Seid
Metinpurdan bir deyerli yazi
TÜRK MİLLƏTÇİLIYİ: BİR İTTİFAQ ARASINDA YOL
Doqquz il bundan qabaq Tehranda oxuyarkən, dostlarımdan biri məni
iranşünaslıq fondlarından birinə aparmışdı.
Orada diqqəti çəkən şeylər çox idi: fond
sədrinin «salam» sözünə allergiyasından və ona müraciət
edənlərin hamısından «dorud be» («salam» mənasındadır,
əsil fars sözü sayılır – M.M.) sözünü gözləməsindən
tutmuş həmin fondda ermənilərin ciddi fəaliyyətinə,
Mədəniyyət naziri Ətaullah Mühaciraninin, prezident
Xatəminin və xaricdə, məsələn, Avstraliyada yaşayan
iranlıların ona yardımlarına qədər. Amma
mənim diqqətimi hər şeydən artıq özünə çəkən
və bu gün də zehnimi məşğul edən şey o oldu
ki, bu fondun o qədər də zəngin olmayan kitabxanası
üç hissədən – farsşünaslıq, ermənişünaslıq
və kürdşünaslıq bölmələrindən ibarət idi.
Həmin kitabxanada ölkədə yaşayan digər xalqlar,
məsələn, türklər, ərəblər, türkmənlər,
bəluclar, yaxud İrandakı dini və məzhəbi azlıqlar
– sünnilər, əhli-həqq, dərvişlər,
yəhudilər, xristianlar və b. haqqında bir kitab belə
tapılmırdı.
Bu
fondun binası Tehran universitetinin yaxınlığında idi.
Bir az o tərəfdə isə ermənilərin müqəddəs
Sərkis kilsəsi yerləşirdi. Mən təqribən
hər gün bu məsafəni qət edirdim. Mənzilim
kilsənin yaxınlığında idi və hər gün
kilsənin ətrafındakı divarları görürdüm. Divarlar Türkiyə
dövləti, osmanlı türkləri əleyhinə şüarlarla,
1914-cü ildə Osmanlı dövlətinin bir milyondan artıq
ermənini qətlə yetirdiyini iddia edən köhnə və
yeni plakatlarla dolu idi. Hər il aprelin 24-də ermənilər
kilsənin qarşısına toplaşıb o hadisənin
qurbanlarını yad edirdilər. Ola bilər ki, bu hadisə
həqiqətən baş verib; ola da bilər ki, kimlərinsə
uydurmasıdır. Amma sonradan mənə aydınlaşan
həqiqət bu oldu ki, əvvəla, bu miqyasda kütləvi qırğının
baş verdiyini sübut edəcək etibarlı bir sənəd
yoxdur. İkincisi, bu hadisə Osmanlı dövlətinə aid
edilir, halbuki bu gün belə bir dövlət mövcud deyil. Osmanlı dövləti
əslində islam xilafəti tipli bir imperiya idi və orada türk,
ərəb, kürd kimi müsəlman millətlər, bəzi
xristian xalqlar və yəhudilər yaşayırdılar. Osmanlı
dövləti və ordusunda hətta ermənilər də
mənsəb sahibi idilər, o da qalsın ərəblər
və kürdlər ola. Hazırkı Türkiyə Respublikası
həmin imperiyanın kiçik bir hissəsidir ki, böyük
zəhmətlər və çoxlu şəhidlər vermək
bahasına o dövrün super gücləri, xüsusən İngiltərə
qarşısında öz varlığını qoruyub saxlaya
bilmişdir.
Hər il aprelin 24-də türk tələbələr də
kilsənin qarşısına gəlir və sözügedən
məsələ barəsində ora toplaşanlarla (sonradan
onlara BMT nümayəndəliyi qarşısında da mitinq keçirmək
icazəsi verildi) mübahisə edirdilər, onlara soydaşlarının
Arazın o tayında törətdiyi cinayətləri, Xocalı qırğını
kimi hadisələri xatırladır, buradan ora edilən köməklərdən
söz açırdılar. Onlar da bir neçə dəfə
tələbələri döymüş, iki il əvvəl isə
gənc şairlərdən birini yaralayıb xəstəxanaya
düşməsinə səbəb olmuşdular.
Nə üçün onların (həm də İrandakı erməni
icmasının nümayəndələri sayılmadıqları
halda) dini bir məkandan siyasi fəaliyyət üçün
istifadəsinə və buna etiraz edən müsəlmanları
islam hökuməti polisinin gözləri qarşısında yaralamasına
icazə verilir?
