Mehriban Vəzir
Yalan iddialar
Həqiqətlər yalanların içində gizlənib.
Fikir verəndə nəyin nə olduğunu görürsən. Bu günlərdə
Bakıda türk qurultayı keçirildi. Ən tanınmış
azərbaycanlı türkoloqlar belə bu qurultaya dəvət almadılar.
Dəvət alanlar isə öz tərəflərindən deyil, Türkiyə
tərəfindən şərəfə nail oldular. Deyirlər,
Bakıda oturan türklük -birlik-azadlıq mücahidlərinin
həmin günlərdə küçəyə çıxması belə
yasaq olub. Keçmişləri təndirdə, ayaqları kəndirdə
imiş. Daha tarixlər deyil, nağıllara təkrar olunur.
Olsun. Amerika azərbaycanlıları cəmiyyətinin sədri
Tomris Azəri yenə də Bakıdadır. Qurultaya gəlib. Türkün
dostluq, qardaşlıq və s. qurultayına. Amerikada daha bir
iqtidar anklavı olan bu xanim ötən dəfəki gəlişlərindən
çirkin məddahlığı ilə yadımda qalıb. Bunlara
nə var ki - bu dünya azərbaycanlılarına, yolları,
pulları ödənir, dəqiqədə bir uçub gəlirlər.
Heyran olub gedirlər. Yeməklər, içməklər,
gəzməklər, dəstəklər, nələr,
bunlar da mikrofon görən kimi başıayırlar
cənnət görmək istəyən Azərbaycana gəlsin
üstündə təsniflər oxumağa.
Iş təkcə bunda deyil. Mənim heysiyyatıma
toxunan başqa bir nəsnə də var. Qadının yaltaqlıq,
məddahlıq, həyasızlıq etməsi
daha eybəcər bir şeydir, məncə. Və kim olur olsun,
dünyanın harasında yaşayır yaşasın, bu hala düşmüş
qadın mənə əskiklik gətirir. Utanıram, pərt
oluram, bir az da yazığım gəlir. Çünki qadın elə
bir məxluqdur ki, zəif yaradılıb. Ondan nə
istənilirsı onu ödəyir, tələblərə uyğun
formalaşır. Onun mənəvi keyfiyyətləri çox vaxt
sifarişçinin əxlaqına uyğun formalaşır. Bəlkə
də qadın ruhu ana ruhu, yaradıcı ruh olduğundan, daha
zərif, daha ali, daha tezqırılan olduğundan aşınanda
daha pis aşınır və daha biabırçı hala düşür.
Riya, yalan, utanmazlıq qadının ruhunu zədələyir.
Riya etməkdən, yalan söyləməkdən, yaltaqlanmaqdan
utanmayan qadın abrını itirir. Abır deyilən nəsnə
bir başa insan ruhuna bağlı olduğundan böyük pozuntular,
faciəli təhriflər baş verir. Ruhu pozuq qadın qadınlıqdan
çıxır, eybəcər bir şeyə dönür.
Öz ana dilimdə bu qədər söz bilən mən pozuq
ruhlu qadının - o eybəcər nəsnənin adını
tapıb deməkdə çətinlik çəkirəm. Bəlkə
də o söz insana öyrədilməyib, hansısa qatlarda ilişib
qalıb. Görünür, sözün, söyləmin, söyüşün ən çirkini
olduğundan insandan gizli saxlanılıb utanmaz qadının
əsil adı.
Amma dünən Tomris Azəri xanim şəxsən
mənə çox şeylər anlatdı, sağ olsun, hələ
tükənməyib. Dedi ki, bu konsertlər yaxşı idi, amma
ortada iddia yoxdu. Bu konsertlər deyiminin nə qədər
yerində olduğunu bir Allah bilir. Əslində, o bu sözü
demədi, söz özü özünü atdı, qəfil sıçradı, çaxdı.
Insaf naminə demək lazımdır ki, Azəri xanim onu
hətta tutub saxlamağa, geri qaytarmağa da çalışdı.
Amma ox yayından çıxmışdı.
Həqiqətən, yekə-yekə türk birliyi
qurultayı adı altında konsertdən, göstəridən
və məzhəkədən başqa ortada nə var ki. Amma
var. Bir də yekə bir yalan var. O yalanların
yekələrindən birini Ərdoğan söylədi. Alparsan Türkeş
H. Əliyev adında yeni bir tandem sərgilədi. Arkadaş,
ayıb ya!
Amma onun bildiyi, bizim bilmədiyimiz bir şeylər
də ola bilər. Desin, bilək.
