İranın cəza sistemində siyasi məhbus anlayışı

Babək Azəri   hüquqşünas

Milli aktiv Hüseyn Fərhudi Azərbaycanı sevdiyi üçün ağır işgəncəyə məruz qalmış, sinəsinin sümüyü sındırılmış və elə bu vəziyyətdə də edam edilmişdir.

 Mənim birinci "Cəza normaları hüquq elmində və indiki İranda"yazım mətbuat orqanlarında və sitələrdə yayılandan sonra soydaşlarımız tərəfindən müraciətlər oldu.Onlar İranın cəza sistemi ilə əlaqədar müxtəlif suallar edirdilər. Və həmin suallar məcbur etdi ki, mən bu mövzunu açım. Əminəm ki, soydaşlarımız axtardıqları suallara burda cavab tapacaqlar

  İranın cəza sistemində siyasi məhbus və siyasi cinayət anlayışları haqqında  şərh  verilməyib, eyni zamanda  bu mövzu ilə əlaqədar aydın və konkret formada cəza təyin olunmayıb.  İranın anayasasının 168 - ci maddəsində qeyd edilir ki :  "Məhkəmənin təhqiqatı siyasi cinayətin ətrafında məhkəmə heyətinin iştirakı ilə açıq olmalıdır və siyasi cinayəti qanunla   islam prinsiplərinin əsasında müəyyən etməlidir."  Amma əməldə 28 ildən sonra nə siyasi cinayət qanun baxımından şərh  olunub və nə də siyasi məhbusların məhkəməsi açıq olur. Elə bu əsl səbəblərdəndir ki, bais olur Güney Azərbaycanın  siyasi məhbusları adi cəza qanunlarının əsasında məhkum olunurlar və hətta adi cinayətkarlarla bir yerdə saxlanılırlar.  Buradan belə  bir sual doğur : Nə səbəbə görə İranın cəza sistemində siyasi məhbus və siyasi cinayət anlayışları şərh  olunmayıb ?  Məncə burda  3 köklü səbəb var :

 1.İran rejimi 28 illik həyatı dövründə həmişə iddia edib ki, " İranda siyasi məhbus yoxdur və heç kəs fərqli siyasi fikrinə görə həbs olunmayıb."

   Əgər İranın cəza sistemində siyasi cinayət anlayışı şərh  edilə və siyasi məhbusların olmasına etiraf oluna, İranın 28 il bu zəmində apardığı təbliğatla uyğun gəlmir.

    2. Siyasi məhbusla adi məhbus arasında fərq qoyma səbəb olar ki, İran öz siyasi müxaliflərin meydandan çıxarmada çətinlik çəkər. Çünki adi məhbus adı ilə çox rahat və az fürsətdə öz müxalifin meydandan çıxartmaq mümkündür. Amma bir fərdi siyasi məhbus kimi tanıya, İranın anayasasının 168 - ci maddəsinə əsasən açıq məhkəmədə və məhkəmə heyətinin iştirakı ilə məhkəmə prosesi getməlidir. Təbiidir ki, bu da öz növbəsində  səbəb olacaq  mövzu, baş verən hadisə aktuallaşar,  daxildə və xaricdə diqqət mərkəzinə alınar və  İran rejiminin ifşası ilə nəticələnəcək bir təhlükə yarana bilər.

   3. Dünyanın demokratik hüquq normalarında  siyasi cinayət anlayışı belə şərh olunmuşdur : " Bir fərd zor vasitəsi ilə siyasi səbəblərə görə can xəsarəti verə və maddi ziyan vura."

 Bir siyasi demokratik sistemdə hökumətə qarşı olma siyasi cinayət sayılmır və insanlar fərqli fikirlərinə görə həbs olunmurlar. Amma İran əgər siyasi cinayət anlayışını şərh  edə, nəhayət məcbur olacaq İranın anayasası və qol çəkdiyi beynəlxalq sənədlərin əsasında ancaq siyasi düşüncələrinə görə həbs olunan minlərlə siyasi məhbusu azad edə. Əlbəttə, bu işi görməklə öz siyasi monopolun təhlükəyə qoyur.

