Dr.
Dos. Minaxanım ƏSƏDLİ
AZƏRBAYCAN VƏ TÜRKİYƏ TEATR ƏLAQƏLƏRİ
TARİXİNİN BƏZİ MƏQAMLARI
Özet:
Azərbaycan və Türkiyə teatr əlaqələri tarixinin
bəzi məqamları. Məqalədə Azərbaycan
və Türkiyə teatr əlaqələrinin ümumi inkişaf
mənzərəsi yaradılır, bu əlaqələr
tarixinin bəzi məqamlarına diqqət yetirilir. Azərbaycan
və Türkiyə dramaturqlarının əsərlərinin
teatrlarımız tərəfindən qarşılıqlı
olaraq tamaşaya qoyulmasından bəhs edilir. Siyasi və
mədəni amillərin xalqlarımız arasındakı teatr
əlaqələrinə göstərdiyi müsbət və mənfi
təsirlər qeyd edilir.
Summary:
Certain moments of Azerbaijani-Turkish theatrical relations. An article traces the process of
development of Azerbaijani-Turkish theatrical relations, analysing certain
moments of this process. It is also mentioned concrete facts concerning play
performances of Turkish dramatists on the Azerbaijani stage. An influence of
political and cultural factors on this process are also streesed.
Türkiyə və Azərbaycan xalqları
arasındakı birlik və əlaqə ta qədim zamanlardan
həyatın bütün sahələrində özünü büruzə vermişdir
ki, bu əlaqələr teatr sənəti sahəsində
də əhəmiyyətli olmuşdur. Azərbaycan Türkiyə
teatr əlaələri yaranması və təşəkkülü
ilə bağlı tədqiqatlar sübut edir ki, bu əlaqələr
bütövlükdə hər iki ölkədə səhnə
sənətinin inkişafına güclü təsir göstərmişdir.
AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru,
professor İnqilab Kərimov Azərbaycan Türkiyə teatr
əlaqələri (5) kitabında Azərbaycan Türkiyə
dostluğuna xidmət edən teatr əlaqələrini sistemli
şəkildə tədqiq etmişdir. Bu kitabda Azərbaycan
Türkiyə səhnə ustalarının dostluğundan, qarşılıqlı
qastrol səfərlərindən, 1908-ci ildən başlayaraq türk
dramaturqlarının əsərlərinin Azərbaycan teatrındakı
tamaşaları, eləcə də son illərdə Türkiyə
teatrlarının səhnə şərhini tapmış milli
dramaturgiyamızın yaxşı nümunələri barədə
ətraflı məlumat verilmişdir.
M.F.Axundovun komediyalarının bir çox
ölkələrdə olduğu kimi, Türkiyədə də
səhnə əsərlərinin və teatr sənətinin
yaranmasına təsiri şübhəsizdir (Belə ki, Türkiyədə
ilk orijinal milli dramaturji əsər Namiq Kamalın
Vətən və ya Silistrə dramıdır ki, bu da
1872-ci ildə yazılmış və oynanmışdır).
Xüsusilə də ötən əsrin əvvəllərində
1905-1920-ci illərdə Türkiyə dramaturqlarının
əsərlərinin Azərbaycan teatrlarının
səhnələrində dəfələrlə tamaşaya
qoyulması bu əlaqələrin möhkəm təməlini
yaratmışdır (5, s.5).
Bu dövrdə Namiq Kamalın
Vətən və ya Silistrə (tərcüməçi M.N.Qaragözov),
Akif bəy (tərcüməçi Kazım Ziya), Zavallı
cocuq (tərcüməçi Səkinə xanım Axundzadə),
Əkbər paşa hindu (tərcüməçi Cəlil Bağdadbəyov),
Gülnihal (Qaplan paşa və İntiqam adları
ilə, tərcüməçi Kazım Ziya), Qara Vəli (tərcüməçi
Cəlil Bağdadbəyov), Şəmsəddin Saminin
Dəmirçi Gavə (Gaveyi-ahəngar), Rza Zəki
Lətifbəyovun Köhnə Türkiyə, Məhkəmeyi Kübra,
Nigar və Neman, Əbdülhəmidin Xəli, Haqq
yerini tapar, Vahid Lütfinin Nacibəy, Təhsin Nahidin
Hüznvar, Əbdülhəq Hamidin Tarik ibn Ziyad,
Həsən Nəcminin Cavan zabit, yaxud istibdadın zülmü,
Rza Vaizzadənin Cəhalət qurbanı, Rza Əlxüzun
Cəhalətdən deyilmi? (Cəhalət, yaxud
Hatifdən bir nida), Məhəmməd Ehsanın Cövdət
bəy və s. kimi Türkiyə dramaturqlarının
pyesləri Hüseyn Ərəblinski, Əbülfət Vəli,
Məhəmməd Əlvəndi, Mehdi bəy Hacınski, Mirzağa
Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Kazim
Ziya, Süleyman Səlimbəyov və digər görkəmli
səhnə ustalarımızın iştirakı ilə
Azərbaycan tamaşaçılarına göstərilirdi (5, s.15).
Ciddi axtarışların, səmərəli fəaliyyətin
nəticəsində meydana gələn bu tamaşaların
hər biri Azərbaycanın müxtəlif bölgələrində,
xüsusilə də Bakıda böyük mədəni hadisəyə
çevrilirdi.
XX əsrin əvvəllərində
Azərbaycan dramaturgiyasında Türkiyə mövzusu geniş yer
tutmuşdur. Asim Hacı Əbdürrəhimzadə Ədirnə
müharibəsi, yaxud qəhrəman Şükrü paşa adlı
altı pərdəli bir dram yazmışdır. Gəncəli
müəllim Məmmədzadə Ənvərbəy, yaxud Kamil
paşa kabinəsi adlı pyes yazmış və onu
Gəncədəki Zarya teatrında tamaşaya qoymuşdur.
Teatr həvəskarı Məmmədbağır Əliyev
də mövzusu Osmanlı tarixindən götürülmüş Kamil paşa
və yeni türklər adlı beş pərdəli dram əsəri
yazmış və əsər tamaşaçılara göstərilmişdir.
Cəfər Cabbarlının Ənvər bəy, yaxud Ədirnə
Fəthi adlı pyesinin mövzusu Balkan müharibəsindən alınmışdı.
Onun Trablis müharibəsi və ya ulduz adlı əsərinin
mövzusu da Türkiyə həyatından alınmışdır.
