İnkişafda olan ölkələrin qarşısında maneələr

Babək Azəri   hüquqçu

Çox təəssüf, bəzi milli fəallar iqtisadi inkişafa elmi baxmırlar və elə fikirləşirlər ki, Güney Azərbaycanın müstəqil olması neft gəlirindən istifadə etməməyə səbəb olacaq. Nəticədə bunun Güney Azərbaycan üçün faciə olacağını güman edirlər. Məsələyə bu cür baxış elmi yox,  adi baxışdır. Hadisələrdə dərinə gedə bilməməkdir. Mövzunu açamaq üçün mən çalışmışam iqtisadi inkişaf və tərəqqi ilə əlaqədar bəzi elmi izahatlar verim.

Təxminən XX əsrin ortasında inkişafdan qalmış və inkişafda olan ölkələr iqtisad və sosioloq alimlərin xüsusi diqqət mərkəzində olmuşdur. Bunun da əsl səbəbi bu ölkələrdə yaşayan millətlərin tərəqqiyə göstərdiyi həyəcan və maraqdan irəli gəlmişdir. İqtisad elmində yeni bir sahə yaranmışdı ki, buna da "inkişaf iqtisadı" adlanır. Bu yeni elm sahəsinin əsl məqsədi inkişafdan qalmış və inkişaf edən ölkələrin qabağında olan maneələri araşdırıb və onları tanımaqdan ibarət olmuşdur.

Təqribən 50 il olar ki, Asiyada, Afrikada və Latın Amerikasında bir çox ölkələr çalışdılar Qərb ölkələri kimi inkişaf etmiş ölkələrə çevrilsinlər. Amma əməldə çox az nümunələr var ki, buna müvəffəq olublar. Misal üçün, Cənubi Kareya, Tayvan, Sinqapur, müəyyən qədər Türkiyə. Elə bu səbəbə görə, hal - hazırda iqtisad və sosioloq alimlər 50 illik təcrübəni nəzərə alaraq, belə bir suala cavab vermək istəyirlər : Hansı amillər bais oldu, bir çox ölkələr istədiyi inkişaf mərhələsinə çatmasınlar ? Bu suallara cavab olaraq müxtəlif səbəblər göstərilir.

 

