MEHRİBAN VƏZİR
TƏBRİZƏ APAR MƏNİ
98-in dekabrında Təbrizdə idim. Gözəl bir
Azərbaycanşünaslıq simpoziumu qurulmuşdu Şərəfəxanda
Urmu gölünün kənarında. Əvvəlcə demişdilər
Təbrizdə olacaq,
sonra şəhərin həyəcanından qorxub izin
verməmişdilər. Türkiyədən, Kıbrısdan,
Avropadan, Amerikadan, Bakıdan alimlər, yazarlar və
b.dəvətlilər var idi. Ilk dəfə idi ki, bu qondarma İran
adlanan ölkədə, bu xalqlar həbsxanasında, bu mənfur
imperiyada Azərbaycan adına bir mədəni tədbir keçirilirdi.
Elə ilk və son dəfə də oldu. 30 milyonluq bir
millətə ildə bir dənə beynəlxalq toplantı keçirməyə
izin verməyən rejimin yaramazlığı haqda daha nə
kimi sübutlar lazımdır ki. Bu
barədə sonra.
Əvvəlcə onu
deyim ki, mən Təbrizdə yeri-göyü görmürdüm. Ölkəmizin
əsir Güneyini gerçək olaraq görməyə hələ hazır
olmadığımından idi, nə idisə Təbrizdə
olduğumu sanki idrak etmirdim. Bu, çox qəribə və izahı
zor bir duyğu idi, heç bilmirəm vəsfinə gücüm
yetərmi? Bu barədə də sonra...
Bakıdakı təbrizli dostlarım mənə demişdilr
ki, Təbrizi bilmək istəyirsənsə bazara get, filan
bazarda olmamısansa demək Təbrizi görməmisən.
Nə isə... simpoziumu yola verdik. Əslində bu,
simpozium deyildi, bu uzun ayrılığın gah sızıltı
, gah hayqırtı görüntüləri idi. Bu, elə havalı,
elə ağrılı, elə duyğulu bir neçə gün idi ki,
yox... bu barədə də sonra... çünki mən təcili olaraq
bazara dönmək istəyirəm, Təbriz bazarına... bizim
bazara...
Bu, qapalı çarşı-bazardı... yeddi-səkkiz
əsir yaşı var... dar, uzun, dalanlar, divarlarında əsrlərin
əhvalı, qoca, amma qartal kimi dim-dik, diri, qaynar bir bazar... Bu günə
aid işıldaquş dükanlar... nə istəsən, can
dərmanı, quş südü, hər şeyin min çeşidi, bahalısı,
ucuzu, yaxşısı, babatı, hər cibə uyğun...
Xoşbəxtlikdən mənim karlı bir şey almağa
pulum yox idi. Sadəcə, gəzirdim və baxırdım.
Alanlara, satanlara, deyişmələrə, bazarlaşmalara tamaşa
edirdim.
Təbrizlilər çox istiqanlı, çoşqulu, yorulmaz adamlardı.
Bazarlaşma, alış-veriş işlərində də
ustaddırlar. Bir qəpiyin üstündə bir saat çənə-boğaz
ola bilərlər, amma dadını qaçırmadan,
ləzətli-ləzətli. Ümumiyyətlə,
Şərqdə qiymət öldürmə xüsusi bir
məharət sayılır. Mal almağın keyfi
qiymətöldürmə dərəcəsi ilə ölçülür.
Hər şəhərin olduğu kimi Təbrizin də
ümumi bir davranış üslubu var. Burada insanlar çox ehmal və xoş
rəftarlıdırlar. Bol-bol nəzakətli sözlər
deyirlər və üzügülərdilər. Qadınlı, kişili
adamın düz gözlərinin içinə baxırlar.
Məsələn, bizim Bakıda insanlar bir-birinin üzünə ani
və uzaqdan baxsalar da, göz-gözə
gəlmirlər, gələndə
də baxışlarını həmən yayındırırlar.
Avropa şəhərlərində insanlar ümumiyyətlə,
bir-birinin üzünə baxmırlar, bir-birinin heç varlığını
duymurlar. Rusiya şəhərlərində insanlar bir-birinə
uzaqdan və kinlə baxırlar. Təbrizdə isə...
