Diaspora Komitəsi qeyri - şəffaf pulları hansı məqsədlə verir?..

 

Babək Azəri   hüquqçu

Çox təəssüf ki, XYAİDK (Diaspora Komitəsi ) uzun zamandır İsveçdə müəyyən Azərbaycanlıları maddiyyatla şirnikləndirib və onlardan Azərbaycan hakimiyyətinin əlaltıları kimi faydalanmışdı. Elə bu səbəbə görə, bundan artıq susmağa qaneedici səbəb yoxdur. Və düşünürük bundan sonra susmaq bizim xaricdəki diasporanın fəaliyyətinə ciddi ziyan vurar və həm də ləyaqətsizlik hesab olunar. Azadtribun saitində AFİ - nin İH - nin sayca 5 - ci protokolu və ona cavab reaksiyasi olaraq Məmmədrza Ağapurun məktubu dərc olunmuşdu. Onları aşağıdakı linklərdə izləyə bilərsiniz.

http://www.azadtribun.net/x18877.htm

http://www.azadtribun.net/x18879.htm

Bəzi soydaşlarımız emosional məktublar yazıb və Ağapur bəyə cavab vermək istəmişlər. Mənim fikrimcə, tünd məktublar və şəxsi həmlələr heç bir problemin çıxış yolu deyil. Bu işin yerinə yaxşı olar müəyyən və qəbul olunan faktların əsasında mövzu araşdırıla. Dünyanın azad ölkələrində, azad şəraitdə informasiya yaranır, onun üzərində müzakirələr olur və nəhayət ki, informasiya islah olunub, təkmilləşir. Prosesin bu cür mədəni şəkildə davamı inkişaf və tərəqqiyə bais olur. Digər bir tərəfdən unutmamalıyıq, milli demokrat qüvvələrin davranışı mahiyyət baxımından qeyri - demokrat qüvvələrdən çox fərqlənir. Tanınmış alman filosofu Nitşenin məşhur bir sösü vardır : "Hər kəs uzun zaman əjdaha ilə savaşır, gərək çox ehtiyatlı ola ki, özü əjdahaya çevrilməyə."

Bir milli demokrat fərd təhqirə təhqirlə, şantaja şantajla və böhtana böhtanla cavab verməz. Onun bütün mübarizə forma və vasitələri həqiqətin üzə çıxmasına kömək etməlidir. Bunun üçün də şəffaf formada hesabatın verilməsi, kütlə içində elmi təfəkkürün yer alması və buna oxşar metodlardan geniş şəkildə istifadə olunması əsas şərtdir. Hər halda mən AFİ - nin İH - nin 5 - ci protokolu və Ağapur bəyin yazısı ətrafında bəzi mülahizələrimi çatdırmaq istəyirəm.Ümumi halda demək olar ki, Diaspora Komitəsi xaricdə olan Azərbaycan diaspora təşkilatlarına əgər düz formada yardım etsə, onu mütərəqqi və müsbət hal kimi dəyərləndirməliyik. Necə ki, Azərbaycan təşkilatlarının İsveçdə hökumət dairələrindən maliyyə yardımı almasına heç kəs qarşı deyil. Bu yerdə fikrimə aydınlıq gətirmək üçün mövzu ilə bağlı İsveçlə Azərbaycanı müqayisə etmək istəyirəm.

1.İsveçdə təşkilatlara heç bir siyasi şərt qoymadan maliyyə yardımı olur. Yəni təşkilatlar siyasi görüşlərinə görə ayrı - seçkiliyə məruz qalmırlar. Amma Azərbaycanın Diaspora Komitəsi ancaq Azərbaycan hakimiyyətinə aktiv simpatiya göstərənlərə himayət edir. Hətta açıq - aşkar bu şərti ortaya qoyur ki, xaricdə olan milli demokrat qüvvələri hökumətin xeyrinə ziyansızlaşdırsın. Misal üçün, Nazim Qaraxanlı adlı Dövlət Komitəsinin məsul işçisi keçən ilin yazında İsveçə gəlmişdi və onunla "Haray" radiosunda müsahibə aparıldı. O söhbət zamanı bu radioya maliyyə yardımı vəd etmişdi, amma bu şərtlə ki, hakimiyyətə tənqidi fikirlərin bu radioda söylənməsinə son qoyula.

