|
|
S.SƏDRƏDDİN
Sabah İranda yeni tədris ili başlayır. Gözlərini
ovuşdura-ovuşdura yuxudan güclə duran türk balaları
yabanı dili öyrənmək üçün məktəbə
gedəcəklər. Evdə "ana" dedikləri adama
məktəbdən gələndən sonra "madər"
deyəcəklər. Və beləliklə, "madər"dən
başlayaraq hər bir sözü, hər bir fənni fars
dilində öyrənməyə məcbur
ediləcəklər...
"ANA DİLİNDƏ TƏDRİS!" ŞÜARI
ALTINDA AKSİYALAR
Dünyanın çeşidli dövlətlərində bu şüar
altında bu gün və sabah aksiyalar keçiriləcək.
Həmin tədbirlərdən birinin Londonda BBC Dünya
xəbər agentliyinin mərkəzi binası qarşısında
gerçəkləşdirilməsi planlaşdırılıb.
Təşkilatçıların bu haqda yaydıqları bildirişdə
deyilir: "Azadlıq sevən Türk xalqı! Güney
Azərbaycan türkləri İranda çox dəhşətli
bir vəziyyətdə və şəraitdə öz yaşayışını
davam etdirirlər. Bir əsrə yaxındır Güney
Azərbaycan türklərinin İranda milli, siyasi, iqtisadi
və mədəni hüquqları tapdanmaqdadır.
Farsca məcburi təhsil türkləri və fars olmayanları
assimilyasiyaya uğradır. Bu siyasət onların farslaşdırılmasını
hədəf götürüb. Ötən müddət ərzində fars
dili İranda bir icbari və rəsmi dil kimi tətbiq olunduğu
halda, Azərbaycan türkcəsi yasaqlanıb".
Müraciət müəllifləri bildiriblər ki, güney
azərbaycanlılarını ana dilində təhsil almaq
kimi ən əsas hüququndan fars şovinistləri məhrum
ediblər. Türk məktəbliləri "əcnəbi
və işğalçı bir dildə təhsil almağa
məcbur ediləcəklər".
"Biz, Britaniyada yaşayan Güney Azərbaycan türkləri
türk dilinin rəsmiləşməsini, fars olmayanların
milli-mədəni haqlarının tapdanmasına son qoyulmasını
tələb edirik. Azərbaycan türklərinin əcnəbi
bir dildə təhsil almağa məcbur edilməsini bütün
beynəlxalq qanunlara zidd sayırıq", - deyə
təşkilatçılar azadlıqsevər insanları bu
aksiyada iştiraka çağırıblar.
Dünya Azərbaycanlıları Konqresi mətbuat
xidmətinin yaydığı xəbərə görə,
DAK, Dünya Azərbaycanlıları Əlaqələndirmə
Şurası, Güney Azərbaycan Milli Oyanış
Hərəkatı, Azərbaycan Milli İstiqlal Partiyası,
"Dalğa" Gənclər Təşkilatı sentyabrın
24-də saat 12-də İranın ölkəmizdəki
səfirliyinin binası qarşısında bəhs
etdiyimiz məsələ ilə bağlı aksiya keçirməyi
planlaşdırıblar. Bu tədbirdə Güney
Azərbaycan türklərinin milli haqlarının, o cümlədən
ən ilkin hüquqlarının, ana dilində təhsil almaq
haqlarının təmini tələb olunacaq.
"Bu insani haqları tələb edənlərə qarşı
fars-şovinist hakimiyyəti həbs, edam və başqa bu
kimi repressiya tədbirlərini gücləndirməkdədir.
Beynəlxalq təşkilatların, hüquq müdafiəçilərinin,
demokratik dövlətlərin belə hallara qarşı çıxışlarına
məhəl qoymayan Tehran hakimiyyəti Güney Azərbaycan türklərinin
haqlarını təmin etməyib. Hazırda İran
rəhbərliyinin əsas məqsədi güney
azərbaycanlıları diskriminasiya etməkdir. Bununla da
onlar türklərin milli haqların təmini ilə bağlı
mübarizə əzmini qırmaq niyyətindədirlər",
- deyə bildirən müraciət müəllifləri
məsələ ilə bağlı Bakı şəhər
İcra Hakimiyyətinə aksiyaya dair məktub göndərdiklərini
də vurğulayıblar.
