Həyat və ölüm
Babək Azəri hüquqçu
Əgər dünyanın inkişaf tapmış ölkələrində insanın sağlam və uzun ömrü üçün cəhd olunursa, İran kimi geri qalmış ölkədə də adamların diri - diri quyulanmasından xəbər gəlir.
Deyirlər İngiltərənin Vest Minster kilsəsində bir keşişin məzarında bu sözlər yazılıb: " Mən uşaq olanda dünyanı dəyişmək istəyirdim. Bir az böyüyəndən sonra gördüm bu iş çox çətindir. Dünyanı dəyişməyi İngiltərəni dəyişmək fikri ilə əvəz etdim. Amma bir müddətdən sonra bu işin də çox ağır olduğunu düşünüb, yalnız yaşadığım şəhəri dəyişməyə çalışdım. Qocalanda bu qərara gəldim ki, təkcə ailəmi dəyişmək mənə yetər. İndiki xəstə və ölüm halındayam, bu fikirdəyəm ki, əgər hər şeydən əvvəl özümü dəyişsəydim, bəlkə dünyanı dəyişmək də mümkün olardı." Mən onun sözlərindən belə bir nəticə alıram ki, insan hər şeydən əvvəl özünü cəhalətin əsarətindən qurtarmalıdır. Əgər bu işə müvəffəq olsa, müsbət dəyişiklikdə yarada bilər. Mənim yaxından tanıdığım və çox sevdiyim Azərbaycanın böyük filosofu Asif Atanın belə bir fikri demişdi : "İnsanlaşın -- İnsanlaşdırın!" Yəni müsbət dəyişilməyi, dünyanı dəyişməyi özündən başla. "İnsan dəyişməsə, dünya dəyişməz!" (Asif Ata ). Mən aşağıdakı yazımda iki -- ağ və qara olan aləmi üz - üzə qoyacam. Onları müqayisə etməyi isə oxucuların öhdəsinə buraxıram.
Yaşayış ölümləmi məna tapır ?
Bir faransız alimin nəzərinə görə, əgər ölüm olmasaydı, insan məcbur idi onu ixtira edə. Onun fikrinə görə, əgər ölüm olmasaydı, həyat yorucu olub, dəyər və qiyməti olmayacaqdı. Əlbəttə, çox az adam tapılar ki, ölümə bu cür müsbət baxsın. Ümumi halda "ölüm" sözünü eşidəndə gülüş dodaqlarımızdan donub məhv olur, ürəyimiz kədərlənir, yüzlərlə qorxulu fikir zehnimizi bürüyür. Hətta bəziləri qorxurlar ki, öləndən sonra qəbirdə dirilələr. Elə bu səbəbə görə, Amerikada bəzi sərvətli adamlar vəsiyyət edirlər ki, onları böyük tabutda quyulayalar və onların tabutunda oksigenin və bir neçə əl telefonunun olmasını vəsiyyət edirlər. Əgər qəbirdə dirilsələr, evə tez telefon vurub və yaxınlarının onun dalıyca gəlməsini xahiş edələr.
Ölmə səbəb nədir?
Müxtəlif səbəblər ölümlə nəticələnə bilər. Misal üçün, intihar, edam, maşın təsadüfü, xəstəlik, təbii ölüm və s. Mənim bu yazıda təbii ölüm, yəni qocalıb və yaşın çoxluğu nəticəsində ölmə diqqət mərkəzində olacaq. Çünki bu vasitə ilə ölmək ölmün əsl amili sayılır.
Bioloq alimlərin verdiyi məlumata görə, hər insanın bədəni milyardlarla hücüyrədən ibarətdir. Onların əksəriyyətində bu xüsusiyyət var ki, özlərin yenidən bərpa etsinlər. Yəni bu yolla köhnə və ya yaralanan hüceyrənin yerini təzə hüceyrə alır. Hər hüceyrənin içində iyirmi mindən artıq gen var. Bu genlərin bəziləri vaxtında hüceyrəyə siqnal verirlər ki, özünü yenidən bərpa etsin. Bəzi genlər də əksinə, siqnal verirlər ki, hüceyrənin yenidən bərpası dayansın.
