Xurafat insandan nəyi alır ?

Babək Azəri hüquqçu
2005 - ci ildə İranın prezident aparatı iclas keçirəndə Əhmədinijadın birinci müavini Pərviz Davudi belə bir təklif vermişdi ki, necə ki, nazirlərlə Əhmədnijadın arasında müqavilə yazılıb, onlarla İmam Zamanın arasında da müqavilə yazılmalıdı
Fərz edin, evdən çıxıb yolla gedəndə ayağınızın baş barmağı daşa dəyir. Gecələr bayquşun ulamasın eşidirsiniz və ya dəfələrlə müəyyən yuxunu görürsünüz. Bu hadisələr dünyanın inkişaf tapmış ölkələrində yaşayan insanlara adi və gündəlik hadisələr hesab olunur. Amma Afrikada və hətta, Asiyada yerləşən bəzi ölkələrdə bu hadisələr qeyb aləmindən və ya başqa sözlə tanınmamış güclər tərəfindən göndərilən əlamətlər sayılır. O kəs ki, bu əlamətləri görür bir pis və ya yaxşı hadisə ilə üzbəüz olacağına inanır. Bu da ondan asılıdır ki, bu əlamətləri necə izah edələr. Misal üçün, Azərbaycanda gecələr bayquşun naləsin eşitmək, onu göstərir ki, çox yaxın zamanda hansısa bir pis hadisə baş verəcək. Alimlərin nəzərinə görə, bu cür gündəlik hadisələr, misal üçün, ayağın daşa dəyməsi, müəyyən yuxunu təkrar görmək, gecələr bayquş naləsin eşitmək və s. qeyri - adi qüvvələrdən bir əlamət kimi görmə xürafat adlanır və bu xurafata inananlar xurafatçı sayılırlar.
"Xurafat" -- batil rəyə deyilir və heç bir elmi əsası yoxdur.
Əlbəttə, xurafata inam dünyanın hər yanında var. Ancaq o, güclü və zəifliyinə görə fərq edir. Misal üçün, dünyanın inkişaf tapmış ölkələrində bəzi adamlar var ulduz falının əsasında hərəkət edirlər. Beləki, onlar ulduz falından oz bürclərini oxuyub və bu vasitə ilə gələcəkdə nə baş verəcəyi barəsində məlumat alırlar. Yenə də Qərb ölkələrində bəzi adamlar var, qara pişikdən uzaq olurlar və cümə günü ayın 13 - nə düşəndə onu çox qorxulu gün kimi düşünürlər. Əlbəttə, məlumat üçün qeyd etməliyəm, 13 ədədindən dünyanın çox yerində qorxurlar. Elə bu barədə Amerikanın Hollivud kino şirkəti "Cümə günü ayın 13" adı iləbir neçə film çəkib və bu filmlər dünyada çox baxılan filmlər sırasındadır.
"13 " rəqəmi həmçinin ölkəmizin Güney və Quzey hissəsində də xoflu sayılır. Xüsusən, Güney Azərbaycanda "13" rəqəmi bəzilərini elə xoflandırır ki, əgər yaşadığı binanın nömrəsi "13" olarsa, bu zaman 13 ədədinin yerinə "12+ 1" işarəsindən istifadə edirlər. ( Daha doğrusu, riyazi misal şəklində nomrəni göstərirlər.)
"13" ədədinin xoflu olması barədə heç bir elmə söykənən izahat yoxdur. Ancaq bizim bu qədər məlumatımız var ki, qədim Yunanda bir əfsanə yaranmışdır və bu əfsanənin əsasında on iki allahdan ibarət olan bir icma var imiş ki, bir gün on üçüncü fərd bu icmaya varid olub, onların birin öldürür və o gündən "13" ədədi qədim Yunanda nəs hesab olunub. Yavaş - yavaş bu inam başqa ölkələrə də yayılıb.
Xurafata inam təhlükəlidirmi ?
