Güney Azərbaycan jurnalistləri Demoklos qılıncı altında

Babək Azəri hüquqçu
Mən bu yazını yazarkən istəyirdim Güney Azərbaycan jurnalistlərinin ağır durumun Şimali Azərbaycan jurnalistlərinin yaxşı durumu ilə müqayisə edim. Amma çox təəssüf ki, insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar və milli demokrat qüvvələrin verdiyi məlumata görə, Quzey Azərbaycanda da azadfikir jurnalistlərin vəziyyəti heç də ürəkaçan deyil. Bütün bunlar çox təəssüf həqiqət olduğu və həm də Vətənimin müstəqil hissəsində baş verdiyi üçün mənə ürək ağrısı gətirib. Elə bu səbəbə görə də sizə təqdim etdiyim yazı adından da göründüyü kimi Güney Azərbaycan jurnalistlərinə həsr olunsa da, lakin mən bu yazını Müstəqil Azərbaycanda məhbus olan azadfikir jurnalistlərə, xüsusən, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə ittihaf edirəm.
J. Baldvin Demoklos qılıncı hekayəsini belə şərh edir: Qədim zamanlarda Dionysius adlı bir şah var imiş. O həddən artıq zalım və ədalətsiz olduğu üçün xalq ona zalım sultan ləqəbi vermişdi. Bu zalım şah bilirdi ki, hakimiyyəti altında olan xalq ona nifrət edir. Elə bu səbəbdən də qorxurdu ki, hər zaman ona qarşı terror ola bilər. Bu sultan bir böyük qəsrdə özü üçün cənnətə bənzər yaşayış şəraiti yaratmışdı. Onun uzun zaman dostluq etdiyi Demoklos adlı bir şəxs vardı. O, dövlətli deyildi və onun böyük arzusu şah kimi naz - nemət içində yaşamaq olmuşdu.
Bir gün Demoklos öz arzusun şahdan gizlətməyıb, üzünü ona tutub deyir: Sən dünyanın ən xoşbəxt adamısan. Mən həmişə bu arzu ilə yaşamışam ki, heç olmasa ömrümdə bir gün sənin yerində olaydım. Bunu eşidən şah fərman verib köhnə dostunun arzusu bir günlük həyata keçirilsin. O günün sabahı Demoklos qəsrdə şah kimi qarşılanır. O, sultanın yerində oturur, xidmətçilər onun qulluğunda olur, güllərin ətrindən, canlı musiqinin tərənnümündən, ləzzətli yemək - içməkdən faydalanıb və özünü cənnətdə hiss edir. Amma birdən başın yuxarı qaldıranda dəhşətə gəlir. Çünki başı üzərindən tavandan asılmış bir iti qılınc görür. Bu qılınc ancaq bir at tükü ilə tavandan bağlanmışdır. Hər ləhzə təhlükə vardı o tük qırılsın və iti qılınc onun ömrünə son qoysun. Gün ərzində çəkdiyi ləzzət qılıncı gördüyü məqamdan unudulub, əvəzinə yerini qorxu almışdı. Var səsi ilə həyəcanla qağırıb şahı çağırmış, bu işin səbəbini ondan soruşmuşdu. Sultan cavab vermişdir: Məgər istəmirdin mənim yerimdə olasan ? Mənim yerimdə olmaq ancaq bu naz - nemətlə bitmir. Bu yerdə oturmaq həm də hər ləhzə ölüm qorxusu ilə birgə olmaq deməkdir. Demoklos bir gün şah taxtında oturduqdan sonra, ömrüboyu taxt - tac arzusunu biryolluq qırağa qoymuşdu.
Bu hekayə səbəb olub Demoklos qılıncı nın altında yaşayış zərb məsəl kimi dillərə düşə. Elə o zamandan da qorxu, təhlükə içərisində yaşayan adamlara , Demoklos qılıncı altında yaşayan adam deyilir.
