DAK-ın İdarə Heyətinin üzvlərinə

 

Əziz dostlar! Ortada inam olmasa işləmək mümkün deyil. Biz bir-birimizə inanmalıyıq. DDAK-ın və digər diaspor təşkilatlarının bizim təşkilata birləşmə ilə bağlı söhbətləri  bu dialoqlar qaçılmazdır. Bu bizim təşkilatımızın birləşdirici güc olduğunu, qanımıza işləmiş xırdalıqlardan xilas olmaq üçün yol axtarmağı göstərməklə, həm də güneyli qardaşlarımızın birlik istəyidir. Nəticə nə olacaq deyə bilmərəm, ancaq biz hər cür müzakirəyə açıq təşkilatıq.  Öz qardaşlarımızdan düşmən yapa-yapa böyüyüb irəli gedə bilmərik. Bu mənada, professor Qulamrza Səbri Təbrizinin birləşmək istəyini top-tüfənglə qarşılamaq lazım deyil. Onun birləşmə təşəbbüsü hamıya hörmət gətirən mövqedir. Ancaq təbii ki, danışıqda ehtiyatlı olmalı, DAK-ın və sizlərin hər birinizin rəyi nəzərə alınmalıdır. İnşallah, bu söhbəti üz-üzə görüşüb davam etdirərik.

Bəylər DAK-ın qurultayanı və qərarlarına hörmətlə yanaşmaq bizim borcumuzdur. Sizli-bizli əl-ələ verib növbəti qurultaya qədər DAK-ı ən hörmətli və böyük diaspor təşkilatına çevirməliyik. Məncə, idarə heyətinin indiki tərkibi kifayət qədər güclüdür və buna imkan verir.

Birləşmə təklifi ilə vaxtilə Cavad Derəxti də çıxış etmişdi (əgər xatirinizdədirsə). O vaxt onun təklifi belə qarşılanmamışdır. Bəzi dostlarımız professor Səbri Təbrizidən və Bakıdan gələn bütün təkliflərə şübhə ilə yanaşırlar. Xahiş edirəm bu məsələyə diqqət yetirəsiz. Görün Vətənimiz nə gündədir. Ürəyində zərrə qədər Vətən sevgisi olan hər bir namuslu adam şəxsi problemləri bir kənara qoyub didişməkdənsə milli maraqlar uğrunda mübarizə aparmalıdır. Biz bir yerdə çox çətinliklər adlamışıq və bu dəfə də adlamalıyıq.

 

Sayqılarla

Millət vəkili, DAK sədrinin I müavini

Sabir Rüstəmxanlı

 

 

P.S. Mən bu məktubu Qubaya yola düşməzdən öncə yazdım. Nəzərinizə çatdırım ki, bu gün DAK rəhbərliyi ermənilərin Qubada törətdiyi soyqırım qurbanlarının məzarlıqlarını ziyarət edəcək və həmin gün DAK rəhbərliyi Quba ictimaiyyəti ilə bir yerdə böyük şairmiz Məhəmmədhüseyn Şəhriyarın xatirə gecəsini təşkil edəcək.

 

PP.S. Növbət məktubumda idarə heyəti üzvlərinin bəzilərinin hansı Çirkin oyunlarla məşğul olduğu barədə sizlərə məlumat verəcəyəm.