İranın atom proqramının törətdiyi və törədəcəyi nəticələr

Babək Azəri   hüquqşünas

İranın atom proqramı istər atom bombası düzəltməklə və ya atom enerjisinin istehsalı ilə nəticələnə, hər iki halda Güney Azərbaycanın milli mənfətlərinə ziddi

Son günlər İran rejiminin atom proqramı çox ciddi şəkildə dünyanın, xüsusən də qərb ölkələrinin informasiya vasitələrində aktual olmuşdu. Fransanın tanınmış qəzeti "Fiqaro" bu barədə yazır : "İranın atom bombası düzəldib ortaya çıxması 2 - 3 ildən artıq vaxt aparmayacaq". Bu mövzu ilə əlaqədar bir neçə gün bundan qabaq Fransanın Xarici İşlər Naziri öz çıxışında İranın  nüvə silahına əl tapması cəhdin  qınayıb və onu dünyada sülhün ciddi təhlükəsi kimi qiymətləndirmişdi.  Daha sonra  xəbərdarlıq etmişdir ki, "Əgər İran  nüvə silahı çabalarından əl çəkməzsə, dünya ən dəhşətli hadisənin -- İrana qarşı  müharibəyə şahid olmasını nəzərə almalıdı. " Əlbəttə, bu fikirdən əsl məqsəd İranın Amerika tərəfindən bombalanmasını xüsusi diqqətə çatdırmaqdır.

    İran həmişəki kimi öz atom proqramı ilə  bağlı  ikiüzlü siyasət aparır.  Bu  rejim rəsmi halda elan edir ki, atom bombası düzəltmək fikri yoxdur və onun atom proqramından əsl məqsəd  enerjidən elektrik formasında faydalanıb və ölkə daxilində enerji problemin həll etməkdir. Amma eyni halda da israr edir ki, uran İranın daxilində iranlılar vasitəsi ilə zənginləşsin.

  Burada qeyd etməliyəm ki, atom enerjisindən elektriksitə yaratmaq üçün gərək uran 3 - 4% zənginləşə və atom elektrik stansiyasında istifadə oluna. Əgər İrana icazə verilərsə özü uranı zənginləşdirə, 3 - 4% yerinə  bu təhlükə var 80 - 90% zənginləşdirə və atom bombası düzəltməyə müvəffəq ola. Əlbəttə, qeyri - rəsmi halda İran rejiminin ideoloqları İranın nüvə silahına əl tapmasını müdafiə edir və xatırladırlar ki, necə ola bilər İsrail kimi ölkənin atom bombası ola, amma İran bu haqdan məhrum ola.

    İran 1968 - ci ildə BMT - nin tərəfindən təsdiqlənmiş nüvə silahının genişlənməsinə qadağa qoyan müqaviləyə qol çəkib. Bununla da iltizam verib ki, nüvə silahının istehsalına cəhd göstərməyəcək. Bu müqavilənin müqəddiməsində qeyd olunur ki, əgər o xəsarətləri nəzərə alsaq ki, nüvə silahları müharibədə insanlara vura bilər və bunun qarşısını almaq üçün hər tərəfli cəhdə ehtiyac var. Əməldə atom bombasının müharibədə istifadəsi hansı dəhşətli faciələr törətdiyini  birinci dəfə özün ikinci dünya müharibəsində göstərdi. Elə 1945 - ci il 6 avqustda  Amerika Yaponiyanın Xirosimia və 9 avqustda isə Noqasakiyə  şəhərlərini atom bombası ilə bombaladı.  O zaman Noqasakiyənin   286 min əhalisi vardı. Atomun partladığı zaman 74 min nəfər ölüb və 75 min adam çox ağır bədən xəsarəti almışdırlar. Verilən məlumata görə 1950 - ci ilə qədər ölənlərin sayı 140 minə çatmışdı. Əlbəttə, adı çəkilən iki şəhərdə atom bombasının partlaması ətraf mühitin radio aktiv  şüa ilə zəhərləndirib,  xərçəng xəstəliyi, sonsuzluq, uşaqların əlil dünyaya gəlməyinə və s. səbəb olmuşdur. Yeri gəlmişkən qeyd etməliyik ki, bəşər tarixdən dərs almadıqca, yeni qırğınlar törəyir!

