İran dünyada yeganə ölkədir ki, uşaqları edam edir!

Babək Azəri hüquqşünas
1990 - dan 2007 - yə kimi İranda 24 uşaq edam olunublar və hal - hazırda 71 uşaq edam hökmünə məhkum olunub və həbsxanada onun icrasını gözləyirlər
Bir dəqiqə gözlərimizi yumsaq və uşaqların dünyasını ürəyimizin istədiyi kimi təsəvvür etsək, bu dünyada ancaq gözəllik, düzlük, eşq və təmizlik görəcəyik. Amma şirin röya dolu gözlərimizi İran adlanan məkanda açsaq, uşaqların acı vəziyyətin görərirk. Beləliklədə, bu şirin röya dəhşətli kabusa çevriləcək. Çünki bu dəhşətli məkanda uşaqların alış - verişi, küçə - bazarda dilənməsi, kərpic zavodu və ya xalça fabrikasında gündə 10 saatdan artıq işləməsinin və nəhayət, onların şallaq, həbs, edamla cəzalanmasının şahidi olacağıq.
İranda 2000 - ci ilə kimi o analar ki, həbsə məhkum olurdular, eger onların uşaqlarına sahib çıxan yox idi. Bu uşaqlar 7- 8 yaşına kimi həbsxanada anaları ilə birlikdə yaşayırdılar. Amma 2000 - ci ildə belə qərara alındı ki, uşaqlar 2 yaşdan sonra qohum - əqrəbələrinə, saleh adamlara və ya yaxşı yaşayış təşkilatına ( sazimane behzisti ) ki, dövlət nəzarəti altında fəaliyyət göstərir, onlara təhvil verilsin. Burda qeyd etməliyəm ki, müxtəlif ekspertlərin nəzərinə görə, İranda təqribən yarım milyondan ta bir milyona qədər sahibsiz uşaq var ki, onlar böyük şəhərlərin küçə - bazarlarında avaradırlar və küçə uşaqları adı ilə məşhurdular. Əgər bu faktı nəzərə alsaq, yaxşı yaşayış təşkilatının imkanlarının azlığı və sahibsiz uşaqların sayının çox olması səbəb olur ki, bu təşkilat uşaqların problemin həll etməkdə ciddi rol oyanaya bilmir.
Əslində İran rejimi adı çəkilən təşkilatdan təbliğat vasitəsi kimi istifadə edir və çalışır etirazları susdura. Çox təssüf ki, bu səbəblərə xatir günahsiz uşaqların 7 - 8 yaşına kimi anaları ilə birgə zindanda yaşamaları bugünə kimi davam edir və onların zindan şəraitində ən çox gördüyü və təmasda olduğu adamlar yaşlı qatı cinayətkarlar olur. Bu uşaqlar haqqında dəqiq statik məlumat yoxdur, eyni zamanda onların fiziki və ruhi durumu haqqında xəbəri zindandan kənara çıxartmırlar.
İranda icazə verilmir ki, tərəfsiz təftiş qrupları mövzu ilə əlaqədar həbsxanalara müraciət edib və araşdırmalar aparalar. Hətta bu mövzunun sözdə də aktual olması rejimi qəzəbləndirir. O uşaqlar ki, 7 - 8 yaşına kimi həbsxanalarda saxlanılırlar, azadlıqa buraxılandan sonra da onlar yüz minlərlə sahibsiz uşaqlara qoşulurlar. Təhsil yerinə öz başların dolandırmaq üçün küçə - bazarda maşınların şüşələrini yumaqla, ayaqqabı təmizləməklə, bəziləri dilənməklə və bəzi hallarda da yuxarıda qeyd etdiyimiz kimi uşaq əməyi hesab olunmayan və dünyada qadağan olunmuş ağır iş növləri ilə, yəni kərpic zavodunda, xalça fabrikində gün ərzində 10 saatdan artıq işləməklə məşğuldular.
