Azərbaycan ziyalısı və milli kimlik məfkurəsi

Babək Azəri   hüquqçu

 

"Milli kimlik" termininin millət və milli mənfəətlərlə sıx əlaqəsi var. Əgər milli kimliyimizlə bağlı bizim düzgün düşüncəmiz olmasa, o zaman özümüzü millət kimi görüb və milli mənfəətlərimizi tanımada ciddi problemlərlə üzbəüz olacağıq. Bir millətin milli mənfəətlərin bir fərdin fərdi mənfəətləri ilə müqayisə etmək olar. Əgər bir fərd yaş baxımından yetkin olmasa, ya da psixoloji xəstəliyə görə özünə aid olan pis və yaxşının arasında fərq qoya bilməyə, o zaman bu fərd şəxsi, siyasi və iqtisadi əlaqələrində aldanar və ondan suistifadə etmək asan olar. Bu yerdə söhbəti millət üzərinə gətirək. Bir millət də fərd kimi özünə aid olan pis ilə yaxşının arasında fərqi qoya bilməyə, o millət də təcrübənin nişan verdiyinə görə, ən dəhşətli suistifadələrə məruz qalacaq. Özünüz bildiyiniz kimi yeni doğuş və elmi - texniki inqilabdan sonra Qərb ölkələri sürətlə inkişaf və tərəqqi tapdılar. Bunun əsl səbəbi ondan ibarətdir ki, onlar öz milli mənfəətlərin tanıyıb, hər amildən, o cümlədən, siyasi ideologiyalardan milli mənfəətlərinin xeyrinə istifadə etdilər. Amma Asiyada, Latın Amerikasında və xüsusən Afrikada bir çox millətlər öz milli mənfəətlərin düzgün tanıya bilmədilər. Hətta bəzi vaxt öz milli mənfəətlərinə qarşı zidd hərəkət etdilər. Alimlərin verdiyi məlumata görə, bu günkü dünyada təqribən 6 milyarddan artıq insan var. Onun 3 milyarddan artığı gündəlik tələbatını 2 dollardan əskik məbləğdə təmin edə bilir. Hətta, bəzən bu rəqəmi bir dollar şəklində də göstərənlər var. Bu hesabla anlamazlıq bir ağır günah sayılır və anlamazlar dəhşətli formada cəzalanır. Yazıqlar olsun o ziyalıya ki, milli mənfəətlərlə siyasi ideologiyanın arasında fərq qoya bilmir. Siyasi ideologiyalar milli mənfəətlərə görə olmalıdır. Çox təəssüf ki, Azərbaycan ziyalıları milli mənfəətlərimizi tanıyıb və tanıtdırmada müvəffəq olmayıblar.İcazə verin bununla bağlı bir misal göstərim. Bildiyimiz kimi Güney Azərbaycan Milli Hökumətimizin yaranmasında Demokrat Firqəsi çox əhəmiyyətli rol oynamışdı. Demokrat Firqəsi bir müstəqil və Azərbaycan millətinə aid olan təşkilat idi. Amma çox təəssüf ki, Leninist Azərbaycanlılar milli mənfəətlə idelogiyanın arasında fərq qoya bilmədilər. Elə bu səbəbə görə də, nəhayət, Firqə Demokrat təşkilatı Tudə partiyasının Azərbaycan şöbəsinə çevrildi. Bizim milli mənfəətlər hökm edirdi ki, Demokrat Firqəsi istiqlalın saxlayıb və Azərbaycan milllətinə aid olan bir siyasi təşkilat kimi əməl edə. Xüsusən böhran zamanında Azərbaycan millətinin qabaqcıllarından ola. Elə İranda İslam İnqilabından sonra Azırbaycana aid olan müstəqil təşkilatların boş yeri görününrdü. Göstərdiyim misaldan bu nəticəni almaq istəyirəm, Azərbaycanın manqurt ziyalıları Azərbaycanın müstəqil təşkilatların gücləndirmək yerinə, onları fars təşkilatlarının içində boğdular. Adları ziyalı olsa da, amma əməldə Azərbaycanın milli mənfəətlərinə qarşı zidd hərəkət etdilər.