Əsər 1919-cu ilin noyabr ayında A.A.İvanovun rejissorluğu
ilə Bakı Opera teatrı binasında tamaşaçılara göstərilmişdir.
15 sentyabr 1918-ci ildə Bakının
Qafqaz İslam Ordusu tərəfindən qurtuluşu
Azərbaycanın istiqlalını gerçəkləşdirən
tarixi bir hadisədir. M.B.Məmmədzadə Bakı uğrunda
mübarizə adlı əsəri ilə bu zəfərin xalqın
könlündə və ruhunda dastan olmasına nail olmuşdur (9,
s.71). Sentyabr zəfərini əks etdirən Bakı uğrunda
mübarizə əsərində Mirzə Bala, türk əsgərlərinin
qəhrəmanlıqlarına geniş yer vermişdir.
Azərbaycan siyasi düşüncə tarixi
və Mirzə Bala Məmmədzadə əsərinin
elmi-tənqidi təhlilini verən Mübariz Süleymanlının
bir məqaləsindən (8) öyrənirik ki, M.B.Məmmədzadə
teatrı çox sevirdi. O, məktəb illərində bir çox teatr
tamaşalarında iştirak etmişdir. Əfqn Vəliyev
isə Mirzə Balanın özünə istinadən belə yazır:
Hələ rüşdiyyədə ikən Bakıdakı türk
operası və türk teatrında əsgər və başqa
digər rollarda oynamaq üçün arkadaşlarla toplu olaraq teatra
gedərdik. Müəllimlərimizdən Mehdi bəy Hacıbababəylinin
Nicat Maarif Cəmiyyətinin rəisi olması və
cəmiyyətində teatr səhnəsinə sahib olması
bunun başlıca səbəbini təşkil edirdi. Bu
surətlə məşhur opera aktyorlarımızdan Hüseyin
Kulu, dramada Abbas Mirzə, Hüseyin Araplı, Sidqi Ruhulla,
komediyada Mirzağa və digərləri ilə təmasa başlamışdıq
(9, s. 73). Mirzə Bala, bundan başqa Azərbaycanın məşhur
bəstəkarlarından olan Üzeyir Hacıbəyovun
idarəsində illərcə egitim görmüşdür. M.B.Məmmədzadənin
içindəki teatr sevgisi onu teatr yazarı etmişdir.
1919-cu ilin sentyabr ayında Azərbaycanın
paytaxtı Bakının bir afişa bəzəyirdi. Bu,
M.B.Məmmədzadənin yazmış olduğu və Abbas Mirzə
Şərifzadənin quruluş verdiyi Bakı uğrunda mübarizə
əsərinin teatr tamaşasının afişası idi. 16
sentyabrda Azərbaycan Dövlət Teatrında Mirzə Balanın
bu əsərinin primyerası olmuşdur. Azərbaycanın
istiqlalı üçün aparılan müstəqillik savaşını
və Bakının qurtuluşu hadisəsini yaddaşlara
hopdurmaq məqsədilə C.Cabbarlı ilə
M.B.Məmmədzadə öz aralarında yarışmışlar.
Hər ikisinin də bu mövzuda yazmış olduqları əsərlər
Bakı teatrlarında oynanılmışdır (8).
Sentyabr zəfərini əks etdirən
Bakı uğrunda mübarizə əsərində Mirzə
Bala, türk əsgərlərinin qəhrəmanlıqlarına
geniş yer vermişdir. Mirzə Bala bir xatirəsində yazır:
Günəşli bir cümə. Xalqda o gün görülməyən bir
hərəkətlilik və həyəcan vardı. Cəddələr
və sokaklar insan dolu. Hər kəs şəhərin yuxarı
tərəfinə doğru irəliləyirdi. Şəhərin
ən yüksək yerinə toplanırlar. Bütün Azərbaycan dövlət
adamları və öndərləri buradadır. Mən də o yüksək
yerdəyəm. Bu zirvədən Bakının hər
tərəfi və günəş şüaları altında altun
kimi parlayan Xəzər dənizi də uzaqlarda görünür. Qalabalıq
getdikcə çoxalır, hər kəs buraya gəlməyi özlərinə
borc kimi bilir sanki. Burada bu gün Azərbaycan ordusuna Bakının
qurtuluşunda yardımda bulunarkən şəhid olan türkiyəli
əsgərlərə abidə qoyulacaqdır. Abidənin planı
hazır, təməl daşı qoyulur və təməl atma
törəni başlayır. Açılışı
Məhəmməd Əmin Rəsulzadə və Nəsib
bəy Yusifbəyli etmişlər. Məhəmməd Əmin
Rəsulzadə və Nəsib bəy Yusifbəylinin çıxışları
qalabalığı həyəcanlandırmış və coşdurmuşdur.
Eynən Gəncədən Bakıya gələn Azərbaycan
ordusunun ilk rəsmi keçid törənində olduğu kimi... Yüksələn
günəş abidəyə mübarək edirmiş kimi öz şüalarını
ziyarətçilərin və abidənin üzərinə bol-bol
səpirdi.
Fəqət nə yazıq ki, bi abidə
ucaldılmağa başlayarkən Şimaldan qalın qaranlıq
bir bulud gəlir, günəşin önünü qapadır, hər
tərəfi zülmət bürüyür və kutsal abidə ucaldılmayır.
Biz əminik ki, bulud nə qədər qaranlıq olursa-olsun, günəşin
önünü daima qapayamaz, günün birində qaranlıq bulud çəkilincə
günəş yenə əskisi kimi parlar və o kutsal abidə
ucaldılar (9, s. 72-73).
1905-1920-ci illər dövründə teatr
qrupları Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə
qarşılıqlı səfərlər təşkil etmiş,
bu qastrollar zamanı həm Türkiyə, həm də
Azərbaycan dramaturqlarının əsərləri tamaşaya
qoyulmuşdur. Azərbaycanda qardaş ölkə dramaturgiyasına
böyük maraq göstərildiyi kimi, Türkiyədə də
Azərbaycan səhnə əsərlərinə diqqət göstərilmişdir.
Məsələn, 1919-cu ilin yanvar ayında Tiflis Azərbaycan
teatrı ilk dəfə olaraq böyük bir dəstə və
zəngin bir repertuarla Türkiyəyə qastrola getmişdir. Bu
teatr qastrol zamanı repertuarında olan ən yaxşı tamaşaları
Arşın mal alan, O olmasın, bu olsun, Nadir
şah, Əsli və Kərəm, Ağa
Məhəmməd şah Qacar, Pəri cadu, Bəxtsiz
cavan, Əlmənsur, Dəmirçi Gavə, 50 yaşında
cavan və Evliykən subayı göstərmişdir.