    Bildiyimiz kimi Yaponiyaya vurulan bu faciəli nəticədən  62 il keçir və bu 62 il ərzində  ümumi halda müharibə texnologiyası və xüsusən nüvə silahının texnikası mürəkkəbləşib, dağıdıcı qüdrətləri həddən artıq artıb. Alimlərin çoxunun fikrinə görə əgər bu gün III dünya müharibəsi baş verə,  mövcud nüvə silahlarından istifadə oluna, bu zaman qalib tərəf olmayacaq və bu cür müharibənin nəticəsi insanın yer üzündən silinməsi ilə qurtaracaq. Elə bu səbəblərə görə dünyada sülhdən müdafiə edən mütərəqqi təşkilatlar və fərdlər nüvə silahlarına qarşı iki prinsipə inanıb onları müdafiə edirlər.  O prinsiplər aşağıdakılardır :

   1. O ölkələrin ki, nüvə silahı yoxdur onlara icazə verilməməlidir ki, nüvə silahı istehsal edələr.

    Bu bir sadə riyazi hesabdı, hər zaman nüvə silahı olan ölkələrin sayı artır və nəticədə bu da  təbiidir ki, bu silahlara nəzarət etmə də çətinləşir. Bunun da nəticəsində təhlükə yaranır ki,  III dünya müharibəsi nüvə silahın tətbiq etməklə baş verə. Xüsusən, İran kimi demokratik sistemi olmayan ölkələr əgər atom bombasına sahib olarlarsa, çox dəhşətli nəticə verə bilər. Çünki, İran kimi ölkənin atom proqramına daxildə yaşayan millətlərin həqiqi təmsilçiləri və xaricdə beynəlxalq təşkilatların tərəfindən düzgün formada nəzarət yoxdur. Elə bu baxımdan həmişə  təhlükə var ki, İranın totalitar rejimi bir hərbi qumara əl vura, bunun da nəticəsində hər şeydən əvvəl İranda yaşayan millətlər, o cümlədən, Güney Azərbaycanlılar çox dəhşətli faciələrə məruz qalalar. Bunlardan da əlavə, İranın atom bombasına sahib olması, xüsusən Orta Şərqdə çox ölkələri qorxudub və onlar da çalışacaqlar nüvə silahına sahib olalar. Bu da dünyada sülhü müdafiə edənləri hədsiz qorxudur.

    2. Nüvə silahlarına qarşı beynəlxalq mübarizə gərək intensiv halda davam edə  və o ölkələrin ki, nüvə silahları var, onlar məcbur olub bu silahları kənara qoyub və məhv edələr. Əlbəttə, bu yolda dünyada sülhü müdafiə edənlər çoxlu uğurlar qazanıblar və çoxlu beynəlxalq müqavilələr təsdiqlənib.  Elə bu sənədlərin əsasında da  onların  nüvə silahının istehsalına, genişləndirilməsinə və müəyyən yerlərdə, o cümlədən, səmada, suyun altında, torpaqda  sınaqdan keçirilməsinə icazə verilməyir. Amma fars rejiminin ideoloqları bu faktlara göz yumub və iddia edirlər ki,  İranın nüvə silahına sahib olmasına qarşı olanlar İsrail kimi ölkənin nüvə silahı olması ilə razılaşırlar. Üstə qeyd etdiyim kimi dünyada sülhdən müdafiə edən mütərəqqi qüvvələr İran və hər hansı ayrı ölkənin atom bombası olmasına müxalifdirlər və eyni halda İsrail və Amerika kimi ölkələrin nüvə silahlarının aradan getməsi üçün  mübarizə aparırlar. Burada xatırlatmalıyam, biz unutmamalıyıq ki, İran əgər sözdə çalışır özün islam dünyasının, xüsusən Fələstin millətinin müdafiəçisi kimi nişan verə, amma əməldə bir başqa siyasət aparır. İsrail Fələstin münasibətlərində İran çox mənfi rol oynayıb. Demək olar ki, bu gün Fələstinin ərazisinin işğal olunmasının əsil səbəbkarı İrandı. Çünki 1948 - ci ildə İsrail müstəqilliyini elan elədi, Orta Şərqdə onu ölkə kimi tanıyan birinci İran oldu. O, 1948 - 79 cu ildən şah rejimi dağılana kimi yəhudilərə yardım edib ki, Şərqi Avropadan, Afrikadan və hətta İrandan İsrailə mühacirət eləsinlər və cəmiyyətin balansı İsrailin nəfinə dəyişə. İndiki İranın fars rejimi özünü islam hakimiyyəti kimi təqdim edir və bununla da istəyir ki, zahirdə belə nişan verə bilə ki, Fələstini müdafiə edir. Fələstində müəyyən qrupları silahlandırıb, maliyyə yardımı edib və onlar arasında milli birliyi parçalayıb vətəndaş müharibəsinə səbəb olub.