"Millət" termini ilə əlaqədar müxtəli təriflər var və tarixboyu millət sözü mübahisəli mövzu kimi aktual olub. Qərb ölkələrində millətlə bağlı XVIII əsrdən formalaşmış belə bir tərif var: "İnsanlar müxtəlif qruplara bölünürlər və bu qruplar millətlər adlanır." Hər halda millət sözündən fərqli düşüncələr də olsa, hər millətin bir keçmişi var və bir gələcəyi olacaq. Elə bu səbəbə görə də, bir millətin hətta ölüləri və gələcək nəsilləri də o millətin üzvləri sayılırlar. Misal üçün, Çaldıran savaşı Azərbaycanlılar üçün bir tarixi hadisə sayılır və o zaman ölən Azərbaycanlılar bizim millətin üzvləri kimi millətlə birgə yaşayacaqlar. Hər bir milləti millət edən bəzi müştərək bağlantılar olmuşdur. O cümlədən, dil, tarix, adət - ənənə və mədəni normalar. Bu müştərək bağlantıların içində dil çox önəmli və əhəmiyyətli yer alır. Fikrimə aydınlıq gətirmək üçün bir misal çəkirəm. Biz mühacirətdə yaşayan Azərbaycanlılar küçə - bazarda və ya şən mərasimlərdə ancaq Azərbaycanlıları görəndə bizdə Azərbaycanlılıq hissiyyatı yaranır və özümüzü o icmanın üzvü kimi görürük. Və bunun da əsl səbəbi bir - birimizlə Azərbaycan türkcəsi ilə danışmağımız olur. Elə bu səbəbə görə də bir milləti əritmək üçün imperialist qüvvələr daim çalışırlar hər şeydən əvvəl o millətin dilin məhv etsinlər. Bu günkü İranda Azərbaycan türklərinə qarşı milli kimliyini əritmək siyasəti gedir və bu siyasətin əsl təməli Azərbaycan türkcəsi ilə düşmənçilik olmuşdu. Elə ki, təlim və tərbiyyədə, hökumətin idarə orqanlarında və kütləvi informasiya vasitələrində Azərbaycan türkcəsindən qəti istifadə olunmur. Əgər Güney Azərbaycan şəhərlərində "azəri dili" adlı bəzi radio və televiziya verilişləri yayılırsa, bunun da 60 - 70 % kəlmələrini fars sözləri təşkil edir. Elə ki, bir savadsız və ya savadı az Azərbaycanlı bu verlişləri dinləyə, orda nə deyildiyini başa düşməyəcək. Bəlkə də bir fars dilli bu verlişləri bir türk dillidən daha yaxşı başa düşər. Bu siyasətdən də əsl məqsəd Azərbaycan dilin fars dilinin bir ləhcəsi kimi göstərmək olmuşdur. Bununla da paralel tariximiz, adət - ənənələrimiz, mədəni normalarımız fars mərkəzli düşüncə ilə saxtalaşdırılır. Bu siyasət uzun müddət pəhləvi və indiki hakimiyyət tərəfindən həyata keçirilib və davam edir. Bunun da nəticəsi ümumi halda bais olub hətta Azərbaycan ziyalılarının milli kimlik anlayışında ixtişaş yarana. Təccüb yeri yoxdur ki, ancaq küçə - bazar adamları yox, hətta bizim çox ziyalılarımız da bizi bir millət kimi görüb və milli mənfəətlərimizi qoruyub saxlamaq üçün milli hakimiyyət fikrində deyillər. Hətta bəziləri o qədər qabağa gedib, bunu bir ifratı fikir kimi dəyərləndirirlər. Nəticədə nə əldə etmişik ? Nəticə göz qabağındadır. Bu gün Güney Azərbaycanın təbii sərvətləri -- mis, qızıl, uran və s. talanır və heç kəs də bununla bağlı bizə hesabat verməyə özünü borclu bilmir. Ağır iqtisadi durum bais olub milyonlarla Azərbaycanlı yurd - yuvaların buraxıb, fars məntəqələrinə köçürlər. İranın şiə olan fars hakimiyyəti İraqın sünni hakimiyyəti ilə müharibəyə başlayanda Azərbaycan türkləri öz milli mənfəətlərinin nöqteyi - nəzərindən onu araşdırıb və bu suallara "Ayə, bu müharibənin bizə dəxli varmı? Bu müharibə bizim milli mənfəətlərlə üst - üstə düşürmü? " -- cavab vermək yerinə, on minlərlə Azərbaycan gəncləri müharibə meydanlarına gedib və hədər yerə öldülər. İndi də İranın fars hakimiyyəti atom bombası düzəltmək və İsrail dövlətini dünya xəritəsindən silmək eşqindədir! Elə bu səfər də belə nəzərə gəlir ki, Azərbaycan gəncliyi ağılsız siyasətin qurbanı olacaq! Mən saysız misallar çəkə bilərəm, amma məqsədim sizi yormaq deyil. Lakin bir misal var, onu demıyi lazım bilirəm. Bir neçə gün bundan əvvəl bizim bir neçə yüz manqurt soydaşımız Təbrizdə etiraz aksiyası keçirib Fars körfəzini Ərəb körfəzi adlandıran ölkələrə etirazlarını bildirnişdirlər. Bu xəbər İranın fars hakimiyyəti və onun fars müxalifəti tərəfindən geniş formada yayılmışdır. Farsların davranışının səbəbini bilsəm də, amma bu manqurt soydaşlarımızın nə istədiyini düşünüb tapmaqda çətinlik çəkirəm. ( Bunlara "soydaş " deməyə dilim də gəlmir. Amma təəssüf ki, bu yerdə başqa ifadə tapmaqda acizəm! ) İcazə verin belə deyim, görəsən özlərini Azərbaycanlı adlandıran bu anlamaz adamlar, heç olmasa özlərindən soruşacaqlar ki : " Bir körfəzin fars və ya ərəb adlanmasının türkə nə dəxli?" Çox təəssüflə deməliyəm ki, Azərbaycan ziyalılarının əksəriyyəti bizim ağır siyasi, iqtisadi və mədəni durumumuzu görə - görə çıxış yolumuzu milli hakimiyyətimizdə görmürlər. Bəlkə, xəyal aləmində olan utopiyalarla özlərini hallandırırlar. Misal üçün, bəzi yurddaşlarımızın yaşayışı fəlakətlə olsa da, fikir edirlər ki, əgər İranın fars hakimiyyətinə xatir ölsələr də, o birisi dünyada həmişəlik cənnətdə yaşayacaqlar.Əlbəttə də, haqqında söhbət gedənlər hakimiyyətə aldanan yurddaşlarımızdır. İranın fars müxalifətinin oyuncağı olan yurddaşlarımız hələ də bu röya ilə yaşayırlar ki, bir gün fars mərkəzli sosial və ya liberal mahiyyətli siyasi sistem yaranacaq və Azərbaycanlıların bütün problemləri bir yerdən həll olunacaq. Lap nağıllardakı kimi!!! Biz royaya və möcüzəyə inanan adam olmadığımız üçün bu yerdə belə bir suala cavab verməyə ehtiyac duyulur: Bu ağır vəziyyətimizin səbəbkarı kimlərdirlər? Mənim fikirmə görə, bu ağır vəziyyətin əsl səbəbkarları Azərbaycanın manqurt ziyalıları sayılırlar.