Bu mövzu ilə əlaqədar Amerikalı bioloq alim Leonard Hayflik bir məşhur təcrübə apardı. 1960 - cı ildən bəri o laboratoriya şəraitində bir sıra insan hüceyrəsinə imkan yaratdı ki, özlərini yenidən bərpa edələr. Amma yeniləşmə prosesi müəyyən qədər təkrarlanıb dayandı, nəhayət hüceyrələrin ölümü ilə qurtardı. Bu təcrübə sübut etdi ki, hər hüceyrənin içində bir bioloji hafizə var. Bu bioloji hafizə müəyyən qədər hüceyrənin bərpasına izin verir. Bu hesabla hər diri orqanizimdə hüceyrələrin yeniləşmə prosesi dayananda o orqanizmin qocalması və nəhayət ölməsi bir fakt kimi qəbul olunur. Elə bu səbəbə görə də, elmi baxımdan qocalma xəstəlik sayılır. İnsan qocalıq xəstəliyinə 20 yaşından tutur. 20 yaşından hər il ki ötür əzələlərin həcmindən azalmağa başlayır. 25 yaşından qocalıq nişanəsi insanın dərisində görünür. İnsanın dərisində hüceyrələr təqribən 50 dəfə yenidən bərpa olunur və bundan sonra bərpa olunma prosesi dayanır. Dəri nazilir və xüsusən üzün dərisində qırışma qocalıq əlaməti kimi özünü biruzə verir. 30 yaşından eşitmə və görmə qabiliyyəti zəifləməyə başlayır. Hətta 30 yaşından bədənin xəstəliklər qarşısında müdafiə qabiliyyəti azalır. Bunların da əsl səbəbi ondan ibarətdir ki, bəzi hüceyrələrin yenidən bərpa olma prosesi dayanır. 35 yaşından insan bədəninin sümüklərində kövrəlmə prosesi gedir və onun skiletində xəstəliklərə qarşı müqavimət azalır. 45 yaşından insanın hafizəsi zəifləməyə başlayır. Çünki beyində yerləşən bəziinformasiya ilə işləyən beyin və nerv hüceyrələri sıradan çıxmağa başlayırlar. Nəhayət, bu yaşdan bəri yavaş - yavaş insana yeni məlumatları öyrənmək və onları yadına salmaq çətinləşir. Əgər xülasə şəklində desək, bu qocalma prosesi davam edir və nəhayət insan "qəbirə" doğru gedir.
Ölüm və qorxu
Asif Atanın məşhur bir fikri var : "Qorxu -- ölümdən qabaqkı ölümdür!" Bu söz elmi baxımdan çox düzgün ifadədir. Çünki əgər qorxu normal həddən artıq olsa, psixoloji və fiziki xəstəliklərlə nəticələnə bilər. Yaxşı həyat sağlıqla məna tapır. Xəstəlik həyatın keyfiyyətin aşağı endirir. Mənim atam deyərdi : " O kəs ki, ölümdən qorxmur, o yalnız bir dəfə ölür. Amma o adam ki, ölümdən qorxur, hər gün yüz dəfə ölür." Elə buna görə də mənə məsləhət verirdi ki, bir dəfə yaşayıb, bir dəfə öləm. Bunu təcrübələr nişan verir, o adamlar ki, uzun zaman əlacsız, ağır xəstəliyə düçar olurlar, nəhayət, onlar ölümə rahatlıq və çıxış yolu kimi baxırlar. Elə bu səbəbə görə də İsveçrə, Belçika və Hollandiyada bəzi məxsus hallarda həkimə izin verilir ki, uzun zaman əlacsız, ağır xəstəliyə düçar olmuş adamlar, əgər özləri razı olarlarsa, onların ölməsinə yardımçı olalar. Əlbəttə, bu çox istisna haldı və qanunda qeyd olunan şərtlərə əməl olunması əsasdı. Bu formada xəstəni öldürməklə bağlı müxtəlif terminlər işlədilir. Misal üçün, "Ağ ğlüm", "şirin ölüm", "rəhimdən qətlə yetirmə" . Əlbəttə, bu formada xəstəni öldürmək iki halda həyata keçirilir. Ya onun müalicəsi dayandırılır və elə bu da xəstənin ölümünə bais olur. Ya da xəstənin qanına kimyəvi maddə yeridilir və nəhayət, xəstə ölür. Mənim yadıma gəlir Güney Azərbaycanda uzun zaman ağır və əlacsız xəstə olan yaşlı adamlar üzün allaha tutub, iki şəfadan birin istəyirdilər. Ya allah onu toxtadsın, ya da öldürsün. Ancaq bu acı, yəni xəstə vəziyyətdə saxlamasın. Hər halda əlacı olmayan ağır xəstələri rəhim ilə qətlə yetirmə Avropa ölkələrində çox rezonans doğurdu. Hal - hazırda İsveçrə, Belçika və Hollandiyanı qırağa qoysaq, Avropa ölkələrində əlacsız, ağır xəstələri rəhimlə öldürmək yasaq sayılır.