Sən, mənim bu yazımı əlində oxuyan oxucu! Sən özün necə, xurafata inanırsanmı? Ayə, bu inam sənin vücudunda bir izah edilməyən qorxu yaratmayıb ki ? Ayə, fikir etmirsən ki, bu ağıldan uzaqdı, insan icazə verə, onun aldığı qərarlar və gündəlik yaşayışı bir tanınmamış və naməlum bir qüvvənin altında ola və sən onun nə olduğunu bilməyəsən ? Mənim son sualım bundan ibarətdir : Sən bu cür tərif olunmayan qüvvənin altında yaşayışı ancaq bir zərərsiz zəif nöqtəsi və ya bir ciddi hədə görürsən ki, sənə və yaşadığın ictimaiyyətə ağır xəsarətlər vura bilər. Dünyanın çox yerində ekiz uşağın doğulması sevindirici hal kimi qəbul olunur. Amma Afrikanın bəzi yerlərində bu naməlum qüvvələrin tərəfindən törədilmiş mənfi hal sayılır. Onların inancına görə, ekiz uşaqlar böyüyəndən sonra valideyinlərini qətlə yetirəcəklər. Elə bu səbəbə görə, ən azı gərək onlardan biri öldürülsün. Bu misalda aydın görünür ki, xurafata inam bais ola bilər ki, bir günahsız uşaq qətlə yetirilsin.
Azərbaycanda bəziləri pis gözlü adamın olduğuna və baş yeyən qadının mövcudluğuna inanırlar. Bir balaca yerə, misal üçün, bir kənddə əgər bir adam pis gözlü tanına, yəni əgər onun barəsində bu şaiyə ola ki, o baxdığı adamları pis nəzər vurur və xəstələnmələrinə səbəb olur. Elə bu inam bais olacaq, o kənddə yaşayan adamlar şəxsi və ictimai rabitələrində ondan uzaq olalar. Başqa bir misalda, əgər bir qadın bir və ya bir neçə kişi ilə evlənib və o evləndikləri kişi ağır xəstəlik tutalar və ya ölələr, bu zaman onu başyeyən qadın kimi tanıyırlar. Və yaxud qısa şəkildə fikrimizi ifadə etsək, demək olar ki, heç nədən, heç bir əsası olmadan onun üzərinə bu adı qoyurlar. Onun barəsində belə bir şaiyə yayılar ki, əgər hər hansı bir kişi onunla evlənərsə, həmin adamın ölümü ilə nəticələnəcək ! Elə bu misallardan aydın görünür ki, günühsız insanlar qeyri - insani təzyiqlərə məruz qalırlar. Xurafata inam ancaq özgələrə yox, adamın özünə də ciddi problem yarada bilər. Siz bir fərdi nəzərə alın ki, bir neçə dəfə müəyyən yuxunu görür və elə bu səbəbə görə də, özünün yaxın gələcəkdə ölməsinə inanır. Nəhayət ki, əgər ölüm qorxusu həddən artıq olsa, bu adamda psixoloji və cismi xəstəliyin yaranmasına səbəb olacaq.
Əlbəttə, bir ictimaiyyətdə xurafatın yayılmasına müəyyən maddi zəminlər var. Araşdırmalar nişan verir ki, yoxsulluq, savadsızlıq, savadın azlığı və informasiya vasitələrində xurafatın təbliği onun yayılmasına yardımçı olur. Misal üçün, moderin tibb və moderin əlac növləri dünyanın inkişafda olan ölkələrində ya yoxdur, ya da olsa belə, yalnız müəyyən adamlar ondan faydalanırlar. Bu ölkələrdə bəzi yoxsul adamlar ağır xəstəlik tutanda ölüm qorxusu və kifayət qədər informasiyanın olmaması bais olur əlac üçün dua yazana müraciət edib və qeyb aləmindən şəfa tələb edələr. Əlbəttə, bu cür ölkələrdə, o cümlədən, İranda ancaq xəstəliyin əlacı üçün yox, əslində işsizlik, evsizlik, bəxtin açılması və digər problemlərin həlli üçün çoxları xurafata üz tutur və onu dərdin əlacı bilirlər. Təccüb yeri yoxdur ki, verilən məlumatlara görə, hal - hazırda İranda bir inandırıcı dua yazanın və ya fala baxanın bir aylıq gəliri bir nazir və ya millət vəkilin bir aylıq məvacibindən artıqdır. Elə İranın geri qalmış rejimi də bunu istəyir. Çünki xurafatın ictimaiyyətə hakim olması, molla rejiminin ömrünü artırır. Çox təəssüf ki, İranda yaşayan kütlə içərisində ümumi məlumat