Mehriban Vəzir

 

 

 

 

 

 

Səbr və dözüm deyə

Güneyə bir məktub yazım

 

Bir xəbər oxudum, deyir, İran hökuməti Güneyde Azərbaycan musiqisinə yasaq qoyub. Işə bax, musiqiyə yasaq. Əgər belədirsə, demək, bıçaq sümüyə dirənib.

 

Çox uzaq illərə apardı bu xəbər məni. 80-ci illərdə sovet turist qrupu içində Rumınya-Bolqarıstan səfərində olmuşdum. Yanaşı duran bu iki ölkə sanki başqa-başqa qitələrin, başqa-başqa iqlimlərin parçaları idi. Biri bomboz, susuz, yaşılı qıt. O biri yamyaşıl, barlı, bərəkətli. Halbuki onları bir-birindən bircə addım ayırırdı.

Ruzu yerdən, bərəkət göydəndi, deyir. Hər ikisi də Allahdandı. Üz çevirməsin, qurban olduğum, çevirdisə məşəqqətlər ardarda düzülür. Nəyin səbəbinin nə olduğunu  isə insan çox zaman bilməz olur.

Çox sayda olmasa da gəzdiyim Avropa ölkələrindən yalnız Rumınyada dilənən uşaq görmüşdüm. Özü də bizim balaca, qaraca, çirkli küçə uşaqlarından fərqli olaraq, saman sarısı saçlı, ağ bənizli, mavigözlü, amma elə bizimkilər qədər çirkli, oyuncaq boyda qız uşağı. O otelin qarşısında durub turistlərə əl açırdı. Bulaşıq üzü, pırpız saçı, göymuncuq göz bəbəkləri hələ də yadımdadır. Ağ  uşaqların bu qədər çirkli halını deyəsən ilk dəfə görürdüm.

Bu, həmin ölkədə gördüyüm və yaddaşıma çəkilmiş ilk şəkildir. Ardıyca çal-çağır gəlir. Çılğın və yorulmaz oxumalar, oynamalar, kəndirbazlar, canbazlar, közüstü rəqslər.

Fövqəladə bir son gecə düzənləndi, yenə yeməklər, içməklər, titrətmələr... sonda iri tonqal qalandı. Dövrəsində yallı başlandı. Bizimkindən  fərqli idi, bir az cod, bir az qaba idi. Rəqs çoşur, ekstaza düşürdü, odun alovu sönür, közə dönürdü. Təkəm-seyrək dikələn od püskürtülərini oyunçular əlləri, ətəkləri ilə söndürürdülər, kabab çəkiləcəkdi sanki. Işıqlar söndürüldü, qara qaranlığın içindən qıpqırmızı dairə gözərirdi. Rəqqaslar üst geyimlərini və ayaqlarını soyunub, kəfən kimi ağappaq geyimlərdə közün üstünə atıldılar, dəli kimi atılıb düşməyə başladılar. Möhtəşəm bir göstəri idi. Heyrət bir hal idi. Insan odla oynayırdı. Insan elə həddə yetmişdi ki, yanğısından, ağrısından qafil idi. Bu, əsil xalq oyunu idi. Muncuq gözlü, qaraca, ağca balaları dilənçi olan xalqların “yandım-haray” oyunu.

Indi o uzaq məsafəyə, o qaranlıq gecəyə, o gözərən çevrəyə, o bəyaz əyinli, yalın ayaqlı rəqqaslara - oda yaxanılanlara baxiram və düşünürəm ki, bu yaxın məsafədə, bu milyardlar səltənətində, Bakıda o rəqsin tam zamanıdı. Çatmayan bircə quruluşçusudur. Əslində, insanımız oddadı, odlu oyundadı, yanıb yaxılmaqdadı. Əli, ayağı ilə, dişi, dırmağ ilə köz eşməkdədi.  Bircə göstərisi çatmır, halı-pərişanının məzhəkəsi çatmır.

Deyəsən elə həqiqətən, əskiyimiz ifadəmizdi. Bizə nələr olduğunu, nələrə odlandığımızı, nələrə qatlandığımızı ifadə edə bilməmək  istedadsızlığı. Nə isə.

O günlərdə Ruminyanın yeri-göyü, havası, suyu, restoranı, barı, hər yeri  “mavi-mavi-masmavi” deyirdi. Bu nəğmənin hit dövrü idi. Hər kəs bu havanı oxuyur, hər kəs bu havaya oynayırdı. Indi bilmirəm, amma o dövrdə Ruminya elə başdan-başa türkcə oxuyurdu. Biz də elə ölkədən getmişdik ki, o ölkədə türk nəğmələri tutya kimi bir şeydi. Rusun türkdə olan yanğısı bu yasaqlarla da yaşanırdı. TV-lər, radiolar, əyləncə yerləri türk havalarına  tamarzı idi. Alışı-satışı yox idi. Yalnız evlərdə həvəskarların ordan-burdan əldə etdikləri kasetlər-filan ola bilərdi. Yəni Azərbaycan turisti səksəninci illərin sonlarında Rumınyada süd gölünə düşmüşdü. Içəridə görmədiyini dışarıda bulmuşdu. Yasaqların şirin ətrindən şirə çəkirdi.