Bu adı çəkilənlərin hər biri öz
səngərində, biri millətçilik, o biri kommunizm
cəbhəsinədə yollar
yorublar, mücadilələr veriblər. Indiki halda hansı yolun
yararlı, hansı yolun zərərli olması ilə işimiz
yoxdur. Amma bu iki fərdin rəsmi
statuslarından tutmuş, fikir və nəfəslərinə
kimi o qədər fərqli ünsürlərdir ki, bir qazana salıb
qırx il qaynadasan qarışmazlar. Bəlkə arada başqa
şeylər var. Əgər belə isə, bunların hansı
biri düşmənə işləyirmiş. Hansı birinin özü
bir yerdə, könlü başqa yerdə imiş. Görünür Ərdoğan
bu barədə bizim
bilmədiklərimizi bilir. Və bu çıxışı
ilə kimdənsə intiqam alır. Əcəba, kimdən?
Zatən onun üçün türkçülüklə kommunistçilik eyni
dəyər daşıyır.
Əlbətt, orası da var ki, Ərdoğan
həqiqətləri bilməmiş deyil. Bu iki şəxsin bir
yuvanın quşu olmadığını
da iyicə bilir. Yəqin ki, bir
millət - iki dövlət kəlamını gündəmə
gətirənin də Elçi Bəy oldiğunu və Türkeşin
Azərbaycandakı böyük silahdaşının da Elçi Bəy
oldiğunu yaxşı bilir.
Amma bilmək başqa, demək başqa, etmək
başqa. Bu işləklərin hər birinin öz
mərtəbəsi var. Cəmiyyətin bunlardan umduğu uca-uca
mərifət mərtəbələri deyil, sadəcə əlifbadı.
O əlifba isə bunu deyir: görəsən prezidentlər, baş
nazirlər və nazirlər, ümumiyyətlə dövlət
yetkililəri yalanın insanı hörmətdən
salan bir şey olduğunu bilirlərmi? Görəsən onlar uşaq
olanda anaları onlara heç vaxt yalan danışma. Yalan pis
şeydir deməyibmi?
Nə isə, bu reportajda Tomris xanimı pəjmürdə
gördüm. Aparıcı ondan atəşfəşanlıq çıxışı
gözləyirdi. Həmsöhbətinə həvəslə
baxan, üzü, gözü, səsi, sözü informasiyaya deyil, bayrama
köklənən zavallı aparıcı Tomris xanimdan
iqtidarın xeyrinə xoş
sözlər, təriflər, mədhi-mahakimələr eşitmək
həsrətində idi. Ötəkilərdən ağzında dad
qalmışdı. studiyaya da elə ondan ötrü çağırmışdı
ki, sağlıq desin, tərif etsin, görülən işlərin böyük
atrixi əhəmiyyətindən nitq söyləsin. Xanim isə
sözünün birini deyib, birini saxlaya-saxlaya, udquna-udquna başqa
şeylərdən danışırdı.
O gün Tomris Azərini diqqətlə dinlədim və
narazı olduğu məsələləri üç hissəyə bölə
bildim.
Birincisi ondan ibarət idi ki, bu qurultayın iddiası
yoxdur. Yəni istəyi, məqsədi
bəlli deyil. Hədəfində əməli iş və
fəaliyyət proqramı yoxdur. Qurultay bitəndən
sonra nə edəcək bəlli deyil. Nəsə
edəcəkmi, heç o da bəlli deyil. Ikinci istiqamət ondan
ibarət idi ki, bizə imkan verin Xocalı soyqırımından
danışaq. ABŞ dövlət dairələrində bu
dərdimizə lobbiçilik edək. Ermənilər yüzillik soyqırımdan,
əski tarixdən yalanpalan danışırlar. Amma biz dünkü
hadisəni Xocalı soyqırımını tam isbatı
ilə ortaya qoya bilərik. Üçüncüsü
isə o idi daha səmərəli işlər görmək lazımdır.
Məsələn ABŞ da doğulub böyüyən insanları
Azərbaycana gətirək, tanıdaq. Dördüncü, beşinci deyə
qəlpələr də qoparmaq olar, məsələn maddi
durumları pisdir, ofis problemləri var, soydaşlarımızın
milli aktivlik göstəriciləri yetərli deyil, bir araya gələ
bilmirlər və s.
Qadın bu fikirləri dönə-dönə deyirdi.
Fərqli suallara qeyd etdiyim üç əsas istiqamətdə cavab
verirdi. Hiss olunurdu ki, çox narhatdı, amma danışa bilmir, dişi
dodağını kəsir.
