Güney Azərbaycanın Milli Hərəkatında mütərəqqi fikirli ruhanilərin rolu

 

Babək Azəri   hüquqşünas

Şeyx Məhəmməd Xiyabani din xadimi olsa da,  dünyəvi və demokratik siyasi sistemin tərəfdarı olmuşdur.

 İnsanda ağıl olduğu üçün həmişə çalışır  özündə və ətrafında baş qaldıran  müxtəlif  suallara  qaneedici cavablar  tapa. Elə bu da öz yerində qədim yunan fəlsəfəsinin yaranmasına səbəb olmuşdur. Fəlsəfə sözü yunan sözü olub və ”biliyi sevmək ” mənasındadır. Birinci dəfə  Pythagoras  bu kəlməni işlətmişdi. Ondan soruşmuşdurlar: ”Sən çox bilənsən ? ” Cavab vermişdi : ” Yox, mən filosofam, yəni biliyi sevənəm”.

   Qədim yunan fəlsəfəsi yaranandan bu günə kimi insan suallara elmi cavab axtarır,  daim metafizikaya inananlar və onu inkar edənlər arasında fikir mücadiləsi olmuşdur. Elə bu fikir mücadiləsi yeni məlumatın yaranmasına,  nəhayət tərəqqi və inkişafla nəticələnmişdir. Burada qeyd etməliyəm ki, xurafatı metafizikadan ayırmalıyıq. Metafizikaya Albert Eynişteyin kimi tanınmış alimlər inanmışdırlar.

   Çox təssüf ki, bəzi soydaşlarımız İranda din hakimiyyəti adına yayılan xurafata istinad edib və dini dəyərləri sual altına aparırlar. Digər tərəfdən də İranda bəzi fanatik və geri qalmış qüvvələr materialist təfəkkürü, yəni ancaq maddiyə inanmağı namussuzluq, ailəyə qarşı və s. təfəkkür kimi təqdim edirlər. Tamam təcrübələr nişan verir  ki, mövzuya  bu cür baxış kütləni parçalayıb,  bir - biri ilə üz - üzə qoyar və bununla da  tərəqqi prosesinin qabağında ciddi maneə yaranar. Tərəqqi və inkişafın əsl amili informasiyanın yaranması, onun üstündə mübahisə  olub və islah  edilməsidir.  Elə bu səbəbə görə də,  Qərbin mədəniyyətində pluralizm, yəni siyasi, dini, fəlsəfi və ideoloji dəyərlərin çoxluğunun əsasında qoyulmuşdu. Materialisti və metafiziki təfəkkürün barəsində filosofların və alimlərin fikirləri ilə tanış olanda o zaman insan başa düşür ki, bunlar çox mürəkkəb mövzudurlar.  Bu barədə fikir yürütmək üçün ətraflı məlumat lazımdır. Mövzuya aydınlıq gətirmək üçün yaxşı olardı bir misal çəkək. Bir müddət bundan qabaq İsveçdə nəşr olan bir elmi qəzetdə oxudum ki, İngiltərədə yerləşən qədim bir bina var ki, uzun zaman orada olanların bəziləri iddia ediblər ki, bu binanın müəyyən yerlərində ruh müşahidə ediblər. Bu səbəbə görə bəzi alimlər bu binaya gedib və bu iddialarla yaxından tanış olmuş və dərindən  araşdırmışdırlar. Təhqiqat nişan vermişdir ki, bu binanın o yerlərində ki, ruhun görünməsi iddia olunur, o yerlərdə elektromaqnit dalğaları var. Bu xəbər yayılandan sonra Amerikada bir neçə alim çalışmışdırlar ruh və elektromaqnit dalğalarının bir- biri ilə necə əlaqəsi olduğunu aydınlaşdırsınlar.  Bu işin təcrübədən keçirilməsi üçün bir neçə nəfər könüllü şəkildə razılıq vermişdir. Belə ki, onlar icazə vermişdir beyinlərinə elektromaqnit dalğaları yerləşdirilə. Bu təcrübənin nəticəsi nişan verdi ki, elektromaqnit dalğaları bir həddən üstə gedəndən sonra illuziyaya səbəb olur. Bu da bais olur ki, insan  ruha oxşar təsvirlər görür. Ən maraqlısı budur ki, həm ruha inananlar və həm də ruhu inkar edənlər öz iddialarının sübutu üçün bu təcrübənin nəticəsinə istinad etdilər. Ruhu inkar edənlərin nəzərinə görə, bu təcrübə nişan verdi ki, ruh yoxdur. Əslində bu elektromaqnit dalğalardır ki, illuziyaya səbəb olur. Amma o biri tərəfdən də ruhun vücuduna inananlar, bu təcrübəni ruhun sübutu kimi adlandırdılar. Onların nəzərinə görə ruh bir fiziki vücud deyil. Bu səbəbə görə də insanla əlaqə saxlamaq üçün elektomaqnit dalğalarından faydalanır. Bundan da əlavə alimlər qaneedici izahatlar verə bilmirlər ki, nə səbəbə görə bu qədim binanın ancaq bəzi yerlərində və o da bəzi vaxtlar elektromaqnit dalğaları yaranır.