Susuz, göyərtisiz torpaqlar bitdi. Bolqarıstan başladı. Bütün gözəlliyi, sarı-sarı qumsalları, masmavi sahilləri, yaşılı, alı və alma boyda çiyələkləri ilə. Indi bilmirəm buralardan oralara dincəlməyə gedənlər varmı-yoxmu, amma sovet dönəmində ittifaqdan kənar Bolqarıstanın qızıl qumları idi, Çexslovakiyanın Karlovı-varısı idi, başqa nə vardı ki. Nə vardısa yasağı vardı. Fürsət düşmüşkən bir daha deyim ki, sovetlər qədər iyrənc rejim yox idi. Düzdür, işğalların hamısı eybəcərdir, amma bir var ağa ağaxislətli olsun, bir də var ağa nökərxislətli olsun. Nökər xislətli ağası olan rəiyyətin evi yıxılır, əxlaqı pozulur, bədxahlaşır. Ən ağır olanı isə odur ki, sabahı, gələcəyi təhlükəyə düşür.

 

Nəisə...şəhərlər, muzeylər, dükanlar, bazarlar, restoranlar, daha nələr...

Bir axşam yenə sahillərin birində bir gözəl, bir ekzotik yerdə idik. Hər tərəf sadə və cazib. Musiqi də öz yerində, çalı-çağırı ilə. Hamı oxuyub oynayırdı. 8-9 yaşlı, çiçək kimi bir türk qızı da bizim aramızdan çıxmırdı. Gedib-gəlib nəsə soruşurdu. Bir dəfə də gəlib dedi ki, siz hansı havanı istəyirsiz çalsın, gitara çalanı göstərdi ki, o mənim abimdir. Dedik, mavi-mavi-masmavi. Qız duruxdu. Dedi, olmaz, o yasaq. Nətər yəni yasaq, bunu başa düşmədik. Məlum oldu ki, sadəcə yasaq. Bolqarıstanda türk musuqisinə yasaq var.

Bu balaca qız quş kimi gah çalanlara tərəf atılır, qonaqlar istəyir, deyə təkid edir, gah gəlib yana-yana, yasaq, deyir, gah özününkülərə xəbər aparırdı. Nəticə verməyən bu çırpıntılarının sonunda: dədəmlər orda- deyə məni çəkib öz masalarına apardı. Getdim. Tanış olduq. Məlum oldu ki, bu, bir türk ailəsidir. Yaxın qəsəbələrin birində olurlar. Məni evlərinə dəvət etdilər və səhəri gün arxamca otelə gələcəklərini vəd etdilər.

Turist qrupundan ayrılıb kiminləsə görüşmək sovet vətəndaşı üçün elə asan məsələ deyildi. Bundan ötrü  yalan demək, xəstəyəm, ölürəm, axır ki,  özündən nəsə düzəltmək  lazım gəlirdi. O da risk idi. Üstü açılsaydı, ən azı işdə töhmət, xaricə səfər yasağı və s.. Bir daha o dustaqxanadan çıxmamaq qorxusu vardı. Amma indi heç xatirlamiram necə oldu, nələr uydurdum və qrupdan necə ayrıldım. Bu fraqment yaddaşımdan pozulub.

Vədələşdiyimiz  saatda foyeyə düşdüm. Heç kim yox idi. Gözlədim. Bir milis yaxınlaşdı, adımı, soyadımı soruşdi və telefona çağırdı. Həmin balaca qızın anası idi, deyirdi, biz bir az yubandıq. Amma on dəqiqəyə orda olacağıq və bərk-bərk tapşırırdı ki, heç yerə getmə, bizi gözlə. Mən də özümün və onun türkcəsini bir-birinə qatıb cavab verirdim ki, heç rahatsız olma, heç yerə gedən deyiləm, sizi gözləyirəm, qrup getdi və s. Bir sözlə telefonda məhəbbət və nəzakət alış verişi edirdik.

Bayaqkı  milis başımın üstünü kəsdirmişdi, nəsə deyir, nəyisə təkid edirdi. Bir anlığa dəstəyi qulağımdan çəkdim, nədi, nə var, dedim. Dedi: türkcə danışma. Dedim: bolqarca bilmirəm. Dedi: rusca danış. Dedim: o türkdü. Dedi: rusca bilir. Əl çək, dedim. Mən öz dilimdə danışıram. Milis geri çəkildi və boz bir səslə dedi,  indi ara kəsiləcək.