Sual oluna bilər Amerikada Xocalı soyqırımından
danışmaq, onu lobbiləşdirmək
nə çətin işdir ki, bu xanım burada Bakıda
bu həyəcanı yaşayır.
Yaşadığınız ölkədir, yolun yolağasını
bilirsiz, tanıyırsız. Əlli illik ictimai fəaliyyət
təcrübəniz var. ABŞ-da otuz səkkiz min rəsmi
qeydiyyatlı lobbi təşkilatı var. Gedin işləyin,
ermənilər necə işləyirlər, siz də elə
eləyin.
Amma mən bu sualı vermədim. Ona görə
vermədim ki, Türkiyədə rast gəldiyim bir hadisə
mənə barmağımı dişlətdi. Düşündüm, ey
dadi bidad, bu işin də içində bir iş var. Bu qadının
kəsilə-kəsilə qalmasına başqa
səbəb var. Birini qoyum, o birinə keçim.
...Ankarada bir bələdiyyə var. Keçiörən. Başqanı
fədakar bir adamdır. Bir göz qırpıminda hansısa bir
zibilliyi cənnətə çevirmək qabiliyyətindədir. O
ərazidə bir Esterqon qalası da var. O qaladan Türkiyənin
ən böyük bayrağı dalğalanır. Bayrağın o halına
həyəcansız baxmaq olmur. O təpənin üstündə
ocaqlar var. Türk ocaqları özbək, türkmən, qazax, qırgız,
Azərbaycan, krım, qazan və s. hər kəs özünə uyğun
ocağını qurmuş Estorqonda.
Türkiyədə çalışan heykəltəraşlarımız
durub-durub birdən bu ocaqda Xocalı faciəsinə bir anıt
yapmaq istəmişlər. Çox bahalı olan bu işə görə
heç kimdən heç nə istəmirlər. Pulsuz-parasız. Sevgi hücrətinə.
Demək bu sənətkrlar gəlirlər bələdiyyə
başqanının qəbuluna, istəklərini deyirlər. Başkan
bundan çox şad olur, amma deyir ki, başqa türk ölkələrindən
olsaydınız gözümü qıpmadan sizə, əvət,
deyərdim, hətta əlimdən gələn köməyi də
edərdim. Amma Azərbaycan yeganə ölkədir ki, Türkiyədə
onun adı ilə bağlı qoyulacaq bir lövhəyə görə
belə səfirlik izin verməlidir. Gedin icazənizi alın,
gəlin, gözüm üstə yeriniz var. Qoçaqlar gəlirlər
səfirliyə, bir həftə get-gəldən sonra bir
məmur onları qəbul edir, deyəsən bi səfirin müavini
olur, dinləyir və deyir ki, siz narahat olmayın mən Xarici
İşlər Nazirliyinə yazıb fikrinizi çatdıraram.
Arada bir də zarafat edir ki, işiniz-gücünüz yoxdu sizin?
Vətənpərvərlər deyirlər, nə zaman
gələk? Deyir, bir aydan sonra. Ay tamam olur, gedirlər, kişi
nə hə, deyur, nə yox, başlayır
dəbbələməyə. Bir həftə sonra bir də
gedirlər, o biri həftə bir də, bir də, düz üç ay
Azərbaycanın Ankaradakı səfirliyi qarşısında
əsir-yesir olurlar. Səfirlik turistlərin daima axışdığı
Esterqon qalasının Azərbaycan ocağında Xocalı
abidəsi qoymağa icazə kağızı vermir. Çünki
belə bir izin XİN dən ve prezident aparatından
verilmədi. Heykəltəraşlar sonunda, nədən olmaz,
nədən, bunu izah etmək zorundasan, deyə az qala əlbəyaxaya
çıxırlar. Həmin olay haqqında danışanların tüstüləri
təpələrindən çıxır, orda sizdə
nələr olur, deyə suallar verirdilər. Vətəni çoxdan
tərk etmiş bu soydaşlarımız biz Azərbaycanı
anlamaz olduq. Orda nələr olur? Bu iqtidarın iddiası
nədir, bilə bilmirik. deyirdilər.
Yenə iddia məqamı ortaya gəldi.
Nə isə, bu günlərdə eşitdim ki, həmin
təpədə Zərifə Əliyevanın heykəli qoyulur.
Sözümün canı nədi? Bələdiyyə başqanının
dediyini duydunuzmu, demək Azərbaycan yeganə ölkədir ki,
onun adına Türkiyədə qoyulan hər kiçik lövhənin
belə izni Bakıdan gəlməlidir.
