MİLLİ HƏRƏKATIN AĞIRLIQ MƏRKƏZİ GÜNEYDƏDİR

 

 


Mütəxəssis deyir ki, Güneydəki hərəkat gücləndikcə dünya ona daha çox hörmət edəcək. Artıq Güney Azərbaycandakı son hadisələrdən sonra bir çox dövlətlərdə Güneyi araşdırma mərkəzləri yaradılıb

 

 

S.SƏDRƏDDİN

 

 

Müsahibimiz Gülarə Yenisey Türkiyədə ali təhsil aldıqdan sonra geosiyasət üzrə doktorluğunu da qardaş ölkədə müdafiə edib. Onunla Orta Şərq, eyni zamanda Güney Azərbaycana dair məsələlər ətrafında söhbət etdik. Gülarə xanım müsahibəyə son zamanlar Orta Şərqin həssas nöqtəsi olan İrandakı mövcud durumu dəyərləndirməkdən başladı:
- Öncə bir məsələni diqqətinizə çatdırmaq istərdim. Mən İrana bir sıra cəhətlərinə görə indiki Hindistanın kiçik bir modeli kimi baxıram. Kiçik modeli ona görə deyirəm ki, Hindistanın bir milyarddan çox əhalisi var, İranın isə 75 milyon. Hindistanda yüzlərlə etnik və dini qruplar yaşayır. İranda isə etnik və dini qrupların sayı 24-dür. Bu dövlətlər arasında bir çox bənzərliklər mövcuddur. Hindistanda əhalinin ümumi sayının 30 faizini hindilər təşkil edir. Yerdə qalanları isə başqa etnik qruplardır. İranda da buna oxşar bir hal var. Burada da əhalinin 30 faizini farslar təşkil edir. 70 faizi başqa etnik qrupun nümayəndələridir. Bildiyiniz kimi, bunların da çoxu Azərbaycan türkləri və başqa türk soyuna aiddir. Farslar 30 faiz təşkil etsə də, əhalinin yerdə qalan 70 faizinə hökm edir. Amma Hindistana baxsaq, görərik ki, bu dövlət federal quruluşlu, demokratik bir dövlətdir. Oradakı hər əyalətin əhalisinin üç rəsmi dildə yazıb-oxumaq haqqı var - hindi, ingilis və əyalətin yerli dili. Bəzi məsələlərinə görə, Hindistan İrana örnək ola biləcək duruma sahibdir.
İranda isə bunun tam tərsidir. Sadəcə olaraq, fars etnik qrupunun hökmranlığına əsaslanan sistem mövcuddur. Fars dili rəsmi dildir, başqa dillər tanınmır. Başqa dillərdə məktəb yoxdur. Eləcə də o biri etnik qrupların heç bir mədəni haqqı tanınmır. Ona görə də Hindistan bu kimi məsələlərin həlli baxımından İrana örnək ola bilər.
İrandakı son durumu dəyərləndirmək üçün baş verənlərə diqqətlə yanaşmaq, fikrimcə, kifayət edər. 28 ilə yaxın bir dövr ərzində heç bir demokratik və milli haqlar təmin olunmayıb. Azad mətbuatın yoxluğu, ilkin haqların təmin olunmadığı, bu yöndə çıxış edənlərin, eləcə də cəmiyyətin basqıya məruz qaldığı ölkədə bütün bunları mövcud farsçı hakimiyyət bir həddə qədər davam etdirə bilər. Bir müddətdən sonra labüd olaraq başqa etnik qruplar tərəfindən təpkilər gələcək. Çünki onlar həm farslardan çoxdurlar, həm daha qədim mədəniyyətə malikdirlər, həm də bir sıra baxımdan güclüdürlər. Bunları tanımamaq, danmaq, onları inkar etmək siyasəti üzərində proseslər sonsuza qədər sürə bilməz.