Təsəvvür edə bilisizmi, telefonda türkcə danışığa görə rabitə kəsilirmiş. Repressiyanın və mənəvi terrorun həddinə bax.

Nə isə, getdik. Təpənin üstündə, yaşıllığın içində, üzü dənizə bir qəsəbə. Gül baxçalı həyət-baca. Iki mərtəbəli, kiçicik, yüngül və çiçək dolu ev. Içəridə xeyli adam vardı. Qohum-əqraba yığışıb gözləyirdi. Çox gözlənilməz oldu. Şənliyə gəlib tünlüyə düşmüşdüm.

Bu həmin illər idi ki, Bolqarıstan hökuməti öz vətəndaşları ilə əxlaqsız davranır, etnik ayriseçkilik salır və cinayətlər törədirdi. Türk əhali üçün, əslində elə bolqar  üçün də çox ağır imtahan dövrü idi. Məzarlıqlara toxunulur, baş daşlarından  türk adları pozulib bolqar adları yazılır, sənədlərdə adlar dəyişdirilir, türk dili yasaqlanır, telefonlar dinlənilir, ictimai yerdə ağızdan çıxan hər türk kəlməsinə  cərimələr kəsilir və digər ağlagəlməz çirkinliklər sərgilənirdi.

Biri dedi ki, atamın məzarını ziyarətə getdim. Gördüm ki, baş daşı üzərindəki Ahmet adı qaşımıb, yerinə ivan yazılıb. Mənim atam mömin bir kişi idi, əli quranlı, imanlı, kimsəni incitmədən, könüllər yıxmadan  köçdü-getdi bu dünyadan, ona belə zülüm edilərmi?

Əlbəttə, ağır iş idi, çəkilməz dərd idi.

O vaxtlara kimi həyatımda heç olmayan bir hadisə - bir türk ailəsində olacağımla bağlı nəşəm alt-üst olmuşdu. Dəmə gəlib qəmə düşmüşdüm. Elə şeylər eşidirdim ki, bilmirdim nə deyim, nə edim. Pis olmuşdum, çox pis. Çünki dünyanın boz üzünü hələ görməmişdim.

Yadımda danişan gözlər qalıb:

-         Bir iti öz adıyla çağırmazsan o dönüb sənə baxmaz. Mənim addım Mehmetdir. Əlli ilin Mehmetiyəm mən. Pasportumu dəyişib adımı Mixail yazdılar. Məni Mixail çağırır, dönüb baxmayanda cərimə kəsir.

Allah, Allah, zülmün çeşidləri varmış.

İnsanları, türk olduqlarına görə adi bəhanələrlə evlərindən çölə atırdılar. Hökumət nümayəndəsi qapını tıqqıldadıb bir sənəd verirdi ki, bura sənin yox, hansısa ivankonun evidir, iyirmi dörd saat vaxtın var, çıx.

- bəs sizin sənədləriniz?

- mənim dədələrim beş yüz ildi bu torpaqlarda yaşayırlar, böyük mülkiyyət sahibi olmuşuq, indi əlimizdəki sənədlər saxta elan olunub, arxivlər yandırılıb.

O illərin Bolqarstan siyasəti yerli türklərə iki yol tanıyırdı: ya evlərini-əmlaklarını su qiymətinə satıb  ölkədən gedəcəklər, ya da türk yox, bolqar olduqlarını qəbul edəcəklər. Razı olamayn işdən, məktəbdən, hər yerdən çıxarılırdı. Ən kiçik dirəniş ağır cəzalandırılırdı.

Biz də qafil imişik. Belə bir məmləkətdə mavi-mavi-masmavi sifariş edirmişik. Halbuki türkcə salam vermək cəza imiş, qaldı ki şarkı demək.

O gözəl köyün, o göy təpənin ismini dəyişib Balçik qoymuşdular. Yəqin indi də elədir. Amma Balçı bir türk eli imiş, ən gözəl balı, arısaxlayan evləri varmış deyə adına belə deyərmişlər.

- nəsə yaza bilərəmmi?-sanki öz-özümdən soruşurdum.

-qoymayacaqlar, bunların arxasında elə sovetlər durur. “Azadlıq” radiosuna verə bilərsizmi?

-çalışaram. Türkiyə nə deyir?

-deyir səbr edin, dözün, o torpaqlar sizindi, tərk etməyin.

Səbr... dözüm... ən çətini də budur. Ən ağır imtahan: səbr...dözüm..