Diktatoriya

Bunu unutmamaliyıq ki, Qərbdə olan inkişaf və tərəqqi bir müəyyən siyasi sistemin nəticəsidir. Elmi baxımdan bir sistem müxtəlif hissələrdən təşkil tapır. Hər hissənin müəyyən vəzifəsi var və əgər bir hissə öz üzərinə düşən vəzifəni icra etməsə, bais olacaq sistem bütövlikdə pozula. Misal üçün, bir maşını nəzərə alın onda müxtəlif hissələr var -- bateri, motor, benzin bakı və s. Hər hissənin də müəyyən vəzifəsi var. Misal üçün, əgər bir maşının baterisi olmaya və ya benzinin yerinə onun bakına su tökülə, bu hadisə bais olacaq maşın bütövlükdə fəaliyyətdən qala. Burda yerinə düşəsi bir məşhur sözü xatırlamaq istəyirəm. Deyərlər, bir yerdə Amerikanın siyasi sistemin yaratmaq üçün Amerikalı təfəkkür lazımdır. Çox təəssüf, bəzi müsəlman ölkələrində elə siyasi qüvvələr var ki, Qərbin siyasi sisteminə bir sistem kimi baxmırlar. Fikir edirlər, əgər Qərbdə olan siyasi sistemindən demokratiyanı götürüb yerinə diktatoriya qoysalar, iqtisadda, təlim - tərbiyədə və s. də həmin nəticəni alacaqlar ki, inkişaf etmiş ölkələrdə alınıb. Bu elmi baxımdan qeyri - mümkündür və təcrübə də bunun əksini nişan verir. Misal üçün, Rza şah İngiltərənin yardımı ilə İranda hərbi çevriliş vasitəsi ilə bir totalitar və sülalə rejimin bərpa etdi. Amma eyni halda, İranda iqtisadi, mədəni və idarəetmə sturukturun Qərb ölkələrindəki sturuktura oxşar yaratmaq istəyirdi və özünü də yeni, moderin İran qurucusu adlandırırdı. Ondan sonra onun oğlu Məhəmmədrza Pəhləvi də bu siyasəti apardı. Və onların təqribən 50 illik hakimiyyətinin nəticəsi rüşvət, korrupsiya, büdcənin oğurlanması, büdcəninn ədalətsiz bölünməsi, müstəqil və azadfikir insanların həbs, işgəncə, edamı ilə özünü göstərdi. Hər yerdə 3 kəlmə gözə dəyirdi : " Allah, Şah, Vətən! " Ən azı istəmirdilər yazalar : "Allah, Vətən, Şah." Çünki Vətən olmasa, şahın da mənası yoxdur. Elə bu səbəblər bais oldu ki, İranda yaşayan millətlərin çoxu İranda hakim olan siyasi sistemi Qərb ölkələrin, xüsusən Amerikanın hədiyyəsi bilələr. Və öz ağır durumlarının səbəbkarı kimi onları təqsirkar hesab edələr. Məhəmmədrza Pəhləvi siyasi partiyaların fəaliyyətinə qadağa qoymuşdu, ancaq bir partiya "Rəstaxiz" adı ilə var idi ki, onun da əsl vəzifəsi şaha yaltaqlıq idi. O, müvəffəq olmuşdu azadfikir və demokratiya tərəfdarların işgəncə, həbs, edam və onlara qarşı nizamlı mənfi təbliğatla passiv edə. Əməldə pəhləvi rejiminə qarşı demokratik alternativ yox idi. Ona görə də, İranda yaşayan millətlər çıxış yolun dində axtarmağa başladılar. Bu vəziyyətdən fanatik dinçi qüvvələr istifadə edib və hakimiyyətə gəldilər.Bütün təcrübələr və araşdırmalar nişan verir bir yerdəki, diktatoriya hakim olur, hakimiyyət çalışır informasiyanın üzərində monopolu ola və onu öz istədiyi kimi formalaşdıra və yönəldə. Bundan da əsl məqsəd özünün hakimiyyətdə olmağına haqq qazandırmadır. Bu davranış Qərbdə hakim olan siyasi sistemlərin tanınmış təməlinə ziddir. Qərbin inkişaf tapmış ölkələrində azad şəraitdə informasiya yaranır, islah olur, kamilləşir və nəhayət tərəqqiyə səbəb olur. Diktator rejimlər informasiyanın üzərinə monopol qoymaqla ictimaiyyətdə sağlam rabitəni qeyri - mümkün edirlər. Çünki bu cür yerlərdə insanlar isdedadları və qabiliyyətləri əsasında yox, əslində bir nifuzlu dövlət adamının tərəfindən dəstək olmaları ya onlara rüşvət verib və yaltaqlıqla imkanları var cəmiyyətdə yüksək status qazanalar.

Bu günkü İranda yaltaqlıq şeirdə, yazılarda, təlim - tərbiyətdə, xüsusən informasiya vasitələrində adi bir şey sayılır. Bu da öz yerində səbəb olub yaltaqlıq bir rəftar norması kimi hətta küçə - bazarda belə adamların hərəkətində açıq - aydın gözə çarpır. Tarixçi alim Cems Moriye təqribən iki əsr bundan qabaq öz kitabında belə yazır : "İran yeganə ölkədir ki, küçə - bazarda adamların dilindən dəfələrlə "nökərəm", "qurbanam", "ayağının torpağıyam", "bəndəyəm" və s. eşidilir. Bu sözlərin yazılmasından iki yüz il keçsə də, bu mövzu ilə əlaqədar İran ictimaiyyətində bir ciddi dəyişiklik baş verməyib. Bu günkü İranda da diktatoriya istər pəhləvi və ya indiki hakimiyyət dövründə bais olub yaltaqlıq bir rəftar norması və fərdlərin tərəqqi vasitəsi kimi ictimaiyyətdə özünə əhəmiyyətli bir yer ala. Pəhləvi dövründə seminarlarda, konfranslarda, dərs siniflərində və s. yerlərdə fars şairi Firdosinin bir şerindən "şah" beytin çıxışçıların başı üzərində yerləşdirirdilər : "Ya Allahın fərmanı, ya şahın fərmanı!" İndiki hakimiyyət dövründə də bəziləri birdən - birə iddia edirlər Xomeyninin şəklini səmada zühur edən Ayın üzərində görürlər. Bu xurafat da mediya vasitəsi ilə yayılır. Xomeyni "Zamanənin İmamı", "İmam Zamanın varisi", "Şərəf, İnsaniyyət və Rəhmətin bariz nümunəsi " sayılır. Amma bunu heç demirlər ki, onun fərmanı ilə 1988 - ci ildə iki ayın ərzində təqribən 12 min siyasi məhbus İranda qətlə yetiriliblər. Əslində məddahlıq İranda uzun zaman məişət vasitəsi olub. Şahı və Şeyxi müqəddəsləşdirənlər, məgər onların verdikləri və həyata keçirdikləri kütləvi edamları görmürdülərmi ? Yeri gəlmişkən qeyd edim ki, Firdovsi yaradıcılığında zirvəyə qalxan məddahlıq sonrakı şairlərə örnək olub məktəb şəklini aldı.