Güney Azerbaycanda Milli Hərəkatımızın jurnalistləri heç zaman taxt - tac, cənnət, naz - nemət, ətrafında əyan - əşrəf olmasını arzulamasalar da, lakin hər zaman başları üzərində Demoklos qılıncını aslı görürlər. Hər an təhlükə var küçə - bazarda, işyerində, ictimai yerdən, hətta gecə oturduğu öz şəxsi evindən ETTELAAT məmuru tərəfindən oğurlanıb həbs və işgəncəyə məruz qala bilərlər və qalırlar da. Hətta uzun zaman həbsdə edam hədəsi ilə ruhi işgəncə görsünlər. İndi özünüz düşünün, bu qədər təhlükənin içində qərar tutan insan nəyinki cənnət arzusu ilə yaşaya bilər, onu heç yuxusunda da görə bilməz. Axı, yuxu özü də reallıqdan su içir. Belə olan zamanda bizim Güneyli jurnalistlərimiz yuxularında ən çox dar ağacı və şallaq görürlər. Özü də ictimai yerdə qurulmuş edam taxti və boğaza keçirilən çatı Xüsusən Əhmədinejat prezident olandan sonra, Güney Azərbaycanda jurnalistlərə təzyiq həddən artıq artıb. Güney Azərbaycana aid olan dövri mətbuat -- qəzet, jurnal, həftəlik, aylıq xəbər və eyni zamanda ədəbiyyat bülletenlərinin əksəriyyəti qadağan olunub bağlanıb. Yüzlərlə jurnalist işindən çıxarılıb, bəziləri həbs olunsalar da, bəziləri də məhkəməyə çağrılıb. Elə bu səbəbə görə də, Sərhədsiz Jurnalistlər İranla bağlı 2007 ci il raportunda qeyd edirlər ki, bu ölkədə onlarla jurnalist tənqidi yazılarına xatir həbs olunublar. Onların bəziləri çox dəhşətli şəraitdə gizli həbsxanalarda saxlanırlar və vəkillə görüşmə haqqından məhrumdular. Əhmədinejat və onun hakimiyyət dairəsində çalışan dövlət adamları ETTELAAT və sipahi, pasdaranın ( İranın hərbi qüvvəsi ) sabiq başçıları olublar. Onların hakimiyyət dövründə mətbuata təzyiq şiddətlə artıb.
Yeri gəlmişkən qeyd edək ki, Beynəlxalq Sərhədsiz Jurnalistlər Təşkilatı başqa bir bildirişində İranı Orta Şərqdə jurnalistlərin ən böyük həbsxanası adlandırmışdır. Və əlavə etmişdir, əgər vəziyyət bu cür davam edərsə, İran dünyada jurnalistlərin ən böyük zindanı sayılacaq.
Əhmədinejat prezident olandan sonra yenidən Mədəniyyət və İrşad Nazirliyində Mətbuata Nəzarət Heyəti yaranmışdı. Məlumat üçün qeyd etməliyəm Məhəmməd Xatəmi iki dəfə prezident olan zaman bu heyətin işi məhkəmə orqanlarına verilmişdi. Bu müsbət islahat kimi qarşılanmışdı, ümid edilirdi ki, bu növ islahatlar davam edəcək və azadfikir, müstəqil jurnalistlərə təzyiqlər azalacaq.
Qərb ölkələrində demokratik - siyasi sistem hakim olduğuna görə məhkəmə orqanları nə dövlət əlində oyuncaqdılar, nə də hökümətaltı orqana çevriliblər. Əslində müstəqil və neytiral mövqeydən, ancaq yazılı qanunların əsasında hər hansı işi icra edirlər.
Əgər bir dövlət məmuru, hətta dövlət başqanı bir yazıdan razı olmasa, başqa yurddaşlar kimi polisə şikayət edib, məhkəmə qərarın gözləməlidir.