XX əsrin əvvəllərində
Azərbaycan Türkiyə teatr əlaqələrindən
bəhs edərkən bir cəhəti xüsusilə vurğulamaq
lazımdır ki, Azərbaycan ziyalıları, teatr
xadimləri arasında türk mədəniyyətinə, ədəbiyyatına,
eləcə də səhnə əsərlərinə maraq güclü
olmuşdur. Yeni yazmağa başlamış dramaturqlarımızın
bir qismi Türkiyəli yazarların, xüsusilə də Namiq Kamalın
pyeslərindən təsirlənmişlər. Bu cəhət
Cəfər Cabbarlının əsərlərində özünü xüsusilə
büruzə verirdi. Belə ki, Namiq Kamalın Vətən, yaxud
Silistrə, Gülnihal, Zavallı cocuq və başqa
səhnə əsərlərinin Cəfər Cabbarlının
ilk dövr yaradıcılığına təsiri aydın
duyulmaqdadır.
İradə Rəsulinin Dramaturgiyamızda
Türkiyə monoqrafiyası (7) Azərbaycan dramaturgiyasında Türkiyə
mövzusuna həsr edilmişdir. Burada Türkiyə həyatının
təsvir edən, türk xalqlarının mədəni-tarixi
birliyi ideyasını təbliğ edən əsərlər
H.Cavidin Uçurum və Afət, həmçinin C.Cabbarlının
Ədirnə fəthi, Trablis müharibəsi və ya Ulduz
pyeslərdən bəhs edilir. Türk xalqının
milli-istiqlaliyyət mübarizəsini tərənnüm edən bu
dramaturji nümunələrlə yanaşı monoqrafiyada İlyas
Əfəndiyevin mühacirət həyatından bəhs edən
Tənha iydə ağacı pyesi yer almışdır.
Azərbaycan Türkiyə teatr əlaqələrinin
1920-ci ildən sonrakı dövrü ideoloji səbəblərdən
irəli gələn məhdudiyyətlərlə müşaiyət
olunur. İmperiya ideologiyasının Türkiyəyə və
deməli həm də türk teatr sənətinə
qərəzli münasibəti xalqlarımız arasındakı
teatr əlqələrinə təsirsiz ötüşməmişdir.
1920-ci il işğalından sonrakı ilk illərdə
Azərbaycan teatrı Türkiyə dramaturgiyasına marağı
azaltmadı. 1921-ci il fevral ayının 11-də hökumət
teatrında Şəmsəddin Saminin Gaveyi-ahəngər
pyesi oynanıldı: mart ayının 12-də əsər
yenə tamaşaçılara göstərildi. Həmin illərdə
Bakıdakı Əli Bayramov adına qadınlar klubunda Mirzağa
Əliyevin yalnız qadınlardan ibarət təşkil etdiyi
dram kollektivi Təhsin Nahidin Hicranlar pyesini uğurla tamaşaya
qoydu. Namiq Kamalın Gülnihal əsəri də
dəfələrlə Bakida və digər şəhərlərdə
tamaşaçilara göstərilmişdir. Bu əsər axırıncı
dəfə 1922-ci ilin aprel ayında D.Bünyadzadə adına dram
teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
1921-ci il oktyabr ayının 22-də
Mustafa Kamal Atatürk Türkiyədə Azərbaycan
səfarətxanasının bayrağını qaldırdı.
Həmin illərdə həyatın bütün sahələrində
olduğu kimi teatr sahəsində də əlaqələrə
meyl gücləndi. Azərbaycanın Türkiyədəki səfiri
İbrahim Əbilov türk ictimaiyyətinin, türk xalqının
əhval ruhiyyəsi ilə yaxından tanış olmuşdu. Türkiyədəki
Azərbaycan səfarətxanasında çoxlu yüksək təhsil
görmüş, ağıllı adamlar xidmət edirdi. Onlardan biri
orada tərcüməçi kimi işləyən aktyor və rejissor
Rza Təhmasib idi. Rza Təhmasib Azərbaycan diplomatlarının
iştirakı ilə, məclislə üzbəüz binada, Üzeyir
Hacıbəyovun Məşədi İbad və Arşın
mal alan, Sultan Məcid Qənizadənin Dursunəli və
Ballıbadı əsərlərini tamaşaya hazırlamışdı.
1921-ci ilin mart ayında Moskvadan qayıdan
Türkiyə heyəti Azərbaycan Dövlət Dram teatrının
Ölülər tamaşasına baxmış və bu əsərin
Türkiyədə də oynanılmasını arzulamışdır.
1922-ci il mart ayının 4-də Ankarada
Rüsiya səfarətxanasındakı ziyafətdə Mustafa
Kamal, Rusiya səfiri Aralov və Azərbaycan səfiri İbrahim
Əbilov iştirak etmiş və nitq söyləmişlər.
Sonra rus və Azərbaycan artistləri tərəfindən
operalardan parçalar ifa olunmuşdur. Belə bir qarşılıqlı
münasibətlər nəticəsində Bakıda Türkiyə
dramaturqlarının əsərlərinə maraq artırdı.
1922-ci ildə Xalid Fəxrinin Bayquş əsərinin tamaşası
göstərilmişdir. 1924-cü ldə Azərbaycan Dövlət Dram
teatrında Gaveyi-ahəngar faciəsi tamaşaçılara
təqdim edilmişdir. Həmin ildə Rza Zəkinin Köhnə
Türkiyə adlı əsəri Azərbaycan məktəbi yanında
dram dərnəyində tamaşaçılara göstərilmişdir.
Deməli, çox mürəkkəb
və ziddiyyətli bir tarixi şəraitin mövcudluğuna
baxmayaraq Azərbaycan Türkiyə teatr əlaqələri heç
bir vaxt qırılmamış, müharibə şəraitində
belə mədəniyyət xadimlərinin qarşılıqlı
əlaqələri davam etmişdir. Azərbaycanda Atatürk
Mərkəzinin nəşr etdirdiyi sənədlər və
materiallar toplusuna daxil edilmiş 52 saylı mənbədə
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyinin
təşkil etdiyi xeyriyyə tədbirinin proqramı bütün bu
dediklərimizi təsdiqləyən tarixi qaynaqlardır.