      Burada  İranın cəza qanunlarının  mahiyyətini açmaq və göstərmək lazımdır ki, siyasi məhbuslar hansı qanunlar əsasında cəzalanırlar. Qeyd edim ki, cəza qanunları mahiyyətcə  5 yerə bölünür :

     I. "Hədd " --- bu bir dini termindir və məqsəd bundan ibarətdir ki, əgər bir fərd allaha qarşı cinayət edə, hədd   qanunları  əsasında cəzalanmalıdır. Bu səbəbə görə məhkum olunanı hətta dini rəhbər Ayətullah Xameneyi də əfv edə bilməz. Çünki cinayət allaha qarşıdı törənmişdir.

    İranda "Hədd" qanunları əsasında ancaq adi məhbuslar yox, əslində  siyasi məhbuslar da edam olunurlar. Misal üçün, İranın cəza qanunlarında qeyd olunur : "Hər hansı bir kəs millət arasında qorxu yaratmaq və onların azadlığın əldən almaq üçün silaha əl ata və ya bir təşkilat ki, islam hakimiyyətinin çevrilişinə cəhd edə, o təşkilata üzv olub və ya ona dəstək verə, o fərd allahla savaş aparır, edamla cəzalanmalıdır. "

   İranda yaşayan  millətlərə --  hansı millətdən asılı olmayaraq,  icazə verilmir ki, qanun çərçivəsində  etraz aksiyası keçirələr. Nəhayət, məcbur olurlar icazəsiz bu işi görələr.  Digər tərəfdən polis və ETTELAAT  məmurları bu aksiyaları dağıtmaq üçün bütün soyuq silahlardan --  batumdan, bıçaqdan və hətta lazım olsa,  odlu silahdan da istifadə edirlər. Elə bu səbəbə görə aksiyada iştirak edənlərlə dövlət məmurları arasında toqquşma baş verir. Tutulanlar siyasi mitinqdə iştirak etdikləri üçün yox, onları  bu ittihamla tutulurlar ki, soyuq silah, yəni daş və ağacdan istifadə edib, küçə - bazarda millətin arasında qorxu yaradıb və onların azadlığın əllərindən alıblar. Tutulanlar hətta o təşkilatlarda üzv olmaqla ittihamlanırlar ki, İranın islam hakimiyyətinin devrilməsinə  cəhd edirlər. Bu ittihamlar yetər ki, İranın "Hədd" qanunlarının  əsasında tutulanları allahın düşməni kimi təqdim edib və edama məhkum edələr.

    Son zamanlar İranda yaşayan bəluç və ərəb milli fəalları  bu ittihamla edam olunublar.  1988 - ci ilin yayında iki ayın ərzində təqribən 12 min siyasi məhbus qeyd etdiyimiz  qanun əsasında edam olunublar. Amma İranın fars rejimi Güney Azərbaycanda milli fəalları  bu qanun əsasında edam etmədən çox ehtiyatlanır. Qeyd etməliyik ki, Güney Azərbaycanlı siyasi məhbusların sayı çoxdur, amma rejimin təzyiqləri və hər çür maneələri imkan vermir ki, onların dəqiq və konkret siyahısı məlum ola. Bəs bu hesabla əgər İranın rejimi milli dirənişi Güney Azərbaycanda sındırmaq üçün kütləvi edamlara cəhd edə,  yenə daxildə və xaricdə güclü reaksiyalara məruz qalacaq və bu təhlükə var ki,  2006 - ci il may milli qiyamı yenidən təkrar ola. Özü də  bu dəfə tamam fərqli şəkildə, yəni,   Azərbaycan şəhərləri rejimin əlindən çıxa bilər. Əlbəttə, İran rejiminin qorxusuna bir başqa səbəb də var. Güney Azərbaycanlılar İranın silahlı qüvvələrində çox əhəmiyyətli rol oynayırlar və bunların da çoxu 20 - 35 yaş arasındadırlar. Əgər Güney Azərbaycanda kütləvi edamlar baş verə, əgər hərbiçi Azərbaycanlılar İran rejimin çevirməsələr də, dövlətin silahlı qüvvələri arasında iki tərəflik və üz - üzə durma yaranacaqdır.