İranın Ana yasasının 168 - ci maddəsində belə qeyd olunur: " Məhkəmənin təhqiqatı siyasi cinayətin ətrafında məhkəmə heyətinin iştirakı ilə açıq olmalıdır və siyasi cinayəti qanunla islam prinsiplərinin əsasında müəyyən etməlidir." Elə bu maddənin əsasında əgər Güney Azərbaycanda bir qəzet və ya xəbər bülleteninə siyasi ittiham vurularsa, bu zaman gərək açıq məhkəmə ola və günah sübut oluna. Amma əməldə Mədəniyyət və İrşad Nazirliyində yenidən, 2005 - ci ildən Mətbuata Nəzarət Heyəti yaranıb və bu heyətin bir balaca işarəsi yetər ki, istənilən mətbuat orqanının nəşrinə qadağa qoyulsun. Nəhayət, müəyyən jurnalistlər işsiz olub, ETTELAAT və ya nizami qüvvələr tərəfindən tutulsunlar. Misal üçün, "Sedayi Urmiyə" ( Urmu səsi ) qəzetinin redaktoru Xadim Şəmsin verdiyi məlumata görə, bu qəzet pantürkist ittihamla Mətbuata Nəzarət Heyəti tərəfindən nəşrinə qadağa qoyulmuşdur. Yenə də bu günlərdə, yəni 2007 - ci il 21 noyabrda aldığımız xəbərə görə adı çəkilən idarə tərfindən "Dilmac" bülletenin də nəşrinə son qoyulmuşdu. Qeyd edək ki, bu bülleten sosial - elmi araşdırmaları iki dildə -- Azərbaycan türkcəsində və fars dilində nəşr edirdi. Qadağa üçün əsas səbəb olaraq bülletenin məsulu mühəndis Əlirza Sərrafinin nəşr üçün səlahiyyəti olmadığını qeyd etmişdirlər.
Məlumat üçün deyək ki, adı çəkilən mətbuat orqanı uzun müddət çap olunub və birdən - birə bu səbəbə qadağa olunması gülməli hal yaradır.
Başqa bir misalda "Yarpaq" adlı həftəlik qəzeti nümunə gətirmək olar. Bu qəzetin nəşrinə qadağa qoyulandan sonra, onun əməkdaşı Səid Mətinpur Zəncanda tutulub və Tehranda Evin həbsxanasına aparılmışdı. Ona icazə verilməmişdir ailəsi ilə görüşsün və eyni zamanda vəkil tutmağa da izinsiz olmuşdur. Bu qəzetin redaktoru Səid Muğanlı Baki səfərindən qayıdandan sonra, Tehranda hava limanında ETTELAAT məmurları tərəfindən tutulmuşdur. İki gün həbsdə qalandan sonra ev sənədlərini zəmanət qoyaraq müvəqqəti azadlığa buraxılmışdı. Eyni halda onun pasportu ETTELAAT məmurları tərəfindən alınmışdı. Səid Muğanlıya qeyri - qanunu işin səbəbləri barəsində məlumat verilməmişdi.
