Güntay
Gəncalp
Azərbaycanın dəyərli şəxsiyətləri
haqqında bir yazı yazarkən, google-da onların
rəsmlərini araram. Adətən də tapdığım
rəsmi məqaləmin başında yerləşdirərəm.
İsmayıl Şəmsin ölüm xəbərini eşidərkən
gözlərim doldu. Otaqda addımlayıb içimdəki
kədəri özümə məxsus şəkildə yaşamaq
istədim. Sonra da İsmayıl Şəms haqqında bir yazı
yazmaq istədim. Google-da onun rəsmini tapa bilmədim. Dəhşətə
bax, bir millətin ana dilində Təbrizdə qəzet çıxarıb
onun varlığı yolunda gəncliyini, bütün ömrünü fəda
edən insanın bir tək rəsmi belə internet dünyasında
yoxdur. Bu üzdən də bu yazımı İsmayıl Şəmsin
rəsmi olmadan yazacağam. İsmayıl Şəmsin
məchul qalmasında, internet dünyasında bir tək
rəsminin olmamasında sanıram mənim də suçum var. Biz
suçlu millətik. Qurtluş isə bu suçluluğu fərdi
və milli yazqıdan qaldırmaqla mümkün olacaq.
***
Azərbaycan Yazarlar Birliyinin
toplantı salonunda bir mərasim var idi. Orada mən də
atəşin söhbət etmişdim. Proqram bitdikdən sonra yaşlı
və arıq bir kişi mənə yaxınlaşıb əlini
çiynimə qoyub Mən də gəncliyimdə sənin kimi
idim. Sağ ol səni, mənə gəncliyimi xatırlatdın.
Mən də gəncliyimdə özümü qurtuluşçu sayırdım.
Böyük və sarsılmaz iradə ilə mübarizə aparırdım.-
dedi. İsmayıl Şəms idi bu ulu insan. İsmayıl
Şəmsi öncədən tanıyırdım. Onun haqqında
21 Azər dərgisində oxumuşdum. İsmayıl Şəmsin
əllərini böyük bir səmimiyətlə sıxdım. Bu
insan mənim tariximin canlı bir örnəyi idi. Daha sonra da bir
kərə görə bildim İsmayıl Şəmsi. Danışarkən
səsi titrəyirdi. Titrək səsin içində
gəncliyindəki mübarizə enerjisi ilə Sovetlər Birliyində
gördyü əziyətlər bir-birinə qarışmışdı.
21 Azər hərəkətinin məfkurələrindən biri
olan İsmayıl Şəms Sovet məkanında yoxsulluq
və Sovetlərin soysuzlaşdırma siyasəti
nəticəsində çox şeyini itirmişdi. Azərbaycanın
milli məfkurələrindən biri olan bu insan bəzən gündəlik
yeməyə möhtac buraxılmışdı. Ayrıca ən
yaxın dostları kommunistlər tərəfindən
sibirlərə sürgün edilmiş, milli rəhbəri olan Pişəvərinin
başını bir erməni arabaya çarpa-çarpa öldürmüşdü.
Yurdu dağılmış, idealı əlindən alınmış
bir insan. Bütün bu olaylara şahid olan İsmayıl Şəmsin
qurtuluş arzuları ürəyində dəfn olmuşdur. Özü
də unutqanlıq dumanlığında itib-batmışdır.
O zaman İsmayıl Şəmsin
mən də sənin kimi idim- deməsi məni qorxutmuşdu.
Öz-özümə düşünmüşdüm ki, mənim də yaşlılığım,
gələcəyim İsmayıl Şəms kimimi olacaq?
Belə kimsəsiz, yalnız, unudulmuş! Düşünürdüm ki,
nədən bizim tariximizdə fərdi aqibətlərini milli
aqibətə bağlamış insanların yazqısı bu
şəkildə olmalıdır? Nədən, nədən,
nədən? Tariximizdə və düşünüş tərzimizdə
bir əksiklik var, belə olmamalıdır. İsmayıl Şəmsin
yeri, tarixi-mənəvi statusu bu şəkildə olmamalı
idi. Bu tarixi uçurmaq lazım. Uçurub yenidən dürüst memarisinə
başlamaq lazım.
İsmayıl Şəmsin həyatı
tarixi bir romanın, böyük həcmli bir romanın mövzusudur. O uçurumlu,
o qorxunc, o umutsuz həyat
yollarını keçən İsmayıl Şəmsin yaşam öyküsü
süquta uğrayan, əzilən bir millətin acı tarixinin,
yazqısının örnəklərindən biri və ən
ibrətamizidir.
25.01.2008