Bir həddən sonra olayların gedişatı demokratikləşməyə gətirib çıxarmalıdır. Əgər farslar beynəlxalq aləmdə baş verənlərə daha açıq gözlə baxsalar, arzuolunmaz nəticələrdən qaça bilərlər. Əks halda, arzuolunmaz olayların baş verməsi istisna edilmir. Çünki bu kimi hərəkatların iki yolu var - ya barış, ya şiddət. Bunu dünya təcrübəsi təsdiqləyib. Bunun müəyyən hissəsi fars etnik qrupunun məntiqi davranışından da asılıdır.
Əgər proseslər demokratikləşmə yolu ilə getsə, o zaman barış əldə olunacaq. Fars olmayanların milli-mədəni haqları mütləq şəkildə təmin olunmalıdır. Çünki bu həm çağdaş dünyamızın gəldiyi qənaət olmaqla yanaşı, beynəlxalq sənədlərdə də təsbit edilib. Dinimiz də insanların bu hüququnun dünyaya gəldiyi gündən ona verildiyini bəyan edir. Öz dilində məktəb, mətbuat və s. kimi milli-mədəni məsələlər təməl haqlardır. Bu haqları çeşidli təzyiq üsulları ilə yasaqlamaq mümkün deyil.
- Hindistanda əhalinin 30 faizini hindilər təşkil etsələr də, onların sayı ayrı-ayrılıqda hər bir etnik qrupun sayından çoxdur. Ancaq İranda əhalinin çoxunu Azərbaycan türkləri təşkil edir. Azərbaycan türklərinin sayı ilə bağlı 30-40 milyon arasında çeşidli rəqəmlər söyləyirlər. Bu halda, sizcə, məsələni necə həll etmək olar?
- Çox mühüm nöqtəyə toxundunuz. Azərbaycan türklərinin haqqının təmin olunması ilə bağlı çeşidli fikir sahibləri var. Məsələn, bəzi ziyalılar hətta deyirlər ki, İranda rəsmi dövlət dili türk və fars dilləri olmalıdır. Ancaq müasir dünyamıza nəzər salsaq, o biri etnik qrupların dillərinin təmin olunmaması da problemlərdəndir. Ərəbləri necə danmaq olar? Onların da dili, mədəniyyəti var və bu haqlar təmin olunmalıdır.
Bu baxımdan hər bir etnik qrupun milli-mədəni haqqı verilməlidir. Bayaq dediyimiz kimi, ilk növbədə ölkədə ən böyük etnik qrupun, Azərbaycan türklərinin mədəni haqqı ödənilməlidir. Sayının çox olmasına baxmayaraq, türklərə qarşı milli zülm mövcuddur.
"1922-2004-cü illər arasında İranda etnik-siyasi hərəkatlər haqqında" adlı dissertasiyamda "etnik azlıq" və "etnik çoxluq" ifadələrindən istifadə etmədim. Çünki bu termin və ona dair məsələlər başqa dövlətlərə uyğun gəlsə də, İran üçün yaramır. Buradakı türk çoxluğu üçün "etnik azlıq" ifadəsini necə tətbiq etmək olar? Bu səbəbdən də mən yazımda "etnik qrup" ifadəsindən yararlandım.
İranda milli ədalət məsələsi təmin olunmalı və Azərbaycan türkünün ilkin haqqı ödənilməlidir. Bu iş 27 ildir yubadılır. Baxın, ötənilki və builki may hadisələrində, onlardan əvvəl və sonra tutulanların, hazırda həbsdə olanların tələblərini diqqətlə dəyərləndirsək, İranın Ana Yasasından kənar bir məsələ irəli sürmədiklərini görərik. Bu baxımdan onların həbsinin də əsassız olduğu aydınlaşır. Həbsdə olanların - Abbas Lisani, Səid Mətinpur, Cəlil Qənilu və başqalarının tələbləri 1980-ci ildə qəbul olunmuş İran Ana Yasasına uyğundur.
- Dediklərinizin nəticəsi kimi İranda baş verənlərin perspektivini necə görürsünüz?
