Fatimə Mernisi kimdir?

2003-cü ildə ədəbiyyat üzrə xidmətlərinə
görə Asturiya şahzadəsinin İspaniya ödülünü (50 000
euro) 2 qadın Amerikalı yazar-esseist və kinorejissor Süzen
Zontaq və Mərakeşli feminist, sosiologiya üzrə professor,
toplumda qadın rolu haqda 5 kitab və monoqrafiya müəllifi Fatimə
Mernisi almışdır. Bu
ödülü öncədən qazananlar Artur Miller, Qünter Qrass, Karlos
Fuentes, Mario Barqas Liosa olmuşlar.
62-yaşlı Mərakeşli yazar xanım hal-hazırda
Rəbbət şəhərinin universitetində müəllimdir,
sosiologiyadan mühazirələr oxuyur. 20 yaşına
qədər hərəmxanada yaşamış, yazıb-oxumağı
bacarmayan bu qadın sonralar Fransaya qaçmış, təhsil alıb,
Sorbonn universitetini bitirib.
Fatimə Mernisinin nənəsi, Lalə Jəsmin əsir
götürülərək 1903 ildə Dar-Benkiran adlanan məşhur
qul bazarlarının birində satılmışdır. 15 il
Fas hərəmxanasında yaşamışdı.Onun
nəvəsi Fatimə 1984-cü ildə Mərakeş qadın
gözüylə, üç ildən sonra isə Siyasi hərəmxana
adlı kitablar yazmışdı. Hər iki kitab dini nüfuz
sahibləri olan üləmaların (din alimləri) təzyiqi altında
yasaqlanmışdır. Fatimə Mernisi 1989-cu ildə 80
arzuolunmaz intellektual adamların adları düşən Xomeyninin
qara siyahısına daxil edilmişdir.
Mərakeşli ziyalı xanımın əsərlərinə
qadağa qoyulduğuna baxmayaraq, onun kitabları Suriyada gizlin çoxaltma
vasitələrilə əl-əl gəzir.
Siyasi hərəmxana əsərində F.Mernisi
islamda qadına münasibət ənənəsini analiz edir və
olduqca cəsarətli fikirlər irəli sürür:
Məhəmməd peyqəmbərə nazil olan mətn, miras
qoyduğu kəlamlar tarixin gedişatında müsəlman
toplumunda qadının kölələşdirilməsinə
bəraət qazandırmaq üçün
təhrif edilmişdir. F.Mernisinin yazdığı kimi,
qadın haqları bəzi müsəlman ölkələrində
problem kimi ortaya atılsa da, bu, ümumiyyətlə Quran, sünnət
və islam ənənəsindən gəlmir. Sadəcə, iş
orasındadır ki, bu haqlar kişi elitalarının maraqlarıyla
mübahisəyə girib.
Professor Mernisi hesab edir ki, müqədəss mətnlər
həmişə nəinki təfsir edilib, həm də çox
məharətli manipulyasiya, oyun obyekti olmuşdur. Müsəlman
toplumların hakim elitasına məhz bu vəziyyət xasdır.
Toplum mütəxəssislərinin fikrincə, islamda reformlar
üçün münbit şəraitin yaradılmasında əsas rol
qətiyyətlə səsini ucaldan qadınlarındır.
Hələ ki çox az tanınan ismlər var ki, müsəlman dünyagörüşünü
uzun tarix zamanı sürən kişi şovinizmi
xəstəliyindən sağaltmaq üçün çox çalışırlar.
Bunlar F.Mernisi, Əzizə əl Hibri, Əminə Vədud
Muhsin, İrşad Mənci, Rifat Həsən, Asma Cahangirdir.
Reform tərəfdarları sırasında, əlbəttə,
kişilər də var: Xalid Əbu əl Fədl, Əbdalla
əl- Naim, Səd əl din İbrahim. Bunların hamısı
Qərbdə təhsil alanlardır və F. Mernisidən savayı
hamısı indi də Qərbdə yaşayır.
Hazırladı: İlahə Ucaruh