İranın anayasasının 30 - cu maddəsinin əsasında uşaqların təhsili pulsuz və icbari olmalıdır. Bundan da əlavə İranın cəza qanunlarının əsasında uşaqların təhsilinin qabağını almaq cinayət sayılır və bu işi görənlər gərək cəzalanalar. Buradan belə bir sual ortaya çıxır: İranın fars rejimi bu ağır sosial və iqtisadi şəraiti yaratmaqla küçə uşaqları adlananların təhsilinin qabağın alır. Bəs bu rejimi öz yazdığı qanun əsasında cinayət ilə ittiham etmək olarmı ?
Güney Azərbaycanın Qərb vilayətində yerləşən İş Evinin müavini Əli Səhranəvərd Fars New Xəbər Agentliyinə verdiyi məlumata görə Urmuda 3000 - dən artıq uşaq var ki, həddi - buluğa çatmayıblar, yaşları 16 - dan aşağıdır, onlar balaca fabrikalarda başmaq, kərpic və şüşə istehsalı sahələrində çalışırlar.
Küçə uşaqlarını gözləyən yoxdur və
əgər onlar ölüb - itələr onların boş yeri hiss
olunmayacaq. Digər tərəfdən bu uşaqlar yaşayışın
ağır şəraitindən yorulub və bir çıxış
yolu axtarırlar. Eyni halda yaşlarının az olduğuna görə
onları aldatmaq da çətin
deyil. Elə bu səbəblərə görə kriminal qruplar
onlara çox maraq göstərirlər və şirin vədlər
verib onlardan müxtəlif formada
sui - istifadə edirlər. Bu uşaqlar polis
tərəfindən tutulanda cinayətin qurbanı olan uşaqlar
kimi yox, əslində cinayəti şüurlu şəkildə
etmiş cinayətkar kimi rəftar
edirlər. Bu günkü
İranın mədəni
qanununun 1210 - cu maddəsinin 1 - ci əlavəsi və İslam
cəza qanunlarının 49 - cu maddəsinin
1 - ci əlavəsinin əsasında qızlar 9 yaşında
və oğlanlar 15 yaşında elədikləri işin
məsuliyyətinə cavabdehdilər və əgər
cinayətlə ittihamlanarlarsa, onları da cəzalandırmaq
olar. Bunun mənası odur ki, qızı 9 yaşından üstə
və oğlanı 15 yaşından sonra şallaq,
həbs və hətta edamla
cəzalandırmaq olar. Beynəlxalq Əfv Təşkilatının
verdiyi məlumata görə bu il, yəni 2007 - ci ildə İranda
2 uşaq edamla cəzalandırılıb. Onların birisi
Məhəmməd Musəvi adlı 19 yaşında bu ilin
aprelində edam olunub. Amma onun edam hökmü 16 yaşında verilmişdi.
İkincisi Səid Qəmbər Zahi adlı uşaqdır ki, 17
yaşında bu il may ayının 27 - də Zahidan şəhərində
edam olunub. Hal - hazırda İranda
71 uşaq edam hökmünə məhkum olunub və
həbsxanada onun icrasını gözləyirlər. Adın
çəkdiyimiz beynəlxalq təşkilatın verdiyi məlumata
görə 1990 - dan 2007 - yə kimi İranda 24 uşaq edam
olunublar. Onların 11 nəfəri edam olunanda
hətta yaşları 18
- dən aşağı olub. Amma 13 nəfəri 18 yaşdan az
olanda edama məhkum olub və 18 yaşları tamam olandan sonra
aldıqları edam hökmü yerinə yetirilib.
İran
bu il, yəni 2007 - ci ildə iki səbəbə görə, uşaqları
edam etmədə dünyada birinci və utandırıcı yer
qazanır. Çünki İran yeganə
ölkədir ki, bu il orada uşaqlar edam olunub və digər
tərəfdən yenə
də müstəsna hal kimi qeyd etməliyik ki, İran yeganə ölkədir
onun cəza qanunlarının əsasında 18 yaşından
aşağı uşaqları edamla cəzalandırmaq olar.
