BƏYƏNAT

Əziz həmvətənlər!

Bu gün 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayev ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşdükdən sonra onların xahişi ilə aclıq aksiyasını dayandırmış və onunla həmrəylik nümayiş etdirərək aclıq aksiyası keçirən şəxsləri də aclığı dayandırmağa çağırmışdır. «Yeni Müsavat» qəzetinin redaksiyasında keçirilən dəstək aksiyası da Eynulla Fətullayevin xahişi ilə dayandırılmışdır.
İsveçdə yaşayan bir qrup soydaşımız da 12 gündür davam edən aclıq aksiyasını bu gündən etibarən dayandırır və bütün aksiya iştirakçılarını, onlara dəstək verənləri, azərbaycan xalqının öz taleyinə, övladlarının gələcəyinə biganə olmayan hissəsini gələcəkdə mübarizənin daha təsirli vasitələrindən istifadə etməyə çağırır. Qoy iqtidar bilsin ki, Azərbaycanda yaşayan jurnalistləri susdurmaqla azad sözə son qoymaq mümkün olmayacaq. Bu rejimin üzündən bütün dünyaya səpələnmiş azərbaycanlı jurnalistlər susmayacaq. Biz bu rejimin cinayətlərini görürük və gördüklərimizi yazırıq. Bu işdən bizi kimsə çəkindirə bilməz. Azərbaycanda yaşayan həmkarlarımıza təzyiqlər gücləndikcə biz də bu rejimə təzyiqlərin güclənməsinə nail olacağıq. Bunun sonu sağlam düşüncəli hər bir insana aydındır - rejim çökəcək! Sadəcə, hər bir ictimai-siyasi prosesdə olduğu kimi, bunun bir zamanı var və bu zaman yaxınlaşmaqdadır.
Biz, İsveçdə aclıq aksiyası keçirənlər əminik ki, aksiyamız öz bəhrəsini verdi. İndi bütün dünya Azərbaycanda azad sözün, azad mətbuatın ağır durumundan danışır və Azərbaycan iqtidarını məhkum edir.

Mübariz Əzimli - "Müsavat TV"-nin baş redaktoru, Stokholm, İsveç
Əli Məmmədov - Müsavat Partiyası Stokholm-2 özəyinin sədri, Stokholm, İsveç
Nicad Verdizadə - jurnalist, Müsavat Partiyası Linşöpinq özəyinin sədri, Linşöpinq, İsveç
Vüqar Muradlı - jurnalist, "Hürriyyət" qəzetinin keçmiş əməkdaşı, Kalmar, İsveç
Rahib Kazımlı - jurnalist, "Yeni Müsavat" qəzetinin keçmiş əməkdaşı, Stokholm, İsveç
Elnur Sadıqov - jurnalist, "Azadlıq" qəzetinin keçmiş əməkdaşı, Stokholm, İsveç

7 aprel 2008, Stokholm, İsveç


--
Hörmətlə,
Mübariz S.Əzimli

Stockholm, İsveç
Tel.: +46739310472
www.musavatisvec.com