Eluca Atalı
(Şəmsəddin
Kuzəçinin "Kərkük soyqrımı" kitabı
Kərküklülərə qoyulmuş abidədir)
Kuzəçi Ş.Kerkük soyqırımları (İraq Türklərinin
Uğradığı Katliamlar. 1920-2003)- Ankara, Tenko ED yayımları,
2004.-487s.
Azərbaycan türklərinin böyük filosofu Asif Atanın belə
bir fikri var: "Vətən üçün yaşamaq, Vətən
üçün ölməkdən çətindir!"
Yaşamaq həm də yaratmaqdır. Biz "qurban olum!"-
deyirik. Amma qurbanlıqda artmaq yoxdur. Qurbanlıq-fəda
getməkdir.
Hansı türk fikirləşir ki, Qarabağ problemi Azərbaycan
üçündür, o, köklü şəkildə səhv düşünür.
Azərbaycanlılar Qarabağda tək erməni ilə döyüşmədilər.
Bütün dünya bizə qarşı oldu.
Bu gün türkün Güney Azərbaycan problemlemi var - hansı ki, bölünməsi
ilə Qarabağ işğalı başlanmışdır. Bütövləşməsi
ilə də bu ləyaqətsiz əsarətdən qurtaracağıq.
Bu gün ruslaşmış Orta Asiya, kimliyindən ayrılmış,
yaddaşını unutmağa vadar edilmiş Sibir , Altay türkləri
var..." Var"-deməklə inamımıza söykənirik.
Əslində "var olmaq!" özünə hakim olmaq deməkdir.
Hər halda millətin öz dilində danışa
bilməməsi, doğma dilin kəlmələrini anlamaması
varlıqdan nişan vermir. Ha desək də, oyanış var,
psixamızda olan manqurtlaşma fəlakətindən yaxa qurtara
bilmirik. Bu yerdə qısa bir arayış vermək
istəyirəm. 2004-cü il dekabrın 30-da professor Elçin İsgəndərzadə
Bakıdakı "Anar" restoranında Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibəti ilə tədbir təşkil
etmişdi. Burda təkcə Azərbaycanda yaşayan
Azərbaycanlılar deyildi: eyni zamanda İngiltərədə
yaşayan Kərküklü bəstəkar Seyfəddin Çaxmaqçı,
Qırğızıstan Respublikasının Yazıçılar
Birliyinin rəhbəri xalq şairi Nadir bəy Alimbəyov
və digər ziyalı qonaqlar toplanmışdı. Qırğız
qonağımıza mükafat təqdim edən yazıçı Anar
Azərbaycan dilində məclisi salamlayandan sonra, hamının
başa düşməsi üçün "mən Ana dilində danışacam"
- dedi. Bu zarafatla deyilmiş cümlə idi. Əslində bütün
zarafatlar, komediyalar hadisənin öz mahiyyətinə çata
bilməməsindən yaranır. Anar müəllim rus dilində
danışdı və məclisdəki türklər də
bir-birini "başa düşdülər".
Müasir türklərin bir fəlakəti də iki türk aydınının
bir-biri ilə ortaq dil olaraq rus dilində danışmasıdır.
Azərbaycanlıların oxuyub başa düşməsi üçün N.
Alimbəyin şeir kitabı rus dilindən Azərbaycan dilinə
tərcümə olunmuşdur. Mən onu oxudum və burda qədim
qırğız dastanı "Manas"ın ümumtürk
abidəsi ağsaqqallıq rəmzi olan "Kitabi-Dədə
Qorqudun müasir dövrdə izini gördüm. Ruhum dilə gəldi,
əlimə qələm alıb kitaba rəy yazdım, "Çiçəkləri
incitməyin" adında. Azərbaycan dilində yazdım,
amma Qırğızların da oxuyub başa düşməsi
üçün rus dilinə gürcü rəfiqəm Anna Bartkulaşvili
tərcümə etdi.
"Azərbaycan, Qırğız, Türkmən, Qazax hamısı
bir boydandır"-məşhur mahnının sözlərində
olduğu kimi. Həm də ürəyimizi riqqətə
gətirən mahnının sözlərindən...