İran 1975 - ci ildə Beynəlxalq Mədəni və Siyasi Hüquq
müqaviləsinə qol çəkib. Bu müqavilənin 6 - cı
maddəsi 18 yaşından az olan uşaqların edamına qadağa
qoyur. 1994 - cü ildə İran Beynəlxalq Uşaq hüququ müqaviləsin
təsdiqləyib. Bu sənədin 37 - ci maddəsində 18 yaşından
az olan uşaqların edamına icazə verilməyib. Amma İran
bu sənədə qol çəkəndə şərt qoyub ki, bu
müqavilənin hər hansı maddəsi islam hüququna qarşı
olsa, onun icrasına iltizam vermir. Elə
bu şərt ilə də uşaq edamında əlin açıq
qoyub.
Dünyada o ölkələr ki, uşaqları
edamla cəzalandırırdılar,
onların edamına son qoyub və bu barədə olan
beynəlxalq sənədlərə qol çəkib və öz
cəza qanunlarında islahat aparıblar.
1994 - cü ildə Yəmən
və Zimbavə, 1997 - ci ildə
Çin cəza qanunlarında reforma aparıb və edam hökmün ancaq
18 yaşdan sonra yerinə yetirilməsini qərara alıblar.
2005 - ci ildə ABŞ - ın Ali Məhkəməsi
qərar verdi ki, 18 yaşından az olan uşaqlara edam hökmü
vermə Amerikanın anayasası ilə ziddir. Bildiyimiz kimi Amerika
50 əyalətdən ibarətdir. Bu əyalətlərin 38 -
də edam cəzası var, amma 12 əyalətdə edam
cəzası ləğv olunub. O əyalətdə ki, edam
cəzası var, bəzi vaxt
istisna hallarda 18 yaşından az olanlara da edam hökmü verilmişdi
və nəhayət, Ali Məhkəmənin qərarı
ilə bu işə 2005 - ci ildə qadağa qoyulmuşdu.
Pakistanda 2000 - ci ildə uşaqların
edamına qarşı cəza qanunları islah edilib və edam
hökmünə 18 yaş şərt qoyulmuşdu. Amma 2004 - cü ildə
bu yaş şərti yenidən ləğv olunub, lakin 2005 - ci
ildə yenidən 18 yaş şərti rəsmi şəkildə
tanınmışdır.
Dünya ictimaiyyəti İrana
ancaq uşaqların edamı üçün yox, həm də
məhkəmələrin ədalətsiz olduğuna görə
də qınayır. İnsan hüququ ilə əlaqədar
beynəlxalq qanunlarda qeyd olunur: Əgər bir fərd edam
cəzası ilə hədələnir onun məhkəməsi
çox dəqiq və ədalətli formada olmalıdır. BMT
- nin İnsan Haqları Komitəsi
bildirir ki : Ölüm cəzası bir istisna haldır və bu hökmü
vermək üçün gərək iltizam verilə ki, məkəmə
ədalətli formada olacaq. Əgər bu cür olmasa, ölüm hökmi
özbaşna yaşayış haqqını ləğv etmə
sayılır. Ədalətli məhkəmədən əsl
məqsəd odur ki, müddəhim işgəncəyə
məruz qalmaya və tutulan zamandan vəkil tutmağa və
onunla görüşməyə haqqı ola. Və əgər
maliyyə imkanı olmasa, dövlət tərəfindən ona
pulsuz vəkil tutula. Çox təssüf ki, İranda edam olunan uşaqların
barəsində bu iki aydın şərtlərə raiyyət
olunmur. Misal üçün, uşaqlar cinayətlə ittihamlanıb
və tutulandan sonra çox vaxt təkadamlıq kamerada saxlanırlar.
Psixoloq alimlərin nəzərincə, müttəhimi təkadamlıq
kamerada saxlamaq ağır işgəncə sayılır. Xüsusən
uşaqlar ki, az yaşlarına görə açıq yerdə dinamik
hərəkəti sevirlər, onları təkadamlıq
kamerada saxlamaq tez sındırır və etirafa məcbur edir.
Bundan da əlavə uşaqlar tutulan zaman icazə verilmir
vəkillə görüşələr. Sorğu - suallar və
istintaq prosesi vəkilsiz icra edilir, ancaq ondan etiraf alandan və
məhkəməyə aparılıb onun ittihamı şərh
ediləndən sonra vəkillə görüşmək haqqı var.