    II. Təzir -- Təzirdə o qəbildən olan cəza qanunları toplanmışdır ki,  dini rəhbərlərin fitvaları islami və başqa qaynaqların əsasında yaranıb. Baxmayaraq ki, bu qanunlar adi məhbusları cəzalandırmaq üçün təsdiq olunub, amma əməldə onlardan siyasi məhbuslara qarşı da istifadə olunur. Misal üçün, siyasi məhbuslar bu qanuna istinadən həbs olunurlar, şallaqlanırlar və ya sürgünə göndərilirlər. Və hətta, edama da məhkum olunurlar.  Son zamanlar bu qanuna əsəsən  Əhər şəhərindən olan 25 nəfər millətçi soydaşımızı şallağa və həbsə məhkum ediblər.  Başqa misalda milli fəal Hüseyn Fərhudini xatırlatmaq olar.   Beynəlxalq Əfv Təşkilatının  verdiyi məlumata görə Hüseyn Fərhudi 2007 - ci ilin mart ayında Urmu həbsxanasında cəsus ittihamı ilə edam olunmuşdu. Bunada əsas səbəb odur ki, adın çəkdiyimiz milli fəal Türkiyə ilə Güney Azərbaycan arasında ticarət əlaqəsi qurub və Türkiyədə MHP ( Milli Hərəkat Partiyası )  təşkilatlarından olan bir nəfərin qızı ilə ailə qurmuşdu. Elə bu da bais olmuşdu ki, cəsus ittihamı ilə ağır işgəncələrə məruz qalıb və vəhşicəsinə döyüldüyü üçün sinəsinin sümükləri sınmışdır. Nəhayət, bu yaralı vəziyyəti ilə də edam olunmuşdu.

    O,  Azərbaycanlı fəallar ki, bir - iki dəfə Şimalı Azərbaycana və ya Türkiyəyə səfər edirlər və sonra hər hansı bir siyasi mitinqdə tutulsalar, bu əsasə xatir onlara  çox rahat cəsus ittihamı  vurulur. Amma ümumi halda cəsus kimi edama məhkum olmurlar. İran rejiminin bu işdə əsl məqsədi milli fəallarda qorxu yaradıb onların siyasi fəaliyyətlərin dayandırmaqdır. Elə bu hədəfə çatmaq üçün onları həbs müddətində edam qorxusu ilə psixoloji işgəncəyə məruz qoyur və hətta azadlığa buraxılan zaman onları hədələyib deyirlər ki  :  " Bu dəfə şansın gətirdi. Əgər yenidən tutulsan cəsus kimi edamını gözünün qabağına gətir."

   III. Cinayətin qarşısın alan qanunlar. Bu qanunlardan məqsəd odur ki, cinayətin həyata keçirilməsi və ya onun təkrarının qabağı alınsın. Bu qanunların əsasında Güney Azərbaycanın siyasi məhbusları və onların ailələri çox ağır təzyiqlərə məruz qalırlar. Misal üçün siyasi məhbusların ticarət yerləri və ya o məkanlarda ki, türk dilində kitab, CD, musiqi kassetləri satılır və s. onlar bağlanır. Xüsusən son zamanlarda o milli fəallar ki, məktəblərdə müəllim kimi çalışırlar, işlərindən azad olunurlar və yenidən müəllim kimi çalışmalarına qadağa qoyulur. Bunu da əlavə etmək lazımdır ki, bu qanunlar  əsasında siyasi məhbusların malları müsadirə oluna bilər, bəzi hallarda məmləkətdən çıxmalarına da qadağa qoyulur. Ən dəhşətlisi isə odur ki,  onları məcbur edə bilərlər müəyyən bir yerdə yaşayıb öz  fəaliyyətlərindən  müntəzəm olaraq ETTELAAT  idarəsinə nizamlı şəkildə  raport verələr.

   Üstə qeyd etdiyim kimi, zahirdə bu qanunlardan əsl məqsəd cinayətin qarşısın almadı. Amma bunu dərk etmək çox çətindir. Bir siyasi məhbusun fərqli fikrinə görə onun ticarət yerin bağlayıb və bu vasitə ilə onun körpə balalarının məişət vasitəsini kəsmək hansı cinayətin həyata keçməsinin qabağın alacaq ? Əlbəttə, bu işdən əsl məqsəd siyasi məhbusun özün və ailəsin maliyyə təzyiqlərinə məruz qoyub və nəhayət onun siyasi fəaliyyətinin qabağını almaqdır.

    IV. Diyə -- Diyə bir dini termindir və onun mahiyyəti bundan ibarətdir ki, bu qanunlar əsasında müəyyən şərtlərlə müttəhim təyin olunmuş məbləğ ödəyir. Bu qanunlardan ümumi halda adi cinayətə qarşı istifadə olunur.