Üstə qeyd etdiyim xəbərlər ancaq bir neçə nümunədir. Uzun zamandır ki, Güney Azərbaycan jurnalistlərinə qarşı təzyiq dünyanın informasiya vasitələrində əks olunur. Hətta bəzi vaxt Güneyli jurnalistləri tənqidi fikirlərinə görə şallaqla da cəzalandırırlar. Misal üçün, "Şəmsi Təbriz" qəzetinin nəşrinə qadağa qoyulandan sonra, onun redaktoru Əli Hamid İman 7 ay həbsə və 74 zərbə şallağa məhkum olmuşdu. Elə bu səbəblərə görə, son zamanlarda Güney Azərbaycanda bəzi tanınmış jurnalistlər, misal üçün İnsafəli Hidayət, Əli Süleymani, Əlirza Qulunclu, Fərzad Səmədli, Məmmədrza Ağapur və digərləri İranı tərk etməyə məcbur olmuşdurlar. Amma daxildə olan jurnalistlərin çoxu, misal üçün, Səid Mətinpur, İlqar Mərəndli, Məhəmmədəli Heydəri, Mirqasim Seyyidinzadə, Elyaz Yekanlı və digərləri həbs olunublar. Azadlıqda olan jurnalistlər isə azad fəaliyyət göstərə bilmirlər. Əksər hallarda ETTELAAT idarəsinə, məhkəməyə çağrılır və hər cür təzyiqlərə məruz qalırlar. Bir sözlə, Demoklos qılıncını daim başları üzərində görürlər. Əlbəttə, bu döğrudur ki, İranda milliyyəti fars olan jurnalistlər də tənqidi yazılarına görə təzyiq altındadırlar. Amma bir neçə səbəbə görə, Azərbaycanlı jurnalistlərin durumu onlardan qat - qat ağırdı. Təzyiqləri törətməyə səbəb aşağıdakılardır :
1. Bəzi ittihamlar ancaq İranda yaşayan qeyri - fars jurnalistlərə, o cümlədən Azərbaycanlı jurnalistlərə vurulur. Misal üçün, separatist ( İranın daxilində yaşayan böyük xalqların öz müstəqil dövlətini qurmasına çalışanlar ) İranda yaşayan qomların arasına ixtilaf salma ( İran rejimi "millət" sözünün əvəzinə " qom" kəlməsi işlədir ) , casus və s. Bu növ ittihamlar əsasında İran rejimi istədiyi vaxt kütləvi edamlara hökm verə bilər. Burada qeyd etməliyəm, bəzi ittihamalar ancaq Azərbaycanlı jurnalistlərə aid olur. Misal üçün, pantürkist və ya Türkiyənin casusu. Keçən yazılarımızda da haqqında geniş bəhs etdiyimiz Hüseyn Fərhudi jurnalist olmasa da, ancaq Azərbaycanlı olduğuna xatir bu ittihamlar əsasında işgəncə olub və sinəsinin sümüyü sındırılmışdı. Elə bu yaralı vəziyyətdə vəhşicəsinə edam edilmişdir.
2. Əgər milliyyəti fars olan bir jurnalist fars milliyyətinə aid tarixi, ictimai, mədəni və ya ədəbi mövzular barədə yazılar yaza, onun işi İran rejimini qəzəbləndirməz. Hətta mümkündür ki, rejim tərəfindən təqdir olunsun. Çox zamanda təqdir olunub mükafatlandırılır. Amma əgər bu növ tarixi, ictimai, mədəni və ədəbi yazılar Azərbaycan türkcəsində və Azərbaycan millətinə aid olsa, İranın fars mərkəzli hakimiyyətini qəzəbləndirəcək. Çünki belə işlər bais olur Azərbaycanlıların milli şüuru yüksəyə qalxsın. Çox da uzağa getməyək. Bunun bariz nümunəsi kimi "Dilmac" bülletinin nəşrinə qadağa qoyulmasını göstərmək olar. Adın çəkdiyimiz bülleten Azərbaycan türkcəsində Azərbaycana aid olan ictimai, elmi - tədqiqat yazıları çap edirdi. O, İran rejiminə müxalif kimi çıxış etmirdi. Amma buna baxmayaraq, İran rejiminin qəzəbinə düçar olmuşdur.