Əlbəttə, burda qeyd etməliyəm, əgər onun
vəkili məhkəmənin ədalətsiz olduğunu etiraz
edə, mətbuat və ya insan haqlarını müdafiə
edən təşkilatlara raport verə, bu zaman təhlükə
yaranır ki, vəkildə tutulub həbs edilə.
Burada mövzunun açılması üçün iki uşağın
edamı ilə bağlı bir az ətraflı məlumat
verməyi lazım bilirəm. Onlardan birincisi Atifə
Rəcəbi Sehalədir ki, 2004 - cü ildə 16 yaşında
zinaya görə Neka şəhərinin mərkəzində
ictimaiyyətin gözü qarşısında vəhşicəsinə
dara çəkilib. Atifə son məktubunda edam hökmü verən hakimə
belə yazmışdır :
Mən uşaq olarkan valideyinlərimin arasında çox davalara
şahid olmuşam. Mənim anam atamdan boşanandan sonra maşın
qəzasına təsadüfən vəfat
edib və ondan 6 ay sonra qardaşım çayda boğulmuşdu.
Mən və bacım Məşəd şəhərində
bir əfqanlı vasitəsi ilə böyümüşük.
Nəhayət, Neka şəhərinə gəlib və atamın
valideyinləri ilə bir yerdə yaşayırıq. Həkim
tərəfindən təsdiq olunmuş sənəd var ki,
mən psixoloji baxımdan adi vəziyyətdə deyiləm.
Atifə məktubun sonunda hakimdən istəyir iddiasının
sübutu üçün yaşadığı məhəllədə onu
tanıyan admların nəzəri soruşulsun.
Və psixoloji baxımdan yoxlanması üçün həkimə
göndərilsin. Bu məktubdan əlavə onu tanıyanların
43 nəfəri hakimə məktub yazıb və Atifənin
psixoloji baxımdan sağlam olmadığın xatırlatmışdırlar.
Bu məktuba qol çəkənlərin bəziləri
xəbər agentliklərinə verdikləri məlumata görə,
Atifə özün 8 - 9 yaşında olan uşaq kimi aparır.
Əlbəttə, bu barədə bir psixoloqun qol çəkdiyi
sənəddə var ki, adı çəkilən şəxsin
psixoloji durumunun normalnı olmadığını, yəni ağlının
azlığını təsdiqləyir. Bu cür aydın faktlara
baxmayaraq, bu bəxti yatmış uşaq test üçün psixoloq
yoxlamasına göndərilməmişdi. Atifənin hekayəsi
ancaq yüz minlərlə sahibsiz olan uşaqlardan yalnız
birisinin hekayətidir. Uşaqlıqda anası vəıfat edir,
atası norkotik probleminə görə ona sahib çıxa
bilməyib və məcbur
olub bir neçə il yad bir adamın, özünün də məktubunda göstərdiyi
kimi əfqanlının himayəsində iki bacı yaşamışdırlar.
Nəhayət,
Neka şəhərinə gəlib və atasının
valideyinləri ilə, 70 və 90 yaşında olan baba -
nənələri ilə birgə yaşayıblar. Amma onların
yaşlı və yoxsul olmaları səbəb olub ki, orda yaşayışdan
çox çətinlik çəkələr. Və eyni halda müəyyən
işi olmaya və təhsilə də özündə imkan görməyə.
Elə bu səbəblərə görə, Atifə bir normal yaşayışın
həsrətində yanırdı. O çox yaşlı kişilər
ki, bu az yaşlı qıza şəhvət obyekti kimi baxırdılar,
şirin vədələrlə onu aldadıb və cinsi münasibətdə
sui - istifadə edirdilər. Uşağın 14 yaşı
olanda iki dəfə, 15 yaşı olanda bir dəfə zinaya görə
tutulub və bir neçə gün həbs və şallaqla
cəzalanmışdır. Nəhayət, 16 yaşında
zinaya görə tutulub və edamla cəzalanmışdır.