Ziyalı kimdir?

 

Ümumi halda ziyalıları 3 yerə bölmək olar:

1.Birinci yerdə o ziyalılar dururlar ki, yeni ideya və məfkurə ilə ortaya çıxırlar. Siyasət sahəsində biz bu ziyalıları nəzəriyyəçilər və ideoloqlar kimi tanıyırıq.

2. Elm və texnika sahəsində təhsil alanlar. Bura daxildi professorlar, doktorlar, alimlər, mühəndislər və s.

3.Mədəniyyət və incəsənət xadimləri üçüncü bölgüdə yer tuturlar. Yəni, artistlər, rəssamlar, müsiqiçilər və s.

Nə zaman ki, millətdən, milli kimlikdən, milli mənfəətlərdən söz açılır və bu terminlərlə əlaqədar ziyalıların rolun araşdırmağa cəhd edirik, o zaman söhbət istər ..istəməz birinci yerdə duran ziyalıların üzərinə gəlir. Həmçinin mənim bu yazımda da. Mənim fikrimcə və həm də əslində bu vaxta qədər olan təcrübələr göstərir ki, özünü dərk etmiş və dünyada kimliyini sübut etmiş millətlərin ziyalıları, o millətin milli kimlik sualını öz ideyalarında həll edib ortaya qoymuşdurlar. Amma çox təəssüf, Azərbaycanın çoxlu sayda ziyalısı milli kimliyi müəyyən ideologiyalarda fars dilində nişan veriblər. Bunun da nəticəsi faciə ilə qurtarıb. Ən açıq - aşkar nümunəsi İranın islam inqilabı idi. Azərbaycan milləti öz qurtuluşunu öz milli hakimiyyətində yox, əslində fars dilli şiə ruhanilərin, o cümlədən, Xumeyninin hakimiyyətində gördülər.

Pəhləvi dövründən İranda cəhd edilir ki, rəsmi dil, yəni fars dili, rəsmi din, yəni şiə məzhəbi ilə tərif oluna. Çox təəssüf ki, bizim manqurt ziyalılarımız da bilə - bil və ya bilməyərək bizim millətə zidd məfkurənin təbliğatçısı olublar. Bəlkə də, Təbrizdə kütləvi şəkildə küçəyə çıxıb Fars körfəzinin adının təhrif olunmasını etiraz edənləri çox qınamaq olmaz. Ərəblərin bu yerdə əsl yerinə düşən bir zərb məsəlləri var. Deyərlər: "Əgər alim yanlış fikirləşsə, aləm yanlış olar."

2008-05-03

P.S. Aldığımız son məlumata görə, fars körfəzinin adını yanlış olaraq Ərəb körfəzi kimi təqdim edən ölkələrə etiraz əlaməti olaraq Təbrizlilərin kütləvi şəkildə aksiya keçirməsi yalan informasiyadır. Bununla bağlı aşağıdakı linkdən ətraflı məlumat ala bilərsiniz. 04.05.08

http://www.azadtribun.net/x19011.htm