   V. Qisas --  Qisas bir dini termindir və o qanunlar burada toplanıb ki, onların əsasında müddəhim qisas olunur. Misal üçün, əgər bir fərd başqa bir fərdi kor və ya əlin şikəst edə, o fərdi kor, ya əlin şikəst etməklə cəzalandırmaq olar.

  Qisasdan da ümumi halda adi cinayətə qarşı istifadə olunur.

   Məqalənin də adından göründüyü kimi söhbətimiz İranın cəza qanunlarında siyasi məhbus anlayışı ilə bağlıdır. Bunun üçün də İran cəza qanunlarını şərh etməyi və onun mahiyyətini oxuculara çatdırmağı məqsədə uyğun hesab etdim. Amma qeyd edim ki, İranın anayasasının 167 - ci maddəsinin əsasında məhkəmə hakimi gərək çalışa yazılı qanunlara isdinadən hökm verə. Əgər baş vermiş hadisə ilə bağlı yazılı qanun olmasa, fitvalar və islami qaynaqların əsasinda hökm verməyi lazımdır. Bildiyiniz kimi bir mövzu ilə əlaqədar fərqli fitvalar və islami qaynaqlar var. Elə bu səbəb olur ki, baş vermiş müəyyən hadisə ilə bağlı fərqli  hökmlər verilə.

     Burada diqqət ediləsi nöqtələr bundan ibarətdir ki,  İranın cəza sistemində siyasi cinayət və siyasi məhbus anlayışları haqqında şərh verilməyib və bu barədə konkret və yazılı cəza qanunları yoxdur. Elə bu səbəbə görə də siyasi məhbusları adi cəza qanunları əsasında, yəni "Hədd", "Təzir", "Cinayətin qarşısın alan qanunlar", fitvalar və islami qaynaqlara istinadən mühakimə edirlər. Əslində siyasi məhbusların müqəddəratı konkret və müəyyən qanunların yerinə hakimin xüsusiyyətindən, yəni pis və ya yaxşı olmağından asılıdı. Qısa və anlaşıqlı şəkildə ifadə etsək, hakimin ürəyinin yumuşaq və ya daş olmasından siyasi məhbusun həyatı asılıdı. Dediklərimizə fikir aydınlığı gətirmək üçün bir misal çəkmək istəyirəm. Milli aktiv Hüseyn Fərhudi ağır işgəncələrə məruz qalıb,  sinəsinin sümüyü sindırılıb, elə bu vəziyyətdə də  yaralı halda cəsus ittihamı ilə edam olunmuşdu. Əgər Xoyun inqilab məhkəməsinin yerinə İranın ayrı  yerində tutulub və tamam başqa məhkəmədə mühakimə olunsaydı, ehtimal oluna bilər ki, ancaq şallaq və bir neçə ay həbslə cəzalanardı.  Düzdür, indi bu yerdə bir nümunə göstərdik, amma yüzlərlə belə misal çəkə bilərik.  Sözün qısası, İranda bir müəyyən ittihamla siyasi məhbuslar  çox fərqli formada cəzalanırlar.