Gələk Azərbaycana. İnqilabın əvvəllərində
Nəqədə şəhərində qəflətən Kürdüstan
Demokrat Partiyası silahlı qüvvələrinin mitinqi keçirildi,
əhali onların qarşısına çıxanda isə şəhər
türk, eləcə də kürd vətəndaşların
cənazələri ilə doldu. O zaman hakim dairələrin bütün
siyasəti xalq, xüsusən ziyalılar tərəfindən
dəstəklənməsə də, çoxları bu təcavüzkar
hərəkəti, eləcə də Kürdüstan Demokrat Partiyasının
və Komələ Partiyasının digər addımlarını
pisləyirdilər. Azərbaycan əhalisi, özəlliklə
Nəqədə sakinləri mətanət və müqavimət göstərib
silahlı qüvvələri geri oturtmağa və türk şəhərlərində
asayişi bərpa etməyə nail oldular. Qərbi
Azərbaycanın bəzi şəhərlərində türklər
və kürdlər illər boyu birgə yaşamışlar
və türklər həmişə qonaqpərvər, əli-ürəyi
açıq ev sahibi olmuşlar.
O zaman davakar kürdlər tədricən küncə sıxışdırılıb
ya ölkəni tərk etdilər, ya da dağlara çəkildilər.
Amma indi yenidən köhnə havalar çalınmağa başlayıb.
Əksər kürd partiyalarının «Böyük Kürdüstan» ideyasına
bağlı olduğunu bir kənara qoyaq. Hal-hazırda PKK-nın,
deyəsən, əvvəllər İran İslam Respublikası
hökuməti ilə əlaqədə olmuş PJAK adlı İran
qanadı Qərbi Azərbaycanda baş qaldırıb və
yenə də «pasdar» öldürür. Bu dəfə nəinki pasdarın
və ya polis zabitinin özünə, hətta onun ailəsinə
də rəhm eləmir. «Böyük Kürdüstan»ın
xəritəsini çap edib Azərbaycana qarşı ərazi
iddiası irəli sürür.
Azərbaycan Milli Hərəkatının fəalları və
bu hərəkatdakı tələbələr 15 ildir ki, Tehran
erməni yeparxiyasındakı faşistlərin yuxusuna haram qatıblar
və onlara qarşı cəbhə açıblar. Bir neçə
həftədir ki, Təbrizdəki yeparxiyanın binası önündə
də izdiham yaşanır – minlərlə Təbriz sakini
2006-cı ilin fevral və mart aylarında Xocalı şəhidlərini,
31 martda Bakıda və Azərbaycanın digər şəhərlərində
baş vermiş kütləvi qırğının qurbanlarını
yad edib.
Əgər dünənə qədər Qərbi Azərbaycan
sakinləri bəzi kürd partiyalarının iddialı
xəritələrinə və bir sıra təhriklərinə
əhəmiyyət vermirdilərsə, bu gün davakar ünsürlərin
qan tökməsi əhalinin narahatlığına səbəb
olub, milli hərəkat fəalları və Qərbi
Azərbaycan camaatı bir neçə dəfə müxtəlif şəhərlərdə
toplantı və yürüşlərlə buna öz etirazını
bildirib. Hətta Avropa və Amerikadakı bəzi türkçü sol
və sağ təşkilatlar belə bu qrupların azğınlığı
qarşısında susa bilməyib bəyanatlar veriblər.
Əgər dünənə qədər Azərbaycan xalqı
əvvəlki illərdə olduğu kimi kürdlərin və
ermənilərin millətçi təhriklərinə sakit yanaşırdısa,
bu gün həmin təfəkkürdən qaynaqlanan hər bir
hərəkət onlarla etiraz və ya adekvat cavab doğura
bilər. Söhbətə başladığımız fonda qayıdaq.
O mədəni sirr bu gün bu siyasi sirrdə üzə çıxır.
Pərdə arxasında yardımlar göstərən, Avstraliyadan
tumuş prezident sarayına qədər geniş bir məkanı
əhatə edən, «Ettelaat» qəzetinin
səhifələrini fondun oyunçusunun ixtiyarına verən
və dünən Kərimxan küçəsində əlindəki bıçaqla
Azərbaycanlı balasını xəstəxanaya göndərən
o siyasi düşüncə bu gün Makuda və Bazərganda türk
sərhədçiləri və vətəndaşları gülləbaran
edir. Onun tələbə nəşri açıq-aşkar Amerikanın
kürdləri himayə etdiyini yazır və İslam Respublikası
hökumətindən tələb edir ki, yeni hakimiyyətdə kürdləri
nəzərə alsın. Onun siyasi fəalı rahatca Kürdüstan
Demokrat Partiyası ilə əlaqəsindən söz açır.