Bakıdan isə Xocalıya izin gəlmir. Bəs Bakıdan
Amerikaya necə izin gedirmi? Tomris Azəri niyə bütün təşkilatı
və gücü ilə qırıla-qırıla qalıb və ABŞ
yetkililəri qarşısında Xocalı soyqırmından
danışa bilmir? Qadın niyə bu qədər pərişandır?
Onun əlini, ayağını bağlayan nədir? Bakıdan
izin gəlmirmi? Türkiyə hökumətinə öz oyun qaydalarını
diqtə edə bilən iqtidar ABŞ-da öz diqtələrini bu
təşkilatlar vasitəsi iləmi tətbiq edir?
Hər halda Tomris Azəri tv ekranından ağlamsınmış
kimi görünürdü. Ondan gözlənilən ənənəvi
mədhiyyəni demir, başqa şeylər deyirdi.
Bəlkə də vəd olunanları xatırladırdı
və tora düşmüş kimi çırpımırdı.
Əlbəttə, müşahidələrim doğruysa
bayaq dediklərimi bir daha təkrar edirəm ki, qadının bu
halı heysiyatıma toxunur. Cümlə aləmə yaraşam
bəzi şeylər var ki, o şeylər qadına yaraşmır.
Dilimizdə bir söz var: laqqırtı. Özü də
yetərincə məşhur sözdür, mənasını
bilməyən tapılmaz. Amma təsadüfən bir sözlükdə
gördüm ki, sən demə laqqır, kumık turkcəsində söz
demək imiş. Işə bax, hardan gəlib düşüb, yaxid
ilişib qalıb, hələ mənasına bir az məcaz da
qatılıb.
Yazıq Azəri xanım dedi ki, bu qurultayın iddiası
yoxdur. Mən də deyirəm ki, bu qurultay laqqırtı idi,
xanım. Yığışdınız, laqqırtı
vurdunuz, konsertə baxdınız, çalıb oynadınız
və bir uşaq şerində deyildiyi kimi, elə həmin
mənada da çox sevinə-sevinə hərə getdi evinə
Əbdülhaliq Çay deyir ki, elə deyil, prezidentlər
təkbətək danışıblar, filan-filan qurumlar
yaranacaq və Türkiyədə fəaliyyət göstərəcək.
Bu yol gediləcək, əvvəlcə ədəbi,
mədəni, sonra neft... stop! Bunlara anaları yalan danışma,
yalan pis şeydir deməyib. Bunlar sözü həqiqətən
laqqırtıya çeviriblər. Axı
həm asılı, həm azad olmaq, ikisini bir araya sığdırmaq
nə qədər mümkün ola bilər. Ola bilməz. Sizi himayə
edənlər nə deyərlər.
Bu gün dünyanın
hər yerində böyük işlərdən danışa-danışa
o işləri əngəlləyən bir fəaliyyət
növü sərgilənməkdədir. Bəyəm bu cammat bilmir
və fərqində deyilmi ki, bu dedikləriniz sizə aid olan
iddialar deyil? Siz bunları edəcək istəkdə deyilsiniz
və bu istəklər sizin həyat hədəfiniz deyil.
Qətiyyən deyil. Bu beynəlxalq konfranslar, qurultaylar, yarışmalar
həm də ona görə bir-birinin dalıyca Bakıda keçirilir
ki, xalqa verilməyən neft paraları ona görə xəzəl
kimi yerə, yurda səpələnir ki,
bu saxta iddiaçıların həqiqi iddiası türk birliyi
deyil.
Türk birliyi hər bir insanımızın rufahından
keçir. Dövlətin ilk-öncə vətəndaşına ayırdığı
təhsil və səhiyyə xərclərindən, elmə,
sənətə verilən nəhəng dəstəkdən keçir.
Türk birliyi çox şeylərdən keçir və xüsusilə,vətəndaşın
şəxsi və ictimai əxlaqında, qürur və özünəhörmətindən,
hüquqlarından keçir.
Demokratiyadan keçir. Azad seçkidən keçir. Yalanı, yaltaqlığı,
saxtakarlığı, rüşvətxorluğu, oğurluğu
yaşam şərtinə çevirən bir rejim qurultay qurub
nə demiş, nə söyləmiş, nələr bəyan etmiş
olsa belə kimisə türk birliyinə apara bilərmi? Apara
bilməz. Çünki dediyim kimi, bu, onun iddiası deyil. Onun işi,
sənəti başqadı ki, hazırda tam hızı və gücü
ilə həmin iş, həmin sənətlə məşğul
olur.
Arada tomrislərə yazıq olur.