    Hüququ baxımdan bir kəs ki, cinayət edir və cəzalanır onun ictimaiyyətə borcu qalmır. Amma İranda siyasi məhbuslar fərqli fikirlərinə görə cinayətkar kimi tanınırlar və o zamana kimi bu fərqli siyasi düşüncələrindən əl çəkməyiblər, İranın cəza sisteminə görə günahkar qalırlar. Elə bu səbəbə görə həmişə təhlükə var bir siyasi məhbus dəfələrlə mühakimə oluna və onun cəzası getdikcə, məhkəmədən məhkəməyə  ağırlaşa. Misal üçün Abbas Lisani tutulandan sonra iki dəfə mühakimə olunub və ona 30 ay həbs cəzası verilib. Buna baxmayaraq, o zindanda "cəzasını" çəkə - çəkə yenidən Təbrizin inqilab məhkəməsinə aparılacaq.  Burada qeyd edim ki, ancaq o zaman bir siyasi məhbus əfv oluna bilər və ya həbs müddəti azaldıla bilər ki, təvvab ola. Yəni, həqiqi mənada elədiyi işdən peşiman olub və tövbə edə. Elə buna görə də İran həbsxanalarında bəzi siyasi məhbuslar tövbə etdiklərinə görə təvvab adlanırlar. Əlbəttə, təvvab gərək tövbəsinin həqiqi olduğun sübut edə.  Onun sübut yolları ilə bağlı bir neçə misal çəkmək istəyirəm. Misal üçün,  sabiq fikirdaşının işgəncəsində, o cümlədən şallaq vurmasında iştirak edə, yəni əqidə dostuna özü də şallaq vurmalıdır. Müxtəlif növ kütləvi informasiya vasitələrində -- radio, televiziya və qəzetdə çıxış edə, cinayətkar olduğunu etiraf edə və artıq peşiman olduğunu bildirə. Ettelaat  idarəsi ilə açıq və ya gizli formada əməkdaşlıq edə və s. Əlbəttə, bunu unutmamalıyıq ki, təvvablar öz ixtiyarları ilə tövbə etmirlər. Əslində ağır işgəncənin nəticəsində tövbəyə məcbur olurlar. İranda pəhləvi və indiki hakimiyyət dövründə həmişə siyasi məhbuslara qarşı işgəncədən istifadə olunub. Ayətullah Xomeyni Parisdə sürgündə yaşayanda işgəncə ilə bağlı çıxış edib və xatırlatmışdı ki, İslam inqilabı İranda müvəffəq olandan sonra bütün siyasi məhbuslar azadlığa buraxılıb və onların saxlandığı həbsxanalar işgəncə muzeylərinə çevriləcəklər. İranda inqilabdan sonra anayasa yazılanda işgəncə ilə bağlı anayasanın 38 - ci maddəsi təsdiq olundu və burada qeyd olunur ki, " İşgəncə vasitəsi ilə məhbusdan etiraf və informasiya almağa qadağa qoyulur. Məhbusu etirafa, and içməyə, şahid olmağa məcbur etməyə izin verilmir və bunlara riayət etməyən fərd cəzalanacaq. "  Bu qanunda "fərd" deyiləndə konkret hüquq orqanının nümayəndəsi nəzərdə tutulur.

   Çox təssüf ki, Beynəlxalq Əfv Təşkilatının  verdiyi məlumatlara görə İran o ölkələrdəndir ki, xüsusən, Güney Azərbaycandan olan  siyasi  məhbuslar dəhşətli, ağır  işgəncələrə məruz qalırlar. İranın anayasasının 38 - ci maddəsi işgəncəyə qadağa qoysa da, İranın qanunlarında "işgəncə" anlayışı haqqında şərh verilməyib.  Amma İranın cəza sistemində əl kəsmə, göz çıxartma, şallaq vurma işgəncə sayılmır. Çünki dini ehkamın əsasında onların icrası lazım görünür. İran hətta, Beynəlxalq Əfv Təşkilatının bu mövzu ilə əlaqədar etirazların İranın daxili işlərinə qarışma sayır.  İran işgəncəyə qarşı 1984 - cü ildə BMT - nın tərəfindən təsdiq olunan müqaviləyə qol çəkməyib.

    İranın cəza normaları elmi prinsiplərin yerinə dini ehkamlardan fanatik düşüncə əsasında yaranıb. Elə bu səbəbə görə cinayəti sübut etmək üçün elmi metodların yerinə zor gücünə  müttəhimdən etiraf almağa qoyur. Çünki siyasi məhbuslar azad şəraitdə ixtiyarları olsa, qondarma ittihama qarşı çıxıb İran rejimini ifşa edərlər. Buna görə etiraf almaq üçün ağır işgəncələrə məruz qoyurlar, onların  məhkəmələri açıq olmur, çox vaxt hətta vəkil tutma hüququndan məhrum olurlar.

    İranın cəza sistemində işgəncə çox əhəmiyyətli rol oynayır. Ona görə bu mövzunu bir məqalədə tam açıb, şərh edib çatdırmaq mümkün deyil. Əminəm ki, gələcək yazılarımızda biz bu mövzuya təkrar dönəcəyik. Amma bu yazını  İranın tanınmış hakiminin fikri ilə bitirmək istəyirəm. İranda uzun müddət hakim olmuş Səid Mürtəzəvi bir müddət bundan əvvəl çıxışında qeyd etdi ki : " Bizə az deyin işgəncə verirsiniz. Biz hələ sizə işgəncə verməmişik ki, biləsiniz işgəncə nədir! "

  Bu yerdə mən sual verirəm : "Əgər minlərlə soydaşımızın məruz qaldığı ağır məhrumiyyətlər işgəncə deyilsə, bəs nədir ? Və yaxud, fars dilinin izahlı lüğətində işgəncə sözü necə izah olunur ? "

Güney Azərbaycandan olan bəzi siyasi məhbuslar