Atifə hər dəfə
tutulanda deyirmiş : Məni ailə qurma vədəsi ilə
aldadıb sui - istifadə ediblər. Amma polis və
məhkəmə işçiləri ona cinayətin qurbanı və
elə körpəlikdən düzgün təlim - tərbiyə almayan,
qeyri - normal ailədə böyüyən, eyni zamanda düzgün həyat
şəraiti olmayan uşaq
kimi baxmamışdırlar. Əslində onunla qatı
cinayətkar kimi rəftar etmişdirlər. Çünki İranın
cəza sistemində qızı 9 yaşından üstə və
oğlanı 15 yaşından sonra şallaq,
həbs və hətta edamla cəzalandırmaq olar.
Elə bu səbəbə görə Atifə edam yerində
ağlıya - ağlıya Ələf, ələf --
deyib özünü edam hökmü verən hakimin ayaqlarına atırmış.
Amma bu bəxti yatmış qızın yalvar - yaxarına cavab
olaraq hakim öz əlləri ilə dar ağacının
kəndirini onun boğazına salıb və edam hökmün icra
etmişdir.
Qeyd edim ki bu hadisə dünya
ictimaiyyəti tərəfindən nifrətlə qarşılandı.
Beləki, BBC Xəbər
Agentliyi, Fransa, Almaniya, Hollandiya bu
barədə sənədli film düzəltmişdirlər.
Həmçinin Avropanın onlarla mətbuat orqanında bu haqda
məqalələr dərc olundu.
Maraqlıdır,
İranda ölüm hökmü ilə
cəzalanmış çox sayda uşaq
var. Amma bunların içində Atifənin ölmü daha çox poluliyarlaşmış
və yuxarıda qeyd etdiyim kimi Avropa mətbuatında
dəfələrlə verilmiş, eyni zamanda Fransa 48
dəqiqəlik film çəkmişdir. Əslidə buna
səbəb bu uşağın ömrünün başdan - başa
ədalətsizlik üzərində qurulması olmuşdur və
həm də dövlətin uşaqlara qarşı düzgün
konsepsiyasının olmaması da birinci yerdə durur.
Məlumat üçün deyim ki, məhkəmə zamanı Atifə
ədalətsiz gedişatdan, onun həyatının riskə
qoyulmasını uşaq ağlı ilə belə qəbul
edə bilməmiş və əsəbləşərək çadrasın
hakimin üstünə ataraq qışqırmışdır. Hakim
ona ölüm hökmü verir və özü şəxsən Tehrana gedib 24
saatın içində Ali Məhkəmə vasitəsi ilə
təcili edam hömkün təsdiqlədir. Nəhayət, Neka şəhərinə
qayıdıb və özü edam hökmün icra edir.
Deyirlər şeytanın
ən böyük hiyləsi bundan ibarətdir ki, çoxların inandırıb
ki şeytanın vücudu yoxdur. Mənim fikrimcə şeytan var
və bu cür ruhani paltarı geyinən daşürəkli
hakimlər şeytanlardırlar.
Aşağıdakı linkdə Atifə ilə bağlı bir neçə sənədli filmə baxa bilərsiniz
http://www.youtube.com/results?search_query=atefeh&search=Search
Bir məşhur söz var
deyərlər ki, xəstəni öldürməklə
xəstəlik aradan getməz. Bu bir ağla batan sözdür və
elmi baxışda da bir əməlin səbəb və
nəticələrini aydınlaşdıralar, həmişə
bir qayda olaraq səbəbin üstündə araşdırma apararlar.
Çünki bir əməlin nəticəsi onu yaradan
səbəblərdən asılıdır. Son illərdə
yeni informasiya vasitələri -- satilet və bilgisayar texnikasından
faydalanıb və dünyanın hər yerinə informasiya --
səs, yazı və film formasında göndərmək qat - qat
rahat olub. Bu günkü dünyada insanların yaşadığı yerə
baxmayaraq, virtual dünyada yığışıb müxtəlif mövzuları
müzakirə edirlər. Əlbəttə, informasiyanın bu cür
geniş yayılması səbəb olur müxtəlif ölkələrdə
kütlə içində cinayətə baxım elmi nöqteyi -
nəzərdən olsun və edam cəzasına, xüsusən uşaqların
edamına qarşı antipatiya yaransin.