Çiçək qız, hayıf, əsil adı yadımda deyil, anası ilə birgə məni ötürməyə qalxdılar. Babası gəlindən soruşdu ki, gələndə filankəs sizi gördümü, o da cavab verdi ki, o yox, amma filankəslər dalımızca baxırdılar. Kişi bir an durdu, sonra oturanlara soruşsalar nə deyəcəklərini söylədi. Dedim: sizdən bunu soruşacaqlar? Dedi: evet, axşam gələcəklər ki, gündüz sizə gələn kim idi.

Daha deyiləsi sözüm yox idı.

Illər necə keçdi oralarda, bilmirəm, daha nələr oldu, onu da bilmirəm. O el o obanı terk etdimi, etmədimi, nələrə dözüldü, nələrə səbr edildi.... daha nə müsibətlər çəkildi... çəkən bilər, biz bilmərik. Bir də Allah bilər, uca Allah, hər şeyi bilən, görən, rəhm edən Allah... səbrliləri və dözümlüləri sevən, sevdiklərini imtahan edən Allah... dəyərləri qiymətləndirən, qiymətləri dəyərləndirən Allah!

Deyirlər bu günkü Bolqarıstan prezidenti türk əsillidir. Azgın  diskriminasiya aradan qaldırılıb. Türklər öz dillərində oxuyub yazmaq, mədəni irsi yaşatmaq, mülkiyyət azadlığı, seçib-seçilmək, hətta ölkəyə preziden olmaq kimi hüquqlarını alıblar. Amma bu nəyə və neçəyə başa gəldi? Deyəkmi? Deməyək. Öyünək. Türkün haqq etdiyi yerlərdə bərqərar olması üçün səbr edib dözənləri  ömrü dəyrələndirənlərdən sayaq. Sayaq və həsəd aparaq. Bu möhlət ömür, “necə gəlib necə getdiyini bilmədiyimiz”, “bəlkə də bu dünyada bir gün, bir saat qaldığımız” bu ömür nə ilə dəyərli ola bilər ki.  Haqq yolda yürüməkdən  başqa onu sərf edəcəyimiz daha qiymətli bir şey varmı ki. Yoxdu, ola bilməz. Kəsin olaraq ola bilməz. Insan ömrünün yeganə dəyəri Allaha ibadətdə və haqq yolla yürüməkdədir. Yerdə qalanı isə sadəcə digər canlılar kimi keçinməkdir.

Onlar yanar oda düşdülər. Yanıq yallı getdilər, qanlı  halay çəkdilər. Alovu  əlləri, ətəkləri ilə söndürdülər. Közüstü rəqs etdilər. Amma dözdülər. Dözdülər və səbr etdilər. Davadan qaçmadılar. Haqdan dönmədilər. Yorulmadlıar.

Bu söylədiklərim iyirmi ilin sözüdü. Dilə asan gəlir.

 

Bu gün Güneydə, Azərbaycanımızın İran-fars despotizmi altında inləyən  bir ərazisində Allahın hər bir insana olduğu kimi bizə də verdiyi haqlar rejimin ayaqları altındadır. Soydaşımız  haqsızlıq məngənəsində, ədalət cəngindədir. Qutlu bir savaş gedir. Gah coşur, gah səngiyir. Görək kim kimi yordu. Haqsızmı yoruldu, haqlımı geri durdu. Haqsız qələbə çalmaz haqlı davasında halal olsa. Halal haqlıları Allah darda qoymaz.

Görünür, o tayda bıçaq sümüyə dirənib. Bu, ondan bəlli edir ki, havamız  yasaq edilib.

Yarım bu tayda qaldı,

Yarım o tayda qaldı,

Toyum burda çalındı

Yarım o tayda qaldı.

Demək, Təbrizdə, Miyanada bu havalar yasaq, bu sevdalar izinsiz...

Təbriz üstü Miyana,

Gül sünbülə dayana,

Ya sən keç gəl bu yana

Ya mən gəlim o yana.

Amma  buna dözmək də olmaz. Bu qədərinə səbr etmək də olmaz, anam.

Fars şovinizmi bu həddə yüksəlibsə görünür axırı çatıb, canbəsər olub, içinin son xıltını atır.

Deyirəm, durum Güneyə bir məktub yazım. Anam-atam, canım-qardaşım, yavrum-gülüm -  Təbrizim, deyim. Deyim ki,  sən dözümlü ol, sən səbirli ol. Səbrli olmaq məzlum olmaq deyil, məqamını yaxalamaqdı. Işin çəmini bilmək, gerisini, irəlisini sezməkdi. Harda susub, harda söyləməsini bilməkdi. Dözümlü olmaq canınla, qanınla haqqa tapınmaqdı. Haqq yoldan geri durmamaqdı. Haqq yoldan geri durmamaq Allaha sarılmaqdadı. Sən səbrli ol, sən dözümlü ol. Sən səbrin və dözümünlə qutlu savaşlarda ol.

Durum Güneyə bir məktub yazım. Deyim ki...