Hörmətli vətəndaşlar!

Sayqı dəyər Azərbaycanlı təşkilatların rəhbərləri!

 

 

20 Yanvar vətənimizin quzeyində Rus Qızıl ordusu əliylə şəhid düşən əzizlərimizin 18-ci il dönümüdür. 20 Yanvar tariximizin qan yaddaşıdır. Azadlıq uğrunda şəhidliyə hazırlıq göstərən millətimizin qurtuluşa gedən yolun qapısıdır. Azərbaycan Türk milləti və ölkəmizin istiqlalına qarşı törədilən ardıcıl dehşətli cinayətlərdən birisidir.

Azərbaycan Fedrasiasının sədri olaraq müstəqillik ideyasını zənginləşdirdi günü və şəhidlərimizı anıyaraq bu gün ilə ilgili gərəkli olan bir-neçə önəmli məsələni Dünya üzərində səpələnmiş millətimizə, xarici ölkələrdə xususilə İsveçdə fəaliyyət göstərən təşkilatlarımızla paylaşmaq istərdim.

Bu günə həsr olaraq dünyanın çox bir ölkələri kimi İsveçdə də çeşitli  mərasimlərin keçirilməsi nəzərə alınıb. Bu bizim avrupalarda ayaq üstə durmağımız, həqiqətlərimizi səsləndirmək deməkdir. Demək biz yaşayırıq və vətənimizi yaşatmaq istəyiriq. Avrupalarda yaşasaqda, ayaqlar yabancı topraqlarda olursada ancaq ürəklərimiz Azərbaycan və Azərbaycanlı üçün çırpır.  Ancaq bunlara baxmayaraq biz bura gəlib çatmışıq ki, Avrupalar bizi eşitmək istəmirlər və ya xud ağır eşidirlər. Biz bir az çevrəmizə geniş baxmaq yerinə çevrəmizi geniş götürmək ilə xeyli başarılar əldə edə bilərik.

1        Bir-neçə Azərbaycanlı olaraq(qoyalım yüzlərcə) bağlı bir zalda bu günü və buna oxşar günləri qeyd etmək sizcə yetərlidirmi?

2        Sizcə zamanı gəlib-çatmayıbdır tıbqı Erməni lobbisi kimi işlərimizdə yerli əhalinidə şərik edək?

3        Sizcə zamanı çatmayıb lobbiçiliklə profosional yanaşaq?

4        Zamanı çatmayıb Azərbaycanlılar olaraq birlikdə hərəkət edək?

5        Sizcə, biz 20 Yanvar şəhidlərinin ruhu qarşısındakı mənəvi borcumuzu ödəyə bilmişik?

6        Birlikdə Azərbaycan həqiqətlərin eşitmək istəməyənlərə eşitdirək?

Bu iş çətin dəyil. Biz bir vətəndən və bir millətdənik. Hamımızın ortaq hissi vətəndir və vətəndaşlarımız.

Bunları deməkdən qəsdim nədən ibarətdi? Yalnız avrupalarda diriliyimizi və birliyimizi sağlamaqdan ibarətdi. 20 Yanvar millətimizin diriliyə və birliyə gedən yolun açılış nüqtəsidir. O üzdən bu gün ilə ilgili çox önəmli bir məsələ üçün tək-tək təşkilatlarımızın himayəsin tələb edirəm.

  

    İsveçdə fəaliyyət göstərən bütün diaspora təşkilatlarımıza üz tutaraq 20 Yanvar faciəsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edərək Mixail Qorbaçov da daxil olmaqla 20 Yanvar hadisələrinin günahkarlarının Beynəlxalq Məhkəmə qarşısında cavab verməsin tələb etməliyik. Bu önəmli məsələ ilə ilgili İsveçdən kənar bütün Azərbaycanlı və Türk dilli təşkilatlarımızın dəstəyində gözləyirik.

Bu işi birlikdə irəli sürməliyik. Bütün Azərbaycan hüviyyətin və adın daşıyan şəxslər ,quruplar və təşkilatların dəstəyin 20 Yanvar şəhidlərinin bizə bağışladəkları azadlıq və birlik naminə ,20 Yanvar şəhidlərinin ruhu qarşısındakı mənəvi borcumuzu ödəmək üçün tələb edirik.

 

Dərin hörmət və sayqı ilə

Azərbaycan Fedrasisonu-İsveç(AFİ) sədri

Məmmədrza Ağapur

Isveç , 2008-01-16

 

   

İsveçdəki azərbaycanlılar - həqiqət və balaca saxtakarların böyük iddiaları...