2.İsveçdə maliyyə yardımı ayrı - ayrı şəxslərə yox, birbaşa təşkilatlara olur. Amma Diaspora Komitəsi ayrı - ayrı fərdlərin şəxsi hesabına pul tökür. O cümlədən, AFİ - nin İH - nin 5 - ci protokolunda qeyd olunub ki, Məmmədrza Ağapur Diaspora Komitəsindən 5400 dollar aldığını etiraf edir və bildirir ki, Diaspora Komitəsinin bəzi məmurları ilə şəxsi münasibətləri nəticəsində bu pulu almağa müvəffəq olub. İsveçdə şəxsi münasibətlər əsasında əgər bir dövlət məmuru bir şəxsin hesabına pul köçürə, bu iş cinayət sayılıb, o məmur və pul alan fərd mühakimə olunub cəzalanarlar.

3.İsveçdə maliyyə yardımı müəyyən və konkret işə və o işlə bağlı köçürülən pulun qəbzi əldə olmaqla mümkün olur. Məlumat üçün bildirim ki, maliyyə yardımı yazılı məktubda qeyd olunur və bunu qərara alan dövlət məmurunun adı, imzası, iş yerinin adı və telefon nömrəsi yazılır. Məlumat üçün bunuda əlavə etmək istəyirəm ki, məktubda həm də pul hansı qanuna əsasən verilirsə, həmin qanunun nömrəsi də yazılı şəkildə göstərilir. Misal üçün, 24 fevralda Stokholmun mərkəzi meydanlarından birində Xocalı faciəsi ilə bağlı mitinq keçiriləcək. Elə bu mövzu ilə bağlı İsveçin müəyyən idarə orqanı söz vermişdi ki, əgər səs gücləndirici kirayə edərsiniz və onun qəbzin bizə gətirərsinizsə, onun pulunu sizə biz ödəyərik. Amma siz AFİ - nin İH - nin 5 - ci protokoluna baxsanız, Ağapur bəy iddia edir ki, Dispora Komitəsindən 5400 dollar məbləğində alıb və onu yeni dərnəklər yaratdığı üçün xərcləyib. Yenə də məlumat üçün qeyd etməliyəm, İsveçdə yeni dərnək yaradarkən onu dövlət qeydiyyatından keçirmək müftədir. Ancaq yetər ki, bir səhifəlik vergi idarəsinin müəyyən təsdiq olunmuş forması doldurulsun, dərnəyin əsasnaməsi və protokolu ilə vergi idarəsinə göndərilsin. 3 - 5 gün arasında o dərnək dövlət qeydiyyatından keçər.

Ağapur bəy öz yazısında sual qoyur : "Xocalı faciəsin keçirmək üçün Diospora Komitəsindən maliyyə yardımı almaq haramdımı ? " Məlumat üçün qeyd etməliyəm ki, əgər Xocalı faciəsi ilə bağlı bir zalda tədbir keçirilərsə, dövlətdə qeydiyyatdan keçmiş təşkilat üçün o zalı İsveçin müəyyən idarə orqanı havayı verir. Əgər şəhərdə açıq havada mitinq və ya nümayiş keçirilə, ancaq polisdən mitinq üçün icazə almağın təqribən 30 dollar xərci var. Uzun zamandır biz burda Xocalı faciəsinə mitinq keçiririk, ona görə də bizim yetərincə bu tədbirin mahiyyətini özündə əks etdirən materiallarıımız vardır. Əgər başqa xərclər olarsa, misal üçün səs gücləndirici kirayə edək və s. bunun da hesabın yenə dövlət ödəyir.Bundan da əlavə yurddaşlarımız bir məsələyə də diqqət etməlidirlər ki, İsveçdə başqa millətlərə aid olan elə Federasion təşkilatlar var ki, hər il müəyyən layihələri həyata keçirib, müvəffəq olur İsveçin hökumət dairələrindən çox miqdarda maliyyə yardımı alalar. Amma təəssüf yeri var ki, AFİ İH - nin 5 - ci protokolunda qeyd olunduğu kimi İsveçdəki cəmiyyət və təşkilatlar AFİ - dən üz döndərirlər. Bu da öz yerində səbəb olub AFİ müəyyən layihələri həyata keçirməkdə uğur qazanmır. Bunun da əsl səbəbi bundan ibarətdir ki, Diaspora Komuitəsi müəyyən Azərbaycanlılara pul verib, iqtidar - müxalifət davasın alovlandırır və AFİ Azərbaycanlıların gözündə Yeni Azərbaycan Partiyasının xaricdə fəaliyyət göstərən şöbəsi kimi görünür.

Bundan artıq faktlar qoymağa xüsusi ehtiyac duymuram. Mən Azərbaycanın Diaspora Komitəsinin göz qabağında olan əməlləri ilə İsveç dövlətinin müəyyən qanunlarını müqayisə etdim. Nəticə çıxarmağı isə sizin öhdənizə buraxıram!