Təbrizdə insanlar bir-birinin
gözlərinin içinə baxırlar. Isti-ist, sözlü-sözlü baxırlar.
Özü də yayınmadan, uzun-uzadı baxırlar, elə dik-dik
baxırlar ki, adama elə gəlir ki, qarşındakı ürəyinin
içinə boylandı və səni görə bildi. Hər an
bir-birinə toxunan baxışlar havada şimşək kimi çaxır,
qaranlıqda işıq kimi, işıqda nur kimi görünür.
Ümumiyyətlə, güneylilər diqqətli və şirindildilər,
xüsusilə kişilər qadınlara qarşı cox həssas
və nazikdirlər. Düzü, əvvəlcə bu baxışları
həmin cəhətlərə
bağladım, sonradan gördüm ki, qadınlar da, uşaqlar
da belə baxırlar və
bildim ki, bu, Təbrizin baxışlarıdı. Bu, Təbrizin
tərzdi, tövrüdü, halıdı.
Ayağımı bir dükana yenicə qoymuşdum ki, yanında
gənc qız olan orta yaşlı qadın əlindəki
bükülü parçanı mənə sarı uzatdı və gözlərini
təbrizlisayaq gözlərimə zilləyib dedi; bunu gəlinə
çarşablıq alıram, gör bəyənirsən?
Bu, rəngi qara, özündən güllü xara idi. Baxsam da bilmədim
ki, bu qara xara bir gəlin
üçün nə qədər yararlı ola bilər, amma məni
heyran edən onun mənə, tanımadığı bir
kəsə belə zərif etimadı idi.
Qadının sualı - əgər sən
bəyənərsənsə, alaram anlamına gəlirdi.
İlahim, mənim kimisini belə sözlərlə, özü də
Təbriz bazarının tən ortasında hönkür-hönkür ağlatmaq
olar. Təbriz ola, həsrət ola, mən olam, ya sən ol, necə
olarsan? Adam ölər, Vallah.
Yoluma davam edirdim. Çərgədən cərgəyə,
dalandan dalana keçirdim ki, görüm daha nə var, nə yox.
Hərdən xırda-mırda, gözüm tutanı alırdım
da. Deyəsən arada pulda aldanmışdım da, bazar ola, xam
ola, bəs nə bilmişdiz... Heç
dinməsəm də gəlmə olduğumu həmən
bilirdilər, heç bilmirəm nədən. Təbrizdə Bakıdan
olmaq hörmətli olmaq deməkdir. Mənə elə gəldi ki,
Təbriz camaatının yarısı
Bakıdan getmədi, kimi
dindirdim, dedi ki, filan ildə, filan babam Bakıdan gəlib. Başqa
şəhərlərin də adlarını çəkirdilər,
amma görünür bolşevik inqilabında bu taydan- Bakıdan qaçqın
düşənlərimizin əksəriyyəti
o tayda-Təbrizə yerləşib.
Daha bir dükana girdim. Bah, elə burdaca dondum, nələr,
bilsəniz, nələr... Ədva baqqalı... Ömründə bircə
dəfə olsun hər hansı Şərq bazarının- Türkiyənin,
Misirin, Hindistanın, nə bilim, daha haranın bazarında
ədvaçı baqqalxanasında olan kəs bir
daha o yeri unutmaz və yolu düşəndə məxsusi tamaşasına
gedər. Təsəvvür edin, sıra-sıra kisələr, böyüyü,
balacası, ondan balacası, lap balacası, nəhəyət,
ovuc boydası. Hamısının ağzı çirməkli... içlərində
nələr, nə nəsnələr... rəng-rəng,
ətir-ətir, çeşni-çeşni...
