Türkün fərəh nəğməsi

Qədim türklərdə məşhur olan bir atalar sözü var: torpağın nizamını dağlar, millətin düzənini bəylər təmin edər. Türk mədəni varlığı Ata xaqanlığın hakimiyyəti və onun bəşər səhnəsinə töhfə etdiyi təkrarolunmaz nümunələr, bənzərsiz yadigarlardır. Ötükən Yışdan (Şimali Monqolstanda meşə örtüklü dağ adı) başlayan fərəh nəğməsi türkün nəğmələrinin, sərgilərinin, türkülərinin ibtidası, əzəli başlanğıcıdır. Axı, millət təkcə ucaltdığı qəsrlərlə, tikdiyi şəhərlərlə tanınmır. Milləti kökə bağlayan həm də onun söz çələngi-fərəh nəğməsidir.

Hiç su olur, akmazmı,
Ateş olur, yakmazmı,
Tutalım sultan oldun
Sultan kula bakmazmı?
(Qədim türk manisi)

Söz çələngi əsirlərin sınağından çıxmış mani düzümlü, bayatı biçimli, layla naxışlı olmaqla ürəklərə fərəh nəğməsi gətirən türk varlığının təsdiqi, yurd havasının ətiridir.
Nağıllı babalarımızın, laylalı nənələrimizin, dualarından türk övladı meydana atıldı və tarixdə öz təsdiqini tapdı. Türkün çöl-fərəh nəğməsi Tanrıya tapınmaq nişanəsidir:

Demirçiyə Bozkurt dendi,
Han tanıldı, tac giyindi,
Yoldan, önce kəndi indi,
Sağ elində bayrağımız...
(A.Kabaklı "Türk edebiyatı" II cild. İstanbul, 1994 səh.35)

Sibir türklərinin, qıpçakların, türkmənlərin, oğuzların... ulu babaları bu nəğmələrin həzinliyinə, şirinliyinə bağlanmışlar. Oğuzların ağsaqqalı Dədə Qorqud da dastanda boy boylayıb, soy soylayanda bəylərin adını uca tutmuş, onları sözlə öymüşdür:

Yerli qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Qamən axan görklü suyun qurumasın!
Qadir Tanrı səni namərdə möhtac eləməsin!..
("Kitabi-Dədə Qorqud" dastanı!)

Qadir Tanrıya tapınan türklərin fərəh nəğmələri türk xaqanının hakimiyyətində, türk bəylərinin rəşadətində, türk qadınının həya və ismətində təsdiqini tapdı.
Fərəh nəğməsi - türkün Dəşti-Qıpçaq çöllərində şahə qalxan at üstündə oxuduğu mahnılar, nəğmələr, manilərdir. Bu nəğmələr azad insanın düşüncəsinin bədii ifadəsidir.

Nə Hinddə, nə Çindeymiş,
Aceb nerdeymiş, neymiş?
Aradığım megerce
Könlümün içindeymiş!
(Qədim türk manisi)

Şərq ziyalısının milli təfəkkürü amal yolu ona xidmət etməlidir ki, Şərqi qərbləşməkdən xilas edə bilsin. Əsrlərin sınağından çıxmış, bu yolun yolçuları varlığına sahib çıxmalı, türkün fərəh nəğməsinə, "qərb musiqi formaları"nı qatmamalıdır. Əxlaqa, mənəviyyata sahiblik kökə bağlılığın şəhadətnaməsidir.

On bir ondan yaxşıdı,
Çuxa dondan yaxşıdı.
Düşmənə boyun əymə
Ölüm ondan yaxşıdı.
(Təbriz Bayatısı)