Biz türklər indiyə qədər milliyyətimizə və
əlimizdən alınmış hüququmuza görə hətta bir
şüşə belə sındırmamışıq və çoxlu
təzyiqlərə baxmayaraq, yazılmamış razılaşmamız
bizi zorakılıq mərhələsinə daxil olmaqdan saxlayıb.
Bununla belə Beynəlxalq Ana dili Gününü qeyd etməyə
də haqqımız yoxdur, o da qalsın soruşaq ki, niyə
doktor Çöhrəqani qəzəbə gəldi? Məgər o, seçkilərdə
öz haqqından keçmədimi və qələbəsi şübhə
doğurmadığı bir zamanda məsləhət olduğu
üçün kənara çəkilmədimi?
Yaxşı olar ki, o fondun kitabxanasını unudaq. Hər
şey oralardan, Tehrandan su içir... Tehranda yaşayan ziyalının
farsı da, türkü də, dinçisi də, qeyri-dinçisi də eyni
dərəcədə farspərəst tərbiyə olunur.
İran dünyası onun üçün şahlığın 2500 illik
tarixinə sığışır. O, bu 2500 illik tarixdən
keçə bilmir və hər şey, tarixə istənilən cür
baxış, istər sağçı olsun, istər solçu,
istər tarixiliyə söykənsin, istərsə də
postmodernizmə – hamısı bu 2500 ilin içərisində
yerləşir. Bu baxışın əsasını
siyasətçilər qoymuşlar və dərsliklərdə,
universitetlərdə bu baxış ölkənin mərkəzçi
oxumuşlarına təlqin olunur.
Buna görədir ki, həmin ziyalı 24 apreldə hadisənin
tənqidinə girişir və əlbəttə, heç bir tarixi
sənədə istinad etmir, sadəcə mücərrəd bir
şəkildə qırğından bəhs edir! Yaxud kürdü
təmiz İran irqindən bilir və bir çox hallarda mücərrəd
kürdlə həmdərd olur. Amma Tehranda türklərin
Beynəlxalq Ana dili Günü mərasimini informasiya boykotu edir,
mərasimin keçirilməsi nəzərdə tutulan zalın bağlı
qapıları arxasına toplaşmış yüzlərlə
Zəncanlı və Təbrizlinin yanından ötüb keçir və
hətta təzyiq qrupunun onlara həmləsini də görmür.
2006-cı ilin fevral və mart aylarında minlərlə adam
Təbrizdəki erməni yeparxiyasının qarşısına
toplaşarkən polis onları döyüb təhlükəsizlik
idarəsinə aparanda da Tehran yenə susur.
Məsələnin bu biri tərəfi: siyasət o
kəslərin əlindədir ki, Səfəvi və qızılbaş
türklərindən qalmış şiə hakimiyyətinin
bayraqdarı olmaq iddiasındadırlar, amma Xocalı faciəsi
və 31 mart qırğınını anma mərasimlərini
dağıdırlar, əslində Səfəvilərdən
tutmuş Qacarlara qədər yeni İranın qurucularının
dili olan türk dilini məhv etməyə çalışırlar.
Hətta türkoloq alim professor Məhəmmədəli
Fərzanənin dəfn mərasiminə belə dözə
bilmirlər: professorun cənazəsini oğurlayırlar və
ailəsi onu yalnız qəbristanlıqda çətinliklə
təhvil ala bilir. Gənc türk şairi və milli fəalı
Səhənd Əfşarinin dəfn və yas mərasimində
bir neçə min Azərbaycan fəalının iştirakına
təhlükəsizlik nəzəri ilə baxırlar və o
mərhumun yas məclisindən sonra iştirakçılardan bir neçə
nəfəri həbs edirlər, məscidin içərisində
və çölündə bir neçə kamera ilə mərasimi lentə
alırlar.
Ana dilini sevən və bu sevgini şagirdlərinə də aşılayan
müəllim Hidayət Zakiri həbs edirlər. Gənc ruhani
Əzimi Qədimə Məşrutə inqilabının ildönümündə
Salari-milli Bağır xanın məzarı başında olduğuna
və fatihə oxuduğuna görə 15 ay bir gün həbs
cəzası verib digər ictimai məhdudiyyətlər qoyurlar
və Novruz bayramı günü hökmü icra edirlər. Əzimi
Qədim İranın Ermənistanla geniş əlaqələr
qurmasını və onu himayə etməsini tənqid
edənlərdən biridir.