və elmi düşüncələrin səviyyəsi çox aşağıdır. Qeyd edək ki, son illər bu hadisə getdikcə dərinləşir. İranın bəzi yerlərində çox rahat şaiyə və ya xurafata inam əsasında minlərlə insanı küçə - bazara çəkmək mümkündür. Bu barədə bir misal çətirim. Təqribən üç il bundan qabaq Kirmanşah şəhərində təbliğatla məşğul olan bir firma fotoşop proqramından faydalanıb bir qadınla bəbirin şəklin montaj etmişdir.Yeni meydana gətirilmiş şəkil bədəni qadın, başı bəbir olmuşdur. Bu şəkil Kirmanşahda nəşr olunan qəzetdə dərc edilmişdir. Bir müddətdən sonra şəkil çox sayda Qum şəhərində yayılmışdı. Şəkli yayanlar iddia etmişdilər ki, bu qadın dini və müqəddəs adamları, o cümlədən, Ayətullah Xumeynini təhqir etdiyi üçün bu günə düşmüşdü. Hal - hazırda polis bu qadını tutub və Şeyxabad adlı polis qərargahında həbsdədir. Nəhayət, camaat Şeyxabad qərargahına gedib, qadını görmək istəyiblər. Məmurlar bu xəbərin şaiyə olduğunu onlara inandırmaqda çox çətinlik çəkmişdirlər. Bir neçə gündən sonra haqqında söz - söhbət gəzən qadının Qum şəhərinin Nübüvat meydanında edam olunacağı xəbərini də camaat eşitdi və kim kimə çatdısa, orda iştirak etməyin maraqlı olduğunu söylədi. "Elan" olunmuş vaxtda camaat ora yığılıb və edamın icrasın gözləyiblər. Nə qədər gözləsələr də, heç bir xəbər çıxmayıb və sonda camaat əsəbləşıb hay - hük salır. Bundan sonra polis bir neçə nəfəri həbs edir.
İranda xurafat
Siyasət sahəsində ən dəhşətli xurafat ondan ibarətdir ki, dövlət başqanı özünü imam və peyğəmbər kimi müqəddəs bir şəxs hesab edə və qeyb aləmindən yardım aldığını söyləyə. Mütərəqqi ruhanilər bu növ davranışı dini dəyərlərə qarşı hesab edib və dini nöqteyi - nəzərdən onu günüh sayırlar. Buna baxmayaraq, İranda tarixboyu diktatorlar çalışıblar öz hakimiyyətlərinə bir ilahi məna verib və özlərini insandan üstün göstərələr. Misal üçün, İranın son şahı Məhəmmədrza Pəhləvi şahlığı allah tərəfindən özünə hədiyyə hesab edirdi. O, İtaliyanın tanınmış jurnalisti Oryana Falaçiyə verdiyi müsahibədə qeyd etmişdi ki, məmləkəti idarə etmək üçün qeyb aləmindən ona məsləhət verilir və o, İmam Zaman tərəfindən himayət olunur və dəstəklənir. Konfranslarda, seminarlarda, bütün ümumi və ictimai yerlərdə Firdovsinin bu şerindən seçilib, divarlara yazılırdı: "Ya şahın fərmanı, ya allahın fərmanı!" Başqa sözlə, şahın sözünə allahın sözü kimi dəyər verilirdi. Amma əslində küçə - bazar adamları şahın hətta müsəlman olduğuna da şübhə ilə baxırdılar. Dünyanın əkəsr ölkələrində dövlət səviyyəsində, təlim və tərbiyyətdə, informasiya vasitələrində çalışırlar ki, xurafatla mübarizə aparalar. Amma İran o nadir ölkələrdəndir ki, xurafat dövlət səviyyəsində təbliğ olunur. 1979 - cu ildə, yəni inqilab zamanı bəziləri iddia etmişdirlər ki, Ayətullah Xumeyninin şəklini Ay kürrəsində görüblər. Ayətullah özü bu cür iddiaları heç zaman xurafat adlandırmamışdı və onu təkzib etməmişdir. İranda inqilab qalib gələndən sonra mediya vasitələrində Xumeyni İmam Zamanın varisi adlanmışdı. O, bu ifadəyə də qarşı çıxmamışdı. İranda 1988 - ci ilin yayında ancaq iki ayın ərzində "allahla müharibə aparanlar" ittihamı ilə minlərlə siyasi məhbus edam edilmişdir. Nəhayət ki, Xumeyni yaşının çoxluğundan və ürək xəstəliyindən vəfat etmişdir. Hal - hazırda İranın informasiya vasitələrində bəzi xəstə adamları nişan verirlər ki, Xumeyninin qəbrinin üzərinə gedib, ondan şəfa diləyirlər.