Azərbaycan Respublikası Siyasi partiyalar və ictimai
hərəkatlar Dövlət Arxivində mühafizə edilən bu
sənəddə (fond 276, siyahı 5, iş 1, vərəq 155)
əksini tapan bir faktı təqdim etməklə, ən ağır
məqamlarda belə Azərbaycan Türkiyə teatr əlaqələrinin
kəsilmədiyini təsdiq etməyə çalışaq:
8
kanun-u əvvəl pəncşənbə günü axşam
bəylərə, cümə günü xanımlara.
Azərbaycan səfir-i möhtərəm
İbrahim Əbilov həzrətlərinin himayələrində
hasilati Himaye-i etfal cəmiyyəti mənfəətinə olmaq
üzərə azərbaycanlı qardaşlarımız
tərəfindən tərtib edilən Azərbaycan Gecəsi
Proqramı Küşad. Qazi Mustafa Kamal paşa
həzrətlərinin Azərbaycanda bəstələnən xüsusi
marşları.
Birinci
pərdə:
Bizim kirayənişin özünü öldürdü. Bir pərdəlik
məzhəkə.
Hacı Fərzəli Riza Təhmasib
bəy; Sevdimali Əskər Topçubaşov bəy; Ağa
Bəy Mirzə Davud Rəsulzadə bəy; Kərbəlayi
Bəndalı Abdulmabud Zeynalov bəy; Rejissor: Riza Təhmasib
bəy. (Qısa məzmunu verilir...)
İkinci
pərdə: Aşıq
Qərib operasından ikinci pərdə.
Aşıq Qərib Nadir İbrahimov
bəy; Aşıq Vəli İsmayıl İsmayılov
bəy; Mahmud Əsgər Topçubaşov bəy; Camaatdan biri
Mirzə Davud Rəsulzadə bəy; Dirijor İsmayıl
Zühdü bəy. (Qısa məzmunu verilir...)
Üçüncü
pərdə: Dursun
Ali Ballı Badi bir pərdəlik məzhəkə.
Ağa Cavad Nadir İbrahimov bəy;
Dursun Ali Riza Təhmasib bəy; Yapdım Ali Kara bəy;
Rejissor Riza Təhmasib bəy; (Qısa məzmunu verilir...)
Dördüncü
pərdə: Konsert. 1) Tar, kamança, dəf, nağara ilə
Azərbaycan şarkıları (Nadir İbrahimov,
Qəzənfər Nərimanov, İsmayıl İsmayılov,
Əsgər Topçubaşov bəylər tərəfindən); 2)
Mənzum xitabə Mirzə Davud Rəsulzadə bəy
tərəfindən; 3) Tar ilə yalnız mahur taksim Nadir
İbrahimov bəy tərəfindən; 3) Azərbaycan rəqsi
İsmayıl İsmayılov bəy; 5) Meyxana (mesretli zaman)
Nadir İbrahimov bəy tərəfindən (yunanlılar
haqqında burada inşa edilmişdir); 6) Yalnız kamança
ilə çahargah taksim Nadir İbrahimov bəy
tərəfindən; 7) Mənzum xitabə Şəkil
və qiyafət-i məxsusəsi ilə Riza Təhmasib bəy;
8) Azərbaycan teatr həyatından bir mənzərə
Nadir ibrahimov bəy; 9) Tar, kamança, dəf, nağara ilə
Azərbaycan şarkıları (Nadir İbrahimov, Qəzənfər
Nərimanov, İsmayıl İsmayılov, Əsgər Topçubaşov
bəylər tərəfindən); 10) Əsli və
Kərəm operasındam bir parça Nadir İbrahimov bəy
tərəfindən (2, s.184-187).
Düşünürük ki, tarixi bir
sənəddən götürülmüş yığcam bir proqram parçasının
təqdimatı nəinki teatr əlaqələrinin, ümumiyyətlə,
xalqlarımız arasındakı mədəni əlaqələrin
həmin dövrünü xarakterizə etmək üçün müəyyən
təsəvvür yaradır.
Lakin teatr əlaqələri
sahəsindəki bu inkişaf ideoloji səbəblərlə
tədricən səngiməyə başladı. Belə ki,
1925-ci ildən etibarən Azərbaycan teatrlarının
repertuarlarında Qərbi Avropa klassiklərinin əsərlərinə
geniş yer verildiyi halda Türkiyə dramaturqlarının
pyeslərinə get-gedə demək olar ki, müraciət olunmadı.
1929-cu ildə Azərbaycan Dövlət Dram teatrı Əbdülhaq
Hamidin Hind qızı pyesini tamaşaya qoysa da bu, siyasi
iqtidarın məqsədlərinə xidmət edirdi. 1937-ci
ildən isə nəinki Türkiyə dramaturqlarının
pyeslərini tamaşaya qoymaq, ümumiyyətlə, Türkiyə adını
çəkmək belə qadağan edildi.
Bir də 50-ci illərdən etibarən
Nazim Hikmətin pyesləri o vaxtkı siyasi münasibətlər
baxımından sovet teatrlarına, o cümlədən
Azərbaycan teatrlarına yol açdı. Siyasi səbəblərlə
SSRİ-də yaşamaq məcburiyyətində qalan Nazim
Hikmətin Türkiyədə (1953), Qəribə adam
(1956), Unudulan adam (1960) pyesləri M.Əzizbəyov adına
Azərbaycan Dövlət Dram teatrında, Kəllə pyesi
isə C.Cabbarlı adına Kirovabad Dövlət Dram teatrında
(1967) tamaşaya qoyuldu və sonralar həmin əsərlər
respublikamızın ayrı-ayrı rayon teatrlarında da tamaşaçılara
göstərildi. Bayramın birinci günü əsəri Naxçıvan
teatrında uğurla tamaşaya qoyulmuşdur. Ümumiyyətlə,
Nazim Hikmətin dram əsərləri respublikamızın müxtəlif
rayon və şəhərlərində fəaliyyət göstərən
Dövlət teatrlarında müvəffəqiyyətlə nümayiş
etdirilmişdir (5, s.99).