ANA DİLİ HAQQI BEYNƏLXALQ HÜQUQDA
Əslən Güney Azərbaycandan olan hüquqçu Babək
Azərinin ana dilində təhsillə bağlı
məqaləsi "Fars məktəbləri Azərbaycan uşaqlarının
kabusu" adlanır.
Müəllif yazır: "Yeni dərs ilinin başlanması
heç də hamıya sevinc gətirmir. Güney Azərbaycanda
ilk dəfə məktəbə gedəcək uşaqlar
üçün bu bir faciədir. 7 yaşlı azərbaycanlılar
küçə-bazarda tay-tuşları, evdə doğmaları
ilə öz dilində, türkcə danışdıqları
halda, qəflətən yabanı dildə təhsil almağa
məcbur edilməklə sanki başqa dünyaya atılırlar.
Onların ana dilli dünyası yad bir dünyaya dəyişilir".
O, məktəbyaşlı uşaqların dil seçimi haqqının
verilməməsi ucbatından fars dilində təhsil almağa
məcbur edildiklərini bildirərək yazıb: "Bu
isə məktəbə meylin azalması, təhsil ocağından
yayınma halları, tədrisin yarımçıq qoyulmasına
səbəb olur. Nəticədə Güney Azərbaycanda
savadsızların sayı artır. Hər bir
vətənsevər azərbaycanlı bu suala cavab
verməlidir: "Vəziyyət bu şəkildə davam
edərsə, onun sonucu necə olacaq?" Məncə, bu
milli faciədən başqa bir nəsnə ola bilməz".
Müəllif bildirir ki, sosioloq alimlər azadlığı 3
yerə bölürlər: söz, fikir və əməl. Onlara görə,
fikir azadlığı çox önəmli rol oynayır. Onun
yazdığına görə, çağdaş informasiya
texnologiyalarından yararlanması qadağa edilən insan
ətrafda baş verənlər haqda düzgün fikir, mülahizə
yürüdə bilməz. Nəticədə o, müasir dövrdə
gedən proseslərdən kənarda qalar, zamanına uyğun
tərbiyə olunmaz. Beləliklə, fikir azadlığından
məhrum olar. Bu azadlıqla təmin edilməyən insan söz
və əməl azadlığından öz fərdi və
milli mənfəətlərinə qarşı istifadə
edər. Afrika, Asiya və Latın Amerikasında elə ölkələr
var ki, orada bir çox vətəndaşlar seçki zamanı
səsini 5-10 dollara satmağa hazırdırlar. İran
kimi gerici düşüncəli siyasi sistemdə "ruhani"
kəndlərdə səsverməyə
gələnlərin səsini bir qonaqlıq verməklə
istənilən adamın xeyrinə almaq mümkündür.
B.Azəri bu yöndə fikrini davam etdirərək yazıb:
"İran rəsmiləri, özəlliklə Quzey
Azərbaycandakı çıxışlarında iddia
edirlər ki, Güney azərbaycanlılar öz insan və
milli-mədəni haqlarından faydalanırlar. Odur ki, başqa
totalitar rejimlər kimi onların da dediklərinə deyil,
əməllərinə nəzər yetirmək lazımdır.
Çünki bu hakimiyyət özünün qəbul etdiyi Ana Yasaya və
qol çəkdiyi beynəlxalq sənədlərə
məhəl qoymayaraq fars olmayanların ana dilində
təhsil almaq haqqını təmin etmir".