Sağlam və uzun ömür
Üstə qeyd etdiyim kimi həyat can sağlığı ilə məna tapır. Elə bu səbəbə görə, alimlər çalışırlar uzun ömür və eyni zamanda can sağlığı ilə mümkün olsun. Keçən yüz ildə Avropa ölkələrində orta ömür həddi 45 - 76 yaşına çatıb. Araşdırmalar nişan verir ki, aşağıdakı amillər səbəb olub orta ömür Avropada 20 il arta.
1. Yeməyin keyfiyyət baxımından yaxşılaşması
2. Sağlamlıq haqqında bilginin kütlə arasında yüksəlməs
3. İçməli suyun saflığı
4.Tullantıların elmi metodla yığılıb, daşınması
Bunlardan da əlavə araşdırmalar sübut edir ki, tibb elminin inkişafı bais olub xəstəliklərin çoxu müalicə olunsun. Bu da öz yerində orta ömrü 11 il artırmışdı. Bəzi nikbin alimlərin fikrinə görə, gələn 50 ilin ərzində Avropada orta ömür həddi 130 yaşa kimi qalxa bilər. Alimlər bu məqsədə çatmaq üçün yeni sahələrdə araşdırmalar aparırlar. Misal üçün, son zamanlar da o adamlar ki, 100 ildən artıq yaşayırlar onların diqqət mərkəzinə gəlmişdi. Alimlər bu suala cavab axtarırlar : "Nə səbəb olub ki, misal üçün fransız qadın Jeanne Kalment 122 il sağlam yaşayıb?" Bu suala cavab vermək üçün Amerikada 1994 - cü ildən bəri yaşları 100 - dən yuxarı olan 169 nəfər Amerikalını təcrübə üçün seçmişdilər. Tədqiqat nişan verir bu seçilən adamların yaşayış tərzi bir - birlərindən çox fərqlidir. Hətta, bziləri siqaret çəkib, spirtli içki içirlər. Bunlara baxmayaraq, onlar çox sağlam adamlardılar. Ancaq onların arasında bir şey müştərəkdir -- demək olar hamısı stresdən uzaqdılar. Bu yaşda bu cür sağlam olmaq alimləri bu nəticəyə gəlməyə məcbur etdi ki, onlarda məxsus genlər var və bu genləri super gen adlandırmaq olar. Yuxarıda izah etdiyim kimi insan bədəni milyonlarla hüceyrədən ibarətdir. Və hər hüceyrənin içərisində 20 mindən artıq gen var. Elə hər kəsə göz, dərinin rəngi, arıqlıq, köklük və hətta bəzi xəstəliklər və s. bu genlərin vasitəsi ilə o fərdə irs yetişir. Bu faktları nəzərə alaraq, alimlər ömrün uzun və ya qısa olmasına cavabı genlərdə axtarırlar. Xüsusən son illərdə sağlam və uzun ömrə çatmaq üçün insanın genləri diqqət mərkəzində olub. Hal - hazırda alimlərin qarşısında bir ciddi problem var : O da bundan ibarətdir ki, insanın genləri mahiyyət və vəzifə baxımından hamısı müəyyən olmayıb. Belə deyirlər ki, genlər mahiyyət və vəzifə baxımından 100 min yerə bölünürlər. 1994 - cü ildə bir neçə inkişaf tapmış ölkənin əməkdaşlığı ilə ingilis dilində Human Genome Project adlanan bir layihə həyata keçirildi. Bu layihədən əsl məqsəd insanın genlərin vəzifə və mahiyyət baxımından müəyyən etməkdir. Belə hesab edirlər ki, 2030 - cu ildə bu məqsədə nail olalar. Əlbəttə, hal - hazırda alimlər insan ömrünü qısaldan bəzi genlərin öyrənilməsinə nail olublar. Misal üçün, alimlər proqeri xəstəliyinə düçar olanların üstündə təcrübə aparıblar. Məlumat üçün qeyd etməliyəm, proqeri xəstəliyi insanın çox tez qocalmasına səbəb olur. Beləki bəzi hallarda bu xəstəliyə tutulmuş 20 yaşlı adam 50 yaşlı