Bugünkü türklərin təəssüf ki , sayı görünür, boyu ,
birliyi yox. Fəlakətimizin çox səbəbləri var. Açıb
saysaq, məqaləmizi ağlaşma notları üzərində
qurmuş olarıq. Açmasaq da, yekə düyün olub içimizi ağrıdacaq.
Elə deməməkdənsə, demək yaxşıdır.
Bəlkə deməklə çıxış yolunu tapdıq.
Bəlkədən uzaq , elə inanaq ki, tapaçağıq.
Türk fəlakətinin bir ucu da türkün fitrətindən doğur
- o, biclik bilmir. Siyasi dünya biclərin meydanıdır. Orda
birsifətliyə yer yoxdur. Türksə tarixən binövrədən
birsifətli olub.
Tariximizi bilirik və bildiyimizi sabahımıza tətbiq
etməliyik. Fəlakətli bu gün üzərində sabah qura
bilmərik.
Türk sabahını qurmalıdır- ümumtürk birliyi əsasında.
Onun yolunu Asif Ata belə göstərmişdir. Turançılıq
ideyada yox, əməldə gerçəkləşməlidir.
Nə də xx əsrin əvvəllərində bəzi türkçülərimizin
arzusunda olduğu kimi, ərazi turançılığı reallaşa
bilməz. Bu absurtdur. Düyaya cavab vermək üçün yalnız və
yalnız türk birliyi gərəkdir: Bunu Asif Ata aşağıdakı
dördlüyün əsasında görürdü:
1. hərbi
2. siyasi
3. iqtisadi
4. mədəni
Nə Qərbin yaratdığı Avropa birlikləri, nə
də Şərqin birlik arzusu ilə yaratdığı İslam
Ölkələri Birlikləri türkə gün ağlamadı.
Türkün yeri Şərqdir, amma müasir dünyanın Şərq guşəsində
də təəssüf ki, türk təkdir. Hər-halda türkün
qorxusundan tikilmiş Çin Səddini müasir Çinlilər nəinki
unudub, əksinə gözdağı kimi qoruyub saxlayıblar
və hələ də qoruyacaqlar.
Mən türkü Şərqə, nə də Şərqi türkə
düşmən cildində təqdim etmək fikrində
deyiləm. Sadəcə bütün dünyanın bir havaya -Amerikan havasına
oynadığını dərk etmək lazımdır.
Türk hansı "birliklərə" girsə də, orda öz
yalqızlığını görəcək. Buna birinci və
əsas səbəb dünyanın türk qılıncının qüdrətini
unuda bilməməsidir.
Biz türklər psixoloji baxımdan heç kəsin yaddaşına
zor edib nə keçmişini silə bilərik, nə də onu
unut əmri verə bilərik. Nə də keçmişimiz əks
olunmuş tarix kitablarını
səhifələyə-səhifələyə
vərəqləyib şan-şöhrət axtara bilmərik. Düzdür,
tarixini bilmək insana qürur verir. Amma unutmayaq ki, türk bu
qələbələri qılıncla qazanmışdır.
Əsl kişilik meydanı olan üzbəsurət döyüşdə.
Türk o zaman məğlub olmağa başladı ki, odlu silah çıxdı.
Çünki odlu silah üzbəsurət döyüş tələb etmirdi. Gücsüzün
güclünü, zəlilin igidi öldürməyə qadir olduğu halda
meydan gərək olmadı. Türksə fitrətən meydanı
sevib.
Müasir Kərküklülər açıq döyüş meydanındadırlar.
Müasir Kərküklülər dünyada təklənmiş tüklərin,
Şərqdə Şərqlilər əlində əzilməsinin
bariz nümunələridir.
Türkün türkə sevgisi bütöv olanda Türk Birliyi yaranacaq.
Şəmsəddin Kuzəçinin "Kərkür soyqrımları"
kitabı türkün təkcə cisminin, nə də
maddi-mədəniyyət abidələrinin yox edilməsi deyil.
Türk mənəviyyatının əsir olmasının sübutudur.
Düşmənə nifrətimiz bütöv olmalıdır.
Türk öz iradəsini ortaya qoymalıdır.