Müəllif İran Ana yasasının fars olmayanların dil
haqqı ilə bağlı 15-ci və etnik qrupların
milli bərabərliyinə dair 19-cu maddələrini örnək
göstərərək Tehran hakimiyyətinin
məsələyə aid qoşulduğu beynəlxalq
qanunlardan misallar gətirib:
- BMT-nin 1945-ci ildə təsdiqlədiyi qərarlar;
- 1955-ci ildə təsdiqlənmiş müqavilədə
bildirilib ki, soyqırım qadağandır və bu
cinayəti törədənlər cəzalandırılmalıdır;
- 1968-ci ildə imzalanmış beynəlxalq sənədə
əsasən insanları irqi ayrı-seçkiliyə məruz
qoymaq yasaqdır;
- Beynəlxalq İş Təşkilatı
tərəfindən imzalanmış 111 saylı qərar
1967-ci ildə imzalanıb;
- 1967-ci ildə UNESCO-nun təsdiq etdiyi qərar təhsildə
ayrı-seçkiliyi rədd edir;
- 1975-ci ildə qəbul olunmuş insanın mədəni,
siyasi, iqtisadi və ictimai hüququna nəzarət edən müqavilə;
- 1993-cü ildə uşaq hüququna dair imzalanmış
beynəlxalq müqavilə.
Bununla yanaşı, İran hakimiyyəti də BMT-nin üzvü
kimi Beynəlxalq İnsan Haqları Bəyannaməsinə
müsbət səs verib.
Güneyli hüquqçu bununla bildirib ki, hüquq elmi baxımından
ölkənin Ana yasası və onun qol çəkdiyi
sənədlər əsas rol oynayır. Parlamentdə
qəbul olunan qanunlar da bunlara zidd olmamalıdır.
"Amma İranın gerici hüquq sistemində özbaşınalıq
hökm sürür. Bu rejimin məhkəmə hakimləri və hüquq-mühafizə
orqanları dünyanın gözü önündə ölkə Ana yasasını
və qoşulduğu beynəlxalq müqavilələri tapdayır.
Əgər bir vətəndaş farsca təqvim nəşr
etsə, bunu adi sayarlar, amma türk dilində bu işi görərsə,
dövlət təhlükəsizliyinə qarşı çıxmaqda
suçlandırılaraq işgəncəyə məruz
qalacaq, həbs olunacaq. Hazırda həbsdə olan Abbas
Lisaniyə qarşı irəli sürülən ittihamlardan biri
bununla bağlıdır" deyən müəllif bildirib ki,
fars musiqisinin təbliği İranda adi hadisə kimi
qəbul edilir. Amma Azərbaycan milli musiqisinin tədrisi
ilə bağlı açılmış özəl
məktəb qapadılır. Bu yöndə fəaliyyət göstərənlər
isə "iğtişaş salmaq"da suçlandırılır.
Ötən ilin mayında qanunsuz olaraq həbs edilmiş
və həbsxanada mənəvi, fiziki işgəncəyə
məruz qalmış 65 yaşlı musiqiçi Həsən
Azərbaycanın başına gələnləri müəllif
buna örnək kimi göstərib.
Müəllifin yazdığına görə, hər il dövlət
büdcəsindən fars dilində təhsilə, mətbuata
böyük məbləğdə maliyyə vəsaiti ayrılır.
Ancaq Azərbaycan türklərinin milli-mədəni
sahələri barədə bunu söyləmək olmaz. Əksinə,
fars şovinistlərinin Azərbaycan türkcəsinə qarşı
fəaliyyəti üçün istənilən məbləğdə
pul sərf edilir.
Hüquqçu soydaşımız yazısını bir
xəbərlə bitirir: "Təbrizin 85 kilometrliyində
yerləşən Minik kəndində iki məktəb var.
Onlardan biri ibtidai sinif şagirdləri üçün nəzərdə
tutulmuş "Şərəf" adına məktəb,
o biri "Pərvin Ehtisami" adına orta
məktəbdir. Hər iki məktəbin direktoru
milliyyətcə farsdır. Bu təhsil ocaqlarının
girişində böyük sandıq qoyulub. Azərbaycan türkcəsində
danışanlar bu sandığa cərimə olaraq pul
atmalıdır. Cərimənin məbləği isə
20-100 tümən (10 qəpikdən bir manata qədər) arasındadır.
Qeyd edək ki, bu qaydaya dərs zamanı müəllimlər,
başqa vaxtlarda isə tərbiyəçi-nəzarətçilər
diqqət yetirirlər. Cərimənin qorxusundan
məktəblilər müəllimə türk dilində heç bir
sual vermirlər".