1960-cı illərdən başlayaraq
Azərbaycan teatrının Türkiyə dramaturgiyasına marağı
xeyli artdı. Artıq Azərbaycan teatrlarının repertuarlarında
Nazim Hikmətlə yanaşı Orxan Kamalın, Əziz Nesinin,
Rəşad Nuri Güntəkinin, Turan Ofzanoğlunun və başqa
türk yazarlarının əsərləri də görünməyə
başladı (5, s.119). Əziz Nesinin Buraya gəlin (1962),
Toros canavarı (1963) pyesləri Azərbaycan
səhnəsində tamaşaya qoyulmuşdur. 1964-cü ildə
Azərbaycan Dövlət Akademik Dram teatrı Cavad Fəhmi Başkutun
Köç pyesini yazıçı Mehdi Hüseynin tərcüməsində
tamaşaya qoydu. 1967-ci ildə Gəncə Dövlət Dram teatrı
Əziz Nesinin Buraya gəlin (Bir az gəlirmisiniz) adlı
pyesini rejissor Nəsir Sadıqzadənin quruluşunda tamaşaçılara
göstərdi. 1969-cu ildə M.Davudova adına Mingəçevir Dövlət
Dram teatrında Əziz Nesinin Toros canavarı adlı
komediyası tamaşaçılara göstərilmişdir. 1973-cü ildə
görkəmli dirijor Niyazi Ankara Dövlət Opera və Balet teatrının
dəvəti ilə Verdinin Aida operasını tamaşaya
qoymaq üçün Türkiyəyə getmişdi. Həmin operada Radamesin
partiyasını ifa etmək üçün xalq artisti L.İmanov da oraya
dəvət olunmuşdu. Aidanın tamaşasından sonra
Niyazi Türkiyə Cümhuriyyətinin 50 illiyinə həsr
edilən İstanbul beynəlxalq festivalı günlərində
Adnan Sayqunun Koroğlu operasını tamaşaya qoymuşdu.
1982-ci ildə Orxan Kamalın Yad qızı romanı əsasında
Mailə Muradxanovanın səhnələşdirdiyi eyni adlı
faciə respublikamızın bir çox teatrlarında, o cümlədən
Naxçıvan və Gəncə teatrlarında uğurla səhnə
həllini tapmışdı.
1985-ci ildə Vaqif İbrahimoğlu Türkiyəyə
yaradıcılıq ezamiyyətinə gedərək Ankara Dövlət
Opera və Balet teatrında Ü.Hacıbəyovun Arşın
mal alan əsərini tamaşaya hazırlamış və bu
tamaşa həmin teatrda 150 dəfədən artıq göstərilmişdir.
1985-ci ildə N.B.Vəzirov adına Lənkəran Dövlət
Dram teatrında Baba Rzayevin (Əziz Nesinin hekayələri əsasında)
səhnələşdirdiyi iki hissəli faciəvi komediya tamaşaya
qoyulmuşdur. 1989-cu ildə Vaqif İbrahimoğlu Türkiyə Kültür
Bakanlığının dəvəti ilə yenə Ankarada
olmuş, fevral ayının 10-dan aprel ayının 14-nə
kimi orada qalıb Dövlət Opera və Balet teatrında Üzeyir
Hacıbəyovun O olmasın, bu olsun operettasını tamaşaya
hazırlamışdır (5, s. 153-154). 1990-cı ildə Vaqif
İbrahimoğlu O olmasın, bu olsun operettasını
Bursa Dövlət teatrında da tamaşaya qoymuşdur. S.Rəhman
adına Şəki Dövlət Dram teatrının kollektivi
isə 1989-cu ildə Əziz Nesinin eyni adlı hekayəsi əsasında
Çox gülməli hadisə tamaşasını uğurla nümayiş
etdirmişdir.
1988-ci ilin sentyabrında İstanbul Dram
teatrının aktrısası Neşə Altener SSRİ teatr
xadimləri ittifaqı idarə heyətinin katibi, SSRİ xalq
artisti, rejissor Oleq Yefremovun dəvəti ilə Moskvaya gəlmiş,
Azərbaycan teatr ictimaiyyətinin də qonağı olmuşdur.
Həmin günlərdə Türkiyənin məşhur opera
artistləri Ankara teatrının solistləri Gölgə
Şəkərəkbər və Osman Göyoğlu Bakıya
qastrola gəlmişlər. Onlar M.F.Axundov adına Azərbaycan
Dövlət Opera və Balet teatrının yaradıcı
kollektivi ilə birlikdə Cüzeppe Verdinin Otello operasındakı
Desdamona və Otello rollarını ifa etmişlər. 1988-ci ildə
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
teatrında Sadıq Şendilin Qanlı Nigar pyesinin tamaşası
göstərilmişdir. Bu illərdə Rəşad Nuri Güntəkinin
Dodaqdan qəlbə adlı romanı Mailə Muradxanlının
səhnələşdirməsi üzrə C.Məmmədquluzadə
adına Naxçıvan Dövlət Dram teatrında, İsa Axundovun
səhnələşdirməsi əsasında isə Ə.Haqverdiyev
adına Ağdam Dövlət Dram teatrında tamaşaya qoyulmuşdur.
1989-cu ilin sentyabr ayında Gölgə Şəkərəkbər
tanınmış türk müğənnisi Pəkin Kurquzla Bakıya
gəlib Azərbaycan Dövlət Opera və Balet teatrında göstərilən
Bohema (C.Puççini) tamaşasında Mimi və Rudolfun aparıcı
partiyalarını böyük uğurla ifa etmişdir. Həmin il
İstanbul Dövlət Opera və Balet teatrında Qara Qarayevin İldırımlı
yollarla baletinin musiqisi əsasında hazırlanmış
xoreoqrafik tamaşa göstərilmişdir.
1989-cu ilin oktyabr ayında M.Əzizbəyov
adına Azərbaycan Dövlət Akademik Dram teatrının
direktoru Həsən Turabovun Türk Dünyası Araşdırmaları
Vəqfindən aldığı məktubda, bu teatr İlyas
Əfəndiyevin pyeslərini göstərmək üçün Türkiyəyə
dəvət edilirdi. 1990-cı ilin may ayında Azərbaycan Dövlət
Akademik Dram teatrının 37 nəfər üzvü Türkiyədə
qastrolda olur və Bizim qəribə taleyimiz,
Sevgililərin cəhənnəmdə vüsalı tamaşaları
nümayiş etdirilir (5, s.166). Azərbaycan Dövlət Akademik Dram
teatrının Türkiyəyə bu ilk qastrolundan sonra Türkiyə-Azərbaycan
teatr əlaqələri sahəsində bir sıra işlər
görülməyə başlamışdır.
1990-cı ildə Orxan Kamalın Yad qızı
romanını Lütfi Məmmədbəyovla Tariyel Vəliyev
birlikdə ekranlaşdırırb, faciənin televiziya tamaşasını
yaratdılar. 1992-ci ildə bəstəkar Süleyman Ələsgərovun
Milyonçunun dilənçi oğlu operettası Ankara Dövlət
Opera və Balet teatrında Zəngin babanın fəqir oğlu
adı ilə tamaşaya qoyulmuşdur.