zəfəran, sarıkök, istiot, zəncəfil, sumax, darçın,
zirinc, razyana, cirə, zirə, xaş-xaş, çətənə,
küncüt, bədrənc, quşüzümü, batbat, əzvay, hil, müxək,
quluncan, dəfnə, xardal... eh, hansını deyim, heç çoxunun
adını bilmirəm... adam başını itirir ətirlərdən,
gözəlliklərdən... bu təbrizlilər bu qədər
diqqətli, bu qədər hörmətcil olmasaydılar mən
elə dinməzcə bu dükanın bir küncündə durub bu gözəlliyə
doyunca tamaşa edərdim, bu
cənnət bihuşluğunu
bir az da uzun sürdürərdim. Amma - bəli,
xanım, buyur, xanım, rica edirəm, xanım... qoymadılar
ki, görəm nə var, nə yox... Söz vermişəm, bu dəfə
yolum sənə düşsə Təbrizim, mən bilirəm,
nə edəcəm, haranı bəyənsəm orda çöküb
qalacam, ağına-bozuna baxmayacam, deyəcəm ki, mənimlə
işiniz olmasın, baxıram, gözüm doymur, bir də baxıram,
bax, elə burda dururam, lap yıxılıb ölürəm. Uzun çəkmiş
həsrətlər həslədirəm, yanan ürəklərin
səmmini alıram, mənə söz deməyin, nə
istədiyimi, nə alacağımı da sormayın.
Mən heç nə almıram, mən hər şey almışam.
Gözlərimi yumub bu səfanı qəlbimə çəkəcəm,
özümü bir daha və bir daha inandıracam ki, özümə bir daha
deyəcəm-deyəcəm ki, könül, xəbərin olsun,
Təbrizdəsən, Təbrizdə...
Hə, girdim ədvaçı dükanına. Buyurun, deyən
kim, oturun, deyən kim, ikram edən kim. Dedilər, nə
bəyənirsiz, nə istəyirsiz, nə alırsız,
istədim deyəm ki, gördüyüm nə varsa hamısını
birdən bəyənirəm, Məşədi İbad demişkən...
amma deyə bilmədim, bayaq demişdim, axı bu
təbrizlilər bir az... necə deyərlər, duyğulu
adamlardı, sözdən söz düzəldəndilər, güldən
şirə çəkəndilər, eşqlidilər, çoşquludular...
Yəqin ki, dediklərimdən demədiklərimi də bildiniz.
Bir az Bakıya, bir azca da mənə, gördüm diqqət böyüdü,
millət də hal əhli, dedim, yaxşı deyil, qoy nəsə
alım. Hə, zəfəran alıram. Doğrusu, ən
sevdiyim dörd ətrin ikincisi zəfərandı, dedim; qoy
Təbrizdən Bakıya zəfəran alım aparım. Qarşıma
əlçim-əlçim kisələr düzdülər. Rənglər
də çeşid-çeşid, bu tündü, bu açığı, bu
miyanası... bu, kəskin ətirlisi, bu, incə qoxulu, bu, mötədili...Bu
Həmədandan, bu İsfahandan, bu Sulduzun, bu Təbrizin, bu
yerli, bu gəlmə, bu gətirilmə, buyur, xanım, bəli,
xanım, əmr et, canım, yaxçı?? ( təbrizlilər yaxşı,
yox, yaxçı deyirlər), sənə də qurban,
gəldiyin yerlərə də, yaxçı??... Əslində, heç
nə aldığımı da bilmirdim. Bilməyin, seçməyin,
bişirməyin deyil, yeməyin ustası olduğumdan, elə
nəyə yaxşı dedilər, onu da götürdüm. Iş çatdı
malın pulun verməyə. Açdım çantamı. Olan-qalan,
nə vardısa çıxartdım. Əlimdə bir topa kağız,
durmuşam, baxıram, dəyəri nədi, bilmirəm. Dedim,
nə verəcəm? Dedilər, filan qədər. Baxdım-baxdım,
ora çəkdim, bura çevirdim, o pulu tapıb düzəldə
bilmədim. Bilmədim bunlar nəyə nə deyirlər. Amma
bilirdim ki, üstündə Xomeyninin şəkli olana elə
xomeyni deyirlər. Aydınlaşdırmaq üçün dedim,
iki dənə xomeyni? Baqqal
həmən cavab verdi ki, həə, iki dənə evimizi yıxan.
Iki misqal
zəfəranımı alıb dükandan çıxdım, yolumu
davam elədim, əlbəttə, məqsəd nə mey, nə
meyxanə idi, mənim qəlbim dolmuşdu, istədiyini bulmuşdu,
aşıb daşırdı. Mən gördüyümü gömüş, eşitdiyimi
eşitmişdim. Üzümə baxanın üzünə gülürdüm,
qəh-qəhə çəkməkdən özümü zorla saxlayırdım.