Burdan belə bir sual ortaya çıxır : Bir fərd ki, xəstəlik nəticəsində ölüb, necə digər xəstələrə şəfa verə bilər ? Ayə, bunu xurafatdan başqa bir şey adlandırmaq olarmı ?
Əhmədinijad İranda prezident təyin olunandan sonra İranın fars rejiminə ilahi məna vermə və onu qeyb aləminə bağlamaq daha da şiddətlənib. Misal üçün, İranın Elmlər Naziri (Şimali Azərbaycanda Akademiya bərabər -- qeyd: B. A.) Ərəbistanın şahı ilə görüşdə iddia etmişdir ki, Əhmədinijadın hakimiyyətin qeybdən əllər himayət edirlər. Əhmədinijad Neft Naziri Mahan Vəzirini bu vəzifəyə təyin edərkən, bildirmişdi ki, onun bu işə təyin olunmasın allah təklif vermişdir.
2005 - ci ildə İranın prezident aparatı iclas keçirəndə Əhmədinijadın birinci müavini Pərviz Davudi belə bir təklif vermişdi ki, necə ki, nazirlərlə Əhmədnijadın arasında müqavilə yazılıb, onlarla İmam Zamanın arasında da müqavilə yazılmalıdı. Bu təklif nazirlər tərəfindən yekdilliklə qəbul olunmuşdur və onlarla İmam Zaman arasında haqqında söhbət gedən müqavilə hazırlanmışdı. Sonra isə adi qayda ilə nazirlər birbəbir sənədə qol çıkmişdirlər. Bildiyiniz kimi hər hansı müqavilə, növündən asılı olmayaraq, iki tərəf arasında imzalanmalıdır. Burada belə bir problem ortaya çıxmışdır : İmam Zamana hansı vasitə ilə onu çatdıracaqlar, o da öz növbəsində mübarək imzasını ora atacaqdır? Nəhayət ki, prezident aparatı bu problemin həlli üçün bir çıxış yolu tapmışdırlar. Belə ki, Mədəniyyət və İrşad Naziri Səffar Hərəndi imzalanmış müqaviləni məktub formasında Qum şəhərinə aparıb və bu şəhərin kənarında yerləşən Cəmkəran quyusuna atmışdır. Məlumat üçün qeyd edim ki, bu quyu Cəmkəran məscidinin yanında yerləşir və bu məscidi ziyarət edənlər İmam Zamanla əlaqə saxlamaq üçün adı çəkilən quyuya məktub atırlar. Bundan da əlavə bir neçə gün bundan qabaq Əhmədinijadın Dövlət Katibi Məcid Dostəli iddia etmişdi ki, Əhmədinijadın hakimiyyəti İmam Zamanın zühur dövlətidir.
Yuxarıda qeyd etdiyim kimi, İranda tarixboyu diktatorlar çalışıblar öz hakimiyyətlərinə ilahi məna verib və özlərini adi adamlardan üstün göstərələr. Əslində millətin dini inamlarından sui - istifadə edib, müxaliflərini qəddarcasına aradan aparalar. Bunlada ömrüboyu siyasi qüdrətin üstündə monopolları ola. İranın indiki rejimi də təqribən 30 illik hakimiyyəti dövründə bu hiyləgər üsuldan faydalanmışdı. Ancaq Təbrizdən seçilən millət vəkili Əkbər Ələmi keçən il Zəncan şəhərində Əhməhinijadı kəskincəsinə tənqid etmişdir. O, öz çıxışında demişdi ki, əgər İmam Hüseyn də dövlət yaratsa, əgər lazım gələrsə, o, həmin dövləti də tənqid edəcək. Və onları sorğu - sual üçün məslisə çəkəcək. Bu sözlə Əkbər Ələmi bu mesajı çatdırmaq istəyirdi ki, Əhmədinijad özünü İmam Zamana və qeyb aləminə bağlamaqla daşıdığı məsuliyyətin altından qaça bilməz. Bu çıxış İranın hökümət dairələrində çoxların qəzəbləndirmişdi. Belə ki, yeni məclis seçkilərində Əkbər Ələminin səlahiyyəti Nəzarət Şurası tərəfindən rədd olunmuşdu. Bundan əlavə, Əkbər Ələmi 2008 - ci ilin aprel ayının 5 - də bildirmişdi ki, keçən il Zəncan şəhərində olan çıxışına görə, prokurol tərəfindən məhkəməyə çağırılıb.