Əlbəttə, bunu da qeyd etməliyəm, yaltaqlıqla qədirbilmə iki fərqli anlayışdı və bu iki anlayış arasında fərqi görüb, ayırmaq lazımdır. İnkişaf tapmış ölkələrdə elmi, ədəbi, siyasi, iqtisadi sahələrdə zəhmət çəkən insanlar təqdir olunurlar və onlara dəyərli əməyinə görə mükafat verilir. Bu işin yaltaqlıqla yerdən göyə qədər fərqi var. Misal üçün, imkanı var bir yaltaq adam isdedadı və qabiliyyəti olmadan, ancaq yaltaqlığına görə bir totalitar hakimiyyətin tərəfindən təqdir oluna və mükafat verilə. Amma eyni zamanda bir zəhmət çəkən isdedadlı və qabiliyyətli fərd təqdir və mükafat yerinə ancaq siyasi düşüncəsinə xatir həbsə, işgəncəyə, hətta edama məruz qala. Digər tərəfdən unutmayaq, demokratiyanı inkişaf etməkdə olan ölkələrdə həyata keçirərkən ciddi problemlərlə qarşılaşır. Bir ciddi problem ondan ibarətdir ki, ictimaiyyətin demokratiyaya hazırlığı olmur. Təcrübələr nişan verir bəzi yerdə milli mübarizə və inqilab nəticəsində demokratiya hakim olursa, o yerdə inkişaf yerinə ictimaiyyətdə qeyri - sabitlik yaranır. Hətta Afrikada və Latın Amerikasında raport verilib ki, azad şəraitdə çoxları səs haqqını 5 və ya 10 & satmağa hazırdılar. Başqa bir misalda XVIII əsrdə baş verən Fransa inqilabını araşdıranda görürük ki, inqilabdan sonra azad şərait yaranır, amma inqilabçılar arasında çox ciddi ixtilaflar baş verir və müəyyən prinsiplərdə bir fikrə gələ bilmədikləri üçün əməkdaşlıq edə bilmirlər. Nəhayət, inqilab demokratiya yerinə, ictimaiyyətin qeyri - sabitliyi ilə nəticələnir. Bu vəziyyətdən Nopoliyon bəhrələnir, Fransanın imperatoru kimi hakimiyyəti ələ keçirir. Sonra isə Avropanın digər ölkələri ilə müharibəni başlayıb dəhşətli can və mal xəsarətinə bais olur.

Amma eyni zamanda Amerika ictimaiyyətinin demokratiyanı qəbul etməyə qabiliyyəti vardı. Çünki milli qüvvələr bir - biri ilə ziddiyyət yerinə, milli birliyi yaratmağa müvəffəq oldular. Bunun da nəticəsi demokratik federal siyasi sistemin Amerikada bərpası oldu.

İranda Məşrutə İnqilabından sonra azad şəraitdə ciddi fikir ayrılıqları tapılıb və çox dəstəlik yarandı. Misal üçün, Şeyix Məhəmməd Xiyabani 40 yaşında tutulub edam olundu. Səttarxan Ətabək bağında qıçından güllə alıb yaralandı. Elə bu yara da nəhayət onun ölümünə bais oldu. Bağırxan 18 nəfər yaxın silahdaşı ilə Qəsri - Şirin yaxınlığında bir neçə cinayətkar kürd Məhəmmədəmin Talibaninin rəhbərliyi ilə dəhşətli formada qətlə yetirildilər. Beləki, onların malını oğurlamaq üçün başlarını kəsmişdirlər.

Elə bu səbəblərə görə, bəzi alimlər bu fikirdədirlər ki, İran kimi ölkədə demokratik siyasi sistem yaratmaq üçün maddi zəmin lazımdır. Məqsədə çatmaq üçün bir neçə şərtin olmasın vurğulayırlar. Əsas olaraq bunları göstərirlər: Milli demokrat qüvvələrin hakimiyyətdə olması, təlim - tərbiyənin büdcəsi artıb və radikal reformalar həyata keçirmə, mediya vasitələrin genişləndirib və insanlarda ictimai - siyasi məsələlərlə bağlı riyazi məntiq yaratmaq, rüşvət, korrupsiyanı ləğv etmək, büdcənin ədalətli bölünməsi, qanunun ictimaiyyətdə hakim olması və ayrı - seçki qoymadan qanun əsasında cəzalandırıb, elə onun əsasında da mükafat vermə və s. Bütün bu saydıqlarımız inkişafda olan ölkələrdə əgər həyata keçirilərsə, hakimiyyətlə millətin arasında inam yaranar və siyasi reformalara imkan yaradar, nəhayət, ictimaiyyətdə demokratik qabiliyyəti yüksək səviyyəyə qaldırar.