adam kimi görünür. Hər halda həkimlər müvəffəq olublar bu xəstəliyi tutan adamlarda o gen ki, qeyri - adi formada qocalmaya bais olur, onu artıq müəyyən ediblər. Bundan əlavə, bir "apo - E 4 " adında gen müəyyən ediblər ki, ömrün qısalmasında çox əhəmiyyətli rol oynayır. Əgər diqqət etsəniz, adı çəkilən genlərin insan ömrünün qısalmasında təsiri var. Amma qocalıq prosesini dayandırmaq üçün bütövlüklə o genlər ki, ömrün qısalmasına və ya uzanmasına təsir edirlər, onların müəyyən olması lazımdır. Əgər bu iş mümkün olsa, elmi baxımdan bu imkan var ki, kimyəvi maddələrlə onların üstündə təsir qoyub və bu vasitə ilə uzun ömür mümkün olsun. Hal - hazırda primitiv heyvanların üzərində aparılan təcrübə nişan verir bu iş mümkündü. Misal üçün, alimlər müvəffəq olublar bir məxsus yer qurdunda ömür uzadan genləri müəyyən edələr. Və bu yer qurdunda "trk - 1" adlanan artıq bir gen yerləşdirib və onun ömrün 65 % artırıblar. Başqa bir misalda bioloq alim Stefan Rose müvəffəq olub moz milçəyi adlanan milçəyin ömrün iki dəfə uzadıb. Hətta, alimlər genetexnikdən faydalanıb bəzi siçanlarda əzələlərin qocalmasının qarşısını almışdılar. Əgər bu metodlar insan üzərində təcrübədən keçə, insanın ömrü 200 ilə kimi uzana bilər. Bu faktlardan belə nəticə almaq olar ki, sağlamlıqla uzun ömür çoxdandır əfsanə sayılmır. Əslində mümkün olan bir həqiqətdir ki, insanın bilgisinin inkişafından asılıdır. Və çox uzaq gələcəkdə yox, yaxın zamlarda buna şahid olacağıq. Uzun ömrün bir maraqlı aspekti də var : O da bundan ibarətdir ki, bir neçə nəslin eyni zamanda yaşamasıdır! Siz bir anlıq o günü təsəvvür edin ki, bir nəfər babasının babasına telefonla zəng edir və vaxt təyin edib, onu görməyə gedir !
Laboratoriyada insan istehsalı!
Qeyd etməliyik ki, biotexnologiya ancaq insanın sağlam və uzun ömrünə aid deyil. Hətta insanın yaranmasına da yeni imkanlar yaradır. Bəlkə də demək olar ki, Amerikada yazılan iki roman, yəni "Boğazın dərinliyindən" və "Senator Pakvud" birinci romanlardırlar ki, onların əsas mövzusu insanın laboratoriyada istehsalından bəhs edir. Təqribən 60 il bundan qabaq Devit Rorvik adlı bir jurnalist bir milyonçunun həyatından bəhs edən hekayə yazdmışdı və bu əsər çox satılmışdı. Həm də qəribəliyi ondadır ki, mövzu çox da mübahisəyə səbəb olmuşdu. Burda qeyd olunan milyonçu laboratoriyada yaradılmış insandır. O zaman bioloq alimlər bu hekayəyə maraq göstərib və süni yolla insan yaranmasını qeyri mümkün saymışdılar. Amma son illərdə həyata keçən uğurlu təcrübələr bu işin mümkün olmasını nişan verdi. 1968 - ci ildə İngiltərəli bir alim Cənubi Afrikadan gətirilmiş bir qurbağadan bir neçə klon yaratmağa müvəffəq olmuşdu. Bu alim qurbağanın toxumunda yerləşən hüceyrələrinin nüvəsini boşaldıb, onun yerinə bir yetkin qurbağanın dərisindən və qarnından bir neçə hüceyrənin nüvəsini yetişdirmişdi. Beləliklə, o müvəffəq olmuşdu qurbağanın embirionunu yaradıb və o yetkin qurbağa, yəni canlı yaratmışdı.