3. Milli Hərəkatımıza mənsub olan Güneyli jurnalistlərin fəaliyyətinə qarşı təkcə İranın fars rejimi deyil. Ümumi halda onun fars müxalifətinin də bu fəaliyyətə münasibəti mənfidir. Hətta İran rejiminin fars müxalifəti bəzi vaxt Milli Hərəkatımıza qarşı İran rejimindən də tünd gedir. Misal üçün, 2003 - cü ildə İranın Təlim - Tərbiyət Nazirliyi tərəfindən təklif verildi ölkənin hər vilayətində, o vilayətə məxsus olan ictimai, tarixi şəraitin əsasında dərs kitabları yazıla. Əlbəttə, bu təklif elə təklif olaraq qalmış və heç bir zaman reallaşmamışdı. Əgər həyata keçsəydi, bəlkə də, Azərbaycanlı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanın qazanardılar. Bu təklifə birinci olaraq özünü İran rejiminin demokratik alternativi bilən İranın Milli Cəbhəsi çox mənfi reaksiya göstərmişdi. O, İran rejimini ittiham etmişdir ki, bu iş İranın parçalanmasına zəmin yaradacaq. Onların nəzərinə görə, dərs kitabları milli mədəniyyət və milli dilin əsasında yazılmalıdır. Əlbəttə, "milli dil" və "milli mədəniyyət" deyəndə onlar ancaq fars dilini və mədəniyyətini nəzərdə tuturlar. Burdan belə bir nəticə almaq olur ki, İranın daxilində milli ruhlu jurnalistlərimizin qarşısında İran rejimi görünsə də, amma məsələ təkcə görünənlərlə bitmir. Həm də xaricdə, ümumi halda fars müxalifəti və fars diasporası onlara qarşıdı.
4. Təbiidir, jurnalistikanın inkişafı üçün onun maliyyə aspektinin müsbət həll olunması əsasdır. İran rejimi iqdisadi və siyasi qüdrətə malik olduğuna xatir, daxildəki mediya vasitələrinin çoxunu özünə əlaltı edib və qalan bir hissə azadfikir və müstəqil jurnalistlər də onun nəzarəti altında işləməyə məcburdular. Digər tərəfdən məlumat üçün qeyd etməliyəm, Məhəmmədrza Pəhləvinin ailəsi və əhatəsindəki dövlət adamları milyardlarla dolları mənimsəyib Avropa ölkələrinə köçüblər. Onlar təqribən 50 il hakimiyyətdə olduqları üçün Qərb ölkələrində çox nüfuzlu siyasi şəxsiyyətləri yaxından tanıyırlar. Elə bu səbəbdən də müvəffəq olublar ki, xaricdə güclü informasiya vasitələri yaradalar. Bəzi təşkiltalar, o cümlədən, fars millətinə aid olan Xalq Mücahidləri kimi təşkilat Ərəbistan və İraqın keçmiş rejimi, yəni Səttam Hüseyn dövründə İraqdan güclü maliyyə yardımı alıb güclü informasiya vasitələri yaradıblar. İstər İranın fars rejimi və istərsə də onun fars müxalifəti bu güclü informasiya vasitələrindən faydalanıb və milli hərəkatımıza qarşı soyuq savaş aparıblar. Amma Milli Hərəkatımıza aid olan jurnalistlərin maliyyə imkanları çox azdı. Həm də onlara heç bir güclü təşkilat maliyyə yardımı etmir. Lakin Milli Hərəkatımızın jurnalistləri öz yollarının düzlüyünə inanırlar və onlarda inqilabi şüur var. Elə buna görə də bu yolda canlarından və mallarından keçirlər. Bundan da əlavə, jurnalizmin Azərbaycan tarixində bir dərin kökü var və jurnalistlər milli mücadiləmizdə çox əhəmiyyətli rol oynayıblar.
XIX əsrin başlanğıcında Azərbaycanda çapçılıq sahəsində başlıca mərkəz Təbriz idi. Mənbələrdə göstərildiyinə görə burada ilk çap dəzgahı 1812 - ci ildə qurulmuşdu. 1817 - ci ildə yerli ziyalı Ağa Zeynalabdin Təbrizi daş basması - litoqrafiya üsulu ilə işləyən mətbəə təsis etmişdi. Təbriz sakini Mirzə Cəfər Təxmilə 20 - ci illərin əvvəllərində Moskvaya gedərək çapçılıq sənətinin sirlərinə yiyələnmiş və 1824 - cü ildə özü ilə birlikdə Təbrizə həmin dövrə görə mükəmməl litoqrafiya dəzgahi gətirmişdi. Elə bu zaman da İranda ilk dəfə olaraq qəzet çap olunmuş və bununla da İranda nəşr tarixi başlanmışdır.