Bir millətin ki, torpağı işğal olunur, o milli böhranla üzbəüz olur. Milli böhranı MİLLİ BİRLİKLƏ həll etmək olar. İran Fələstində bu milli birliyi parçalayıb və belə olan bir vəziyyətdə nə cür deyə bilər ki, Fələstinə yardım edir. Bundan əlavə İranda 4 - 5 milyon ərəb yaşayır. Əgər ərəblərə yardım etmək kimi xeyirxah bir missiyanı İran boynuna götürübsə, bəs niyə İranda yaşayan ərəblər ağır məhrumiyyətlər içindədirlər. İstər sosial, istərsə də zindanda çürümələri baxımından. Və yaxud başqa bir fakta üz tutaq,  İranın qonşuları Azərbaycanla Ermənistanı misal göstərək. Haçan ki bu iki ölkə arasında müharibə başladı, İran Ermənistanı siyasi və iqtisadi baykot yerinə, onu dəstəkləyib və Ermənistanın ən əhəmiyyətli siyasi və iqtisadi şərikinə çevrildi. Bu vasitəylə də Şimalı Azərbaycanın ərazisinin işğal olunmasında çox rol oynadı. Bu təcrübələr nişan verir ki, İranın fars mərkəzli rejiminin daxili və xarici siyasətində bir yox, bir  neçə riyakar üzü var və hər nə yolla olursa  olsun, öz siyasi monopolun hifs etməyə çalışır.

  İranın atom proqramı istər atom bombası düzəltməklə və ya atom enerjisinin istehsalı ilə nəticələnə, hər iki halda Güney Azərbaycanın milli mənfətlərinə ziddi. İranın nüvə silahı cəhdləri Güney Azərbaycanlılara aşağıdakı səbəblərə görə heç cür qəbuledici ola bilməz.

 1. Yuxarıda qeyd etdiyim kimi İranın nüvə silahına sahib olması dünyada sülhü müdafiə edənlərin inandığı prinsiplərə qarşıdı.

  2.62 il bundan qabaq Güney Azərbaycanın Milli Hökuməti İranın fars mərkəzli rejimi tərəfindən və hərbi təcavüzün nəticəsində devrilmişdir. Bu günkü İranda hakim olan rejim də Güney Azərbaycana qarşı pəhləvi rejiminin varisi kimi əməl edir. Bu heasabla bir sadə məntiqin əsasında bu qərara gələ bilirik ki, düşmənimizin atom bombası olmasına razı olmayaq.

   3. İranın fars mərkəzli hakimiyyəti 28 illik ömrü dövründə çox açıq - aydın nişan verib hətta öz yazdığı anayasaya və qol çəkdiyi beynəlxalq sənədlərə nə sayqı göstərir, nə də onlara əməl edir. İran rejimi həmişə öz işləri ilə xoşagəlməz halda başqaların təccübləndirib və hətta şok edib. Misal üçün, Amerikanın səfirliyinin əməkdaşlarını girov götürüb, 1988 -  ci ildə  ancaq iki ayın ərzində təqribən 12 min siyası məhbusu edam edib, II dünya müharibəsində Almaniyanın yəhudilərə qarşı genosidi inkar edib və bu vasitə ilə Hitler kimi mənfur adamı müdafiə edib və s.  Bu təcrübələri nəzərə alaraq kim və hansı qaneedici səbəblərlə bizi inandıra bilər ki, əgər İranın atom bombası olsa və fars rejimi böhran vəziyyətinə düşərsə, böhrandan çıxmaq üçün bu silahdan istifadə etməyəcək ? Yeri gəlmişkən bunu da unutmamalıyıq ki, Səttam Hüseyn İraqda kimyəvi bombaların vasitəsi ilə öz dövlətinin vətəndaşların Hələbçədə bombalamışdır.

   Bütün bunları sadalamaqda məqsədimiz sizləri yormaq deyil, sadəcə faktlarla İranın iç - üzünü açıb göstərməkdir.

