Sağlam diskussiya təkamül deməkdir

 

İran parlamentinə seçkilərlə bağlı azərbaycanlıların mövqeyi kütləvi informasiya, o sıradan internet saytlarında önəmli mübahisələrə nədən oldu. Bu mübahisələr gündəlik siyasi və ictimai fəaliyyətimizin ayrılmaz bölümüdür. Diskussiya Azərbaycan millətinin milli mübarizəsinin uğurla nəticələnməsini sığortalayan amillərdən biridir. Diskussiyasız  hərəkatın nəzəri əsaslarını formalaşdırmaq və gəlişdirmək mümkün deyil.

 

Bu baxımdan, seçkilərlə bağlı mənim fikirlərime, münasibət bildirənlərə çox sağ olun deyirəm və onlarında fikrinə sayğı ilə yanaşıram.

 

Diskussiya cəmiyyətin təkamül prinsiplərindən biri və əsası olduğu üçün onun aparılma tərzi özünə məxsus mədəniyyət tələb edir. Misal üçün, irəli sürülən fikirlərin necəliyindən asılı olmayaraq, taxma adla yazılan yazılar tərəfimizdən ciddi qarşılana bilməz. Hər hansı nağıl, hekayə, ədəbi və bədii yazıları taxma adla yazmaq olar, lakin, millətin və vətənin taleyinə aid yürüdülən siyasi fikir haqda birbaşa məsuliyyət daşıyan şəxs və yaxud qurum olmalıdır.

 

M . Çətin adlı taxma adla çıxış edən fərd mənim “ Məşrutə hərəkatının təcrübələrindən “  adlı məqaləm haqda da bir yazı yazmışdır.

Öncə onu deyim ki, bu yazının izinə düşüb onu incələmək olmaz. Ona görə ki, bu yazı jurnalistika qayda-qanunlarına tabe deyil. Bu “ məqalə” yazı və yanaşma tərzinə, eləcə də,   siyasi məsələlərə münasibət baxımından jurnalistika və dialoq mədəniyyətindən uzaqdır.

 

 Biz Azərbaycan jurnalistika məktəbinin ənənələri ilə ayaqlaşmayan, ona eybəcərlik gətirən, insanların şəxsiyyətini sual işarəsi altına aparmağa cəhd edən, yazılara münasibət bildirmək məcburiyyətində deyilik.

Toplum arasında mədəni davranmağı bacarmayan “ dəstələrin “ siyasi fəaliyyəti elə bu başdan iflasa uğramışdır. Azərbaycan milli hərəkatının problemi hər hansı bir fərd deyil, bəlkə cərəyanlar və onların fikirləridir.

 

1918-ci il Azərbaycan xalq Cümhuriyyətinə qarşı döyüşən başı pozuq dəstəyə başçılıq edən bir Qatır  Məmməd var idi. Müsavat hökuməti Qatır Məmmədi öldürsə də, özünü qurtara bilmədi, çünki Müsavat Dövlətinin problemi Qatır Məmmədlə deyildi, bəlkə Qatır Məmmədin təmsil etdiyi Rusiyanın Bolşevik cərəyanı ilə idi. Bu mənada bizim də çətinliyimiz fərdlərlə  deyil, bəlkə onların təmsil etdikləri cərəyanla olmalıdır.

 

Siyasi fəaliyyətlə məşğul olan adam üçün taxma ad qeyri ciddilik və özünə inamsızlıq əlamətidir. Özünə və fikrinə inamı olan şəxs mövqeyini ortaya qoymalı, dediyi sözlər haqda məsuliyyət daşıdığını bildirməlidir.

 

Semed Niknam

2008-04-03