Elm və xurafat
Hər zaman elmdən danışanda məqsəd düzlüyü sübut olunmuş məlumatdır. Elə bu səbəbə görə, bir fenomenin haqqında düzgün məlumata çatmaq üçün o fenomen əvvəl sistemli nəzarət altına alınır və elmi metodlarla araşdırılır, sonra onunla əlaqədar müxtəlif teoriyalar yaranır. Əlbəttə ki, əgər mümkün olsa, bu teoriyalar əməldə test olunurlar. Əgər testin nəticəsi teoriya ilə üst - üstə düşsə, teoriya elmi məlumata çevrilir və bizim onun düzlüyünə şübhəmiz olmur. Amma bunu da unutmamalıyıq ki, alimlərin nəzərinə görə, elm uşaqlıq dövrün keçirir. Məlumat üçün qeyd etməliyəm, insan beyninin çox mürəkkəb quruluşu var, biz ömrümüzboyu ancaq beynimizin bir və ya iki faiz imkanından istifadə edirik. Bəzi alimlərin nəzərinə görə, Albert Eynişteyin beyninin 6 - 10 % imkanından istifadə edə bilmişdir. Bu faktdan belə bir nəticə alınır, elm yüz, iki yüz il ərzində elə inkişaf edə bilər ki, biz bu gün onu heç röyamızda da təsəvvür edə bilmərik. Amma hal - hazırda insanın düzgün bilgisi fenomenlərdən məhduddu. Misal üçün, yer kürrəsinin 70 % - ni su təşkil edir. Bəzi yerlərdə okeanın dərinliyi bir neçə min metirdir. Alimlərə bu imkan yoxdur ki, okeanın dibin araşdırıb və onun barəsində məlumat verələr. Bu həqiqət səbəb ola bilməz ki, biz okeanın dibinin varlığını inkar edək. Başqa bir misalda, siz hipnozu nəzərə alın. Bir neçə müddət bundan əvvəl tanınmış və etibarlı qəzet "Psychology today " də qeyd olunmuşdu ki, hipnoz baş ağrısın toxdadır, doğum ağrısın yüngülləşdirir və ya aradan qaldırır, hətta hipnoz vasitəsi ilə siqareti tərkitmək mümkündür. Bunlardan əlavə, təcrübələr nişan verir hipnoz təhsilə marağı artırıb və dərsləri oxuma adətin gücləndirir. Ən maraqlısı budur ki, bəzi vaxt iynə vurub, xəstəni keyləşdirmək yerinə, hipnozdan istifadə olunur. Burada bir nöqtəni diqqət mərkəzinə almalıyıq. Bu aydın faktlara baxmayaraq, elmi baxımından hipnozun nə olduğu konkret formada hələ də izah olunmayıb. Onun barəsində müxtəlif, hətta bir - biri ilə təzadlı olan nəzərlər var. Misallardan belə bir nəticə almaq olar ki, xurafatla mübarizədə ifrata varmamalıyıq. Xüsussən, xurafatla mübarizəni bəhanə edib, dini dəyərləri sual altına aparmamalıyıq. Çünki İranın irqçi fars rejimi din adı ilə ictimaiyyətdə xurafatı yayır və bu vasitə ilə islam dinini və mütərəqqi ruhaniləri zülmə məruz qoyur. Əgər bir inamı xurafat kimi təqdim edirik, gərək ki, bu iddiaya qaneedici səbəblərimiz ola. Misal üçün, fərz edin bir ailədə bir uşaq dünyaya gələn zaman ana - ata və ya yaxın əqrəbələrdən biri ölür. Xurafatçılar çox zaman belə bir ölmün əsl səbəbin uşağın bədqədəm olması ilə bağlayırlar. Amma əgər biz elmi baxımından bu hadisəni araşdırsaq, mümkündür bu nəticəyə yetişək ki, ölümün səbəbi xərçəng xəstəliyi olub və yaxud digər xəstəlik. Əslində bu hadisədə uşağın "bədqədəm" olması heç bir rol oynamayıb. Mənim fikrimcə, Azərbaycan ziyalılarının vəzifələri bundan ibarətdir ki, kütləyə açıq - aydın göstərələr bu növ problemlərin həlli moderin tibb və moderin əlac yollarıdır. Nəinki xurafata üz tutma yolları!