Asiyanın Şərqində yerləşən Cənubi Koreya, Sinqapur kimi ölkələr Yaponiyanı özlərinə nümunə sayıb və Asiyada ikinci möcüzənin həyata keçməsinə nail oldular. Yəni, Yaponiyadan sonra, Asiyada Qərbin inkişaf tapmış ölkələri kimi meydana çıxdılar. Türk və islam dünyasının bariz nümunəsi bu gün Türk Cumhuriyyətindən ibarətdir.Türkiyə bir dövr də müvəffəq olub mədəni, siyasi, iqtisadi reformalar aparıb və məntiqli şəkildə ictimaiyyətdə demokratiyanı yüksək səviyyəyə qaldırıb.

Xarici amil

Əldə olan son 50 illik təcrübə sübut edir inkişaf etmiş ölkələr inkişafda olan ölkələrin tərəqqi prosesində çox əhəmiyyətli rol oynayırlar. Cənubi Koreya, Sinqapur, Tayvan və müəyyən qədər Türkiyə kimi ölkələr dünyanın inkişaf etmiş olkələri ilə yaxından mədəni, siyasi, iqtisadi əlaqələr yaradıb və onlarla əməkdaşlıq nəticəsində öz siyasi, mədəni, iqtisadi reformaların həyata keçirməyə müvəffəq olmuşdurlar. Biz istəsək də, istəməsək də dünyada olan sərmayənin çoxu və yüksək səviyyəli texnologiya inkişaf etmiş ölkələrin əlindədir. Elə bu səbəblər bais olub Çin kimi 1 milyard 300 milyon əhalisi və nüvə silahı olan bir ölkə Qərblə düşmənçiliyi qırağa qoya. Çin xüsusən son dövrlərdə Qərb ölkələrinə yaxınlaşmaqla müvəffəq olub oradan texnoloji avadanlıq və sərmayə əldə etsin. Məlumat üçün qeyd etməliyəm, uzun müddət Çinin xarici siyasətində kommunist ideologiyası hakim idi və Qərb ölkələrinə imperialist ölkələr kimi baxırdı. Elə bu səbəbə görə də, onlarla ziddiyyət xarici siyasətində əsas rol oynayırdı. Amma üstə qeyd etdiyim kimi son zamanlarda Çinin xarici siyasətində kommunist ideologiyasının yerinə milli mənfətlər mərkəzdə olmaqla, elmi təfəkkür hakim olub. Əlbəttə, hələ də bəzi ölkələr Şimali Koreya və ya Kuba kimi xarici siyasətləri kommunist ideologiyasının təsiri altındadır. Bu təfəkkür bais olub Qərbi imperialist bilib və onlarla sağlam rabitəyə inanmayalar.

