http://www.ayna.az/rubric.php?rid=58
|
|
| Ş. , Mar. 15, 2008 |
| İRANDA DA SEÇKİ KEÇİRDİLƏR |
||
| Hakimiyyətin "dişsiz"
qurumuna - parlamentə seçkilərdə rejimin istədiyi
adamların "seçiləcəyi" indidən
bəllidir |
||
| S.SƏDRƏDDİN |
||
| Dünən İran
parlamentinə seçkilər keçirilib. Bəzi
mənbələrin bildirdiyinə görə, 4500
namizəd qeydə alınıb. Mahmud Əhmədinijat
prezident olduqdan sonra bu, mühafizəkar xəttin üçüncü seçkisidir.
2006-cı ilin dekabrında yerli şuralar və ötən
il Dini Ekspertlər Şurasına seçki keçirildi.
Təhlilçilər bunların hər ikisində Əhmədinijat
xəttinin uduzduğunu söylədilər. Bu baxımdan
onların yeni parlamentdə çoxlu mandat qazanmağa çalışacaqları
istina deyil. Elə ona görə də builki siyasi kampaniyada
mühafizəkar xətt 2004-cü ildə keçirilən seçkilərdə
qazandığı qələbəni təkrarlamaq
niyyətindədir. Onu da bildirmək lazımdır ki, əhalinin böyük hissəsi səsverməyə getmir. Çünki onların haqları namizədlərin irəli sürülməsi zamanı pozulur. Seçkinin legitimliyini təmin etmək üçün hələ ötən il seçki haqqında qanuna dəyişiklik edilmişdi. Həmin dəyişikliyə əsasən, 15 yaşlı vətəndaşlara səsvermə hüququ verilmişdi. Bu səbəbdən də ötən parlament seçkilərində hakimiyyətin arzulamadığı vətəndaşlar qeydə alınmayıb. Odur ki, seçkinin nəticələrini indidən də söyləmək mümkündür. Başqa sözlə, hakimiyyətin bu "dişsiz" qolunun yenə də mühafizəkarların əlinə keçəcəyi istisna edilmir. Xatırladaq ki, İran parlamentinə 270 nəfər seçilməlidir. Hər on ildən bir əhali sayının artması, siyasi amil, coğrafi şərait və başqa amillər nəzərə alınmaqla onların sayı 20 nəfər artırıla bilər. Bundan başqa, zərdüştilər, yəhudilər, aşuri və kəldani xristianları, cənub və şimal erməniləri də hərəsi bir nümayəndə ilə təmsil olunurlar. Əslən Güney Azərbaycandan olan, hazırda mühacirətdə yaşayan hüquqçu soydaşımız Babək Azərinin İrandakı seçkilərə aid məqaləsindən bəzi hissələri diqqətinizə çatdırırıq: "Mədəni və demokratik cəmiyyətdə hakimiyyətin formalaşmasında seçkilərin rolu və önəmi danılmazdır. Belə ölkələrin çoxunda prezident, deputatlar və s. səsvermə vasitəsilə müəyyən olunur. İranın Əsas Qanununda da prezident, məclis və şura üzvləri səsvermə ilə müəyyənləşməlidir. Amma Ana yasanın 91-99-cu maddələrində Nəzarət Şurası adlı qurumun səlahiyyətləri təsbit edilib. Adıçəkilən qurumun əsas vəzifələrindən biri seçkilərdə namizəd olmaq istəyənlərin səlahiyyətlərini təsdiq etmək yaxud etməməkdir. 12 nəfərlik şuranın 6 üzvü dini xadimdir. Onlar İranın ali rəhbəri, ayətulla Xamneyi tərəfindən təyin olunur. 6 nəfəri isə ədliyyə naziri tərəfindən məclisə təqdim edilir və parlamet onları səsvermə yolu ilə təsdiqləyir". Müəllifin yazdığına görə, inqilabdan sonra yaranmış Ana yasada meydana çıxmış bu qurum, Nəzarət Şurası ilə parlament arasında dəfələrlə münaqişə olub. Elə bu səbəbdən də 1988-ci ildə ayətulla Xomeyninin təklifi ilə Məsləhət Şurası yaradıldı. 