Elə
bu da öz yerində səbəb olub ki, 1985 - ci ildən 2007
- ci ilə kimi dünyada 40 ölkə edam cəzasın ləğv
edib. Bu ölkələrdən birisi də Şimalı
Azərbaycan olmuşdur.
Bu gün İranın daxilində
və dünya ictimaiyyəti tərəfindən bu ölkədə
uşaqların edam olunmasına qarşı
çox şiddətli etirazlar var. İranın geri qalmış
rejimi çalışır həmişəki kimi bu barədə
də ikiüzlü siyasət apara. O da bundan ibarətdir ki, uşaqların
çoxuna edam hökmü verir, amma onun icrası üçün onların
18 yaşının olmasını gözləyirlər.Bəzi
vaxtda hələ 18 yaşı olmamışdan edam edir və
hesabatlarında isə uşağın yaşın artıq göstərirlər.
Bu cür faktlar çoxdur. Yeri
gəlmişkən qeyd edim ki, yuxarıda haqqında geniş
bəhs etdiyimiz Atifə də 16 yaşında edam edilmışdır,
amma bunun qeyri...qanuni olduqunu ictimaiyyət bildirəndə,
məhkəmə orqanları onun 23 yaşı olduğunu quraşdırıb
məlumat vermişdirlər. Lakin sənədlər bu yalanı
da ifşa etmişdir. Onun yaxın
qohumları BBC Xəbər Agentliyinə qızın yaş kağızını
fakt kimi göstərmişdirlər.
Əlbəttə, İran
rejiminin bu ikiüzlü siyasəti çayın axarına qarşı üzməkdən
başqa bir şey deyil və
belə getsə uzun müddət davam tapa bilməz. Bu
hiylələrlə dünya ictimaiyyətin aldatmaq olmaz. Bir neçə
gün bundan qabaq İran prezidenti Kolumbiya
Universitetində çıxış etməmişdən qabaq
universitetin rektoru Əhmədi Nijada xitab edərək demişdir
: Bu il Beynəlxalq Əfv Təşkilatının verdiyi
məlumata görə İranda 210 nəfər, o cümlədən
iki uşaq edam edilibdir.
Hüquqşünasların
nəzərinə görə, İranda
edama məhkum olunan uşaqların
hamısı ilə eyni cür rəftar olunmur. O uşaqların
ki, səsi bir yerə çıxmır, çox rahat edam olunurlar. Amma o
uşaqların ki, edam hökmü ilə bağlı informasiya
vasitələrində şərh verilir, daxildə və xaricdə
etiraza səbəb olur, rejim onların edamın ya dala atır,
ya da edam cəzasın ləğv edir.
Misal üçün, Leyla Mafi 17 yaşında
2004 - cü ildə zinaya görə edama və edamdan qabaq 99 şallaq
zərbəsinə məhkum olunmuşdu. Amma
bu qızın vəkili
müvəffəq olmuşdu edam hökmün daxildə və xaricdə
aktual edə və Beynəlxalq Əfv Təşkilatı
reaksiya göstərib İranın rejiminə etiraz edə.
Elə bu da səbəb olmuşdu Leylanın tərcümeyi
- halı mediya vasitələrində dərc oluna. Misal üçün,
Leyla Etimad qəzetinin müxbirinə müsahibə verib və
xatırlatmışdı ki, 8 yaşından anası
tərəfindən əxlaqsızlığa yuvarlanmış,
9 yaşı olanda bir uşaq doğub və həmin il zinaya görə
100 şallaq zərbəsi ilə cəzalanmışdır. 12
yaşı olanda özünün və uşağının başını
saxlamaq üçün bir əfqanlı kişiyə siğə olmuşdu.
Amma bu kişinin anası da onu əxlaqsızlığa
məcbur etmişdi. 14 yaşında yenidən zina ittihamı
ilə tutulub 100 şallaq zərbəsi ilə
təzədən, ikinci dəfə cəzalanmışdır.