Alimlərin nəzərinə görə, elə bu xarici siyasət adın çəkdiyimiz ölkələrin tərəqqi prosesində əsl maneə olub. Bəzi ölkələrin də xarici siyasəti İranın xarici siyasəti kimi Qərblə tam ziddiyyət təşkil edir. Xomeyni bir məşhur çıxışında Amerikanı " böyük şeytan" adlandırırdı. Bu gün İranda Amerikanın bayrağın yandırmaq və bəzi hərbi nümayişlərdə onu tapdayıb keçmə, dövlət radio - televiziyasında Qərb ölkələrini balaca, böyük şeytanlar kimi təqdim edib onların əleyhinə şüarlar vermə adi hala çevrilib. İranın dinçi hakimiyyəti bir ölkəni şeytan adlandıranda onun yüksək səviyyədə nifrətindən nişan verir. Çünki dini düşüncənin əsasında şeytanla mübarizə aparmaq hər bir müsəlmana vacib sayılır. Bu səbəbə görə İran hakimiyyətinin təqribən 28 illik ömründə müxalif siyasi fəallar Qərb ölkələrinin, xüsusən Amerikanın casusu kimi ittihamlanıblar. Hətta Güney Azərbaycanda 2006 - cı il may ayında Milli Qiyam baş verəndən sonra İran rejiminin ideoloqları iddia etmişdirlər ki, Amerikanın neçə milyon dollar xərcləməsi bu qiyama səbəb olmuşdu. Bu xarici siyasət İrana hansı ziyanlar vurduğunu düşünmək üçün kafidi Türkiyəni qoyasan İranın yerinə. Əgər Türkiyə İranın xarici siyasətin aparsaydı, bu gün onun necə pis vəziyyətdə ola biləcəyini düşünmək çətin deyildi. Misal üçün, bu yerdə Yaponiyanı nəzərə alaq. II dünya müharibəsində Amerika Noqasakiyə və Xirosimianı ...atom bombası ilə bombaladı. Yaponiya təslim olandan sonra, Amerika Yaponiyaya Ana yasa yazdı. Bunlar Yaponiyada Amerikaya qarşı nifrət siyasətinə bais olmadı. Çünki bu nifrət siyasəti onların milli mənfətlərinə uyğun deyildi. Yaponlar öz milli mənfətlərin nəzərə alaraq, Amerika ilə əməkdaşlıq və yaxın əlaqəni məsləhət gördülər. Deyirlər, Yaponiya əgər silahlı savaşda məğlub olsa da, amma iqtisadi və texnika savaşında ona qalib gəlib öz intiqamın aldı. Bu gün Amerikalıların çoxu yapon məhsullarından faydalanırlar. Yaponiyanın Amerika ictimaiyyətində bir iqtisadi güc kimi çox böyük nüfuzu var. Başqa misalda Avropa ölkələrini nəzərdən keçirək. II dünya müharibəsində bu ölkələrin arasında bir dəhşətli müharibə baş verdi. Milyonlarla insan öldü və şəhərlər xaraba qaldı. Amma bu da nifrət siyasətinə bais olmadı. Nəhayət, Avropa Birliyi yarandı. Almaniya, İngiltərə, Fransa və İtaliya kimi sabiq düşmənlər Avropa Birliyində birləşdilər. Əlbəttə, bunu da unutmamalıyıq, tamam təcrübələr nişan verir bir ölkənin xarici siyasəti onun daxili siyasətindən asılıdı. Bir yerdə ki milli ..demokrat qüvvələr hakimdirlər və millətə açıq - aydın formada hesabat verirlər, onlar xarici siyasətlərində Qərb ölkələri ilə sağlam rabitəni qurmağa müvvəfəq olurlar. Amma bir yerdə ki totalitar qüvvələr hakimdirlər, onlar açıq hesabat vermədən çəkinib və öz millətindən qorxurlar. Buna görə də, uzun müddət qüdrətdə qalmaq üçün hətta xarici ölkələrə iqtisadi, siyasi bac da verirlər. Bu halda inkişaf etmiş ölkələrlə yaxın əlaqə tərrəqi yerinə onun qarşısında maneə çevrilir. Misal üçün, Məhəmmədrza Pəhləvi Amerikanın yardımı ilə İranda Müsəddiqə qarşı hərbi çevriliş vasitəsi ilə hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə İranın Qərb ölkələri ilə, xüsusən, Amerika ilə yaxın rabitəsi vardı. Amma bu yaxınlıq İranda texnikanın, sənət və iqtisadiyyatın inkişafına bais olmadı. Əməldə İran Qərb ölkələrinə istehsal olan məhsulların bazarına çevrilmişdi. Elə bu da uzun zaman İran sərmayəsinin hədərə getməsinə səbəb oldu. Nəhayət, o gün ki, Amerikalılar Məhəmmədrza Pəhləviyə dedilər : "İranda sənin təhlükəsizliyini qorumaq olmaz". Bundan sonra, o, ağlaya - ağlaya öz ölkəsin tərk etməyə məcbur oldu. Elə bu səbəbə görə, yəni xarici ölkələrin tərəqqi prosesində müsbət və ya mənfi rol oynamaları bais olub ki, modern diplomatiya və diaspora fəaliyyəti çox əhəmiyyətə malik ola.