1980 - ci ildə bir Amerikalı alim bir siçanı klon etmişdi. 1993 - cü ildə isə iki Amerikalı universitet müəllimi, yəni Cerry Hall və Robert Stillmann birinci dəfə olaraq insanın embirionun klon etmişdilər. Elə bu səbəbə görə də dünya miqyasında səs - küyə və mübahisəyə səbəb olmuşdular. Onlar 17 embirion seçmişdilər. Bu embirionlar ancaq 2 - 8 hüceyrədən ibarət idilər. Onlar bu hüceyrələri ayırıb hərəsin bir kimyəvi maddədə yerləşdirmişdilər və bu vasitə ilə müvəffəq olmuşdular 17 emberionun sayını 48 qədər artırmışdılar. Nəhayət, etik prinsiplərin əsasında məcbur olmuşdular bu embirionu məhv edələr. Onların uğurlu təcrübəsi iki nöqteyi - nəzərdən əhəmiyyət daşıyır.
1. Əməldə insanın embirionunu klon etmək elmi baxımdan mümkün olmuşdu. Onlar öz təcrübələri ilə sübut etmişdilər ki, bir embiriondan yüzlərlə və hətta min dənə də klon yaratmaq olar.
2. Məxsus kimyəvi maddənin içində embirionun inkişafına zəmin yaratmışdılar.
Əgər sadə dillə desək, bu iki Amerikalı alim elmi nöqteyi - nəzərdən laboratoriyada insan istehsalının mümkünlüyünü sübut etmişdilər. Əlbəttə, onların özü israr edirdilər ki, bu işdə onların əsl məqsədi sonsuz ailələrə yardım etməkdi. Hər halda onların uğurlu təcrübəsi dünya səviyyəsində çoxlu mübahisələrə və ziddiyyətlərə səbəb olmuşdu. Müxaliflərin fikrinə görə, bu təcrübə təbiətin və allahın işinə müdaxilə etmək sayılır. Və nəhayət, bais olacaq insan təbii doğum yerinə laboratoriyada istehsal ola. Bununla da yeni bir iş -- "uşaq dizayneri" adı ilə tapılacaq.
1997 - ci ildə İngiltərəli alim İam Vilmut yetkin bir qoyunun sinəsindən bir hüceyrəni götürüb onun vasitəsi ilə yeni bir qoyun, yəni klon yaratdı. Klon olan qoyun "dolly" adlandı. Baxmayaraq ki, bu təcrübə qoyun üzərində olmuşdu, amma çoxlu mübahisəyə səbəb olmuşdu. Çünki şərh etdiyimiz təctübələr nişan verir ki, getdikcə elmi baxımdan bu imkan yaranır ki, hər insan ancaq bir hüceyrə götürüb və onun vasitəsi ilə laboratoriyada yüzlərlə klon yarada və başqa sözlə, özünün yüzlərə sürətini yarada. Başqa bir tərəfdən unutmamalıyıq ki, insan genləri əgər mahiyyət və vəzifə baxımından müəyyən ola, emberionun genlərin analiz edib və vücuda gələn uşağın barəsində ətraflı məlumat əldə etmək olacaq. Misal üçün, uşağın valideyini, onun boyu, gözünün və tükünün rəngi, arıqlığı və ya köklüyü, valideyindən apardığı irsi xəstəliklər haqqında