1990-cı ildə "Hakimiyyətin məsləhətlə təyinedilməsi icması" adı ilə Ana Yasaya daxil edilib və 122-ci maddə kimi əlavə olunub. Qeyd edək ki, Məsləhət Şurasının 34 üzvü var. Onların hamısı ali rəhbər tərəfindən təyin olunur. Onun əsas vəzifəsi isə Nəzarət Şurası və hakimiyyətin başqa orqanları arasında mübahisəli məsələləri həll etməkdən ibarətdir. B.Azəri hesab edir ki, belə qanunverici və qərarverici hallarla İranın bürokratik sistemində seçki vasitəsilə heç bir siyasi, iqtisadi, mədəni islahatlara nail olmaq mümkün deyil. Müəllif bunu belə dəyərləndirib: "İranda Nəzarət Şurası namizədləri süzgəcdən keçirdiyindən hakimiyyət öz istədiyinin seçilməsinə şərait yaradır. İrandakı seçkilərdə ağlagəlməz dərəcədə dəhşətli saxtakarlıqlar olur. Beynəlxalq orqanlar və İran daxilindəki müxalifət bu siyasi kampaniyanı müşahidə edə bilmir. Hakimiyyətin ayrı-ayrı qurumlarına seçilən şəxslərin süzgəcdən keçməsi isə müxalif və fərqli fikirlilərin iqtidarda təmsil olunmasına mane olur. Başqa tərəfdən də Nəzarət Şurasına və Məsləhət Şurasına Ana Yasada verilmiş səlahiyyətlər nəticəsində onlar seçkili orqanların qərarlarına veto qoya bilər. İranda keçirilən seçkidən öncə aparılan sözügedən əməliyyat müxalif və fərqli düşüncəli vətəndaşların seçkili orqanlara düşməsini əngəlləyir yaxud belələrinin sayı çox az olur. Elə bu baxımdan da İran parlamenti xaraktersiz bir sərgiyə bənzəyir". "İRANDA İSLAHATÇI VƏ MÜHAFİZƏKAR QÜVVƏLƏR" B.Azəri ölkədəki siyasi vəziyyəti təhlil edərək yazıb: "İranda bəzi siyasi qüvvələr ölkənin mövcud qanunları çərçivəsində fəaliyyət göstərərək islahatçı və mühafizəkar kimi iki xəttə bölünür. Onların fikrincə, əgər seçkidə islahatçılara dəstək verilərsə, o zaman bu adlı siyasi qüvvələrin gücü artar və İranda siyasi sahədə islahatlara başlamaq üçün şərait yaranar. Hakimiyyət keçmiş SSRİ-də, Çili, Cənubi Afrika Respublikası və Şərqi Avropa ölkələrinin bəzilərində baş verənləri örnək göstərərək bu ölkələrdəki islahatların ciddi proseslərin baş verməsinə səbəb olduğunu bəyan edir. İrandakı mövcud gerçəkliklərlə bu fikir üst-üstə düşmür. Məsələyə aydınlıq gətirmək üçün həmin ölkələrdə islahatların başlanmasında 3 amil əsas rol oynayıb: - hakimiyyətdə olan qüvvələr islahatın keçirilməsinə razılıq verib və onun üçün maddi, hüquqi baza yaradıb; - fəaliyyətləri qadağan edilmiş müxalif qüvvələrin ölkədə siyasətlə sərbəst şəkildə məşğul olmasına şərait yaradılıb; - beynəlxalq qurumlar və daxili müxalif qüvvələr seçki prosesinə nəzarət etməklə yanaşı, onların azad şəkildə seçib-seçilmək haqqı tanınıb. ***************************** Elə bu faktları nəzərə alsaq, görərik ki, dünyada İranın analoqu yoxdur. Məsələn, İranla Cənubi Afrika Respublikasını müqayisə etmək düzgün sayılmaz. Məlumat üçün qeyd etməliyəm ki, ağların Cənubi Afrika Milli Partiyası 1948-ci ildə hakimiyyəti ələ keçirdi. Çox təəssüf, onlar ölkədəki çoxluğa, qara dərililərə qarşı irqçi, aparteid rejimi tətbiq etdilər. Yerli əhali yürüdülən ayrı-seçkilik siyasəti nəticəsində çox saylı təzyiqlərə məruz qaldı. Bu isə onların mövcud hakimiyyətə qarşı müxalif düşüncəli siyasi təşkilatlarının, o cümlədən Cənubi Afrika Konqresinin fəaliyyətinə qadağa qoyulması ilə müşayiət olundu. Nəhayət, 1990-cı ildə Cənubi Afrikadakı ağlar hakimiyyətdən getməyə razılıq verdilər. Siyasi müxalif qurumlar, o cümlədən Cənubi Afrika Konqresi azad şəraitdə fəaliyyət göstərmək hüququ üçün imkan qazandı. 