AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN ÜZVÜ İSMAYIL ŞƏMS VƏFAT ETDİ

 

Azərbaycan ictimaiyyatına ağır itki üz vermishdir. XX yüzildə O taylı-bu taylı Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynamış şəxsiyyətlərdən biri olan  İsmayıl Şəms 96 yaşında faciəli şəkildə vəfat etmişdir.

Ulu babaları Azərbaycanın quzeyindən-Şuşadan olan İsmayıl Şəms 1912-ci ildə Təbrizin kübar ailələrininin birində dünyaya göz açmışdır. İbtidai və orta təhsilini Təbrizdə aldıqdan sonra Tehranda hüquq və diplomatiya  fakultələrini bitirmişdir.

Onun bütün həyat yolu  Güney Azərbaycanın azadlıq mübarizəsi ilə ayrılmaz surətdə bağlı olmuşdur. 1939-1942-ci illərdə “Azərbaycan” cəmiyyətinin, 1945-ci ildən Azərbaycan Demokrat Firqəsinin orqanı olmuş “Azərbaycan” qəzetinin, Azərbaycan Milli Hökuməti Milli Məclisinin rəsmi orqanı olan “Azad millət” qəzetinin redaktoru olmuşdur. İsmayıl Şəms 1945-ci ilin 12 dekabrında açılmış Azərbaycan Milli məclisinin 101 nəfər üzvündən biri idi.

Milli Hökumət devrildikdən sonra Quzey Azərbaycana mühacirət etmiş, 1948-ci ildən haqsız olaraq 11 il Sibirdə və Türkmənistanda həbs düşərgələrində saxlanmışdır.

50-ci illərdən Bakıya köçərək 40 ildən artıq Bakı Dövlət Universtitetinin şərqşünaslıq fakultəsində ərəb dili müəllimi işləmişdir. Bu gün Azərbaycan tarixində mühüm rolu olan  yüzlərlə tanınmış şəxsiyyətin- Azərbaycan prezidenti Əbülfəz Elçibəyin, məşhur şərqşünaslar Aida İmanquluyevanın,  Vasim Məmmədəliyevin, Vəfa Quluzadənin və b. müəllimi olmuşdur.  Türkmən, özbək, tacik, fars dillərindən etdiyi bədii tərcümələr İsmayıl Şəmsi peşəkar tərcüməçi kimi tanıtmışdır. Ilk dəfə olaraq “Avesta”nın, Məhəmmədəli Tərbiyətin “Daneşməndani-Azərbaycan”(Qafar Kəndli ilə birlikdə) əsərlərinin Azərbaycan türkcəsinə çevrilməsi də İsmayıl müəllimin adı ilə bağlıdır.

1998-ci ildə “21 Azər” qrupu yaranarkən onun yaradıcılarından, nəzəriyyəçilərindən biri olmuşdur.

Güney Azərbaycan Milli hökumətinin bir çox üzvləri kimi İsmayıl Şəmsin də həyatı faciəli olmuşdur. Həyatının son neçə ilini unudulmuş durumda, çox ağır vəziyyətdə, maddi və mənəvi ehtiyac içində, gözdən-könüldən uşaq bir daxmada başa vurdu. Ölümü belə müəmmalı oldu. Bizim hamımız onun ruhu qarşısında günahkarıq.

İsmayıl Şəms bütün Azərbaycan millətinə, onun yüksəlişinə, azadlığına varlığı ilə xidmət etdi. Onun millətimiz qarşısında xidmətləri, yazdığı əsərləri, nurlu şəxsiyyəti heç zaman unudulmayacaqdır.

İsmayıl Şəmsin vəfatı münasibəti ilə onun qurucularından olduğu çağdaş “21 Azər” təşkilatına, Azərbaycan millətinə dərin hüznlə başsağlığı veririk.

 

Behruz Həqqi

“21 Azər” təşkilatı

22 yanvar 2008-ci il

Almaniya Köln..