danışmağa gücüm yoxdur.
Bir də mənə elə gəlir ki, bütün analar balalarından
eyni cür, eyni halla ayrılırlar.
Son
dəfə anamdan ayrılıb yola düşdüm və bir
qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə
getməyib, həyət qapısının kəndərində
durub, hələ də arxamca
baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım.
Qabağa yox, bu dəfə arxaya addım atdım.
Əlimdəki bağlamanı qaldığım yolun yarısında
qoyub, qaçıb anamı qucaqladım.
--
Ay ana, məgər dünyanın axırıdı?! -- dedim.
--
Ürəyimə damıb ki, səni son dəfə görürəm...
-- dedi.
Yolun ortasından yükümü götürəndə ürəyimdə
öz - özümə dedim ki, bir də arxaya baxmayacam. Amma qonşumuz
Həsən dayının evinin böyründəki cığırı
dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya
çevirdim. Anam təzə - təzə
açılmaq istəyən sübh dumanının içində
qranit heykəl kimi donub durmuşdu.
Anamdan, doğama evimizdən və elimizdən ayrılandan
sonra, ağır məhrumiyyətlərə dözə - dözə
nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola
bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün
mübarizəmi davam etdirdim. Əslində mübarizənin bir başqa
biçmini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya
bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi
təqiblərimi yerbəyerdən hər vasitə ilə göz
önünə çəkib, qorxudub mübarizədən sapındırmağa
çalışırdılar. Burda da təqib olunur, yerli - yersiz
hədələrə məruz qalırdım.
Bir sözlə, rejimə başağrısı olmuşdum.
Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri
anamı hədələyib istəmişdilər ki, burdakı
fəaliyyətimə son qoyum və mənim ölkəyə qayıtmağıma
məni razı salsın. Amma həm mən və həm də
anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım
şəhər meydanında qurulub yiyəsini gözləyən
dar ağacına salam verməyimlə
nəticələnəcək.
Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm,
əksinə anamı yanıma gətirmək haqqında ardıcıl
yollar axtarırdım. Hətta turist kimi heç olmasa
bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım.
Bunun üçün o da çalışırdı. Bir neçə dəfə
xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət
də etmişdi. Sözsüz ki, mənə görə ona pasport
verilməsi mümkün deyildi.
Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki:
--
Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılıq
qədər ağır dərd olarmış?
Anam mənə dedi ki:
--
Ay oğul, ağbirçək ana yerinə, ana vətənə
fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz.
Hər
dəfə onunla telefon söhbəti edəndə qoyub gəldiyim
hər şey haqqında ona sual verərdim. Hər
kəsdən, hər şeydən xəbər tutmaq
istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının
hamısının öz yerində qalıb - qalmaması, necə
bar gətirməsi belə qürbətdə Vətənlə bağlı
doğan suallarımdan idi. Bu yerdə inanmıram məni
hər kəs başa düşsün.
Bunu yalnız Vətəndən qürbətə bir zənbillə
çıxmaq məcburiyyətində qalanlar bilər.
Beləcə
nə az, nə çox, düz on dörd il anamı görmədim. Bir gecə
telefon zəng çaldı. Uzaqdan idi, amma
Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş
kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə
idi, amma halı birdən - birə qarışdı.
Biz güman etmirdik bu xəstəliklə getsin.
O zaman sənə telefon vurub, xəbər vermək
istədik. Lakin ananın son
vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan
sonra sənə xəbər verilə.
O istəmirdi ki, ona görə sənə çətinlik yarana.
O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma
mərasimindən sonra da sən qayıdıb onun qəbrini
ziyarət etməyəsən.
Sonda
Həsən dayı dedi ki, anan öləndə sənin şəklini
əlində saxlamışdı, bağrına basdı. Son
dəqiqədə üç dəfə sənin adını dilinə
gətirib, canını tapşırdı.
Bu
yerdə danışmaq istədim, dilim topuq çaldı.
Mənim səsimin kəsilməsini hiss edən
Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu
sənə deməyəydim.
O
peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı
söz öz ilk mənzilinə qayıdıb ki, onunku da həmçinin,
yerinə qayıtsın, mən də sakitləşim. Anam son
dəqiqələrində nə düşünüb, necə yaşamasını
öz - özlüyümdə bir xeyli götür - qoy etdim.
Demək, anam ölümü ilə də mənim
kədərlənməyimi istəmirdi!
Həsən
dayı ilə söhbətimiz bitəndən sonra əllərim
boşaldı, bədənim süst oldu. Əlimdəki telefon
oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb
anamın divardan asılmış çərçivədəki şəklinə
sarı addımladım. Onunla üz - üzə durub bir xeyli sakitcə
baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi.
Anam cib yaylığını çıxarıb qara günümüzə
yığdığı qara köpükləri mənə uzatdı.
Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri
əsdi. Ona görə də pullar yaylığın arasında
qalmayıb cingilti ilə yerə səpələndi. Kağız
pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada
uçuşurdular.
--
Götür, get! Çıx get! Təki sən salamat qal!.. -- dedi.
Mən
ikimizin ayağının altına səpələnmiş
pullara nəzər yetirib, hamısı bir yerdə yol
xərcini ödəmədiyi üçün təəssüf etdim...
9 Qismət Günü, İşıq Ayı, 30 - cu il