- Söylədiyim kimi, İranda baş verənlərə bir qədər geniş şəkildə baxmaq lazımdır. Biz bu ölkədəki hadisələri qərblilər kimi dəyərləndirməməliyik. Onları İranla bağlı məsələlərdə əsasən Tehranın atom-nüvə silahı əldə etməsinə mane olmaq və mövcud rejimi dəyişdirmək maraqlandırır. Amma bu ölkə ilə bağlı daha vacib, daha ciddi problem var. Bu, İranda etnik qrupların milli haqqıdır. Çox təəssüflər olsun ki, bu başlıca məsələ bir çox hallarda diqqətdən kənarda qalır. Araşdırmalarım zamanı dünyadakı 200-dən çox etnik qrupun durumunu gözdən keçirdim. Məlum oldu ki, Nigeriya kimi bir ölkədə 30 etnik qrupun az qala bütün problemləri araşdırılıb və dəyərləndirilib. Ancaq İrandakı etnik qruplar barədə doğru-düzgün məlumatlar yox dərəcəsindədir. Bunun hansı səbəbdən edildiyini bilmirəm. Amma nəticə göz qabağındadır. Ona görə də mən bu gün İranda ən ciddi problem kimi etnik məsələnin olduğunu qəti şəkildə söləyirəm. Bu ölkədəki problemlərin həllinin açarı da həmin məsələdədir. Əgər Tehrandakı mövcud hakimiyyət ağıllı, məntiqli olub, demokratik dünyada baş verənləri daha aydın fikirlə dəyərləndirib, bu əsasda davranarsa, o zaman ölkədəki problemlərin çoxu həll ola bilər.
Əks halda proseslərin arzu olunmayan istiqamətdə inkişaf etməsi ehtimalı artacaq.
- Başqa sözlə, İrandakı hakimiyyətin, eləcə də dövlətin gələcəyi etnik problemin həllindən asılıdır...
- Əlbəttə.
- Güney Azərbaycandakı vəziyyəti necə dəyərləndirərdiniz?
- 1988-ci ildə Quzey Azərbaycanda başlanmış hərəkatdan xəbərimiz var. Milli-Azadlıq, Meydan hərəkatı dövründən hələ çox vaxt ötməyib. Həmin dövrdə başlamış kütləvi hərəkatın nəticəsində Quzey Azərbaycanda müstəqilliyimizi bərpa etdik. Hazırda respublikamızda fərqli proseslər gedir - dövlətimizin güclənməsi və s. Bu səbəbdən də milli azadlıq hərəkatımızın ağırlıq mərkəzi, demək olar, Güneyə keçib. Quzeydə duyğusallıq axtarmaq, məncə, düzgün deyil. Çünki ölkəmizdə bu kimi hissiyyatlı məsələlərin vaxtı ötüb. Çünki nəticə əldə edilib. Düzdür, Qarabağ və ətraf torpaqlarımız işğal altındadır. Ancaq dövlətçiliyimizin bərpası baxımdan sonuca nail olunub.
Bu prosesin davamı olaraq hərəkatımızın ağırlıq mərkəzi Güneydir. Olayları dəyərləndirsək, görərik ki, orada da bir sıra hissiyyatlı hərəkətlər baş verir. Babək qalasına yürüşdən əvvəl və sonrakı dövrdə qalaya yürüşlər, xalq qurultayları Güney üçün çox önəmli olaylardır. Çünki ideyaya xalq dəstəyinin olduğu bu kimi tədbirlərdə özünü təsdiqlədi. İndi yeni bir proses gedir. Bu da milli haqların təmini ilə bağlı ideyanın kütləviləşməsidir.
Həmin yürüşlər kaş davam edəydi. Qalada keçirilən milli-mədəni tədbirlər milli şüurun oyanmasına və genişlənməsinə daha çox təsir göstərirdi. Əfsuslar olsun ki son illər bu dinc, mədəni tədbirin qarşısını hakimiyyət qanunsuz olaraq almağa başladı. Amma belə maneələr də ideyanın yayılmasına mənfi təsir etmədi. Builki olaylar göstərdi ki, Babəkin doğum gününün Güneyin bir çox şəhərlərində qeyd edilməsi də ideyanın yayılmasına xidmət edir.
- Babək qalasına yürüşü həyəcanlı dövr kimi qiymətləndirirsiniz?
