Avropanın türk kompleksi var

   Alı Səbri:
   “Qərb dəyərlərini dərhal mənimsəmək
   də gərəkmir. Yetər ki, həmin dəyərlərlə özümüzü ölçməyə cəsarət əldə edək!”
   


   “Alma” olaraq xaricdə yaşayan o taylı-bu taylı yeni nəsil azərbaycanlılarla silsilə müsahibələrə başlayırıq. Amacımız həm onları, həm də onların gördüyü Azərbaycanı sizlərə tanıtmaqdır. İlk müsahibimiz Norveçdə mühacir həyatı yaşayan, bu günlərdə Bakıda “Norveç yazıları” adlı avtobioqrafik romanı dərc olunan güneyli soydaşımız yazıçı Alı Səbridir (Siyamək). Kitab annotasiyasında yazıldığı kimi, “Avropanı Şərq dəyərləri ilə deyil, Avropanın öz dəyərləriylə imtahana çəkən bir kitab”dır.
   
   - Avropaya necə gedib çıxdınız?
   - 1998-ci ilin fevralında sərhəddi qeyri-qanuni keçərək Masallıya, oradan da Bakıya gəldim. BMT nümayəndəliyindən siyasi sığınacaq istədim və İsveçrəli vəkil Luck Brovndun yardımıyla siyasi qaçqın statusunu aldım. 15 ay Bakıda qaldığım müddətdə, sənədlərim Cenevrə şəhərinə göndərildi, oradan isə Norveçə yolladılar. Bu, Avropaya necə gəlməyimin bürokratik yanıdır, Təbrizi tərk etməyimin əsas səbəbi isə mənə edilən bir çox cansıxıcı basqılar hələ bir yana dursun, Xatəminin 1997-ci il prezident seçkilərində 20 milyon səs qazanması idi! Bu hadisə mənə elə şok yaşatdı ki, artıq İranda yaşamağın mümkünsüzlüyü qərarına gəldim. Çünki 1978-ci ildə İslam cümhuriyyətinin qurulmasına səs verən millətin 98 faizi, təxminən 20 il bu hökumətin cinayətlərini öz üzərində yaşasa da, yenidən həmin hökumətin başqa nümayəndəsinə səs vermişdi!
   - "Norveç yazıları" kitabında yazırsınız ki, Avropaya fikir adamlarının iziylə getdim, amma...
   - Doğrudur! Kiçik yaşlarımdan marksizm-leninizm ədəbiyyatıyla tanış idim. Ancaq bu ideologiyanın nağıl olması qısa zamanda çoxlarına bəlli oldu. Hansı solçu ki bunun fərqinə vardı, dərhal üzünü tutdu Avropaya. Bu hadisələr baş verəndə 15-16 yaşlarındaydım. Konkret siyasi baxışım yoxdu və ölkədə baş verənlər məni də bir çox nəsildaşlarım kimi ”mistika” meylli və içinə qapanmış bir insana çevirdi. Məni Avropanın əsl tarixi və fəlsəfəsinə yönəldən isə tam özəl bir hadisə oldu. Gülməli səslənsə də, mən bir insana vurulub, sonra aldandığımı bildikdən sonra, ciddi şok yaşadım. Artıq mistika da mənə yardımçı ola bilmirdi. Bu üzdən yaşama və insanlara baxış tərzimə kökündən şübhə etməyə başladım. Kitablara üz tutdum. Nə Şərqin mistik ədəbiyyatı, nə də Qərb romanları məni qapandığım bataqlıqdan qurtara bilmirdi. Nəhayət, Qərb fəlsəfəsiylə tanış olmağa başladıqda, sanki illər boyu aradığım suallara konkret cavab tapa biləcəyim qaynağa rastladım. Avropa tarixi, fəlsəfəsi, bir sözlə, modern fəlsəfə, məni gündən-günə Avropaya tərəf yönəldirdi. Sualınızın ilk bölümünü belə cavablandıra bilərəm, sualın ”amma” bölümünə gəldikdə isə mən hələ də düşünmürəm ki, Avropa tarixi-fəlsəfəsi haqqında oxuduqlarım yalanmış! Məni ”amma” məqamına gətirən siyasi olaylar olub. Modern fəlsəfənin xəyal olduğunu düşünmürəm. Sadəcə bu fəlsəfənin coğrafi vətəni olan Avropaya baxışım yanlış imiş, fəlsəfənin özü yox.