məlumat almaq mümkün olacaq. Hətta əməldə bu da mümkün olcaq ki, həkimlər emberion genlərinin üstündə təsir qoyub və uşağı valideyin istədiyi kimi "dizayin" edələr. Misal üçün, boyu, arıqlıq, köklük, gözünün rəngi və s. valideyinin sifarişi ilə müəyyən olcaq. Müxaliflərin nəzərinə görə, bu təcrübələr nəhayət, nasislərin irqçi fəlsəfəsinə yardımçı olcaq. Amma bu işdən razı olanlar xatırladırlar ki, insanın genləri əgər müəyyən olarsa və həmçinin bununla birgə sağlam və uzun ömür də mümkün olacaq. Əgər qəbul etsək ki, yaşayışın sağlıqla mənası var, onda biotexnika insanlığa xidmət edir, nəinki nasismə. Çünki nasislər də sağlam və təmiz irqə yetişməyi öz məqsədləri sayırdılar. Bəziləri, xüsusən Amerikada inanırlar ki, biotexnika həm də ölüm müəmmasını həll edəcək. Ona görə də bir müəyyən firma ilə müqavilə bağlayırlar və öləndən sonra qəbirsandıq yerinə bu firmanın tərəfindən bir məxsus yerdə cəsədləri hifz olunub, saxlanılır. Əlbəttə, o zamana qədər ki, tibb inkişaf edib və nəhayət onları yenidən diriltmək, sağlam və uzun ömür vermək mümkün olur.
Bəzi sosioloq alimlərin nəzərinə görə, elektroniki beyin yeni enerji formalarını və yaşıl bioloji inqilabı insan və yaşadığı ictimaiyyəti radikal formada dəyişəcək. Mən bu yazıda demək olar ki, qısa, xülasə şəklində biotexnologiyanın insan üzərində qoyduğu təsir barəsində yazdım. Aydındır ki, biotexnikanın insan, heyvan və təbiət üzərində çox böyük təsiri olacaq.
İranda insanların diri - diri quyulanmasından xəbər gəlir
Mənim üstə yazdığım faktlar ancaq Qərbin inkişaf tapmış ölkələrinə aid olur. Çox təəssüf ki, bu belədir! Bu ölkələrdə insan canına qiymət qoymaq olmaz. Amma dünyanın geri qalmış ölkələrində, o cümlədən İranda vəziyyət 180 dərəcə əksinədir. Yəni bu məmləkətdə insan canının heç bir qiyməti yoxdur. Afrikada yerləşən Kenya ölkəsində SPİD - də tutan xəstələrin bəzilərin diri - diri quyulayırlar. Bu məlumatı bir neçə müddət bundan qabaq Fransanın xəbər agentlikləri fransız Ners Marqaret Marabenin verdiyi fakta əsasən yaymışdırlar. Adı çəkilən fransız qadın hətta SPİD xəstəliyinə tutulan bir uşağı görmüşdü ki, diri - diri quyulananda anasın yardıma çağırırmış. Onun verdiyi məlumata görə, bu dəhşətli iş SPİD xəstəliyinə tutulanların qohumları tərəfindən həyata keçirilir. Buna da əsl səbəb bundan ibarətdir ki, onlar özləri də sağalmaz xəstəliyə tutulalar.