Sovetlər Birliyində cərəyan
edən ictimai-siyasi proseslər türk xalqları arasındakı
mədəni əlaqələrin sürətli inkişafına
təkan verdi. 1990-cı ilin yanvar ayında Türkiyənin Bosfor
sahillərində Azərbaycan incəsənəti günləri
keçirildi. Bu günlər milli Azərbaycanimizin misilsiz nüiliyyətlərini
nümayiş etdirməklə yanaşı, həm də istər
siyasi münasibətlər üçün, istərsə də
mədəni əlaqələr sahəsində münasibətlər
üçün səciyyəvi olan yeni təfəkkürün bərqərar
edildiyi daha yeni əyani sübuta çevrildi. Bu incəsənət
festivalı Amerika-sovet kino təşəbbüsü assosiasiyasının
respublika filialı və türkdilli xalqların tarix və
mədəniyyətini öyrənən cəmiyyəti (İstanbul
ilə birlikdə) (5, s.151). Azərbaycan Mədəniyyət
Nazirliyi təşkil etmişdi. Konsertlər Ankarada, Qeysəridə,
Konyada da davam etdirilmişdi. Türkiyə ictimaiyyəti
Azərbaycan incəsənəti günlərinə böyük maraq göstərmişdi.
Konsertlər tamamilə lentə köçürülmüş, televiziya
və radio ilə translyasiya edilmişdir. konsertlərin İzmirdə
də göstərilməsi nəzərdə tutulubmuş. Lakin
yanvarın 19-20-də Bakıda baş vermiş faciəli
hadisələr festivalın proqramını dəyişmişdi.
Azərbaycan sənət ustaları matəm əlaməti
olaraq festivalı yarımçıq dayandırmağı
qərara alırlar, Türkiyə tərəfi də onlarla
həmrəy olublar. Onlar Azərbaycanda baş vermiş bu
faciəli hadisəyə ürək ağrısı ilə yanaşmış,
xəstəxanalarda müalicə olunan yaralılar üçün 50 paket
dava-dərman vermişdilər.
1990-cı ilin iyul ayinda Türkiyənin o
vaxtkı mədəniyyət naziri Namik Kamal Zeybəkin
dəvəti ilə Türkiyədə olan Azərbaycan
mədəniyyət naziri Polad Bülbüloğlu demişdir ki, Türkiyə
tərəfi mədəniyyət sahəsində
əlaqələrimizin daha da genişlənməsinə çox
böyük maraq göstərir. Həm də birbaşa
əlaqələr yaradılmasına diqqət xüsusi cəlb
edilmişdir... Namik Kamal
Zeybək ilə görüşlərim zamanı bu sahədə böyük
tərəqqi olduğu məmnunluq hissi ilə qeyd edildi... Bizim
kimi Türkiyə tərəfi də xalqlarımız arasında
əlaqələrin genişlənməsini istəyir. Müasir
Azərbaycan mədəniyyətinin nailiyyətlərindən Türkiyədə
getdikcə daha tez-tez xəbər tutur və belə hesab
edirlər ki, bizim mübadilə üçün çox şeyimiz var (5, s. 150).
Dövri mətbuata istinadən professor İnqilab
Kərimov yazır ki, 1990-cı il noyabrın 3-də İstanbulda
dünyanın Azərbaycan ictimai təşkilatlarının
birinci milli konqresi açıldı. Həmvətənlərimizin
yaşadıqları bir çox ölkələrdən Azərbaycan
mərkəzlərinin, cəmiyyətlərinin nümayəndə
heyətləri konqresə gəlmişdilər. Azərbaycanın
yaradıcılıq və ictimai təşkilatlarının nümayəndələri
də bu konqresdə fəal iştirak etmişdilər.
Səfəri Azərbaycanın xaricdəki
həmvətənlərlə Mədəni Əlaqə
Cəmiyyəti (Vətən cəmiyyəti) təşkil
etmişdi. Konqresə yola düşərkən Azərbaycan nümayəndə
heyətinin rəhbəri, respublika Elmlər Akademiyası
ədəbiyyat, dil və incəsənət şöbəsinin
akademik katibi B.Ə.Nəbiyev müsahibəsində demişdir:
Konqresdə Azərbaycanı görkəmli ictimai xadimlər,
ədiblər, bəstəkarlar, rejissorlar, alimlər,
jurnalistlər, habelə bir çox siyasi hərəkatların
fəalları təmsil edəcəklər. Konqresin işində
iştirak edəcək digər nümayəndə
heyətləri ilə birlikdə biz ümumi problemləri müzakirə
etməli, Azərbaycan xalqının gələcək inkişafının
vahid konsepsiyasını hazırlamalı, müxtəlif ölkələrdən
Azərbaycan mərkəzlərinin və cmiyyətlərinin
səylərini birləşdirmək yollarını müəyyən
etməli və beləliklə, dünyanı xalqımızın
tarixi, mədəniyyəti, ənənələri və bugünkü
həyatı ilə daha fəal tanış etməliyik.
Nəhayət bunun da əhəmiyyəti az deyil ki, konqres harada
yaşadıqlarından asılı olmayaraq bütün
azərbaycanlıların özlərini vahid qədim
vətənin övladları olduqlarını hiss etməsinə
kömək etməli, Vətənin tərəqqisi və rifahı
naminə əlindən gələni
əsirgəməməlidir (5, s. 148-149).
Artıq 90-cı illərin
əvvəllərindən etibarən teatr əlaqələri
sahəsində intensiv inkişaf müşahidə olunur. Belə
ki, 1991-ci ilin iyul ayında İstanbulda Beynəlxalq teatr İnstitutunun
(BTİ) XXIV konqresi keçirildi. Konqresin Azərbaycandan olan nümayəndəsi
rejisor Azərpaşa Nemətov həmin institutun müxbir üzvü seçildi.
1991-ci ilin may ayında Türkiyənin İstanbul Şəhər
Bələdiyyə teatrı ilk dəfə olaraq Azərbaycana
qastrola gələrək Gəncə, Şəki və Bakıda
üç tamaşa (Əkrəm Rəşid Rey və Camal Rəşid
Reyin Lüks həyat, Billi Rasselin Bir qadın və
Raymond Fitzsimonsun Aktyor Kin tamaşaları) ilə çıxış
etdi.
