18.10.2007 [05:46]

 

 

“18 OKTYABR PEŞƏ BAYRAMI SƏVİYYƏSİNƏ ENDİRİLİB”
Hacıbaba Əzimov: “Müstəqillik tariximizin unutdurulması prosesi gedir”



Bu gün dövlət müstəqilliyinin 16-cı ildönümüdür. 16 il əvvəl Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Sənədi hazırlayan və onu tribunadan maddə-maddə səsə qoyan sabiq deputat Hacıbaba Əzimov olub. Bu tarixi məsuliyyəti öz üzərinə götürmüş H.Əzimov əvvəlcə təvazökarlıq etdi.
“Qətiyyən iddia etmirəm ki, dövlət müstəqilliyi haqda Konstitusiya Aktı yalnız mənim əməyimin məhsuludur. Onun ortaya çıxması və nəhayət, parlamentdə qəbul olunması 1990-cı ilin oktyabrından Ali Sovetdə vətənpərvər deputatlardan ibarət Demokratik Blokun mübarizəsinin bəhrəsidir. Mən Demblokun müstəqillik barədə təkliflərini komissiya sədri olaraq sadəcə ümumiləşdirdim və qələmə alıb sənəd şəklinə saldım. Bu, Allahın verdiyi qismət idi ki, Azərbaycanın dövlət müstəqilliyinin qəbulu kimi tarixi işdə mənim də iştirakım olub. Bununla fəxr edirəm”.
H.Əzimova görə, bu sənəd o zaman müstəqilliklə bağlı qəbul edilən sənədlərin ən mükəmməli olub: “Məhz bu sənədin prinsipləri əsasında 1995-ci ildə yeni Konstitusiyamız qəbul olunub. Ancaq təəssüf ki, çoxlarının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının məzmunundan xəbəri yoxdur. Çünki o, çap edilib təbliğ olunmur, ali və orta məktəblərdə öyrədilmir. Məqsəd məlumdur. 18 oktyabr Dövlət Müstəqilliyi Gününün unutdurulması prosesi gedir. Keçən il qərar verdilər ki, 18 oktyabr bayram olaraq qalır, ancaq iş günüdür. Dünyada analoqu olmayan dəhşətli faktdır ki, ölkənin dövlət müstəqilliyi kimi önəmli bayram bizdə peşə bayramı səviyyəsinə endirilib. Bu, Azərbaycana utanc gətirən faktdır. Bunu da düşmən ölkələrlə və düşmən millətlərlə əlaqəsi, qohumluğu olanlar etdilər”.
Etibar SEYİDAĞA