O, sonradan iki uşaq doğmuş və üç uşaq anası
olmuşdu. Təqribən 15 yaşı olanda 55 yaşlı,
iki uşağı olan kişiyə siğə olmuşdu
və bu kişi vasitəsi ilə də əxlaqsızlığa
sürüklənmişdir. Və nəhayət, 17 yaşında
zinaya görə tutulub, edama məhkum olunmuşdu. Leyla Mafi mövzusu
aktuallaşandan və dünya ictimaiyyəti bundan xəbər
tutandan sonra İran rejimi dala oturub və onun edam hökmün ləğv
edib. Ölümün yerinə 3, 6 il
həbs və 99 şallaq zərbəsinə məhkum etmişdir.
Yuxarıda verdiyim izahatdan
belə nəticə çıxarmaq olar ki, İran adlanan
məkanda siyasi və iqtisadi şəraitin ağır olduğuna
görə uşaqlar faciəli durumda yaşayırlar. Xüsusən
Güney Azərbaycanda vəziyyət bundan da ağırdır.
Çünki Güney Azərbaycanlılar say baxımından çoxdurlar
və eyni halda siyasi və
iqtisadi təzyiqlərə məruz
qalırlar.
Bildiyimiz
kimi İranda büdcənin bölünməsində Güney Azərbaycan
ayrı - seçkiliyə məruz qalmışdı və son
illərdə yoxsulluq əsl səbəblərdən biri olmuşdur
ki, burada mühacirətin şiddəti artmışdır.
Elə yenə də yoxsulluq amili bais olmuşdu ki, azyaşlı
qızlar ana və atasın buraxıb qaçsınlar. Bu qızlar
"qaçqın qızlar" adı ilə məşhurdular.
Onlar evdən qaçandan sonra xiyabanlarda, küçə - bazarda avara olub,
az yaşları olduğu üçün kafi həddə təcrübələri
olmadığından yə narkotik mafiyasının
tələsinə düşürlər. Bununla da narkotik
maddələrin satılmasında onlardan sui - istifadə olunur.
Ya da ki, insan alverçiləri tərəfindən
əxlaqsızlığa sürüklənirlər. Çox
təssüf yeri var ki, onlar polis tərəfindən tutulanda
onlarla cinayətin qurbanı olan azyaşlı gənclər
kimi rəfdar olunmayır. Qatı cinayətkar kimi şallaqlanır
və çox yaşlı cinayətkarlarla bir yerdə həbs
olunurlar. Çünki İranın cəza qanunlarının əsasında
qadınlar 9 yaşından məsuliyyət daşıyırlar.
Nəhayət, həbsdən qurtarandan sonra,
heç bir dövlət orqanı bunlara sahib çıxmayır
və onların normal yaşayışına şərait
yaratmayır. Azyaşlı gənc qızların o biri
tərəfdən gəliri və evi olmadığı
üçün yenə də küçə
və bazarda olmaq onların
aqibıtini gözləyir. Bu zaman əgər onların
zahirləri xoş olsa, təklif olunur ki, siqə, yəni müvəqqəti
nigahla başların dolandırsınlar.
Bəziləri məcbur olub və uzun zaman müvəqqəti
nigahlarla məişətlərini təmin edirlər. Başqa
sözlə, bu azyaşlı gənc qızlar
çox yaşlı kişilərin şəhvət obyekti
olurlar.
Amma
bunu da unutmamalıyıq Ki, 62 il bundan qabaq Güney Azərbaycanda
Milli Hökumət tərərfindən 18 yaşı az olanlar uşaq
hesab olunub və onların tərbiyəsi zamanı, istər
məktəb və istərsə də ev olsun, fiziki güc
tətbiq edib tənbeh etməyə qadağa qoyulmuşdu.
Azərbaycan türkcəsində təhsil pulsuz və icbari olmuşdu.
Sahibsiz uşaqlara Milli Hökumətimiz sahib çıxıb və
onların təlim - tərbiyəsin öz öhdəsinə götürmüşdü.
Uşaqlar mədəni, siyasi, elmi və idman sahələrində
çox fəal olmuşdurlar. Şahidlərin verdiyi məlumata görə
uşaqlar Pişəvərinin xüsusi diqqət mərkəzində
idi. O həmişə bu sözləri xatırladırmış:
Azərbaycanın yaxşı gələcəyi bu qönçələrin
gülə dönmələrindən asılıdı.