 

Sərmayə

Bəzi iqtisad və sosioloq alimlər fikir edirdilər inkişafda olan ölkələrin qarşısında əsl maneə sərmayənin azlığıdır. Amma keçən 50 illik təcrubə nişan verir sərmayənin azlığı tərəqqi prosesində əsl maneə deyil. Misal üçün, 1973 - cü ildən neftin qiyməti sürətlə artmağa başladı. Bir ildən az müddətdə neftin qiyməti on bərabər artdı. İranın neft gəliri 2 milyard dollardan 20 milyard dollara yetişdi. Amma bu sərmayənin çoxluğu İran iqtisadiyyatının və texnikasının inkişafına bais olmadı. Lakin Cənubi Koreya və Sinqapur kimi ölkələrin neft qaynaqları yoxdur, hətta onu almaq üçün büdcədən pul ayırırlar. Bütün bunlara baxmayaraq, tərəqqi və inkişaf prosesinə müvəffəq oldular. Əlbəttə, son zamanlarda fabrik və zavodlarda elektronik beyin, yəni bilgisayardan geniş formada istifadə olunur. O da öz yerində fabrikdə istehsalın sərmayədən asılılığını azaltdı. Əgər keçmişlə müqayisə etsək, hal - hazırda istehsala sərf olunan zaman azalır, eyni halda kəmiyyət və keyfiyyət də çoxalır. Digər tərəfdən xammal və istehsal olan məhsullar keçmiş zamandakı kimi uzun zaman anbarlarda saxlanılmır. Xammaldan fabrikdə sürətlə istifadə olunur və istehsal olan məhsul da tez bir zamanda bazara çıxarılır. Bu da səbəb olur balaca anbar və az işçi ilə işi sona çatdıralar.Belə olan halda həm də, başqa sözlə desək, az sərmayə ilə iş başa çatır. Avropada satılan soyuducu, paltar yuyan maşın və ev üçün lazım olan digər maşınların təqribən 10 % İtaliyada yerləşən Merloni fabrikində istehsal olur. Bu müəsissənin sahibi Vittorio Merloni deyir : " Yeni texnika bais olub keçmişdə çox sərmayə ilə başa gələn iş, hal - hazırda az sərmayə ilə başa çatır. Bunun mənası odur ki, yeni texnika yoxsul ölkələrə az sərmayə ilə tərəqqi imkanı yaradıb."

Ekologiya

Bəzi alimlərin nəzərinə görə, ekoloji şəraitin insanların şəxsiyyətinin formalaşmasında çox əhəmiyyətli təsiri var. Onların nəzərinə görə, əgər bir yer quraqlıqdı, su azdı, ətraf mühiti qəhvəyi rəngindədi -- bu cür yerdə yaşayan insanlar xarakter baxımından tünd və səbrsiz olurlar. Onlarla iş birliyinə girmək çox çətin olur. Amma bir yerin ki, ətraf mühiti yaşıldı və su çoxdu, orada yaşayan adamlar ümumi halda xasiyyət baxımından sakit və səbrlidirlər. Onlarla kollektiv iş rahatdı. Misal üçün, Yaponiyanın ətraf mühiti yaşıldı və su boldu. Elə bu səbəbdən yaponlar çox sakit adamlardırlar. 1549 - cu ildə katolik kilsəsi tərəfindən Fransva Zaviya xristian dinini təbliği üçün Yaponiyaya səfər etmişdir. O öz məktubunda bu barədə belə yazır : "Yaponlar mehriban, səmimi, məsuliyyət hiss edən və elmi çox sevən adamlardılar. Onlar hətta, biz xristianlardan da düzgündülər." Məlumat üçün qeyd etməliyəm, ekoloji şəraiti inkişaf qarşısında maneə kimi təqdim etmə, həmişə çox rezonansa səbəb olur. Bəzi ziyalılar, xüsusən marksistlər onu şiddətlə rədd edib və aldadıcı bilirlər. Hər halda bu nəzərə inananlar onun sübutu üçün bəzi faktlara və elmi tədqiqatlara istinad edirlər.

İnsani qüvvə

 İqtisad və sosioloq alimlərin nəzərinə görə, iş, yəni insani qüvvə inkişaf və tərəqqi prosesində çox əhəmiyyətli rol oynayır. Çünki əməldə insandır ki, sərmayə, xammal, zaman, xarici amil və s. istifadə edir və tərəqqiyə səbəb olur. İş amili o zaman tərəqqi faktoru kimi hesablanır ki, kəmiyyət və keyfiyyət baxımından yüksək səviyyədə olur. Kəmiyyətdən əsl məqsəd odur ki, işçilər məsuliyyət hiss edib ölkənin iqtisadiyyatının inkişafı üçün əgər lazım olsa az gəlir ilə çox işləyələr. Amma keyfiyyətdən məqsəd bundan ibarətdir : yeni idarəetmə üsulu, işçilərin etdikləri iş ilə bağlı dəqiq təlimat görmələri, texnikadan faydalanmaları, cismi, ruhu sağlamlıqları, istehsal olunan məhsulun yaxşılaşması və dünya bazarında rəqabətə girməsi və s. Əlbəttə, son illərdə istehsal prosesində robortdan və bilgisayardan çox geniş formada istifadə olunur. Elə bu da səbəb olub iş kəmiyyət baxımından yox, əslində keyfiyyət baxımından çox əhəmiyyət daşıya.