   Əlbəttə, ruhun ancaq nə olduğu yox, əslində onun harada olduğu da tarix boyu mübahisə mövzusu olmuşdu. Materialist təfəkkürdə qeyri - maddi dünyanın vücudu yoxdur. İnsan öləndən sonra cismi bir maddi varliq olaraq bir formadan digərinə keçir və təbiətdə qalır. Amma ruha inananlar ruh üçün özünəməxsus olan bir dünyanın olduğunu vurğulayırlar. Bu iddianın sübutu üçün qeyd edirlər ki, bizim əlimizdə fiziki varlığı təsdiqləmək üçün 3 ölçü var, yəni  en,  uzunluq və dərinlik. 1915 - ci ildə Albert Eynişteyin nisbilik nəzəriyyəsin nəşr etdirdi və dördüncü ölçü, yəni zaman ölçüsünü də bu siraya saldı. Onun izahatına görə hər hesabatda zaman faktorun nəzərə almalıyıq. Zamanın mütləq mənası yoxdur, o iki amildən, yəni məkan və hərəkətdən asılıdır. Nə qədər biz yerdən uzaq olsaq, zamanın gedişinin surəti  çoxalır. 1962 - ci ildə iki dənə çox dəqiq işləyən saatın birini  hündür binanın başında və o birisin isə binanın aşağısında yerləşdirmişdirlər.  Yuxarıdakı saat zamanın gedişin aşağıda olan saatdan artıq göstərmişdir. Yenə Eynişteynin nəzərinə görə nə qədər hərəkətin sürəti çoxalır, zamanın gedişi də yavaşıyır. Əgər biz müvəffəq olaq işıq sürəti ilə səfər edək, zaman dayanacaq. Hətta, əgər sürətimiz  işığın sürətindən artıq ola, keçmişə də səfər mümkün olacaq. Bu zamanda səfər adlanır.

    Müəyyən təcrübələr nişan verdi ki, sürət zamanın hərəkətin yavaşıdır. Amma insan işıq sürəti ilə səfər edə bilmir, ona görə zamanın dayanması və  keçmişə səfər hələ sübut olunmayıb. Bu nəzəriyyə çox geniş yayılmış nəzəriyyədir və onun əsasında çoxlu elmi fantastik romanlar və filmlər yaranıb. A. Eynişteynin zaman nəzəriyyəsindən sonra bəzi  alimlər yeni nəzəriyyələr irəli sürüb və varlığı tanımaq üçün 11 - dən 42 - yə qədər ölçünün olduğunu qeyd ediblər. Ruha inananlar elə bu nəzərlərə istinad edirlər. Bir İngiltərəli alim deyir: ”Biz insanların en, uzunluq və dərinliyi var. Amma kölgəmiz en və uzundan ibarətdir. Lakin dərinliyi yoxdur. Fərz edin bir başqa kürəyə gedək, orada yaşayan mövcudların ancaq en və uzunluğu ola, amma dərinlikləri olmaya. O bu mənadadır ki, onlara dərinliyin mənası yoxdur, onlar  varlığı dərinlik ölçüsü ilə tanıya bilmirlər və bizləri də kölgəmiz kimi, ancaq en və uzunluğumuzu görəcəklər. Elə ruhun nə olduğu və yaşadığı yerdə bu ölçü mövzusundan asılıdı.” Ruhun  nə olduğu və yaşadığı dünya o ölçülərlə mümkündür ki, o ölçülər bizə biganədir. Və bu gün elmə geniş mənada məlum olan 5 hisslə bu ölçüləri görüb, hiss etmək mümkün deyil. Bəzi alimlərin nəzərinə görə bu cür mövzular paranormal mövzular adlanır,  onları elmi baxımdan qəti formada inkar, yaxud sübut etmək mümkün deyil. Amma bu mövzular hər zaman yeni elmi araşdırmanın mövzusu ola bilərlər.