Doktor Məhərrəm Kamrani və mühəndis İbrahim
Rəşidi 31 mart faciəsini anma mərasimi barədə
elanlara malik olduqları üçün həbs edilirlər və 12 gün
keçməsinə baxmayaraq məhkəməyə aparılmadan
təhlükəsizlik idarəsinin naməlum zindanında saxlanırlar.
Onların kiminləsə görüşməyə və vəkil
tutmağa haqları olmur...
Ərdəbilli gənc Behruz Əlizadə bayrama bir neçə gün
qalmış küçədə həbs olunur və 20 gün sonra hakim
qoca anasına deyir ki, onun bir günahı yoxdur, sadəcə
yersiz sözlər danışdığına görə onu zindanda
saxlamışam!..
Farspərəst ziyalılarla hakimiyyətpərəst
siyasətçilər bu yerdə birləşirlər.
Hərəsinin özünəməxsus əlaltıları var.
Nəşrlər və universitetlər birincinin, dövlət
məmurları isə ikincinin xidmətindədir və bu
qeri-insani ittifaq arasında Azərbaycan insanı sallaqxanaya sürüklənir,
onun mədəniyyəti, dili, kimliyi və şəxsiyyəti
tapdalanır.
Türk gəncləri öz müstəntiqləri qarşısında
İranın ən unikal fəallarıdır. Onun önündə müstəntiq
hətta öz əqidəsindən də keçməlidir. Çünki bu
gəncin onun məzhəbi ilə işi yoxdur və bəlkə
də onun inandığı ənənəvi islama daha çox bağlıdır.
Müstəntiqin qoruduğu hakimiyyətlə də onun işi
yoxdur. Bu halda müstəntiq daha kobud olur: bu cavan onun hər şeyini
əlindən alıb və onu özünün belə azacıq da olsa
inanmadığı suallar verməyə məcbur edib. O özü
də 31 mart və Xocalı şəhidlərini yad etməli,
bu cinayətləri pisləməli idi. Olsun ki, bu müstəntiqin
qardaşı Kürdüstanda «demokratlar» tərəfindən öldürülüb,
yaxud dostu Bazərganda PJAK dəstələri ilə döyüşdə
şəhid olub. Bu müstəntiq Tehranın əmrini yerinə
yetirir, Tehran siyasətçisinin əli isə başqa
kəslərin əlindədir. Və hər şeyini itirmiş
bu müstəntiq ən kobud müstəntiqdir.
Farspərəst ziyalı harada olursa-olsun, bu müstəntiqin
vəziyyətindədir və türk gəncini özünə düşmən
biləcək. Azərbaycanlı öz dilini və
mədəniyyətini istəyir. O, kimliyinin akademik və siyasi
anlamda rəsmi şəkildə tanınmasını
tələb edir. Ziyalı onunla qarşı-qarşıya
gələndə çarəsiz qalıb Qərb kitablarından öyrəndiyi
bir çox mütərəqqi ziyalı prinsiplərini ayaq altına
atmalı olur və deyir ki, fars dili Sədinin, Hafizin və
Firdovsinin dilidir! Necə yəni? Mən də deyirəm ki, türk
dili Mahmud Kaşğarlının, Yunis İmrənin və
Nəsiminin dilidir. Yunan da deyir ki, yunan dili Homerin, Hesiodun və
Platonun dilidir. Fransız da deyir ki, fransız dili Lamartinin, Hüqonun
və Prustun dilidir. Rus da şübhəsiz, deyir ki...
Farspərəst ziyalının bu dəlili üzərində azacıq
belə dayanmaq gülüş doğurur. Amma hər halda o,
inidiyədək bu dəlildən istifadə edib və bu da onu
əsəbiləşdirir. Çünki o da tərksilah olub, insanlıq
və müasirlik adına dəlil gətirə bilmir və bir
qədər faşistləşib! Odur ki, zehnindəki fars İranı
tabusunu pozmuş bu türk gənci onun düşmənidir.
Bu gün biz bu ittifaq arasında tək qalmışıq. Bizim
yolumuz bu təklikdən başlayır. Güclü özünəinam lazımdır
ki, biz özümüzdən və bəşər fikri tarixindən öyrəndiyimiz
bilik və təcrübə ilə yenicə başladığımız
yolu İranda türk millətçiliyinin yetkinləşməsi
istiqamətində hamarlaşdıra bilək.