27 il həbsdən sonra Nelson Mandela azadlığa buraxıldı. 1994-cü ildə azad və ədalətli seçki keçirildi. Bu demokratik şəraitdə qara dərililər hakimiyyətə gəldilər. Hazırda İranda buna oxşar proses getmir. Çünki ölkədəki hakim qüvvə hakimiyyətdən getməyi nəinki planlaşdırmır, əksinə, ondan ikiəlli yapışıb. Əgər bu addımı atsalar idilər, o zaman onlar da dünyaya baxmaq imkanı qazanardılar. Bundan başqa, islahatçı adlanan qüvvələr də hakimiyyətdə olduqları illərdə mövcud siyasi-ideoloji xəttin, habelə şovinist fars ideologiyasının səhnədən çıxmasını cinayət və xəyanət adlandırırdılar. Mövcud hakimiyyət tərəfindən çeşidli müxalif təşkilatların, o cümlədən Güney Azərbaycandakı siyasi, ictimai qurumların fəaliyyət göstərməsindən ötrü azad şərait yaradılmayıb. Beynəlxalq qurumların və İran daxilindəki müxalif adlanan qüvvələrin seçkiləri müşahidə etmək hüququ yoxdur". Müəllifin qənaətincə, Məhəmməd Xatəminin 8 illik prezidentliyi dövründə bəzi azadlıqlar verilmişdi. Məsələn, bəzi qəzetlərdə azad fikirli insanların yazıları işıq üzü görürdü. Bir sıra məsələlərlə bağlı etiraz aksiyaları keçirilmişdi və s. B.Azəri qeyd edib ki, buna görə də bəzi siyasi fəallar bunu "islahat", Xatəmi və tərəfdarlarını isə "islahatçı" adlandırırdılar. Bununla belə o, baş verən proseslərə nəzərən Xatəminin prezidentliyi illərini də islahat adlandırmağın yanlış olduğunu bildirib. Çünki bu siyasi hadisə güclü dəyişmələrlə müşahidə olunmalıdır. "Əgər diqqət etsəniz, görərsiniz ki, Xatəminin dövründə cəsarətli fikirlər söyləyənlər həbs olundu, işgəncəyə məruz qaldı, bir hissə isə ölkəni tərk etməyə məcbur oldu. Əlbəttə, dünyada totalitar hakimiyyətlərin ən çox istifadə etdikləri üsullardan biri nəzarət ediləcək və idarə olunacaq sərbəstliyin verilməsidir. Burada da əsas məqsəd müxalifətin maliyyə qaynaqlarını aşkarlamaq, həmin qüvvələri mütəşəkkil edənləri və həmin hərəkatların ideoloqlarını tanıyaraq aradan götürməkdir. Elə bu işlər "islahatçı" adlanan Xatəminin prezidentliyi dövründə baş verdi. Heç kimə sirr deyil ki, istintaq altında olan bir şəxsi iki müstəntiq sorğu-sual edir. Onlardan biri sərt və qəzəbli, o biri isə mülayim olur. Burada məqsəd müttəhimdən bir sıra məlumatlar əldə etməkdir. Hazırda İranın qanunları çərçivəsində fəaliyyət göstərən qüvvələrin - islahatçı və ya mühafizəkar adlanmaqlarından asılı olmayaraq, bir hədəfi var. Bu da panfarsizm və paniranizm ideologiyasının hakimiyyətdə qalmasıdır. Bu baxımdan İranda keçirilən seçkilərin əvvəlkilərdən heç bir ciddi fərqi