   Fərz edin ki, İranın atom bombası düzəltmək fikri yoxdur və rəsmi halda iddia etdiyi kimi istəyir atom enerjisindən faydalanıb və İranın enerji problemin həll edə. Bu halda da bəzi mülahizələri nəzərə almaq lazımdır. Ümumi halda demək olar atom enerjisindən istifadə edib və elektriksitə yaratmaq üçün gərək ki, uran mədənlərdən istehsal ola, zənginləşib və atom elektrik stansiyalarında məsrəf oluna. Bu proses radio aktiv tullantılarına səbəb olur və o da öz yerində ətraf mühüti çirkləndirilib,  zəhərləndirilib və insanların sağlamlığın təhlükəyə salmaqla nəticələnir. Elə sadaladığımız  səbəblərə görə elmi baxımdan enerji problemin bu yolla həll etməsi yaxşı alternativ sayılmır. Bütün bunlardan da əlavə imkan var müxtəlif səbəblərə görə bir atom elektrik stansiyasında hadisə baş verə və börük faciə ilə nəticələnə. Misal üçün, 1979 - cu ildə  ABŞ - da Harrisburg Atom Elektrik Stansiyasında və keçmiş SSRİ - də 1988 - ci ildə Çernobil Atom Elektrik Stansiyasında dəhşətli hadisə baş vermişdi və xüsusən, Çernobil hadisəsi ilə əlaqədar belə məlumat verirlər ki, iqtisadi zərəli də qırağa qoysaq, bu hadisə bais olmuşdu stansiyada olan radio aktiv maddənin 3,5 % səmaya dağılıb və yel vasitəsi ilə Avropaya  gəlib çıxmışdı. O da öz yerində bais olmuşdu ki,  keçmiş Sovet İttifaqında və başqa radio aktiv şüanın gedib çatdığı ölkələrdə  mütəxəsislərin hesablamasına görə təxminən 475500 nəfər adam xərçəng xəstəliyidən vəfat etmişdir.  Bu faktlar səbəb olub dünyanın tərəqqi tapmış ölkələrində atom elektrik stansiyalarına maraq olmasın. Misal üçün 1980 - ci ildə İsveçdə atom elektrik stansiyaları ilə əlaqədar referendom keçirildi. Səs verənlərin 60 % - i rəy verdilər ki İsveçdə atom elektrik stansiyaları bağlana. Əlbəttə, bu şərtlə ki, enerji problemin nəzərə alaraq və uyğun enerji alternativləri yaratmaqla atom enerjisindən istifadə kənara qoyulsun. Baxmayaraq ki,  referendumdan 27 il keçir, amma hələ də ölkə vətəndaşlarının bu istəyi həyata keçməyib. İzahatlardan bu nəticəni almaq olar ki, İran kimi bir ölkənin atoma sahib olmasının bir neçə səbəbdən gələcək üçün faciəsi var. Bunlardan birincisi, İranda təbii hadisələr, o cümlədən müntəzəm olaraq yer altı təkanlar, zəlzələlər baş verir. İkincisi,  İranın texnika cəhətdən o qədər də inkişaf etmiş ölkə olmadığını nəzərə alsaq  və bunlara da əlavə etsək ki, İran öz atom proqramı ilə əlaqədar qərbin inkişaf tapmış ölkələri və ABŞ - la çox ciddi problemi var. Elə buna görə İran çalışır Rusiya və Ermənistan kimi ölkələrin vasitəsi ilə atom elektrik stansiyası yarada. Bu o mənadadır ki, keyfiyyət baxımından keçmiş Sovet İttifaqında olan atom elektrik stansiyalarının eynisi olacaq.  Bəlkə də keyfiyyət baxımından onlardan da aşağı ola bilər. Bu növ stansiyalardan   Ermənistanda yerləşən Mützamur Atom Elektrik Stansiyasıdır və dünyanın ən təhlükəli stansiyası sayılır və bəziləri onu saatlı bomba adlandırırlar ki, hər dəqiqə partlaya bilər. Bu stansiya Türkiyənin 16 km - də, İranın 60 km - də, Naxçıvanın 70 km - də və Gürcüstanın 120 km - də yerləşdirilib. Mütəxəsislərin fikrinə görə, əgər bu stansiyada partlayış üz verərsə, hadisə zamanı Türkiyə ilə sərhəddə İqdir şəhərində 10 minlərlə insan bir neçə dəqiqənin ərzində öləcəklər və 24 saatın ərzində radio aktiv şüaları Ermənistanı , Türkiyənin şərqin, Azərbaycanın qərbin və İranın şimal - qərbin  və Gürcüstanın cənubun əhatə edib və nəhayət 100 minlərlə insanın ölümünə səbəb olacaq. Elə danılmaz faktları nəzərə alsaq   bu təhlükə var ki, istənilən vaxt Ermənistanda gözlənilən hadisə və yuxarıda qeyd etdiyimiz kimi Çernobul qəzası   təkrar oluna bilər. Elə bu səbəblərə görə, əgər İranın atom enerjisindən istifadə etməsi qanuni haqqı da sayılsa, amma dünya ictimaiyyəti tərəfindən onun  atom elektrik stansiyası yaratması bir xoşagəlməz xəbər kimi qarşılanır.