TEHRAN TACİKİSTANA FARS DİLİNDƏ DƏRS KİTABLARI
GÖNDƏRİR
Azərbaycan türklərinə ana dilində təhsili çox görən
İran rəhbərliyi azərbaycanlıların pulu hesabına
fars dili və ədəbiyyatını təbliğ
etməkdədir. Yeni dərs ilinin başlaması ilə
əlaqədar Tacikistana ərəb əlifbasında 140
min nüsxə fars dili dərsliyi göndərilib. Tehran
hakimiyyəti bu ölkənin ümumtəhsil
məktəblərini ərəb əlifbalı kitablarla
təmin etməyə boyun olub.
Həmin dərsliklər ilkin olaraq orta
məktəblərin dördüncü sinif şagirdləri üçün
nəzərdə tutulub.
Bu istiqamətdə fəaliyyət iki ölkənin maarif
nazirlikləri arasında cari il yanvarın 26-da bağlanmış
müqaviləyə əsasən həyata keçirilir. 4,5 və
6-cı siniflər üçün ümumilikdə dərs kitablarının
sayı 400 min nüsxəyə çatacaq.
"Fərqanə" saytının məlumatına görə,
kitabların qalan hissəsi yaxın zamanlarda Düşənbəyə
çatdırılacaq. Həmin dərsliklərin bütün ölkə
boyu paylaşdırılacağı planlaşdırılıb.
Məsulların dediyinə görə, bu sahədə kitab
çatışmazlığı olmayacaq.
Milli, təbii və qanuni haqlarının təmin olunmasını
istəyən Azərbaycan türklərinə işgəncə
verən, onları "pantürkçülük"də ittiham
edən ayətulla hakimiyyəti açıq-aşkar panfarsçılıqla
məşğul olur.
Bu günlərdə İran rəhbərliyi Əfqanıstan,
Tacikistan və İranda yayımlanacaq "fars dilli"
televiziya kanalının yaradıldığını elan
edib. İranın rəsmi İRNA xəbər agentliyinin
məlumatına görə, bu haqda Düşənbə və
Kabulda razılıq əldə olunub. Belə bir telekanalın
yaranmasının təşəbbüskarı İran
prezidenti Mahmud Əhmədinijatdır. Bu ilin əvvəllərində
o, Düşənbəyə səfəri zamanı dövlət
başçıları ilə keçirdiyi üçtərəfli (İran,
Əfqanıstan və Tacikistan) görüşdə bu ideya
ilə çıxış edib.
Televiziya kanalının mərkəzi Tehranda yerləşəcək.
Hələ bir müddət öncə İranın ali
rəhbəri ayətulla Xamneyi Tacikistan prezidenti İmaməli
Rəhmanı qəbul edərkən, farsdilli dövlətlərin
iqtisadi, siyasi və mədəni əlaqələrinin genişləndirilməsindən
danışmışdı. O, Mərkəzi Asiyada bu ölkələrin
üçtərəfli fəaliyyət göstərməsinin
vacibliyini vurğulamışdı.
Ümumiyyətlə, Tehran hakimiyyəti müstəqillik qazandıqdan
sonra milli mənsubiyyətinə görə Tacikistana "atalıq
qayğısı" göstərməyə çalışır.
Məlum olduğu kimi, kiril əlifbası Tacikistanın
rəsmi dövlət əlifbasıdır. İranda isə
fars dili ərəb əlifbası əsasında tədris
olunur. Bu baxımdan Tehran Tacikistanla yazı fərqini aradan
qaldırmaq üçün taciklərin həmin əlifbaya keçməsini
təşviq edir. Əfqanıstanda İranla eyni əlifbadan
istifadə etdiklərindən bu problem yoxdur.
Bütün bunlar həmin dövlətlərin daxili işləri
olsa da, maliyyə vəsaiti ana dilində təhsil almaq haqqı
tapdanan Azərbaycan türk çocuqlarının boğazından
kəsilərək ayrılır. Bu isə ədalətsizliyin
zirvəsidir...
|
|