    Yaponiya 1884 - cü ilə kimi sərhədlərin bağlayıb və özün dünya ictimaiyyətinin gözündən təcrid etmişdir. Amma bu ildə Amerikanın prezidentinin ultimatumu səbəb oldu ki, Yaponiya sərhədlərini Amerika və Avropa ölkələrinin üzünə aça. Avropanın mədəniyyəti Yaponiyanın üzərində çox təsir qoyub və səbəb olmuşdur ki, Yaponda siyasi, iqtisadi, mədəni islahat başlana.  Bu reformanı aparanların bəziləri  modern təfəkkür adı ilə Yaponiyada yaşayış tərzin sual altına aprıb və mədəni, milli, dini, tarixi dəyərlərlə bağlı  şübhə yaratmağa çalışmışdırlar. Elə bu səbəb olmuşdur ki, bəzi samuraylar milli, mədəni, dini, tarixi dəyərləri müdafiə edələr. Məlumat üçün qeyd etməliyəm ki, samuraylar hərbiçi idilər və onların inandığı məfkurədə vətən eşqi, milli dəyərlər, əxlaq və Konfusio təlimi əsas rol oynayırdı. Nəhayət ki, Yaponiyada reforma aparanlar başa düşdülər ki, müasirləşmənin alışdıqları yaşayış tərzi ilə ziddiyəti yoxdur. Elə bu səbəbə görə bu günə kimi Yaponlar öz yaşayış tərzlərin hifs edib və samurayi məfkurəsi öz həyatına davam verdiyi halda, dünyanın ən tərəqqi tapmış və inkişaf etmiş ölkəsi sayılır. II dünya müharibəsi nişan verdi samurayi təfəkkürü nə dərəcədə Yapon ictimaiyyətində güclüdür. Onların iki şəhəri, yəni Xirosimia və Naqasakiyə Amerika tərəfindən  atom bombası ilə bombalanandan sonra Yapon imperatoru Yaponiyanın təslim olması ilə bağlı  bildiriş oxumuşdur. Bu zaman bir neçə min hərbiçi şəmşir ilə intihar etmişdir.  Bu intihar ”haraqiri”, yəni müqəddəs intihar adlanır  və qədimdən qalma samuray  adətidir. Əgər bir samuray  müharibədə məğlub olarsa, müqəddəs intiharla öz həyatına son qoyar. Çəkdiyimiz misallardan bu nəticəni almaq olar ki, Güney Azərbaycanın milli hərəkatında dini kimlik milli kimlik qədər əhəmiyyət daşıyır. İranın fars rejimi dindən sui…istifadə edib və onu milli hərəkatımıza qarşı çıxartmaq istəyir. Unutmamalıyıq ki, Güney Azərbaycanda 2006 - cı ilin May ayında Milli Qiyam baş verəndən sonra İran rejimi öz nəzarəti altında olan mediya vasitələrində milli  fəalları Amerikanın cəsusu kimi təqdim edib və onları islam hakimiyyətinə qarşı olan şəxslər kimi təqdim etdi. Əgər bu faktları nəzərə alsaq, milli hərəkatımızda Hüccətülislam Əzimi Qədim, Heydər Bayat və s. kimi milli ruhlu ruhanilərimizin  dəyəri  məlum olur.