Müstəqilliyimizin bərpasından sonrakı
dövrdə isə bu sahədə daha ciddi və sistemli işlər
görülməyə başladı. İlk illərdə
Azərbaycandakı siyasi qarışıqlıq
səbəbilə teatr əlaqələri bir az kölgədə
qalsa da, artıq 90-cı illərin sonlarına doğru bu
istiqamətdə canlanma başladı. Məsələn,
1998-ci ilin 10 martında Elçinin Mənim sevimli dəlim
əsəri Dəlixana qaçqını adı ilə Türkiyənin
Ankara şəhərindəki paytaxt teatrında tamaşaya
qoyulmuşdur (1999-cu ilin mart ayında İstanbulda Osmanlı
imperatorluğunun 700 illiyinə həsr edilmiş Türk dünyası
teatrları günlərində də Azərbaycan Milli Akademik
Dram teatrının kollektivi Elçinin Mənim sevimli dəlim
əsərinin tamaşasını uğurla nümayiş etdirmişdir).
1998-ci ilin noyabr ayında Azərbaycan Dövlət
Milli Akademik Dram teatrının kollektivi Türkiyənin Ərzurum,
Sivas, Kayseri və Ankara şəhərlərində İ.Əfəndiyevin
Hökmdar və qızı, B.Vahabzadənin Özümüzü
kəsən qılınc, Elçinin Mənim sevimli
dəlim əsərlərinin tamaşalarını göstərmişdir.
1999-cu ul noyabr ayının 22-dən
28-dək Pantomimo teatrı Ankarada keçirilən Yaşanır
bir dünya üçün sənət devizi altında keçirilən dördüncü
Ankara beynəlxalq teatr festivalında böyük uğurla çıxış
etmişdir. Otuza yaxın teatr qrupunun çıxış etdiyi bu mötəbər
festival çərçivəsində seminarlar, müzakirələr, açıq
dərslər və form keçirilmişdir. Pantomimo teatrı bu
festivalda Məhəmməd Füzulinin Leyli və Məcnun
poemasının motivləri və Polad Bülbüloğlunun musiqisi
əsasında hazırlanan Gəldim ki, olam qəmin
hərfi tamaşaları ilə təmsil olunmuşdur.
1999-cu ilin dekabr ayında Ankara Dövlət
teatrı Erkun Sayın Vətən, yaxud Namik Kamal pyesinin
tamaşası ilə Bakı tamaşaçılarının qonağı
olmuşdur. 1999-cu ilin noyabrında isə Gəncə Dövlət
Kukla teatrı Türkiyənin İzmir şəhərində keçirilən
kukla teatrlarının IV Uluslararası festivalında uğurla
çıxış etmişdir.
Bakı Bələdiyyə teatrı
1994-1999-cu illərdə 4 dəfə Türkiyədə qastrolda
olmuş, müxtəlif şəhərlərdə
Vətənə igidlər gərəkdir, Nadir şah,
Məhsəti və Dəli Domrul (1) tamaşaları
ilə çıxış etmişdir.
2000-ci ilin iyun ayında isə İstanbul
Böyükşəhər Bələdiyyə teatrı Bakıda
qastrolda olmuş və teatrın kollektivi Rüstəm İbrahimbəyovun
eyni adlı pyesi əsasında hazırladığı
Aslana bənzər adlı tamaşa ilə çıxış
etmişdir.
Son illərdə teatr
əlaqələrimiz sahəsində o qədər
irəliləyişlər baş vermişdir ki, bizcə bu
istiqamətdə daha sistemli və geniş tədqiqatlara ehtiyac
vardır.
Təbii ki, ölkələrimiz arasındakı
mədəni əlaqələrin inkişafına xidmət
edən toplаntılаrın müntəzəm keçirilməsi
xаlqlаrımızın siyаsi, ictimаi və
mədəni həyаtındа çox böyük hаdisələrdir.
Mədəni əlаqələrin qurulmаsı
istiqаmətində ən böyük uğur isə türk xаlqlаrı
ilə ənənəvi münаsibətlərin yаrаdılmаsıdır.
Bu dа səbəbsiz deyil. Çünki hər bir аilənin
gələcəyi, xoşbəxtliyi səmimiyyətə
və məhəbbətə bаğlı olduğu kimi,
dünyаnın dа gələcəyi xаlqlаrın,
millətlərin qаrşılıqlı münаsibətinə
və əməkdаşlığınа bаğlıdır.
Millətlərin öz söykökünə dilinə, dininə, imаnınа,
əcdаdlаrının аdət-ənənəsinə
qаyıtdığı bir zаmаndа bu mehribаnlığа
və birliyə ehtiyаc dаhа çox hiss olunur. Türkdilli
xаlqlаrın birliyinin və əməkdаşlığının
inkişаfı üçün Türk Kültür və Sənətləri
Ortаq Yönətimi TÜRKSOY yаrаndığı gündən
bu istiqаmətdə səmərəli işlər görməkdədir
(3; 6).
1991-ci
ildən Bаşqırdıstаnın pаytаxlı
Ufаdа türkdilli xаlqlаrın iştirаkı
ilə beş ildən bir keçirilən Tuqаnlıq (doğmаlıq,
qаrdаşlıq) аdlı teаtr festivаlı
bu bаxımdаn çox önəmli bir tədbirdir. Qeyd
edək ki, ikinci dəfə 1996-cı ildə Ufаdа
keçirilən Tuqаnlıq festivаlındа Аzərbаycаn
Yuğ teаtrı ilə təmsil edilmişdi. 2000-ci
ilin mаy аyındа isə Bаşqırdıstаnın
Ufа şəhərində TÜRKSOY Beynəlxаlq Təşkilаtının
növbəti XIV dönəm toplаntısı keçirilmişdir.
Ortаq mədəniyyətimizin, dilimizin, аdət-ənənəmizin
qorunub sаxlаnılmаsınа xidmət edən
bu təşkilаt türkdilli xаlqlаr аrаsındа
qаrdаşlıq və mədəni əməkdаşlıq
körpüsü olduğunu bir dаhа sübut etmişdir. TÜRKSOY-un
plаnlаşdırdığı tədbirlərdə
Аzərbаycаn incəsənət ustаlаrı
dа uğurlа çıxış etmişlər.