   - Sizin kitabınızı oxuyandan sonra Avropanın ən demokratik ölkəsi kimi görünən Norveçin, ümumən Avropanın öz enişini yaşadığını düşünməyə başlayırsan. Rənglər bu qədər tünddürmü?
   - Əslində sizin sual kimi ortaya qoyduğunuz bu mövzu, Avropanın bir çox məşhur filosoflarının gündəlik mübahisə mövzusudur. Avropanın, ümumilikdə isə modern mədəniyyətin böhranının 1950-ci illərdən başlamış olduğunu düşünənlər çoxdur. Parlaq dirçəliş dövrü isə 1780-ci illərdən başlayır. Modern dəyərlər üzərində böyük ədəbi və fəlsəfi əsərlər yaranıb ki, bu da sonunda siyasi-iqtisadi dirçəlişə gətirib çıxarıb. Ancaq bu prosesin son 50 ildə yavaşlamasına və ya siz demişkən, bəlkə də eniş dövrünü yaşamasına səbəb, məncə Avropanın hələ də konservativ dəyərlərdən qopa bilməməsidir! Avropanın kültürəl dirçəlişinin təməli Renesansdır, amma Fransa inqilabını siyasi modern inqilab kimi Qərb siyasi fəlsəfəsinin təməli, beşiyi hesab eləmək doğru deyil. Bu inqilab Napoleon tərəfindən qanda boğulandan dərhal sonra, avropalılar yenidən bu şok üzündən konservativ oldular! Necə ola bilər ki, məğlub olmuş, sonucu qəddar diktatora varmış bir inqilab, Qərb siyasi fəlsəfəsinin ana hadisəsi sayılsın!? Bu inqilab sadəcə, lokal təsir buraxmış bir hadisədir və həmin lokalın adı Avropadır, Qərb deyil! Bu yanlış təsəvvür əsrlərdir ki, Avropada yayğındır, sonucda yersiz olaraq günü bu gün də Avropa modern mədəniyyətin ”davamçısı” hesab olunur. Halbuki Amerika olmasaydı, özünəvurğun Avropa İkinci Dünya Savaşında modern mədəniyyətlə biryolluq vidalaşacaqdı!
   Avropa siyasi fəlsəfəsi öz düzgün davamını Amerikanın istiqlal savaşları fəlsəfəsində yaşamışdır məncə. Amerikaya köçən avropalılar, əsl liberal insanlar- Avropadakı konservativ siyasi və inhisarçı iqtisadi duruma baş əyməyən liberallar olub. Unutmayaq ki, quldarlığa ilk dəfə qanuni olaraq son qoyan Amerika istiqlal savaşları oldu, Fransa inqilabı yox!
   Norveçsə Avropa modern mədəniyyətinə təxminən XX əsrin əvvəllərindən qədəm qoyub, sənayeləşmə dönəmini isə 60-cı illərdən təcrübə etməyə başlayıb. Məncə, Norveçin qızıl dövrü təxminən 1890-1910-cu illər arasında olub. Həmin dövrdə ölkədən ədəbiyyat, musiqi, rəssamlıq və heykəltəraşlıq sahəsində güclü sənətkarlar çıxıb. Təsadüfi deyil ki, bu ölkə öz istiqlalını da 1905-ci ildə əldə edib! Mən inanıram ki, bunda həmin insanların yaradıcılıqları böyük rol oynayıb. Buna qədər isə Norveç bir çox əski dəyərlər üzərində qurulmuş bir toplum olub.
   Avropanın enişi həmin daxili konservativ siyasətlərindən və xarici siyasətdə modern dəyərləri satış-marketə çıxarmaqdan törənir. Avropa bütün avtoritar ölkələrlə iqtisadi müqavilələr bağlayaraq, öz demokratik dəyərlərini satır. Hətta Orta Şərqdə hansısa bir diktator qəzəblənib, bağlanan iqtisadi müqaviləni ləğv etməsin deyə öz vətəndaşının söz azadlığını da satır! Məncə, modern dəyərlərin böhran yaşaması və ”modern dönəm başa çatmış, postmodern dönəm başlamışdır” kimi fikirlərin əsası yoxdur. Problemin yeganə səbəbi qlobal iqtisadiyyat marketində modern dəyərlərin satışa çıxarılaraq dəyərdən salınmasıdır.
