Təbrizdə qadinlar günündə qadınlar ANA DİLİNİN yasaqlığına qarşı çıxdılar

Eluca Atali

8 Mart Beynəlxalq Qadınlar Günü dunyanın əksər ölkələrində bayram kimi qeyd edilir və ən əsası budur ki, bu gün qadınlara hər kəs xoş söz deyir,gül bağışlayır və hədiyyə verir.Lakin qeyd etməliyik ki, bu hər qadına nəsib olmayır.Elə söhbətimizin canını da bayramda hədiyyə yox, bayram günündə haqqını, hüququnu tələb edən qadınların kötək yeməsi ilə bağlıdır.

Martın 8 -də Təbriz şəhərinin mərkəzi küçə və xiyabanlarında Güney Azərbaycan qadınları müxtəlif şüarlarla meydana atılmış və aksiya keçirmişdirlər. Hər kəs ayrı - ayrı səmtdən, ünvandan gəlsə də, lakin istək bir olmuşdur : Ana dilimizin yasaqlığına son qoyulsun. Həmçinin onlar öz çıxışlarında bunu da bildirmişdirlər ki, İran İslam dövlətinin təbliğat apratında Həzrəti Məhəmmədin bu kəlamını daim təbliq edərək deyirlər ki, "Cənnət anaların ayağı altındadır."Əgər onlar öz dediklərinə özləri inanırlarsa, bəs niyə biz anaların dilini öz övladlarımıza və özumuzə qadağan eləyiblər ?

Təbriz qadınları,ana və bacılar suallarına cavab axtarmaq məqsədi ilə kücələrə çıxsalar da, amma cavab verən olmayıb.Belə getsə cavab verəcək kimsəni hakimiyyət içindən gözləməkdə olmaz.Xüsusi məlumat üçün qeyd edək ki, Təbrizin 85 km - də yerləşən "Şərəf" ibtidai sinifdə və"Pərvinetisami" orta təhsil məktəbində türk dilində danışan uşaqları cərimələməkdən ötəti xüsusi sandıqlar qoyulub.

Təbrizdə keçirilən bu aksiya polis tətəfindən dağıdılıb və onlarla qadın tutulub.Ötən məlumatlarımızdan xəbəriniz var ki, hələ tədbirdən bir neçə gün əvvəl aksiya ilə bağlı bildiriş yayan millətçi aktiv və qadın haqlarının müdafiəçisi Nəsrin Rəcəbi tutulmuş və nəməlum yerə aparılaraq işgəncəyə məruz qalmışdır.Yeri gəlmişkən qeyd edək ki, bütün bunları yalnız telefon vasitəsi ilə catdıra bilirlər,çünki Güney Azərbaycanda internet kafelər xüsusi nəzarət altındadır və şəkillər göndərməkdə problemdir.İndi İran fars rejimi Güney Azərbaycanın böyük şəhərlərində öz polis qüvvələrini və ittilaat nümayəndələrini on dəfə artırıb.Lakin bütün bunlara baxmayaraq, xalq öz haqq mübarizəsindən çəkinmir və öz sözünü deyir.

Güney Azərbaycan qadınları o dünyada onları gözləyən cənnəti bu dünyada, reallıqda görüb və balalarına o gerçək cənnətdə ANA DİLİNDƏ danışmaq xoşbəxtliyini bəxş etmək istəyirlər.

İstəyirlər ki, doğub böyütdükləri balaları ana dilinin şirinliyini dadıb cəhənnəmdən çıxsinlar.

8 Mart Təbrizdə keçirilən aksiyadan iki şəkil və ana dilinin yasaqlığını əks etdirən iki karikatura bizə çatıb, onu sizə təqdim edirik.Buyurun baxın.