- Bəli. Yürüş bu taydakı meydan hərəkatının bir dövrünü xatırlatsa da, ondan daha güclü idi. Çünki bu tayda hadisələr, kütləvi tədbirlər daha çox Bakıda keçirilirdi. Bildiyiniz kimi, azərbaycanlılar İranda kompakt şəkildə yaşayırlar. Bununla belə, Kəngər körfəzindən tutmuş başqa ərazilərdə də parça-parça düşmüş azərbaycanlılar var. Ona görə də Babək qalasındakı mərasimlər Güney Azərbaycanın hər yerini əhatə etməklə yanaşı, ölkə daxilində parça-parça düşmüş hissələri də cəlb etmişdi. Məsələn, qaşqay türkləri, xələc türkləri və başqa tayfalar da bu törənə qatılırdı. Bu mərasim həm də bir məktəb idi.
Bundan sonrakı mərhələ 2006-cı ildəki may hərəkatıdır. O da xalqımızın milli özünüdərkinə çox böyük təsir göstərdi. İranın yaxın tarixinə baxsaq, görərik ki, Azərbaycan türkləri həmişə ümumdövlət məsələləri uğrunda mübarizə aparıblar. Bu həm də onların dövlət qurmaq, onu qorumaq bacarığından irəli gələn amildir. Amma bütün bu fəaliyyətinin nəticəsində azərbaycanlıların milli haqqı təmin edilmədiyindən təkrar olaraq milli zülmə tuş gəliblər.
Məhz ona görə də may hadisələri zamanı Azərbaycan türkləri öz milli haqlarının müdafiəsi uğrunda ayağa qalxdılar. Düzdür, buna məlum amil təsir göstərsə də, amma insanlar hakimiyyətin hansı addımı atacağını gözləməyərək, milli heysiyyatlarını özləri müdafiə etməyə başladılar. Bunu bir dönüş nöqtəsi də adlandırmaq olar. Fikrimcə, proseslər bundan sonra həmin ideyanın dərinləşməsi istiqamətində gedə bilər.
Bunu etiraz çıxışları zamanı xalqın irəli sürdüyü şüarlardan da görmək olar: "Ana dilində mədrəsə!", "Haray, haray, mən türkəm!" və s. Bu xalq nə istəyir? Öz dilinin, mədəniyyətinin tanınmasını, milli varlığına sayğı göstərilməsini, İranın Ana Yasasında nəzərdə tutulmuş haqlarının təmin edilməsini istəyir.
Ötənilki hadisələrdən sonrakı dövrdə isə hakimiyyətin daha çox təzyiqlərə əl atdığının şahidi oluruq. Qeyd etdiyimiz tələbləri irəli sürənləri tutur, onları təqib edir.
Məsələn, Məhəmməd Xatəminin dövründə az da olsa, söz, mətbuat, fikir azadlığı üçün şərait yaradılmışdı. Amma indi bütün bunların əleyhinə bir proses getməkdədir. Həmin dövrdə Azərbaycan türkcəsində müəyyən azadlıqlar nəticəsində mətbuat çıxır, kitablar çap olunurdu. Amma Əhmədinijat hökumət başına gəldikdən sonra bu azacıq sərbəstlik belə azərbaycanlıların əlindən alınıb.
- Bölgədə gedən proseslər baxımından Güney Azərbaycan Milli Hərəkatı öz istəklərini gerçəkləşdirə bilərmi?
- Dünya qurulandan bəri həmişə güclə hesablaşıblar. Güneydəki hərəkat gücləndikcə ona daha çox hörmət edəcəklər. Beynəlxalq güclər, bölgə dövlətləri və İrandakı hakimiyyət hərəkatla bir o qədər çox hesablaşacaqlar. Onu vurğulamaq istərdim ki, Güney Azərbaycandakı son hadisələrdən sonra bir çox dövlətlərdə - Türkiyə, ABŞ və Avropa ölkələrində güneyi araşdırma mərkəzləri qurulub. İstər həmin dövlətlərdəki hökumətin, istərsə də qeyri-hökumət təşkilatlarının Güney Azərbaycanla bağlı təşkilatlar qurması məsələyə diqqəti artırmasından irəli gəlir.