Din və xurafat
Aşağıdakı yazı mənim başqa bir məqaləmin bir hissəsidir. Onu tam şəkildə bu linkdə oxuya bilərsiniz.
http://www.azadtribun.net/x18577.htm
İnsanda ağıl olduğu üçün həmişə çalışır özündə və ətrafında baş qaldıran müxtəlif suallara qaneedici cavablar tapa. Elə bu da öz yerində qədim yunan fəlsəfəsinin yaranmasına səbəb olmuşdur. Fəlsəfə sözü yunan sözü olub və biliyi sevmək mənasındadır. Birinci dəfə Pythagoras bu kəlməni işlətmişdi. Ondan soruşmuşdurlar: Sən çox bilənsən ? Cavab vermişdi : Yox, mən filosofam, yəni biliyi sevənəm.
Qədim yunan fəlsəfəsi yaranandan bu günə kimi insan suallara elmi cavab axtarır, daim metafizikaya inananlar və onu inkar edənlər arasında fikir mücadiləsi olmuşdur. Elə bu fikir mücadiləsi yeni məlumatın yaranmasına, nəhayət tərəqqi və inkişafla nəticələnmişdir. Burada qeyd etməliyəm ki, xurafatı metafizikadan ayırmalıyıq. Metafizikaya Albert Eynişteyin kimi tanınmış alimlər inanmışdırlar.
Çox təssüf ki, bəzi soydaşlarımız İranda din hakimiyyəti adına yayılan xurafata istinad edib və dini dəyərləri sual altına aparırlar. Digər tərəfdən də İranda bəzi fanatik və geri qalmış qüvvələr materialist təfəkkürü, yəni ancaq maddiyə inanmağı namussuzluq, ailəyə qarşı və s. təfəkkür kimi təqdim edirlər. Tamam təcrübələr nişan verir ki, mövzuya bu cür baxış kütləni parçalayıb, bir - biri ilə üz - üzə qoyar və bununla da tərəqqi prosesinin qabağında ciddi maneə yaranar. Tərəqqi və inkişafın əsl amili informasiyanın yaranması, onun üstündə mübahisə olub və islah edilməsidir. Elə bu səbəbə görə də, Qərbin mədəniyyətində pluralizm, yəni siyasi, dini, fəlsəfi və ideoloji dəyərlərin çoxluğunun əsasında qoyulmuşdu. Materialisti və metafiziki təfəkkürün barəsində filosofların və alimlərin fikirləri ilə tanış olanda o zaman insan başa düşür ki, bunlar çox mürəkkəb mövzudurlar. Bu barədə fikir yürütmək üçün ətraflı məlumat lazımdır. Mövzuya aydınlıq gətirmək üçün yaxşı olardı bir misal çəkək. Bir müddət bundan qabaq İsveçdə nəşr olan bir elmi qəzetdə oxudum ki, İngiltərədə yerləşən qədim bir bina var ki, uzun zaman orada olanların bəziləri iddia ediblər ki, bu binanın müəyyən yerlərində ruh müşahidə ediblər. Bu səbəbə görə bəzi alimlər bu binaya gedib və bu iddialarla yaxından tanış olmuş və dərindən araşdırmışdırlar. Təhqiqat nişan vermişdir ki, bu binanın o yerlərində ki, ruhun görünməsi iddia olunur, o yerlərdə elektromaqnit dalğaları var. Bu xəbər yayılandan sonra Amerikada