1983 - 1986 - cı ilə qədər Sinqapurda istehsal 50 % artmışdı. Bunun səbəbi iş, yəni insani amil olmuşdur. Avropa və Amerikada həftədə 40 saat iş qanuni baxımdan rəsmi şəkildə tanınır. Amma Yaponiyada 1950 - 1960 - cı ilə qədər hər həftə 50 - 60 saata kimi işləyirmişlər. İqtisad alimlərinin nəzərinə görə, məsuliyyət hissinin yüksək olması və çox işləmə Yaponiya iqtisadiyyatının inkişafında əsas rol oynamışdı. Cənubi Koreya, Tayvan kimi ölkələr Yaponiyanı özlərinə nümunə götürmüşdürlər. Eyni zamanda bunu da anlamışdırlar ki, Yaponiya kimi inkişaf etmiş ölkə olmaq üçün gərək yaponlardan artıq işləyələr. Elə buna görə ad çəkdiyimiz ölkələrdə 5 - 10 saat yapondan artıq çalışırlar və işçilərin gəliri də Yaponiya işçilərinin yarısı qədərdi. Bu siyasət əməldə müvəffəq olmuşdu ki, qeyd etdiyimiz ölkələr inkişaf etmiş ölkələr kimi meydana çıxalar.

Keçmiş 50 illik təcrübə nişan verir İran kimi ölkələrdə iş kəmiyyət və keyfiyyət baxımından çox aşağı səviyyədədir. Elə bu da bais olub iqtisadiyyatın inkişafının qarşısında ciddi maneə yarada. Doktor Çarlz İsavi araşdırma apararaq "Orta Şərqdə sənətin inkişafı" adlı məqaləsində 1905 - ci ildə İrana səfər etmiş İngiltərəli tacirlərin dilindən belə yazır : "İranda iş qüvvəsin əgər Hindistan, Misir və Türkiyə ilə müqayisə edək, çox aşağı səviyyədə və inzibatsızdır." Uzun zaman totalitar rejimlərin İranda hakim olması bais olub İranda işə baxış mənfi olsun. Çünki ümumi halda insanlar öz qabiliyyət və ləyaqətinə xatir yox, əslində hakimiyyətə yaxın və ya uzaq olmaları onların ictimaiyyətdə statusun müəyyən edir. Nəhayət, işə mənfi baxış bir mədni norma kimi ictimaiyyətdə geniş yer alıb. Misal üçün, İranda yaşayan millətlər, xüsusən farsların içində iş ilə bağlı mənfi sözlər dillərə düşüb. Misal üçün, "adam işləməz, traktor işlər", "eşşək kimi dərs oxuyan", "eşşək kimi işləyən" və s.

Mədəniyyət

Son zamanlarada iqtisad, sosioloq və psixoloq alimlərinin çoxunun nəzərinə görə, mədəniyyətin bir ölkənin tərəqqisində digər amillərdən əhəmiyyəti artıqdır. Çünki mədəniyyət bais olur cəmiyyətdə yaşayan hər bir fərdin zehnində dünyadan anlayış ola və o anlayışın əsasında əməl edə. Mədəniyyət nədir ?

Dünyanın çox ölkələrində bir fərdi mədəniyyət naziri kimi seçirlər. Ümimi halda mədəniyyət nazirliyinin nəzarəti altında olan sahələr bundan ibarətdirlər -- teatr, musiqi, ədəbiyyat, incəsənət və s. Amma unutmayaq, mədəniyyət ancaq bu sahələrdən təşkil tapmır, əslində çox geniş məna daşıyır. Sosioloqlar yaxşı bilirlər ki, bir fərdin bir ölkənin mədəniyyəti ilə bağlı məsuliyyət daşımağı mümkün deyil. Bu günə qədər mədəniyyət haqqında təqribən 200 - dən artıq tərif deyilmişdir. Ən çox qəbul olunan tərif mədəniyyəti belə izah edir : " Mədəniyyət bir sira insanların müştərək yaşayış formasından ibarətdir." Mədəniyyət din, tarix, ənənə, ədəbiyyat, təlim, tərbiyət və s. sahələrdən təsir alır və formalaşır.