   Hüccətülislam Əzimi Qədim milli hərəkatımızın tanınmış milli ruhlu ruhanisidir. Bu qeyrətli ruhani azadfikirliliyinə və türk olduğuna xatir təhqir, həbs və sürgündə yaşamağa məcbur olmuşdu. Hətta onun ruhani paltar geyinməsinə qadağa qoyulmuşdur. Adın çəkdiyimiz ruhani daim Güney Azərbaycanın insani və mədəni haqlarından müdafiə edib və  Qarabağın işğalı və bir milyona yaxın yurdundan avara düşən qaçqınlar xüsusən onun diqqət mərkəzində olmuşdur.

    2004  - cü ildə  Ermənistandan Ərdəbilə bir heyət səfər etmişdir. Bu səfərə etiraz əlaməti olaraq H.Ə.Qədimi və digər milli fəallar Sərçeşmə məscidində etiraz aksiyası keçirtmişdirlər. İran rejiminin agentləri zorakılıqla Sərçeşmə məscidinə girib milli fəalları çox pis kəlmələrlə təhqir edib, onları döymüşdürlər. Burda hamıdan çox H.Ə.Qədimi təhqir olub və bədən xəsarətinə məruz qalmışdı. Bu hadisədən sonra Sərçeşmə məscidinin adı Ərdəbillilər tərəfindən dəyişilib ”Qarabağ” məscidi adlandırılmışdır.

    Mənim fikrimcə, dini dəyərlərimizi qoruyub və müdafiə etmək borcumuz da olsa, amma onu siyasətlə qarışdırmamalıyıq. Çünki çox konkret və aydın təcrübələr var ki, bu işin mənfi nəticəsin təsdiqləyir. Misal üçün orta əsrlərdə Avropada kilsənin hakimiyyəti zamanı fanatik dini düşüncələr tərəqqi və inkişafa qarşı ciddi maneə yaratmışdırlar. Elə hal- hazırda özümüz şahidik ki, İranda, Əfqanıstanda taliban dövrü və Ərəbistanda dini hökumətlər ölkənin daxilində və xaricdə böyük problemlərə bais olmuşdurlar.  Bu səbəbə görə, İranda hətta bəzi yüksək təbəqəli din xadimləri, o cümlədən  Ayətullah Brucerdi  kimi çox açıq - aydın dinin siyasətdən ayrılmasın istəyiblər. Adın çəkdiyimiz Ayətullah fikrinə görə həbsə, işgəncəyə məruz qalıb və hətta edam cəzası ilə hədələnib. Bir başqa misalda Türk Cümhuriyyətin nəzərə alın. Əgər Türkiyənin demokratik,  dünyəvi siyasi sisteminin yerinə İranın dini, siyasi sistemi hakim olsaydı, bu fərz etdiyimiz Türkiyə siyasi, iqtisadi və mədəni baxımdan qat - qat bu günki Türkiyədən  pis olardı. Belə nəzərə gəlir ki, milli hərəkatımızda milli ruhlu ruhanilər dini dəyərlərdən faydalanıb siyasət sahəsində mənəviyyat və etikanı gücləndirirlər. Amma belə olan vəziyyətdə siyasətə elmi nöqteyi - nəzərdən baxırlar. Bu barədə Şeyx Məhəmməd Xiyabani bir aydın nümunədir. O, otuz yaşında  Təbrizdən  Tehranda millət vəkili olub.  İranda məşrutə inqilabının qələbəsində və  ”Məşrutə” adlı  Ana yasanın yazılmasında çox əhəmiyyətli rol oynamışdı. İranın ”Məşrutə” adlı Ana yasası 1905 - ci il və onun əlavəsi 1906 - cı il təsdiqlənmişdir.  Bu Ana yasanın əsasında İran bir federal ölkə kimi 4 əyalətə bölünürdü və bu əyalətlərdən birisi də Azərbaycan əyaləti sayılırdı.