bir neçə alim çalışmışdırlar ruh və elektromaqnit dalğalarının bir- biri ilə necə əlaqəsi olduğunu aydınlaşdırsınlar. Bu işin təcrübədən keçirilməsi üçün bir neçə nəfər könüllü şəkildə razılıq vermişdir. Belə ki, onlar icazə vermişdir beyinlərinə elektromaqnit dalğaları yerləşdirilə. Bu təcrübənin nəticəsi nişan verdi ki, elektromaqnit dalğaları bir həddən üstə gedəndən sonra illuziyaya səbəb olur. Bu da bais olur ki, insan ruha oxşar təsvirlər görür. Ən maraqlısı budur ki, həm ruha inananlar və həm də ruhu inkar edənlər öz iddialarının sübutu üçün bu təcrübənin nəticəsinə istinad etdilər. Ruhu inkar edənlərin nəzərinə görə, bu təcrübə nişan verdi ki, ruh yoxdur. Əslində bu elektromaqnit dalğalardır ki, illuziyaya səbəb olur. Amma o biri tərəfdən də ruhun vücuduna inananlar, bu təcrübəni ruhun sübutu kimi adlandırdılar. Onların nəzərinə görə ruh bir fiziki vücud deyil. Bu səbəbə görə də insanla əlaqə saxlamaq üçün elektomaqnit dalğalarından faydalanır. Bundan da əlavə alimlər qaneedici izahatlar verə bilmirlər ki, nə səbəbə görə bu qədim binanın ancaq bəzi yerlərində və o da bəzi vaxtlar elektromaqnit dalğaları yaranır.
Əlbəttə, ruhun ancaq nə olduğu yox, əslində onun harada olduğu da tarix boyu mübahisə mövzusu olmuşdu. Materialist təfəkkürdə qeyri - maddi dünyanın vücudu yoxdur. İnsan öləndən sonra cismi bir maddi varliq olaraq bir formadan digərinə keçir və təbiətdə qalır. Amma ruha inananlar ruh üçün özünəməxsus olan bir dünyanın olduğunu vurğulayırlar. Bu iddianın sübutu üçün qeyd edirlər ki, bizim əlimizdə fiziki varlığı təsdiqləmək üçün 3 ölçü var, yəni en, uzunluq və dərinlik. 1915 - ci ildə Albert Eynişteyin nisbilik nəzəriyyəsin nəşr etdirdi və dördüncü ölçü, yəni zaman ölçüsünü də bu siraya saldı. Onun izahatına görə hər hesabatda zaman faktorun nəzərə almalıyıq. Zamanın mütləq mənası yoxdur, o iki amildən, yəni məkan və hərəkətdən asılıdır. Nə qədər biz yerdən uzaq olsaq, zamanın gedişinin surəti çoxalır. 1962 - ci ildə iki dənə çox dəqiq işləyən saatın birini hündür binanın başında və o birisin isə binanın aşağısında yerləşdirmişdirlər. Yuxarıdakı saat zamanın gedişin aşağıda olan saatdan artıq göstərmişdir. Yenə Eynişteynin nəzərinə görə nə qədər hərəkətin sürəti çoxalır, zamanın gedişi də yavaşıyır. Əgər biz müvəffəq olaq işıq sürəti ilə səfər edək, zaman dayanacaq. Hətta, əgər sürətimiz işığın sürətindən artıq ola, keçmişə də səfər mümkün olacaq. Bu zamanda səfər adlanır.