- Quzey Azərbaycanın bu prosesdə nə kimi rolu var?
- Güney Azərbaycan məsələsi nə iqtidarın, nə də müxalifətin inhisarında ola bilər. Əgər bunu alət etmək istəsələr, o zaman bundan həm Quzey, həm də Güney ziyan görər. Bu bizim ümummilli məsələmizdir. Əslində Güneyin Quzeyə elə bir ehtiyacı yoxdur. Milli hərəkatda bir neçə mərhələ var. Onlardan biri də ideyanın yayılmasıdır. Bu baxımdan Güneydəki hərəkatın əsas ehtiyacları quzeylilərin bu proses barədə doğru-dürüst məlumatlanması, baş verənləri dəstəkləməsi və bir sıra maarifləndirici amillərdir. Bu, Quzey Azərbaycanın milli borcudur. Güney Azərbaycanın başqa heç bir nəyə ehtiyacı yoxdur.
Güneydə milli zülm altında olan aydınlarımız var. Azərbaycan Respublikası demokratik inkişaf yolunu tutan bir dövlətdir. Dünyaya açıqdır. Ona görə də milli və insan haqları tapdanan güneyli ziyalıların, yaxud adi soydaşlarımızın haqqı müdafiə olunmalıdır. Onların səsinin dünyaya çatdırılması baxımından Quzey müəyyən rol oynaya bilər. Bu istiqamətdə Azərbaycan Respublikasında sistemlilik çatışmır.
- "Qarabağın azadlığı Təbrizdən keçir" fikri zaman keçdikcə öz aktuallığında qalırmı?
- Biz Gəncəyə getmişdik. Dağı göstərib onun haqqında danışan sürücü dedi ki, yüksəkliyin o üzü Ermənistandır. Biz onun Qərbi Azərbaycan, İrəvan xanlığı olduğunu söylədik. Elə bir sıra məsələlərin kökü belə unutqanlıqdan başlayır. Necə ki uzun müddətdən sonra İrəvanı unutduq, eləcə də başqa torpaqlarmızı unudacağıq. Qərbi Azərbaycanı itirməyimiz Qarabağın işğalı ilə nəticələndi. Bütün belə məsələlər bir-birinə bağlıdır. Milli şüuru olan millət həmin amilləri diqqətdən kənarda qoya bilməz. Biz Azərbaycan türkləri böyük, qüdrətli dövlət şüuruna sahib olmalıyıq. Elə bir çox əzablarımızın əsası da buna diqqət verməməyimizdir. Bölgəçilik bunun ən ziyanlı amilidir. Böyük düşünən zaman, böyük olarıq.
Əbülfəz Elçibəy bunu coğrafi birlik baxımından deyirdi. Burada bir bağlılıq var.
Yusif Akçuralının "Üç fərqli siyasət" əsəri, demək olar, Türkiyə Cümhuriyyətin ideoloji təməllərini özündə əks etdirir. Burada islamçılıq, osmançılıq və türkçülük mərhələləri göstərilib. O, türk dünyasının bir çox bölgələrini xarakterizə edib. İran türklərinin adını çəkərkən o bildirib ki, türklərin sayı çox olsa da, barələrində məlumat azdır. Çünki o dövrdə İranda türklərdə milli şüur o qədər də inkişaf etməmişdi və özlərini təbliğ edə bilməmişdilər. Amma hazırda baş verənlərə əsasən əminliklə deyə bilərəm ki, Güney Azərbaycanda milli şüur türk dünyasında ən yüksək səviyyədədir. Bu proses başqa türk dövlətlərinə də böyük güc verəcək. Güney Azərbaycanda sanki zəncirin bir hissəsi tıxanmışdı. İndi o tıxac sıradan çıxmaqdadır. Bütün bunlar isə sualınızda qeyd olunan ümumtürk probleminin həllinə də yardım edəcək...