Həmin
vаxt keçirilən Tuqаnlıq Beynəlxаlq Teаtr
Festivаlındа respublikаmızı Аzərbаycаn
Dövlət Аkаdemik Milli Drаm Teаtrı
N.Xəzrinin Burlа Xаtun tаmаşаsı
ilə təmsil etmiş və TÜRKSOY-un xüsusi mükаfаtını
qаzаnmışdır. Reжissor Vаqif Əsədovun
quruluş verdiyi bu tаmаşаdаn əlаvə,
Bаşqırd tаmаşаçılаrı
festivаldа türkdilli teаtrlаrın hаzırlаdıqlаrı
dаhа 14 əsərin nümаyişinə bаxmışlаr.
Belə ki, Bаşqırdıstаnın А.Mübаrəkov
аdınа Sibаy Dövlət teаtrı T.Qəniyevаnın
Tаmаris аdlı iki hissəli fаciə, Qırğızıstаn
Respublikаsının Tunçuq Gənclər Drаm teаtrı
S.Rаev və N.Аbdıqədirovun Əsrə bərаbər
gün (Ç.Аytmаtov) əsəri əsаsındа
yаzdıqlаrı Tаyаmаm pyesi, Krım-tаtаr
Musiqili Drаm Teаtrı V.Şekspirin Mаqbet, M.Аuzov
аdınа Qаzаxıstаn Dövlət Аkаdemik
Drаm Teаtrı K.Аşirin Аdаmın oğlu
Kаin əsəri, Türkiyənin Sivаs Dövlət Teаtrı
O.Аsаn və D.Аtаyаnın Qərbdə
intiqаm əsəri, M.Qаfuri аdınа Bаşqırd
Аkаdemik Drаm Teаtrı M.Kərimin Аygül
diyаrı, Tuvin Musiqili Drаm Teаtrı E.Mijitin
Sən kimsən, Südаbə? drаmı, Mcаkirа
аdınа Qаqаuz Milli Teаtrı А.Burаkın
Mənbə romаntik drаmı, K.Quliyev аdınа
Bаlkаr Dövlət Teаtrı M.Olmezovun Knyаginyа
Roşiyаr pyesi, Аltаy Respublikаsının
Drаm Teаtrı K.Noqiyevin Sənin günəşin doğаcаq
əsəri, Kаrаcаyev Respublikаsı Drаm
Teаtrı M.Votçayevin Tаle və nаmus drаmаtik
poemаsı əsаsındа hаzırlаdıqlаrı
tаmаşаlаrlа çıxış etmişlər.
Hər bir tаmаşаnın ertəsi günü teаtrşünаslаrın,
festivаl iştirаkçılаrının və tаmаşаçılаrın
iştirаkı ilə tamaşaların geniş müzаkirəsi
keçirilmiş və təhlil edilmişdir. Festivаl günlərində,
həmçinin, türk teаtrının problemlərinə
həsr olunmuş elmi konfrаns keçirilmişdir (5, s.195-196).
Konfrаnsdа sənətşünаslıq doktoru İnqilаb
Kərimov Аzərbаycаn teаtrının təşəkkülü
və müаsir problemləri ilə bаğlı
məruzə etmişdir.
Tuqаnlıq
festivаlının uğurlаrı Türk teаtrlаrının,
türk mədəniyyət və incəsənət xаdimlərinin
gələcəkdə bir аrаyа gələrək
türk mədəniyyətinin tаrixi şöhrətinin qаytаrılmаsı
yolundа səy göstərdiyini göstərməkdədir.
Аzərbаycаn
Respublikаsı Prezidentinin türkdilli ölkələrin
mədəniyyət nаzirlərinin dаimi şurаsınа
ünvаnlаdığı mürаciətindən də
bu təşkilаtа nə qədər
əhəmiyyət verildiyi аydın görünür: Böyük
məmnuniyyət hissi ilə qeyd edirəm ki, TÜRKSOY-un qurucu ölkələrindən
olаn Аzərbаycаn Respublikаsı bu
hərəkаtın elə ilk günlərindən onun fəаl
iştirаkçısı olmuşdur. TÜRKSOY-un məqsəd
və vəzifələri müstəqil Аzərbаycаn
dövlətinin mədəniyyət sаhəsindəki strаtegiyаsınа
tаm uyğundur. Bunа görə də biz TÜRKSOY-un fəаliyyətinə
böyük əhəmiyyət verir və onu
dəstəkləyirik (4). Deməli, Azərbaycan və Türkiyə
arasındakı teatr əlaqələri yalnız mədəni
sahədə həyata keçirilmiş tədbirlərlə
məhdudlaşmır, bu, həm də dövlətlərimizin
mədəniyyət siyasətlərinin prioritet
istiqamətlərindəndir. Bu əlaqələr, eyni zamanda Türk
Dünyası xalqlarının birgə tədbirləri
sayəsində də get-gedə inkişaf etməkdə və
möhkəmlənməkdədir.
Kaynaklar
1.
Asılyazıcı
H. Deli Domrul. Bizim Gazete (İstanbul), 13 aralık 1999; Ədəbiyyat
qəzeti, 31 dekabr 1999-cu il, № 51-52 (3176-3177).
2.
Azərbaycan
Türkiyə münasibətləri (1920 1922),
Sənədlər və materiallar (Tərtib edənlər:
Jalə Qurbanova, Musa Piriyev). Bakı, AzAtaM, (Orxan nəşriyyatı),
2003.
3.
Beynəlxalq
TÜRKSOY təşkilatının XV toplantısında
Azərbaycan Respublikasının Mədəniyyət Naziri
Polad Bülbüloğlunun çıxışı.
Mədəni-maarif jurnalı, 2001, № 1-2, s.8-10.
4.
Ədəbiyyat
qəzeti, 19 iyul 2002-ci il, № 29 (3310).
5.
Kərimov
İ. Azərbaycan Türkiyə teatr əlaqələri. Bakı,
Nağıl evi, 2000, 202s.
6.
Hüseynov
H. TÜRKSOY-un növbəti tədbiri.
Mədəni-maarif jirnalı, 1999, № 5-6
, s. 2-3.
7.
Rəsuli
İ. Dramaturgiyamızda Türkiyə. Bakı, Tural-Ə
Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001.
8.
Süleymanlı
M.A. Azərbaycan mədəniyyət tarixinin qaranliq
səhifələrinə yeni baxiş (Ə. Vəliyevin
Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala
Məmmədzadə əsəri). İncəsənət
və mədəniyyətin problemləri (AMEA Memarlıq
və İncəsənət İnstitutunun elmi nəşri),
Bakı, 2007.
9.
Veliyev
Afgan. Azerbaycan Siyasi Düşünce Tarihi ve Mirza Bala Mehmetzade (1898
1959). İstanbul, Doğu Kütüphanesi, 2006.