Müəyyən təcrübələr nişan verdi ki, sürət zamanın hərəkətin yavaşıdır. Amma insan işıq sürəti ilə səfər edə bilmir, ona görə zamanın dayanması və keçmişə səfər hələ sübut olunmayıb. Bu nəzəriyyə çox geniş yayılmış nəzəriyyədir və onun əsasında çoxlu elmi fantastik romanlar və filmlər yaranıb. A. Eynişteynin zaman nəzəriyyəsindən sonra bəzi alimlər yeni nəzəriyyələr irəli sürüb və varlığı tanımaq üçün 11 - dən 42 - yə qədər ölçünün olduğunu qeyd ediblər. Ruha inananlar elə bu nəzərlərə istinad edirlər. Bir İngiltərəli alim deyir: Biz insanların en, uzunluq və dərinliyi var. Amma kölgəmiz en və uzundan ibarətdir. Lakin dərinliyi yoxdur. Fərz edin bir başqa kürəyə gedək, orada yaşayan mövcudların ancaq en və uzunluğu ola, amma dərinlikləri olmaya. O bu mənadadır ki, onlara dərinliyin mənası yoxdur, onlar varlığı dərinlik ölçüsü ilə tanıya bilmirlər və bizləri də kölgəmiz kimi, ancaq en və uzunluğumuzu görəcəklər. Elə ruhun nə olduğu və yaşadığı yerdə bu ölçü mövzusundan asılıdı. Ruhun nə olduğu və yaşadığı dünya o ölçülərlə mümkündür ki, o ölçülər bizə biganədir. Və bu gün elmə geniş mənada məlum olan 5 hisslə bu ölçüləri görüb, hiss etmək mümkün deyil. Bəzi alimlərin nəzərinə görə bu cür mövzular paranormal mövzular adlanır, onları elmi baxımdan qəti formada inkar, yaxud sübut etmək mümkün deyil. Amma bu mövzular hər zaman yeni elmi araşdırmanın mövzusu ola bilərlər.
Yaponiya 1884 - cü ilə kimi sərhədlərin bağlayıb və özün dünya ictimaiyyətinin gözündən təcrid etmişdir. Amma bu ildə Amerikanın prezidentinin ultimatumu səbəb oldu ki, Yaponiya sərhədlərini Amerika və Avropa ölkələrinin üzünə aça. Avropanın mədəniyyəti Yaponiyanın üzərində çox təsir qoyub və səbəb olmuşdur ki, Yaponda siyasi, iqtisadi, mədəni islahat başlana. Bu reformanı aparanların bəziləri modern təfəkkür adı ilə Yaponiyada yaşayış tərzin sual altına aprıb və mədəni, milli, dini, tarixi dəyərlərlə bağlı şübhə yaratmağa çalışmışdırlar. Elə bu səbəb olmuşdur ki, bəzi samuraylar milli, mədəni, dini, tarixi dəyərləri müdafiə edələr. Məlumat üçün qeyd etməliyəm ki, samuraylar hərbiçi idilər və onların inandığı məfkurədə vətən eşqi, milli dəyərlər, əxlaq və Konfusio təlimi əsas rol oynayırdı. Nəhayət ki, Yaponiyada reforma aparanlar başa düşdülər ki, müasirləşmənin alışdıqları yaşayış tərzi ilə ziddiyəti yoxdur. Elə bu səbəbə görə bu günə kimi Yaponlar öz yaşayış tərzlərin hifs edib və samurayi məfkurəsi öz həyatına davam verdiyi halda, dünyanın ən tərəqqi tapmış və inkişaf etmiş ölkəsi sayılır. II dünya müharibəsi nişan verdi samurayi təfəkkürü nə dərəcədə Yapon ictimaiyyətində güclüdür. Onların iki şəhəri, yəni Xirosimia və Naqasakiyə Amerika tərəfindən atom bombası ilə bombalanandan sonra Yapon imperatoru Yaponiyanın təslim olması ilə bağlı bildiriş oxumuşdur. Bu zaman bir neçə min hərbiçi şəmşir ilə intihar etmişdir. Bu intihar haraqiri, yəni müqəddəs intihar adlanır və qədimdən qalma samuray adətidir. Əgər bir samuray müharibədə məğlub olarsa, müqəddəs intiharla öz həyatına son qoyar. Çəkdiyimiz misallardan bu nəticəni almaq olar ki, Güney Azərbaycanın milli hərəkatında dini kimlik milli kimlik qədər əhəmiyyət daşıyır. İranın fars rejimi dindən sui istifadə edib və onu milli hərəkatımıza qarşı çıxartmaq istəyir. Unutmamalıyıq ki, Güney Azərbaycanda 2006 - cı ilin May ayında Milli Qiyam baş verəndən sonra İran rejimi öz nəzarəti altında olan mediya vasitələrində milli fəalları Amerikanın cəsusu kimi təqdim edib və onları islam hakimiyyətinə qarşı olan şəxslər kimi təqdim etdi. Əgər bu faktları nəzərə alsaq, milli hərəkatımızda Hüccətülislam Əzimi Qədim, Heydər Bayat və s. kimi milli ruhlu ruhanilərimizin dəyəri məlum olur.
2008 - ci il, 7 aprel