    Qərb ölkələrinin və ABŞ - ın verdiyi məlumata əsasən İran təqribən 19 ildir  atom proqramı ilə əlaqədar faliyyət aparır.  Ölkədə olan  uran mədənlərinin əsl qaynaqları isə  Güney Azərbaycandadı.  SANA və NOVİN şirkətləri İranın atom proqramı ilə bağlı fəaliyyət göstərir, onlar Güney Azərbaycanda uran istehsalı ilə məşğuldurlar. Əlbəttə, İranın atom proqramı hakimiyyətin çox gizli planı sayılır və hər kəs bu barədə məlumat yayarsa  və ya açıq şəkildə mediya vasitələrində müzakirəyə qoyarsa, onu cinayətkar hesab edib mühakimə edir və edəcəkləri xəbərdarlığını veriblər.

   Güney Azərbaycanda ətraf mühütinin radio aktivlə zəhərlənməsi barədə birinci dəfə Güneyli jurnalist Hüseyn Müvəhidi məlumat yaymışdı. Elə bu səbəbə görə də işgəncəyə və həbsə məruz qalmışdı. Elə buna görə  İran rejiminin atom enerjisi siyasətinə dair  Güney Azərbaycanda ətraflı məlumat yoxdu. Amma hər halda son zamanlarda İranın rəsmi xəbər agentlikləri etiraf edirlər ki, Güney Azərbaycanın Ərdəbil və Qərb vilayətində ölümün artması və  dəqiq səbəbi xərçəng xəstəliyidir. Bunu törədən amilsə  ətraf mühitin radio aktivlə zəhərlənməsidir.

  Dünyanın demokratik ölkələrində bu cür mövzuların ətrafında mediya vasitələrində açıq danışma çox adi bir şeydi. Demokratik ölkələrdə, o yerlərdə ki, uran istehsal olunur və ətraf mühiti radio aktivlə zəhərlənir, o yerləri radio aktiv zonaları kimi müəyyən edir və kütləyə konkret məlumat verirlər ki, bu zonalarda radio aktivlə yaxın əlaqədə olmasınlar. Amma İranda bu cür yerlərə elmi standartların əsasında nəzarət yoxdu və ümumi halda kütlədən gizli saxlanılır. Bu siyasət də Güney Azərbaycanda iqtisadi və insani faciə ilə nəticələnə bilər. Qısa şəkildə desək, hal - hazırda nəticəsi göz qabağındadı. Xoruzu çuvalda gizlətməklə deyil ki. Nəzərə alsaq o heyvandı və qeyri - şərti refleks kimi, dəmi gələndə banlayacaq!

     İki Almaniya birləşməmişdən qabaq, Şərqi Almanda 3 uran mədəni var idi ki, uzun zaman onlardan uran istehsal edilmiş və bu səbəbə görə də ətraf mühiti zəhərlənmişdi. Alimlərin nəzərinə görə burada ətraf mühitin yenidən əvvəlki vəziyyətinə gətirilməyinin 23 milyard dollar xərci var. Belə olan vəziyyət də bu sualı ortaya qoymaq olar -  Əgər İran rejimi 19 ildir Güney Azərbaycanda uran istehsalı ilə məşğuldur və bu proses neçə ildə davam tapsa, ətraf mühit nə qədər xəsarət görüb və onu adi vəziyyətə gətirmək üçün neçə milyard dollar büdcə lazım olacaq. Ən dəhşətlisi Güney Azərbaycanda bu gün hal - hazırda baş verən insan faciəsi və gələcəkdə gözlənilən şiddətli faciələrdən bəhs etmək olar. Yəni, Güney Azərbaycanda ətraf mühitin radio aktivlə zəhərlənməsi neçə minlərlə insanın ölümünə, neçə ailənin sonsuzluğuna və doğulan uşaqların əlil olmasina zəmin yaradır.

Xirosimia atılan atom bombası

Noqasakiyə atılan atom bombası

Noqasaki səmasında nüvə buludu

Noqasaki şəhəri bombalanandan sonra

Çernobil Atom Elektrik Stansiyası partlayışdan sonra

Radio aktiv şüadan əlil olan uşaqlar