 

"Vurmaq istəməyən həmişə daşın yekəsindən yapışar"

(Azərbaycan xalq məsəli)

 

Bu iki yazını əyani olaraq müqayisə edilsin deyə ardıcıl yerləşdirmişəm. Sözsüz ki, birinci yuxarıdakı yazı oxunacaq, və sonra mənim qeydlərim.

 

Öncə yuxarıdakı müraciətdə qaldırılan məsələnin siyasi-hüquqi tərəfləri barədə. 20 yanvar hadisəsi Sovet İttifaqının o vaxtkı ali rəhbərliyi tərəfindən sanksiyalaşdırılmış bir aksiya idi. O zaman və ondan sonra heş bir şəxs və ya təşkilat bu aksiyanın icraçılarından hansınınsa özbaşına hansısa qəddarlığa yol verdiyini iddia etməmişdir. Ona görə də cinayət məsuliyyətindən söhbət gedərkən hüquqi cəhətdən M.Qorbaçovdan başqa kimsəni ittiham etməyə əsasımız yoxdur. Məsələnin siyasi və mənəvi tərəfinə gəldikdə əlbətdə ki, o vaxtkı bütün rəhbərlər və icraçılar günahkardırlar.

Bu cinayətə görə M.Qorbaçovun hər hansı beynəlxalq məhkəmədə ittiham olunmasının nə qədər real olduğuna gəlincə, siyasətdən az-çox xəbəri olan hər kəs M.Qorbaçovun Qərb dünyasında mövcud olan imicinin nə qədər müsbət olduğunu bilməlidir. Bütün dünyada onu demokrat, yenilikçi, sülhsevər bir şəxs kimi tanıyırlar və bundan sonra bu obrazı dəyişmək bizim imkanlarımız xaricindədir. M.Qorbaçov azərbaycan xalqının düşməni olsa da, SSRİ-nin dağılması, Almaniyanın birləşməsi, Sovet ordusunun Şərqi Avropadan və Əfqanıstandan çıxarılması kimi Qərb üçün çox əhəmiyyətli tarixi hadisələr onun adıyla bağlıdır. Ona görə də M.Qorbaçovu ittiham etmək üçün əllərində yetərincə hüquqi əsas olsa belə, siyasi cəhətdən məqsədəuyğun olmadığına görə müraciət etmək istədiyimiz heç bir beynəlxalq məhkəmə bu işin altına girməz. Burada qarşıya bir sual çıxır: beynəlxalq məhkəmələr və onların hakimləri ancaq qanunun aliliyi, hüququn əsası və vicdanları mövqeyindən çıxış etmirlərmi? Əfsus ki, bu suala müsbət cavab vermək mümkün deyil. İqtisadi-siyasi maraqlar hər yerdə öndədir!

İndi məsələnin ikinci tərəfinə baxaq, görək M.Qorbaçovu məhkum etmək bizə ürək sərinliyindən başqa nə verir. M.Qorbaçov çoxdan siyasətdən və hakimiyyətdən getmiş bir adamdır. Onu edam belə etdirsək, bu, Azərbaycan üçün, azərbaycan xalqı üçün heç bir əhəmiyyət kəsb etməz. Əhəmiyyətli ola biləcək ittiham Qarabağın işğalının, Xocalı soyqırımının da buraya daxil edilməsi ilə Sovet İttifaqına, və hüquqi cəhətdən onun varisi olan Rusiyaya qarşı iddia qaldırmaq ola bilərdi, və bu halda Rusiyanı ittiham etməyə meylli olan Qərb də bizə açıq da olmasa, üstüörtülü dəstək verərdi. Amma bu gün belə bir məsələnin qaldırılması Rusiya ilə ikitərəfli dövlət münasibətlərimizə xələl gətirəcəyinə görə məqbul sayıla bilməz.