Bazarda adamların üzünə baxıb gülməyin heç yaxşı
düşmədiyinin də fərqində deyildim. Beləcə,
Təbriz bazarında kefim kök, damağım çağ, gülə-gülə
o dükandan çıxıb bu dükana girirdim, bu dükandan çəkilib o dükana
boylanırdım, kim alış veriş edirdisə gedib onun böyrünü
kəsdirirdim, çünki, həm yerli şivədə dedim-dedini eşitmək
mənim üçün maraqlı idi, həm də baqqalın başı
qarışıq olanda, mənə - bəli xanım, buyur, xanım
demirdi, öz işində olurdu. Şərqin nəhəng
bazarlarından birində, Təbriz bazarında bir
qadının gülə-gülə,
gəzə-gəzə dolaşması nə qədər
diqqət çəkə bilərsə deyəsən elə o
qədər də çəkmişdi...
Dünya vecimə deyildi, çünki mən Təbriz bazarında
mənə gərək olanı, çox gərək olanı görmüşdüm.
Mənim millətim onun evini yıxanın kim olduğunu bilirdi.
Bu həqiqəti bu bazarda gördüm. Əgər bir millət milli
düşmənini tanıyırsa hesab elə ki,
qələbəsinin yarısını qazanıb. Bu, son
dərəcə mühüm məsələdi. Təbriz bazarı
bu mühümü, bu mühümdən mühüm olanı bilirdi. Gözəl bilirdi!
Ona görə də işlər bazardan qaynadı. Güney inqilaba
bazardan başladı, hər zaman olduğu kimi.
Millətlərin taleyi bazarlarda həll olunur. Bazar milli
hədəflərə laqeyd olarsa o millətin düşmənləri
yenilməz olar. Əgər bazarda oturan vətəndaş
millətin düşmənini, millətin evini yıxanı tanıyırsa,
qəlbində həmin düşmənə layiq hissləri
gəzdirirsə və hər an püskürməyə hazırdısa
o millət ayağa qalxacaq, savaşacaq və qazanacaq.
Bazarı tərk edəndə xəbər tutdum ki, ay
dadi-bidad, axı bu bazarda, deyəsən,
farsca bir kəlmə eşitmədim, bu necə ola
bilər? Geri qayıtdım. Ilk rast gəldiyim xalı dükanına
girdim. Bu dükanı təsvir etməyəcəm, çünki, daha buna
taqətim qalmayıb, yadıma düşəndə huşum başımdan
çıxır. Mən əşyabaz adam deyiləm, evimdə işlənməyəm,
boşuna dayanan bir nəsnə yer tuta bilməz, çünki genişliyi
sevirəm. Amma Şərqin dinən, dindirən
rənglərinə bayılıram. Xüsusən,
Təbriz xalçalarında. Siz heç o rənglərlə, o çiçəklərlə,
o göyçəklərlə kəlmə kəsib deyişmisizmi?
O naxışlarla, o naxışlı baxışlarla
himləşmisizmi? Bu dəfə görsəniz, ayaq saxlayın.
Təbriz xalçaları danışır və danışdırır.
Nə isə, yetər. Xalçaçı ilə xalçanın
təzəsindən, köhnəsindən, ipəyindən, yunundan,
xalisindən, filanından danışandan sonra - bilmədiyim
şeylərdən danışmağın ustasıyam - dedim
ki, burda heç farsca danışan görmədim axı, nə əcəb?
Bayaqdan mənimlə potensial alıcı kimi rəftar edən,
hər sözümə incə-incə, səbr və hörmətlə
cavab verən qoca baqqalın üzü döndü, səsi bozardı, dedi;
baba, Təbrizdə farsca danışana həqarət
edərlər, kimsə bu cürəti etməz. Dedim; bəs, Təbrizdə
fars yoxdu? Dedi, az var, olanı da türki
bilir, türki danışır, Tehran
belə türki danışır. Bu dəfə mən üzümü
bozartdım qoca baqqala, dedim; Tehran nə zamandan fars şəhəri
olub? Tehran Farsistan ərazisidir ki,
farsın sayılsın? Tehran türkcə danışmalıdı
da, yaxçı?? Dedi; yaxçı, türki danışır da, xanım,
niyə hirslənirsən? Davamız
bitdi. Gülüşdük və vidalaşdıq.