Abdullah Tüylü "Mehmet Akif Ersoy" kitabında (Bakı-2005) yazır: "Mehmet Akif milləti bir ağaca bənzədir. O, kökü ilə, budağı ilə, çiçəyi ilə bütöv təşkil edir. Əgər ağac xəstələnibsə, balta ilə onu kökündən yıxmağa ehtiyac yoxdu. Balta ilə vurulan bir ağacın yenidən yaşaması, inkişaf etməsi çətindir... Millət də belədir, yad ünsürləri qəbul etməz, onun sinəsinə balta vurub yerə sərmək, ölümə məhkum etməkdir". (səh 105)
Şərqi qərbləşdirmək, əslində mədəni dəyərlərdən məhrum etmək deməkdir. Texniki inqilabın mənəvi dəyərləri "üstələməsi" nəinki yenilik, bəlkə də "faciə"dir. Heç təsadüfi deyil ki, avropalıların top mərmiləri Hindistanda-Şərqdə gurladı. (XV əsr). Lakin danılmaz faktdır ki, Atilla Şərqdən Qərbə özü ilə "mətbəx mədəniyyəti"aparmışdır.
Avropa-Qərb əsgəri muzdlu döyüşçü kimi çıxış edirsə, Şərq döyüşçüsü idraka söykənən müdrik, haqqa sadiq qalan, vətənpərvərdir; dilindən fərəh nəğməsi düşməyən vətənpərvər. Bu nəğmələri müdrik şərq türkləri oxuya bilərdi. Nəinki üz-üzə dayanaraq bir-birini dırnaqları ilə didib-parçalamağa cəhd göstərən qərb qladiatorları. Bu nəğmələri orta əsrlərdə dəmir halqalardan və dəmir təbəqədən zirehli köynək geymiş Avropa döyüşçüləri oxuya bilməzdi. Çünki onların "döyüş tarixi" işğalçılıq siyasəti, qarətçilik mövqeyi üzərində qurulmuşdu: xaç yürüşləri, yeni dünyanın fəthi, cənnət qəbzlərinin satılması...
Amerikaya qarətçi yürüşlər edən avropalılar deyildimi?! Xaç yürüşlərinin fəsadı bu gün də şərqdə davam edir.
Vətənpərvər Şərq siyasətinə qarşı Qərbin təriqət, məzhəb ayrılığına gətirib çıxaran siyasəti varlığımıza sahib çıxmağa əngəl törədir. Ermənilərin bu gün Şərqdə-Qafqazda törətdiyi işğalçılıq siyasəti Şərq düşüncəsi yox, Qərbin Şərqə "yapışdırdığı" yamaqdır. Onlar əzəldən şərqli olsaydılar, fərəh nəğməsinin nə olduğunu bilərdilər.

Gün görmez
Derin dere gün görməz
Yıxılan ibret olsa
Daha kara gün görmez

Yad bizi
Yar eylemez yad bizi
Ağır qax ağır otu
Anlamasın yad bizi
(Ş.Kuzeçi "Kerkük şairleri" Ankara-2006 səh. 289)

Bu gün Şərqin Qərbləşməyi yox, yeniləşməyi daha vacibdir. O günlərin nicatı kökə bağlılıqdır. Naxış-naxış bayatılarımızda tariximizin danılmaz izləri var.

Lələ bir gümə tikdi,
Ağzını günə tikdi,
İçinin sahibi yox,
Kim bilsin kimə tikdi.
(Aşıq Lələ. XVIII əsr)

Bu gün türk övladı bizlər nağıllaşmalı, mahnılaşmalı, ən əsası bayatılaşmalıdır. O zaman qədim türk yurdlarının varisləri fərəh nəğmələrini yallı gedə-gedə oxuyub yurdlarına sahib çıxmağı bacarar.

Sus, diyene kadar konuş
Dur, diyene kadar koş,
Kal, diyene kadar gel
Ömrünün sonu belli degil ki...!
(Beyaz Kalem Sevilay Sadıkoğlu Kıbrıs qəzeti)

Qərbin açıq-saçıq ədəbi cərəyanlarına qarşı bayatı şəkilli fərəh nəğmələrimizi əlimizdə bayraq edək. Çünki nicat yolu Nobel mükafatları almaqda yox, insanın könlünü fəth etməkdədir.
"Kitabi-Dədə-Qorqud" dastanlarımızda "Salur Qazanın evi yağmalandığı" boyda maraqlı bir məqam var. Salur Qazan sərkərdə, Qaraca Çoban adi bir çoban, lakin onları birləşdirən amal, sevgi hissi, vətənpərvərlik, yurdu azad etmək cəhdidir. Tarixin qədim ənənələrində dərs almalı, kökə bağlanmalıyıq. Bir kökdən qaynaqlanan dastanlarımız, bayatılarımız Türkün fərəh nəğməsinin təzahürləridir. Dünyaya səpələnən türk xalqlarının ədəbiyyatındakı bu qədər yaxınlıq, bu qədər oxşarlıq danılmazdır.

Altun Tabaq gül açar,
Bu günlər gəlib keçər,
Ağzım, dilim söyləməz,
Qəlbimdən nələr keçər.
(Kərkük bayatısı)

Telman Dəjəlli
telman_dayalli@yahoo.com