yoxdur. Nəzarət Şurası İranın müxtəlif şəhərlərində "istisvabi nəzarət" adlı heyət yaradıb. Bu dini termindir. Onlar istənilən şəxsin səlahiyyətlərini ləğv edə yaxud namizəd olmaq istəyənləri bu siyasi kampaniyadan uzaqlaşdıra bilərlər. Hətta seçkidən sonra da bu qurum deputatın fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bu isə o deməkdir ki, Nəzarət Şurası istənilən zaman millət vəkilinin səlahiyyətini ləğv edə bilər", - deyə müəllif yazıb. XATƏMİ DƏ NARAZIDIR Seçki ərəfəsində yüzlərlə vətəndaşın namizədliyi qeydə alınmayıb. Onların arasında Güney Azərbaycandan olan insanlar da var. Belələrindən biri də Əkbər Ələmidir. O zaman-zaman Azərbaycan türklərinin tapdanan haqları və milli-mədəni hüquqları ilə bağlı məsələləri parlamentdə dilə gətirirdi. 2006-cı ildə keçirilən prezident seçkisində də onun namizədliyini qeydə almamışdılar. Onda Ə.Ələmi demişdi ki, İranı bir qrup idarə edir və ölkə "200 nəfərin əlində əsirdir". Ən maraqlı məsələlərdən biri də ayətulla Xomeyninin nəvəsi Əli Əsgərinin qeydə alınmamasıdır. İranda çıxan "Kargüzaran" qəzeti də bu məsələyə yer ayırıb. Onun yazdığına görə, ayətulla Ruhulla Musəvi Xomeyninin nəvəsi, 39 yaşlı mühəndis Əli Əsgəriyə də hakimiyyət parlament seçkisində iştirak etməyi yasaqlayıb. Qəzetə müsahibəsində o deyib ki, qeydə alınmamasının səbəbini ona açıqlamayıblar, eləcə də, komissiyanın qeydiyyatla bağlı ölçüləri onun üçün aydın deyil. Əsgəri müsahibəsində deyib: "Qonşularımdan şəxsi həyatım, o cümlədən siqaret çəkməyim, saqqalımı qırxıb-qırxmamağım, namazımı qəzaya verib-verməməyim, oruc tutmağım kimi məsələlərlə maraqlanıblar". Bir müddət öncə ayətulla Xomeyninin başqa bir nəvəsi ayətulla Hüseyn Xomeyni "əl-Ərəbiyyə" televiziya kanalına müsahibəsində mövcud hakimiyyəti tənqid edərək bunları söyləyib: "İndiki rejim ölkə həyatının bütün sahələrinə nəzarət edən bir qrup ruhaninin diktaturasıdır". O, xarici qüvvələri hərbi müdaxilə ilə bu iqtidarı devirməyə çağırıb. "İran azad olmalıdır. Bunun daxildəkilərin gücü yaxud xarici hərbi müdaxilə ilə gerçəkləşməsi önəmli deyil. Əgər siz doğrudan da əzab çəkirsinizsə, o zaman zindanların divarlarını uçurmalısınız", - deyə nəvə ayətulla Xomeyni müsahibəsində vurğulayıb. İranın keçmiş prezidenti Məhəmməd Xatəmi parlament seçkisində iştirak etmək istəyən islahatçı namizədlərin kütləvi şəkildə qeydə alınmamasını "faciə" adlandırmışdı. O, seçkiqabağı dövrdə məsələyə münasibət bildirərək deyib: "Sağlam düşüncəli və əməli-saleh insanlara mane olmaq, öz-özlüyündə problemdir. Ondan böyük problem isə cəmiyyəti, islam quruluşunu, İnqilabın nailiyyətlərini və cəmiyyətin inkişafını hədələyən davranışa üstünlük verilməsidir. Mən bu prosesin qarşısının tezliklə alınacağını istəyirəm". O, İran rəsmilərinə, tanınmışlara müraciət edərək islahatçı namizədlərin qeydə alınmaması məsələsinə daha həssas yanaşmağa çağırmışdı. M.Xatəminin sözlərinə görə, prosesin belə davam etməsi çox təhlükəlidir. |