Milli Hərəkatımızın tanınmış mübarizlərinin çoxu jurnalistika işi ilə məşğul olmuşdurlar. Misal üçün, Seyidcəfər Pişəvəri Milli Hökümətimiz yaranmamışdan qabaq, jurnalist kimi müxtəlif qəzetlərdə İran hökümətinə qarşı tənqidi yazılar yazırmış. Hətta onun baş redaktor olduğu "Ajir" adlı qəzet nəşr olunmuşdur. Elə bu tarixi təcrübələr səbəb olub Milli Hərəkatımızın jurnalistləri, xüsusən, saybır jurnalizm, yəni internet vasitəsi ilə məlumat bankı yaratma və düşmənin xəbər blokadasın sindırmaqda çox müvəffəq olmuşdurlar. Çünki bu işə çox maliyyə imkanı lazım deyil və ona da nəzarət edib və qabağın alma çox çətin işdir.
Indiki yaşadığımız əsr, zaman biz şahidik ki, əlaqə texnologiyası hədsiz artıb. Beləki, bəzi sosioloq alimlər deyirlər ki, ictimaiyyət mahiyyət baxımından dəyişib mədəni ictimaiyyət yerinə informasiya ictimaiyyəti terminini işlətməliyik.Çünki əlaqə texnologiyası həddindən artıq inkişaf tapıb və internet, satilet texnologiyası ilə birlikdə informasiyanı səs, yazı və təsvir formasında yaymaqda bir sıra imkanlar yaradılıb ki, on il bundan qabaq ancaq elmi - fantastik əsərlərdə onları oxuya bilərdik. Bu gün dövlətlərə və böyük firmalara internetdə yayımlanan informasiyaya monopol qoymaq qeyri - mümkündür. Bu gün çox rahat bir şəkildə bir fərd evində oturub və informasiyanı qlobal aləmə yazı, səs,film şaklində yayır.
Başqa bir misal olaraq İraq -- Amerika müharibəsini göstərmək olar. Statistikalar nişan verir ki, bu müharibə ilə əlaqədar bir əsli xəbər mənbəyi internet idi ki, ayrı - ayrı şəxslər, yəni xüsusi informasiya ilə əlaqədar vəzifəsi olmayanlar da müharibənin gedişində vəziyyəti obyektiv olaraq beynəlxalq aləmə çatdırırmışlar. Demək ola bilər ki, böyük xəbər agentlikləri BBC, CNN və s. monopolu xəbər üstündə yox idi və bu monopolu internet sındırmışdı.XV əsrin ortalarında alman kitab çapçısı İvan Quttenberqin ilk kitabı çap etməsi, daha doğrusu çap maşınını ixtira etməsi səbəb oldu ki, informasiya geniş şəkildə yayıla və o da öz yerində xristian dininin reforma prosesinə gətirib çıxartdı. Bu reforma protestanism -- etiraz hərəkatı adlanır ki, nəzəri zəmin yaratdı yeni əsrə ki, yeni doğuş əsri adlanır və o da sənəti inqilabla nəticələndi. İndi də komputerin elektronik beyin kimi meydana çıxması və onun vasitəsi ilə informasiya yaymaq totalitar rejimləri dünyanın hər yerində çox çətin bir vəziyyətdə qoyub. Elə ona görədir ki, statistikalar nişan verir ki, internetin tapılması bu baxımdan insan hüquqlarının müdafiəsi də qlobal yaxşılaşıb.Yəni əlaqə texnologiyası bəşər qarşısında yeni prespektiv açıb.