Əlbəttə, nə qədər ki, dünyada bu cür xəbərlər var, əgər İrandan ad çəkilməsə çox təccüb yeri var. Bildiyiniz kimi İranda bəzi zamanlar zina ittihamı ilə bəzi insanlar daş -qalağa məhkum olunurlar. Bu insanları daş - qalaq etməzdən əvvəl, onlarla ölülər kimi rəftar edirlər. Onları meyidxanada yuyub və kəfənə bürüyürlər. Bu o mənadadır ki, onları daş - qalaq etdikdən sonra, quyulamağa hazırlayırlar. Bəzi müxalif qüvvələrin verdiyi məlumata görə, bəzən məhkumlar daş - qalaq nəticəsində ölmürlər, ancaq çox ağır bədən xəsarəti alırlar. Elə bu cür yaralı vəziyyətdə də qəbirdə diri - diri basdırırlar. İranın, xüsusən, Güney Azərbaycanında yerləşən bəzi kəndlərindən xəbər gəlir ki, bu kəndlərdə ancaq qadınlar və qoca kişilər yaşayırlar. Əgər bir yaşlı adam dünyasını dəyişsə, onun ölümünü təsdiqləmək üçün XV əsrdə istifadə olunan üsul tətbiq olunmalıdır. Belə ki can verən, yəni ölüm ayağında olan adamın ağzına güzgü tuturlar. Əgər güzgünün üzərində buxar yaranmazsa, onun ölümünü təsdiqləyirlər. Bu vasitə ilə ölümü təsdiqləmədə imkan var ki, insan diri - diri torpağa basdırılsın. Bu yerdə misal üçün, Güney Azərbaycanda dil - ağızda gəzən bir məşhur hekayəni danışmaq istəyirəm. İcazə verin onu nəql edib, yazıma son qoyum. Deyirlər Güneyin uzaq bir kəndində bir yaşlı kişi xəstəimiş. Onun başına yığılmış qohum - əqrəbələri onun vəfat etdiyini güman edirlər. Bu fikrə gəlməmişdən qabaq, onun ağzına güzgü tutub, buxar görmürlər. Amma o bəxti yatmış insan ölməmişdi. Ancaq bədəni soyuyub və heç bir hərəkətə qadir deyildi. O özü öz ölüm xəbərin eşidir. Amma etiraz əlaməti olaraq nə bir hərəkət edir və nə də səs çıxara bilir. Bu zavallı kişi ancaq meyidxanada yuyulanda tamam gücün yığıb bir balaca hərəkət edir. Amma təəssüf ki, bir balaca başına hərəkət verə bilir. Amma yenə təəssüflə onun başının hərəkəti onun yanında olanların heç birinin diqqət mərkəzində olmur. Elə bu "etinasiz" əməlin sonu olaraq, qocanı qəbirdə basdırırlar. Bir neçə dəqiqədən sonra onun vəziyyəti yaxşılaşır və özündə qüvvət tapır. Ölüm vahiməsinə bürünmüş kişi, birdən - birə hiss edir ki, kimsə onun qəbrini qazır. O belə güman edir ki, meyidxanada onun bir balaca başını tərpətməsi qohumlarını "şübhəyə" salıb və onun diri olduğunu güman edirlər və bu qəbri qazanlar da onun adamlarıdır. Eşilən torpaq onun üzərindən kənara atılandan sonra, o cəld qəbirdən atılır. Amma çox təccüb edir! Qohum - əqrəbələrinin yerinə, bir göreşən görür. Heyvan da "ölünün" dirilməsindən təccüblənib, kişiyə mat - mat baxır. ( Yəqin ki, göreşənin iş təcrübəsində bu birinci dəfə imiş!) Bu zaman kəndin itləri yoldan hürə - hürə qəbirsandığa tərəf gəlirlər. Göreşən atılıb, dırnaqları ilə onun üzünü cırır və kəfəni qana bulayır. Sonra itlərin qorxusundan yolun tutub qaçır. Kişi üzü və kəfəni qanlı, torpaqlı halda kəndə sarə yola düşür. Və öz yas törəninə gedib və orada öz diri olduğun deyir. Adamlar onu o cür qanlı kəfənlə görüb, qorxuya düşürlər və bir neçə dəqiqənin içində kəndin haya düşmüş adamları ordan baş götürüb qaçırlar. Nəhayət ki, bəzi yaşlı adamlar ortaya girib əhalini sakitləşdirirlər. Bu hadisədən sonra dirilən adam bir neçə il yaşayır. Və vəsiyyət edir ki, o ölən də onu 24 saat saxlayıb və bir neçə dəfə müayinə edələr. Çünki ikinci dəfə diri - diri basdırılma kabusu onu rahat qoymurdu! Bəlkədə qəbri eşən göreşənin gözlərinin vahiməsi...

Elmi baxımdan embirionlardan laboratoriyada klon düzəltmək mümkündür.
1997 - ci ildə Dolly adlı klon olan qoyun.

Elmi baxımdan qocalıq elə bir xəstəlikdir ki, ölümə səbəb olur.

Həyat və ölüm