    Ana yasanın əlavəsində şərh verilmişdir ki :  ”Əyalət məmləkətin bir hissəsidir ki, özünün mərkəzi hökuməti var və bu hökumətin başqanı vali adlanır.” Bu Ana yasa Avropanın inkişaf tapmış ölkəsi, yəni  Belçikanın Ana yasasının əsasında yazılmışdır.  Bundan  əsl məqsəd İranda Qərbə oxşar demokratik və federal siyasi sistem yaratmaq olmuşdur.  Amma bunlara baxmayaraq, Şeyx Məhəmməd Xiyabani bu yeni demokratik siyasi sistemdən müdafiə etmişdir. Ana yasa yazılandan sonra Təbrizə gedib və ona istinad burada Əyaləti Məclis təsis etmişdir. Başqa sözlə, Güney Azərbaycanın Milli Məclisini yaratmışdır. Xiyabani bütün çıxışlarında və gördüyü əməllərində demokratiyanın dəyərlərindən, vicdan azadlığından və milli hakimiyyətdən müdafiə etmişdir və onların həyata keçməyi üçün canın qurban vermişdir. Elə bu faktlar göstərir ki, o dar düşüncəli, təkcə dini təfəkkürlü olmayıb, siyasətdə dünyavi dəyərlərə üstünlük vermişdir.

     Yeri gəlmişkən milliyyəti Azərbaycan türkü olan Ayətulla Şəriətmədarini də misal göstərək. İranda inqilabdan sonra  bu şəxs ölkədə yaşayan müxtəlif millətlərin, xüsusən də Güney Azərbaycanlıların insani və mədəni hüquqlarından  müdafiə edib  İranın fars mərkəzli totalitar rejiminə qarşı çıxıb. Elə bu səbəbə görə İranın fars rejiminin qəzəbinə düçar olub  və uzun müddət evində, Qum şəhərində göz altına alınıb və hətta o zaman ki, xərçəng xəstəliyinə tutulub onda da icazə verilməyib ki, Avropaya  müalicə üçün getsin. Hətta, Tehrana getməyinə də qadağa qoyulub. Ancaq ölüm halına çatanda icazə verilib Tehranın xəstəxanasında olsun. Amma yenə şərt qoyulub ki, onu ziyarət etmək, onunla görüşmək olmaz və Almaniyada yaşayan oğlu telefon vurub ki, son dəfə atasının səsin eşitsin və onunla vidalaşsın. Hətta buna da icazə verilməyib.

  Çox təccüb və təssüf yeri var ki, İranın fars rejimi  Ayətulla Şəriətimədari ilə əlaqədar 18 maddəli cəza fərmanı hökm verib və hətta onun ölüsün də çalışıblar cəzalandırsınlar. Məsəl  üçün, qeyd olunub gərək onun vəsiyyətinə əməl olunmasın, öz istədiyi yerdə dəfn oluna bilməz, öz istədiyi şəxs ona namaz qılmasın. Xüsusən, ona aşkar yas törənləri tutmağa qadağa qoyulub və s.

Yazının sonun da qeyd etməliyəm ki, Azərbaycanın milli hərəkatında  həm mütərəqqi fikirli ruhanilər və həm də siyasəti dindən ayıran mütərəqqi qüvvələr olub. Bu faktlar bizi qane etməlidir ki, biz də Qərbin mədəni ictimaiyyəti kimi milli mübarizəmizdə pluralizmə  əsas yer verməliyik. Fikir çoxluğundan qorxmaq lazım deyil, əsas odur ki, bu fikirlərin içindən Azərbaycanımızın inkişafı üçün gərək olanı götürüb tətbiq edək.

 

Şeyx Məhəmməd Xiyabani Güney Azərbaycanlıların milli hakimiyyətin müdafiə edib və bu səbəbə görə 40 yaşında edam olunmuşdur

Ayətulla Şəriətmədari öz azadfikirliliyinə və türk olduğuna görə fars rejiminin qəzəbinə düçar oldu

 Hüccətülislam Əzimi Qədim Azərbaycanlıların haqlarını müdafiə etdiyinə görə təhqir, həbs və sürgündə yaşamağa məhkum olmuşdur. Hətta onun ruhani paltarı geyinməsinə də qadağa qoyulmuşdur

 

 Heydər Bayat mütərəqqi fikirli jurnalist və dini təhsil alan tələbə azadfikirliliyinə görə sorğu -sual üçün məhkəməyə çağrılmışdır