   Bütün insanlar öz haqqlarına qovuşdularmı ki, modern dəyər olan “insan haqqlari” dəyərsiz olsun?! Bütün dünyada demokratiya bərqərar oldumu? Qadın-kişi bərabərliyi varmı dünyanın yarısında? Bu dəyərlər necə dəyərsiz oldu ki, postmodern dəyərlər özünü siyasətə soxuşdurur?
   - Sizcə, bu Avropa və üzünü həmin Avropaya tutan Azərbaycan hara gedir?
   - Üzünü Avropaya tutan Azərbaycandan danışanda, düzü bunu nəyin əsasında dediyinizi bilmirəm. İqtidarmı Avropaya üz tutub, müxalifətmi? Yaşlı aydınlarmı? Sadə xalqmı? Əgər yeni gənc nəsli nəzərdə tutursunuzsa, bunu da Azərbaycanda hələ hiss etmirəm. Məncə, bu konuda ən gözəl misal Türkiyədir. Baxaq görək iqtidarlı-müxalifətli üzünü Avropaya tutan Türkiyə hara gedir bu gün? Öncə bunu da müəyyən etməliyik ki, Avropanın nəyinə üz tuturuq: texnologiyasına, iqtisadiyyatına, yoxsa sosial rifahına? Bəlkə demokratiyasına, insan haqqlarına, bir sözlə, modern dəyərlər və qanunlarına?
   Konkret deyirəm ki, Avropa və avropalı siyasətçi, sənətkar və bilim adamlarının böyük qisminin düşüncəsindəki məntiq qapıları türk millətinə bağlıdır! Sırf psixoloji problemlər üzündən. Avropanın türklərə qarşı psixoloji kompleksi var məncə. Bu, İstanbulu uduzduqdan bəri yarandımı, yoxsa daha öncə - Atilladan? Bu fərq etmir, amma Çanakkalada yenidən bu yaraların qaysağı qoparıldı məncə. Baxmayaraq ki, avropalılar məhz İsdtanbulu uduzduqdan sonra bütün Amerika qitəsinə, hətta cənubi Afrikaya sahib çıxdılar, bu kompleks hələ də qalmaqdadır.
   Bu kompleks avropalıları tərk etmədən heç bir türk ölkəsi bu birliyə girə bilməz. Bir millət öz milli kimliyini qurmaq prosesinin başlanğıcında, istər-istəməz emosional,hətta aqressiv davranması normaldır hardasa. Buna bugünkü Norveç parlaq misaldır. Amma mən Avropanın inkişaf etmiş ölkələrinin texnoloji, iqtisadi zirvələri fəth etdikdən, böyük modern mədəniyyət və tarix yaratdıqdan sonra belə, nədən hələ də bu etnik komplekslərlə yaşadığını başa düşə bilmirəm.
   Bu konuda Avropanın Amerikadan alası çox dərsləri var məncə. Liberal düşüncələr hələ də basılır burada! Daxili və xarici siyasətdə konservativlik var. Fransız inqilabının dəyərləri adına fəxr edən Avropa, azı 50 ildir ki, bu dəyərləri Orta Şərqdə alış-veriş marketinə qoyub!
   - Bir məqama da münasibət bildirməyinizi istəyirəm. Az qala bir əsrlik tarixi olan Qurban Səidin "Əli və Nino" romanında səslənən bir sual hələ də aktualdır: görəsən, biz asiyalıyıq, yoxsa avropalı?
   - Bu, elə bir sualdır ki, yalnız ona cavab tapmaqla, o sualın peşindən getməklə Azərbaycan xilas ola, irəli gedə bilər, Avropanın və ya heç bir başqa ölkənin ardınca getməklə yox. Bu həmin sualdır ki, Avropanın dirçəliş motoru olubdur vaxtında! Fərdi fəlsəfədə “Mən kiməm“ sualı fərdin gəlişməsində əsas rol oynayırsa, toplumsal dirçəlişdə də ”Biz kimik“ sualını verməkdən başqa yol yoxdur məncə. Yaponiyaya, Hindistana, Güney Afrikaya baxın, onlar Afrika və Asiyadan olduqlarına baxmayaraq, ənənəvi kimlikləri böhrana düşdükdə, çalışdılar ki, modern kimlik yaratsınlar. İndi görək biz kimik? Məşrutiyyətdən başlayır bizim ilk modern kimlik aramamız, millət haqqlarını istəməyimiz. Sonra Məmmədəminin qurduğu dövlət və qadınlara səs hüququnun verilməsi və s. İndi biz 100 ildən sonra kimik? Darmadağın bir kimlik! Biz modern kimliyin peşində olmaqdan yaranan böhranı yaşayan millətik!