Məsələyə qlobal, boyumuzdan uca nöqtədən baxıb bəzi mətləbləri aydınlaşdırdıq. İndi enək yerə və ətrafımıza boylanıb görək biz kimik və real nə edə bilərik. Biz deyəndə mən İsveçdə məskunlaşmış soydaşlarımızı nəzərdə tuturam. Deyilənə görə İsveçdə təqribən 50 min azərbaycanlı var (Mən heç vaxt azərbaycanlını güneyli-qüzeyli deyə ayırmamışam. Burda da "azərbaycanlı" deyəndə bütün soydaşlarımızı nəzərdə tuturam). Bunların onəmli bir hissəsi isveç cəmiyyəti içərisində tam assimilyasiya olunub və çox nadir hallarda azərbaycanlı olduğunu dilə gətirir. Bir orta təbəqə var ki, azərbaycanlı olduğunu danmır, amma azərbaycanlıların heç bir tədbirinə də qatılmır. Hal-hazırda bunlar çoxluq təşkil edir. Qaldı təqribən 1000 ailə ki, bunlar aktiv olaraq azərbaycan dərnəklərində, tədbirlərdə, qurultaylarda iştirak edirlər. Təbiidir ki, bunlar da bütün İsveç ərazisinə yayıldıqlarına görə ayrı-ayrı şəhərlərdə keçirilən tədbirlərdə 500-dən artıq soydaşımızı bir yerə toplamaq mümkün olmur. Yəni İsveçdə soydaşlarımız tərəfindən həyata keçirilən hər hansı aksiyadan, müraciətdən, mitinqdən söhbət getdikdə bu rəqəmi nəzərə almaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, keçirilən aksiyanın mahiyyətinə görə bu rəqəm təbii olaraq azalır. Məsələn bu günə qədər Stokholmda keçirilən siyasi aksiyalarda 50-60 nəfərdən artıq soydaşımız iştirak etməyib. Ümummilli bayramlarımız olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz Bayramı kimi tədbirlərdə ayrı-ayrı illərdə 400 nəfərə qədər soydaşımızın bir araya gəlməsinə nail olmuşuq.

Yuxarıdakı müraciətin müəllifi bizim qapalı salonlarda keçirdiyimiz tədbirlərin kəmiyyət və mahiyyətini şübhə altına alaraq oxucuya 6 sual verir. Bu 6 sualın bir cavabı var - vurmaq istəməyən daşın yekəsindən yapışar. Bu həmin şəxsdir ki, onun fəaliyyəti nəticəsində rəhbərlik etdiyi təşkilat şam kimi əriyir. AFİ, yəni Azərbaycan Federasyonu İsveç (günahı adqoyanların boynuna), İsveçdə yaşayan azərbaycanlıların dərnəklərinin bir araya gələrək təşkil etdikləri, məram və məqsədi bu dərnəklərin işini koordinasiya etmək olan ictimai İsveç təşkilatıdır. Bu təşkilat hər il öz fəaliyyəti barədə İsveç dövlət orqanlarına hesabat verir və İsveç dövləti tərəfindən maliyyələşdirilir. Bu gün AFİ-ni təşkil etmiş dərnəklərdən demək olar ki, heç biri bu təşkilatda qalmamışdır. Onların yerini bu balaca saxtakarın kağız üzərində yaratdığı dərnəklər tutmuşlar. 1 il yarım ərzində AFİ-ni bu kökə salan adam dərnəklərin keçirdiyi möhtəşəm tədbirləri lağa qoyur, yerli əhali ilə birgə tədbirlərdən, professional lobbiçilikdən dəm vurur və bu saxta şuarlarına dəstək verməyimizi bizdən "tələb edir" !!! Zatən bu adama başa sala bilmirəm ki, sizin, AFİ İH sədri olaraq hər hansı dərnəkdən, dərnək rəhbərindən heç bir şey "tələb etməyə" haqqınız yoxdur, bu insanlar sizi ora seçiblər ki, sizdən tələb etsinlər.

20 yanvar hadisəsinə reaksiyaya gəlincə, bu hadisədən artıq 18 il keçir. Bu illlər ərzində Rusiyanın birbaşa iştirakı və ya köməyi ilə Qarabağ, Çeçenistan, Abxaziya, Cənubi Osetiya işğal olunub, Qərbi Azərbaycandan (indiki Ermənistan) yüzminlərlə soydaşımız qovulub. Bütün bu hadisələrdə Rusiya rəhbərliyi, onun indiki prezidenti V.Putin birbaşa məsuliyyət daşıyır. M.Qorbaçova - yıxılan ağaca balta vurmaqdansa, gəlin Rusiyanın Stokholmdakı səfirliyi qarşısında mitinq keçirin. Rusiyanı, onun diktator Prezidenti Putini işğalçı siyasətinə görə məhkum edin. Buna cürətiniz və gücünüz çatsa inanın ki, Stokhalmda yaşayan soydaşlarımız, bir çox isveçlilər də sizin yanınızda olacaq.

Sonda müraciət müəllifinin nəzərinə çatdırmaq istəyirəm ki, azərbaycan türkcəsində yazarkən dilimizə hörmətlə yanaşmaq lazımdır.

 

Mübariz S. Əzimli

 

Stokholm

17.01.2008