Sizə asan gəlməsin, dərsi, dəftəri,
hesabı, kitabı, oxusu, yazısı, qəzeti, tv-si və
hər nəsnəsi farsca olan, türk-ana dili yasaq olan
bir dövlətdə - şovinist, qədddar fars rejimində
türk şəhəri
Təbrizin bu müqaviməti. Sizə asan gəlməsin bu əzm,
bu iradə, bu ruh...
Mən Təbriz bazarında ömrə dəyən bir gün
yaşadım. Vecimi nağd elədim. Bakıya da arın-arxayın
döndüm. Biz bu vətəni bütövləşdirəcəyik.
Sadəcə indiyə kimi ona görə bacara bilməmişik ki,
öz ümidimizə qalmayıb, özümüzə qalsaydı çoxdan bu iş
bitmişdi. Bu işdə bizə dəstək lazım deyil,
mane olmasınlar. Ayağa qalxan kimi bir millətin üstünə neçə
növ güruh tökülür, farsı, rusu, ingilisi, daha nə bilim nəsi...
Yüz ildi dünya birləşib bizim birləşməyimizə
aman vermir. Qanımızla torpağımızı suvarırlar,
vətənimizin güneyini, quzeyini qana çalxalayırlar,
qətliamlar edirlər, hər cinayətə gedirlər, amma
Azərbaycanın bütövlüyünə aman vermirlər, bu rəhmsiz
allahsızlar, bu münafiqlər...
Qərb bizim işimizə,
birliyimizə müdaxilə etməsə, insanlığa düşmən
kəsilən lojalarının fitvası olmasa, dünyanın gücünü
bizim üstümüzə tökməsə özümüz bacaracağıq.
Gələcəyimizi özümüz quracağıq.
Qüzey Güneyin bu dirənişinə öz sözünü
birmənalı deməlidir. Bakı cəfəngiyyat danışmamalıdır
ki, ay nə bilim insan haqları, nə bilim demokratiya, iç işləri,
filan. Bu saxta kəlamları Mozambik haqda danışanda
deyərsiz. Indi isə söhbət bizim parçalanmış, bölünmüş
Azərbaycanımızdan gedir. Farsın zəbt elədiyi yarımızdan
gedir. Söhbət Vətənimizdən gedir. Taleyimzdən,
gələcəyimizdən gedir. Ekspansiyadan, işğaldan,
zorakılıqdan və vəhşilikdən gedir. Otuz milyonluq
bir xalqın ana dilində yazıb oxumaq hüququnu əlindən
almaq, vəhşilik deyil, yırtıcılıq deyil,
nədir? Bir ölkəni ikiyə parçalayıb əzmək,
səsini qaldırana divan tutmaq heyvərəlik deyil, nədir?
Azərbaycan qeydsiz, şərtsiz bütöv olmalıdır
və olacaq. Bu vətən yüz
ildir ki, bu uğurda savaş aparır. Yüz ildi bu uğurda şəhid
olur. Doxsan doqquz dəfə yıxılıb, sınmayıb,
yüzüncü dəfə ayağa qalxıb. Fars öz çirkin, imansız
rejimi ilə birgə Təbrizdən və bütün əyalətlərimizdən
dəf olmalıdır. Güney öz milli, müstəqil respublikasını
qurmalıdır.
Qoy dünya bizi ölmüş bilməsin və
düşünməsin ki, bu millət bu
sevdadan vaz keçəcək, birləşmə qərarından
əl götürəcək. Ola bilməz. Dünya qulaqlarını açsın
və eşitsin; necə ki, millətlər ölmür, eləcə
də ölkələr və sərhədlər ölmür. Bizim halal
sərhəddlərimiz diridir və bizi gözləyir, biz
onu bərpa edəcəyik. Biz Azərbaycanımızı
bütövləşdirəcəyik.
Amma bu gün... bu gün mən Təbrizə getmək
istəyirəm. Mənim işim ordadı. Mənim işim orda
bir kəs olaraq, bir nəfəs olaraq mövcud olmaqdı. Allahım,
məni Təbrizimə apar, öyümə-köyümə apar, quş
qanadlarında aparan kimi apar.