   Azərbaycan 100 ildən çoxdur ki, kimlik böhranı yaşayır. Daha doğrusu, Azərbaycan aydını bu böhranda çabalayır. Azərbaycan bir əsrdir ki, ənənəvi dəyərlərindən uzaqlaşmaqda və modern dəyərlərin peşindədir. Amma bu prosesi sistematik olaraq yaşaya bilməyib. Ya xarici amillərin müdaxiləsi, ya da öz içində olan konservativ qüvvələrin basqısı nəticəsində bu 100 illik təcrübə toplumda özünə yer tapa bilmir.
   1900-1920-cu illərdə ümmətçilikdən qoparaq, millət olmağa doğru gedirdik. Amma hardansa “ yoldaşçılıq“ dövrü gəldi və bu prosesi aparanları əzdi! Müsəlman ümmətindən ayrılar-ayrılmaz, olduq kommunist yoldaşlar. Özü də bu ”yoldaşlığın” dəyər və ölçülərini heç tanımadan! Nə ümmət kimi ümmət ola bildik, nə də yoldaş kimi yoldaş. Amma hərəsindən bir şeyləri bilməyərək mənimsədik. Biz bu dövrü araşdırmasaq, bu tufanlı əsrdən bizdə qalan dumanlı və aydınlaşmamış izləri arayıb ortaya çıxarmasaq, məncə öz başımıza fırlanacağıq. Biz artıq nə ümmət olanıq, nə də yoldaş! Hətta türk tarixinə sığınıb dincəlmək də mümkün deyil. Çünki kompüter qabağında oturan türk gənci, özünü texnoloji, iqtisadi, demokratik azadlıqlar və bir çox Qərb dəyərlərindən KASIB görəcək.
   Qərb dəyərlərini dərhal mənimsəmək də gərəkmir. Yetər ki, həmin dəyərlərlə özümüzü ölçməyə cəsarət əldə edək!
   - Güney konusunda nə düşünürsən?
   - Güneydən olduğumçun demirəm, amma məncə, bu gün Güney Azərbaycanın gənc nəsli, bəlkə də bütün 3-cu dünya islam ölkələri arasında ən sekulyar gənc nəsildir. Güneyin ən əsas özəlliyi və gücü də bundadır. Bu da o deməkdir ki, modern toplum qurmaq üçün münbit zəmin var. Özünəvurğun millət zəif yanlarını görməz, qəbul etməz, yerində sayacaq. Amma Güney gəncləri belə deyil. Əgər bu nöqtəyə təmərküzləşsələr, tezliklə formalaşa biləcəklər, yox, əgər türkçülük əsas olacaqsa, yenidən bir pərişanlıq gözləyir Güneyi. Çünki artıq 100 il öncəki Türkiyə deyil ki, gənc türkçülər modernizmi-sekulyarizmi türkçülüklə birləşdirə bilsinlər! Güneyin ayıqbaşlı gənci görür ki, 100 il türkçülük yolu gedən Türkiyə, bu gün dini iqtidar əlindədir!
   Bu gün ölkə qurmaq istəyən millət açıq danışmalıdır.
   Baxın bugünki dövlətlərin xarici siyasətdə işlətdikləri ədəbiyyata, lüğət tərkibinə. Bu sözləri onların dilindən hətta 10 il əvvəl belə, eşitmək olmazdı. Artıq “gizli diplomatiya” dövrü bitib. Özəlliklə də 11sentyabr terrorundan sonra, siyasi ədəbiyyat, tam lüt ədəbiyyatdır. Güney hərəkatının xaricdəki liderləri də o qədər açıq danışmalıdırlar ki, heç kimdə bu xalqın nə istədiyinə şübhə qalmasın! Bir sözlə, bu hərəkat özünü qlobal siyasət meydanına çəkməlidir! 
   
   Söhbətləşdi: Zahir Əzəmət