Mədəniyyət yaşayış forması kimi müxtəlif normalardan təşkil tapır və cəmiyyətdə rəftar bu normaların əsasında həyata keçir. Biz bu normaların bəzilərin bilə - bilə həyata keçiririk. Misal üçün, yas və ya şənlik mərasimində geydiyimiz paltarı və dediyimiz sözləri seçirik. Amma çoxlu normalar var biz onları avtomatik ( yəni öz - özünə ) icra edirik. Bizim rəftarımızdan bu hal avtomatik rəftar adlanır. O da insan beyninin strukturundan asılıdır. Misal üçün, bir yaşlı və xəstə adama avtobusda öz yerimizi verməkdə avtomatik reaksiya nişan veririk. Ya təcavüzə qarşı reaksiyamız bir avtomatik reaksiyadı. Elə bu səbəbə görə, yəni rəftarımızın çox halda avtomatik olduğu üçün bizə öz mədəniyyətimizi izah etmək çox çətindir. Alimlər bir millətin mədəniyyətin araşdıranda ümumi halda birinci halda o millətə aid olan təlim və tərbiyəni araşdırırlar. İnkişaf tapmış ölkələrin mədəniyyətində materialisti təfəkkür özünə çox geniş yer alıb. Bu ölkələrin yurddaşlarında sərvətli olma və ölkənin ən çox maliyyət verəni sayılma bir müştərək arzu sayılır. Amma İran kimi ölkələrdə maddiyyat və dünya malı həmişə dində, şeirdə, ədəbiyyatda, yazılarda pislənir və ona əl çirki kimi baxılır. Dünya bir müvəqqəti yer kimi təsvir olunur ki, biz bu yerdə gəlib - gedən müsafirlərik. Buna xatir dünya və maddiyyat yerinə axirətə, yəni əbədi olana fikir eləməliyik. Elə bu mədəni norma misal üçün bais olub İranın çox yerlərində şeir gecələri təşkil edilir, bu yerlərdə emosional şeirlər oxunur və hətta bəzən hissiyyat qalib gəlib birlikdə ağlayırlar. Əgər diqqət etsəniz vaxt, yer və insani qüvvə boş - boşuna hədərə gedir. Bu da iqtisadi məntiqlə daban - dabana ziddir. Başqa misalda İran kimi ölkələrdə işə kişi mərkəzli baxış hakimdir. Çox kişilər var ki, qadının işin ancaq mətbəxdə və uşaq saxlamada görürlər. Hətta bəziləri evlənəndə qadının ictimai yerlərdə işləməməsin şərt qoyurlar. Bu da iqtisadi məntiqlə uyğun gəlmir. Çünki hər bir ictimaiyyətdə insani qüvvənin yarısın qadınlar təşkil edirlər. Onları passiv edib və ayrı - seçkiyə məruz qoyma bais olur insani qüvvə kəmiyyət və keyfiyyət baxımından aşağı düşsün. Hətta işə fərdi halda və kollektiv halda mənfi münasibət var. Sadə şəkildə bu cür demək olar : İran kimi ölkədə işləyirlər yaşamaq üçün, amma inkişaf tapmış ölkələrdə yaşayırlar işləmək üçün.

"İnkişafda olan ölkələrin qarşısında maneələr" mövzusunda olan məqaləmdə inkişafın qarşısın kəsən bəzi məsələlərə toxundum. Əsasən insani qüvvə, mədəniyyət, sərmayə, xarici amil, diktatoriya, ekologiya məsələlərinə müəyyən qədər də olsa yer ayırdım. Amma qeyd edim ki, bu başlıqda olan mövzunun əhatə etdiyi sahələr daha genişdir. Bu haqda dünyada cild - cild kitab yazılıb və fikir söylənilib. Amma hər Azərbaycan mühiti üçün daha gərəkli olan məqamlara toxundum. Lakin bütün bunlara baxmayaraq, fikrimi bitmiş hesab etmirəm. Əminəm ki, gələcək məqalələrimdə mövzunu daha ətraflı şərh edəcəm və həm də bunu yazmaqla oxucuları fikir mübadiləsinə çağırıram. Əminəm ki, birgə düşünməyimiz ümumi işimizin xeyrinə olar.

 

Qaynaqlar:

1. Alvin and Heidi Toffler Turner Publishing. Creating a New Civilization.- Atlanta, 1995.

2.Gillis Herlitz. Kulturgrammatik.- Uppsala, 1999.

3. Dok. Əmirbaqir Mədəni. İran iqtisadiyyatının qarşısında maneələr (fars dilində ). - Tehran.